Bir ömürdə neçə tale...
...YAXUD
CAHANGİR NOVRUZOV OLMAQ XOŞBƏXTLİYİ
Şahanə MÜŞFİQ
Bugünlərdə hansısa saytın xəbər lentində bir məlumat oxudum, çox maraqlı gəldi: “Dünya alimlərinin uzun müddətli araşdırmasından
sonra məlum olub ki, sən
demə, oğul övladlar öz xarakterini, istedadını,
yaxşı və pis cəhətlərini ana babasından alır.
Daha dəqiqi,
övladlardan ancaq qız uşaqları atalarının xüsusiyyətlərini
götürür, o da
sadəcə 50 faizini. Atasının
xüsusiyyətlərinin yarısını
alan qızın
oğul övladı isə tamamilə babasına oxşayır...”
Bu məlumatın nə qədər doğru və hər kəsə aid olub-olmadığını deyə
bilmərəm, ancaq haqqında söz açacağım şəxsin
həyat yoluna nəzər salanda bir daha “barmağımı
dişlədim”.
Elə
“Bismillah” edib yazımın ilk cümlələrinə
başlamışdım ki,
bir dostum mesaj yazdı: “Neynirsən?” Dedim Cahangir Novruzov haqqında yazı yazıram. O da cavabında “həə, İzzət Nəfisli?”- deyə soruşub,
hələ bir gülüş işarəsi
də göndərdi.
Bilaixtiyar mənim də üzümdə gülüşə səbəb
oldu, nə yalan deyim, hələ
qulağıma, sanki bir yerlərdən, “keçmiş nazir İzzət Nəfisli”nin “Salam, a Suğra” səsi də gəldi.
Aydın
Talıbzadə onun haqqında yazdığı
məqalədə belə
bir fikir irəli sürür: “Aktyor dahi olanda
xalq onun oynadığı personajları
aktyorun şəxsiyyətilə
eyniləşdirir”.
Biz bu keşməkeşli,
enişli-yoxuşlu həyat
yolunu bir insan kimi gedə
bilməzkən, bəziləri
iki, üç, dörd, hətta sayı itirəcəyimiz qədər “insana dönürlər”. Çox da uzağa getmək lazım deyil, cəmi iki sətir yuxarıda adını çəkdiyim aktyor kimi.
Bir insan bütün ömrü boyu çalışır, çarpışır,
dişiylə-dırnağıyla gəlib bir yerlərə çatır,
elə “oh” çəkib
rahat nəfəs almaq istəyəndə əcəl atı başının üstünü
kəsdirir ki, bəs deməzsənmi, sənin də vaxtın tamamdır, yır-yığışını elə getdik. Sonra da nə
adını xatırlayan
olur, nə soyadını... Yox, xoşbəxt o kəs deyil ki, dünyadan
gedəndən sonra haqqında “yaxşı adam idi”
deyilib bir-iki damla göz yaşı axıdıla,
sonra da hərə öz ev-eşiyinə dağılışa.
Xoşbəxt o adamdır ki,
hələ sağlığında
adı çəkilən
yerdə özündən
əvvəl gördüyü
işlər yada düşsün, kiminsə
üzündə təbəssümə
səbəb olsun.
Yenə də uzağa getməyin, elə bizim bu İzzət
Nəfisli, Salman bəy, milis rəisi - Cahangir Novruzov dediklərimizə ən bariz nümunədir.
İyulun 31-də
63-cü yaşını qeyd
edəcək Cahangir Novruzovun taleyi hələ o doğulmamışdan
müəyyənləşib. Belə ki,
o, ana babası Cahangir Zeynalov, anası Nəsibə Zeynalova kimi teatr əfsanələrinin
irsinin davamçısı
kimi dünyaya göz açıb.
