Ədəbi irsimizin və tariximizin fədakar
tədqiqatçısı
İslam Sadıqla, yanılmıramsa, ilk dəfə 1991-ci ildə respublikanın ilk nəşriyyatlarından sayılan "Azərnəşr"də görüşüb tanış olmuşam.
O zaman
İslam bədii ədəbiyyat şöbəsinin müdiri
idi. İstedadı, ədəbiyyatın
bütün sahələrinə dərindən bələd
olduğundan kollektiv çox zaman onunla məsləhətləşərdi.
Onda nəinki görkəmli şairlərin,
nasirlərin, həmçinin elm adamlarının əsərlərini
də yüksək səviyyədə redaktə etmək
bacarığı var idi. Məhz
istedadının və bacarığının nəticəsi
idi ki, respublikada bir çox görkəmli qələm sahibləri
yazılarının redaktə olunmasını İslama həvalə
edirdilər. Xalq yazıçısı Elçin
"Aşıq ədəbiyyatında dünya obrazı" əsərinin
redaktorluğunu və əsərə ön söz
yazmağı təsadüfən İslama həvalə etməmişdi.
Çünki görkəmli yazıçı-alim İslam
Sadığı ədəbiyyatşünaslığın
bütün janrlarını kamil bilən redaktor kimi
tanıyırdı...
İslam Sadıq Tovuz rayonunun Samanlıq kəndində
anadan olub. İlk təhsilini də doğma kəndlərində
alıb. Məktəbdə oxuyarkən
kiçik həcmli şeirlər, hekayələr yazmağa
başlayır. Hələ
"sümüyü" bərkiməmiş şeirləri
"Pioner", "Göyərçin" jurnallarında
çap olunurdu.
İslam riyaziyyatçı olmaq istəyirdi. Bakı
Dövlət Universitetində qəbul imtahanı zamanı
üzləşdiyi haqsızlıq onu riyaziyyatçı
olmağa aparan yolu yarıda qoydu. Müsabiqədən
keçməyən İslam filologiya elminə deyil, bu dəfə kənd
təsərrüfatı institutuna üz tutdu. 1973-78-ci illərdə
Gəncədə S.Ağamalıoğlu adına
Kənd Təsərrüfatı institutunda təhsil
almasına baxmayaraq, bədii yaradıcılıq onu sakit
buraxmır, yazıları respublikanın müxtəlif mətbuat
səhifələrində dərc edilirdi. İslam kənd təsərrüfatı
sahəsində bir müddət işlədikdən sonra ikinci təhsil almaq qərarına
gəlir. 1980-ci ildə Moskvada Qorki adına Ədəbiyyat
İnstitutuna daxil olur. Burada oxuya-oxuya "Azərnəşr"ə
dəvət alır.
İ.Sadıq nəşriyyatda işlədiyi müddətdə
həm ona verilən əsərləri yüksək səviyyədə
redaktə edir, həm də yeni şeirlərini dövrü mətbuatda
dərc etdirirdi.
İ.Sadıq vətənini, xalqını sevən,
torpağına bağlı sənətkardır. Bu sevgi ona
ocağında böyüyüb boya-başa
çatdığı babası Sadıq kişidən
keçmişdir. Sadıq kişi
elin ağsaqqalı idi. Sadıq kişinin
ağsaqqallığını oğlu, İslamın atası
Hüseyn kişi davam etdirir. O, vətənin
ağır günlərində kolxoza rəhbərlik etmiş, kənd
camaatını aclıq çəkməkdən qorumuşdur.
Hüseyn kişi son tikəsini kəndin camaatı
ilə bölüşərdi. Məhz belə
ocağın istisində dünyaya göz açan İslam da
ilk şeirlərini vətənə, torpağa həsr
etmişdi. Düzdür, bu şeirlər
bir qədər zəifiydi, lakin fikir və düşüncələri
14 yaşlı bir gəncin düşündüyündən
yüksəkdə dururdu. Ona görə də
xalq məhəbbəti, vətən sevgisi, torpağa
bağlılıq onun şeirlərində öz əksini
tapmışdır. İslam həm də
vətənimizdə gedən hadisələrə heç vaxt
biganə qalmır, onları şeirlərində
işıqlandırmağı unutmur.
