Başlarkən, yaxud ikinci Mətbuat Günü?

 

Vilayət QULİYEV

 

 

22 iyul ictimai-mədəni tariximizin diqqətəlayiq günlərindən biridir. 1875-ci ilin 22 iyulunda Həsən bəy Zərdabinin qeyri-adi fədakarlığı sayəsində ərsəyə gələn “Əkinçi” qəzetinin ilk sayı çapdan çıxıb.

 

Haqlı olaraq həmin tarixi gün uzun illər boyu Azərbaycanda Milli Mətbuat günü kimi qeyd edilir. Yazılarıma hər zaman səhifələrində böyük ürək açıqlığı ilə  yer ayıran “525-ci qəzet”in və ölkəmizin bütün mətbuat işçilərini peşə bayramı münasibəti ilə təbrik edir, onlara həqiqətən  xalqın səsi və həyatın aynası,  həqiqətən  “dördüncü hakimiyyət” olmağı arzulayıram.

 

22 iyul 1875-ci ildə “Əkinçi”nin ilk sayı çapdan çıxıb.

 

24 iyul 1898-ci ildə Əlimərdan bəy Topçubaşov “Kaspi”nin redaktoru kimi qəzetdə “Redaktordan” başlığı ilə ilk yazısını çap etdirib.

 

 Üstündən 120 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, hər bir gerçək ictimai funksiyalı mətbu orqan qarşısında dayanan vəzifələrin işıqlandırılması baxımından aktuallığını bizim günlərdə də itirməyən həmin yazının tərcüməsini oxuculara təqdim etməklə yanaşı, həssas bir məqama da toxunmaq istəyirəm.

 

Son 150 ildə vətənimizdə rusdilli Azərbaycan məktəbi, qəzeti, teatrı, ədəbiyyatı və s. ana dilli ictimai institutlarla müvazi, paralel fəaliyyət göstərib. Çağdaş münasibətimizin xarakterindən asılı olmayaraq, bu, faktdır. Bir az qəribə səslənsə də, yad dildə yaranmış həmin mənəvi sərvət həm də bizim dəyərlərimizdir. Amma bir qeyd - şərtlə: yalnız o halda ki, milli hiss və duyğulara, milli amal və məqsədlərə bağlı olsunlar, onların ruporuna, ifadəsinə, tərənnümünə  çevrilsinlər. Nihilizmdən uzaq olsunlar, millətin səsini və sözünü duyurmağı bacarsınlar, gerçək simasını əks etdirsinlər.

 

1881-1918-ci illər arasında nəşr olunan “Kaspi” tarixində ilk və son azərbaycanlı redaktoru Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında çıxdığı  1898-1906-cı illərdə milli mətbuatın yoxluğundan, yaxud azlığından yaranmış boşluğu doldurmuş, daha irəli gedərək hətta deyə bilərəm ki, təsir gücünə, məzmun və mündəricəsinə, qaldırdığı məsələlərin əhəmiyyət və siqlətinə görə müasiri olan  bir sıra ana dilli qəzet və məcmuələri üstələmişdi. Qəzetin həm dostları, həm də əleyhdarları milli ruhlu redaktorun götürdüyü kursun mahiyyətini yaxşı anlamışdılar. Rusca nəşr olunan qəzet müasirləri arasında “müsəlman “Kaspi”si kimi məşhurlaşmışdı...

 

XX əsrin əvvəllərindəki Azərbaycan texniki ziyalılarının görkəmli nümayəndələrindən biri, Belçikada təhsil almış mühəndis Ağa bəy Aşurov (1880-1936, sonralar Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü,  müxtəlif hökumət kabinələrində ticarət və sənaye, habelə poçt və teleqraf naziri olmuşdu) 1903-cü il dekabrın 16-da Əlimərdan bəyə yazırdı: “Kaspi”nin mövqeyini möhkəmləndirməklə Siz zavallı xalqımıza xidmət üçün geniş yol açılmasına təminat yaratmısınız. Sizin redaktorluğunuz dövründə “Kaspi” soydaşlarımızın xeyrinə az iş görməyib. İndi isə ümid edirik ki, qəzet müsəlmanların sivilizasiyaya qovuşmaları yolunda daha böyük səylə mübarizə aparacaq.  Hər birimizin müqəddəs borcu isə imkanımız daxilində yeganə səsimiz olan  (o, həqiqətən də yeganə gur eşidilən səsimizdir) “Kaspi”yə dəstək verməkdir. Qələmimlə və maddi cəhətdən  qəzetə hər hansı fayda gətirmək imkanında olmadığımdan onun geniş yayılmasına yardım göstərməyi özümə borc bilirəm”.

