Qorqudşünaslıqda fərqli bir kitab
(Əvvəli ötən
şənbə sayımızda)
İyunun
20-də Azərbaycan Milli Elmlər Akademiyasının Folklor
İnstitutu AMEA Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunda akademik Kamal Abdulla ilə
görüş-dialoq keçirib.
Tanınmış alimlərin iştirak etdiyi
görüşdə Kamal Abdullanın “Kitabi-Dədə
Qorqud” poetikasına giriş” kitabı müzakirə olunub.
Müzakirədə
akademiklər İsa Həbibbəyli, Teymur Kərimli, Muxtar
Kazımoğlu, Möhsün Nağısoylu, AMEA-nın
müxbir üzvü Kamran Əliyev, professorlar Nazim İmanov,
Füzuli Qurbanov, Tahirə Məmməd, fəlsəfə
doktorları Rasimə Abdullayeva, Sərxan Xavəri, Hikmət
Quliyev və Səfa Qarayev çıxış ediblər.
Kamal Abdulla müzakirədə ortaya çıxan
suallara ətraflı cavab verib.
Görüş-dialoqdan hazırlanmış materialı
oxuculara təqdim edirik.
Kamal
Abdulla: Biz alınma sözləri hökmən öz sözlərimizlə
əvəz etməyə çalışmamalıyıq. Bu cür süni əvəzetmə dilin
inkişafına zidd bir prosesdir. Yadınıza
gəlirsə, bir dəfə millət vəkillərindən
birinin belə bir müsahibəsi getmişdi ki, mən bulvarda
gəzirdim, yanımda iki nəfər rusca
danışırdı. Ay camaat, qoymayın, dilimiz əldən
getdi. Jurnalistlər çox gəzdilər,
axırda məni tapdılar. Mən də
buna şərh verməkdən qaçırdım. Dedilər, buna münasibətin? Dedim, bir dil ki,
iki nəfərin rusca danışmağı ilə əldən
gedəcək, o dünəndən əldən getsin. Dilə nə qədər yeni söz gəlsə, o
qədər xeyirdir. “Plyaj” bəyəm rus
sözüdür? Biz çox zaman Sovet
ideologiyasına olan mənfi münasibətimizi gətiririk dilə,
mədəniyyətə, başqa müstəvilərə.
Bu, düzgün deyil. Əgər
“plyaj” sözü Azərbaycan dilində işlənibsə,
qoy, işlənsin, yanında “çimərlik” sözü də
işlənsin. Dilin inkişafının ən
səmərəli yolu elə budur. Siz təsəvvür
edin, dilimizdən bütün xarici sözləri
çıxardaq, yerinə də Orxon-Yeniseydən sözlər
gətirməyə çalışaq. Orxon-Yeniseyin
dili bəyəm çox zəngin dildir? Yaxud “Dədə
Qorqud”un dili bəyəm çox zəngin
dildir? “Dədə Qorqud”un dili zəngin
deyil, amma aydın, konkret, nərmə-nazik bir dildir. Öz dövrünün dilidir. Bugünkü
dilimizdəki zənginlik bir tərəfdən də “Dədə
Qorqud”dakı sinonimlərin hesabına yaranan zənginlikdir.
“Dədə Qorqud”la bağlı bizim
işləməli olduğumuz nə qədər vacib
mövzular var. Məsələn, kişi
dili, qadın dili. Primitiv cəmiyyətlərdə kişi və qadın dillərini bir-birindən
ayırırlar. Bunu Viko da qeyd edir: Homerin dilində
allahların dili və adamların dili şəklində. “Dədə Qorqud”da bunun elementləri, rüşeymləri
varmı? Mənə elə gəlir ki,
var.
Yaxud
başqa bir mövzu: dil xəstəliyi. Bu,
Millerin məşhur fikridir. Dilin imkanı
çatmayanda, bir sözlə müxtəlif fikirləri
bildirməyə məcbur olur. Bəziləri
elə bilir ki, zəngin dil dedik, qurtardı. Əslində, belə deyildir. Zənginliyin
kriteriyaları var. Həmin kriteriyaları nəzərə
almaq lazımdır.
Yaxud belə
bir mövzu: potensial bədii enerji. Mən bu məsələdə
Ekonun əsərindən çıxış eləmişəm.
