Qəlblərdə yaşayan Hüseyn Cavid: əsl vətən və millət fədaisi

 

Bəbir HÜSEYNOV

Əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

Yaxşı yadımdadır, 1980-ci illərin əvvəllərində ən çox maraq doğuran, diqqət mərkəzində olan mövzu dünya romantizminin görkəmli nümayəndəsi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının banilərindən biri, qəlblərdə yaşayan vətən və millət fədaisi Hüseyn Cavidin qürbətdəki nəşinin vətənə qaytarılması idi.

 

Sənətdə heç kimə bənzəməyən, orijinal yaradıcılıq yolu olan, lirik əsərlərin, mənzum faciələrin, tarixi dramların əvəzsiz müəllifi, ustad ədib Cavidin Sibir torpağına  tapşırılmış məzarının qalıqlarının Vətənə qaytarılmasını bütün xalqımız intizarla gözləyirdi.

 

Poeziya və dramaturgiyada möhtəşəm əsərlər yaradan,böyük şəxsiyyət, mütəfəkkir sənətkar Hüseyn Cavidin keçdiyi ibrətli həyat və yaradıcılıq yoluna bir nəzər yetirərkən görürük ki, o, 1937-ci ildə iyun ayının əvvəllərində Azərbaycan K(b)P XIII qurultayından dərhal sonra "gizli millətçi əksinqilabi təşkilatda iştirakına" görə bir qrup görkəmli şəxslərlə bərabər həbs  olunub. Qəribədir ki, bu, Stalinin təkidi ilə ÜİK(b)P MK katibi A.A.Jdanovun Azərbaycan  K(b)P MK-ya,  şəxsən M.C.Bağırova göndərdiyi məktubdan sonra baş vermişdi. Həmin məktubda M.C.Bağırovun əksinqilabçı düşmənlərin, sosializm əleyhdarlarının tapılıb ifşa edilməsində qətiyyətsizlik etdiyi göstərilirdi.

 

Hüseyn Cavidi sevməyənlər, necə deyərlər, sapı özümüzdən olan baltalar, ürəklərini  iblisə təslim etmiş qələm yoldaşları hələ onun  1934-cü ildən üzvü olduğu Yazıçılar İttifaqının yığıncaqlarında şairi "burjua yazıçısı" və yaxud "müasir həyatı əks etdirməyən" ədib kimi damğalayırdılar. Onun haqqında "Kommunist", "Gənc işçi" və "Bakinskiy raboçiy" qəzetlərində vaxtaşırı donoslar verilirdi. Bildirilirdi ki, İranda, Dağıstanda, Gürcüstanda olan bütün Azərbaycan torpaqlarını birləşdirib "burjua təmayüllü müstəqil Azərbaycan yaratmaq uğrunda gizli fəaliyyət göstərən pantürkist, əksinqilabçı təşkilatın üzvləri arasında 9-cu adam Hüseyn Caviddir". "Kommunist" qəzeti yazırdı: "Biz ildırım sürəti ilə irəliləyərkən Cavid tısbağa kimi yürüməyi tərk etmədi". "Gənc işçi" qəzeti isə şairin Teymurləngdən bəhs edən əsəri haqqında belə yazmışdı: "Adı özünə uyğundur: sənətdə topaldır". "Bakinskiy raboçiy" qəzeti də yazırdı ki, Hüseyn Cavid Türkiyə ilə bağlıdır, onun əsərləri Türkiyədə çap olunur. Bəzi qələm əhli isə Cavidi müsavatçılarla əlbir olmaqda günahlandırırdı. Əsl zərbəni isə M.C.Bağırov vurmuşdu: "Bir baxın Azərbaycan Yazıçılar İttifaqında kimlər əyləşmişdi. Hazırda ifşa edilmiş Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Triniç və başqa əclaflar".

