Nağıllara dönən insan
taleyi
AY Bəniz
ƏLİYAR
Şairə, Azərbaycan Yazıçılar
Birliyinin üzvü
... Fərqi yoxdur, müəllifi kimdir və o kitab nə haqqındadır,
bəzən əlinə
keçən bir romanı oxumaq istəyirsən.
Zamanın insana bəxş etdiyi hər nə varsa, o, qənimətdir. Qazandığı
təcrübə, yaşadığı
acılı-şirinli günlər,
sınaqdan çıxarılmış
və yaxud hər halında yanında gördüyü
dostlar və sairə... Bu dəfə
hər səhifəsində
həyatda tutduğu mövqedən asılı
olmadan insanlara dostluğun nə demək olduğunu aşılayan bir roman vardı masamda.
Yaşadığım rayonun və onun sakinlərinin bütün fərdi özəlliklərini bilməsəm
də, necə deyərlər, "hər
sabah işdən evə, evdən işə" prinsipiylə
yaşasam belə, mənim də dostluq haqda öz
düşüncələrim vardı. Yaddaşımın və beynimin
alt qatında saxlayıb
qoruduğum "dostluq"
anlamını bu romanı oxuyaraq ya darmadağın edəcək, ya da daha da
hifz edərək böyüdüb bərkidəcəkdim.
Təbii
ki, ikincisinin olmasını arzu edərək çox həvəs və diqqətlə kitabı vərəqləyib oxumağa
başladım. Kitabı oxuduqca
sanki Şabranın dar küçələrindən
çıxıb son illərdə
salınmış İpək
yolundan keçmək
üçün körpüyə
qalxırdım. Ordan üzü
şəhərə doğru
boylansan ürəkaçan
bir mənzərə ilə qarşılaşırsan.
Dağlara qalxmağa bir
neçə yerdən
yol olsa da, bu dəfə
sən də özünə bir yol açmaq iqtidarında olduğunu anlayaraq, dartına-dartına,
dirənə-dirənə öz
çığırını salmağa başlayacaqsan.
Bax, "Nağıl adam"ın qəhrəmanı olan Aydın müəllim də elə birnəfəsə o dağı
çıxmaq əzmində
olan bir obrazdır. Bəli, bu romanın ilk səhifələrindən şabranlılara
yaxın olan Aydın Tağıyevi əsərin
baş qəhrəmanı
kimi görməyə
başladıqca onu Şabran küçələrində
gəzən qoltuğunda
qara portfeli, sakit təbiətli, zahirən cüssəsiz bir insan kimi
yox, tanınmış
yazıçımız Novruz
Nəcəfoğlunun romanına
seçdiyi qəhrəmanına
dağdan ağır bir insan, yazıçı
kimi isə kiçik həcmli hekayələr ustası kimi görməyə başlayırsan...
Mən də o romanı oxuduqca qəhrəmanın
ucaldığı "dağa"
səhifələri vərəqləyə-vərəqləyə
qalxmalıydım...
Əsərin hər səhifəsi də bizim Şabranımızın
saf bulaqları kimi dumduru idi. İçdikcə doyulmayan sətirlərinin
dincini alıb arada bir dərindən
nəfəs almaq üçün sərin
"kölgəlikləri" də vardı. Hər addımbaşı hələ
ki, yurdumun gəzmədiyim, görmədiyim,
sadəcə adını
eşitdiyim obasından,
elindən keçir, səmimi, layiqli insanlarının evində,
ocağında qonaq olur, bərəkətli süfrəsində duz-çörək
kəsirdim.
Mən
"Nağıl adam" romanını
özlüyümdə, bax,
beləcə, oxuyurdum.
Oxuduqca romanın, necə deyərlər, "baş
qəhrəmanı"Aydın müəllimlə qiyabi yol yoldaşı olmaq da xoşuma
gəlməyə başlamışdı,
hərçənd ki,
müəllif bəzən
az qala
qəhrəmanını hamıya
"qısqanır". Öz müşahidələrimdən
çıxış edərək
deyə bilərəm
ki, Novruz müəllim bütün
sevdiklərinə qarşı,
yaxşı mənada,
həmişə belə
mühafizəkar bir mövqe tutur və bu mövqeyi
də ona olan sevgini birəbeş
artırır.
