Qurub-yaratmaq eşqi - Sadıq Murtuzayev - 90
Bu gün görkəmli partiya-dövlət xadimi, filoloq alim, ədəbiyyatımızın mahir bilicisi, kənd təsərrüfatının bütün sahələri üzrə dərin biliyə malik insan, daim qurub-yaratmaq eşqiylə yaşayan el ağsaqqalı Sadıq Murtuzayevin 90 yaşı tamam olur.
Sadıq
Murtuzayev qırx ilə yaxın mühüm dövlət vəzifələrində
çalışıb, 31 il respublikanın müxtəlif
rayonlarında - Zaqatala, Abşeron, Şəki və
Ağdamda Partiya Komitəsinin
birinci katibi vəzifələrində işləyib, bir dəfə
SSRİ, altı dəfə Azərbaycan SSR Ali Sovetinin
deputatı seçilib, iki dəfə Lenin ordeni və onlarla
digər orden və medallarla təltif edilib. S.Murtuzayev
ondan çox kitabın müəllifidir.
Sadıq
Murtuzayev 1927-ci il iyul ayının 25-də
Qax rayonunun İlisu kəndinin Quzaylar məhəlləsində
Çoban Nəbinin ailəsində dünyaya göz
açıb. Adını ulu peyğəmbərimizin
şərəfinə Məhəmmədsadıq qoymaq istəyiblər.
Lakin o dövrün qadağaları imkan vermədiyindən
Sadıq qoyublar.
Sadıq müəllim özü danışır ki,
Allahın nəzəri həmişə onun üstündə
olub, neçə dəfə Allah onu ölümdən
qurtarıb. Beş yaşında ayağına qarayara
çıxıb, həkimlər çarə tapa bilməyiblər.
Axırda Calal adlı heç bir təhsili olmayan ara həkimi el təbabəti yolu ilə
yaranı sağaldıb. Doqquzuncu sinifdə
oxuyanda isə o, qara qızdırmaya tutulub. Təsəvvür edin, müharibə
vaxtıdır, hər yerdə aclıq, dava-dərman yox.
Yenə ara həkimi Calal köməyə
çatır və xəstəni el təbabəti ilə
müalicə edir. El həkimi Calal haqqında bu
gün Qaxda əfsanələr dolaşır. Hətta onun şərəfinə Qaxbazarda abidə
də ucadılıb.
Yenə özü danışır, balaca Sadıq yeddi
yaşından zəhmətə qatlaşmalı olur. Hər gün
dərsdən sonra meşəyə gedir, odun yığır,
həyat-baca işləri ilə məşğul olur, ailəyə
dayaq durur. Bir qış günündə atası Nəbi
kişi dünyasını dəyişir. 13 yaşlı Sadıq qışın soyuğunda
bacısının əri Mahmudla birlikdə atasına məzar
qazır. İki il sonra isə
anası qaraqızdırmadan vəfat edir. Amma
valideynlərini itirsə də, Allahın nəzəri həmişə
üstündə olub, ən çətin vəziyyətlərdən
çıxış yolunu məhz böyük yaradana
sığınmaqla tapa bilib.
Anasını itirdikdən sonra 15 yaşlı Sadıq
qardaşı ilə birlikdə ərinin qara kağızı
gəlmiş bacısı Qızyetərin himayəsində
qalır. Ailənin
ağır yükünü azaltmaq üçün hər
gün səhər tezdən meşəyə gedib iki
böyük bağ odun yığıb gətirir, bir bağ
odunu dayısının müdir olduğu çörəkxanada
bir kiloqram çörəyə dəyişir, o biri
bağını qışa tədarük məqsədi ilə
evə gətirir. Amma bu yükün altında
balaca Sadıq dərslərinə də ciddi yanaşır, əla
qiymətlərlə oxuyur. Təsadüfi
deyil ki, məktəbdən qızıl medala təqdim olunan
yeganə şagird də elə Sadıq Nəbi oğlu olur.
Lakin məktəbin direktoru qızıl
medalı öz qızına verir. Bu hadisə
uzun illər onun qəlbini ağrıdıb kövrəldir,
haqsızlığı unuda bilmir.
Pedaqoji institutun dil-ədəbiyyat fakültəsinə
imtahansız qəbul olunur. Tələbəlik illəri
çox çətin keçir. Dil-ədəbiyyat
fakültəsinə 86 nəfər qəbul olunsa da, fakültəni
cəmi 22 nəfər bitirə bilir. Ali məktəbi
bitirib Zaqatala pedaqoji texnikumuna təyinat alır.
