Rəfail Tağızadənin şeirləri

 

 

Yoxluğun elegiyası

 

Hər dəfə yuxuda görəndə səni,

həyətdə görürəm, evdə görürəm.

Mən səni hər zaman kənddə görürəm.

Yüyürək görürəm, qaçan görürəm,

danışan görürəm, gülən görürəm.

Mən səni, mən səni belə görürəm.

 

... Bu dəfə üzünü görə bilmədim.

Utandım.

Üzünə baxa bilmədim.

Danışa bilmədim,

dinə bilmədim.

Zaman çox şeyi dəyişib.            

Kənd daha o kənd deyil.

Yollar da,

cığırlar da itib,                    

evlər ,

adamlar da...

ağaclar da küsüb.

Torpaq da əlini bizdən üzüb.

Orda yer , göy

bu dünyadan üz döndərib:

boşluqdan içini qucaqlayan

təndir ,

künbəz ,

ətrini itirən qızılgüllər ,

qana boyanan arxlar da,

o xoş günü itirən xoş baxtlar da.

Sən olmayan evdə hər şey dağınıq,

sən olmayan yerdə hər şey boşluq,

yerini dolduracaq heç yox...

Qorxdum boşluqdan, ana,

yaman qorxdum.

Geri döndüm.

Səni itirdiyim yerdə tapmağa.

 

Sabah yenə ziyarətinə gələcəm.

O gülər üzündən

solğun bənizimə təbəssüm qatmağa,

boşluğu içimdən atmağa.

Qucaqla məni, ana,

qucaqla daşlaşmış qollarınla.

Sığal çək bozarmış üzümə,

sənsiz dünyanı ağ-qara görən gözlərimə,

sığal çək bərkimiş əllərinlə.

Başımı buz kimi dizinə qoyum,

bir günlük səndən doyum.

Qoynuna sığınmaq üçün

daşımı oyum?

Oyummu, ana?

Əvvəlkitək al məni,

al məni qoynuna.

 

Səni apara bilmədim.

əlindən tutub gedə bildim,

yanına düşüb gedə bildim,

qoluna girib gedə bildim,

Ana!

Son arzum qaldı ürəyimdə.

Apara bilmədim səni

xoşbəxt olduğun yerə,

deyib-güldüyün yerə,

olmaq istədiyin yerə...

Gücüm çatmadı.

Oğul gücüm, ağıl gücüm.

səni qoruyub saxlaya bildim,

yurdu.

Hər şeyi itirdim,

Səni ,

yurdu da,

zamanı da...

 

Yoxluğun dəyişdirdi adımı.

Mən daddım anasızlıq dadını.

 

Təkcə atama uzanan yolun

işığına qısılmışam.

Kəndimizə gedən yolun birinə

qaranlıq çökdü.

Buludlar yollara göz yaşı tökdü.

Göy üzünü almış

qapqara buludlar.

Üstümə yüyürür

saralan umudlar.

Anam da yox,

görən məni kim ağlar?...

Qara daşdan

bulaq gözlü

anam ağlar,

oyyy..., ağlar.

 

Daha darıxmağa dəyməz bu gecə

 

Gecənin sədası, səsi budursa,

yuxusu, xəbəri, sözü budursa,

gecənin mənası, özü budursa,

daha darıxmağa dəyməz bu gecə.           

 

Gəldim ki, biryolluq gecədə qalam,          

ağrını, acını içimə alam,

mən ha çalışdım ki, əzizi olam-

məni bircə kərə öyməz bu gecə.

 

yatdım, hələ bir yuxu da görəm,  

o qədər gözlədim, zamandan döləm,

ortaq nəyim qaldı gecəylə böləm,

məni yuxusuyla döyməz bu gecə,

bir dəli sevdaya dəyməz bu gecə.           

 

Səni gətirən yol

 

Səni gətirən yol yaman uzandı...

Döngəmi çoxaldı, yolmu daraldı?                   

Səni gözləməyə səbirim çatar,                     

yollara baxmaqdan gözüm saraldı.            

 

Yol çəkən gözlərim ölçür yolları.

Sənin addım səsin gəlir gümanda.

Yolunu gözləmək yaman çətinmiş                             

səsini içinə çəkən zamanda. 

 

Mənə gələn yollar tanısa səni

yüyürüb qolları üstünə alar.

Bir sipər bağlayıb yol kənarına,

baxan baxışları gözlərdən salar.                                    

 

Yollar etibarlı adam kimidi.           

Qorxusuz, ürküsüz çatdırar səni.

O yolun sonunda dayanan kəsin

qoşa qollarına atdırar səni.

 

Gecənin sükutu

 

İşıqları sönməyən o tək evin

pəncərəsin bir göyərçin döyəcək,

dimdiyində gətirdiyi məktubun

hər sözündən sənin ətrin gələcək.

o ətirdən yuxu qalmaz gecədə,

o gecəni xatirələr alacaq,

o gecənin sükutunu pozacaq

adam gəlib düz önündə duracaq.                               

 

gözlərinə dikiləcək iki göz,

yanağında o qonağın öpüşü,

lal divarlar yaddaşına köçürər,

pərdələrin izlədiyi görüşü.

 

bu gecəyə lap ömrünü verərsən,         

yalvararsan qaranlığa ilk kərə, 

bir ismarış göndərərsən günəşə-

noolar, sabah sən yuxula, yat”- deyə.