Əslində, bizdə
övlada ailəsinə
görə qiymət vermək kimi mənim də heç bəyənmədiyim
bir xüsusiyyət
var. Ancaq Cahangir Novruzov haqqında çox kiçik bir araşdırma bəs edir ki,
onun bunca uğurunun soyadından, ailə bağlarından nə qədər uzaq olduğunu anlayasan. O, Azərbaycan teatr səhnəsindəki
fəaliyyəti, fədakarlıqları,
aktyor potensialı və tamaşaçı
sevgisinə görə
nəinki babası və anasından geridə qalır, hətta onlarla eyni məşhurluq müstəvisini də bölüşür.
Hələ uşaq yaşlarından
teatrın, kinonun, incəsənətin içərisində
sözün yaxşı
mənasında “bişmiş”
sənətkar hazırda
Azərbaycan Respublikasının
Əməkdar İncəsənət
Xadimidir, Türkiyənin
Adana Çukurova Universiteti
Dövlət Konservatoriyasının
professorudur.
Əgər kimsə nə vaxtsa məndən Cahangir Novruzovu soruşarsa, heç şübhəsiz, ilk xatırlayacağım
“Bəxt üzüyü”
filmi olar. Orada milis
rəisi kimi kiçik epizodik rol yaratmasına baxmayaraq, ən yaddaqalan və reprikaları dillər əzbərinə çevrilən
obrazdır. Əslində, aktyorun böyüklüyü
də məhz bundan başlayır, bütöv bir tamaşada bir neçə dəqiqəlik
rolla yadda qalmağı bacarmaq.
Buna ən yaxşı
nümunə kimi “Bəyin oğurlanması”
filmində Xalq artisti Arif Quliyevin
yaratdığı Miriş
obrazını da misal çəkə bilərik. Arif Quliyev demişkən,
elə “Bəxt üzüyü” filmində
də bu iki sənətkar birlikdə mükəmməl
səhnələrin təməlini
qoymağı bacarıblar.
Adını çəkdiyim filmdə
tabeliyində olan milisə “bolşe zəhirmara” - deyib zəhmli, ciddi olmağı tələb edən aktyor özü “Güllələnmə
təxirə salınır”
filmində “gəncəli
Adış” obrazından
başqa bütün obrazlarında komik ampulada çıxış
edir. İnsanları ağlatmaq elə də çətin bir iş deyil,
ən xırda uğursuzluğa sentimentallıq
qatıb günlərlə
ağlamaq təbiətimizdə
var elə bil. Bacarırsan, göz yaşı hərisi bu insanları güldür! Cahangir Novruzov məhz bunu bacarır!
Dağ cüssəli,
hündürboy, türklərin
dili ilə desək, “iri yapılı” bir insan həm də bu qədər
incə yumora, plastikaya, çevikliyə
malikdir. Hətta müsahibələrinin birində deyir ki, “Güllələnmə
təxirə salınır”
filmindəki o çətin,
son dərəcə təhlükəli
tryukları belə özü oynayıb.
Elə bunun nəticəsidir ki, indi Türkiyədə
aktyorluq sənətindən
əlavə, səhnə
hərəkəti və
səhnə döyüşü
texnikasından da dərs deyir.
Ancaq Cahangir müəllim teatrın, tamaşaların, filmlərin
içərisində püxtələşməyinə
baxmayaraq, sırf aktyor kimi çox
qalmadı, ya da qalmaq istəmədi. Üz tutdu
rejissorluğa. Şəki Dram Teatrında rejissor kimi çalışan sənətkar bu sahədə də özünü doğrultmağı
bacardı. Qısa
zaman ərzində müxtəlif tamaşalar,
Azərbaycanın demək
olar ki, bütün bölgələrinə
qastrol səfərləri
və başqa bu kimi mühüm
fəaliyyət... Yaddaşlarda
isə aktyor...
Cahangir Novruzov bir insan ömründə
bir neçə ömrü birləşdirən
şəxsiyyətlərdəndir. Aktyor Cahangir... Rejissor Cahangir... Müəllim Cahangir... Professor Cahangir...
Azərbaycanın və
Türkiyənin sevimlisi
Cahangir...