Sadıq müəllim üçün dünyada ən əziz,
ən qiymətli şey ailə həyatı olub. Ali məktəbi bitirəndən
bir il sonra həyatının ən
xoşbəxt illəri - ailə həyatı dövrü
başlayır. Həyatında ona həmişə
dayaq, işıq, nur olan Kəlimət Zakir qızı ilə
ailə həyatı qurur. Bir il sonra
ilk övladı Nizami doğumu ilə evə işıq, nur,
hərarət gətirir. Sonrakı illərdə
Kəlimət ana Sadıq üçün daha iki oğul və
bir qız dünyaya gətirir.
Mən bu ailəni uzun illərdir, tanıyıram. Kəlimət
xanım Sadıq müəllim üçün hava və su qədər
əziz idi.
1952-ci ildən Sadıq müəllimin həyatında
partiya-dövlət orqanlarında fəaliyyət mərhələsi
başlayır. Əvvəlcə Zaqatala rayon Partiya Komitəsində
təşkilat, sonra təbliğat və təşviqat
şöbəsinin müdiri işləyir. Elmi yaradıcılığa olan sönməz
ehtirası paralel olaraq onu aspiranturaya gətirir. Aspiranturanı bitirməmiş elmi işini başa
çatdırır.
S.Murtuzayev 1956-cı ildə Zaqatala rayon Partiya Komitəsinin
ikinci katibi seçilir. Bir qədər sonra namizədlik
dissertasiyası müdafiə edərək elmlər namizədi
alimlik adı alır. Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli
Axundov onun bu işini alqışlayır, digər partiya
işçilərinə nümunə göstərir. Sadıq müəllim tez-tez respublika mətbuatında
aktual mövzularla çıxışlar edir.
1959-cu ildə Zaqatala rayon Partiya Komitəsinin birinci katib
seçilən S.Murtuzayev cəmi ilyarım sonra SSRİ Ali
Sovetinın deputatı olur və Sov.İKP-nin XXII
qurultayına nümayəndə seçilir, Lenin orderinə
layiq görülür.
1962-ci ildə Azərbaycan KP MK-nın ideologiya
şöbəsinin müdiri, 1963-cü ildən 1990-cı ilin
sonunadək Abşeron, Şəki, Ağdam və yenidən
Abşeron rayonlarının birinci katibi vəzifələrində
çalışır. O, eyni zamanda 30 ilə yaxın Azərbaycan KP MK-nın
üzvü, Sov.İKP-nın XXII, XXIII qurultaylarının və
XIX Ümumittifaq Partiya Konfransının nümayəndəsi
olur. O, 1979-cu ildə Liviyada, 1989-cu ildə Danimarkada Azərbaycan
günləri keçirilərkən respublika nümayəndə
heyətinə başçılıq edir.
Sadıq Murtuzayev respublikada heyvandarlığın,
bağçılığın sənaye əsaslarına keçirilməsinin
təşəbbüskarı olub. Dünyada ikinci,
SSRİ-də isə birinci olaraq Ağdamda Çörək
muzeyinin yaradılması, ilk Muğam məktəbinin,
Muğam teatrının təşkil olunması da onun təşəbbüsü
ilə reallaşıb. O, beynəlxalq dostluq əlaqələrinin
möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə
görə Bolqarıstan Xalq Respublikasının Razpad şəhərinin
fəxri vətəndaşı seçilib, Yubiley medalı ilə
təltif olunub. O, akademik İmam Mustafayevlə birgə
yazdığı "İmam Şamil" kitabına görə
Beynəlxalq İmam Şamil Mükafatları Komitəsinin
Böyük qızıl medalına layiq görülüb.
Sadıq
Murtuzayev təqaüdə çıxdıqdan sonra Azərbaycan
Müharibə və Əmək Veteranları Şurası sədrinin
müavini seçilib, Veteran Müəssisələri
Respublika Birliyinin sədri olub, Azərbaycan Kəndli Təsərrüfatları
Ittifaqı İdarə heyətinin ilk sədri, Respublika
Ağsaqqallar Şurası sədrinin birinci müavini
seçilib.
Sadıq müəllimin xidmətlərini,
gördüyü işləri saymaqla bitmir. Təsadüfi
deyil ki, mən yazımın əvvəlində onu ədəbiyyatmızın
mahir bilicisi kimi təqdim etmişdim. Sadıq müəllimin
dilindən saatlarla Nizami, Füzuli, Nəsimi, Sədi, Hafiz,
Ömər Xəyyam, Vaqif, Puşkin, Məhəmməd Hadi,
Sabir, Səməd Vurğun, Süleyman Rüstəm, Osman Sarvəlli,
Məmməd Araz, Bəxtiyar Vahabzadə, Seyran Səxavət,
Tofiq Fikrət, Mehmet Akif Ərsoy kimi söz adamlarının
şeirlərini eşitmək, onların misralarının,
beytlərinin şərhini, izahını dinləmək bir
ayrı zövqdür.
