Din və məhəbbət
- faciələrə aparan ziddiyyət
Telman ORUCOV
(Əvvəli ötən şənbə
saylarımızda)
Eloiza, mən ümid edirəm ki, sən keçmiş həyatının
qaydasızlıqlarına görə peşman olduqdan sonra
“möminlərin ölümü ilə öləcəksən”. Eşit, Xilaskar nə
demişdir: “Mənim uşağım, özündən imtina
et, öz Xaçını götür və
mənim arxamca gəl”. Eloiza, sən şübhə
edirsənmi? Sənin belə zəif olan
könlün sevinmirmi? Onun mərhəmətindən
xoşun gəlmədiyinə görə, O, səni məzəmmət
edəcəkdir. Sənə əzabları
nümayiş etdirəcəkdir.
Eloiza, günahkarlar üçün cəza
hazırlanmışdır. Mən həmin qorxulu əzabların
təsvirini sənə bildirməyə cəsarət etmirəm,
həmin əzablar təsvir olunan hərəkətlərin nəticəsi
olur. Onlar özlərini mənim təxəyyülümə
təqdim edəndə mən dəhşətə gəlirəm.
Yer üzərində gördüklərimiz od
ancaq onların yandırdıqları odun kölgəsidir. Mənim
Allahım, biz Səni incitməyə cəsarət edərikmi?
Eloiza, məni
tərk et, həm də həmişəlik
öz ürəyindən də - bu, sənə verə biləcəyim
ən yaxşı məsləhətdir. Nəhayət,
sənin həyatın Xristə xoş gələn olsa,
ölüm sənin üçün arzulanan bir şey
olacaqdır. Sənin ruhun bədənini sevinclə
tərk edəcəkdir və onun uçuşu birbaşa
göylərə istiqamət götürəcəkdir. Onda sən öz Xilaskarının
qarşısına əminlik qaydasında çıxacaqsan.
Eloiza, əlvida, bu, sənin əziz Abelyarının
sonuncu məsləhətidir. Axırıncı dəfə
qoy İncilin idarəetməsinə əməl etməyə səni
inandırım. Göylər sənə
bir vaxt mənim məhəbbətimlə hissiyyatlı olan bir
ürək bəxş etmişdi, indi isə o mənim ciddi-cəhdimlə
istiqamətlənməyə tabe olacaqdır. Səni sevən
Abelyarın ideyası, ola bilər ki, daim sənin
ağlında olacaqdır, indi onu, səhvindən peşman
olan bir Abelyarın təsviri ilə dəyiş və sən
öz xilasın üçün çoxlu göz yasları
axıda bilərsən, necə ki, sən bunu bizim bədbəxtliklərimiz
üçün etmişdin.
Keşiş
atanın xəyanəti oğlunu
məhvə aparır
İngilis yazıçısı Etel Lilian Voyniçin
XIX əsrin sonlarında yazdığı “Ovod” romanı
qısa müddətdə məşhurlaşmış, rus
yazıçısı F.M.Dostoyevskinin xristian dinini təbliğ
edən əsərlərinə kəskin bir cavab kimi meydana
çıxmışdı. Dostoyevski insanların
xoşbəxtliyini xristian dininin zəfərində
görürdü, Voyniç isə xristian kilsəsinin xalqa
deyil, hakimiyyət dairələrinə qulluq göstərməkdə,
zülmə qarşı mübarizə qüvvələrini
sarsıtmağa cəhd etməkdə ittiham edirdi. Əsərin
qəhrəmanı Artur - Ovod italyanların Avstriya
ağalığına qarşı mübarizəsinə
qoşulmaqla yanaşı, kilsəni, din xadimlərini
addımbaşı ifşa edir. Axı o,
özü də keşişlərin xəyanətindən
ağır əzablar çəkmişdi. Keşiş olan bioloji atasının və onun
silahdaşının xəyanəti nəticəsində həbs
olunmuş, sıralarında mübarizə apardığı
gizli təşkilata ağır zərbə dəymiş, buna
öz səhvinin səbəb olduğunu anladıqda,
özünü intihar edən kimi qələmə verərək,
gizli surətdə İtaliyadan Cənubi Amerikaya
qaçmışdı. Burada o, Dante cəhənnəminin
doqquz dövrəsindən keçmiş, günlərlə
ac qalmış, şəkər qamışı
plantasiyalarında qul kimi işləmişdi.
Romanın “Ovod” adını müəllif böyük
yunan filosofu Sokratın tarixçəsindən
götürmüşdü. Afina hakimiyyətinin üzvləri
onların qüsurlarına qarşı çıxış
etdiyinə görə onun ölüm cəzasına məhkum
olmasına nail olmuşdular. Məhkəmədə
müdafiə qaydasında çıxış edən Sokrat
özünü Ovoda - mozalana bənzətmişdi.