 

Həyatı, insanları ülvi məhəbbətlə sevən, dünyanı, bəşəriyyəti azad, səadət və rifah içində görmək arzusunda olan, ümumbəşəri problemlərin işıqlandırılmasına həmişə xüsusi diqqət göstərən, "Mən fəqət hüsni-Xuda şairiyəm, Yerə enməm də səma şairiyəm",  "Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü" deyərək zirvədən uca səslə hayqıran ədibə qara yaxırdılar.

 

Nəhayət, 4 iyun 1937-ci ildə Hüseyn Cavid həbs olundu. Onun həbs olunduğu gecə həyat yoldaşı Müşkünaz xanım, oğlu Ərtoğrul, qızı Turan böyük sarsıntı keçirmişdilər. Onlar bu qara buludun haradan gəldiyini belə bilmədilər. Gecə evə soxulanlar Cavidin kitablarını, əlyazmalarını və başqa dəyərli əşyaları ələ keçirmişdilər.

 

Cavidə "Gizli millətçi əksinqilabi təşkilat"da iştirakı bəhanəsi ilə 8 illik həbs cəzası verilir. O, iki il Keşlə və Bayıl həbsxanalarında ağır zindan həyatı sürəndən sonra 1939-cu il iyul ayının 4-də antisovet təbliğatında iştirakı ittihamı ilə təqsirləndirilərək Sibirə - Maqadana sürgün edilib. 21 sentyabr 1941-ci ilədək orada, 17 noyabrdan 5 dekabra kimi Tayşet rayonunun Şevçenko kəndində məhbus həyatı sürüb. Böyük ədib 1941-ci il dekabrın 5-də İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndindəki Əlillər evində dünyasını dəyişir və orada torpağa tapşırılır. Yalnız 41 ildən sonra Hüseyn Cavidin cənazəsinin qalıqları vətənə qaytarılır. Bu, Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü və prinsipial mövqeyi nəticəsində mümkün olub. Ədəbiyyatımızın, mədəniyyət və incəsənətimizin böyük qayğıkeşi olan Heydər Əliyev Hüseyn Cavidin cənazəsinin qalıqlarının Uzaq Sibirdən Azərbaycana gətirilməsi üçün Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnevə, həmçinin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Y.V.Andropova müraciət etmişdi. Əvvəldə vurğuladığım kimi, şairin cənazəsinin qalıqlarının Azərbaycana, onun doğma yurdu Naxçıvana gətirilməsi o vaxt ictimai-siyasi mühitdə böyük hadisəyə çevrilmişdi.

 

 Hələ, Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi ikən 1981-ci ildə "Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında" qərar qəbul etmişdi. Həmin tarixi qərarda, görüləcək bir sıra işlərlə yanaşı, Bakı və Naxçıvan şəhərində Hüseyn Cavidə abidələrin qoyulması, Bakıda 1920-ci ildən 1937-ci ilədək yaşadığı və işlədiyi evin fasadına xatirə lövhəsinin vurulması və üzərində H. Cavidin portreti olan xatirə medalının hazırlanması nəzərdə tutlmuşdu. Bu qərardan sonra 3 oktyabr 1982-ci ildə Naxçıvana səfəri zamanı Heydər Əliyev böyük şairimizin cənazəsinin qalıqlarının Uzaq Sibirdən vətənə gətirilməsinə xeyir-dua vermişdi.

 

1982-ci il oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarınınn tapılması, cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul edib, qərarın icrasını komitənin katibi Həmid Cəfərova tapşırır. Bu qərardan Həmid Cəfərov çox razı qalır. Çünki o, neçə illər idi ki, Hüseyn Cavidin ədalətsiz yerə həbs olunması, Uzaq Sibirə sürgün edilməsi, orada dünyasını dəyişməsi, məzarının uzaq ellərdə qalması və bu məzarın qalıqlarının vətənə gətirilməsi barədə düşünür, rahatlıq tapmırdı. Onun Hüseyn Cavidin nəşinin axtarışlarına başlaması, Maqadan və İrkutsk partiya komitələrinə məktublarla müraciət edib cavablar alması, hazırda öz evində "Mənim nurlu Hüseyn Cavid ocağım..." guşəsini təşkil etməsi Həmid Cəfərovun böyük şair və dramaturqumuza, onun irsinə və ailəsinə böyük ehtiramının təcəssümüdür.