Yazıçının çox böyük səmimiyyət
və sevgiylə oxucusuna təqdim etdiyi "Nağıl adam"ın qəhrəmanı
da bundan əvvəl qələmə
aldığı "Bir
qış gününün
xatirəsi"nin, "Yollar
uzanan gün"ünün,
"Çarəsiz yolçu"sunun,
"Keçən cavan
çağım ola"sının
qəhrəmanları kimi
mətin, həyatın
sevincindən, kədərindən
çıxmış, sınaqlarına
dözmüş və
bərkimişlər tənində
idi. Bu romanda müəllifin aparıcı-seçmiş
bir dostun timsalında sədaqəti
və "dost" haqqında
ürək sözləri
hər bir oxucunu dərin düşüncələrə daldırır, nə yaxşı ki, həyatımızda dostlar
var...
Bu romanı əslində ballada da adlandırmaq
olar: dost və dostluq haqqında ballada! Və yazıçı uzun illərdən bəri tanıdığı, dost bildiyi
Aydının timsalında
əslində bütün
dostlarına qarşı
nə vaxtdan bəri qəlbindəki xətir-hörmətini izhar
edir. Əsərdə
təkcə bir dost obrazı yoxdur, burda bütün Şabrana və yazıçını əhatələyən
ədəbi mühitə
gümüş arxalı
ayna tutulmuş, zərgərcəsinə dostluq
lövhələri cilalanıb
işlənmişdir.
Bəzən adladığın yollara,
keçdiyin küçələrə
dönüb baxmaq gəlir içindən. Dostlarının da həyatı, taleyi, sevincləri və kədərləri də səninlə bərabərdir o yollarda.
Bəzən bir masada çörək
kəsdiyin adamla o qədər doğmalaşırsan
ki, sanki o insanın ruhu köçüb ruhuna. Sonra zaman keçdikcə bir daha o dostu
yanında görmək
istəyirsən. Həmsöhbət olmaq üçün haradan-hara getmək xülyası dolaşır
beynində. Heç
nəyin könlünün
ovutmadığı bir
vaxtda üzünü
ağ vərəqlərə
tutursan... O vərəqlər
də bəzən haya yetməyə bilir. Xatirələr də belədir.
Bir zaman etdiklərinin nə vaxtsa özünə qayıdacağı bir dünyadır yaşadığımız
bu dünya...
Yazıldıqca çözələnir "Nağıl adam"ın
müəllifinin öz
xatirələri də.
Yazıçı qəhrəmanının ata ocağını təsvir etdikcə öz ata ocağını,
taleyini xatırladıqca
öz keçdiyi ömür yolunu xatırlamaya bilmir. Hətta Aydın müəllimin dostlarından yazanda belə, öz dostlarını xatırlamağı
da unutmur. Bu isə yazıçının
səmimiyyətdən doğan
bir keyfiyyətdir ki, romanı daha da şirinləşdirir.
Həyatda hisslərin və xəyalların dəyişdiyi
bir məqam olur əslində. Ona qarşı
çıxdıqca insan
özünə rahat olanı və qəlbinə sakitlik gətirəni qəbul edir. Xatirədən-xatirəyə, rəvayətdən-rəvayətə,
sətirdən-sətirə keçdikcə ürəyindən
sevgi, gözlərindən
işıq qataraq yoğurduğu hər əsər yazıçının
əslində elə öz dünyasının
daxili təlatümlərinin
izharıdır. Yaxşı
və ağır günlərimizdə sevincimizi
bölüşə bildiyimiz,
kədərimizi paylaşa
bildiyimiz dostlar...
Şeirləri və məktubları
çox sevdiyim üçün romandakı
həmin fəsilləri
az qala
nur kimi göz bəbəklərimə
səpməyə başladım.