 

Rusdilli “Kaspi” niyə “müsəlman “Kaspi”si olmuşdu?

 

Çünki o, Rusiya imperiyasındakı çoxsaylı rus qəzetlərinin deyil, XIX yüzillikdə qısa ömürlü “Əkinçi” ilə başlayıb sona çatan milli mətbuatın ənənələrini yaşatmağa çalışırdı.”Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun” - deyən Həsən bəy Zərdabinin ardınca Əlimərdan bəy də imkanı daxilində “Kaspi”ni “müsəlman” (oxu: azərbaycanlı) həyatının aynası kimi görmək istəyirdi. Və buna nail olmuşdu.

 

Əlimərdan bəy 1925-ci ildə “Əkinçi”nin ilk sayının çapdan çıxmasının 50 illiyi münasibəti ilə Parisdə müəllimi, dostu, məsləkdaşı və qayınatası Həsən bəy Zərdabi haqqında  qələmə aldığı “Azərbaycanın yol göstərəni” (rusca orijinalında “Mayak Azerbaydjana” -V.Q.) essesində yazırdı: “Kaspi” özünün 1906-cı ilə qədərki fəaliyyəti ilə bütün bölgənin, ilk növbədə isə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında silinməz izlər buraxmışdı. Əminəm ki, ölkənin gələcək tarixçisi “Kaspi” redaksiyasının və onun əməkdaşlarının  həyata keçirdikləri böyük maarifçilik fəaliyyətinə mütləq diqqət yetirəcəklər”. Məqsədim qətiyyən ikinci bir mətbuat gününün təsis olunması haqqında məsələ qaldırmaq deyil. Hər birimizin şüuruna və qəlbinə kök atmış milli mətbuat gününün ölkəmizdə geniş qeyd edildiyi ərəfədə bütün həyatını milli varlığımızın təsdiqi uğrunda mübarizəyə vermiş Əlimərdan bəy Topçubaşovun  sanki həmin gözləntilərini doğruldaraq onun “Kaspi”də redaktor kimi çap olunmuş ilk məqaləsinin ruscadan tərcüməsini “525-ci qəzet”in çoxsaylı oxucularına təqdim edirəm.

 

REDAKTORDAN

 

Əlimərdan bəy TOPÇUBAŞOV

 

Bu gündən “Kaspi” qəzetinin redaktoru kimi fəaliyyətə başlayırıq.

 

Qarşıda dayanan vəzifələrin bütün çətinlik və məsuliyyətini dərk edərək şəxsi baxış bucağımızdan həmin vəzifələrin nədən ibarət olması, onları necə başa düşməyimiz, icrasına hansı üsul və vasitələrlə can atmağımız - bir sözlə, üzərimizə düşən borcun layiqli şəkildə necə yerinə yetiriləcəyi barədə bir neçə söz deməyi, mövqeyimizi aydınlaşdırmağı özümüzə borc bilirik. Burada mətbuatın əhəmiyyəti məsələsinə ümumiyyətlə toxunmayacağıq. Müasir cəmiyyətlərdə mətbu sözün böyük rolu sivilizasiyaya qovuşmuş xalqlarda ilk növbədə ictimai həyatın bütün sahələrinə onun göstərdiyi təsirlə izah olunur. Cəmiyyət mədəni cəhətdən nə qədər inkişaf edibsə, mətbuatın təsiri də o qədər güclüdür. Tam haqlı olaraq belə cəmiyyətlərdə mətbuat ictimai-mənəvi həyatın güzgüsü adlandırılır. Həmin güzgü cəmiyyət həyatını özündə gerçək halda - bütün sevinc və kədərləri, bütün sinif və təbəqələrin gündəlik yaşayışlarının ən müxtəlif təzahürləri ilə əks etdirir. Eyni zamanda, ictimai fikrin ifadəçisi kimi, hər bir cəmiyyət üçün mühüm əhəmiyyətə malik ideya və idealların daşıyıcısı vəzifəsini üzərinə götürür. Bu ideya və ideallar isə özündə mövcud cəmiyyət üçün zəruri olan mütərəqqi elementləri ehtiva edir, insanları ruhlandırır, onları gələcək inkişafa, özünütəkmilləşdirməyə səsləyir.

