"Göy dəryalar
dərin olur..."
Mən bir görüşdə "başı bir qazanda qaynamayan", ərkim çatan iki şair dostuma bərk acıqlandım: "Ana təbiətin nizamına, sehrinə, ipinə-ülgüsünə, daşına-tərəzisinə fikir verin, minillik nəhəng dağlar necə çiyin-çiyinə verib yatıblar, yüzillik qoca palıd dizi - bərkiməmiş cavan palıdı qolları arasına alıb tufanlardan, rüzgarlardan necə qoruyur.
Bulaq bulaqla, çiçək
çiçəklə qonşudu...
Təbiətin bu görkü,
bu "qulaqburması"
bizə "master klass"
dərsi deyilmi?
Heç uzağa getməyək, metropolitenin "İçərişəhər"
stansiyasının böyründə
küləklərin vurub
yıxdığı, üzü
üstə düşüb
qalmış tut ağacına
gedib baxın. Yaşamaq eşqiylə
dikəlib qalxmağa cəhd edən bu tut ağacı qollarını öz
"ağac dostu"nun
çiyinlərinə qoymuş,
dikəlmiş və beləcə təzədən
"dünyaya gəlmişdir".
Mən hər qələm dostum haqqında yazı yazanda qollarını
"ağac dostu"nun
çiyinlərinə qoymuş
o müdrik, o "ağıllı",
o "mehriban" tut ağacını
yada salıram.
Bir çox
kitabların, məşhur
nəğmələrin müəllifi,
istedadlı qələm
dostum Sabir Abdinin yaradıcılığı
haqqında bu sətirləri yazarkən
də yenə o tut ağacını, onun vəfalı "dostu"nu
xatırladım.
Sabir Abdinin yaradıcılığına həsr
olunmuş "Romantik
düşüncələr poeziyası" məqalələr
kitabına qələm
dostlarının şair
haqqında rəngarəng
yazıları toplanmışdır.
Düşünürəm ki, bu, Sabirin
yaradıcılığına olan diqqət və marağın əyani göstəricisidir.
Sabirin şeirlərində
öncə saflıq,
əfsunlu rənglər,
sirli bir yapışıq, simsarlıq
adamı özünə
bağlayır. Bəzən bu şeirləri
ucsuz-bucaqsız dənizdə
üfüqə doğru
üzüb gedən ağappaq yelkənli qayığa bənzədirəm.
Bu uşaq aldanışlarının,
üfüqlərdən o yanda
sirli dünya axtarışlarının izləri,
cizgiləri, artıq yetkinləşmiş, şair
kimi tanınmış
Sabir Abdinin bugünkü şeirlərində
də var. Bu, Sabirin göy üzünə baxmaq, gözəlliyi duymaq fəhmiylə bağlıdır.
İnsan ömrü boyu başı aşağı
torpaqla əlləşir. Bu boyda gözəlliyin - uçub gedən qırmızı-qırmızı buludların, Ayın, ulduzların, üfüqdə
dənzərən, qürub
çağı rəngləriylə
adamı dəli eləyən Günəşin
gözəlliyinin fərqinə
varmır.
Sabirsə bütün bunları görür, duyur, yaşayır və özü də insanlar üçün gözəllik yaradır. Bu missiyanı yerinə yetirmək ona ruhi dinclik, rahatlıq
gətirir.
Mən onun gözlərindəki işığı,
sevinci, bir misranın haləsinə bürünmüş xoşbəxtliyi
görəndə, türklər
demiş "nə mutlu sana" deyirəm.
Bu, əsl şair
yaşantılarıdı.
Bir ovuc torpaqsan, bir əlçim bulud,
Günəşsən, başına dolanım sənin.
Dəniz
gözlərində göylər
yuyunar,
Coşqun dağ çayıdı pıçıltın, səsin.
Əlli yaşına yazdığı
misralardır. Əlli yaş həm
də o coşqun dağ çayının
dənizə qovuşması,
sakit, pıçıltılı
bir axara düşməsidi.