Bədiilik varsa, Təzahür varsa, Büruzə
prosesi varsa, - mən bunları bir-birindən ayırmağa
çalışmışam, - onun sonda Təzahürü
olmalıdır. Bunlar varsa, deməli, bədiilik
var. Amma bu necə olur? Bir müstəvi təsəvvür
edin. Bu müstəvinin hər nöqtəsində
elə bil minalar qoyulub. Hansısa
partlayır, hansısa partlamır. Hansısa
bədiilik qazanır, hansısa qazanmır.
Möhtəşəm partlayış. Bunu fiziklər
deyirlər. Neçə milyard il
bundan əvvəl baş vermiş Möhtəşəm
Partlayışın kainatda əks-sədalarını
tapıblar. Bu əks-sədaları tapan adamlar
Nobel mükafatı alıblar. Bu, boşuna
söhbət deyil. Bu Möhtəşəm
Partlayışı “Dədə Qorqud”a tətbiq edəndə
çox maraqlı şeylərlə
qarşılaşırıq. Görürsünüz,
buradan neçə namizədlik, neçə doktorluq
işinin mövzusu doğur. Bir dəfə
mən mövzu tapa bilməyən gəncin birindən
soruşdum ki, sən niyə mövzunu “Dədə Qorqud”dan
götürmürsən? Dedi ki, “Dədə Qorqud”dan hər
şeyi yazıblar da. Mən nəyi yazım?
Bu söz mənə elə təsir elədi ki,
mənim nitqim qurudu. Necə yəni hər
şeyi yazıblar? “Dədə Qorqud”
türkoloqların, dilçilərin, ədəbiyyatçıların
inhisarından çıxarılmalıdır. Mən
bunun cəhdini elədim, “Nibelunqlar”la “Dədə Qorqud”un müştərək öyrənilməsi
proyektini ortalığa atdım, alman germanistləri bundan
dördəlli yapışdılar. Onlar elə
maraqlı ideyalarla çıxış etdilər ki, sadəcə
bunu görmək lazım idi. “Nibelunqlar”, sonrakı mərhələdə
“Beovulf”, “Roland haqqında nəğmələr”, “İqor
polku haqqında dastan”, çin nağılları, şumer,
yunan mifləri. Görürsünüz, “Dədə
Qorqud” bir mayak kimi bütün bu istiqamətlərə
işıq sala bilir. Heç bir dəlili
olmayan yalançı qədimlikdən qaçmaq
lazımdır. Qədimlik “Dədə Qorqud”un hər
cümləsində var. Məsələn, “Dədə Qorqud”un müqəddiməsində deyilir:
Çıxan can geri gəlməz. Bu nə deməkdir?
Mən burada Dədə Qorqudun amiranə
intonasiyasını görürəm. Mağaradaşına
deyir ki, inanma. Deməli,
xatırlatdığım cümlə hər şeyə sadəlövhcəsinə
inanma vaxtının məhsuludur. Həmin
dövr hansı dövrdür? Həmin
dövr tarixəqədərki dövrdür. Mağara dövrüdür. Mənə
elə gəlir ki, “Kitabi-Dədə Qorqud”dakı qədimlilik
bunun üstündə qurulmalıdır.
Kamran
Əliyev: Klassik abidələrin və əsərlərin
yenidən təhlili çox vacib və zəruri məsələlərdəndir.
Burada başlıca şərtlərdən biri
yeni metodik yanaşmalara əsaslanmaqdır. Çünki mövcud ədəbi irsə ənənəvi
metodiki yanaşmalar mövcud elmi nəticələri də təkrar
etmək deməkdir. Akademik Kamal
Abdullanın “Kitabi-Dədə Qorqud poetikasına giriş”
monoqrafiyası bu baxımdan diqqəti daha çox cəlb
edir.
Monoqrafiyada
abidəyə əsaslanaraq bədii dilin necə
yaranması məsələləri təmkin və səbrlə
araşdırılmışdır. Bədii
dilin yaranması, təşəkkülü, inkişafı və
formalaşmasını bir və ya bir neçə misra üzərində
aşkarlamaq çətindir və eyni zamanda, qeyri-təbii
görünə bilər. Ona görə də
Kamal Abdulla bu işi mətn üzərində həyata
keçirir. “Kitabi-Dədə Qorqud” mətni
buna daha çox stimul verən abidələrdəndir.
