“Rejissorlarımız aktyor axtarmağa ərinirlər”

 

MEHMAN DİLQƏMOĞLU: “TALEYİMİZƏ DÜŞƏN HƏR GÜNÜ HƏDİYYƏ KİMİ YAŞAMALI, MÜMKÜN QƏDƏR GÖZƏL KEÇİRMƏLİYİK”

 

- Daha çox aktyor kimi təqdim edilmək istərdiniz, yoxsa aparıcı?

 

- Əvvəllər düşünürdüm ki, mən aktyoram, aktyor kimi təqdim olunum. Özümə aparıcı demirdim. Teatr mənimçün başqa bir aləmdir. Ancaq son zamanlar televiziyaya çox bağlandım. Xüsusən Cənubi Qafqazın və Azərbaycanın ilk xəbər kanalı ARB-24-də çalışandan bu yana televiziyanı daha çox sevdim. Baxmayaraq ki, bu sahədə ilk addımlarımı Azərbaycan Televiziyasında atmışam, orada çalışdığım uzun illər ərzində AzTV mənim üçün bir məktəb olub, ancaq televiziyaya vurğunluğum adını çəkdiyim kanalla daha da artdı. Hazırda orada həm redaktor, həm də aparıcı kimi çalışıram. Əslində, ixtisasım teatr-kino aktyoru olsa da, artıq on ildən çoxdur ki, həm də televiziya sahəsindəyəm. Ona görə də seçimi sizin öhdənizə buraxıram, siz məni necə görürsünüzsə, eləcə də təqdim edin.

 

- Teatrdan niyə uzaq düşmüsünüz? Səhnədən televiziyaya keçid necə baş verdi?

 

- Təəssüflə deməliyəm ki, teatrdan uzaqlaşmağıma birinci səbəb maddiyyat oldu. Nə qədər sənət üçün yaşamaq istəsək də, canımızı fəda etsək də, bir zamandan sonra maddi çətinliklər yaranır. Həm də getdikcə hiss etdim ki, televiziyaya marağım artır. Ancaq bu o demək deyil ki, mən ordan tamamilə uzaqlaşmışam. Teatr mənim üçün bir məbəddir və mən hər zaman oranın eşqi ilə yaşayıram. Yəqin ki, nə zamansa oraya yenidən qayıdacağam. Səhnədən televiziyaya keçid isə planlı şəkildə olmadı. Teatrda işləyərkən AzTV-dən çağırdılar, getdim, yoxladılar və bəyəndilər. Beləcə efir həyatım başladı. On il keçməsinə baxmayaraq, hələ də öyrənirəm və öyrənəcəyəm. Hər efirdən öncə həyəcan keçirirəm.

 

- Bu problemi dilə gətirən yeganə aktyor deyilsiniz, zaman-zaman bir çoxlarından bunu eşidirik. Hətta bəzi sənətçilərimiz toylarda tamadalıq da edirlər. Buna münasibətiniz necədir?

 

- Heç də pis baxmıram. Bir aktyor teatrda çalışır, tamaşalarda iştirak edir, obrazlar yaradır, əlavə olaraq seriallara çəkilir, axşamlar isə toylarda tamadalıq edib əlavə pul qazanır. Bunun nəyi pisdir ki? Biz özümüz də gəncliyimizdə restoranlarda kloun kimi çıxış etmişik, teatr səhnəsində kloun tamaşalarımız da olub. Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, hər yerdə aktyorlar, sənətçilər əlavə qazanc əldə edəcəyi hansısa işlə məşğuldurlar. Məsələn, hansısa məşhur aktyor filmlərə, seriallara çəkilir, bununla yanaşı, həm də reklam çarxlarında da rol alır. Sənət, sənətkarlıq gözəl bir şeydir, ancaq normal şəkildə həyatını, dolanışığını təmin edə bilməyən insan işini də yüksək səviyyədə görə bilməyəcək. Bu, təkcə aktyorlara aid deyil, ümumi tendensiyadır. Buna görə də həmin həmkarlarımın əlavə gəlir mənbəyi kimi toyları seçməyinə normal yanaşıram.

 

- Qalan ömrünüzün ilk gününü necə yaşayardınız?

 

- Yəqin ki, bu sual Bakı Uşaq teatrında baş rolunu ifa etdiyim tamaşa ilə bağlıdır. Xarici ölkələri çox gəzmək şansım olmasa da, Azərbaycanın demək olar ki, bütün bölgələrində olmuşam, qarış-qarış gəzmişəm.Yaşa dolduqca bunun necə böyük bir nemət olduğunu anlayırsan. Çox gəzdikcə, oxuduqca, gördükcə bir fikir formalaşıb məndə ki, taleyimizə düşən hər bir günümüzü bizə verilən hədiyyə kimi yaşamalıyıq. Ola bilsin ki, sabah olmadı, ancaq bu gün varsa, bunu mümkün qədər gözəl keçirmək lazımdır. Gözəl yaşamaq o demək deyil ki, gündə bir maşında gəzəsən, gününü lüks restoranlarda keçirəsən. Gözəl yaşamaq hər anından, hər nəfəsindən zövq almağı bacarmaqdır. Adi yarpağın ağacdan düşməyinə belə gözəl gözlə baxacaqsan, həyata sevgi dolu ürəklə yanaşacaqsan. Qalan ömrümün yalnız ilk deyil, hər gününü belə yaşamaq istəyirəm.

