Milli mətbuat tariximizlə
bağlı maraqlı məqam: “Əkinçi”- “Tayms” əlaqələri
XIX əsrin 60-cı illərinin
axırları və
70-ci illərinin əvvəllərində
Londonda türk mühacir mətbuatı, əvvəlcə “Müxbir”,
sonra isə “Hürriyət” qəzetləri
çıxırdı.
Çox ehtimal ki, bu
qəzetlərin “Tayms”
qəzeti ilə əlaqələri vardı. Eyni zamanda,
“Yeni osmanlılar” mühacir mətbuatının
nüsxələrini Türkiyəyə
gizli yolla göndərirdilər. Güman
etmək olar ki, “Əkinçi”yə göndərilən türkcə
tərcümə “Yeni osmanlılar”ın ruhuna uyğun olmuşdur, onların fikrincə, elə bir materialı
Türkiyəyə göndərmək
həmin materialın məhvi demək olardı və buna görə də Bakını etibarlı şəhər
kimi görüb oraya göndərilməsini
məsləhət bilmişdilər.
Həsən bəy Zərdabinin “Tayms” qəzetinə hüsn-rəğbət bəsləməsi
də səbəbsiz deyildi. Başlıca səbəb o idi
ki, həmin qəzet dövrünün
ən məlumatlı
mətbuat orqanı sayılırdı və bəzən bir sıra məsələlər
barəsində hökumətdən
daha çox məlumatlı olması ilə seçilirdi.
Məsələn, qəzet
Vaterloo yaxınlığında
Napoleon qoşunlarının məğlub olması haqqında xəbəri
ilk dəfə yaymışdı.
Halbuki, hökumətdə belə
bir xəbər yox idi. Bundan əlavə, “Tayms”ın yaydığı xəbərlərin
dəqiqliyinə heç
kəsin şübhəsi
olmurdu. “Əkinçi”
öz oxucularını
Rusiya-Türkiyə münasibətləri,
Balkanlarda vəziyyət
və Osmanlı imperiyası ilə bağlı bir sıra məsələlər
barəsində “Tayms”ın
verdiyi məlumatlarla tanış etməklə
əhalidə daha doğru rəy formalaşdırmaq istəyirdi,
çünki dövrünün
digər mətbuat orqanları, o cümlədən rus qəzetləri beynəlxalq
məsələlər barəsində
qərəzli yazılar
verirdilər. Senzuranın tüğyan
etdiyi bir zamanda həmin yazılardan başqa cür istifadə etmək mümkün deyildi. Mümkün olan yalnız
“Tayms” qəzetinin xəbərlərinə istinad
etmək idi.
Yuxarıda qeyd etdiyimiz kimi, “Əkinçi” “Tayms”dan bəhrələnirdi. Bunun isə əsas
səbəbi barəsində
fikirlərimiz bu yazıda öz əksini tapmışdır.
Buraya yalnız onu əlavə etmək lazımdır ki, Böyük Britaniya mətbuatı XIX əsrdə
çox böyük nüfuza malik idi, millətin həyatına güclü
təsir göstərə
bilirdi. Bütün Avropa onun səsinə qulaq asırdı. İngiltərə qəzetlərinin, xüsusilə
də “Tayms”ın böyük nüfuz sahibi olmasının başlıca səbəblərindən
biri ölkədə mətbuat azadlığının
mövcudluğu idi.
Hələ 1689-cu ildə qəbul
olunmuş “Hüquqlar
Billi”ndə hər bir ingilisə öz fikrini şifahi və yazılı şəkildə
ifadə etmək hüququ verilmişdi.
1694-cü ildə isə senzura ləğv edilmişdi.
Bütün bunlar İngiltərə
mətbuatının verilən
hüquqlardan gen-bol istifadə etməsi ilə nəticələnirdi.
XIX əsr İngiltərə
mətbuatını okeana
bənzətsək, “Tayms”
bu okeanın mayakı olardı. Maraqlıdır ki, “Əkinçi” bu mayakı görür, onun işığından
bəhrələnməyə çalışırdı. “Əkinçi” fəaliyyətdə
olduğu dövrdə
“Tayms”ın baş redaktoru vəzifəsində
Con Dileyn çalışırdı.
O da H.B.Zərdabi kimi mətbəədə
gecələyir, qəzet
çap olunmamış
iş yerini tərk etmirdi.