Aktyor Cahangir Saşa Rəsulovdur, Mərdandır,
Salman bəydir, Milis rəisidir, İzzət Nəfislidir, gəncəli Adışdır.
Bu obrazlarla tamaşaçıların
hafizəsində məxsusi
jestləri, hərəkətləri,
replikaları ilə yer tutmağı, iz qoymağı bacarıb.
Rejissor Cahangir kimliyindən asılı olmayaraq, işinə qarşı tələbkar, məsuliyyətli, anası Nəsibə Zeynalova kimi Azərbaycan səhnəsinin dühasına qarşı belə güzəştə getməyi bacarmayandır. Məsələn, müsahibələrinin birində özü belə bir maraqlı əhvalat danışır: “Nəsibə xanım hər səhər işə gələndə, yaxın aktrisalarla bir 15 dəqiqəyədək söhbət etdiyinə görə məşqə gecikirdi. Bir dəfə də anam işə gələndə özüm onlara yaxınlaşıb dedim ki, “hörmətli aktyorlar, xahiş edirəm, məşqə vaxtında gəlin”. Dedim və salona keçdim. Mən işə gəldikdə, insafsızcasına tələbkar oluram. Gördüm, Nəsibə xanım bir az gecikir, ona görə də başqa səhnələri məşq eləməyə başladıq. 10-15 dəqiqə keçəndən sonra gəldi və baxıb gördü ki, onu gözləməmişik. Məndən soruşdu ki, adə, ay... məni niyə gözləməmisiniz? Mən də bir az ciddi və rəsmi şəkildə cavab verdim ki, hörmətli Nəsibə xanım, məşqə vaxtında gəlmək lazımdır. Mənə tərs-tərs baxıb getdi. O hadisədən sonra mənimlə çox soyuq davrandı. Ondan bir neçə gün sonra qonaqlıqda olduğuma görə axşam səhərki məşqə hazırlaşmamış yatdım. Mən həmişə gecələr saat 2-3-ə qədər səhərki məşqə hazırlaşıram. Nəsə, səhər gəldik məşqə və səhnələri məşq etməyə başladıq. Bir neçə yerdə replikalar yadımdan çıxdı. Onda anam mənə dedi ki, yoldaş rejissor, məşqə hazırlıqlı gəlmək lazımdır...”
Müəllim Cahangir 1995-ci ildən etibarən Türkiyənin sayılıb-seçilən universitetlərindən Adana Çukurova Universiteti Dövlət Konservatoriyasında neçə-neçə gənc rejissorun, aktyorun yetişməsində böyük əmək sərf edir. Hətta orada təhsil alan tələbələrin sözlərinə görə, Türkiyədə geniş imkana malik olan Cahangir hoca oradakı azərbaycanlı tələbələrə böyük dəstək göstərir.
Azərbaycanın və Türkiyənin sevimlisi Cahangir artıq 20 ildən artıqdır başqa ölkədə fəaliyyət göstərsə də, hələ də adı çəkiləndə rolları, yaratdığı obrazları sayəsində sevgiylə xatırlanır, tanınır. Çünki Cahangir Novruzovun oynadığı tamaşalar Azərbaycan teleməkanında vaxtaşırı nümayiş olunur, öz koloriti, mövzu və ideyası ilə orijinallığını və aktuallığını qoruyub saxlamağı bacarır. Onun həyat verdiyi personajlar bu gün də aramızda “dolaşır”. Ona görə də Azərbaycan tamaşaçısı illər keçməsinə baxmayaraq, bu obrazlara və onu canlandıran aktyora qarşı yadlıq hiss etmir.
Üzlərə gülüş, qəlblərə sevgi, səhnəyə müxtəlif personajlar, teatr elminə neçə-neçə professional adlar bəxş edən Cahangir Novruzovu qarşıdakı doğum günü münasibətilə təbrik edir, ona yeni parlaq yaradıcılıq uğurları diləyirik.
Şahanə
MÜŞFİQ
525-ci
qəzet 2017.- 29 iyul.-
S.24.