 

Lakin mətbuat yalnız o zaman  belə əhəmiyyətli mövqeyə yüksələ bilər və yüksəlməlidir ki, o, daim namusla və dönmədən, tutduğu yoldan sapmadan ictimai maraqların keşiyində dayansın, cəmiyyət həyatı üçün vacib olan həqiqətlərin müdafiəsinə xidmət etsin.

 

Hər bir mətbu orqanın ali vəzifəsi özünü daim hər yerdə və hər şeydə həqiqət, yalnız həqiqət görmək və həqiqət axtarmaq səyləri üzərində kökləməkdən ibarətdir. Bu elə bir mayakdır ki, hər qəzet, hər jurnal istiqamətini ondan götürməli, ona çatmağa can atmalıdır.

 

İctimai həqiqətin tələblərini bütün mümkün hallarda fəaliyyəti üçün rəhbər tutmayan,  təsadüfən, yaxud bilərəkdən yol verilməsindən asılı olmayaraq, bu həqiqəti təhrif edən mətbu orqan qarşısına qoyduğu məqsədlərin yüksəkliyinə ucala bilməz.

 

Yalnız bu şərtlər daxilində mətbuat cəmiyyətin ondan tələb etdiyi mədəni, ictimai və mənəvi vəzifələri cəsarətlə həyata keçirməyə qadirdir. Bildiyimiz kimi, yalnız cəmiyyətin deyil, onun ayrı-ayrı üzvlərinin də anlaşma, əmin-amanlıq  şəraitində inkişafı, maddi rifah halının yüksəlməsi belə zəmin üzərində mümkündür. Yalnız sadaladığımız şərtlər daxilində mətbuat ictimai şüurda şəfqət, ədalət və məhəbbət duyğularımı tərbiyə edib yaya bilər.

 

Vurğuladığım amili hər bir mətbu orqanın proqramının ən zəruri, vacib prinsipi sayan “Kaspi” qəzeti də mövcudluğu və fəaliyyəti ilə ilk növbədə həmin tələbə cavab verməyə çalışacaq. Çünki inanırıq ki, məhz belə bir bünövrəyə söykənməklə qəzetimiz qarşısına qoyduğu vəzifələri yerinə yetirə və cəmiyyətin rəğbətini qazana bilər.

 

Bu həqiqəti daim yadda saxlayan, daim həmin prinsipdən çıxış edən “Kaspi” öz proqramı, eləcə də əyalət mətbuatının verdiyi imkan çərçivəsində   istər rus, istərsə də dünya həyatının diqqətəlayiq hadisələrini zamanında və dolğun şəkildə işıqlandırmağa çalışacaq. Lakin siyasi həyatın mühüm hadisələrini, rus ədəbiyyatının və rus ictimai mühitinin gerçək mənzərəsini diqqətdə saxlamaqla bir sırada qəzetimiz indiyə  qədər olduğu kimi bundan sonra da Qafqaz ölkəsinin problemlərinə, özəlliklə də yerli Bakı həyatının həyəcan doğuran gündəlik məsələlərinə ardıcıl diqqət yetirəcəkdir.

 

“Kaspi” yarandığı gündən indiyə qədər  - mövcud olduğu bütün müddət ərzində Qafqaz həyatının güzgüsü kimi çıxış edib. Bu, qəzetin artıq tarixə çevrilmiş xidmətidir. Biz bundan sonra da həmin kursu dönmədən davam etdirəcəyik, Qafqaz hadisələrini özünün bütün təzahürlərində saf-çürük edib dəyərləndirəcəyik.