Kamal Abdullanın “Dədə Qorqud”la bağlı tədqiqatlarında
elmi üslub üçün oturuşmuş bir konfliktin -
yazı və mif arasındakı çəkişmələrin
çözümünə baxış, onların hər
birinin eninə deyil, dərininə öyrənilməsi də
vacib şərtlərdən biridir. Monoqrafiyadakı yazı ilə mif
arasındakı savaş müəllifin ənənəvi
baxışlarına söykənsə belə, yeni elmi taktika
ilə rastlaşmış oluruq. İlkin mühüm qənaət
budur ki, “Kitabi-Dədə Qorqud”un
poetikası yalnız “Kitabi-Dədə Qorqud” üçün
deyil, həm mif, həm də yazı dövrünün
araşdırılması deməkdir. Beləliklə,
“Kitabi-Dədə Qorqud” mətn baxımından bütün məhdudiyyətlərdən
xilas edilir.
Mif və yazı məsələsində Təbiət-Cəmiyyət
münasibətləri bədii-poetik təzahürdür. Bunu Xaosun
Kosmosa çevrilməsi kimi də başa düşmək
olar. Amma akademik Kamal Abdullaya görə,
“bu çevrilmə Xaosun məhvi demək deyil”.
Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına
giriş” kitabında bədii dil poetikasının analizi dil nəzəriyyəsi
məsələləri üçün də müəyyən
dayaq nöqtəsinə çevrilir.
Monoqrafiyanın daha böyük əhəmiyyəti isə
ondan ibarətdir ki, müəllif
tarixə, ədəbiyyatşünaslığa, dilçiliyə,
sənətşünaslığa, xülasə, humanitar elmlərin bütün sahələrinə
dair yeni nəzəri istiqamətlərin formalaşması
üçün möhtəşəmliyini hər vaxt qoruyub
saxlayan “Kitabi-Dədə Qorqud”a yenidən qayıtmağı,
“Kitabi-Dədə Qorqud”u yenidən və dərininə
öyrənməyi də inamla və israrla təlqin edir.
Tahirə
Məmməd: “De görüm nə deyirsən”ə bir formul
kimi yanaşan K.Abdulla bu monoqrafiyada sözün, yazının
yaratdığı görüntünü göstərməyə və
özü sözlə görüntü yaratmağa
çalışır. Təqdim olunan mətn plastik, canlı və
görünəndir; həm antropoloji bütövlük
müşahidə olunur, həm də yaşayan, hərəkətdə
olan cəmiyyət təsəvvürü
formalaşdırır. Ricətlər bu
monoqrafiyanın qəlbidir. Cəmiyyət kimi qavrandıqda,
mətnin öz qəhrəmanları var. “Kitabi-Dədə
Qorqud” poetikasına giriş” adlandırılan monoqrafiyanın baş poetika qəhrəmanları
Bədiipoetiklik, Dəşti-Müstəqimiyyə və Dəşti-Məcaziyyədir.
Hər üçü baş qəhrəman
funksiyasını qazanaraq dastan “cəmiyyəti” ilə üz-üzə
gəlir, onunla ünsiyyət qurur və dastanın
poetikasının çözülmə nöqtələrini
təyin edir.
Bədii-poetik enerji probleminə diqqət çəkən
müəllif öz mətninin də enerjisini
formalaşdıra bilir. Mətnin plastikliyi onun enerjisini təmin
edir və oxucuya ötürür. Enerjinin ötürülməsi və
psixoloji təsirin güclənməsi üçün
aşağıdakı məqamlar
nizamlandırılmış istiqamətdə xüsusi rol
oynayır:
1. Ricətlər
2. Yeni
sözlər
3.
Sözlərin yeni çalarları
4.
Sintaktik intonasiya
Monoqrafiyadakı
dinamikliyi təmin edən və bəzi məqamlarda gərginlik
yaradan bir cəhət
isə nəzəri fikirdə qəbul edilən ifadələrlə
müəllif şərhinin arasında müşahidə
olunur. Məsələn, mifoloji dövrü səciyyələndirən
ibtidai, primitiv epitetlərindən Kamal Abdulla da istifadə edir,
lakin “...gerçəklikdə əvvəl cisim, sonra ruh olur,
mifdə isə əvvəl ruh, sonra bu ruhun cismi meydana
çıxır”, müddəasını irəli
sürüb müdafiə edən müəllifin tədqiqatı “ibtidai” və
“primitiv” epitetlərini həmin cəmiyyətin təyinedicilik
funksiyasından kənara itələyir.