 

Oktyabrın 13-də Həmid Cəfərov Muxtar Respublikanın daxili işlər nazirinin sabiq müavini, polkovnik Telman Əliyev və Babək rayonundakı daş üzlük kombinatının fəhləsi, SSRİ Ali Sovetinin deputatı Zakir Nəsirovla birlikdə Moskvadan birbaşa İrkutsk şəhərinə uçub. Orada, 20 oktyabr 1982-ci ildə VPK-nın katibi E.N. Antipin müqəddəs missiyanı yerinə yetirmək üçün gəlmiş nümayəndə heyətini qəbul edib. Nümayəndələr şəhərin rəhbər işçiləri ilə görüş zamanı öyrəniblər ki, Hüseyn Cavid Tayşet rayonunun Əlillər evində vəfat etdikdən sonra Şevçenko kəndindəki qəbirstanlıqda 59 saylı qəbirdə torpağa tapşırılıb.

 

Müəyyən tədbirlər görüldükdən sonra nümayəndə heyəti və ekspertlər polkovnik Yuri Qriqoreviçin müşayiəti ilə Tayşetə üz tuturlar. Onlar 21 oktyabr 1982-ci ildə vilayətin Tayşet rayon İcraiyyə Komitəsinə gəlib, cənazənin çıxarılıb aparılması barədə sərəncam əldə etdikdən sonra şəhərdən 75 km aralıda yerləşən Şevçenko kəndinə gedirlər. Onlara bu səfərdə partiya, inzibati orqan və səhiyyənin məsul işçiləri, habelə əslən Ağdamın Qaradağlı kəndindən olan Azər Musayev, Namiq Rəsulov, bərdəli Qəhrəman Qurbanov qoşulurlar. Tanınmış ictimai xadim və cavidşünas Həmid Cəfərov "Hüseyn Cavid. Vətənə qayıdış" kitabında ürəyinin qanı ilə yazdığı "Vətənə qayıdış" məqaləsində göstərdiyi kimi əsas ümid 1941-ci ildə Cavidin olduğu islah əmək düşərgəsində keşikçi dəstənin rəisi işləmiş, məhbusları tanıyan 72 yaşlı Dorafey Tradaykola qalır... Onunla bir çox məsələlərə aydınlıq gətirilir. 40 min insanın dəfn olunduğu qəbirstanlıqda 59 saylı qəbrin axtarışı qarlı-şaxtalı gündə iki saatdan çox davam etdikdən sonra rayon prokurorunun "tapdım" sözü ilə başa çatır. Prokuror qəbrin açılmasına sanksiya verdikdən sonra Cavidin qəbri qazılır və onun nəşi götürülür. Ulu Öndərimiz Heydər Əliyevin tapşırığına əsasən, Cavidin nəşi Sibirdən Moskvaya, oradan da Bakıya gətirilir. Şairin cənazəsi 1982-ci il oktyabrın 26-da Bakı hava limanında layiqincə qarşılanır. Cavidin yadigarı - qızı Turan xanım da qarşılayanların arasında olur. Tabutun önündə Nazirlər Soveti sədrinin müavini Fikrət Əhmədov, mədəniyyət naziri Zakir Bağırov, böyük şairimiz Bəxtiyar Vahabzadə və Cavidin nəşini çox çətinliklə, zəhmətlə Bakıya gətirən Həmid Cəfərov geniş nitq söyləyirlər.

