Milli mətbuatımız - mütərəqqi ictimai ideallar carçısı

 

Söz azadlığı, demokratik inkişaf və ümumi ictimai tərəqqi deməkdir.

 

Xalqımızın ümummilli lideri Heydər Əliyev məhz bu mənada deyirdi: “Azərbaycan mətbuatı tarixi boyu daim mütərəqqi ictimai idealların carçısı kimi çıxış etmiş, xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş, onun müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır”. Doğrudan da, Azərbaycanın maarifpərvər ziyalısı Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan ilk azərbaycandilli mətbuat orqanı “Əkinçi”nin işıq üzü görməsi milli Azərbaycan mətbuatının doğuluşu idi.

 

Bu böyük mücahidin ciddi səyləri və maarifpərvər dostların köməkliyi ilə ərsəyə gələn “Əkinçi” qəzeti öz doğuluşu ilə əslində, müsəlman aləmində görünməmiş bir mədəni hadisəyə yol açdı. Bu yolda o qədər maarifpərvər insanlar əziyyət, əzab çəkmişdilər ki, onun müqabilində Həsən bəy Zərdabinin tale payına düşmüş “Əkinçi” qəzetinin dərci həqiqi mənada ölçüyəgəlməz bir nailiyyət idi. Bu səylərin nəticəsində 1875-ci il iyul ayının 22-də “Əkinçi”nin birinci nömrəsi öz oxucularını salamladı. Bu hadisədən ən çox sevinc duyan, bəlkə də elə Həsən bəy Zərdabi özü idi. Zərdabinin həyat yoldaşı yazacaqdı: “Həsən bəyin gözləri sevincdən yaşarmışdı. O, çox həyəcanlı bir halda evə gəldi. Bu gün onun həyatının xoşbəxt bir günü idi”. Deyildiyi kimi, nəinki bu qəzetin nəşri Zərdabini, demək olar, bütün maarifpərvər ziyalıları fərəhləndirdi, hətta “qəzet bütün Rusiyada olan müsəlmanları hərəkətə gətirdi”. Qəzetin ilk nömrəsi iki sütuna ayrılmış səkkiz səhifədən ibarət bir həcmdə idi. Qəzetin “Daxiliyyə” adlı məramnaməsi hesab edilən baş məqaləsində bu mətbuat orqanının fəaliyyət dairəsi, istiqaməti, xətti-hərəkəti proqram şəklində müəyyənləşdirilir, qəzetin vəzifə və məqsədləri göstərilirdi. Bundan başqa, qəzetin “Əkin və ziraət xəbərləri”, “Elm xəbərləri” şöbələrində heyvandarlıq və əkinçiliyə dair maarifləndirici materiallar öz əksini tapırdı. “Təzə xəbərlər” adlı şöbədə isə sayca çox, həcmcə yığcam siyasət, məhkəmə, ticarət, tibbi məsələlərə dair oxunaqlı yazılar işıq üzü görürdü. Qəzetin maraqlı çıxmasında dövrün tərəqqipərvər ziyalıları - S.Ə.Şirvani, N.Vəzirov, M.F.Axundov, Ə.Gorani, M.Dərbəndi, Əhsənül-Qəvaid yaxından iştirak edirdi. Həmçinin, qəzetin yayılmasında dövrün ziyalıları çox maraqlı idilər. “Əkinçi” öz mötəbər heyəti ilə dövrün bütün çatışmazlıqlarını ifşa edir, “ifrat adətlərə görə pıçıltını eşitməyən yuxulu insanları qamçı ilə oyatmağa” cəhd edir, mədəni geriliyi, avamlığı, fərdiyyətçiliyi tənqid atəşinə tutur, habelə maarifçi yazılarla çıxış edirdilər. Bununla da, “Əkinçi” qəzeti “...Sanki ordusuz hücuma keçən bir komandanın sıyrılmış qılıncına bənzəyirdi. Bu qılıncla Həsən bəy avamlıq və cəhalətin qara pərdələrini yırtmaq, xalqına işıq yolu açmaq arzusunda bulunurdu”.

