Fizika və lirika
PƏRVİN
İyulun
14-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu, Azad Həmkarlar İttifaqı və Alimlər
Evinin təşkilatçılığı ilə
üçüncü “Fizika və Lirika” konfransı
keçirildi.
AMEA-nın
Dendrologiya İnstitutunda keçirilən tədbirdə
akademiya əməkdaşlarının bədii əsərlərindən
ibarət “Biz də varıq” və “Plyus bədii
yaradıcılıq” ədəbiyyat antologiyaları təqdim
olundu. Kitabların təqdimatından əvvəl AMEA əməkdaşlarının
rəsm, xəttatlıq nümunələrindən ibarət sərgi
ilə tanış olduq. Sonra konfrans
zalına keçib antalogiyaların təqdimatına
başlayınca, çıxışları, rəyləri
dinlədikcə bütün bu tədbirin və ümumiyyətlə
“Fizika və Lirika” ideyasının əsas məğzini daha
yaxşı anlaya bildik.
Son dərəcə
səmimi, mehriban, əsl bayram ovqatında keçirilən mərasimi
izlədikcə, həm texniki, həm də humanitar sahə
alimlərinin bir-birinin məşğul olduğu işə
necə sayğı və diqqətlə
yanaşdığını müşahidə etdikcə əslində
bu istilahın “Fizika-Lirika” ifadəsinin ilk əvvəl
qarşıdurma, mübahisə kimi ortaya
çıxmasını yadıma salırdım. Təxminən ötən əsrin 50-ci illərinin
sonlarından SSRİ-də bu mübahisə, fiziklərin və
liriklərin davası başlayıb.
Yazıçı-publisist, çox sevdiyim “İnsanlar, illər,
həyat” silsilə memuarlarının, “Çexovu təkrar
oxuyarkən” irihəcmli essesinin müəllifi İlya Erenburq
“Komsomolskaya pravda” qəzetində çap elədiyi “Bir məktuba
cavab” məqaləsiylə bu mübahisəni daha da
alovlandırmışdı. Nina adlı gənc
tələbə Erenburqa məktub yazıb sərgilərə
getmək istəməyən, Blokun şeirlərini oxumayan, incəsənətlə
maraqlanmayan, bütün bunları mənasız sayıb dəqiq
elmləri və elmi tərəqqini dövrün əsas tələbi
hesab edən mühəndis dostundan şikayətlənirmiş.
Erenburq elə bu məktuba cavab kimi
yazdığı məqaləsində sovet vətəndaşlarını
hərtərəfli şəxsiyyət olaraq özünü
inkişaf etdirməyə çağırır. Fiziklərin sərt müdafiəçisi
fizikaçı alim İqor Poletayev bu fikirlərə
“Komsomolskaya pravda” qəzetində çap olunan böyük
bir məqalə ilə cavab verir:
“Biz ağlın yaradıcılığı ilə,
eksperimentlər, quruculuq nəzəriyyəsinin qaydaları ilə
yaşayırıq. Hissin, ideyalar poeziyasının diktəsiylə
yaşamırıq. Bizim epoxamız budur.
Bu epoxa insanın özünü sonacan ona
bağışlamasını tələb edir. Bizim - Ah
Bax, Ah Blok - deyə hayqırmağa zamanımız yoxdur. İstəsək də, istəməsək də
onlar bekarçılıq, əyləncə sayılırlar,
həyat sayılmırlar”.
Qəribədi, belə fikirlər illərin o tayında
qalsa da, çağdaş dünyanın insanı
seçimində azad olsa da, yenə bu sözlər qorxulu
görünür adama. Hətta bunları oxuduqdan sonra azadlığımı
dəyərləndirib, tez Baxın Çakonasını
tapdım internetdən,
dinləməyə başladım. Bu
ilahi musiqini, yaxud elə Blokun şeirlərini anlamayan, duymayan
adamı necə bütöv şəxsiyyət saymaq olar,
bilmirəm?! Amma
bütün bu əndrəbadi polemikaların fonu o dövr, o zəmanə
idi... Fizika-Lirika
mübahisəsi o qədər geniş vüsət alır ki,
artıq şairlər də bu polemikalara qoşulurlar.
Əksəriyyətin fiziklərin, yəni elmin tərəfində
olmasından gileylənən şair Boris Slutskiy şeirlərindən
birində yazırdı:
Nəsə
fiziklər dəbdədir,
Nəsə
liriklər dərddədir,
Yüz
quru hesablama qur,
Dünyanın qanunu budur.