 

Sonra cənazəni aparan maşın karvanı və yüzlərlə cavidsevər Şirvanşahlar sarayına yollanır. Burada və Elmlər Akademiyasının rəyasət heyətinin binasında böyük şairlə vida mərasimi keçirildikdən sonra noyabrın 1-də Cavidin cənazəsi  əvvəlcə bir vaxt şairin yaşadığı binaya, noyabrın 2-də isə doğma Naxçıvana yola salınır. Orada da hava limanında, ev-muzeyində, C.Məmmədquluzadə adına Naxçıvan Dram Teatrında matəm mitinqləri təşkil edilir, nəhayət, 41 ildən sonra vətənə qayıdan Cavid əfəndi vaxtilə çox sevdiyi tut ağacının altında torpağa tapşırılır.

 

Ulu Öndərimiz ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da böyük şair və dramaturqumuz Hüseyn Cavidin ədəbiyyat və mədəniyyətimizdəki xidmətlərini,onun böyük irsini yüksək qiymətləndirir. Cavidin məqbərəsinin yaradılmasına nail olur. O, 29 oktyabr 1996-cı ildə Naxçıvanda Turan Cavidin də iştirak etdiyi Hüseyn Cavidin məqbərəsinin açılışındakı parlaq nitqində demişdi: "Mən çox məmnunam, sevinirəm ki, 15 il bundan əvvəl qəbul etdiyim qərar həyata keçir. Mənim arzularım həyata keçir. Mən sizi də, özümü də bu münasibətlə təbrik edirəm. Hüseyn Cavidin məqbərəsi Naxçıvanın memarlıq tarixində yeni bir səhifədir. Naxçıvanda böyük milli-mənəvi memarlıq abidələrimiz var. Bu abidə də həmin ənənələrin davamıdır. Ümidvaram ki, "Möminə Xatun" abidəsi kimi bu abidə də əsrlər boyu yaşayacaqdır. Güman edirəm ki, gələcək nəsillər bu günü xatırlayacaq və bu abidəni yaradanları unutmayacaqdır".

 

Heydər Əliyev şairin qızı Turan xanımın xahişini nəzərə alaraq, 1996-cı il sentyabrın 13-də Müşkünaz xanımın məzarının Bakıdan, oğlu Ərtoğrulun məzarının isə Naxçıvandan Cavid türbəsinə gətirilməsinə göstəriş verir. Turan xanım da 13 sentyabr 2004-cü ildə vəfatından sonra öz doğmalarının yanına gətirildi. Beləliklə, Cavidlər ailəsi əbədi qovuşdu.

 

Ulu Öndərimizin Cavidlə bağlı tarixi xidmətləri unudulmazdır. "Hüseyn Cavidin 120 illik yubileyi haqqında" sərəncamı, yubiley günündə şairin ev-muzeyinin lentini kəsməsi də deyilənlərə sübutdur.

 

Möhtərəm Prezidentimiz İlham Əliyev də Cavid irsinə böyük önəm verərək, onun anadan olmasının 125 və 130 illik yubileylərinin keçirilməsi haqqında 2007 və 2012-ci illərdə sərəncamlar imzalamışdır. Söz yox ki, bu sərəncamlardan sonra şairin yaradıcılığının araşdırılması, əsərlərinin nəşri,onların müxtəlif dillərdə tərcümə edilməsi sahəsində çox əhəmiyyətli işlər görülmüşdür.

 

Naxçıvanda Hüseyn Cavid məqbərəsinin açılışı münasibəti ilə qələm adamlarının yazdıqları poetik nümunələr - Bəxtiyar Vahabzadənin "Hüseyn Cavidə", Fikrət Qocanın "Cavid gəlib, aç qoynunu", Şahmar Əkbərzadənin "Yas içində toy", Vaqif Bayatlı Ödərin "Hüseyn Cavidə şeirlər", Zəlimxan Yaqubun "Cavid əfəndi", Sabir Rüstəmxanlının "Bir abidə üstündə" şeirləri, səhnə əsərləri, filmlər və Cavidlərə həsr olunmuş çoxsaylı rəsmlər xalqın böyük ədibə və onun ailəsinə sonsuz məhəbbətinin göstəricisidir.