Bu yerdə Sadıq müəllimin Şəkidə
işlədiyi dövrdə baş vermiş bir hadisəni yada
salmaq istərdim. 1974-cü ilə Azərbaycanda Sovet ədəbiyyatı
ongünlüyü keçirilirmiş. Qonaqlar
üç gün Şəkidə qalırlar. Tədbirə SSRİ Yazıçılar
Ittifaqının katibi Mixail Lukonin rəhbərlik edirmiş.
Moskvaya qayıtdıqdan sonra "Literaturnaya qazeta"da Azərbaycanda
keçirilən ədəbiyyat günləri ilə
bağlı "Günəşli diyarda dostluq
görüşləri" adlı irihəcmli yazı ilə
çıxış edən qonaq Şəki təəssüratlarını
da bölüşür: "Şəkidən ayrılmazdan
bir gün əvvəl şəhərin çox səfalı
bir guşəsində qocaman Qafqaz dağlarının ətəyindəki
turist düşərgəsində rayon fəalları
qonaqların şərəfinə ziyafət təşkil
etmişdi. Bu adicə ziyafət deyildi. Mənim şahidi olduğum bütün poeziya
bayramlarından daha gur poeziya məclisi idi. Ona istiqamət verən şəhər Partiya Komitəsinin
birinci katibi, hamımızın sevimlisi olan Sadıq Murtuzayev
idi. Burada sağlıqlar gah rus, gah da Azərbaycan
dilində səslənən şeirlərlə müşayiət
olunurdu. S.Murtuzayev ancaq özünə xas
olan temperamentlə gah Puşkindən, gah da Səməd
Vurğundan şeirlər söyləyirdi. O, elə bil
biz şairlərlə yarışa
çıxmışdı və öz sənətsevərliyi,
həyatsevərliyi ilə hamımızı heyran qoymuşdu".
Mən
Mixail Lukonini heyrətdə qoyan o poeziya məclisinin
iştirakçısı olmasam da, o vaxt Sumqayıtda,
Şamaxıda, Bakıda, Neft daşlarında keçirilən
bir çox tədbirlərdə gənc jurnalist kimi iştirak
etmişəm və Sadıq müəllimin o tədbirlərdə
dərin ədəbi nitqlərinin şahidi olmuşam.
...Sadıq
müəllim Şəkinin Partiya Komitəsinin birinci katib
seçiləndə bu rayonu kənd təsərrüfatı
üçün ən perspektivsiz rayon
adlandırırdılar. Lakin qısa müddətdə
Şəki nəinki Azərbaycanda, hətta Ittifaq
miqyasında ən qabaqcıl rayonlardan birinə çevrildi.
Şəkidə
işləyərkən Sadıq müəllim
Gürcüstandakı bir maldarlıq təsərrüfatının
mal-qara kökəltmə məntəqəsinin işi ilə tanış olmaq üçün bu ölkəyə
səfərə gedir. Tədbirdə Azərbaycanın
başqa rayonlarından da nümayəndələr iştirak
edir. Tədbirin təşkilatçısı
Sov.İKP MK-nın Zaqafqaziya bölməsinin müdiri
Tişşenko olur. Baxışdan sonra
ziyafət gecə yarıya qədər davam edir. Lakin gürcü dostların və Bakıdan gələnlərin
təkidinə baxmayaraq, Sadıq müəllim gecə ilə
Şəkiyə qayıdır. Sadıq
müəllim bir neçə gün sonra Şəkidə
davam etdiriləcək tədbirlə bağlı elə
hazırlıqlar görür ki, sonradan bunların şahidi
olan Tişşenko Azərbaycan KP MK-nın Birinci katibi olan Heydər
Əliyevə öz heyrətini bildirir. Bundan
sonra Zaqafqaziya və respublika üzrə kənd təsərrüfatı,
heyvandarlıqla bağlı seminar və müşavirələrin
böyük əksəriyyəti məhz Şəkidə
keçirilir və bu rayonun təcrübəsi bütün
ölkəyə tövsiyə olunur. 1974-cü
ildə Şəki təcrübəsi əsasında
keçirilən seminar-müşavirəyə Azərbaycan KP
MK-nın Birinci katibi Heydər Əliyev şəxsən rəhbərlik
edir.
Sadıq
Murtuzayev 10 il Şəkidə
çalışdıqdan sonra o vaxt respublikanın ən
ağır rayonlarından biri sayılan Ağdama göndərilir.
