Kamal Abdullanın gənc alimlərlə
görüşü
"KİTABİ-DƏDƏ
QORQUD" POETİKASINA GİRİŞ"
MÜZAKİRƏ EDİLDİ
Dünən AMEA Alimlər Evində Azərbaycanın tanınmış alimi və ədibi, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullanın gənc alimlərlə görüşü, həmçinin yeni çapdan çıxmış "Kitabi-Dədə Qorqud" poetikasına giriş" kitabının müzakirəsi keçirilib.
Görüşdə AMEA-nın Nizami adına Ədəbiyyat, Nəsimi adına Dilçilik institutlarının, eləcə
də Folklor İnstitutunun əməkdaşları,
filoloqlar və media nümayəndələri iştirak
ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA Folklor İnstitutunun Gənc alimlər və mütəxəssislər
şurasının sədri
Nail Qurbanov K.Abdullanı
və iştirakçıları
salamlayıb, görüşün
məzmunu haqqında məlumat verib.
K.Abdulla onun yaradıcılığına
və yeni kitabına göstərilən
maraq və diqqətə görə,
AMEA rəhbərliyi başda
olmaqla, hər kəsə təşəkkürünü
bildirib. "Hər
dəfə burada gənc alimlərlə görüşə böyük
məsuliyyətlə gəlirəm",
- deyən akademik
"Kitabi-Dədə Qorqud"
poetikasına giriş"
kitabı haqqında məlumat verib: "Bu kitabın davamı hələ qeydlər şəklində yazılmaqdadır.
Güman
edirəm ki, bugünkü görüş
və burada aparılan müzakirələr
də bu mövzuda növbəti kitabın yazılmasına
öz töhfəsini
verəcək. "Kitabi-Dədə Qorqud"
bizim dünyaya çıxışımızın mədəni-ədəbi istiqamətini
formalaşdıran bir
abidədir. Təsadüfi
deyil ki, Prezident İlham Əliyev dastanın alman alimi Fridrix
fon Dits
tərəfindən tapılmasının
200 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilməsi haqqında
sərəncam vermişdi.
Bu, bir ölkə
başçısının başqa xalqın aliminə verdiyi dəyərdən əlavə,
"Kitabi-Dədə Qorqud"un
önəmini göstərir".
Daha sonra görüş diskussiya şəklində davam edib. N.Qurbanov diqqəti kitabın
adındakı "giriş"
sözünə və
"dan sökülən
variantı" ifadəsinə
çəkib. K.Abdulla
bu haqda deyib:
"Dastanın poetikasının
araşdırılması 3 variantda düşünülmüşdü:
dan sökülən,
günortaç və
qürub. Nə zamansa hər
3-ü də yazılar
və bir kitab şəklində çap olunarsa, onda kitabın adındakı "giriş"
sözü götürülər.
Dan sökülən ilk variantdır. Burada dastandakı
ən qədim çalarlar özünü
göstərir. Kitabın rəngini
də, çalışmışıq,
"Dan sökülən"ə oxşadaq. Araşdırma
nəticəsində görürük
ki, qədim Afrika qəbilələrinə
xas olan ayrıca qadın və kişi
dilinin bəzi çalarları "Kitabi-Dədə
Qorqud" dastanında
da var. Bu da poetikliyin, obrazlılığın
ilkin - dan sökülən variantıdır.
Dan sökülən variantında proza və poeziya bir yerdədir. Düşünülmüş ikinci variantda,
yəni "Günortaç"da
bədii-poetiklik var, proza-poeziya bir-birindən ayrılır. "Günortaç" sözü
də dastandan götürülüb. Qürubda isə artıq
klassik poeziya mərhələsi gəlir".
Gənc
alimlərin kitabdakı
bir sıra müəmmalı hissələr
və dastanın müəllifi haqqında suallarına K.Abdulla belə cavab verib: "Kitabın ən sonuncu hissəsini oxumusunuzsa, orada belə bir cümlə var: "Mütləq anlaşıqlı mətn,
eyni zamanda mütləq əhəmiyyətsiz
mətndir". Mənim tam anlaşılmaq
istəyim yoxdur.
Hətta
hərdən elə qeydlərim olur ki, onu yenidən
oxuyanda özüm belə başa düşmürəm. Başa düşməməyim
problem deyil. Çünki bilirəm, nə zamansa o qeydin ab-havasına yenidən girəcəm və orada nə demək
istədiyimi anlayacam.
Elə sizdə də bu cür olacaq.
Anlaşılmayan yerlər nə
zamansa mütləq anlaşılacaq. "Kitabi-Dədə
Qorqud"un müəllifi xalqdır. İlk şairlər özləri
özlərini formalaşdırıblar.
Necə ki, Homer yunanlar üçün mənəviyyatın,
mədəniyyətin şah
damarı, prinsipidir, Dədə Qorqud da oğuzlar üçün prinsipdir,
şah damardır".
Dastandakı zaman, dövrlər haqqındakı suala cavab olaraq müəllif deyib ki, "Kitabi-Dədə Qorqud" kimi mətnlər anaxronik mətnlərdir: "Belə mətnləri bir zamana aid etmək mümkün deyil. Məsələn, Basatla Beyrəyi eyni mühitin adamı hesab etmək olmaz. Bu dastanda həm qədim dövrün, həm də orta əsrlərin elementləri var".
K.Abdulla gənc filoloqların kitaba göstərdikləri maraqdan məmnunluq duyduğunu ifadə edib: "Bu görüşdə ən çox ona sevindim ki, gənclər arasında belə adekvat oxucularım var. Düşünürəm ki, nə yaxşı, bu kitabı yazmışam. İnanıram ki, bu kitab gələcəkdə sizin yazacağınız məqalələrdə, araşdırmalarda, elmi tədqiqat işlərində mənbə kimi köməyinizə çatacaq. Bu görüşdəki müzakirə mənə çox lazımlı informasiyalar qazandırdı. Sevinirəm ki, indiki gənclərimiz "Kitabi-Dədə Qorqud"u bu qədər duya, hiss edə bilirlər".
Sonda K.Abdulla "Kitabi-Dədə Qorqud" poetikasına giriş" kitabının nüsxələrini gənc filoloqlar üçün imzalayıb.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2017.- 1 iyun. - S.7.