Rəng adlarına baxış: ağ-qara,
yoxsa ağdan-qaraya?
1 avqust - Azərbaycan
əlifbası və Azərbaycan dili günüdür
Təranə MAHMUDOVA
BDU-nun Beynəlxalq jurnalistika
kafedrasının dosenti
Yaşamın müxtəliflik rəmzi
- rənglər
Məşhur türk
müğənnisi Tarkan maraqlı bir reklam klipində çəkilmişdi. Divar boyalarının reklamı idi.
Tarkan
mesajını özünəməxsus bir peşəkarlıq
və orijinallıqla, gözlənildiyi kimi, musiqiyə
“büküb” çatdırırdı: “Həyatdan rəngi
alın, geriyə nə qalar ki?” Açığı,
istənilən reklamda böyük məna və fikir gözləntisində
olmadığım üçün əvvəl-əvvəl
bu cümlələrə o qədər də əhəmiyyət
vermirdim. İstənilən reklam öz məqsəd
və hədəflərinə davamlı yayınlanmaqla
çatdığına görə, Tarkanın ifasını
bir neçə dəfə dinləməli oldum. Bu mənə
rənglər haqqında bir az daha çox
düşünmək imkanı verdi və günlərin
birində reklamda səslənən fikirlə
büsbütün razılaşdığımı dərk
etdim. Doğrudan da - “Həyatdan rəngi
alın, geriyə nə qalır ki?” Onu da
fikirləşdim ki, rənglər bizləri bir xeyli “ərköyünləşdirib”.
Başımızı qaldırıb ətrafımıza
nəzər salaq. Demək olar ki, rəngsiz
heç nə yoxdur. Heç nə! Gözlərimizin
baxdığı hər yerdə müxtəlif rənglərin,
hətta eyni rəngin çeşid-çeşid
çalarları var. Amma onlar haqqında çox az düşünür, varlıqlarını
çox az hiss edirik. Bir anlığa rənglərin
yox olduğunu təsəvvür etməyə
çalışaq - hər şey nə qədər də
sürətlə solar, çevrəmiz nə qədər
yoxsullaşar. Rənglər yaşamın
insanlara bir ismarıcıdır sanki - həyat onlar qədər
al-əlvandır, müxtəliflik və fərqliliklərlə
doludur.
Rəng
adlarına dair...
Rənglər aləminin unikallığı, müxtəlifliyi,
gerçəyi fərqli, çeşid-çeşid
çalarlarla əks etdirmək xüsusiyyəti, heç
şübhəsiz ki, ünsiyyətdə dil vasitələrinin
köməyi ilə reallaşır. Azərbaycan
danışıq dilində digər dillərdən,
xüsusilə rus dilindən və ya rus dili vasitəsilə
digər dillərdən keçmiş bir çox sözlərə
üstünlük verilməsi (müəyyən məqamlarda)
faktı hamıya məlumdur.
Bu sözləri qruplaşdırmağa və
funksional özəlliklərinə görə çeşidləməyə
çalışdıqda maraqlı bir mənzərə ilə
rastlaşmaq mümkündür. Başqa
sözlə, danışıq dilində fəal olan rus dili mənşəli
(və ya rus dili vasitəsilə azərbaycancaya
keçmiş) bir çox söz və ifadələri müəyyən
kateqoriyalara bölmək olar. Bu kateqoriyalar
çox olsa da, onların arasında işləklik dərəcəsinə
görə daha fəal olanları seçilə bilər.
Həmin iki kateqoriyaya aid sözlərdə
onların rus dilindəki qarşılıqlarına
üstünlük verilməsi həmişə təəccüblü,
bundan da əlavə, maraqlı gəlib. Bu, “rənglər” və
“geyim” kateqoriyalarıdır. Bu kateqoriyalardan olan söz və
ifadələrdən bir çoxunun rus sözləri ilə
ifadə edilməsi adamda elə təəssürat yaradır
ki, dilimizdə bəzi rənglər və geyim əşyaları
olmayıb, bu səbəbdən də onların azərbaycancada
qarşılığı ya yoxdur, ya da sonradan, çox gec
yaradıldığına görə dilə “yatmır”.
Hansı rəng adları “həm oralı, həm də
buralıdır”?
