Siz kimsiniz, Qəzənfər
Paşayev? - Xalq
yazıçısı Elçin
yazır
PROFESSOR
QƏZƏNFƏR PAŞAYEVİN 80 İLLİYİNƏ
ELÇİN
500 ildir ki, Nostradamusu
qəbul edənlər
də var, etməyənlər də,
ancaq Nostradamus o bəşəri
müəlliflərdən biridir
ki, onu öz
doğma dilinə tərcümə etmək,
həmin doğma dilin sahibinin (xalqın!) yüksək mədəniyyətinin və
mənəvi inkişafının
göstəricisidir.
Geniş formatlı, təxminən
800 səhifəlik (!) “Nostradamusun möcüzəli
aləmi” kitabının
nəşri və buradakı mətnin Azərbaycan dilinə səlis və səriştəli tərcüməsi
yalnız bizim tərcümə ədəbiyyatımız
sahəsində deyil, ümumiyyətlə, ictimai
fikrimizdə ciddi və fərəhli bir hadisə idi. Bu kitabın tərcüməsi də,
yüksək elmi arxitektonikaya malik olması da professor Qəzənfər Paşayevin
illər boyu çəkdiyi ağır
zəhmətin nəticəsi
idi və bir daha vurğulayaq
ki, söhbət adi yox, real və
irreal bir düşüncənin, eləcə
də İntibah bədii-estetik təfəkkürünün
ifadəsi olan böyük və mürəkkəb
bir mətndən, onun məxsusi stilistikasının qorunub
saxlanmasından gedir.
Nostradamusun baş daşının
üzərindəki yazıda
onun qələmi “ilahi qələm” adlandırılır və
“ilahi qələm”in yazdıqlarını tərcümə
etmək, əlbəttə,
istedad, səriştə,
zəhmətkeşlik və
cəsarət (!) tələb
edir. Yadımdadır,
on il bundan əvvəl - 2007-ci ildə mən bu kitabı oxuyanda həqiqi mənada bir qürur hissi keçirmişdim - Azərbaycan
dilində belə bir kitab nəşr
olunub! - və
bu barədə yazmışdım.
“Nostradamusun möcüzəli
aləmi” - mükəmməl
elmi bir nəşrdir.
İndi
isə başqa bir kitabı xatırlayaq: “Altı il Dəclə və Fərat sahillərində” - 1980-ci illərdə
sadə (və səmimi!) bir dillə yazılmış
bu kitab, xatırlayıram, bir neçə dəfə indi fantastik görünən 100 min tirajlarla
nəşr olundu və yada salanda
ki, o dövrdə nəşr ediləcək
kitabların planları
bir sıra instansiyalarda müzakirələrdən,
götür-qoylardan sonra
seçilir və plana salınırdı, aydın olar ki, bu təkrar
nəşrlər həmin
instansiyalara yox, məhz oxucuların böyük tələbatına
borclu idi. Bu kitab ona görə küllü oxucu auditoriyasının marağına səbəb
olmuşdu ki, qapalı bir cəmiyyətdə yaşayan
ən sadə oxucuların belə qəlbinə yol tapmışdı ki, onlara xalqın unudulmuş uzaq diyarda yaşayan bir parçasının taleyindən və tarixindən xəbər verirdi.
Qütblərin miqyasına fikir
verin: bir tərəfdə mürəkkəb
Nostradamus, o biri tərəfdə
isə İraq-türkman
xalqının güzəranı,
sevinci və kədəri, daha sonralar isə zəngin (və doğma!) folklorunun geniş aspektli nümunələri və
tədqiqi (“Kərkük
mahnıları”, “İraq-Kərkük
atalar sözləri”,
“İraq-Kərkük bayatıları”
, “Kərkük tapmacaları”,
“Kərkük folkloru antologiyası”, “İraq-Türkman
folklorunun janrlar sistemi” və s.) və bütün bunların da müəllifi eyni qələm sahibi -
professor Qəzənfər Paşayevdir.
Ancaq biz
bu elmi-ədəbi-publisistik
miqyasın digər qütblərini xatırlayaq:
bir tərəfdə Aqata Kristinin məşhur “Mavi qatarın sirri”, yaxud Aleksandr Dümanın “Qafqaz səfəri” (H.Abbasovla birlikdə), yaxud da Sula Benetin
“Necə yaşayasan, yüzü haqlayasan” kimi əsərlərin Azərbaycan dilinə tərcüməsi və nəşri, o biri tərəfdən, misal üçün, “Rusca-ərəbcə
danışıq kitabı”.
