Afaq Məsud: "İnsanların
arasında olduğum hər yerdə sevgi duyuram"
Yazıçı,
dramaturq, Əməkdar incəsənət xadimi, Rusiyanın
Elm və İncəsənət Pyotr Akademiyasının
(PANİ) həqiqi üzvü, Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Tərcümə
Mərkəzinin direktoru Afaq Məsud ömrünün
60-cı baharını yaşayır.
Titulları
kənara qoysaq, Afaq Məsudu iki kəlmə ilə səciyyələndirmək
olar: söz adamı.
Qələmini ədəbiyyatın müxtəlif
janrlarında sınayıb. “Üçüncü
mərtəbədə”, “Şənbə gecəsi”, “Tək”,
“İzdiham” və başqa kitabları oxucuya yaxşı
tanışdır. Roman və hekayələri rus,
ingilis, fransız, alman, fars, ərəb,
türk dillərinə və digər dillərə tərcümə
olunub. Q.Q.Markesin "Patriarxın
payızı", T.Vulfun "Dünyanın
hörümçək toru" romanlarını və digər
məşhur dünya yazıçılarının əsərlərini
Azərbaycan dilinə tərcümə edib.
Onun “Can üstə”, “O məni sevir”, “Qatarın
altına atılan qadın” və digər pyesləri
uğurlu səhnə həyatı yaşayıb. Əsərləri əsasında
"Sərçələr", "Qonaqlıq",
"Gecə", "Cəza", "Dovşanın
ölümü" televiziya filmləri çəkilib.
Afaq Məsud həm də maraqlı həmsöhbətdir. Azərbaycan ədəbiyyatında
özünəməxsus izi olan, dəst-xətti ilə
seçilən Afaq xanımla yubileyi ərəfəsində
söhbət etdik.
– Afaq
xanım, ömrünüzün 60-cı baharını
yaşayırsınız, bir yazıçı
üçün bu yaşı ömrün hansı
dövrünə, hansı fəslinə aid etmək olar?
– Müəyyən
kamillik dövrünə. Niyə “müəyyən”
deyirəm? Çünki tam kamillik 100 yaşında da
qazanılması mümkün məsələ deyil və mənə
görə, 60 yaş bir çox qaranlıq mətləblərin
və həqiqətlərin anlaşılmağa
başladığı, lüzumsuz qovğaların,
narahatlıqların və həyəcanların öz mənasını
itirdiyi, həyatın tamam ayrı mənalar kəsb etməyə
başladığı maraqlı bir yaş həddidir. Fəslə gəlincə də, bu, payız deyil.
–
Afaqı məsud edən nədir?
– Məncə,
özünü qoruyub saxlamağı, həyatın
hansısa toxunulmaz tərəflərində – yazılarda və
digər buna bənzər ərazilərdə yaşamaq
bacarığı.
– Sizə
elə gəlmirmi ki, ədəbiyyata gəlişiniz atanız
Məsud Əlioğlunun, babanız Əli Vəliyevin
yaradıcılıq yoluna yeni cığır salmaq, bu yolu
davam etdirmək istəyindən doğub? Onların
Sizin yazıçı olmağınıza nə dərəcədə
təsiri olub?
–
Yazıçılıqla bağlı heç bir məqsədim
olmayıb. Orta məktəbi bitirəndə sənədlərimi
Tibb İnstitutuna vermişdim, həkim olmaq istəyirdim. Onda atam yenicə dünyasını dəyişmişdi.
Rəhmətlik Xudu Məmmədov, Bəxtiyar Vahabzadə və
Nurəddin Rzayev bir gün bizə gəldilər və məni
fikrimdən döndərdilər. Sənədlərimi
jurnalistika fakültəsinə verdim. İlk
hekayəmi isə ikinci kursda oxuyanda yazdım. Bu hekayəni o dövrlər qonşuluğumuzda
yaşayan tanınmış bir şairin saat
çıqqıltıları ilə dolu evində
rastlaşdığım, həyatdan, ədəbiyyatdan
çox-çox uzaq, çərçivələr və
qadağalar dolu bozarmış darısqallıqlardan xilas olmaq
üçün yazmışdım. Hekayə
“Ulduz” jurnalında dərc olundu, bəyənildi və mən
yazının insanı ən darısqal
çıxılmazlıqlardan qurtarmaq gücünü
anladım.