 

Həsrət

 

Məni payız seçdi fəsil içində.  

Günümü xəzanlar hey tumarlayır.          

Sənin əllərini göylər saxlayar,

Mənim əllərimi yer qamarlayır.                                    

 

Sənsizlik hər gecə üşüdür məni.

Donur öpüşlərin izi üzümdə.

Baxışım gözündə ağlayır sənin.       

Bir ağac göyərir köhnə izimdə.         

 

Bir sazaq içimdən titrədir məni,

Bahar istəyimi qəfil don vurur.

Havası sorulmuş bu boş qəfəsdə

Həsrətin özünə təzə ev qurur.           

 

Bu sənsiz dünyada nəyim var mənim.          

Çəkilib gedirəm bu yer üzündən.

Nələr çəkdiyimi göydəki bilir.

Ah yerin yeddinci qatından gəlir...

 

Bu yol zamandan keçir

 

hara aparır məni

özü kədərli yollar,

alıb qolları üstə                                                       

oxuyur dərdli yollar

 

məni hara aparır

bu kədərin içində,

göy üzü qara bulud

ağlaşma var səsində

 

gecə-gündüz yol gedən

bu yol zamandan keçir,

qaranlığın içində                     

qatı dumandan keçir                    

 

bu yol bir ömür yolu-

zamanı bilinər,

gümanı bilinər,

məndən silinər-

bu yol mənlə sürünər,

sürünər ömür boyu

 

sonu görünməz yolun,

izi silinməz yolun,

dərdi bilinməz yolun

kədərinə sığındım,

ayağımla, izimlə                

mən yoluma büründüm,

büründüm ömür boyu...

 

Sürüşüb düşmüsən gözümdən bəlkə

 

Gecə öz içində əritdi səni,

Sən çıxa bilmədin gecə içindən.

Mən səni görmədim, görmədim, niyə?                 

Sənli küçələrdə adamlar həmin,

mən səni görmürəm onlar içində.

mən səni görmədim güllər içində.

Bəlkə yanımdan ötüb gedirsən,

Bəlkə dayanıb mənə baxırsan.

Bəs niyə ətrini duymuram, niyə?   

Ətrin qoxusumu çıxıb yadımdan?

Şəklinmi, adınmı çıxıb yadımdan?

Külək bir kölgəni aparıb gedir,

Bəlkə o kölgənin özüsən elə.

Səsin eşidilmir qulaqlarımda.

İtib addım səsin minlər içində.

Daha sən onlarla eynisən, birsən.                                                      

Bəlkə yaddaşımdan sən silinmisən.

Bilmirəm, bilmirəm indi sən kimsən.

Bəlkə sən məni hey çağırırsan,

Bəlkə səsin dəyişib sənin,

Bəlkə görnüşün dəyişib sənin.

Bəlkə sən çıxmısan daha yadımdan.

Niyə tanımıram səni səsindən,

Niyə tanımıram səni üzündən,

Niyə tanımıram bəs yerişindən?

Sürüşüb düşmüsən bəlkə gözümdən.

Bəlkə hardansa baxırsan mənə.

Bəlkə nələrsə deyirsən mənə.

Mənim qulağımda səslər qarışıq.

Mənim gözlərimdən baxışın itib...                  

 

Güllə səsi gəlir yerin altından

 

Bu gedişin, zamanın... qəmi var, ağrısı var,

içində naləsi var, dərdi var, yanğısı var.

 

Körpələr boylanır təpə qəbirdən,

körpələr boylanır qəbir qucaqdan,

körpələr boylanır qan quyusundan.

 

Bir körpə anasın axtarır hələ

açılan güllənin alovlarında.

 

Bir gözdə analar güllələndilər,

bir gözdə ataya uçdu güllələr.

Güllələr körpənin son oyuncağı,

güllələr körpənin son dayanacağı.

 

Körpənin torpaqlı tər sinəsində

sevdiyi qırmızı lalə böyüyür,

üstündə bir qara güllə yarası.

 

Günahsız körpələr, məsum körpələr

körpə paylarını yaşamadılar,

körpə çağlarını yaşamadılar,

körpə adlarını daşımadılar.

 

Yarımçıq qoyulan ömür payıyla,

üzündə o donmuş sevinc halıyla,

bir körpə dolaşır, bir körpə gəzir

Qanlı Xocalının gecələrini,

Kərkükün, Mosulun...

Hələbin, Kabulun,

köhnə Varşavanın...

Bağdad, Dəməşqin

sevincsiz, uşaqsız küçələrini.                           

 

Ötür, illər ötür, zaman dəyişir,

səndə , məndə güman dəyişir...

Axşamın birində, günün birində

bu qara dünyada, yalan dünyada

kor fələk dolanan məkan dəyişir.

Baxışlar dəyişmir, sükan dəyişir.

Naqisin xisləti dəyişmir hələ,

nifrətlər sevinclə bölüşmür hələ,

körpə gülüşləri öpüşmür hələ.

Təmiz bildiyimiz o, boz səmadan

mərmilər tökülür, bombalar yağır

körpə evlərinə, uşaqlı evə.                         

Güllə səsi gəlir yerin altından...

Güllə səsi gəlir oyuncaqlardan...

 

525-ci qəzet 2017.- 22 iyul.- S.23.