"...Varağı örtün üstümə"

 

YAXUD BİR AXŞAM "FİKRƏT SADIQ İŞIĞI"NDA...

 

Mayın 30-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında şair Fikrət Sadıqın xatirə gecəsi keçirilib.

 

"Fikrət Sadıq işığı" adlanan gecədə tanınmış ziyalılar, mədəniyyət xadimləri, yazarlar, şairin ailə üzvləri media nümayəndələri iştirak ediblər. Tədbirin açılışında gecə boyu F.Sadıqın öz şeirlərini söylədiyi anları əks etdirən videokadrlar göstərilib.

 

Gecədə Milli Konservatoriyanın nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdləri öz müəllimləri Elnurə Vəliyeva, Aysel Fikrət Sədaqət Maarifin quruluşunda şairin poeziyasından nümunələr səsləndiriblər. Dahi şair Məhəmmədhüseyn Şəhriyarın F.Sadıqın çevirdiyi "Azərbaycan" şeirinə bəstələnmiş məşhur mahnı oxunub.

 

Çıxış üçün ilk söz bədii qiraətçi, Əməkdar müəllim Ənvər Vəliyevə verilib. Ə.Vəliyev F.Sadıqla bağlı xatirələrini bölüşüb, onu "Azərbaycan ədəbiyyatının vicdanı" adlandırıb.

 

Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədova şairin "Əks-səda", "Nəvə", Yuğ Teatrından Əməkdar artist Yaqut Paşazadə " bənövşə", Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı "Sonra" şeirlərini söyləyiblər.

 

Rəqqasə Günel Eynullayeva F.Sadığın sözlərinə yazılmış mahnını melodiyası ilə rəqs edib.

 

Müğənnilər Çinarə Məlikzadə "Sırğamın qaşı", Novruz Novruzlu "Ehtiyacı var" "Babam" mahnılarını oxuyublar.

 

İncəsənət Gimnaziyasının şagirdləri Fikrət Sadıqın məzəli şeirləri əsasında "Sabiranə Fikrət Sadıq şeir çələngi" kompozisiyasını ifa ediblər.

 

Şairin sözlərinə yazılmış "Şamaxı" mahnısının sədaları altında balaca rəqqasələrin çıxışı gecəyə xüsusi rəng qatıb.

 

Şair Ramiz Rövşən F.Sadıqı ehtiramla xatırlayıb, düşüncələrini bölüşüb: "Burada səslənən şeirlərdən gördük ki, Fikrət Sadıq ürəyi, poeziyası çox genişdir: məişətdən, adi zarafatdan Tanrıya qədər. Bizim aramızda yaş fərqi olsa da, uzun illər dost olmuşuq. 1960-cı illərdə yazarlar, xüsusən maraqlı şairlər çox idi. Fikrət Sadıq öz sakit səsi, təmkini ilə onların arasında özünə yer tuta bilmişdi. Onun daxilində rahatlıq, sakitlik var idi. Həyatı çətin keçsə , insan onunla söhbətdən ümid tapırdı. Şair kimi , insan kimi mərd idi. O, Sovet dövründə yazıb-yaradan şair kimi təkcə yazdıqları ilə yox, yazmadıqları ilə mərdlik nümayiş etdirirdi. Çoxlarından fərqli olaraq, Fikrət müəllim yalan yazmaqdansa, yazmamağı üstün tutmuşdu. ailəsi, dostları, ümumən Azərbaycan xalqı onun bircə misrasından utana bilməz. Şair bir dəfə doğulmur. O, hər dəfə onu yenidən oxucusu ilə yenidən doğulur. Fikrət Sadıq da hər oxucusu ilə birgə yüz dəfə, min dəfə yenidən doğulacaq".

 

Əməkdar artist Ağalar Bayramov 30 mayın xalqımız ədəbiyyatımız üçün önəmindən danışıb, qeyd edib ki, həmin gün Mirzə Ələkbər Sabir Fikrət Sadıq kimi şairlərimiz doğulub. A.Bayramov mərhum şairin "Bu gün sözün meydanıdır", "Örtün üstümə" şeirlərini söyləyib.

 

Söz yenidən İncəsənət Gimnaziyasının şagirdlərinə verilib. Onların ifasında "Şeir çələngi" adlandırılan F.Sadıqın poeziya nümunələri dinlənilib.

 

Yazıçı Aqşin Babayev şair Əjdər Ol da F.Sadıqla bağlı xatirələrini qonaqlarla bölüşüb, onun adını uca tutduqları üçün ailəsinə, dostlarına təşəkkür ediblər.

 

Şairin oğlu, tanınmış yazıçı Orxan Fikrətoğlu atasının xatirəsini əziz tutaraq gecəyə qatılan hər kəsə minnətdarlığını bildirib.

 

Sonda şair Qulu Ağsəs mərhum ədibin qızı Aysel Fikrət tərəfindən təsis olunmuş "Fikrət Sadıq işığı" mükafatına layiq görülüb.

 

A.Fikrət qəzetimizə açıqlamasında qeyd edib ki, bundan sonra hər il mayın 30-da şairin doğum günü ilə əlaqədar anım gecəsi keçiriləcək F.Sadıq adına mükafatlar təqdim olunacaq.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet  2017.- 1 iyun. - S.7.                                                    .