“... Axı mən niyə sağ qaldım?..”

 

“KİTABIM ÇAP OLUNANDAN SONRA HƏM BU SUALA CAVAB, HƏM DƏ BİR QƏDƏR MƏNƏVİ RAHATLIQ TAPMIŞAM” YENİCƏ NƏŞR OLUNMUŞ “KOD ADI: “REY” KİTABININ MÜƏLLİFİ REY KƏRİMOĞLU İLƏ SÖHBƏT

 

Tanınmış jurnalist, ikinci qrup Qarabağ qazisi Rey Kərimoğlunun bu günlərdə “Kod adı: “REYkitabı işıq üzü görüb.

 

Kitabda müəllifin, əsasən, 1991-1992-ci illər Qarabağ müharibəsində gördükləri, yaşadıqları öz əksini tapıb. Bu münasibətlə görüşüb söhbətləşdiyim Rey Kərimoğlunun danışdıqları, istər-istəməz, məni heç zaman görmədiyim, həsrətinin yaşı yaşımdan böyük olan Qarabağa, 1990-cı illərin ağır döyüşlərinə, qəhrəman oğullarımızın düşmənlə çarpışdıqları o qanlı savaş çağlarına apardı.

 

Söhbətimiz əsnasında onun danışmağa necə çətinlik çəkdiyini, hər dəfə xatırlamağa məcbur olduqca gözlərinin dərinində ağrıların, əzabların baş qaldırdığını görürdüm. Hətta bir neçə dəfə o ağrının altında əzildiyimi hiss edib onu daha da çox incitməmək üçün söhbəti yarımçıq kəsmək istəsəm də, jurnalist marağım buna mane oldu.

 

Mənə bir cəhət xüsusən maraqlı idi: adicə söhbət əsnasında xatırladığı o hadisələrdən əzab duyan insan bunları necə qələmə alıb? Hansı əzablar bahasına yaranıb bu kitab? Söhbətimizə Rey Kərimoğlunun silahdan qələmə, səngərdən yazı masasına uzanan yolu ilə başladıq:

 

“Əslində, silahı qoyub qələmi götürmək necə baş verdi, bunu heç özüm də bilmədim. Müharibədən sonra rayonlarımız işğal olundu, yaralı idim, əlillərin, şəhid ailələrinin problemləri bizi daha da çox ağrıdırdı. Həmin dövrdə jurnalistlər müsahibə alırdı, müharibə ilə, xatirələrimizlə bağlı danışdırırdılar. Ancaq görürdüm ki, hər şeyi biz istəyən və bizim yaşadığımız kimi yazıb çatdıra bilmirlər. Buna görə də məcbur olub bu məsələlər barədə özüm yazmağa başladım. Beləcə gəldim çıxdım mediaya. Əvvəlcə “Zaman-Azərbaycan” qəzetində, sonra “Əlillər”, “Şərq”, “Vətəndaş həmrəyliyi”, “Bizim yol”, “Milli yol”, “Yeni Müsavat” qəzetlərində çalışdım. Üç il öncə də “Qaziler.az” saytını yaratdıq. Müharibənin və jurnalistikanın hərəsinin öz çətinlikləri var.

 

İlk kitabımı mənə travmalar yaşatmış hadisələrə həsr etmək çətin oldu. Çünki kitaba qədər “Lent.az” saytında “Kəşfiyyatçının xatirələri” layihəsində bu yazıların bir qismi getmişdi. Ən çox çətinliyi onda yaşamışdım. O döyüşlər, əməliyyatlar, dostlarımızın yaralanmağı, şəhid olmağı - bütün bu ağrı-acıları yenidən yaşayırdım. Ancaq yazıları yaza-yaza o gənclərin başına gətirilmiş hadisələri fikirləşəndə hardasa ürəyim rahat olurdu ki, nə yaxşı bunu yazdım. Mən müharibədə iki dəfə minaya düşüb yaralanmışam. Həmişə öz-özümə sual verirəm ki, axı mən niyə sağ qaldım? Kitabım çap olunandan sonra həm bu suala cavab, həm də bir qədər mənəvi rahatlıq tapmışam, çünki müharibədə həlak olmuş 18-19 yaşlı nakam oğulların xatirəsini bu kitabla əbədiləşdirə bildim.

 

Əslində, kitaba görə elə bir həyəcan yaşamadım. Mən həyəcanı o vaxt ilk yazılarım çap olunarkən yaşamışdım. Xatirələrimin yazılmasına səbəbkar Vüsalə Mahirqızı olub. Yazıların altında e-mail ünvanımız da yazılırdı. Elə ilk yazıdan mənə məktublar gəlməyə başlamışdı. İngiltərədən, Amerikadan, Rusiyadan və başqa ölkələrdən oxucu məktubları gəlirdi. Nə həyəcan yaşamışdımsa, onda yaşamışdım. “APA Holdinq”in çap etdirdiyi kitabın əsas çətinliyi də, həyəcanı da redaktor Səhər Əhmədə düşdü.