Kamal Abdulla bu monoqrafiyada daha çox strukturalist kimi
davranır, struktur-semantik araşdırma ilə “Kitabi-Dədə
Qorqud” poetikasına sistemli yanaşma modelinin
formalaşmasının istiqamətini müəyyənləşdirir.
Sərxan
Xavəri: Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına
giriş. “Dansökülən variant” kitabı yalnız Azərbaycan
folklorşünaslığının və filoloji fikrinin
deyil, bütövlükdə müasir ictimai-mədəni
düşüncəmizin mühüm hadisəsidir. Nəşr
olunduğu az bir
müddət ərzində kitabın ictimai-mədəni
mühitdə doğurduğu rezonansın miqyası və
intensivliyi dediklərimizə əyani sübutdur.
Kitabda əksini
tapan araşdırmanın elmi baxımdan çoxparametrliyi onu
ən müxtəlif baxış bucaqlarından dəyərləndirməyə əsas verir. Bizə görə,
kitabın ümumi dəyərləndirilməsində iki
mühüm aspekt əsas götürülə bilər:
1. Kontekst müəyyənləşdirilməsində
antropoloji universalizm;
2.
Tekst təhlilində semantik dərinlik
və polifonizm.
Əvvəlcə kontekstin antropoloji universalizmi
haqqında.
Araşdırmada qarşıya qoyulan əsas hədəf zahirən filolojidir və bütün təhlillər də
bu mərkəzi hədəfə oriyentasiyalanmış kimi
görünür: “KDQ” mətni əsasında yazıya qədərki
dövrün bədii-poetiklik təsəvvürlərinin, real
mətn quruculuğunda istifadə edilən ünsür və
vasitələrinin öyrənilməsi! Qarşıya
qoyulan bu filoloji elmi hədəf araşdırmanın, necə
deyərlər, fokus nöqtəsini təşkil edir. Belə bir elmi fokuslaşma təbii
ki, etnik-mədəni sistemi kontekst olaraq nəzərə alan filoloji təmayüllü linqivopoetik və
mifopoetik təhlil perspektivindən xəbər verir. Lakin araşdırma
boyu biz tamamilə başqa mənzərənin şahidi oluruq.
Burada ənənəvi humanitar düşüncədə və
qorqudşünaslıqda kök salmış stereotiplərin əksinə
olaraq, “KDQ” etnik-mədəni sistem müstəvisində deyil,
ümumbəşəri mədəniyyətin ilkin təşəkkül
mərhələsi kontekstində təhlil edilir. Mətn boyu dərinə doğru hərəkət
miqyasın kiçilməsi ilə deyil, əksinə etnik-mədəni
sistem hüdudlarından antropoloji universalizm səviyyəsinə
qədər genişlənmə ilə müşayiət
olunur. Məhz bu rakursdan salınan işıqda aydın
görünür ki, dastanda oğuzun və türkün
genezisi üst qatların həqiqətidir. Mətnin
daha dərin qatları etnik geneologiyadan daha çox, antropoloji
geneologiyadan xəbər verir. Sən demə, “KDQ” həm
də bəşəriyyətin Təbiətdən Mədəniyyətə
keçidini bütün parametrlər üzrə özündə
əks etdirən unikal bir abidədir.
Nə qədər
paradoksal səslənsə də, məhz bu rakursdan
yanaşdıqda, qədim türk mədəniyyətinin bəşər
mədəniyyəti kontekstində yeri və mövqeyi formal vətənpərvərlik
və millətçilik düşüncəsi ilə
yazılan tədqiqatlarda olduğundan daha aydın, həm də daha şərəfli
görünür. Bu mənada kitabın çox mühüm cəhətlərindən
biri onun Azərbaycan elmi humanitar düşüncəsinin
universal antropoloji elmi səviyyəyə iddiasını və
imkanını özündə əks etdirməsidir. Bizcə, hazırda belə bir iddiaya Azərbaycan
humanitariyasının çox ehtiyacı vardır.