 

Qafqaz təbiətinin zənginliyi və rəngarəngliyi ilə elm aləmi üçün xüsusi maraq doğurmaqdadır. Məmləkətimizin geoloji, linqvistik, etnoqrafik və s. baxımdan elmi fikrə böyük material və tədqiqat imkanları verməsi həmin marağın başlıca səbəblərindən biridir. Qafqaz daim axtarışda olan insan zəkasının yeni kəşfləri üçün böyük diqqət çəkən ölkə şöhrəti qazanmışdır.

 

Lakin elmi əhəmiyyəti ilə bir sırada Qafqazın öyrənilməsi, qafqazşünaslıq ümumi dövlət maraqları baxımından da son dərəcə zəruri sahədir. Bu, ilk növbədə  bölgənin dinc inkişafının təmin və bərqərar edilməsi, bütün təbəələrinin maddi rifahının təmin olunması, ümumi vətənimizlə sıx  qarşılıqlı vəhdətin qurulması baxımından əhəmiyyətlidir.

 

Dinc inkişaf və təbəələrin maddi rifah halının yüksəldilməsi ilə bağlı məqsədlər isə yalnız maarifçilik ideyalarının güclü təbliği, hər yerdə yayılması sayəsində zəruri mədəni tələbat kimi onların  gündəlik həyat və məişətinə daxil olmaq  yolu ilə əldə edilə bilər.

 

Ona görə də “Kaspi” qarşısına müqəddəs vəzifə kimi milli və dini mənsubluğundan, maddi durumundan asılı olmayaraq,  bütün Qafqaz əhalisi arasında maarifin intişarını daim təbliğ etmək, bu istiqamətdə dönmədən mübarizə aparmaq vəzifəsi qoyur. Biz bütün mümkün vasitələrlə həmvətənlərimizin qəlbinə və düşüncəsinə hər iki cinsdən olan uşaqlar üçün ümumtəhsil və texniki məktəblərin açılması ideyasının zəruriliyi fikrini yeritməyə çalışacağıq. Onlara yalnız məktəbin köməyi ilə istər maddi, istərsə də mənəvi baxımdan  cəhalət, nadanlıq və səfalət girdabından addım-addım  azad olmağın mümkünlüyü həqiqətini çatdıracağıq. Yalnız məktəbin onları hər cəhətdən təmin olunmuş insanlara çevirə biləcəyi fikrini geniş yayacağıq.

 

Lakin əhaliyə qeyd edilən istiqamətlərdə təsir göstərmək üçün ilk növbədə onların mövcud məişətini, əxlaqını, mənəviyyatını, adət-ənənələrini, dini inanclarını, bir sözlə, bütün təzahür formalarında gündəlik həyatlarını, yaşayışlarını öyrənmək son dərəcə zəruridir. Həm də fikrimizcə, müasir gerçəkliyin hadisələrini dərindən anlamaq və dərk etmək üçün onları tarixi inkişaf prosesində işıqlandırmaq daha böyük fayda gətirə bilər.

 

Yerli əhalinin məişətinin öyrənilməsi zamanı eynitipli, yəni başqa xalq və dövlətlərin də keçdiyi tarixi inkişaf yolunda  təkrarlanan hadisələr üzərində dayanmaq da fikrimizcə, mühüm fayda gətirə bilər. Belə araşdırmalar Qafqazın, xüsusən də Bakı quberniyası əhalisinin məişətində Asiya xalqlarının həyatı, güzəranı ilə bağlı çoxlu ümumi cizgi və xüsusiyyətlərin aşkara çıxarılmasına təkan verəcəyini gözləməyə tam əsasımız var. Eyni sözləri qonşularımız olan  Şərq dövlətləri haqqında da demək mümkündür. Çünki onların həyat şəraiti  ilə yaxından tanışlıq bizim üçün də son dərəcə faydalıdır.

 

“Kaspi” qəzeti qüvvə və imkanları daxilində özünü bəyan olunan proqram üzrə əhalinin məişətinin incədən-incəyə öyrənilməsi kimi ciddi və zəruri işə həsr edəcək. Çünki yerli sakinlərin tələbat və ehtiyacından xəbərsiz mətbuat həyatın aramsız şəkildə ortaya çıxardığı problemlərin həlli üçün vaxtında və lazımi nəticələrlə hökumət orqanlarının, ictimai müəssisələrin yardımına yetişə bilməz.