 

“Bu yazılar ədəbiyyatçılar üçün xammaldır” 

 

“Mən 1991-ci ildə Milli Qəhrəman Şirin Mirzəyevin başçılığı ilə yaradılan 836 saylı Ağdam Ərazi Əlahiddə Özünümüdafiə batalyonunda döyüşmüşəm. Əvvəllər orada əsgərdim, sonra Şirin Mirzəyev məni kəşfiyyat dəstəsinə göndərdi, ordudan tərxis olunana qədər kəşfiyyatçı olmuşam. Kod adı bizim kəşfiyyat dəstəsinin rabitə cihazlarında çağırış adları idi. Əlabbas İsgəndərov “Dağlı”,  Həsən Mehdiyev “Çalpapaq Kərəm”,  Rafiq Kərimov “Sanços” kimi kod adları ilə çağırılırdılar. Mənim heç bir kod adım yox idi, mənə elə Rey deyirdilər.  Kitabın adını isə “Kod adı” olaraq, dostumuz Mirəli var, o təklif etdi. Ancaq konkret öz adımla olmasını da Qabil Abbasoğlu bəyəndi və bu cür qalmağını məsləhət gördü.

 

Kitabda sənədli-publisistik yazılar yer alıb. Ancaq ilk dəfə sizə etiraf edirəm ki, hazırda elə müharibə mövzusunda bir hekayə üzərində işləyirəm. İlkin variant hazırdır, sadəcə redaktəsi qalıb. Bu kitabdakılar isə, publisistik yazılar olsa da, düşünürəm ki, yazıçı yazmaq istəsə, belə mənim kimi yaza bilməyəcək. Bu yazılar ədəbiyyatçılar üçün xammaldır. İstənilən yazıçı bu materialları buradan götürüb bədii əsər kimi işləyə bilər. Mənim heç zaman ədəbiyyata iddiam olmayıb. Ancaq jurnalist olaraq, illərdir yazıram. Ola da bilər ki, nə zamansa, hekayə, povest, roman kimi yenidən işlənilsin. “Kod adı: “REY” xatirələr əsasında yazılmış publisistik-bədii əsərdir. İstər Azərbaycan, istərsə də dünya ədəbiyyatında xatirələr əsasında yazılmış kifayət qədər əsərlər var. Bundan sonra mənim kitab yazmaq fikrim yoxdur, ancaq əgər olacaqsa, buraya daxil etmədiyim bir sıra xatirələr var ki, onları yazacağam.

 

Bizim kəndimizdə Zakir adlı bir nəfər vardı, belə deyim, birtəhər, qəribə adam idi. Onunla bağlı bir essem var. Həmin esseni buraya salmamışam. Çünki mən ona nə “dəli” deyə bilirəm, nə də “ruhi xəstə”. Ağdamın dəlisi də, sağlamı da, xəstəsi də o çətin zamanlarda vətən üçün, torpaq üçün, xalq üçün əldə silah sona qədər döyüşdü. Ondan başqa, bizim kənddə Saray adında kimsəsiz bir qadın var idi. Onun haqqında olan yazım da bu kitabda yoxdur. Ancaq sonradan peşman oldum, gərək onu da kitaba daxil edəydim”. 

 

“Bunlar mənim öz yaşadıqlarımdır, yəni şahidin dilindəndir”

 

Bu zamana qədər Qarabağ həqiqətlərindən yazılan kitablar var. Məsələn, İbrahim İbadoğlunun 1995-ci ildə yazdığı “Sərkərdə”, Mustafa Çəmənlinin “Fred ömrü”, Vüsalə Məmmədovanın “Cəhənnəmdə böyük çığırtı” və başqaları. Bunlar kifayət qədər ciddi ədəbiyyat nümunələridir. Ancaq mənim yazdıqlarım fərqlidir. Çünki bunlar mənim öz yaşadıqlarımdır, yəni şahidin dilindəndir. Həmçinin, burada Azərbaycan ordusunun yaranması prosesi var. Burada yer alan hadisələrin çox böyük əksəriyyəti mənim şahidi olduğum, bir neçəsi isə inandığımız insanların başına gələn və ya gördüyü hadisələrdir. Bu baxımdan mənim kitabım ilklərdəndir. Bunlar yazılmalıdır. Mən həmkarlarımı, yazıçıları bunları yazmağa çağırıram. Çünki gələcək nəsil də bu həqiqətləri bilməlidir.

 

“Çox istərdim ki, ədəbiyyat müharibəyə qalib gəlsin” 

 

Bu məqamda söhbətimiz məcrasını dəyişib kitab səhifələrindən həyatın özünə doğru yol alır. Artıq qarşımda kitab müəllifi deyil, ömrünün ən gözəl illərini, sağlamlığını vətəninin, xalqının azadlığına həsr etmiş, bizim kitablardan oxuyub, ekranlarda gördüyümüz dəhşətləri öz gözləri ilə görüb yaşamış Qarabağ qazisi əyləşmişdi. Maraqlıdır, bir əlinə barıt qoxusu, digərinə mürəkkəbin izləri hopan Rey Kərimoğlu ədəbiyyatın müharibəni bitirəcək gücdə olduğuna inanır?