Şeir “Ədəbiyyat qəzeti”ndə çap
olunduqdan sonra bu “qarşıdurma” daha da şiddətlənir,
mövzu populyarlaşır. Elə
günümüzə qədər bu mövzularda müxtəlif
müzakirələrə rast gələ bilərik.
Rasional düşüncəni “emosional dünya”ya qarşı
qoyanlar, hisslərlə yaşamağı, daha doğrusu hisslərinə
azadlıq verməyi zəiflik hesab edənlər indi də yetərincədir.
Ona görə “Fizika və Lirika” konfransında da hansı
düşüncənin üstün gələcəyini
gözləyirdim... Bu konfransda gəldiyim qənaətləri
və təqdim olunan iki kitab “Plyus bədii
yaradıcılıq” və “Biz də varıq”
antologiyaları haqqında düşüncələrimi
bölüşməzdən əvvəl vurğulamalıyam
ki, əlbəttə Fizika və Lirika terminləri şərtidir.
Fizika ümumiyyətlə elmi, xüsusən
texniki sahələri, Lirika isə sənəti, ədəbiyyatı,
incəsənətin bütün növlərini simvolizə
edir. Və zaman - elmi-texniki tərəqqi, elmin də, sənətin
də XXI əsrdə gəlib yetişdiyi məqam, tamam əks
qütblərdə duran sahələri də sintez edə bilən
çağdaş yanaşmalar göstərir ki, Fizika və
Lirika ikisi də bu həyatın içərisindədir,
yanaşıdır, bir-birinə qarışıb və əslində
bunları ayırmaq heç mümkün də deyil.
Elə konfransın keçirildiyi Mərdəkan
Dendrarisi də buna əyani sübutdur. Hazırda həm
ayrıca İnstitut kimi fəaliyyət göstərən, həm
də insanların istirahət yeri olan bu park bir vaxtlar Bakı
milyonçusu Murtuza Muxtarovun bağı olub. O məşhur
evdə çəkilən “Arşın mal alan”,
“Dərviş Parisi partladır” kimi filmlər milli kinomuzun
inciləridir. Həmçinin, böyük rus şairi Sergey
Yeseninin burda qonaq qalması, təbiətdən ilhamlanıb
Şərq motivli şeirlər yazması, hətta qonşu kənd
olan Şağanı İran bilib təsirlənməsi,
Abşeron qızlarını vəsf eləməsi də
çox məşhur məsələlərdir. Amma bu Dendra park biz Abşeron uşaqları
üçün ayrı cəhətdən də maraqlı
olub həmişə. Dənizdən
savayı təbiəti olmayan Abşeronda belə bir nadir
ağaclardan, bitkilərdən ibarət bağ bizlər
üçün ekzotika idi sadəcə. Buranın az qala hər ağacını, bitkisini
tanıyırdıq, bağın ən “ucqarlarına” kimi
gedib çıxırdıq... Və o zaman
heç ağlımıza da gəlmirdi ki, burda ciddi elmi
araşdırmalar aparılır, bitkilərin, ağacların
mənşəyi öyrənilir, hansısa yeni növlər
ixtira olunur. Bax elə bunun özü həyatla,
sənətlə elmin qaynayıb qarışması demək
deyilmi? Görünür, elə
konfransın təşkilatçıları tərəfindən
də məhz belə məkanların seçilməsi təsadüfi
deyil.
İlk dəfə “Fizika və Lirika” konfransı
2014-cü ildə Bakı Elm Festivalı çərçivəsində
keçirilib.
İkinci dəfə isə bu konfrans AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında
“Novruz təqvimi: lirikada və astrofizikada” mövzusunda baş
tutub. Həmin konfransın
iştirakçıları müasir teleskoplar vasitəsiylə
səma cismlərini seyr edə biliblər. Bu dəfəki,
üçüncü konfrans isə daha geniş tərkibdə
keçirilir və bir neçə cəhətdən, həm
“Plyus bədii yaradıcılıq”, həm “Biz də
varıq” kitablarının təqdimatı, həm də alimlərin
rəsm əsərlərinin sərgilənməsi
baxımından əlamətdardır.
Bu kitablarda Elmlər Akademiyasında
çalışan, elmi araşdırmalar aparan, üstəgəl
bədii yaradıcılıqla da məşğul olan müəlliflərin
əsərləri toplanıb. Hələ
ötən ildən burda yaradılmış, filologiya üzrə
elmlər doktoru, şair Vüqar Əhmədin rəhbərlik
etdiyi “Ədəbiyyatşünaslıq, plyus”
yaradıcılıq birliyi bu müəllifləri öz ətrafında
toplayıb.