İllər bir-birini əvəz etdikcə İ.Sadıq
yaradıcılığı daha da itiləşmiş və
püxtələşmişdi. Onun yaradıcılığında
vətən məhəbbəti, torpaq sevgisi çox
güclüdür ki,
bəzən şeirlərində vətənin hər
qarışını qorumaqdan ötrü haray çəkir,
od püskürür.
Ata qeyrətidir
bir ovuc torpaq,
Qeyrəti güdaza vermək olarmı?!
Ana ismətidir
bir ovuc torpaq,
İsməti güdaza vermək olarmı?!
Şairin
qələmə aldığı misralar ağsaqqal nəsihəti idi.
O, bu misralarda vətənini sevməyə, torpağı
düşmən əlindən qurtarmağa
çağırır. Çünki torpaq
babalarımızın and yeri, qeyrət simvoludur. Torpağı olan, onu göz bəbəyi kimi qoruyan
xalq heç zaman dilənməməlidir.
İslam Sadıq xalqını sevən, vətəninin
hər bir qarışı üçün canını verməklə
yanaşı, hətta övladından keçməyə
hazır olan şairdir. Şairin misraları gəlişi gözəl
sözlərdən yaranmır, hər bir deyimi onun qəlbinin
ağrıları ilə yoğrulur.
Oğul
itirməklə dünya dağılmaz,
Beşini doğaram birinə əvəz.
Dünyada
bir ovuc torpaq doğulmaz
Bir ovuc torpağın yerinə əvəz.
Ona görə də şair ata qeyrətli, ana ismətli
torpağı övladdan uca tutur. Əgər övlad
yalnız bir ailənin sevimlisidirsə, torpaq bir elin sevgisidir.
Oğul itkisinə dözmək olar, lakin qoynunda
doğulduğumuz, boya-başa çatdığımız
torpağı nə itirməyə dözüm göstərməli,
nə də ona biganə qalmağa haqq verməliyik. Ona
görə də şair deyir:
Oğul kədərini
üzməyə nə var,
Torpağın kədəri üzülməz, oğul.
Oğul
itkisinə dözməyə nə var,
Torpaq itkisinə dözülməz, oğul.
İ.Sadıq bəzən adət-ənənəmizə
xor baxan, onu aşağılandıran şəxslərə
qarşı barışmaz mövqedə dayanır və
onları sərt tənqid etməkdən belə çəkinmir. Xüsusilə
də toy-düyünlərdə çalınan bayağı
havalarla yanaşı, xalqımızın ah-naləsindən,
kədərindən xəbər verən, onun
ağrılı-acılı anlarını xatırladan
mahnılara qol qaldırıb oynayanlara etirazını gizlətmir.
Hər hansı bir toy məclisində
"Yanıq Kərəmi”, "Laçınım", bəzən
də Azərbaycanın himninə oynayanlar onun səsini
eşitmək istəməyəndə şairin etirazı
yalvarmaq dərəcəsinə çatır. Bu
yalvarış acizlikdən, gücsüzlükdən yox,
öz xalqının irsinə olan dərin məhəbbətdən
irəli gəlir
Yanıb
külə dönmüş naz havasıdı,
Gülünü qar döymüş yaz havasıdı.
Göyləri
ağladan yas havasıdı,
"Yanıq
Kərəmi"yə oynama, nolar!
Əslinin
köksündə çıxan şimşəkdi,
Odu içimizə axan
şimşəkdi.
Kərəmi
yandırıb-yaxan şimşəkdi,
"Yanıq
Kərəmi"yə oynama, nolar!
İ.Sadığın yaradıcılığı xalq
poeziyası, folklor nümunələri ilə yoğrulub. O, folklor nümunələrinin
müxtəlif janrlarında "köhlənini" çapa
bilən sənətkardır. O, qələmə
aldığı şeirlərində qoşma, təcnis, gəraylı,
tapmaca, deyim kimi folklor nümunələrindən bir sözlə,
şifahi xalq ədəbiyyatının bir çox növlərindən
ustalıqla istifadə edir. Onun "Gah suya atırlar, gah oda,
neynim, Odda yanmaz, suda batmaz səsimi", "Durub cin atına
minərəm birdən", "Düymə tilsim, düymə
ruzu, düymə dən. Barmaqlarım yanır-yansın
düymədən", "Molla aşı
görüb quranı atır", "Balsız
barmağını yalayan kimdir?!" və sair misraları
İslamın yaradıcılığına xalq ədəbiyyatından
hopmuşdur.
