Etibar Nəcəfov: "Azərbaycan
dünyada multikulturalizmin
əsas mərkəzlərindəndir"
Prezident
İlham Əliyevin tövsiyəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), UNESCO, "Erasmus+",
"ALADDİN layihəsi" və Azərbaycanın Gənc Dostları Klubunun birgə təşkilatçılığı ilə keçirilən
"Mədəniyyətlərarası dialoq dini və
mədəni müxtəliflik
kontekstində - Azərbaycanda
dinlərarası harmoniya"
adlı V Beynəlxalq
multikulturalizm yay məktəbi iyulun 27-də
Qaxda işini davam etdirib.
AzərTAc xəbər verir
ki, yay məktəbinin
dördüncü günü
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
millətlərarası münasibətlər,
multikulturalizm və dini məsələlər
üzrə şöbəsinin
baş məsləhətçisi,
professor Etibar Nəcəfovun
"Azərbaycan Respublikasının
multikulturalizm siyasətinin
onun xarici siyasətinə təsiri"
mövzusunda mühazirəsi
dinlənilib.
Etibar Nəcəfov
bildirib ki, Azərbaycan Respublikası
multikulturalizmi dövlət
siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Ölkəmizdə multikulturalizm siyasətinin
əsası ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulub. Ulu Öndərin siyasi
hakimiyyətə qayıdışı
ölkədə olan tarixi tolerantlıq ənənələrinin qorunması
və inkişafı üçün real şərait
yaradıb.
Müasir
dövrdə Azərbaycan
Respublikasının multikulturalizm
siyasətinin uğurla
həyata keçirilməsinin
Ulu Öndərin layiqli davamçısı
Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu vurğulayan Etibar Nəcəfov deyib: "Ölkədəki
etnik-mədəni müxtəlifliklərin
tənzimlənməsində multikulturalizm siyasətinə
dövlət səviyyəsində
yüksək önəm
verilməsini, ilk növbədə,
Azərbaycan Prezidentinin
2014-cü il 15 may tarixli
Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradılmasını qeyd
etmək olar. Mərkəzin əsas məqsədi
azərbaycançılıq məfkurəsinə uyğun
olaraq tolerantlığın
və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını
təmin etmək, həmçinin Azərbaycanı
dünyada multikulturalizm
mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdən ibarətdir.
Multikulturalizmi təbliğ edən
Azərbaycan onu azərbaycançılıq məfkurəsinin
tərkib hissəsi, dövlət siyasəti səviyyəsinə qaldırıb.
Bir sosial hadisə kimi meydana gələn
multikulturalizmin inkişafının
sonrakı mərhələləri
onun dövlət ideologiyasına və dövlət siyasətinə
çevrilməsi ilə
bağlıdır".
Mühazirədə vurğulanıb
ki, multikulturalizm Azərbaycan Respublikasının
daxili siyasətinin mühüm istiqaməti kimi, ölkənin xarici siyasət fəaliyyətinə də
müsbət təsir
göstərir: "Multikulturalizm
Azərbaycan Respublikasının
uğurlu xarici siyasətinin mühüm amili kimi çıxış
edir. Bu, özünü,
ilk növbədə, ölkəmizin
beynəlxalq aləmdə
nüfuzunun artmasında
göstərir. Azərbaycanın multikulturalizm siyasəti sahəsində əldə
etdiyi uğurlar dünya ölkələri
tərəfindən etiraf
olunur. Ölkənin uğurlu xarici
siyasəti isə öz növbəsində,
onun daxili siyasətinin tərkib hissəsi olan multikulturalizm siyasətinə
müsbət təsir
göstərir, bunun daha da davamlı
olmasına şərait
yaradır" - deyə
Etibar Nəcəfov bildirib.
Mühazirəçi sonra iştirakçıların mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.
V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları günün ikinci yarısında Qəbələ rayonunun tarixi məkanları ilə tanış olacaq, "Tufandağ" yay-qış turizm istirahət kompleksinə ekskursiya edəcəklər.
Tədbirdən sonra jurnalistlərə açıqlama verən Etibar Nəcəfov deyib: "Azərbaycanda Beynəlxalq multikulturalizm yay və qış məktəbləri Prezident İlham Əliyevin təşəbbüsü ilə 2014-cü ildən keçirilir. Builki Beynəlxalq multikulturalizm yay məktəbinin böyük əhəmiyyəti var və sayca beşincidir. Bu gün Azərbaycan dünyada multikulturalizmin əsas mərkəzlərindən biri hesab olunur. Bu baxımdan Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi nailiyyətləri bütün dünyaya çatdırmaqda belə tədbirlər çox böyük rol oynayır".
Ötən illərki tədbirlərdən fərqli olaraq, builki yay məktəbinin keçirilməsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə yanaşı, UNESCO, Azərbaycanın Gənc Dostları Klubu, "Erasmus+" və "ALADDİN layihəsi" təşkilatlarının da yaxından iştirak etdiklərini diqqətə çatdıran Etibar Nəcəfov deyib: "Yay məktəbində 26 ölkədən 60-dək tələbə, magistr və alim iştirak edir. Tələbələrin əksəriyyəti xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarında Azərbaycan multikulturalizmi fənnini öyrəniblər. Hazırda bu gənclər nəzəri şəkildə öyrəndikləri, əldə etdikləri bilikləri Azərbaycan gerçəkliyində öz gözləri ilə görür, canlı şahidi olurlar".
Etibar Nəcəfov Azərbaycan həqiqətlərinin, ölkəmizin multikulturalizm sahəsində əldə etdiyi nailiyyətlərin təbliğində, dünyaya çatdırılmasında belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib.
525-ci qəzet 2017.- 28 iyul.- S.4.