Mozalan tənbəl, yavaş tərpənən atı öz
sancmaları ilə cana doydurur, onu sürətlə
hərəkət etməyə məcbur edir. Sokrat
da afinalılarla belə davranırdı. Romanın
qəhrəmanı da yunan filosofu kimi öz əqidəsinə
sədaqəti ilə fərqlənir. İngilis
Artur Berton ovod-mozalan kimi italyanların yadellilərin
ağalığına dözən əksər hissəsini
Avstriya işğalçıları ilə mübarizəyə
səsləyir.
Artur çox gənc yaşlarından inqilabi qrupa
qoşulur və oradakı iştirakını universitetdəki
sevimli müəllimi kimi Montanelliyə danışır. Keşiş
öz doğma oğlu olan Arturu təhlükədən
uzaqlaşdırmaq məqsədilə kilsədə tövbə
etməsini məsləhət görür və Artur onun
kolleqasına öz qısqanclığı barədə
etirafını söylədikdə, təşkilatın rəhbəri
Covanni Bollanın adını çəkir. Axı onların hər ikisi mübarizə qrupunun
üzvü olan gözəl Cemmaya vurulmuşdu. Çox keçməmiş həm Artur, həm də
Bolla həbs edilir. Həbsdən azad olan
Artura keşişlə söhbətdə təşkilatı
satdığı və ona görə də həbs
olunduqları aydın olur. Həm də bu
vaxt o, Montanellinin oğlu olduğunu öyrənir. (Britonların V-VI əsrlərdə
yarıməfsanəvi kralı olmuş Arturun adı da yəqin
ki, uşağa bu biabırçılığı
ört-basdır etmək üçün qoyulubmuş-məqalə
müəllifi). Ögey qardaşı ona ölən anasının
keşişlə birgə imzaladığı ərinə
ünvanlanan etiraf məktubunu göstərir. Artur üstünə yağan bədbəxtliklərdən
qaçmaq üçün şlyapasını kanala atmaqla
özünə qəsd etməsi səhnəsini yaradır və
gəmi ilə Cənubi Amerikaya yollanır. 13 il sonra İtaliyaya qayıdıb, Rivares adı
altında yenə mübarizəyə qoşulur, Avstriya
işğalçılarına, katolik kilsəsinə,
birbaşa yepiskop Montanelliyə qarşı sərt məzmunlu
pamfletlər yazır. İnqilabçı dəstə
yeni qəsd hazırlayır və onun icrasını Artur
öz üzərinə götürür. Əməliyyat vaxtı isə həbs olunur. Bioloji atası, Montanelli həbsxanada onun yanına gəlir,
hər şeyi etiraf etməsini məsləhət
görür, onun xilas yolunu bunda görür. Lakin Artur atası qarşısında sərt bir
şərt qoyur. Keşiş öz
Allahından üz döndərsə, ona oğul
olacağına razılıq verəcəyini deyir. Yepiskop ona nə qədər yalvarsa da, Artur öz tələbindən
dönmür. O, hərbi-səhra məhkəməsində
mühakimə edilir və məhkəmənin hökmü ilə
güllələnir. Bu, həm də oğluna xəyanət
edib, sonra isə dinə sədaqətinə görə ondan
imtina edən Montanellinin mənəvi və fiziki sonluğuna
çevrilir.
Montanelli
oğlunun qətlinə görə dəli olur, kilsəyə
gələn dindarları adam yeyənlər,
meyitlə qidalanan quzğunlar adlandırır, onlara görə
oğlunu qurban verdiyindən şikayətlənir. O, dini rəmzi
döşəməyə çırpıb
sındırır. Bir neçə gün sonra
Lorentso Montanelli ürək partlamasından ölür.
Artur ilk dəfə keşişlər tərəfindən
aldadılmaqla, öz mübarizə yoldaşlarına xəyanətə
yol vermişdi.
