Özbəkistanın Xalq
şairi Bakıda qonaq
oldu
Mayın 31-də
Azərbaycan Yazıçılar Birliyində (AYB) Özbəkistanın
Xalq şairi Camal Kamalla görüş
keçirilib.
AZƏRTAC xəbər verir ki, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar tanınmış tərcüməçi, alim, yaradıcılığı Azərbaycan və Şərq ədəbiyyatı ilə sıx bağlı olan Camal Kamalı 80 illik yubileyi münasibətilə təbrik edib.
Diqqətə çatdırıb ki, Camal Kamalın Azərbaycan-Özbəkistan ədəbiyyatlarının qarşılıqlı təbliğində böyük əməyi var. Belə ki, Camal Kamal dahi Nizami Gəncəvinin "Xəmsə"sini özbək dilinə çevirib, eləcə də Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün və digər Azərbaycan ədiblərinin əsərlərini özbək xalqına təqdim edib. Anar C.Kamalın Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlüyünə qəbul edildiyini bildirib.
Tədbirdə Yazıçılar Birliyinin katibi, Xalq şairi Fikrət Qoca, yazıçı-dramaturq Firuz Mustafa, Nizami adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr" şöbəsinin müdiri Almaz Ülvi və başqaları Camal Kamalın vaxtilə Özbəkistan Yazıçılar İttifaqının sədri kimi mühüm işlər gördüyünü bildirib, Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərindən söz açıblar.
Özbəkistandan gəlmiş tarixçi alim Şuxrat Salamov, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbahor Aşurova, professor Roza Niyozmetova Azərbaycan-Özbəkistan dostluğunun Camal Kamal yaradıcılığında xüsusi yer tutduğunu söyləyiblər. Camal Kamal tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib, bundan sonra da qardaş Azərbaycan ədəbiyyatını Özbəkistanda təbliğ edəcəyini vurğulayıb.
Həmin gün Milli Kitabxanada da Camal Kamalla görüş
keçirilib. Direktor Kərim Tahirov
Azərbaycan-özbək ədəbi
və mədəni əlaqələrindən danışıb,
görkəmli şair
Camal Kamalın bu yöndəki xidmətlərini diqqətə
çatdırıb.
Millət
vəkili Qənirə
Paşayeva çıxış
edərək şairin
Azərbaycan ədəbi
nümunələrini özbək
dilinə tərcümə
etdiyini, hazırda Nizami Gəncəvinin
"Xəmsə" əsərini özbək dilinə çevirdiyini, artıq "Sirlər xəzinəsi" və
"Leyli və Məcnun"un özbək
dilində işıq
üzü gördüyünü
söyləyib. Ədəbiyyatşünas alim Almaz Ülvi
də şairin fəaliyyətilə bağlı
fikirlərini bölüşüb.
Şair C.Kamal gördüyü diqqətdən məmnunluğunu
bildirib, Azərbaycan ədəbiyyatına ürəkdən
bağlı olduğunu
deyib.
Görüşün sonunda müasir özbək ədəbiyyatı nümunələri
Azərbaycan Milli Kitabxanasına hədiyyə
edilib və tədbir iştirakçıları
kitablardan ibarət sərgi ilə tanış olublar.
525-ci qəzet 2017.-1 iyun.- S.5.