Milli duyğular,
vətən sevgisi aşılayan uşaq şeirləri
ŞÖVKƏT
ZƏRİN HOROVLUNUN UŞAQLAR ÜÇÜN YAZDIĞI
ƏSƏRLƏR HAQQINDA DÜŞÜNCƏLƏR
rayonundan olan Şövkət xanım Horovlunun yaradıcılığı əsasən vətən, torpaq itkisi ilə bağlı duyğulardan yoğrulsa da, uşaq poeziyasının da dəyərli nümunələrini yaradıb.
Onun belə şeirlərindən uşaq aləminə
yaxından bələd olduğu anlaşılır. Şövkət
xanımın uşaq şeirlərindən ibarət
üç kitabı nəşr edilib.
"Babam iki alıb", "Babam əyri yeriyir",
"Yeddinci sevinc" kitabları son vaxtlar nəşr edilən
ən qiymətli uşaq nəşrlərindəndir. Onun əsərləri
haqqında Qaçay Köçərli yazır: "Şairənin
uşaqlar üçün yazdığı bu kitablar məktəblərimizdə
aparılan təlim-tərbiyə işinə, xüsusilə
vətənpərvərlik, yurdsevərlik tərbiyəsi
işinə kömək edə bilər. Bu kitabı alıb
oxuyan hər bir uşaq kim olduğunu,
hansı vətənin vətəndaşı olduğunu, onun
hər bir vətəndaş kimi öhdəsinə nələr
düşdüyünü dərk eləyər və əsl
insan kimi yetişə bilər".
Onun "Yeddinci sevinc" adlı, uşaq ədəbiyyatından
bəhs etdiyi kitabı xüsusi ilə diqqət çəkir. Çox nəfis
tərtibatda çap olan bu kitab uşaqlar tərəfindən
sevilir və yaddaqalan parçalar əzbərlənir.
Xüsusilə, "Yaz gəlib", "Yay ömrünü
bölüşür", "Quş dili",
"Darıxmağa qoymur bizi", "Qarışqa
dostluğu", "Əlifbanı sevirəm",
"Şam üstündən atlanıram" adlı
şeirləri uşaqların məntiq və təfəkkürünün
formalaşmasında əhəmiyyətli rol oynayır. Fəsillər haqqında yazdığı
kiçik şeirlərdə müəllif hər hansı bir
fəslin əsas xüsusiyyətlərini əks etdirir və
körpə uşaqlarda o fəsil haqqında əsas yaddaqalan
cəhətlərə aid təsəvvür
formalaşdırır. Məsələn: "Yaz gəlib"
şeirini oxuyan uşağa yaz gəlincə təbiətdə
hansı dəyişiklik olacağını sual versək,
heç çətinlik çəkmədən yazın gəlişini
təsvir edər. Çünki müəllif
böyük bir ustalıqla yazın gəlişini kiçicik
şeirlə, təbii lövhələr yaratmaqla
aşılaya bilir. Şeirdə müəllif
ən çox da, şəhər yerlərində yaşayan
uşaqları unutmur. Az qala unudulan
quşların adını çəkməklə
uşaqlarda məlumat yaradır.
Bağ-bağçaya
yaz gəlir,
Oxuyur
İsaq, Musaq
- deyə xəbər verən şairə
bilir ki, quşları,
heyvanları sevdirmək üçün onların əvvəl
adlarını çəkməklə, kiçik qəhrəmanlarda
maraq yaratmaq lazımdır. Arılar haqqında
məlumat vermək istəyən şairə arının
çiçəklərdən şirə çəkdiyini
uşaqlara şeir dili ilə çatdırır.
Qar
yapıncısı düşüb,
Dağlarımın çiynindən.
Arılar
gövhər çəkir,
Çiçəklərin dibindən.
Bu kiçik şeirdə müəllifin bir çox məsələlərə
toxunması həm də uşaqları yormadan məlumat verməsi
uşaq poeziyası üçün əsas lazımlı cəhətlərdəndir. Salxım
söyüdün gözəlliklərini uşaqlara
açmaqla, söyüd ağacının arx üstə
göz oxşamasını xatırlatması da yerinə
düşür.
Şövkət xanımın poeziyasında folklorumuza,
kökümüzə bağlılıq və unudulmaqda olan
söz məsələlərimizi xatırlamaq, unudulmağa
qoymamaq kimi keyfiyyətləri qiymətləndirmək
lazımdır. Məsələn, uşaqlar çox hallarda nəinki az
işlənən sözlərimizi anlamırlar, hətta insan üçün
ən lazımlı bitkilərin adlarını belə bilmirlər.
Bu baxımdan da belə məfhumların şeirdə
sadalanması uşaqlarda maraq yaradır və onları məlumatlandırır.
Nanə, yarpız bulaqda.
Nəğmə-nəğmə dinlənir.
Arx
üstə salxım-söyüd,
Nənni aşıb yellənir.
