Hacı Kərim Sanılının Məclisi-Məbusan "deyişmə"ləri

 

Nizami CƏFƏROV

 

 

Hacı Kərim Sanılının məclisi-məbusanlığından bir o qalıb ki, maraqlı çıxışlar edib; bir də o qalıb ki, Məclisdə iştirak (və mübahisə) edən iki əsas partiya tərəfdarlarının (müsavatçılarla sosialistlərin) və şəxsiyyətlərin (Məhəmməd Əmin Rəsulzadə ilə Səmədağa Ağamalıoğlunun) "deyişmə"lərini ustalıqla nəzmə çəkib...

 

Hacı Kərim Sanılının Məclisdəki çoxlu çıxışlarının hər birindən görünür ki, o, xalq adamıdır, təmsil etdiyi geniş xalq kütlələrinin mənafeyini bir ziyalı-maarifçi  məsuliyyətilə müdafiə edir.

 

Hacı Kərim Sanılının "Yeni şərqilər" kitabında (Bakı, 1919) iki "deyişmə" verilib: "Müsavat lideri ilə Ağamalı oğlunun Parlamanda deyişməsi" və "Parlamanda  deyişmə (tapmaca)" - hər  iki şeir 1918-ci ildə yazılıb...

 

Birinci şeirdə əvvəlcə söz Məhəmməd Əminə verilir. Və o deyir:

 

Ey münsiflər, siz xəbərdar olunuz,

Bu gördüyünüz Azərbaycan bizimdir!

Müsavatdır onun doğma anası,

Şirin dilli gözəl oğlan bizimdir!

 

Göründüyü kimi, təbiətən hümmətçi-sosialist olan Hacı Kərim Sanılı Məhəmməd Əmin Rəsulzadənin romantik millətçiliyinə rəğbət bəsləmir, onun (və partiyasının) bütün azərbaycanlıların yurdu (və dövləti!) olan Azərbaycanı "mənimsəmə"sini qəbul eləmir...

 

Biz doğmuşuq, köbəyini kəsmişik,

Pərvanə tək dörd yanından əsmişik,

Bu çocuğa kəm baxandan küsmüşük,

Laylamıza uyub yatan bizimdir!

 

Şair düşünür ki, Məhəmməd Əmin Azərbaycanı dəyişikliklər, inqilablar dövrünün yox, hər cür inqilablardan, dəyişikliklərdən uzaq metafizik (və sxolastik!) bir təfəkkürün məmləkəti hesab edir...

 

Əl-ayağın doğan kimi bələdik,

Basdıq yerə, şirin yuxu dilədik,

Görək, necə bir mehriban bələdik,

Ninnisində sakit dövran bizimdir! 

 

Məhəmməd Əminin bu metafizik (və sxolastik!) romantikasına Hacı Kərim Sanılının zərif (ancaq kifayət qədər prinsipial!) münasibəti də özünü açıq göstərir:

 

Bu oğlanın qurban olum gözünə,

Mən mailəm gecə-gündüz sözünə,

Baxmasınlar bədnəzərlər üzünə,

Haqq saxlasın onu, bu xan bizimdir!

 

Və bu istehza belə yekunlaşır:

 

Görün necə rahat yatır bu çocuq,

Qoymamışam ayaqyalın, başaçıq,

Mən sevmərəm oğlum gəzə çıl-cırıq,

İpək geyən, qızıl taxan bizimdir,

Uca eyvan, yumşaq divan bizimdir.

 

Hacı Kərim Sanılı xalq adamı idi, öz xalqının övladlarını da Məhəmməd Əmindən az istəmirdi, ancaq təbii ki, onun romantik-metafizik səviyyədə olsa da, milli  dövlətçilik təsəvvürü yox idi. Ona elə gəlirdi ki, dünyadakı bütün insanların bir ananın övladları olması barədəki fikirdən doğru heç nə ola bilməz. Və əlbəttə, öz- özlüyündə tamamilə məqbul (və humanist!) olan bu mövqe, təəssüf ki, nəinki o illərdə, hətta dünyanın (və bəşəriyyətin) xeyli böyük təkamül yolu keçdiyi bizim günlərdə də mübahisəsiz qəbul edilmir...

 

Və şair sözü Ağamalı oğluna verir...

 

Çapın hələ, düzdür, meydan sizindir,

Fəhlə, kəndli - bu bağrı qan kimindir?

Yeyin-için, sanki dövran sizindir,

Sonra görərik, bu ac qalan kimindir?

 

Səmədağa Ağamalı oğlu davam edir...

 

Əkinçinin qüdrəti var, yeri yox,

Fəhlələrin çörəyi az, işi çox,

Burjuyların əkəni çox, qarnı tox,

Bu sizindir... O iki can kimindir?