 

- Bu zamana qədər övladlarınıza daha çox nə verə bilmisiniz?

 

- Valideynin üzərinə düşən, Allah tərəfindən verilmiş öhdəlikləri var: övladına yaxşı ad, sevgi, təhsil vermək, onun həyatdakı mövqeyini müəyyənləşdirməsinə yardımçı olmaq... Mən çalışıram ki, övladlarıma birinci növbədə yaxşı tərbiyə verim. Çalışıram ki, evdə- onların yanında alnıaçıq, vicdanı təmiz olum.Yeyəcəyi bir tikə çörəyi halal qazanıb, halal yeməyi, kiminsə yanında gözü kölgəli olmamağı öyrətmişəm. Çünki mən özüm də həyatda həmişə belə olmağa çalışmışam. Bunlardan başqa, onlara dostunun və düşməninin kimliyini öyrətmişəm. Hər dəfə onlarla zaman keçirəndə birinci növbədə onlara öz kimliyini, tarixini, türklüyünü çatdırıram, düşməninin erməni olduğunu tanıtdırıram. Bəlkə də kimlərsə bunun üçün məni qınaya bilər. Ancaq mən övladımın məhz bu cür - dostunu, düşmənini tanıyaraq böyüməsini istəyirəm. Qoy, sabah kimsə bunu ona unutdura bilməsin. Mən istərdim bunu bütün valideynlər öz övladları üçün etsinlər.

 

- Aktyorlar, ümumən yaradıcı insanlar çox zaman yetərincə duyulmamaqdan gileylənirlər...

 

- Elə məndə də vəziyyət o cürdür. Mən həmişə duyulmamaqdan qorxmuşam, duyulmadığım yerdə qala bilməmişəm. Belə məqamlar olub. Bəlkə də günah məndədir ki, özümü anlada bilməmişəm. Elə də olur ki, qarşındakına nəsə demək istəyirsən, ancaq fikrini izah edə bilmirsən. O da anlamayanda, bu dəfə ondan küsürsən ki, niyə məni duymursan, axı. Ancaq insan da olur ki, sadəcə bir stəkan çay içib, bir neçə cümləlik söhbətdən belə, bir-birimizi gözəl başa düşdüyünü, duyduğunu hiss edirsən. Yaradıcı insan üçün duyulmamaq çox dəhşətli bir hissdir. Bəzən isə ətrafımda məni duyan, hiss edən insanları seçib, saxlamağım üçün duyulmamağım da köməyimə çatıb. İndi bircə kəlmə ilə məni başa düşən və mənim də başa düşdüyüm yaxşı dostlarım var.

 

- Sizcə, sənətkarın özünütəsdiqi üçün fəxri ad vacibdir?

 

- Fəxri ad sənətkara dövlətimiz tərəfindən verilən qiymətdir, diqqətdir. Bu diqqət, bu qayğı kifayət qədər var. Ancaq fəxri ad ola da bilər, olmaya da. Olmaması o demək deyil ki, sən yaxşı sənətçi deyilsən. Hər bir əsgər general olmaq istədiyi kimi, hər bir sənətçinin də fəxri ad almaq arzusu olar, bu, təbiidir. Ancaq bütün məqsədini, amalını bu yöndə kökləmək, bunun üçün çalışmaq heç də normal hal deyil. Əgər öz işinlə məşğulsansa, işini layiqincə görürsənsə, yəqin ki, nə zamansa o ad onsuz da olacaq.

 

- Aktyor olmaq üçün İncəsənət Universitetini oxumaq şərtdirmi?

 

- Yazıçı, aktyor, musiqiçi və rəssam olunmur, belə doğulur, sonradan təkmilləşdirilir.  Mən 9-cu sinifdə oxuyanda özümüz üçün balaca kukla teatrı yaratmışdıq. Heç düzgün mənasını da anlamırdıq. Ailəm aktyor olmağıma çox qarşı idi. Həmişə məni danlayırdılar ki, artistmi olacaqsan? Ailəm mənim hüquqşünas olmağımı istəyirdi. İncəsənət Universitetinə qaçıb gəlmişəm. Sonradan gördülər ki, artıq heç bir çıxış yolları yoxdur, məcburən razılaşdılar. Məncə, hansı sənətdə olursansa ol, təhsil vacibdir. Ancaq təhsilsiz sənətkarlarımız olub ki, dünyaya səs salıblar. İncəsənət Universiteti insana istedad vermir, istiqamət göstərir. İstedad insanın içərisindəki bir daşdır, universitet o daşı cilalayıb ondan almaz düzəldir. Olması mütləq deyil, ancaq yaxşıdır, avantajdır.