XX əsrin axırlarında erməni nankorlarının
vətənimizə qarşı torpaq iddiasından sonra Azərbaycanda
xalq hərəkatı yaranmağa başladı. Bu hərəkatın
yaranması nəinki torpağımıza göz dikmiş ermənilərə,
həmçinin 70 illik imperiyaya qarşı xalqın etiraz
dalğası idi. Bu illərdə
İ.Sadıq qələmə sarılaraq tariximizin
qaranlıq səhifələrinə işıq tutur və rus
imperiyası tərəfindən müxtəlif yollarla
torpaqlarımızın hissə-hissə alınıb ermənilərə
verilməsi haqqında çox qiymətli kitab ərsəyə
gətirir. Bu kitabda, həmçinin ermənilərin
kimliyi, haradan gəlməyi, onların olmayan tarixi, mədəniyyəti
haqqında geniş məlumat verir. İslam hələ
Moskvada oxuduğu illərdə tariximizə kölgə
salmış bir çox "tarixçilər"in "tədqiqatlarını"
saf-çürük etmiş, xalqımızın sərvətlərinə
təcavüz edən imperiyanı və onun əlaltılarının
fəaliyyətini üzə çıxarmaq üçün
gərgin axtarışlar aparmışdı.
Həmin
illərdə ermənilərin bir-birinin ardınca
xalqımızı aşağılandıran, ona qarşı
yalanlar uyduraraq dünyanın hər yerində böhtan dolu
yazılarla çıxış etdiyi bir vaxtda, Azərbaycanın
"başbilənləri" susmağa üstünlük
verdiyi zamanda, xalq yalnız heç bir təsirə malik olmayan
mitinqlərdə çıxış etməklə özlərində
bir təsəlli tapırdı. Bu ağır günlərdə
İslam Sadıq vətəndaşlıq yanğısı ilə
"Susmaq qızıl
deyilmiş" adlı publisistik yazını
bitirir. Bu əsərlə o, nəinki ermənilərə,
hətta 70 illik imperiyaya qarşı açıq-aydın
döyüşə girirdi. Lakin təəssüf
ki, Azərbaycanda oturan "sapı özümüzdən
olan" ermənibaşlar bu kitabın çapına
qadağa qoydular. İslam həmin kitabı öz hesabına çap
etdirmək məcburiyyətində qaldı. Onu da əngəllədilər. Üstündən
bir neçə il keçib imperiya qorxuları
xeyli azalandan sonra "Azərnəşr"də
İslamın bu arzusuna dayaq duranlar tapıldı.
Kitabın nəşri həmin illərdə bir hadisə
kimi qiymətləndirildi. Çünki o
dövr üçün belə bir əsərin yaranması
vacib idi. İndiyə qədər bu
kitabın nə rus dilinə, nə də başqa xalqların
dillərinə tərcümə edilməməsi təəssüf
doğurur.
Keçən
əsrin 90-cı illərində İslam Sadıq "Fəryad",
"Azərbaycanın səsi" kimi qəzetlərə
başçılıq etmiş və orada dərc etdirdiyi, həmin
dövr üçün hadisə sayılan kəskin,
barışmaz yazılar ilə həmişə təqiblərə
məruz qalmışdı.
Təsadüfi deyil ki, həmin yazılarına görə
onu ailəsi ilə qorxutmağa cəhd etmişlər. Lakin
İ.Sadıq öz əqidəsindən dönməmiş, kəskin
yazılarını daha da "itiləmiş"di.
İ.Sadıq bədii yaradıcılıqla bərabər,
elmi yaradıcılıqla da məşğuldur. İslam qarşısına
qoyduğu məsələnin cavabını tapmaq
üçün günlərlə, aylarla, bəzən də
illərlə araşdırmalar aparır və həqiqiliyinə
tam əmin olduqdan sonra
qələmə söykənir.
O
şifahi xalq ədəbiyyatı janrlarında şeirlər
yazmaqdan əlavə, dünya folklorunun şah əsərlərindən
biri sandığı "Koroğlu" dastanını hərtərəfli
araşdırdı. Koroğlunun tarixi şəxsiyyət
olması haqqında bəlli olmayan tutarlı və
inandırıcı elm aləminə arqumentləri ilk dəfə
üzə çıxardı. "Koroğlu kim olub?" adlı əsəri uzun illərin
tədqiqatı nəticəsində meydana gəlmişdi.