Əsərdə
həm “KDQ”-dən dünyaya, həm də dünyadan “KDQ”-yə baxış
bucaqları əksini tapmışdır. Məsələn,
müəllif deyəndə ki, “KDQ”-yə ən qədim qat
kimi mağara ruhu hakimdir - bu dünyadan “KDQ”-yə
baxışdır. Əksinə, müəllif
Dədə Qorqudun müəllim funksiyası ilə
mağaradaşların şagird statusunu müqayisə etdiyi
halda - bu “KDQ”-dən dünyaya baxışı özündə
əks etdirir. O mənada ki, qeyd olunan müəllim-şagird
münasibətləri informasiyanın toplanılmasının
və ötürülməsinin universal folkloristik modeli olmaqla
yanaşı, həm də milli kommunikasiya formuludur.
Kitabda diqqəti çəkən ən fundamental elmi
postulatlardan biri “Dədə Qorqud prinsipdir” tezisidir. Məlumdur ki,
dünya folklorşünaslığında folklor mətnin
strukturunda motiv anlayışının funksiya
anlayışı ilə əvəz edilməsi təcrübəsi
olmuşdur. Fransız strukturalistləri isə
ümumiyyətlə, mətn strukturunda elementlərin funksiya
ilə əvəzlənməsini təklif etmişdilər.
Psixoanalitiklər isə mətn strukturunda
funksiyanı genezis etibarilə insanın psixoenergetik
özünüifadəsi kimi qələmə verməyə
çalışmışlar. Dünya
elmində belə yanaşmalar çoxdur. Biz dünya
humanitar elmlərində olan belə elmi yanaşmaların konkret milli mətn nümunəsində
tətbiqinə ilk dəfə olaraq
Kamal Abdullanın yanaşmasında rast gəlirik. Müəllifin Dədə Qorqudun prinsip hesab edilməsi,
bizə görə, obrazın mədəni sistemdəki
funksionallığına, həmin funksionallığın
diaxron və sinxron səviyyələr üzrə miqyasına
işarədir. Prinsip fundamental müəyyənləşdirici
şərtdir. Prinsip pozulmaz
qanunauyğunluqdur. Prinsip
sistemyaradıcı parametrdir. “Dədə
Qorqud prinsipdir” postulatı Dədə Qorqudun etnik-mədəni
sistemdə funksional mahiyyətini olduqca dəqiq
formullaşdırır. Mədəniyyət
Dədə Qorqud obrazına elə funksiyaları yükləyir
ki, o, sistemtənzimləyici parametrə çevrilir, həm də
bu funksiyasını mədəni sistem kontekstində diaxron
inkişaf prosesi ərzində uzun müddət davam etdirir.
İkinci xüsusi qeyd etmək istədiyimiz təmayül
tekstin təhlilində dərinlik və polifonizmdir. Öncə onu qeyd edək
ki, kitabda yeni bir anlayış təqdim edilir: “bədiipoetiklik”.
Mətndə nəzm və nəsr
ikiüzlülüyünü dəqiq ifadə edən bu
anlayış yeni interpretasiyada ilk dəfə olaraq bu araşdırmada
aprobasiya olunur. Bədiipoetiklik
axtarışları istiqamətində mətn sanki
nanotexnoloji səviyyədə araşdırmaya cəlb edilir.
Araşdırmadan aydın olur ki, “KDQ”-nin mətn
strukturu istər diaxron, istərsə də sinxron düzüm
üzrə strukturların mürəkkəb münasibətlər
şəbəkəsindən yaranmışdır. Və onlar ayrılıqda götürülən
element kimi də, bir-biri ilə münasibətdə də
İnsanın Təbiətdən Cəmiyyətə
keçidinin bütün dolanbaclarını özündə
əks etdirən informasiya
daşıyıcılarıdır. Tədqiqatda
informasiyanın mifoloji məzmundan bədii məzmuna
keçidi üzərində xüsusi dayanılır. Məlumdur ki, elmdə
məşhur mifoloji və tarixi şüur dövrləri
bölgüsü vardır. Müəllif o məqam
üzərində xüsusi dayanır ki, mətndə bədiipoetikliyin
strukturu, əsasən, həmin zaman mərhələləri
ilə şərtlənir. Əsərdə mifoloji dövrün bədiipoetik
transformasiyası “Dəşti-Müstəqimiyyə”, tarixi
dövrün bədiipoetik transformasiyası isə “Dəşti-Məcaziyyə”
kimi faktlaşdırılır. Müəllif bədiipoetikliyin
yaranması fikrini irəli sürərkən kainatın
yaranmasına dair
partlayış nəzəriyyələrindən
istifadə edir. Araşdırmada bu istiqamətdəki
təhlillər etnik, bəşəri, biosferik universalizm
hüdudlarını aşan, varlıq universalizminə gəlib
çıxan bir rakursu gözlərimiz önündə
canlandırır.