Tikilən evin dözümü, davamlığı künc
daşından asılıdı. Sabir Abdinin tikdiyi "poeziya evi"nin
daşları çoxdan,
lap çoxdan öz yerinə oturub. Zol-zol ağrılar yaşayan bu daşları dindirsən ağlayar, dərdli bir hekayət danışar.
Yağmalanmış, əsir düşmüş
vətənimizin bir parçası - üzüyümüzün
qaşı Qarabağımız
düşmən əlindədir.
Bu üzücü bəkləyişlər bitmir
ki, bitmir.
Qarabağa yaz gəlməsi, əslində Sabirin dərdinin üstünə
dərd gətirir. Bu, şairin
sanki öz-özüylə
söhbətidi:
Bulaqları kor olan,
Dərələri gor olan,
Obası
tar-mar olan
Qarabağa yaz gəldi.
Şimşəyi nur cığırı,
Gözə dəymir axırı,
Dərdimizin ağırı
Qarabağa yaz gəldi.
Dağı-daşı qaralıb,
Çölü-düzü saralıb,
Ağacları yaralı
Qarabağa yaz gəldi.
Bənövşənin xalı yox,
Göz açmağa halı yox,
Durnaların yolu yox
Qarabağa yaz gəldi.
Bu için-için Qarabağ
ağısında, əslində
üsyan var. Yatmış
vicdanların üsyanı.
Bu dünyanı nağıl
bilməyənlər şeirin
gizlinlərinə baş
vura bilməzlər. Sabir Abdin
professionallıqdan daha
çox, şeirin musiqisini, ahəngini, daxili ritmini yaşayan şairdir.
Xasiyyətində, xarakterində şeirə
köçə biləcək
ufaq bir gözəllik var. Bu gözəlliyi
yaşamaq, yaşatmaq
əsl şair xoşbəxtliyidir. Kökləri ilə bağlı olduğu ata yurdunun əzəməti, təbiətin minbir çaları onun misralarından boy verir.
Sabir, sevgisini
pıçıltıyla ötən
şairlərimizdəndir.
Dəniz
kədərimin sonu görünmür,
Dalğalar dənizə sığışa
bilmir.
Gözümün yaşıdır yağır
dənizə,
Dəniz gözlərimə yığışa
bilmir.
Qalmı
şam yer ilə göy arasında
Elə bil yaxamdan asılıb yollar.
Neyləyim, göylərdir çağırır
məni,
Gəl gedək
göylərə, açılıb
yollar.
Göylərə üz tutan şairin
uzaqlara, çox uzaqlara getmək arzusunda da çərçivələri
dağıtmaq, bu ölçülü, ütülü
günlərdən xilas
olmaq istəyi var. Əslində, bu istək, bu arzu qanadlı şairlərimizin hamısında
var.
... Məni burda qoymayın
Aparın
bir yerə...
- deyən, dərdli
buludlar kimi bu yer üzündən
ötüb keçmək
istəyən Nazim Hikmətin arzuları ilə üst-üstə düşən Sabirin arzularında da bir qanunauyğunluq görürəm.
Sabir sevgi şeirlərində özüdür. Çünki
bu şeirlərdə
pıçıltı var:
Əllərim üzümü örtə
bilməsə,
Üzümü örtəcək sənin
tellərin.
Qəfildən yıxılsam köməyim
olar.
Sənin uşaq kimi kövrək əllərin.
Yerlə göy arasında bir yarpaq uçuşu
ömrü yaşamaq
və bu ömrü sevdiklərinə
həsr etmək əsl fədakarlıqdır.
İstedadlı şair dostum Sabir Abdin şeirlərə,
nəğmələrə dönmüş ömrünü
həm də qanunların keşiyində
dayanmağa sərf edir. Bir ömrün dörd
fəslini yaşamağa
və yaşatmağa
sərf edən, baharı gözləyən
ağaclar kimi gözləri həmişə
yol çəkən Sabir Abdinin işıqlı,
romantik poeziyası belə şərəfli bir missiyaya xidmət
edir.