Təsadüfi
deyil ki, son illərdə xalq ədəbiyyatının incisi
olan "Kitabi-Dədə Qorqud" və "Koroğlu"
dastanları haqqında yazdıqları bu elmi məntiqə
sığmayan bu müəlliflər hamının
susduğunu görüb daha çox qol-qanad açdılar.
İ.Sadıq elmə söykənən
araşdırmalarında, "Elmi təfəkkür
olmayanda...", "Kitabi-Dədə Qorqud: Sevgiyə
bükülmüş nifrət, yaxud qapqara işıqlar
içində apaydın qaranlıqlar" və bu kimi məqalələrində onlara
tutarlı cavablar verirdi.
Yuxarıda qeyd etdiyimiz kimi, İ.Sadığın
yaradıcılığı çoxşaxəlidir. O, bir tərəfdən
xalqının həyatını, vətənin
ağrılarını düşünüb şeirə
köçürür, digər tərəfdən qələmə
söykənib folklorumuzun az tədqiq
olunmuş sahələrini araşdırır. Təsadüfi
deyil ki, İ.Sadığın "Koroğlu kim olub",
"Şumerdə izim var", "Şumer ədəbiyyatı",
"Şumer və türk dastanları" adlı geniş həcmli,
qiymətli əsərləri, kitaba o qədər də isti
münasibət olmayan bir dövrdə hər birimizin
stolüstü kitabına çevrilməyə layiqdir.
İslam Sadığın bu fəal araşdırmalarının nəticəsidir ki, son iki əsrə yaxın bir zamanda min illər tarixi olan Şumer dünyası bir çox alimlərinin maraq dairəsində olsa da, onların araşdırmalarını hələ də qənaətbəxş hesab etmək çətindir. Bir-iki tədqiqatı çıxmaqla buna münasibət o qədər də qənaətbəxş deyil, elə bil Azərbaycanda şumeri "həzm edən" tapılmırdı. Onun həqiqi tarixini müəyyən etməyə heç kimdə elə bil cürət hiss olunmurdu. Səbəbi isə görünür, Şumer dünyasının qədimliyi və kifayət qədər tutarlı ədəbiyyatın olmaması idi.
Lakin bir qrup tədqiqatçılardan fərqli olaraq, İ.Sadıq "hamar" yoldan imtina etmiş və Şumer dastanları haqqında tədqiqatlarını davam etdirərək, xalqımıza hələ də qaranlıq qalan tarixi faktların açılmasına rəvac vermişdi. Bu baxımdan, o, "Şumerdə izim var", "Şumer ədəbiyyatı", "Şumer və türk dastanları" kitablarında bir çox qaranlıq fikirlərin üstünə işıq salmış, elmi əsaslarla maraqlı paralellər apararaq oxşar və eyni motivləri üzə çıxarmış Şumer və türk epik düşüncəsinin eyni qaynağa söykəndiyini göstərmişdir.
1970-ci illərdə ədəbiyyata gələn İslam Sadıq indiyə qədər 20-dən çox kitabın, respublikamızın, xarici ölkələrin mətbuat səhifələrində dərc edilmiş yüzlərlə elmi, elmi-publisistik məqalələrin müəllifidir. Biz inanırıq ki, bundan sonra da görkəmli şair, publisist, alim İslam Sadıq öz bədii, elmi, publisistik yazıları ilə bizi sevindirəcək.
Qeyd edək ki, bir neçə il bundan öncə İ.Sadıq şəxsi sənədlərini Dövlət Ədəbiyyat və İncəsənət arxivinə təhvil verməkdə çox böyük təşəbbüs göstərib. Artıq arxivin əməkdaşları bu qiymətli sənədlər üzərində işini başa çatdırıb, oxucuların və tədqiqatçıların ixtiyarına verib. Fondda İslam Sadığın indiyə qədər üşıqüzü görməmiş yazıları saxlanılır. Ümid edirik ki, gələcəkdə İ.Sadığın bədii yaradıcılığı və elmi tədqiqatı ilə yaxından tanış olmaq istəyən araşdırmacılara Dövlət Ədəbiyyat və İncəsənət arxivində onun şəxsi sənədlərini mühafizə edən 708 saylı fondu istiqamətverici yol olacaq.
Aslan KƏNAN
525-ci qəzet 2017.- 25 iyul.- S.6.