Bir tərəfdən “Nəsiminin
İraq divanı”, yaxud “Füzulinin həyat və yaradıcılığı”, o biri tərəfdən isə Hüseyn Arif, Hüseyn Kürdoğlu, İsi Məlikzadə, Tofiq Bayram, Fikrət
Qoca, Əlibala Hacızadə və başqa müasir yazıçı və şairlər haqqında kitablar.
Ancaq bu da hələ hamısı deyil. Baxın:
bir tərəfdən
professional dilçi alimin
qələmindən çıxmış
“Kərkük dialektinin
fonetikası” elmi monoqrafiyası, o biri tərəfdən isə yenə də professional sənətşünas-folklorşünas kimi Azərbaycan aşıq yaradıcılığının tədqiqatçısının,
aşıq sənəti
ilə bağlı nüfuzlu söz sahibinin məqalələri,
rəyləri, tərtibləri.
Mən Qəzənfər Paşayev
yaradıcılığı ilə bağlı müxtəlif elmi-ədəbi-publisist
istiqamətli qütbləri
(hamısında da diletantlıq yox, professionallıq!) yenə də sadalaya bilərdim, ancaq güman edirəm ki, elə bu
saydıqlarım da onun yaradıcılığının
miqyası haqqında təsəvvür yaradır
Elmi ictimaiyyət
Qəzənfər Paşayevi
“Kərkük folklorşünaslığının
banisi” adlandırır
və bu, həqiqətdir, Kərkük
azərbaycanlılarını yenidən Azərbaycançılıq
düşüncəsinin faktına
çevrilməsində bu
ədibin həlledici xidmətləri var.
Mən
“ədib” ifadəsini təsadüfən işlətmədim,
çünki Qəzənfər
Paşayev sadəcə
ədəbiyyatşünas, yaxud dilçi, yaxud publisist yox, sözün geniş mənasında ədibdir və bu ədibin
yaradıcılığını səciyyələndirən başlıca
cəhətlərdən biri
onun qələminin səmimiliyidir - nə yazırsa, səmimi yazır, nəyi tərcümə, yaxud tədqiq edirsə, sevərək edir, onda “zorən-təbib”lik yoxdur. Mən həmişə onun nəşr etdiyi folklor nümunələrinin
səmimiliyi ilə onun qələminin səmimiliyi arasında çox üzvi bir vəhdət hiss etmişəm və indi bu sözləri
yazarkən bir xatirə yadıma düşdü.
1980-ci illərin
ortaları idi və bir gözəl
yaz axşamı mən o zaman kiçik olan uşaqları da götürüb, İlyas
Əfəndiyevi yoluxmağa
getmişdim. Onun keçmiş günləri
xatırlamağını mən
o saat hiss edirdim (o vaxt silsilə xatirələr yazmağa başlamışdı) və
həmin yaz axşamı da onu öz iş
otağında tək
oturan görəndə,
hiss etdim ki, fikri keçmiş günlərdədi.
Jurnal mizinin üstündəki açıq kitaba işarə edib:
- Bu kitabı oxumusan?- soruşdu.
Kitabı
götürüb baxdım:
Qəzənfər Paşayevin
toplayıb tərtib etdiyi “İraq-Kərkük
bayatıları” idi.
- Yox,-dedim.
- Apar, oxu,- dedi.-
Elə bil, uşaq vaxtı yayda babamgillə Kirs yaylaqlarına köçəndə, gecə
vaxtı bizimlə gedənlərin, bizi müşayiət edənlərin
dediyi bayatılardır!..
- Bu kitab hardandır?- soruşdum.
- Turab gətirib.- dedi.
Bizim böyük sənətkarımız
və mənim də unudulmaz dostum Həsənağa Turabova atam “Turab” deyirdi və İlyas Əfəndiyev, xüsusən
1979-cu ildə Moskvada cərrahiyə əməliyyatı
keçirəndən sonra,
tez-tez Həsənağanı
evə dəvət edirdi, görüşüb,
bir-iki kiçik qədəh konyak içə-içə teatrla
bağlı yaradıcılıq
söhbətləri edirdilər
- İlyas Əfəndiyev
Həsənin sənətini
də, zövqünü
də yüksək qiymətləndirirdi.
Mən
o kitabı aparıb elə həmin gecə əvvəldən
axıracan oxudum (indiyəcən mənim kitabxanamdadır) və həm o bayatıların,
həm də İlyas Əfəndiyevin sözlərinin təsiri ilə Həsəni görəndə dedim ki, bu bayatıların
əsasında teatrda maraqlı bir tamaşa yaratmaq olar. Bu fikir onun da xoşuna
gəldi, ancaq sonra məlum hadisələr başladı,
ara qarışdı,
o istək də eləcə istək olaraq qaldı.