Hələ
adını çəkdiyim kitabları oxumazdan əvvəl,
elə konfransda edilən məruzələri, Akademik İsa Həbibbəylinin
giriş nitqini, AMEA-nın müxbir üzvü Ərtegin
Salamzadənin, Azərbaycan Yazıçılar Birliyinin katibi
Rəşad Məcidin, Azad Həmkarlar İttifaqının sədri,
iqtisad elmləri doktoru İsa Alıyevin, Elm və Təhsil
İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü
Əminağa Sadıqovun və Alimlər Evinin direktoru, tarix
üzrə fəlsəfə doktoru Nuridə Quliyevanın
çıxışlarını dinlədikcə
anlayırdım ki, əslində elm adamlarının bədii
yaradıcılığa, şairlərin, nasirlərin,
musiqiçilərin, rəssamların elmə marağı,
meyli tarixən həmişə olub. Elə bu
kitabların da üstünlüyü ondadır ki, burada sadəcə
hal-hazırda yazıb-yaradan elm adamlarının deyil, artıq
dünyadan köçmüş alimlərin də bədii əsərləri
yer alıb. Şəxsən mənə akademik Yusif Məmmədəliyevin
şeirlərinin, böyük ədəbiyyatşünas Məmməd
Cəfər Cəfərovun hekayələrinin, pyeslərinin,
Kamran Məmmədovun hekayələrinin necə ola biləcəyi son dərəcə
maraqlı idi. Və bu əsərləri ardıcıl
oxuduqdan sonra onların arasında ciddi, ümumi cəhətləri
görə bildim; analitik düşüncə, hansısa
suallara cavabların axtarılması, həmçinin elm
mühitinin bəzən fon kimi istifadə
edilməsi və s.
Görkəmli
akademik İsa Həbibbəyli “Biz də varıq” kitabına
yazdığı ön sözdə qeyd edir: “Fəaliyyətlərində
elmin ağırlıq təşkil etdiyi məqamlarda
yaradıcı simalar üçün ədəbiyyat sadəcə
“istirahət” və ya “əyləncə” olmayıb, ikinci
sırada dayansa da, ciddi yaradıcılıq işidir. Onların bədii əsərlərində həyatın
və insanların təsvir və tərənnümündən
çox cəmiyyətin obrazlı qavrayışı daha
qabarıqdır. Elm adamları tədqiqat
prosesində dərindən dərk edib yaşadıqları həyati
prosesləri bədii əsərlərdə müəyyən
dərəcədə xronika və informasiya vasitəsiylə
ifadə etməklə baxışlarını
tamamlayırlar. Onların elmi əsərlərində
də tədqiqatçılıqla yanaşı, həm də
bədii təxəyyülün, yaradıcı fantaziyanın
“izlərini” görmək mümkündür”.
İsa müəllimin bu dəqiq mülahizələrini
təsdiq edərək söyləmək olar ki, bədii təxəyyül
ayrıca bir istedaddır, Allah vergisidir. Yəni sadəcə
texnikanı mənimsəmək, janrın tələblərini
öyrənməklə təsirli bədii əsər yazmaq
mümkün deyil. Ona görə xüsusən
ədəbiyyatşünas alimlərin qələmindən
çıxan bədii nümunələri sadəcə ədəbiyyatla
uzun müddət məşğul olmanın, artıq
vurğuladığım kimi yazı texnikasını, bədii
əsər maketlərini mənimsəmənin nəticəsi
kimi yozmaq yanlışdır. Yəni bu müəlliflərdə
sadəcə tədqiqatçılıqla yanaşı, həm
də bədii fantaziya, daha doğrusu, həyatı, hadisələri
bu cür qəbul etmə istedadı var. Amma bununla belə,
müəlliflərin elmi araşdırmaların da bu bədii
təxəyyülə mövzu, qida verməsini də
ayrı-ayrı əsərlərdə görmək olur.
Ədəbiyyatşünas-alim, akademik, görkəmli
elm xadimi Həmid Araslının “Şairin həyatı”
povesti bu mənada son dərəcə maraqlıdır. Əsər bu cümlələrlə
başlayır:
“Kəpəzin uğultusu kəsilmişdi. Gəncə
çayı öz yatağına sığınıb yenə
əvvəlki kimi sakit axırdı. Onun
üzərindəki körpülərdən biri
uçmuş, çay yolunu dəyişməli olmuşdu”.