 

Cəmiyyətin tələbat  ehtiyaclarını  “Kaspi” həmişə gücü çatan qədər izah etməyə, onları obyektiv mövqedən, tərəfkeşliyə yol vermədən dəyərləndirməyə çalışacaq. Bu vəzifənin  layiqincə yerinə yetirilməsi üçün qəzetimiz xalq təsərrüfatı və insanların rifah halı ilə bağlı bütün məsələləri diqqət mərkəzində saxlayacaq, əkinçiliyə, heyvandarlığa, ipəkçiliyə, bağçılığa, habelə digər əlaqədar sahələrə  və sakinlərin əsas məşğulluq istiqamətlərini təşkil edən istiqamətlərə xüsusi diqqət yetirəcək. Lakin xalq təsərrüfatı və xalqın həyat səviyyəsi ilə bağlı  mövzular içərisində neft birinci yerdə dayanacaq. Sözün geniş mənasında neft məsələsini xüsusi izləyəcəyik. Bu məqsədlə qəzetimizdə ayrıca “Neft şöbəsi” fəaliyyət göstərəcək. Neftin təkcə Bakı rayonu adlandırılan ərazidə deyil, ümumdövlət miqyasında necə böyük əhəmiyyət daşıdığını nəzərə alaraq neft istehsalının vəziyyəti və inkişafı ilə bağlı bütün detallarla maraqlanacaq,  çətinlik və problemlərə diqqət çəkməyə çalışacağıq. Çünki az öncə də dediyimiz kimi, neft bizim üçün ümumdövlət əhəmiyyəti daşıyır.

 

Nəhayət, Mərkəzi Asiyadakı ərazilərimiz və Şərq ölkələri ilə qonşuluq münasibətlərimiz sonuncularla daimi ticarət əlaqələri saxlamağı zərurətə çevirməklə bir sırada Asiya yolu üzərindəki dəniz limanı kimi Bakının əhəmiyyətini artırır. Bu isə öz növbəsində bizi Xəzər dənizində və Xəzər hövzəsində gəmiçiliyin inkişafına daha artıq diqqət yetirməyə vadar etməlidir. Sadaladığımız məsələlər və həmin istiqamətdə görülən işlər  qəzetin “Dəniz şöbəsində”  əksini tapacaq.

 

Bakıya gəldikdə isə “Kaspi” həmişəki kim yenə də səhifələrində şəhərimizə xüsusi həvəslə yer ayıracaq. Burada yerli ictimai özünüidarənin fəaliyyət dairəsinə daxil olan bütün məsələlər əksini tapacaq. Səmimi surətdə inanırıq ki, xatırlatdığım istiqamətdə hələ çox, həm də birgə çalışmağımız lazımdır. Birgə dedikdə, hökumət və ictimai dairələri, şəhər ictimaiyyəti və mətbuatı nəzərdə tuturuq. Çalışmalıyıq ki, ümumi səylərimizlə hələlik yarı Asiya tipli Bakı sanitariya və zahiri görünüş, şəhər təsərrüfatının təşkili və əhalinin ehtiyaclarının ödənilməsi baxımından yaxşı mənada dəyişsin, gözəlləşsin. Bir sözlə, elə etmək lazımdır ki, o, neft səltənətinin paytaxtı adına və mövqeyinə hər cəhətdən layiq olsun.

 

“Kaspi”nin  indiyə qədər təqib etdiyi və bundan sonra da daim diqqət mərkəzində saxlayacağı əsas hədəflər ümumi şəkildə bunlardır. Qarşıya qoyulan vəzifələr öz-özlüyündə çətindir, mürəkkəbdir. Onların çətinliyi bölgəmizin əhalisinin xarakter etibarı ilə müxtəlifliyi, burada fərqli din  millətlərdən ibarət əhalinin yaşaması ilə daha da artır, dərinləşir.

 

Din və millətlərlə bağlı məsələyə  gəldikdə, belə bir  prinsipial qeyd-şərtimizi bildirməyə tələsirik ki, heç bir tərəfə əyilməyərək  yalnız ədalət mövqeyində dayanacaq, bütün xalqlara bərabər münasibət bəsləyəcək, hər birinin sərbəst mövcudluq haqqına hörmətlə yanaşacağıq.