Bu xəyanətin də bünövrəsini
guya nəcib məqsəd naminə birbaşa öz atası
qoymuşdu. Ata ikinci dəfə yenə ona
öz mübarizəsindən əl çəkmək barədə
yalvarırdı. Dinin aliliyinin öz xadimlərini
kölə vəziyyətinə salması belə
qeyri-humanist, hər cür əxlaqdan kənar münasibətlərə
və faciəvi hadisələrə gətirib
çıxarır. Bunun insanlığa zidd olduğunu
duyanlar az sayda olsalar da, onlar hətta Allaha
qarşı da üsyana qalxmağa hazır olduqlarını
bildirirlər. Axı çoxları Bibliyadakı İov deyil
ki, Allahın ona hər cür xəstəliklər və bədbəxtliklər
göndərdiyini bilə-bilə, ona sədaqət göstərməkdə
davam etsin ki, nə vaxtsa Allah onun sədaqətini, hər
cür bəlalara etiraz etmədən dözdüyünü
qiymətləndirəcək, çəkdiyi əzablara
görə mərhəmət göstərməklə onu
lazım olduğundan artıq dərəcədə
mükafatlandıracaqdır. İnsanı taqətdən
salan sınaq ağır olduğundan və onun mükafatı
böyük qiymətə başa gəldiyindən, belə mərhəmət
nəticə etibarilə hətta öz əhəmiyyətini,
əslində mahiyyətini də itirir.
İnsanlar
çox vaxt digərinə bəslədikləri ülvi hisslərini
heç nəyə, hətta hansısa bir müqəddəsliyə
də qurban vermək istəmir, axı o, özünün məhz
insana xas olan təbiətinin qeyri-adi sevinc bəxş edən
təntənəsinə, zəfərinə nail olmuş, fəth
etdiyi bu zirvəni axirət dünyasında vəd edilən
hansısa Yelisey çölünə, cənnətə dəyişmək
istəmir. Real həyatda qədəm qoyduğu
və cənnət meyvəsi hesab etdiyi bəxt hədiyyəsi
ilə o, xudahafizləşməlidir ki, həyatdan
köçdükdən sonra hansısa bir təxəyyül
olunan cənnətdə, müqəddəsliyin mərhəməti
və köməyi ilə məskunlaşa bilsin. Axı heç kəs əlindəki arıquşunu
göydəki durnaya dəyişmək istəmir, axı ənginliklərdə
pərvazlanan durnaya sahib olmaq olduqca müşkül məsələdir,
əslində, xəyaldan başqa bir şey deyildir. Kim
Yer üzərində, şəxsi həyatında
qazandığı xoşbəxtliyi hansısa ehtimala qurban verməklə,
o dünyadakı güman edilən və dini rəvayətlərdən
başqa, real olaraq heç nəyə əsaslanmayan cənnətlə
dəyişməyə razılaşar. Axı
burada tələb olunan qurban elə bir nəcib məqsədə,
mənəvi fədakarlığa görə deyil, yalnız
dinin irəli sürdüyü, obrazının da mövcud
olmadığı vədlərə əsaslanır. Bu vədlərin həyata keçməsi
imkanları və vasitələri aydın olmamaqla, hindlilərin
ənənəsindəki adamın gələcək taleyində
rol oynayacaq karma kimi qeyri-müəyyənlik rəmzindən
başqa bir şey deyildir. Dinin bir sıra
tələblərinə kor-koranə tabe olmaq ağıl,
şüur köləliyinə yaxınlaşmağa bənzəyir.
Axirət dünyasına ifrat inam bəsləməklə,
real həyatın real fərəhli cəhətlərini
kiçiltmək daha çox ağılın
qüsurluluğundan və ya deformasiyaya uğramasından xəbər
verir.
Qaratikan
quşunun intiharı
Avstraliya yazıçısı Kollin Makkalounun “Qaratikan
quşu” əsəri həm oxucuların, həm də
Hollivudun çəkdiyi uğurlu kinofilm hesabına
tamaşaçıların böyük marağına səbəb
olmuşdu. Roman keşiş Ralf ata ilə gənc qız Megginin
sönməz məhəbbətindən bəhs edir və bu
cütlüyün taleyinə dinin ağır zərbə
vurduğunu göstərir.
11
yaşlı Meggi
adlı qızcığazın valideynləri
uşaqları ilə birlikdə XX əsrin əvvəllərində
Yeni Zelandiyadan Avstraliyaya, onun ziyadə isti guşəsi olan
Droqhedaya gəlirlər. Buradakı varlı
qadın Meri Karson qardaşı Peddini öz yanında
yaşamağa və öz təsərrüfatında
uşaqları ilə birlikdə işləməyə dəvət
etmişdi. Dəniz səyahətindən
sonra ailə qatarla həmin əyalətə gəldi və
Meggi burada ilk dəfə onları vağzalda qarşılayan
keşişi gördü. Qızcığazin
özü də ilk baxışdan Ralf atanın çox
xoşuna gəlmişdi.
65 yaşlı varlı qadın olan Meri Karson cavan, qəddi-qamətli
keşişə vurulmuşdu, onu ələ keçirmək
istəyirdi. Həm də yaxşı bilirdi ki, başqaları
kimi, Ralf da onun özünə deyil, puluna ehtiram bəsləyir.