Bu cümlələr peşəkar bir nasir təsvirlərini
xatırladır. Yəni burda elmi
üslubun izlərini görmürük. Əsər
Şeyx Nizaminin həyatına həsr olunub. Məlumdur
ki, Həmid Araslı Nizami sənətinin milli ruhuna xüsusi
həssaslıqla yanaşaraq “Nizami Gəncəvi əsərləri”
kitabında və ayrı-ayrı tədqiqatlarında
şairin öz irsinə əsaslanaraq onun türkcə
düşünüb farsca yazdığını elmi dəlillərlə
sübut etmişdi. Həmçinin, “Kitabi Dədə
Qorqud” dastanını nəşr etdirməsi, buna görə
bir çox təzyiqlərə məruz qalması da
faktdır. Və bu elmi işlərin
“Şairin həyatı” povestində necə bədii və
harmonik şəkildə birləşməsi ayrıca bir ədəbiyyat
hadisəsidir. Həmid Araslı Nizaminin dünyaya gəlməsinin
Xıdır Nəbi gecəsinə təsadüf etdiyini
yazır, aşıqlar gəlir və “Kitabi-Dədə Qorqud”
dastanından “Dirsə xan oğlu Buğac” boyunu
danışırlar və guya elə Nizaminin, İlyasın
adını da Dədə Qorqud qoyur. Əslində,
bu priyom sənəti, milli ədəbiyyatımızı,
folklorumuzu həm də bu yolla oxucuya sevdirmək, təbliğ
etmək üçündür. Və
alimlərin bu cür bədii üsullara müraciət etməsi
təqdirəlayiqdir.
Professor Məhərrəm Qasımlı həm də
Aşıqlar Birliyinin sədridir. Aşıq
yaradıcılığının dərin bilicilərindəndir.
Amma bununla yanaşı, uzun illərdir ki, Orxan
Paşa imzası ilə şeirlər yazır, bu şeirləri
kitab halında işıq üzü görüb. Məhərrəm müəllimin “Ay tut
ağacı” şeirinin müqəddiməsində ustanın
sazı tut ağacından necə düzəltməsi təsvir
olunur. Və yenə də çox bədii şəkildə,
üslubda
yazılmış bu parçada müəllifin
bildiyi, məşğul olduğu sahəni təbliğ etməsi
duyulur:
“Oğul
bu ağac parçaları saza dönəndən sonra daha
böyük yanğılar gəlib keçəcək onun sinəsindən:
Kərəm odu, Qərib odu, Dilqəm odu. Mən bəri
başdan onu elə qaynadıram, oddan keçirirəm ki, Kərəmin
alışıb yanmağına, Qəribin qürbətdə
qərib-qərib közərməyinə, Dilqəmin
nisgilli-tüstülü göynərtisinə tab gətirə
bilsin...”
Elə professor Məhərrəm Qasımlının əsərindən
gətirdiyim bu parçanın da nümunəsində söyləmək
olar ki, elm adamlarının əsərlərində bir nəzərəçarpan
cəhət də bu yazıların informasiya verməsidir. Və məncə,
çağdaş sənətin də əsas tələblərindən
biri budur.
Akademik Məmməd Cəfər Cəfərovun bədii
əsərlərində isə yumoristik çalarlar
üstünlük təşkil edir. Elə akademiya həyatına
aid yazdığı üçpərdəli pyesi elm
adamlarının yaşadığı müəyyən
çətinliklərə, o dövrdə olan
süründürməçiliyə, maaşın
azlığına ironik yanaşmasını, zarafatyana yozumunu
göstərir. Həmçinin,
haqqında söz açdığım almanaxa daxil
edilmiş “Dəvətnamə” hekayəsi müəllifin bədii
təfəkkürü ilə yanaşı, analitik
düşüncəsini, hətta bir qədər də riyazi
“baxışlarını” sərgiləyir. Həm də müəllif bu əsərdə illərdir
toylara gedib pul yazdıran və bu xərclədiklərini
hesablayıb pəjmürdə olan adi bir tərəvəzsatan
Həsənağanın timsalında elə bu gün də
aktual “əvəz-əvəz”, “mən sənə - sən mənə”
prinsiplərini xəfifcə lağa qoyur. Bir
sözlə, artıq söylədiyim kimi, bu əsərlərdə
elmi təfəkkürlə, həyatın obrazlı şəkildə
təsvirlərini yan-yanaşı izləmək
mümkündür.