Qısa müddət ərzində əhalinin,
ziyalıların və əmək adamlarının rəğbətini
qazanan Sadıq müəllimin rəhbərliyi ilə Ağdamda
xaruqələr yaradılır. Sadıq
müəllim o illəri xatırlayarkən deyir ki,
ağdamlılar işgüzar və sədaqətli
adamlardır, onlarla işləmək çox xoş idi.
Amma mənim bildiyimə və
çoxlarından eşitdiyimə görə, Şəkidə
və Ağdamda işləmək heç də asan məsələ
deyildi. Sadıq müəllim
işgüzar və tələbkar rəhbər idi. Gecə saat 12-də evə gələn birinci katib səhər
tezdən saat 4-də fermada qoyun yataqlarında olurdu,
çobanlarla, pambıqçılarla bir süfrədə
çörək kəsərək onların
qayğısına qalırdı. Sadıq
müəllimin Ağdamda işlədiyi illərdə əldə
olunan nailiyyətlər respublika rəhbərliyi tərəfindən
də yüksək qiymətləndirilir. Azərbaycan KP
MK-nın Birinci katibi Heydər Əliyev həmin dövrdə
iki dəfə Ağdama səfər edərək rayonda həyata
keçirilən quruculuq işləri ilə tanış
olur, zəhmətkeşlərlə və ağsaqqalarla
görüşür.
Sadıq Murtuzayev Ağdamda işləyərkən respublikada ilk və yeni olan "Axtarış" informasiya mərkəzini yaradaraq texnika elmləri namizədi Zirəddin Tağıyevi mərkəzə rəhbər təyin edir. Z.Tağıyev Yaponiyada informasiya texnologiyaları ilə bağlı bir neçə il təcrübə keçərək bu məsələləri hərtərəfli öyrənir. "Axtarış" informasiya mərkəzi 140 mövzuda axtarış aparıb ən müasir yeniliklər barədə məlumat vermək imkanına malik olur.
Sadıq müəllim Ağdamda işlədiyi dövrdə pambıqçılıq, üzümçülük və heyvandarlıq sahəsində böyük uğurlar əldə olunmuşdu. Rayonda kəhrizlərin bərpası, Ergi düzündə evlərin tikintisi, Abdal Gülablı, Şelli, Çənlibel, Əhmədağalı sağlamlıq mərkəzlərinin, çobanlar üçün Dəlidağ mədəni mərkəzinin tikintisi və digər tikinti-quruculuq işləri məhz onun rəhbərliyi altında aparılmış, Ağdam respublikanın ən qabaqcıl rayonlarından birinə çevrilmişdi.
Sadıq müəllim harada işləyibsə, həmişə xalqa arxalanıb və heç vaxt haqqı nahaqqa verməyib. Abşeron rayonunda birinci dəfə işə başlayanda bu rayon ərazisi və əhalisinin sayına görə respublikanın ən böyük rayonu idi. Bakının kəndlərinin əksəriyyəti bu rayonun tərkibində idi. Burada işlədiyi dövrdə Bakı bağlarının əmək adamlarına verilməsi, Xırdalanın abadlaşdırılması, Ceyranbatan gölünün ətrafında salınan meşə zolaqlarının qorunması, çox gəlir verən Terrarium təsərrüfatının yaradılması, Zəfəran sovxozunda istehsalın artırılması, Mehdiabad qəsəbəsinin salınması da məhz onun adı ilə bağlıdır. Sadıq müəllim Abşeronun geniş ərazisinə səpələnmiş onlarla kəndin hər birinin ağsaqqalını, sözükeçən adamlarını, ziyalılarını, təsərrüfat adamlarını şəxsən tanıyır, bu insanların hər biri ilə öz dilində danışmağa bacarırdı. Nardaran, Maştağa, Buzovna, Kürdəxanı, Goradil və digər kəndlərin ağsaqqalları Sadıq müəllimi bu gün də bir ağsaqqal olaraq öz məclislərinə dəvət edib yuxarı başda əyləşdirirlər. Mən özüm dəfələrlə bunun şahidi olmuşam. Təsadüfi deyil ki, Sadıq müəllim Ağdamdan Bakıya çağırılanda Abşeron ağsaqqalları yanına gələrək ondan rayona rəhbərlik etməsini xahiş etmişdilər.
...Haqqında danışıdığım, el ağsaqqalı, qiymətli ziyalı kimi böyük hörmət və ehtiram bəslədiyim Sadıq müəllimin - Sadıq Murtuzayevin bu gün 90 yaşı tamam olur. Bu mübarək gündə uca Allahdan ona verdiyi qalan ömrü can sağlığı ilə yaşamasını diləyir və ürəkdən təbrik edirəm.
Hacı Mehman
FƏRZULLAYEV
525-ci qəzet 2017.- 25 iyul.- S.4.