Sabirin şeirlərini
oxuyanda bilmirəm nədənsə böyük
Rəsul Rzanın
"Göy dəryalar
dərin olur" misrası yadıma düşdü. Gör neçə illər bundan qabaq eşitmişəm
o həzin, o ölməz,
unudulmaz misraları.
Amma yadımdan
çıxmayıb ki,
çıxmayıb...
Göy dəryalar dərin olur,
Bahar yeli sərin olur,
İnsan ömrü şirin olur.
Əsirgəsəm onu səndən,
Namərd olum mən ey
Vətən.
Bəlkə Sabirin şeirlərindəki
göy üzü, onun yerdəki əksi dənizlər, dəryalar mənə o unudulmaz misraları xatırlatdı? Bilmirəm... Bu, insan yaşantıları,
insan xəyallarıdı,
səni haralara çəkib aparmır.
Yaradıcı insanda zövq əsas şərtdi. Sabir Abdin poeziyada rəngləri, sözün
siqlətini, düzümünü,
aurasını, adi həqiqətlərin fəlsəfi
yönünü duyan,
hiss edən, yaşayan
duyğulu şairdi.
Təbiətdə xasiyyəti, xarakteri, ətri, rayihəsi, "qan qrupu" uyğun gəlməyən
çiçəklər bir-birlərini
sevmədiyi kimi, sözün də simsar olmayanı, sısqası, gücsüzü,
xəfəlisi, yavanı
boy sırasında görünür. Özü də
necə görünür.
Sabir sözə
çox həssaslıqla,
rəssam gözüylə
yanaşan sənətkardı. Belə olmasaydı,
onun şeirləri nəğmə kimi dildə-ağızda dolaşmazdı.
Yaxşı şeir həm
də insanın içində bir nəbz kimi döyünməlidi. Sən o səsi,
o döyüntünü eşitməlisən.
De görüm, o odum,
alovum hanı?
Üşüyən əllərim yumağa dönüb.
Gəzir
saçlarımda payız
dumanı
Kirpiyim sırsıra, baxışım donub.
Üzümə bağlıdı açıq qapılar,
Köhnə qapıların cəftəsi paslı.
Kim bilir, bəlkə də itib açarı,
Qıfılı qapıda qalıb asılı.
Bu kədər, qüssə tablosunu yaradan şair sevginin, həsrətin, hicranın, ayrılığın iztirablarını yaxşı duymalıdır.
Duyur da... Sabir Abdinin oxuduğum bir çox yazılarında həm də bir uşaq saflığı, ufallığı, təmizliyi, sterilliyi var. Bu saflıq qandan, candan, süddən, sümükdən süzülüb gəldiyi üçün "olduğu və göründüyü kimidir".
Görünür, genetik kodla bizə ötürülənlər itmir. Bulaq qayaları, dağları yarıb üzə çıxdığı kimi, o da yaratdıqlarımızla üzə çıxır, boy göstərir.
Təbii olan həmişə gözəldi. Sabir Abdinin poeziyası da təbii, səmimi və özü olduğu üçün gözəldi.
Şeirlərini çox sevdiyim, hələ 21 il bundan əvvəl "Mən burdayam, ilahi" kitabının redaktoru olduğum unudulmaz şair dostum Vaqif Səmədoğlunun misralarını dönə-dönə xatırlayıram:
İndi hər səsdən, hər küydən
Sükuta dönmək vaxtıdır.
Millət, dövlət zirvəsindən
İnsana enmək vaxtıdır...
İndi nə dua, nə qarğış,
Nə nəzir demək vaxtıdır.
Dünya susmalıdır artıq,
Allaha kömək vaxtıdır.
Şair dostum Sabir Abdin də yarpaq pıçıltılı, dəniz ətirli, ay işığı misralarıyla könüllərə sığal çəkir, insanlığı Tanrı ucalığına, Tanrı gözəlliyinə çağırır. Göylər yerin güzgüsüdü. Göy üzünə baxın. Göylər yalan danışmaz. Sabir Abdinin şeirləri kimi...
Zülfüqar ŞAHSEVƏNLİ
525-ci qəzet 2017.-
20 iyul.- S.8.