Azərbaycan dilində rus mənşəli rəng
adları yetərincə işlək hal alıb. O qədər ki, onları xatırlamaq
üçün çox düşünməyə də
ehtiyac yoxdur. Beynimizdə o “siyahını” yaratsaq, onların
heç də az olmadığını görərik -
“çəhrayı” əvəzinə “rozovı”, “qəhvəyi”
əvəzinə “koriçnevı”, “narıncı” əvəzinə
“oranjevı”, “mavi” əvəzinə “qoluboy”, “boz” əvəzinə
“serı”, “badımcanı” əvəzinə
“fioletıvı”, “bənövşəyi” əvəzinə
“sirenevı”, “zoğalı” əvəzinə “bordovı”,
“qızılı” əvəzinə “zolotistı”,
“gümüşü” əvəzinə “serebristı” və
s. Göründüyü
kimi, o qədər də çox olmayan rəng
adlarının böyük qismi danışıq dilində
rus dilindəki sözlərlə əvəz edilir. Bu, o qədər yayqın hal alıb ki, bəzən
ünsiyyət zamanı narıncı, zoğalı, bənövşəyi
və digər rəng adlarını dilimizin lüğət
tərkibində olduğu kimi işlətmək
üçün insan öz beynində bəzi əngəlləri
dəf etməli, aşmalı olur, “görəsən, qəribə
görünmürəm ki?” sualı ilə çevrəsinin
düşüncələrini təxmin etməyə
çalışır. Maraqlıdır ki, sifətin (bu halda isə rənglərin)
dərəcələrini göstərmək lazım gəldikdə
azərbaycanlı dil daşıyıcısı doğma
sözlərə daha çox üstünlük verir. Məsələn, “sini” (göy) sözünü
işlədən şəxs bu rəng tonunun tünd,
qatı, güclü olduğunu göstərmək
üçün rahatlıqla “gömgöy” sözünə
keçə bilər. Deyilənləri
“serı” (boz) və “bomboz” sözlərinə də aid etmək
olar.
Dəb proqramları, Kıvanc Tatlıtuğ, “London
taksiləri” - onları nə birləşdirir?
Son dövrlər rəng adlarında bu və ya digər
amillərin təsiri ilə yeniliklər, daha doğrusu, fərqli
variantların işlək hala çevrildiyini görə bilərik. Bunlardan biri də
“bej” sözüdür. Danışıq
dilində uzun zaman “bejevı” kimi fəal olan bu söz
qadın və dəb haqqında TV, radio proqramlarının,
jurnalların, saytların Azərbaycan dilində
hazırlanması və geniş yayılması amili ilə
bağlıdır. Bu kommunikasiya kanallarında rəngin
adının daha çox “bej” kimi təqdim edilməsi onun əhali
arasında da elə bu cür işlədilməsinə
“münbit” şərait yaradıb. Son zamanlar
“qoluboy” sözünün “mavi” ilə əvəzlənməsi
prosesi də izlənilir. Burada da
kommunikasiya kanallarının rolu böyükdür. Daha dəqiq desək, reklamların. Türkiyənin cins parçadan geyim əşyaları
istehsal edən məşhur “Mavi” şirkətinin
reklamları, eləcə də ölkəmizdə o şirkətin
mağazalarının olması bu sözün tez-tez
eşidilməsinə və görülməsinə şərait
yaradır. Təbii ki, bu şirkətin geyimlərinin
keyfiyyətli olması, onların reklamlarında Türkiyənin
məşhur ulduzlarının (kinoaktyorlar Kıvanc
Tatlıtuğ, Çağatay Ulusoy, Serenay Sarıkaya, Kerem
Bursin və b.) çəkilməsi də haqqında
danışdığımız trendin yaranmasında az rol
oynamayıb. Son
zamanlar xalq arasında “London taksiləri” kimi tanınan minik
avtomobillərinin ölkəmizə gətirilməsi linqvistik
baxımdan çox maraq doğuran bir hadisənin yaranmasına
səbəb oldu. Əhali tez bir zamanda bu
taksilərə ad tapdı - “badımcan”. Çox
güman ki, bu zaman taksilərin badımcanın xüsusi
növünü xatırladan forması və əlbəttə,
rəngi əsas rol oynadı. Bu prosesdə
rəngin bir amil kimi daha üstün təsirə malik
olduğunu demək də mümkündür. Hadisənin
özü isə danışıq dilində “fioletivı” kimi fəal olan rəng
adının “badımcanı” ilə əvəz olunması
üçün yaxşı zəmin yaratdı.