Müəllifin yay haqqında şeiri də maraq
doğurur. Şeirin adı "Yay ömrünü
bölüşür" adlanır. Şairə
burada uşaqların diqqətini dostluğa, birliyə,
bölüşmək kimi vacib məsələlərə
çəkir. Şeirin əvvəlində
yayın əsas xüsusiyyətləri əks olunur.
Çox
sevirəm mən yayı
Onda bol
günəş olur,
Ovuc-ovuc
içirəm,
Qəlbimə sevinc dolur.
Günəşin istiliyi, gözəlliyi insana sevinc gətirməklə
bərabər, sağlamlıq, möhkəmlik, bir çox
vitaminlər də bəxş edir. Şairə bu keyfiyyətləri
vurğulamaqla uşaqları məlumatlandırır. Müəllifin "Yuvasız qarğa"
şeirində isə ilk baxışdan uşaqlara qarğa
haqqında məlumat verilir. Qara
qarğanın özünəməxsus xarakterini verməklə
və sonra onu bir ana kimi təsvir etməklə maraqlı təzad
yaradır. Hətta ədəbiyyatda
"Qara qarğa" obrazının mənfi xüsusiyyətlərini
şairə uşaq poeziyasında bir ana leyləklə
müqayisə edir. Qarğanı təsvir edən
şairə onun bütün xüsusiyyətlərini
uşaqlara çatdırmağa çalışır:
Yazın
gül çağı,
Dolandı
bağı,
Gözü-könlü
şad,
Gözlərdən
uzaq,
Tapdı bir budaq.
Boş-boş
öyünüb,
Qar-qar
edirdi,
Qonum-qonşunu
ordan
güdürdü.
Şeirin digər bəndlərindəsə leylək
quşunun özəlliklərini uşaqlara təqdim edərək
bitkin obraz yaradır.
Əlinə
düşsə,
Bir tikə
çörək,
Tez
qapıb alsın,
Onu hövlənək.
Uca
budaqda,
Bir ana
leylək,
Çör-çöp
toplayır,
Ev tikmək
üçün,
Olmuşdu
həlak,
Qan-tər
içində
Yuva
qururdu,
Balalarını
isti-soyuqdan,
O
qoruyurdu.
Bir şeirdə üç quşun xarakterini əks
etdirməklə şairə qarğanın məkrli
simasını açır. Əslində,
qarğa özü öz dilindən kinli, məkrli
olmasını, zəhmət çəkmədən nələrəsə
sahib olmaq istəyini büruzə verir. Şairə
qarğanın simasını uşaqlara göstərməklə
onları zəhmətə, dostluğa, sədaqətə, təmiz,
dürüst olmağa çağırır. Qarğa hiyləgərcəsinə leyləyə,
qaranquşa yanaşaraq onların yuvasını ələ
keçirməyə çalışsa da, arzusuna çata
bilmir. Yazda qaranquşun özünə
yuva qurduğunu görən qarğa ona yaxınlaşıb
şirin dilini işə salır. Qaranquş
zamanında onun cavabını verir.
Sənin
kimisi məni aldatmaz,
Mənim
yuvamda
sənə yer çatmaz.
Şeirin sonunda hiyləgər qarğa nə qədər
qapılar döyüb özünü öyürsə də,
hamıdan rədd cavabı alır. Və hiyləgər
qarğa yuvasız qalır. Bu şeirin
yaranmasına müəllifin yaşadığı Qarabağ
müharibəsinin də təsiri var.
Fikrimizcə, Azərbaycan torpaqlarının zəbt
olunması və hiyləgər ermənilərin çirkin
siması şairəyə qarğa obrazı yaratmaq
üçün təsir göstərib. Təbii ki, bu mövzuda yazaraq
uşaqlarımızı müharibəyə,
savaşa, davaya, ölümə meyl etməyə deyil, sadəcə,
hiyləyə, məkrə qarşı hazır olmağa
çağırır.
Şövkət xanımın şeirlərində
folklor motivlərindən istifadə, adət-ənənələrə
bağlılıq və uşaqlarda keçmişimizə
sevgi yaratmaq ideyası güclüdür. Məsələn:
"Şam üstündən atılıram" şeirində
müəllif Novruz bayramından, səmənidən, Kosadan, həyətlərdə
tonqal qalanmasından bəhs edir. Od üzərində
atılaraq niyyət tutulmasından danışır. Hələ
od üzərindən tullanmaqdan qorxan bir
uşaqın tonqal üzərindən tullana bilmədiyini
görən nənə onu sevindirir və ona tullanmaq
üçün şam yandırır.
Hər
çərşənbə axşamı,
Nənəm
yandırır şamı.
Mən də
niyyət tuturam,
Şam üstündən atılıram.
Şövkət xanımın "Babam əyri
yeriyir" adlı kitabına daxil olan şeirlər də diqqət
çəkir.