Hesab edirik ki, akademik Kamal Abdullanın bu əsəri bir
sıra ənənəvi problemlərə yeni baxış sərgiləməsi,
həmçinin bir sıra elmi problemlər müəyyənləşdirməsi
baxımından milli humanitar elmi düşüncəmizdə
yeni bir istiqamətin əsasını qoyacaqdır. Sonda tədqiqatın nəzərdə
tutulan digər hissələrini də eyni uğurla yazıb
başa çatdırmaqda müəllifə
uğurlar arzulayırıq.
Hikmət
Quliyev: Kamal müəllim, bir qədər əvvəl
özünüzün də vurğuladığınız
kimi, müzakirə etdiyimiz kitabın mühüm
uğurlarından biri də sözlə hərəkətin,
sözlə görüntünün vahid situasiyada ifadə
olunmasını göstərən faktların - paremilərin
aşkarlanmasıdır. Məsələn,
“Denən görüm nə deyirsən?” ifadəsi. Sizin qeyd etdiyiniz kimi, qədim insan deyiləni,
sözü görməyə çalışırdı.
Bu ifadə şifahi mədəni mühit -
canlı ünsiyyət prosesi üçün bir qədər
mücərrəd xarakter daşıyır. Şifahi sözü necə görmək olar?
Mən bu məqamda informasiya-kommunikasiya
texnologiyalarının mövcudluğu, rəqəmsallaşdırmanın
geniş yayıldığı şəraitdə sözlə
görüntünün, səslə hərəkətin birləşdiyi
- foto, video nümunələrinin meydana çıxması
şəraitinə diqqəti cəlb etmək istərdim. Əvvəla onu deyim ki,
amerikan filosof və teoloqu Volter Onq qeyd edir ki, elektron
texnologiyaların geniş yayılması, televiziya və
radionun inkişafı müasir dövrü ikinci şifahi mədəniyyət
dövrü adlandırmağı zəruri edir. Həmçinin, burada Amerika folklorşünası
Simon Brunerin “birinin lətifə danışmaq
üçün klaviaturadan istifadə etməsi, yazı
yazmaqdan daha çox, söhbət etmək təəssüratını
yaradır” tezisini də xatırlatmaq istərdim. Bizə elə gəlir ki, bütün bu fikirləri
bir araya gətirərək hazırda İnternetdə geniş
yayılan folklor nümunələrinə, virtual folklor
faktlarına həmin aspektdən də baxmaq olar. Çünki virtual kommunikasiya şəraitində
yaranan folklor nümunələri də məhz “deyiləni
görmək” kimidir. İstərdim bu məsələyə
münaisbət bildirəsiniz.
Kamal
Abdulla: Sənin dediyin o məsələlərə xüsusi
diqqət yetirməyə çalışaram. Bu
suala cavab vermək indi mənim üçün çətindir.
Düşünmək lazımdır. “Denən
görüm, nə deyirsən” ifadəsində məni bu
kompleks maraqlandırır: De görüm, kimsən? De görüm, nə istəyirsən? Deməklə görmək arasında siz hansısa
diffuziyanı görürsünüzsə, bu, mənə elə
gəlir ki, son dərəcə fantastik və fantastik
olduğu qədər də real bir şeyə dönə bilər.
Nils Borun məşhur fizik Pauliyə verdiyi
cavabı xatırlayıram. Pauli Nyu-Yorkda
yüksək cisimlərin fizikasından danışmağa
başlayır. Nils Bor da müzakirədə
iştirak edirmiş. Qocalmış Pauliyə
Amerikan fizikləri, xüsusən gənclər hücum edirlər,
onun fikirlərini qəbul etmək istəmirlər. Nils Bor da Paulinin dostudur. Nils Bor öz dostunun
çıxışı haqda deyir (onun dediyini rusca
çatdırmaq istəyirəm sizə): “Skajite pojaluysta,
vaşa teoriya nastolko fantastiçna, çtobı stat istinoy?”