Qadın Ralfa, onu şirnikləndirmək üçün
minik atları və avtomobil bağışlamışdı.
Keşiş bu cəhənnəm timsalı olan, tozu, milçəyi və
qızmar istisi ilə şöhrət tapmış Droqhedaya yepiskopu
təhqir etdiyinə görə gəlib
düşmüşdü. Qadın
inanırdı ki, o, gələcəkdə kardinal
olacaqdır. Ralf isə belə
möcüzənin baş verəcəyinə
inanmırdı. Keşiş həm də
öz davranışı ilə regionda yaxşı nüfuz
qazanmışdı.
Malikanə
sahibi olan qadın öz şəh
vət
istəyinə nail olmaq üçün hər şeyə əl
atırdı, bəzən keşişə hiddətlənib
acı sözlər də işlədirdi. Bir dəfə
ona demişdi ki, səni məcbur edəcəyəm ki, ən
pozğun fahişə kimi özünü satasan, bunu isə
yalnız zaman göstərəcəkdir.
Bir neçə ildən sonra Meggi artıq qadına çevrilmək metamorfozalarına uğrayırdı. İlk aybaşısı olanda bərk qorxmuşdu, güman edirdi ki, bu, xərçəng xəstəliyinin əlamətidir. Ralf onu başa saldı ki, səndə heç bir xəstəlik yoxdur, bu qanaxma bütün qadınlara xasdır, ayda bir dəfə bir neçə gün ərzində baş verir. Qızlarda bu, 12-13 yaşlarında başlayır, bu vaxt Megginin isə artıq 15 yaşı var idi. Hər ay qanın axması qızın həddi-buluğa çatması, uşaq doğmağa qabil olmasının başlanması əlamətidir. Gərək anası Meggiyə bunu başa salaydı.
Bu yeniyetmə qız üçün Ralf ata sevimli bir büt, Göy qübbəsindəki yeni bir Günəş idi. Onlar birgə at çapanda dostluq şüası buraxırdılar, bu isə özlüyündə intim yaxınlığa bərabər idi. Çünki qız keşişi sevirdi, yaşı otuzdan yuxarı olan bu kişi açılmamış qızılgülə bənzəyirdi, yazıq qız axı ondan başqa heç bir kişini görməmişdi.
Artıq 72 yaşında olan Meri evində rəqs gecəsi təşkil etmişdi. Burada iştirak edən Meggi keşişə olduqca gözəl göründü. Qadın isə ömrünün bu son gecəsində Ralfa dedi ki, əgər mən cavan olsaydım, səni hökmən ələ keçirərdim. Həyatımın otuz ilini pəncərədən kənara ata bilsəydim, əgər şeytan ruhumu satın almaq istəsəydi, mən o dəqiqəcə onu satardım və səfeh Faust kimi olmazdım. Keşişə müraciətlə dedi ki, səni məhv etməyə sevinərdim. Keşiş isə bildirdi ki, mən başqa qadınlar barədə deyil, yalnız Meggi barədə düşünürəm. Qadın patetik qaydada bildirdi ki, mən səni sevmişəm. Axı səfeh bədənim içərisində mən hələ gəncəm. Qoca yaş qısqanc Allahın mənə ünvanladığı ən böyük intiqamdır. Qadın qərara aldı ki, Meggi ilə Ralfın birləşməsinə imkan verməyəcəkdir, açıqca dedi ki, o qıza, sən onu sevdiyinə görə nifrət edirəm. Bu vaxt keşişə bir məktub verdi və onun öz meyitini görməyənə qədər məktubu açmayacağı barədə and içdirdi. Səhərisi günü isə Meri Karsonun ölüm xəbəri yayıldı.
Məktubda qadının mülkiyyətinin keşişə çatması barədə vəsiyyəti var idi. Evində isə qardaşının ailəsinin yaşamasına icazə verirdi. Ralf ataya bütövlükdə 30 milyon funtluq mülkiyyət qalırdı. Bu pulun hesabına o, kardinal ola bilərdi.
Bu vaxt 17 yaşı olan Meggi cəhalətin və
mənəviyyatın qarışığı, sintezi kimi
idi. Keşiş onu sevdiyini dedi, həm də əlavə etdi
ki, bu, heç də kişi kimi sevmək deyildir. Keşiş
vəsaitindən Meggiyə və anasına, hər birinə
ildə 2 min funt məbləğində olmaqla pul ayırdı.
Meridən miras qalan
“Roll-Roys” da onların sərəncamında idi.
(Ardı var)
525-ci qəzet 2017.-
29 iyul.- S.22.