Afaq Məsud İmperiyası
VƏ YA BİR BALACA QIZ NOBEL MÜKAFATINI NECƏ MƏĞLUB ETDİ
Ədəbiyyatdan dünyaya və Allaha daha çox
poeziya, nəsr əsərləri yox, daha çox şairanəliklər, şahanəliklər
qalır.
“Duyğular imperiyası”nın imperatoru - dünya, tarix miqyasında bu balaca qızcığaz nəhəng tarixi imperiyalara qarşı, həm də Nobel imperiyasına qarşı
öz ən şairanə, ən şeiranə əsəri
“Duyğular imperiyası”nı
qoydu. Əslində, bu imperiya yolunda bir çox
böyük insanlar, o
cümlədən, Afaqın
atası - Məsud Əlioğlu da şəhid olub. Afaq yazılarıyla atasını da , onları da
bir daha Tanrı yanına qaldırdı və ruhlarını əbədi
şad, Tanrıqanad etdi.
Tarixi, çağdaş,
gələcək imperiyalar,
kimin imperiyası daha güclü? Sizinki, ya
o balaca qızınki?
Qorxmayın, sizə qarşı qoyulan tək imperiya - “Düyğular imperiyası”
hamınızdan güclü
yox, sadəcə hamınızdan daha duyğulu, daha insani, daha eşqli!
Beləliklə, Afaq Məsud imperiyasında Gözəllik
gücü, sevgi gücü, duyğu gücü həm də dünyanı, dünya tarixini hər an məğlub edir. Həm də hər an gözəlliyi
gücdən də yuxarıya qaldırır!
O nəsrin poeziyaya keçdiyi, Nəsr okeanının Poeziya göyüylə qovuşduğu
yerdən, daha doğrusu, göydən başlayır və göyüzünü hər
an bir daha,
bir daha genişləndirir, ağlasığmazlıqlara
qaldırır.
Tarixi, çağdaş,
gələcək imperiyalar,
bir daha oxuyun, nümunə götürün. Kimin imperiyası daha
gözəl, daha güclü, sizin, yoxsa dünyayla “imperiya-imperiya” oyunu oynayan balaca bir qızcığazın?
Əslində, bütün böyük
yazarlar hamısı cocuq! Hamısı cocuq! Yazan andasa,
körpə! Çünki
cocuq olmasaydılar, böyük ola
bilməzdilər, yaza
bilməzdilər.
Salam, dahilər! Salam, cocuqlar! Bütün bələkdəki
dahilərə də salamlar!
Avropada, dünya
ədəbiyyatında çatışmayan
nədir? Şahanəlik!
Şahanəlik! Bir az da divanəlik!
Bu balaca qızcığaz
- çağdaş dünyanın
ən şahanə şair yazıçısı,
beləcə Nobel mükafatını
da almamasıyla şahanəliklə məğlub
etdi. Əslində, çox böyük
yazarlar o mükafatı
ya almayıb, ya da imtina
edib. Bütün mükafatlar hər
gün məğlub olur ucalıqlar önündə.
Ən böyük mükafat isə Allahın verdiyi vergidir, sevgidir,
Allahın göydən bizə endirdiyi sözlərdir.
İmperiyanız, Sözünüz mübarək,
Afaq Məsud!
Afaq Məsud
İmperiyası, dünyanı daha çox işğal elə!
Vaqif
BAYATLI ODƏR
525-ci qəzet.- 2017.- 3 iyun.- S.11.