 

Millət yolunda xidməti özü üçün amala çevirən qəzet bütün var-qüvvəsi ilə xalqın maariflənməsi, demokratik inkişafı, ana dilinə bağlılıq və sair məsələlər uğrunda mücadilə aparırdı. Bu mübarizə çox çəkmədi. Gerilik tərəfdarları və siyasi düşmənlər xalqın maarifçi qəzeti olan “Əkinçi”nin 1879-cu ilin sentyabrında bağlanmasına nail oldular. Ancaq bununla belə, bu qəzet öz iki illik fəaliyyəti, idealları, müqəddəs vəzifələri ilə özündən sonrakı nəsillərə örnək və miras oldu. Bu yolu davam etdirən maarifpərvər insanlar ilk milli mətbu orqanımızın davamçıları “Ziya”, “Ziyayi Qafqaziyyə”, “Kəşkül”, “Kaspi”, “Həyat” “İrşad”, “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Füyuzat” və digər mətbuat orqanlarının yaranmasına nail oldular. Beləliklə, Azərbaycanda milli mətbuatçılıq ənənələri yarandı və inkişaf etdi. Demokratik mətbuatın inkişafında bu ənənələri “Molla Nəsrəddin” və “Füyuzat” daha da inkişaf etdirib zənginləşdirdil. Bu inkişafın nəticəsində isə dərin və möhkəm mətbuat ənənələri formalaşdı. “Əkinçi”dən “Molla Nəsrəddin”ə, “Molla Nəsrəddin”dən “Azərbaycan”a mühüm bir mətbuat yolu başlandı ki, bu da öz növbəsində Azərbaycanda demokratik fikrin inkişafı, milli istiqlal təfəkkürünün formalaşması və mədəni dəyişikliklərin baş verməsində böyük hadisə oldu. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir”. Bu baxımdan Heydər Əliyev milli mətbuatımızın sələfi ilə xələfini, yaradanları ilə davamçılarını əlaqələndirərək müasir cəmiyyətdə söz haqqına və demokratik hüquqlara cavab verən milli mətbuatın formalaşmasına şərait yaratdı. Ümummilli liderimizin səyləri sayəsində jurnalist peşəsi və mətbuatçılıq fəaliyyəti özünün həqiqi mahiyyətini tapdı. Ümummilli liderimiz Heydər Əliyev Milli Mətbuat Günü münasibətilə mətbuat işçilərinə ünvanladığı müraciətində də mətbuat işinin ciddiliyini, onun milli inkişafda olan yerini və rolunu, jurnalist peşəsinin çətinliyini həssas münasibətlə ifadə edərək deyirdi: “Azərbaycan mətbuatı çox zəngin və şərəfli inkişaf yolu keçmiş, xalqımızın həyatının bütün sahələrinin istək və arzularını daim öz səhifələrində əks etdirmiş, milli şüurun, mənəviyyatın, mədəniyyətin formalaşmasına və inkişafına güclü təkan vermişdir. ...Bu gün Azərbaycanda çoxşaxəli mətbuat və informasiya sistemi yaradılmışdır. Hazırda bütün respublika ərazisini əhatə edən yüzlərlə kütləvi informasiya şəbəkəsi, teleradio şirkətləri, qəzet və jurnallar azad surətdə fəaliyyət göstərir, jurnalistika elmi sürətlə inkişaf edir”. Ümummilli liderin bu diqqət və qayğısı sayəsində insan haqları və söz azadlığına dayanan Azərbaycan demokratik mətbuatının inkişaf etdirilməsi üçün ölkəmizdə müxtəlif əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” 6 avqust 1998-ci il tarixli Fərmanı ilə milli demokratik mətbuatın inkişafına buxov olan Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin ləğv edilməsi böyük nailiyyət idi. Habelə, 7 dekabr 1999-cu il tarixdə imzalanmış “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanuna əsasən Azərbaycanda mətbuat orqanlarının dövlət qeydiyyatı ləğv edilmiş, mətbuat orqanlarının təsis olunması prosedurası xeyli asanlaşdırılmışdır. 2000-ci ilin martında “2000-2001-ci illərdə Kütləvi İnformasiya Vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi də əhəmiyyətli islahat dəyişiklikləri ilə müşayiət edilmişdi. 2002-ci ilin mayın 11-də ulu öndərin imzaladığı “Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında” fərman KİV və milli mətbuatın inkişaf etdirilməsi və dünyəvi dəyərlərlə yenidən qurulması istiqamətində ən əhəmiyyətli tarixi sənədlərdən biri hesab edilməlidir. Bütün bunlar isə Azərbaycanda ulu öndər Heydər Əliyevlə müəyyənləşmiş milli siyasətin qarşısında milli mətbuatı inkişaf etdirmək, onu beynəlxalq tələblərə uyğun formalaşdırmaq məqsədi dayadığını aydın təzahür etdirir. Bu gün bu konsepsiya böyük siyasətçinin layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elə bu məqsədlə də “Hər bir demokratik cəmiyyətin formalaşmasında, güclənməsində mətbuat mühüm rol oynayır. Artıq Azərbaycanda müstəqil mətbuat formalaşıbdır. Bu, cəmiyyətin inkişafı üçün çox lazımdır”, - deyən Prezident İlham Əliyev mətbuat nümayəndələrinin maddi rifahı və sosial həyat şəraitini yaxşılaşdırmaq məqsədilə çoxsaylı işlər həyata keçirmiş, media nümayəndələrinin qayğıkeş dostu kimi yadda qalmışdır.