Yuxarıda dediyimiz bəzi fikirlər ortalığa bir sıra suallar
çıxarır və
bu suallara cavab vermək üçün tədqiqatlar
aparılmasını tələb
edir. Məsələn, hansısa
əsərin türk dilinə tərcüməsinin
redaktə üçün
“Əkinçi”nin redaksiyasına göndərilməsi
faktı ayrıca bir tədqiqat aparılmasına
yol açır.
Doğrudan da,
türk dilinə tərcümə
olunmuş əsər
hansıdır? Və ondan
bir parça redaktə üçün
nəyə görə
məhz H.B.Zərdabiyə
göndərilmişdi? Biz böyük ədibimizin
həyat və fəaliyyəti ilə bağlı arxiv materiallarına daha diqqətlə yanaşsaq,
yəqin ki, həmin materialı və yaxud material barəsində məlumatı
tapa bilərik. Bundan əlavə, Balkanlarda baş verən hadisələrlə bağlı
xəbərlərin “Tayms”dan
götürülüb dərc
edilməsi faktı da ciddi araşdırmalar
aparılmasını tələb
edir. Fikrimizcə, bu barədə
bütöv bir tədqiqat işi yazmaq mümkündür.
Londondan
Bakıya göndərilmiş
tərcümə əlimizdə
olmadığına və
həmin hissəni Həsən bəy Zərdabinin arxivində tapmadığımıza və
“The Times”ın arxivinə
hələlik əlimiz
çatmadığına görə
yalnız ehtimallarla fikir yürütmək mümkündür. Belə ki,
fikrimizcə, həmin
əsər şair və yazıçı, publisist və siyasi xadim olub,
İngiltərədə burjua
cəmiyyətinin təşəkkül
tapması dövründə
yaşamış, ölkədə
baş verən inqilab illərində hadisələrin içərisində
olmuş Con Miltona məxsusdur.
Onun traktat və
pamfletləri həmin
dövrün ictimai fikrinin inkişafına böyük xidmət olmuşdur. Siyasi pamfletləri onu
İngiltərə inqilabı
ideoloqlarının birinci
sırasına çıxarmışdır.
Con Miltonun yaradıcılığı
haqqında danışarkən
onun 1644-cü ildə
senzuranın icazəsi
olmadan nəşr etdirdiyi “Mətbuat azadlığı haqqında.
İngiltərə parlamentinə nitq
(Areopagitika)” pamfletindən
söhbət açmaq
lazımdır. Müəllif burada antik publisistlərin,
ən əvvəl İsokratın yaradıcılıq
irsinə əsaslanaraq
senzuranı qəzəb
və nifrətlə pisləmiş, onun zərərliliyini, azad fikrin inkişafına mane olmaqda gücsüzlüyünü
sübut etmişdir.
O yazırdı ki, senzura haqqında qanun xeyirxahlığa kömək edə bilməz; bu qanun elmə və alimlərə edilən ən böyük zülmdür,
misli görünməmiş
təhqirdir. Con Milton bu
əsəri ilə mətbuat azadlığını
müdafiə edərək
yazırdı: “Bir insanı öldürmək
düşünən bir
canlını yox etməkdir. Lakin yaxşı bir
kitabı qadağan etmək şəxsi ağlın özünü
məhv etməkdir”.
Şübhəsiz, Con Miltonun bütün pamfletləri kimi, “Areopagitika” da təkcə Avropada deyil, həm də bütün dünyada məşhur əsərlərdən birinə
çevrilmişdi. Senzuranın
təqibləri nəticəsində
Londonda türk mühacir mətbuatını
yaradan “Yeni osmanlılar” bu pamfletlə tanış
idilər və onun türkdilli xalqlar arasında geniş yayılması üçün tərcümə
etmişdilər. Axı, həmin
dövrdə Türkiyədə
çox ağır mətbuat nizamnaməsi cövlan edirdi. 1867-ci ildə Osmanlı
hökuməti mətbuat
haqqında müvəqqəti
nizamnamə qəbul etmişdi. Həmin nizamnamənin 9-cu maddəsinə əsasən
xarici ölkələrdə
nəşr olunan və Osmanlı hökumətinin əleyhinə
materiallar çap edən qəzetlərin Türkiyəyə gətirilməsi
qadağan olunmuşdu.