 

Göründüyü kimi, Məhəmməd Əmin "bizimdir!" deyir, Ağamalı oğlu isə "kimindir?" deyə soruşur... Və insaf naminə demək lazımdır ki, sualları tamamilə haqlıdır...

 

Pristavın, qubernatın əlindən,

Yüzbaşının, fəndəfirin əlindən,

Sanı gödək Müsavatın əlindən

Fəryad çəkib qan ağlaşan kimindir?

 

Məsələyə obyektiv yanaşsaq, hər iki tərəfdə absurdluq var: birinci tərəf öz milli romantikasından, ikinci tərəf isə öz prozaik humanizmindən başqa yerdə qalan hər şeydə anlaşılmazdır. Və bu  qarşılıqlı absurdluğun (anlaşılmazlığın) nəticəsidir ki, şair deyir:

 

Xan növbədə qırmanc ilə döyülən,

Qoyun kimi qurd dişində yeyilən,

Öz evində haqsız yerə söyülən,

Həm irzinə əl atılan kimindir?

 

Biz bilirik alan-satan sizindir,

Müftə yeyib rahat yatan sizindir,

İndi hələ Azərbaycan sizindir,

Soyan sizin, bəs soyulan kimindir?

Yersiz qalan, qapazlanan kimindir,

Fabrikadan qovalanan,

Həbsə alınan kimindir?

 

Hacı Kərim Sanılı xalq arasından çıxmışdı, varlı- kasıb münasibətlərinin nə demək olduğunu yaxşı bilirdi və sosializmə inanırdı. Ona görə də "deyişmə"ni öz məsləkinə uyğun yekunlaşdırır... Və son sözü Məclisdə həmişə son söz sahibi olan (çoxluq təşkil edən ) müsavatçılara verir...

 

Səməd ağa, kiri, Allahı sorsan,

Bu uşağı sən çağırıb ayıltma.

Belə demə, çörəyimizi kəsirsən,

Dadlıca aşımıza zəhrimar qatma!

 

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində  Müsavatın tutduğu mövqeyə bu cür açıq münasibət (xatırladaq ki, bu, eyni zamanda bir Məclis üzvünün münasibəti idi) Hacı Kərim Sanılının həm mərd bir millət vəkili, həm də mərdanə bir şair olmasının göstəricisi idi... Nə fikirləşirdisə, onu da deyirdi...

 

Fikrimizcə, ikinci "deyişmə" həm ideya-məzmun, həm də sənətkarlıq etibarilə daha mükəmməldir...Və bu dəfə "qıfılbənd"i Məhəmməd Əmin deyir, Ağamalı oğlu "açır", "sağ"dan-"sol"dan münasibət bildirilir...Və kimin haqlı, kimin haqsız olduğu axırda "səs"ə qoyulur...

 

Məhəmməd Əmin:

 

Hansı ovdur, dəstə-dəstə tutarlar,

Tutulduqca ölüm gölünə atarlar?

O nədir ki, bütün-bütün udarlar,

Udanlar səlamət olur həmişə?

 

Ağamalı oğlu:

 

O fəhlədir, dəstə-dəstə tutarlar,

Tutulduqda Petrovska atarlar.

O milyondur bütün-bütün udarlar,

Udanlar səlamət olur həmişə.

 

"Qıfılbənd"in açması soldan, təbii ki, alqışlanır; sağdan isə qışqırıqlar gəlir:

 

"Eylə deyil, eylə deyil! Tutulan balıqdır ki, qazana tullanır. Udulan "həb" olan şeydir!"

 

Nə yaxşı ki, Azərbaycan xalqının öz milli müstəqilliyini elan etdiyi (və bu müstəqilliyin təsdiqi uğrunda həm daxili, həm də xarici qüvvələrlə "hesablaşdığı") dövrün "anatomiya"sını obyektiv dərk etməyin təcrübələrini xalqımızın ziyalıları elə həmin illərdə vermişlər... Özü də necə...

 

Məhəmməd Əmin:

 

O nədir ki, adı vardır, özü yox?

O nədir ki, ağzı vardır, sözü yox?

O kimdir ki, işləməyə özü yox,

Allahdan qisməti gəlir həmişə?

 

Ağamalı oğlu:

 

Hürriyyətimizdir adı vardır, özü yox,

Kəndçi-fəhlə, ağzı vardır, sözü yox.

Xan-xandır, işləməyə özü yox,

Kəndçidən qisməti gəlir həmişə.

 

Yenə də soldan alqış gəlir... Sağdan isə gurultu:

 

"Adı var, özü yox erməni padşahlığıdır, sözü olmayan balıqdır, qisməti gələn zəlidir"...

 

Və hər iki tərəf yenə də haqlıdır...

 

Ancaq məsələ bununla da bitmir...