 

Naxçıvan Muxtar Respublikasında da mətbuatın inkişafı həmişə diqqət mərkəzindədir. Həmişə dövlət qayğısı ilə əhatələnən mətbuat orqanları muxtar respublikada həyata keçirilən yenilənmə və quruculuq tədbirlərini, aparıcı hadisələri və sair informasiyaya çevirməklə ictimaiyyətə çatdırır. Naxçıvanda mətbuatın atası və ağsaqqalı “Şərq qapısı” qəzeti hesab olunur. 1921-ci ildən nəşrinə başlanılan “Şərq qapısı” qəzetinin milli mətbuat tələbləri çərçivəsində inkişafı da məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Vaxtilə yeganə mətbuat orqanı olan bu qəzetin ənənələrini davam etdirmənin nəticəsi olaraq müasir dövrümüzdə Naxçıvanda artıq kifayət qədər mətbuat orqanı fəaliyyət göstərməkdədir. İndi Naxçıvan Muxtar Respublikasının hər bir inzibati rayonunun fəaliyyət göstərən müstəqil mətbuat orqanı vardır. Bu mətbuat orqanları muxtar respublika mətbuatın inkişafına daha da rəng qatır, muxtar respublikanı əhatə edən ictimai, siyasi, mədəni və sair informasiyaların əhatəli emal olunmasına öz faydalarını verirlər.

 

Mətbuat orqanlarının inkişafına daim qayğı göstərilən muxtar respublikada bütün mətbuat orqanlarının redaksiyası yeni tələblər əsasında qurulmuş, jurnalistlərin fəaliyyətini daha da yaxşılaşdırmaq məqsədilə rahat, müasir iş şəraitləri yaradılmış, lazımi avadanlıq və müasir informasiya vasitələri ilə təmin edilmişlər. Yerli mətbuat orqanlarının çap keyfiyyətinin də səviyyəsi dəfələrlə qaldırılmış, günün tələbləri səviyyəsində zənginləşdirilmişdir. İndi rəngli çap edilən mətbuat orqanları öz keyfiyyətlərinə görə daha çox minnətdarlıq hissi doğurur. Bütün bunlara nail olmaq üçün “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin də fəaliyyət mexanizmi tamamilə yenidən qurulmuş, ən müasir avadanlıqlarla təmin edilərək poliqrafiya işinin keyfiyyətinin günün tələblərinə qovuşmasına nail olunmuşdur. Muxtar respublikamızda fəaliyyət göstərən “Şərq qapısı”, “Nuh yurdu”, “Yeni həyat”, “Oğuz yurdu”, “Arazın səsi”, “Şərurun səsi”, habelə NDU-nun “Yeni fikir” və başqa mətbuat orqanları muxtar respublikamızın gündəlik həyatının aydınlıq tutulan üzüdür.

 

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet  2017.- 22 iyul.- S.10.