 

 Hansı xalqdan gəlməsindən asılı olmayaraq, yaxşılığın bütün təzahürlərinə rəğbətlə yanaşacaq, kim tərəfindən yol verilməsindən, harada rast gəlinməsinə baxmayaraq, qüsur və eybəcərlikləri kəskin tənqid edəcəyik.

 

İşıqlandırılmasını məqsəd kimi qarşıya qoyduğumuz mövzuların genişliyinə baxmayaraq, “Kaspi”nin bütün məsələləri əhatə etmək şansı var. Onun ən böyük ölçülü rus qəzetlərinin həcmindən geri qalmayan formatı bunun  üçün lazımi imkan yaradır.

 

Ədəbi qüvvələrə gəldikdə isə adları “Kaspi” oxucularına yaxşı məlum olan, uzun illərdən bəri redaksiyada daimi çalışan əməkdaşlardan başqa biz imzaları oxuyanlara tanış görünəcək Qafqaz publisist və jurnalistləri arasından yeni şəxslər də dəvət etmişik. Qüvvə və imkanları daxilində redaksiya bundan sonra da sıralarını yeni qələm sahibləri ilə zənginləşdirməkdə davam edəcək. Əsas diqqət “Xəbərlər şöbəsinə” veriləcək. Bu məqsədlə biz yalnız Bakı quberniyasının ən vacib yaşayış məntəqələrində deyil, qonşu quberniya və əyalətlərdə də tələblərimizə cavab verən müxbirlər axtarışındayıq.

 

Lakin redaksiyanın sərəncamında nə qədər ədəbi qüvvə olsa da, əməkdaş və müxbirlərimizin sayını nə qədər artırsaq da, hər bir qəzet kimi “Kaspi” də qarşısına qoyduğu vəzifələrin uğurla həyata keçirilməsinə, gördüyü gündəlik işin səmərəliliyinə  yalnız  cəmiyyətin rəğbətini və mənəvi dəstəyini əldə etdiyi təqdirdə nail ola bilər.  

 

“Kaspi”nin nisbətən geniş dairədə yayılması, nəticədə mərhum redaktor N.A. Sokolinskinin (“Kaspi”nin 1893-1897-ci illərdəki redaktoru -V.Q.) qəzetin formatını böyütməsi cəmiyyətdə “Kaspi”yə rəğbətlə yanaşanların sayının  o qədər də az olmadığı fikrinə kifayət qədər  əminlik yaradır. Fəaliyyətimizə rəğbətlə yanaşanlar ictimai həyatın müxtəlif məsələləri ilə yaxından maraqlanır, onların həqiqi mahiyyətinin aşkara çıxarılmasına və lazımi şəkildə qiymətləndirilməsinə yalnız şəxsi mənafelərindən deyil, ümumun marağından çıxış edərək yaxınlaşırlar. Bu ürəkaçan hadisə sonrakı addımlarımızda da cəmiyyətin anlayışına və rəğbətinə bel bağlamaq baxımından bizi xeyli cəsarətləndirir.  Ona görə də mövcud mühitin bütün mütərəqqi, qabaqcıl, ziyalı qüvvələrinə üz tutur, onlardan yuxarıda sadaladığımız hədəflərə çatmaq yolunda (nəticələrdən hər birimizin və hamımızın faydalana biləcəyimizi göz önünə alaraq) əllərindən gələn köməyi əsirgəməməyi umuruq. Biz fikir və qənaətlərimizi təcrübə, bilik sahibi şəxslərlə bölüşməyə həvəslə hazırıq. “Kaspi” qəzetinin sütunlarını ümumi işimizə bu və ya digər şəkildə faydalı olmağı, məqsədlərimizi aydınlaşdırmağı arzulayan bütün şəxslər üçün açıq elan edirik.

 

Bütün həqiqət carçılarının rəğbət və yardımına ümid edərək işimizə başlayır, məmləkətimizə gücümüz çatan qədər fayda gətirəcəyimizə inanırıq.

 

“Kaspi” ¹133, 24.07.1898

Rus dilindən tərcümə edən Vilayət Quliyev

 

525-ci qəzet 2017.- 22 iyul.- S.18-19.