 

Məhəmməd Əmin:

 

O kimdir ki, hər nə desək, allanır?

O nədir ki, çox basdıqca azalır?

O kimdir ki, gəlib bizdən borc alır,

Aldığına sahib olur həmişə?

 

Ağamalı oğlu:

 

Fəhlə, kəndli nə desəniz allanır,

Bizim puldur, çox basdıqca azalır.

İngilisdir, gəlib bizdən borc alır,

Aldığın qarnına salır həmişə.

 

Bu məqamda sağdan - Müsavat tərəfdən yalnız bircə səs gəlir:

 

"Eylə deyil! Borc alan İran şahıdır"...

 

Tarixi həqiqət isə bundan ibarət olmuşdur ki, Azərbaycandakı ingilis komandanlıq-missiyası gənc dövlətdən borc pul almış, ancaq  qaytarmamışdır. Və istər bu, istərsə də yenidən pul kəsilməsi barədəki məsələ parlamentdə qızğın müzakirə, mübahisə mövzusuna çevrilmişdir.

 

"Deyişmə" davam edir...

 

Məhəmməd Əmin:

 

Hansı çaydır, axır-axır yox olur?

O kimdir ki, ayda bir yol tox olur?

Hansı şeydir bizim yerdə çox olur,

Vətənmizdə bir az qalır həmişə?

 

Ağamalı oğlu:

 

Qaçqınlara axan puldur, yox olur,

Biçarələr ayda bir yol tox olur.

O, buğdadır, bizim yerdə çox olur,

Xalqımız çörəksiz qalır həmişə.

 

Və bu dəfə də sağdan etirazlar gəlir ki, "tapmadın!.. Axıb yox olan qumsal çayıdır, çox olub az qalan qarpızdır".

 

Göründüyü kimi, Ağamalı oğlu bir sosialist sərtliyilə "acı həqiqət"i deyir, Müsavatçılar isə mətləbi yayındırmağa cəhd edirlər...

 

Məhəmməd Əmin:

 

Nə vaxt bizim hürriyyətimiz birləşər,

Millətimiz azad olub kef çəkər,

Yatanlar oyanar, ağlayan gülər?..

Bu fikir başımı dəlir həmişə!

 

Ağamalı oğlu:

 

Hər biriniz bir nəzarət alsanız,

Hər evizdə bir qubernat salsanız,

Əhalinin kəndlərini yolsanız,

Onlar əsiriniz olur həmişə.

 

Və "deyişmə" maraqlı sonluqla bitir:

 

"Buraya söz çatanda qeylü-qal qalxdı, təklif olundu ki, deyişmə kəsilsin. Səsə qoyuldu: əleyhinə 42 səs, lehinə 9 səs.

 

Deyişmə qət oldu".

 

Nə qədər reallıqdan çıxış etsələr də, məlum məsələdir ki, sosialistlərin Cümhuriyyət Məclisində heç vaxt müsavatçılar qədər nüfuzu olmamış, sözləri keçməmişdir... Bunun da əsas səbəbi o idi ki, sosialistlər həm müsavatçılar qədər qaynar (və dövrün sosial psixologiyasına, ovqatına uyğun!) milli (və müstəqil) dövlətçilik  təbliğatı aparmır, həm də get-gedə daha çox Sovet Rusiyasının tərəfdarları kimi tanınırdılar...

 

Ancaq o da aydın idi ki, Müsavat hökumətinin iddiaları ilə imkanları  ən müxtəlif səbəblər üzündən çox zaman üst-üstə düşmürdü.

 

Hacı Kərim Sanılı, demək olar ki, bütün  nazirlərin, qubernatorların müsavatçılardan təyin olunduğu bir dövrdə sosialistlərin fikrinə məhəl qoyulmamasına satirik bir şeir də həsr etmişdi:

 

Bu bütlər, ay bu çılpaqlar,

Sosialistlər... sarımsaqlar

Bizə deyir "bədəxlaqlar"...

Üçcə milyon qazanmışam?..

 

Sosialis ağzı biçənlər,

Qoy çığırsın baş-beyinlər,

Parlamanda hey desinlər!..

Üçcə milyon qazanmışam!

 

Yazılmışam "vinamota",

İnanma diş mənə bata.

Bir il də oynaya yata,

Üçcə milyon qazanmışam!..

 

Hacı Kərim Sanılı hələ Cümhuriyyət illərində sosialist olsa da, sovet dövründə elə bir yüksək vəzifələr daşımadı, ömrünün sonuna, yəni 1937-ci ildə "xalq düşməni" kimi güllələnə qədər Ana dilinə, ədəbiyyata, ölkədə təhsilin, maarifin, mədəniyyətin inkişafına vətəndaş məsuliyyəti ilə qulluq elədi...

 

525-ci qəzet 2017.- 20 iyul .- S.7.