Məsələnin kökü haradadır?
Yeri gəlmişkən,
yerkökünün rəngi haqqında...
Şübhəsiz
ki, rəng adları ilə bağlı haqqında
danışdığımız durumun səbəbləri
var. Həm də bu səbəblər birdən artıq və
ya hər dəfə fərqli, spesifik ola
bilər. Məsələn, dil
daşıyıcılarının “ağ”, “qara”,
“qırmızı”, “sarı” kimi sözlərin az qala hərbçi
intizamı ilə dilin lüğət tərkibindəki kimi
işlətməyə meylli olduqlarını izah etmək
çətindir. Bəlkə də insanların
təsəvvüründə onlar “ana” rənglərdir və
buna görə də toxunulmazdır. Sözsüz ki, səbəblər
arasında kültür və inanclar da xüsusi rol
oynayır. Bir sıra Şərq ölkələrində
olduğu kimi, Azərbaycan toplumunda da utancaqlıq və onun
nümayişi vacib keyfiyyət hesab olunur. Bu
isə ünsiyyət zamanı toplumda deyilişi münasib
sayılmayan, o qədər də müsbət anımlar
yaratmayan sözlərdən qaçmaq vərdişi
yaradır. “Qəhvəyi” (ümumiyyətlə,
“qəhvə”) sözündən qaçınmaq bu amillə
izah edilə bilər. “Çəhrayı”
sözünün fars dili mənşəli
“çərhayı” (həyasız, abırsız) sözləri
ilə oxşarlığı da birincinin işlək
olmamasının səbəblərindən biri sayıla bilər.
Əhali arasında “narıncı” sözünün də
fəal işlədildiyini demək çətindir. Bu rənglə
bağlı dil daşıyıcıları rus dilində
olduğu kimi, “oranjevı” və ya “kök rəngi” ifadələrini
işlədirlər. Amma burada maraqlı
bir nüansı qeyd etmək lazım gəlir. Yerkökünün indi çox populyar olan rəngi
- narıncı rəng ona sonradan gəlib.
Yerkökülərin orijinal rəngi ağ,
açıq sarı və badımcanı olub. Lakin
XIV əsrdə hollandları fransızların əsarətindən
qurtaran və Hollandiya Respublikasını yaradan Uilyam
Narınginin (onun belə adlandırılmasının isə
başqa tarixçəsi var) şərəfinə yerkökünün
rəngi genetik müdaxilə ilə dəyişdirilib bu
gün dünyada populyar olan rəngini “qazanıb”.
Bildiyiniz kimi, narıncı rəng az qala
Hollandiyanın rəmzi sayılır.
Vəziyyəti dəyişmək lazımdırmı?
Bu sualın cavabının birmənalı
olmayacağı təxmin edilə bilər.
Bəzi dil daşıyıcıları
bir sıra rəng adlarının lüğətdə bir,
danışıq dilində isə başqa cür işlədilməsini
böyük problem hesab etməyəcəklər. Digərləri isə bunu narahatedici vəziyyət
kimi dəyərləndirəcəklər. Rəng adları dildə çox vacib və fəal
leksik kateqoriyadır. Məhz bu səbəbdən
də o, həm də Azərbaycan dilini ikinci dil kimi öyrənən
digər ölkə vətəndaşlarının ən
çox maraq göstərdikləri bölümlərdən
biridir. Ona görə də rəng
adları ilə bağlı ikililik və pərakəndəlik
(səbəb nə olursa-olsun) onları çaşdıra və
təəccübləndirə bilər. Bundan
sonra ölkəmizin beynəlxalq əlaqələrinin daha da
genişlənəcəyini nəzərə alsaq, Azərbaycan
dilinə maraq göstərənlərin sayının
artacağını da təxmin etmək olar. Gəlin qəbul edək ki, haqqında
danışdığımız hal o qədər də
ürəkaçan deyil. Ən azından
ona görə ki, digər dillərdə belə hallar
yayqın deyil.