 

- Yaxın həmkarlarınızla münasibətiniz necədir?

 

- Hər kəsi olduğu kimi qəbul etməyə çalışıram və məncə, bunu bacarıram. Kiminsə işini qiymətləndirmək mənə düşməz. Hər kəsin öz tərzi, dəsti-xətti var. Aparıcı var ki, auditoriyası beş min nəfərdir. Aparıcı var ki, on beş nəfər. Bu o demək deyil ki, ikinci birincidən zəifdir. Çünki tamaşaçıların da maraq dairəsi və zövqü fərqlidir. Azər Axşamın, Yusif Qocanın, Mehman Dilqəmoğlunun hərəsinin öz tərzi, tamaşaçısı var. Halbuki, Yusif Qoca ilə biz eyni verilişi aparırıq, ancaq hərəmiz özümüzəməxsus. Mənim fikrimcə, söz-söhbət o zaman yaranır ki, insan öz əlindəkilərlə qane olmur, əlavə nələrsə istəyir, əldə edə bilməyəndə də başlayır ətrafdakılara söz atmağa, qıcıq yaratmağa. Kiməsə problem lazımdırmı, bilmirəm, ancaq mənə problem lazım deyil. İstər aktyorlar, istər aparıcılarla müəyyən hörmət, sayğı çərçivəsində münasibətimi saxlayıram. Hər kəs öz işini görsə, söz-söhbət də olmaz.

 

- Vaxtilə Azərbaycanda ilk çəkilən seriallardan birində yer almısınız. Son zamanlar çəkilən serialları izləyirsinizmi? Sizcə, inkişaf varmı?

 

- Bəli, bacardıqca izləyirəm. Bəziləri var ki, özü həmin serialda yer almayıb deyə ya pisləyir, ya da baxmadığını deyir. Bu, lazım deyil. Mən özüm çəkilmədiyim serialları da, filmləri də izləyirəm. Çatışmayan cəhətlər çox olsa da, inkişaf var. İş varsa, əlbəttə ki, problem də olacaq, çətinliklər də. Birinci çatışmayan cəhət odur ki, rejissorlarımız aktyor axtarışına çıxmaq istəmirlər, sanki ərinirlər. Bir serialda bir aktyor yer alıbsa, digərlərində də o çəkiləcək. Bu da eyniliyə gətirib çıxarır, həm tamaşaçı yorulur eyni simalardan, həm də nə qədər istedadlı aktyorlar kənarda qalır. Bu problem teatrlarımızda da var. Doğrudur, əvvəllər teatrlarda daha çox idi, indi getdikcə aradan qaldırılır. Ancaq seriallarımızda hələ də qalmaqdadır. Çünki sonra tamaşaçı aktyorun rolu apara bilmədiyini deyir. Xeyr, aktyor yaxşı rol getmirsə, demək ki, rejissorun seçimi doğru olmayıbdır. Mənim də rol aldığım “Sirr” və “Pərvanələrin rəqsi” serialları Azərbaycanda bu sahədə ilk işlər idi. Ancaq elə yüksək səviyyədə alınmışdı ki, üstündən illər keçsə də, hələ də tamaşaçılar tərəfindən xatırlanır, haqqında danışılır. O zaman çəkiliş prosesində elə bir canlılıq, dinamika vardı ki, görürdün, həqiqətən burada iş gedir. İndi isə rejissorlar “kastinq”ləri sosial şəbəkədə keçirirlər. Şəkillə aktyor seçilməz. Onun ən azından şeir deməyini, üz cizgilərini, plastikasını yoxlamadan necə seçəcəksən? Ancaq uğurlu seriallarımız da az deyil.

 

- Bu zamana qədər müxtəlif televiziyalarda müxtəlif məzmunlu verilişlər aparmısınız. Hansı daha rahat idi?

 

- Əslində, rahat heç nə yoxdur, hər işin hansısa çətinliyi var. İndiki iş yerim olan ARB-24-dən çox razıyam. Çünki o qədər də geniş olmayan imkanlar daxilində, kiçik komanda ilə çox ciddi və əhəmiyyətli işlər görürük. Nadir Şəfiyevin rəhbərliyi altında çalışan bu kanal cəbhə bölgəsinə yaxın - Tovuzda yerləşməsinə baxmayaraq, hər yarım saatdan bir ölkədə və dünyada baş verən xəbərləri yayımlayır.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet  2017.- 22 iyul.- S.24.