Babamın və atamın
yazıçılığıma təsirinə gəlincə,
bu, bir məktəbdir. Əli Vəliyev və Məsud
Əlioğlu – hər ikisi Azərbaycan ədəbiyyatına,
elminə, ədəbi fikir tarixinə misilsiz töhfələr
vermiş, Azərbaycan ədəbi dilinin, milli elmi-bədii
fikrinin zənginləşməsində böyük xidmətləri
olmuş tarixi simalardır. Əli Vəliyev
gözəl roman ustası olmaqla yanaşı, dilimizə minlərlə
söz gətirib, əsərləri Azərbaycanın,
Qarabağın tarixinin, qədim ərazilərinin öyrənilməsi
üçün qiymətli məxəzə çevrilib.
Eləcə də atamın Hüseyn Cavid, Məhəmməd
Hadi, Əliağa Vahid və sovet ideolojisinin
yasaqladığı digər bu kimi ədəbi simaların ədəbiyyata
qayıdışında əvəzsiz xidmətləri olub.
Bu mənada, onların davamçısı olmaq
elə də asan məsələ deyil. Bu,
böyük məsuliyyət, ədəbiyyata, dilə sevgi və
sədaqət, ağır zəhmət tələb edir.
– Təkliyə,
tənhalığa can atan yazıçı qadın (ana)
obrazı Afaq Məsud yaradıcılığında
xüsusi ədəbi-fəlsəfi dəyər daşıyan
hadisələrdəndir. Əsərlərinizin qadın qəhrəmanları
tamamilə yeni tip qadınlardır. Sizcə, bu, Sizin qadın – yazar olmağınızdan, şəxsi
həyatınızdan qaynaqlanır, yoxsa başqa səbəb
var?
– Bunun nədən
qaynaqlandığı barədə dəqiq bir şey deyə
bilmərəm, amma qadın qəhrəmanlarımla
bağlı yazdığım əsərlərin əksəriyyəti
bioqrafikdir. Siz “yeni tip qadınlar” deyəndə,
yəqin, bu qadınların ənənəvi Azərbaycan
qadınlarına oxşamadığını nəzərdə
tutursunuz. 2004-cü ildə yazdığım “Can üstə”
pyesində baş qəhrəman – Yazıçı qadın əsərin
kulminativ məqamında əlindəki virtual tapançanı
qapıbir qonşusuna – sovet rejiminin ideoloqlarından olan əmək
veteranı, təqaüdçü Qocaya tuşlayıb: “Yox,
qoca, sən məni yaxşı tanımırsan, mən - təzə
adamam!” – deyəndə mən də bunu niyə
belə yazdığımı bilmirdim. Bunu
ötüb-keçən zamanla gələcəyin
savaşı hesab edirdim. Bəlkə də bu belədir
və ola bilsin ki, bu qadınlar gələcəyin
insanları – həmin təzə adamlardır.
– Sizin
yaradıcılığınızı araşdıran
avstriyalı ədəbiyyatşünas Sena Doğan deyib ki, Məsudun
bütün əsərləri bir-birilə əlaqəlidir. Bu fikirlə razısınızmı?
– Əslində, bu, belə də olmalıdır. Hər bir
yazıçı ömrü uzunu bir neçə kitab yazsa
da, əslində, o, nəticə etibarilə yeganə bir əsəri
yazır. Hər yazıçının
öz mövzusu var. Əsərdən əsərə
situasiyalar, obrazlar dəyişə bilər, lakin
yazıçının daxili problemi, ağrı nöqtələri
dəyişmir. Bu mənada, Senanın fikri
ilə tam razıyam.
– İxtisasca jurnalistsiniz. Jurnalist də,
yazıçı da söz adamıdır. Siz onların arasında nə kimi fərq
görürsünüz? Bir
yazıçı kimi jurnalist peşəsi Sizə nə
verib?
– İlk növbədə, fikrimi səlis Azərbaycan
dilində ifadə etməyi, hadisələrin mahiyyətini,
daxili konflikti görməyi, nəyi yazmağın lazım olduğunu,
demək, təsvir etmək istədiklərini qısa və
lakonik şəkildə ifadə etməyi. Bütün
bunlar yazıçılıq üçün vacib olan ilkin
şərtlərdir. Qabriel Qarsia Markes, Emil Zolya, Marsel
Prust kimi yazıçıların ədəbiyyata məhz
jurnalistikadan gəlmələri də bu mənada təsadüfi
deyil. Bu iki sahəni bir-birindən fərqləndirən
başlıca cəhət isə birinin – jurnalistikanın
sırf real həyatdan, yəni baş verən və verməkdə
olanlardan, o birinin isə – ədəbiyyatın, həm də
baş verməyənlərdən və olmayanlardan
qaynaqlanmasıdır.