Müəllif bu kitabda uşaqlarımıza Vətən
məhəbbəti, el-oba sevgisi aşılayır. Bu
mövzudakı əsərləri təhlil edən Qocay
Köçərli yazır: "Qarabağ faciəsinə,
qaçqın, köçkün həyatına toxunduğu hər
bir mövzuya uşaq gözü ilə baxmaq
bacarığı şeirlərində qabarıq şəkildə
özünü göstərir. Azərbaycan,
onun təbiətini, tarixini, mədəniyyətini, incəsənəti,
keçmişini, bu gününü sevmək, sevə-sevə
uşaqlarını sevindirmək kitabdakı şeirlərin əsas
məğzidir. Şairin uşaqlar
üçün yazdığı bu şeirlər təlim-tərbiyə
işinə xüsusilə vətənpərvərlik, yurdsevərlik
istiqamətdə formalaşmağa kömək edə bilər.
Bu şeirləri oxuyan hər bir uşaq kim
olduğunu, hansı xalqın vətəndaşı
olduğunu, onun bir vətəndaş kimi öhdəsinə nələr
düşdüyünü dərk eləyər və əsl
insan kimi yetişə bilər". Bəli,
müəllifin müraciət etdiyi mövzular həm ölkəmizə,
həm də millətimizə xüsusilə böyüməkdə
olan uşaqlar üçün çox gərəklidir.
Şairənin "Üçüncü
vaqon" şeirində nənə və nəvənin öz
torpaqlarından didərgin düşərək, vaqonda məskunlaşması
əks olunur. Üçüncü vaqonda
- vaqon evdə məktəbə başlayan kiçik
Aygünün vaqon məktəbə getməsi,
üçüncü sırada oturması nənənin nəzərindən
qaçmır. 3 yaşında
qaçqın olan Aygün 13 yaşına çatır.
Və bu da çox təəssüf hissi
yaradır. Eyni zamanda, bu təəssüf
hissi oxucuda mübarizə hissini artırır.
Yaşı da bir-bir artdı.
Üç idi on üç oldu.
Aygünün
nənəsi də,
Vaqonda yaşa doldu.
Nənə
dedi: "Ay, bala,
Bu
üç nəhs gəldi bizə,
Nə bu
vaqon tərpəndi,
Nə döndük evimizə.
"Çadırdan da ev olar?" şeiri
uşaqların torpaqlarına, evlərinə
bağlılıq hisslərinə həsr olunub. Şeirdəki
ideya uşaqlarda torpaqlara, el-obalarına olan məhəbbəti
artırır. Əhmədgilin evlərindən
didərgin olaraq boş bir səhraya düşmələri
onu çox düşündürür. Bulaqlarını,
dağlarını, yaşıl çəmən və uca
çinarlarını, kəkliklərini, ağ
atlarını, boynu qotazlı quzularını yada salır.
Kiçik Əhməd boş ərazidə çadır evdən
başqa heç nə görmür və uşaq
marağı və kədəri ilə böyüklərdən
soruşur:
Heç
bilmədim nə işdi,
Halı yaman dəyişdi.
Dedi,
gözləri ağlar,
"Çadırdan da ev olar?"
Şairə bəzən torpaq itkisi mövzusunu
quşların dili ilə ifadə edir. Şeirdə
qaranquş və hələ uça bilməyən sərçə
balasından söhbət gedir. Ətçə
sərçə balasını otların arasından
qaranquşlar tapırlar. Və ona yardım göstərərək, yuvalarına gətirir,
yedirdib böyüdürlər. Böyüyüb
uçmağı öyrənən sərçə bir
gün qaranquşlara meydan oxuyur.
Ətçə
dedi: - A kirvə,
İndi
yuva mənimdir,
İndi
meşə, torpaq da,
Əzəli məskənimdir.
Əzəldən
bizim olub,
Bilir meşə quşları.
Mənim əcdadlarımın
Burdadır məzarları.
Öz
doğma meşəsindən,
Qaranquş qaçqın oldu.
Odlanan
yuvasına,
Baxdıqca gözü doldu.
Təəssüf
edib dedi:
- Nadan
yaxşılıq bilməz.
Sonrakı
peşmançılıq
Əfsus ki, fayda verməz.
Şövkət xanımın şeirlərində
nağıllarımızla, dastanlarımızla da
bağlılıq var. Təbii ki, bu şeirləri oxuyan
uşaq bu nağıllar haqqında soruşub məlumat istəyəcək. "Ağ qoç-qara
qoç" şeirində müəllif artıq öz qəhrəmanında
maraq yaradıb:
Nənəm
yuxudan qabaq
Mənə
nağıl söyləyir,
Tumarlayıb
saçımı:
Yuxun bal olsun - deyir.
İnsandan
od oğrayan
Gah
acgöz divdən deyir,
Ağ
qoçdan-qara qoçdan
Məlik Məmməddən deyir.
Atama deyəcəyəm
Mənə
də ağ qoç alsın,
Nə mən
quyuda qalım,
Nə də atam qocalsın.
Şövkət Horovlu Azərbaycan uşaq ədəbiyyatının
daha da inkişaf etməsi üçün qiymətli əsərlər
yaratmaqda davam edir və biz də bu yolda ona yeni uğurlar
arzulayırıq.
Mərziyyə NƏCƏFOVA
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet 2017.- 20 iyul .- S.6.