Söylədiyim bu kiçik epizod ancaq bir
oxucunun - indiki halda İlyas Əfəndiyevin təəssüratı
ilə bağlıdır,
ancaq elə bunun özü də, əslində, Qəzənfər Paşayevin
yazdığı, tərtib
və tərcümə
etdiyi kitabların on minlərlə, hətta yüz minlərlə (ancaq elə “Altı il Dəclə
və Fərat sahillərində”nin tirajlarını
yada salaq) oxucusunda yaratdığı
müxtəlif işıqlı
təəssüratlardan xəbər
verir.
Qəzənfər Paşayev cavan yaşlarında İraqda tərcüməçi işləmişdi və o vaxt ali təhsili yenicə başa vurmuş cavanların bəzisi tərcüməçi kimi işləmək üçün xarici ölkələrə (ərəb ölkələrinə, Əfqanıstana, qismən də Türkiyəyə) göndərilirdi. Bu cavanların əksəriyyəti (onların arasında mənim tanışlarım da az deyildi) o ölkələrdə minbir əzab-əziyyətlə işləyə-işləyə maddi vəziyyətlərini yaxşılaşdırırdılar, pul yığıb, özlərinə maşın alırdılar və bunda pis bir şey yox idi (bu cavanların Sovet İttifaqında pul qazanmaq perspektivi hələ bir tərəfə, maşın almaq növbələri bəzən 10 ildən artıq uzanırdı). Ancaq gənc Qəzənfər Paşayev İraqdan Kərkük camaatının hiss-həyəcanını ifadə edən - bu sözlərin təmtəraqından çəkinməyək - zəngin (və bizim üçün doğma!) mənəvi sərvət gətirmişdi və əsrlər boyu materikdən ayrı düşmüş o qədim bayatılar, mahnılar, atalar sözləri, tapmacalar yenidən vətənə qayıtmışdı.
Mən Qəzənfər Paşayevi hələ aspirant olduğum 1960-cı illərin ortalarından tanıyıram və mənim üçün bu uzun illərin təcrübəsindən doğan tamam aydın bir həqiqət var ki, onun yaradıcılığındakı həmin sadəlik və səmimiyyət şəxsiyyətinin də tamamilə təbii (anadangəlmə!) bir xüsusiyyətidir.
Bu gün çox mühüm hesab etdiyim bir cəhəti də xüsusi qeyd etmək istəyirəm: qədirşünaslıq. Qəzənfər Paşayev həmişə keçmiş qələm sahiblərini - Həmid Araslını, yaxud Məmməd Cəfər Cəfərovu, Məmməd Arifi, yaxud Abbas Zamanovu və başqalarını ehtiramla xatırlayır, onların haqqında ehtiramla yazır. Əlbəttə, bu o demək deyil ki, Qəzənfər Paşayev onların bütün metodoloji prinsiplərini, yaradıcılıqlarında dövrdən gələn vulqar sosiologizmləri qəbul edir və ya da görmür. Bu, məhz mürəkkəbliklər, ziddiyyətlər içində yaxşını görmək və qiymətləndrmək bacarığıdır ki, xislətdən gəlir.
Bu günlərdə onun səksən yaşı tamam olur, ancaq həmişə müsbət enerji ilə yaşayan, ədəbiyyata, sənətə də, insanlara da belə bir müsbət enerji aurası altından yanaşan Qəzənfər Paşayevə heç vəchlə bu yaşı vermək olmaz və burada mənim üçün heç bir sirr yoxdur - onun özünü də, yaradıcılığını da bu cür cavan saxlayan həmin müsbət enerji, həmin sadəlik və səmimilikdir.
Hörmətli yubilyarımız bir müddət bundan əvvəl Ağamusa Axundov haqqında yazdığı essedə onu: “...çoxsaylı zəngin yaradıcılıq yolu keçən, iddiasız yaşamağı bacaran, mənalı və şərəfli ömür yaşayan, ziyalılığı, yüksək mədəniyyəti, nəcibliyi ilə nümunə olan” bir yaradıcı insan kimi təqdim edir və bu sözləri oxuyanda, doğrusunu deyim ki, mənə elə gəldi, elə bil, bütün bunları unudulmaz Ağamusa Axundov Qəzənfər Paşayevin özünə deyir.
Bu qısa yazını ümumiləşdirmək istəyərkən, fikrimdə bir sual doğdu: “Siz kimsiniz, Qəzənfər Paşayev?” Və özüm də bu suala cavab verdim: “Siz ləyaqətli bir insan, görkəmli bir ədibsiniz!”
25 iyul 2017
Bakı
525-ci qəzet 2017.- 29 iyul.- S.10.