Kamran Məmmədovun yumoristik “Papaq” hekayəsinin qəhrəmanı
isə elə birbaşa alimin, akademiya işçisinin
özüdür. Maşında tapdığı uşaq
papağını qadın papağı bilib qısqanan
qadının dilində leksiya, məruzə, elmi konfrans ifadələri
çox gülməli səslənir:
“Arvadlara əməlli-başlı leksiya oxumusuz. Zəhmətinizin
bəhrəsini qoy, o yerli-yersiz biçənki əriylə,
Ağa Bəsirlə fəxr eliyən Sona xanım da
görsün. Görsün ki, günün günorta
çağı nə cür elmi konfrans keçirirsiniz, nə
cür leksiyalar oxuyursunuz, nə cür başlara ağıl
qoyursunuz...”
Konfransdakı giriş nitqində İsa müəllim
alimlərin əsərlərində, ələxsüs
şeirlərdə bədii sualın üstünlük təşkil
etdiyini söylədi. “Biz də varıq” kitabını oxuduqca
doğrudan da sualların çoxluğu və vətənpərvərlik
mövzusunun üstün olması diqqətimi çəkdi.
Nədir buna səbəb? Məncə,
səbəb yenə də intellektdir. Yəni
insan oxuduqca, öyrəndikcə, elmin, həyatın dərinliklərinə
getdikcə, yaşam fəlsəfəsini anlamağa
çalışdıqca sualları çoxalır,
cavabları azalır. Əslində insan
öyrəndikcə, oxuduqca bu suallarla
qarşılaşır. Və
görünür elə həmin suallardır ki, alimlərin əsərlərində
bədii formada üzə çıxıb. Həmçinin, vətənpərvərlik
duyğusu da nadan adamın, savadsız insanın anlaya biləcəyi
məsələ deyil. Öz dilini, ədəbiyyatını,
tarixini, köklərini öyrənib dərinliklərinə
getdikcə vətəninə, xalqına sevgin də durulur,
güclənir. Ona görə intellektual
insanların bu mövzuda da çox yazması təsadüfi
deyil. Bu şeirlərdə 20 yanvar,
Xocalı, Qarabağ dərdlərimiz, eyni zamanda son illərdə
ölkəmizin inkişafı və bu inkişafdan doğan
qürur öz əksini tapıb.
Eyni zamanda onu da xüsusi qeyd etmək lazımdır ki, bəzi
alimlərimizin bədii tərcümə ilə məşğul
olması da son dərəcə faydalıdır. Çünki
hər hansı dövr ədəbiyyatı ilə, yaxud
yazıçının yaradıcılığı ilə
məşğul olan alimlər ən yaxşı, təsirli əsərləri
seçib dilimizə çeviriblər. Bu mənada ərəbdilli
Azərbaycan poeziyasının tədqiqatçısı,
professor İmamverdi Həmidovun Əli ibn Əli Talibin
divanından, Valibinin Məcnun haqqında şeirlərindən
və Oman poeziyasından bəzi nümunələri Azərbaycan
dilinə çevirməsi xüsusi
vurğulanmalıdır.
Bütün bu bədii cəhətlərlə
yanaşı bəzi əsərlərdə, hətta şeirlərdə
elmi üslubun bədiiyyatı üstələməsinə də
rast gəlirik.
Elə “Ədəbiyyatşünaslıq, plyus”
yaradıcılıq birliyinin rəhbəri, professor Vüqar
Əhmədin də konfransda çıxışında
vurğuladığı kimi bütün əsərlərə
eyni yöndən baxmaq, eyni tələbkarlıqla yanaşmaq
doğru olmaz. Bir vaxt böyük şairimiz Vaqif Səmədoğlunun
şeirləri “çərçivəli” müasirlərinin
təndiq hədəfinə çevriləndə şair
qısaca cavab vermişdi:
Nə tələ
qurur,
nə
quyu qazıram,
Şeir
yazıram...
Yəni, əslində
şeir bütün naqisliklərdən xilasdı həm də...
Bəlkə də qəliz elmi
araşdırmalar aparan, ömrünü axtarmaqla keçirən
bu müəlliflər üçün əlavə
gücdü, özünü ifadə vasitəsidir.
Akademik İsa Həbibbəyli həm elmi tədqiqatı,
həm də bədii yaradıcılığı qoşa
qanad adlandırır. Doğrudan da, istər bədii əsər
yazmaq, istərsə də elmlə məşğul olmaq
insanı reallıqdan, məişətdən ayırır,
ayağını yerdən üzür... Amma hansı
ucalığa, hansı yüksəkliklərə qalxmaq o
qanadların gücündən, ilhamından
asılıdır...
525-ci qəzet 2017.- 22 iyul.- S.14-15.