''Yeni osmanlılar''
Londonda çap etdirdikləri “Müxbir” və “Hürriyət” qəzetlərini Türkiyəyə
gizli yolla göndərirdilər.
Bu qəzetlərin rəhbərləri
- Əli Suavi, Namiq Kamal və
başqaları Osmanlı
imperiyasında bir sıra yeniliklərin tətbiqini irəli sürür, millət məclisinin yaradılmasını
və ölkənin problemlərinin burada müzakirə olunmasını
tələb edirdilər.
Onlar üç vacib məsələnin həllini qarşıda duran vəzifə kimi irəli sürürdülər: idarəetmə
forması dəyişməlidir;
nazirlər gördükləri
iş barəsində
hesabat verməlidirlər;
hökuməti millət
tərəfindən seçilmiş
beş-altı yüz
nəfərlik bir məclis yaratmalıdır.
Bu qəzetlər monarxiyanın qorunub saxlanmasını, Osmanlı imperiyasının ərazi bütövlüyünü təbliğ edirdilər. “Hürriyət” yazırdı ki, bir zamanlar kainatın paytaxtı kimi söhrət kəsb etmiş ölkə indi tənəzzülə uğramışdır və bunun günahı bizim rejimi mütləqiyyətə çevirən şəxslərdədir: onlar hüquqlarımızı pozur, əmlakımızı dağıdır, şəxsi rifahı naminə əcdadlarımızın həyatı bahasına əldə edilmiş torpaqlarımızı hər yetənə paylayır, boynumuzdan qul buxovlarını bir dəqiqəliyinə belə çıxarmaq istəmirlər. Bütün bunlara həmişə dözəcəyikmi? Əlbəttə, yox! Qəzet “Yeni osmanlılar”ın məqsədini və bu məqsədə nail olmaq üçün tətbiq edəcəkləri metodları səciyyələndirərək yazırdı: “Yeni osmanlılar” Osmanlıların əvvəlki şöhrətini qaytarmağa çalışan insanlardır. Onlar Sultan Süleyman dövrünə xas çiçəklənməni və firavanlığı istəyirlər. Lakin onlar buna əsrin tələblərinə uyğun sivil şəraitdə nail olacaqlar. Məqsədə doğru aparan vasitə isə ədalətdir. Ədalət Osmanlı icması üzvlərinin hüquq bərabərliyindən doğur. Bərabərlik isə hüquqda məşvərət prinsipi ilə təmin edilir. Prinsip zəka və ənənəyə tam uyğundur''.
Əlbəttə, bu cür ideyaları yayan qəzetlərin Türkiyəyə sərbəst surətdə gətirilməsinə icazə verilməzdi və ölkənin daxili işlər naziri həmin qəzetin nüsxələrini toplayıb bir nüsxəsini sultana çatdırmaq və qalanlarını tonqalda yandırmaqla məşğul olurdu.
Qeyd etmək lazımdır ki, “Müxbir”, “Hürriyət”, bir az sonralar isə “Ulus” və “İnqilab” qəzetlərində Osmanlı imperiyasının əleyhinə çap olunmuş materiallar da məhz Con Miltonun “Areopagitika”sının ruhuna uyğun idi.
Bütün bunları dedikdən sonra biz belə bir fikri cəsarətlə söyləyə bilirik ki, türk dilinə tərcümə olunmuş və bir hissəsi redaktə üçün Həsən bəy Zərdabiyə göndərilmiş kitab “Areopagitika”nın tərcüməsi idi. ''Yeni Osmanlılar'' və hətta “The Times”ın o dövrkü baş redaktoru Con Dileyn tərcümənin məhv olmasına yol verməmək məqsədilə onu İstanbula deyil, Bakıya göndərmişdi. Daha bir fikri də cəsarətlə demək olar ki, Con Dileyn Həsən bəy Zərdabi ilə tanışlıq əlaqələrinə malik olmuşdur və çox ehtimal ki, Həsən bəy Zərdabinin “The Times” barəsində zəngin məlumata malik olması da buradan irəli gəlmişdir.
Söylədiyimiz ehtimallar “Times” - “Əkinçi” əlaqələrinin daha geniş miqyasda öyrənilib tədqiq edilməsi üçün geniş imkanlar yaradır.
Həmid
VƏLİYEV
BDU Beynəlxalq jurnalistika kafedrasının
müdiri, professor
525-ci qəzet.- 2017.- 2 iyun.- S.4.