Yazıçı lerikli
adaşı dostunun bizim "qəhrəmana"
yazdığı məktublarının
nöqtəsinə, vergülünə
toxunmadan onları öz romanında sığallamış, əzizləmiş,
bir oxucu gözü ilə, düşünürəm ki,
elə mənim kimi "öpüb" oxşaya bilmişdi. Həqiqətən də Aydını, "özü
və sözü"
ilə aydınca təsvir edərək, bəlkə də ədəbiyyatımızda hələ
ki, az-az yazılan dostluq və qardaşlıq mücəssiməsi sayıla
bilən, iki yazıçının arasında
bu qədər dərin bağlılığı
sübut edən və etibara, sədaqətə zərrə
qədər güman və şübhə yeri qoymayan bir
əsər yarada bilmişdir. Müəllifin insanlara sevgisi
dostunun dostlarına olan sevgilərini də canlandırmağı
bacarıb. Bu roman vasitəsi ilə biz oxucular da Aydın
Tağıyevə gələn
məktubların cavabını
elə müəllifin
bu romanında tapırıq. Çünki aldığımız məktuba
cavab verməyə nə qədər özümüzü borclu
biliriksə, bu romanda da oxuduğumuz
məktubların içində
bütün suallarımıza
cavab tapırıq.
İnsan
bəzən özünə
dost, yoldaş seçməkdə
çətinlik çəkir.
Bu bəlkə də bir normal haldır. Amma "Nağıl adam"ı
oxuduqca oxucuda elə gözəl bir duyğu yaranır ki, sanki bu dünyada
ən gözəl dostlar və yoldaşlar müəllifin
taleyinə düşüb.
Ümid edirəm ki, romanı oxuyan hər bir səmimi
oxucunun qəlbində,
yaxşı mənada,
bir paxıllıq və qibtə hissi oyanacaq.
Aydın müəllimin həyat yolu da hekayələri kimi çox rəngarəng və maraqlıdır. Real həyat həqiqətləri nəql olunduqca insan torpağına, daşına, hətta dünyadan köçmüş əzizlərinə olan dəyərin bu qədər necə uca tutulmanın şahidinə çevirilir və özü də həmin qəhrəmanın obrazında həyatı yaşamağı öyrənmək istəyir. Bir qarışqanı incitməyə qıymayan insan ürəyi var bizim qəhrəmanda, qonaqpərvərliyi, dostlara sədaqəti, sözübütövlüyü ilə tam bir "nağıl adam"dır Aydın müəllim.
Müəllif əslində bizim Şabranda "bənnası" da, necə deyərlər, memarı da özü olan "Poeziya ocağı"ndan da söz açmışdı bu romanda. Qeyd etməliyəm ki, romanda öz adıma rast gələcəyimi heç düşünmürdüm, həmin sətirləri oxuduqca qəlbimə fərəh hissləri dolurdu...
Nəsrin içində şeir parçalarının xüsusi ustalıqla seçilib yerləşdirilməsinin oxucuya yaşatdığı bir ayrı zövqü vardır. O parçalar nəsrdə mənim üçün "nəfəslik" rolunu oynayır. Onları xüsusi bir özəlliklə oxuyub yaddaşıma köçürə bilirəm. Zümzümədir, bayatıdır, layladır o şeirlər. İnsanı həm duyğulandırır, həm yaşadır, həm də özü ilə çəkib aparmağı bacarır. Yazıçının nəsr dili isə özünəməxsusdur, məncə, bunun üçün bizim qəhrəmanın "qartalla görüş" hissənini oxumaq kifayət edir.
Kitabdakı fəsillərdən birindəki kimi "Ömrü nurlu insanlar" bu həyatı özləri üçün yaşamırlar. Əslində onlar bu həyatı özlərinə yük edib çəkib aparmaqla məşğul olurlar. Sevdiyi insanlara - dostu öz mənləri kimi qəbul etdiklərinə və onu özünə dost bilənlərə ithaf olunan bu bioqrafik romanla Novruz Nəcəfoğlu ürəyinin dərinliklərində gəzdirdiyi ən gözəl və saf hisslərini sözlərə çevirə bilib. Kaş ki, bizlərdə bizi özünə dost bilənlərə bu qədər sədaqətli, etibarlı olaq və dostları yaddaşımızda belə yaşada bilək.
"Dosta vəfası olmayanın haqqa vəfası olmaz",- deyib Həzrəti Mövlana.
İnanmıram ki, bu romanı oxuyan hər hansı bir oxucu sətirlər arasında özünü-dostunu tapmasın. Gözəl yazıçı və ələlxüsus da dəyərli insan kimi Novruz Nəcəfoğluna və romanın qəhrəmanlarından birinə, Aydın Tağıyevə sözün ömrü qədər bu romanın işığında əfsanələşən, nağıllaşan, dastanlaşan bir dostluq arzu edirəm...
525-ci qəzet 2017.- 27 iyul.- S.8.