İndi sənin də dediyin “de görəy”in
xronotop kimi bir yerdə olması o qədərmi fantastikdir?
Əslində, həqiqətdir.
Səfa
Qarayev: Akademik Kamal Abdulla öz tədqiqatları ilə Azərbaycan
filologiyasına, qorqudşünaslığa yeni nəfəs gətirmiş
alimlərimizdən biridir. Kamal Abdulla ölkəmizdə “Dədə Qorqud”
dastanının populyar
yanaşmalardan rasional yanaşmalar müstəvisinə
keçirilməsi sahəsində mühüm iş
görmüşdür. Populyar
yanaşmalar eposa psevdo elmi, “sakrallaşdırıcı”
münasibətlər nümayiş etdirərək mədəni
abidəmizi dünyanın qabaqcıl metodları ilə
araşdırmalardan kənarda qalmasına səbəb
olmuşdur. Kamal Abdulla psixoanalizin əsas anlayışlarından
olan Edip kompleksini “Buğac kompleksi” adı altında “KDQ”-də
müəyyənləşdirməklə də, əslində,
eposun öyrənilməsinə özünəməxsus bir
yenilik gətirmişdir.
Mən yaradılmış bu fürsətdən istifadə edərək akademik Kamal Abdullaya bir sual ünvanlamaq istərdim. Kamal müəllim, Sizin əvvəlki kitablarınızda, o cümlədən də müzakirə etdiyimiz bu kitabınızda diqqət yetirdiyimiz ən mühüm məsələlərdən biri də “Xaos-Kosmos” problemidir. Maraqlıdır, mədəniyyətdə Xaosdan Kosmosun yaranmasını ifadə edən dünyanın yaradılışı haqqında miflərdə və qəhrəmanın doğuluşunu təsvir edən folklor materiallarında oxşar metaforalardan istifadə olunur. Bilmək istərdim, Sizcə, belə bir oxşarlığın səbəbi nədir?
Kamal Abdulla: Mən ikinizin də sualı ətrafında gərək düşünəm. Sizin verdiyiniz sualların hər biri bu kitabın toxunduğu istiqamətlərin daha da dərinləşməsinə kömək edəcək.
Muxtar Kazımoğlu: Əziz dostlar, deyirəm, müzakirəmizi yekunlaşdıraq. Yekun olaraq bir daha qeyd edək ki, akademik Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş. Dansökülən variant” kitabı, doğrudan da, qorqudşünaslığa, bütövlükdə humanitar elmimizə yeni nəfəs, yeni ab-hava gətirən bir kitabdır. Kitabda “Dədə Qorqud” dünya elminin bugünkü nailiyyətləri səviyyəsində araşdırılır və çox ciddi elmi qənaətlər irəli sürülür. Elə qənaətlər ki, onların əsasında yeni-yeni tədqiqatlar aparıla, yeni-yeni elmi əsərlər ortaya qoymaq olar. Yəni müzakirə etdiyimiz bu kitab yeni perspektivlər açan bir kitabdır.
Kamal Abdullanın müzakirə etdiyimiz kitabı nəzərdə tutulan üç kitabdan birincisidir. Kamal Abdulla “Dədə Qorqud” haqqında “Dansökülən” variantdan başqa “Günortac” və “Qürub” variantlarını da yazmaq fikrindədir. Arzu edək ki, Kamal Abdulla həmin kitabları da yazsın və “Dədə Qorqud”u tarixin təzəcə başlandığı dövrə, həmçinin yazı mədəniyyətinin yaranıb inkişaf etdiyi klassik poetika dövrünə bağlayan xətləri də sistemli şəkildə üzə çıxarsın.
İşinin-gücünün qızğın vaxtında vaxt tapıb bu görüşə gəldiyinə görə Kamal müəllimə təşəkkürümü bildirirəm! Sizin hamınıza “sağ olun” deyirəm!
525-ci qəzet 2017.- 22 iyul.- S.18-19.