 

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun təşəbbüsü və "Kaspi" qəzeti - Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında "Hüseyn Cavid. Əsərləri" (ilk Türkiyə nəşri, 2013) kitabının İstanbulda nəşr olunması böyük hadisəyə çevrilmişdi. Kitabın təqdimatında bu nəşrin möhtəşəmliyi və dəyəri xüsusi qeyd olunmuşdu. Sonra bu mövzuda konfranslar keçirilmiş, görkəmli alimlər, Cavidşünaslar böyük ədib haqqında maraqlı məruzələr etmişdilər. Tanınmış alim, şair və yazıçı Sona xanım Vəliyevanın tərtibçi, redaktor və ön söz müəllifi olduğu "Hüseyn Cavid. Vətənə qayıdış" kitabında isə "Kaspi" qəzetinin keçirdiyi yazı müsabiqəsinə göndərilən məqalələr toplanmışdı. Qeyd edək ki, Hüseyn Cavid yaradıcılığının tədqiqində, əsərlərinin nəşrində filologiya üzrə fəlsəfə doktoru S.Vəliyevanın əvəzsiz xidmətləri var. O, H.Cavid haqqında çıxışlarının birində deyib: "Cavid minilliklərin yazarıdır. Cavid kimi sənətkarlar bəşəriyyət üçün doğulanlardır. Bəşəriyyət üçün doğulanların isə hər zaman nəşrə ehtiyacı var, hər zaman təkrar-təkrar öyrənilməyə ehtiyacı var..."

 

Bəli, Hüseyn Cavid təkcə yaşadığı dövrün deyil, sonraki dövrlərin də böyük filosof-şairidir. Odur ki, Cavidi yaşatmaq və əbədiləşdirmək üçün Cavid mövzusuna dönə-dönə müraciət edilməlidir.

 

Bugünlərdə Nərimanov rayon Ağsaqqallar  Şurasında "Heydər Əliyev - irsi Azərbaycan xalqının tərbiyə məktəbidir" mövzusuna həsr edilmiş tədbirin iştirakçıları  Hüseyn Cavidin yaradıcılığını, onun nəşinin Uzaq Sibirdən vətənə gətirilməsini əks etdirən "Hüseyn Cavid: vətənə qayıdış" foto sərgisinə böyük maraqla baxdılar. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Hüseyn Cavidin xatirəsinə, onun irsinə və Cavidlər ailəsinə göstərdikləri ehtiramdan, diqqət və qayğıdan söz açılıb, bu ali münasibət yüksək qiymətləndirilib. Onlar bu sərgini təşkil edənlərə, Hüseyn Cavidin cənazəsinin qalıqlarını Uzaq Sibirdən vətənə gətirənlərə, şəxsən həmin nümayəndə heyətinin rəhbəri Həmid Cəfərova xüsusi minnətdarlıq bildiriblər. Sərgiyə baxandan sonra Nərimanov rayon Ağsaqqallar Şurasının sədri, professor Miri Həsənov deyib: "Hüseyn Cavidə hörmət ona görə böyükdür ki, o, dünənin, bu günün və gələcəyin şairidir. XX əsr Azərbaycan ədəbiyyatının inkişafında misilsiz rol oynamış qüdrətli sənətkardır. O, Azərbaycan poeziyasında yeni zirvə fəth edən filosof-şairdir. Hüseyn Cavidin üstün cəhətlərindən biri də odur ki, o, əsərlərində insanları vətənpərvərliyə, insanpərvərliyə, maarifə, mədəniyyətə, elmə çağırır".   

 

Ümidvarıq ki, Azərbaycanın görkəmli mütəfəkkiri, unudulmaz millət fədaisi, böyük filosof, şair və dramaturq Hüseyn Cavidin qarşıdan gələn yubileyi də yüksək səviyyədə keçiriləcək, onun ölməz əsərləri bundan sonra da nəşr olunacaq, oxucular tərəfindən sevilə-sevilə oxunub öyrəniləcək.

 

525-ci qəzet  2017.- 21 iyul .- S.4.