Nə etməli? “Rəngli” məsləhətlər...
Dil kollektiv, icitmai bir prosesdir. Bu səbəbdən də
dillə bağlı hər hansı qərar mütləq
toplumun xarakteri, gözləntiləri və kollektiv
reaksiyası hesablanaraq, proqnozlaşdırılaraq qəbul
edilməlidir. Çünki istənilən
halda son qərarı toplum verir. Yerli dil
daşıyıcılarının düşüncə və
özünüifadə tərzini, dil təcrübəsini, vərdişlərini,
zövqünü
nəzərə almadan verilən qərarlar
gerçəkləşməyə bilər. “Soyuducu”,
“elektrik yuvası”, “çimərlik” və xeyli sayda digər
sözlərdə olduğu kimi.
Reklamlarda rəng adlarından daha çox istifadə etməklə
arzuolunan effekti əldə etmək olar. Bu zaman rənglərin təqdimatında
ölgün, “çeynənmiş” ifadələrdən
qaçaraq daha fərqli və beyinləri yaxşı mənada
“qıcıqlandıran”, insanı rənglərə “başqa
gözlə” - onları ilk dəfə və ya yenidən kəşf
edirmiş kimi baxmağa həvəsləndirən formalardan
istifadə istənilən nəticəni verə bilər.
Rənglərlə
sıx bağlı olan əşyaların reklamında
Türkiyə təcrübəsi də faydalı ola bilər. Qardaş ölkədə
rəng adının (məsələn, geyim əşyasının)
yalnız bir - adət etdiyimiz sözlə deyil, təbiətdəki
nəsnələrin adları ilə əlaqələndirilərək
təqdim edilməsi təcrübəsi çox
yayqındır. Məsələn, çəmənlik
yaşılı, yarpaq yaşılı, səma mavisi, dəniz
mavisi, qum qəhvəyisi, bulud
ağı və s. Göründüyü kimi, bu cür ifadə
tərzi maraqlı və orijinal olmaqla yanaşı, həm də
rənglərin hansı çalarda olması haqqında yetərincə
dəqiq təsəvvür yaradır.
Ölkəmizin bir çox bölgələrində rənglərə
verilən adların toplanaraq araşdırılması da
maraqlı nəticələr verə bilər. Buna müəyyən
misallar da göstərmək olar. Məsələn, Azərbaycanın
qərb zonasında (Şəmkir - Qazax zonasında, həmçinin
Gürcüstan azərbaycanlılarının kompakt halda
yaşadıqları bölgələrdə) yuxarıda haqqında
danışdığımız “bej” sözü əvəzinə
“xama rəngi” ifadəsi işlədilir. Danışıq
dilində ruscadakı “telesnıy” (dəri rəngi) kimi
formalaşmış rəng adına azərbaycancada
“ət rəngi” deyilməsi də maraqlı haldır.
Şifahi
xalq ədəbiyyatından, xüsusilə bayatı, atalar
sözləri, məsəllərdən rəng adları ilə
bağlı deyimlərin kommunikasiya kanalları vasitəsilə
yayılması və davamlı surətdə işlədilməsi
səmərəli ola bilər. Ayrı-ayrı proqramların şüar və devizlərində
də rəng adlarının “iştirakı” ilə orijinal
deyimlərin mütəmadi təqdimatı mümkün
variantlardan biri kimi nəzərdən keçirilə bilər.
Rəng adlarının həm uşaqlara, həm də əcnəbilərə
öyrətmək üçün maraqlı formada
hazırlanmış animasiya filmlərinin çəkilməsi
də effektiv ola bilər.
Yuxarıda
qeyd edildiyi kimi, rənglər
durğun, statik deyil. Hər bir rəngin xeyli
sayda çaları var. Onların ifadəsi üçün
sadə, diləyatımlı vahidlərin müəyyən
edilməsi və kommunikasiya kanalları vasitəsilə
dövr edilməsi istənilən effekti verə bilər.
Rəng adları da rənglər aləmi kimi
çoxçalarlı və əlvan olmalıdır.
525-ci qəzet 2017.- 29 iyul.- S.7.