 

“Yəqin ki, yox. Çünki Tolstoyun “Hərb və sülh”, Heminqueyin “Əlvida, silah”, Remarkın “Qərb cəbhəsində sakitlikdir” kimi əsərləri belə, müharibəyə qalib gələ bilmədisə, demək, ədəbiyyat heç zaman müharibəyə qalib gələ bilməyəcək. Ancaq ədəbiyyat insanların şüurunda, düşüncəsində müharibənin dəhşətli, pis olduğu fikrini yarada bilər. Ən yaxşı halda insanların düşüncələrini dəyişər. Müharibədə dövlətlərin, millətlərin maraqları var, siyasi oyunlar var. Buna görə də çox çətin məsələdir. Buna baxmayaraq, mən yenə də çox istərdim ki, ədəbiyyat müharibəyə qalib gəlsin.

 

Mən çox qəddar, soyuqqanlı, aqressiv insanam, hərçənd ağlamıram. Ancaq döyüş yoldaşım Sənanın, Əlabbasın ölümünü, Maarifin sevdiyi qızın 7-8 cəsəd içərisindən onu tanımasını və bir neçə bu cür ağrılı məqamları yazanda göz yaşlarımı saxlaya bilmədim. Yazıb bitirəndən sonra isə bir rahatlıq yarandı məndə ki, nə yaxşı yazdım. Mən həmin döyüş yoldaşlarımın, bütün şəhidlərimizin qarşısında baş əyirəm”.  

 

“Kimsə düşünməsin ki, erməni Qarabağla kifayətlənəcək...”

 

“Son zamanlar humanistlik adı altında düşmənlə barışığa gəlmək məsələləri bəziləri tərəfindən ara-sıra gündəmə gətirilir. Dünyada mümkün olmayan şey yoxdur. Bu məsələdə isə iki istiqamət var. Bir tərəfdən barışıq istəyənlər hadisəyə duyğuları ilə, analıq, doğmalıq hissləri ilə yanaşırlar ki, niyə mənim oğlum gedib ölməlidir. Bu, bir vətəndaş, ana, ata narahatçılığıdır. Bir də bizim mübarizə ruhumuzu, döyüş əzmimizi sarsıtmaq üçün müəyyən dövlətlərin siyasi iradəsinin ifadəsi olaraq bunu dilə gətirənlər də var. Mən birinciləri başa düşürəm, hardasa, haqq qazandırıram. Ancaq ikinciləri yox. Onlar özləri də bilmədən düşmənə işləyirlər. Onlar elə bilir ki, humanizm cəhətdən belə çıxış edirlər, halbuki özləri də bilmədən müəyyən dövlətlərin maraqlarına xidmət edirlər. Bunun özü çox pis haldır. Ancaq mən deyərdim ki, bunların heç biri narahat olmasın. Çünki əgər müharibə olarsa, bunu 17-18 yaşlı uşaqlar deyil, ömrünü, gününü orduya həsr etmiş zabitlər, əsgərlər həll edəcəklər. Bizim peşəkar ordumuz, əsgər, zabit və gizirlərimiz müharibənin taleyini həll etmə iqtidarındadırlar və həll edəcəklər də. Məsələn, aprel hadisələrində şəhid olmuş Vüqar Yusifov, Murad Mirzəyev, Raqif Orucov və başqaları peşəkar hərbçilər idilər. Onların həyat yoldaşları da bu faciəni mərdliklə, təmkinlə qarşıladılar. Çünki hərbçi yoldaşı kiminlə ailə qurduğunu, onları hansı təhlükələrin gözlədiyini çox yaxşı bilir. Digər tərəfdən isə bizim torpaqlarımız işğal olunub və işğalçı xoşluqla qaytarmaq istəmir. Bizim müharibədən başqa yolumuz yoxdur. Kimsə düşünməsin ki, erməni Qarabağla kifayətlənəcək. Yox, illər keçəndən sonra onlar başqa torpaqlara da iddiaçı olacaq, daha da irəliləmək istəyəcəklər. Ona görə də biz zamanında torpaqlarımızı azad etməliyik.

 

Müharibə göstərdi ki, insanlıq çox vacib amildir. Müharibə insanlığın qatilidir. Ən vacib qənaətim isə odur ki, sən torpağını mütləq müdafiə etməlisən. Biz də zamanında öz yaşadığımız kəndi, dövlətimizi, ailəmizi qorumuşuq. Vətəni qorumaq lazımdır. Əgər sən oturduğun yerdə yad birisi evinə soxulub evini talayır, namusuna təcavüz edir, ailəni gözünün qarşısında öldürürsə, nə etməlisən?! Tək yol əlinə silah alıb müdafiə olunmaq, təcavüzkarı qovmaqdır”.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet  2017.- 29 iyul.- S.16.