– Üslubunuz
heç də hamı tərəfindən birmənalı
qarşılanmır. Bu, Sizi narahat etmir ki?
– Mən
kütləvi oxucu üçün yazmıram və bu barədə
bir neçə dəfə demişəm ki, hamının
xoşuna gəlmək, zövqünü oxşamaq ədəbiyyatın
missiyası deyil. Uzun illərdir, bəzən hətta
ən hazırlıqlı və intellektual oxucular tərəfindən
sona qədər anlaşılmadığımı hiss edirəm.
Amma oxucu azlığından da şikayət edə
bilmərəm. Bu barədə də bir
neçə dəfə demişəm, geniş oxucu kütləsi,
adətən, yüngül ədəbiyyata meyillidir – detektiv,
macəra, sevgi romanları və sair. Bunun
səbəbi bu ədəbiyyatların mütaliəsinin
oxucudan dərin intellekt, beyin zəhməti tələb etməməsidir.
Özü də təkcə Azərbaycanda
deyil, bütün dünyada belədir. Tarix
boyu belə olub, belə də olacaq. “Ciddi ədəbiyyat”
ifadəsi də məhz bu ədəbiyyatların fərqləndirilməsindən
yaranıb. Amma əlbəttə ki, burada
milli oxucu səviyyəsinin yetərsizliyi problemi də var.
– Sizin bir
çox əsərləriniz teatrlarımızda səhnəyə
qoyulub və maraqla qarşılanıb. Davamı
gələcəkmi? Teatrlarımızın
repertuarında boşluq var, niyə teatrlarla işləmirsiz?
– Əfsuslar olsun ki, bu gün əksər
teatrlarımız, yumşaq desək, sənət
ab-havasından, yaradıcı stixiyadan çox uzaqdır. Bu barədə
kifayət qədər yazılır, deyilir. Teatrlarla işləməməyimin səbəbi də
budur. İki il əvvəl “Kərbəla”
əsərimi Milli Akademik Dram Teatrına təqdim etmişdim. Əsər repertuara salınmışdı,
tamaşaya dövlət sifarişi
açılmışdı. Lakin elə
ilk məşqdən sonra onu geri götürməyi qərara
aldım. Səbəb – teatrda hökm
sürən həmin qeyri-yaradıcı mühit idi. Müqəddəslərin həyat faciəsindən
bəhs edən bir əsəri belə bir mühitə etibar
etməyi nə onlara, nə də özümə rəva
bildim. Son illər qələmə
aldığım “Mənsur Həllac”ı isə, ümumiyyətlə,
heç bir yerə təqdim etməmişəm. Bu əsərlərin səhnə sahiblərinin nə
vaxtsa gəlib çıxacağına ümid edirəm.
Bu, yüz il sonra da ola bilər, sabah da.
–
Müsahibələrinizin birində “yazarkən mən can
üstə oluram” demisiniz. Doğrudanmı,
yazmaq bu qədər əzablıdır?
– Yazı
prosesində can üstə olmaq fiziki ölümün
astanasında olmaq demək deyil. Bu, maddi bədənini
itirməyin astanasıdır. Yəni ayaqlarının
yerdən üzüldüyü, divarların əriyib itdiyi,
sözlə ifadə oluna bilməyən ali
bir məqamdır. Düşünmürəm
ki, yazı prosesində bütün yazıçılar, yaxud
şairlər bu vəziyyətə düşürlər və
bu, əsər yazmaq üçün heç vacib şərt
də deyil. Təbii ki, hər bir əsər,
ilk növbədə, şüurun, yaddaşın
iştirakı ilə yazılır. Tarixi
sənədlərin, yaxud cinayət materiallarının əsasında
da bəşəri əsərlər yazılıb və
yazılır. Amma ədəbiyyatın bir
növü də var ki, orada şüur, idrak yalnız vasitəçi
kimi iştirak edir. Yazıçı kompüterin
arxasına keçir və heç hara baxmadan, heç bir mənbəyə
istinad etmədən, heç nəyi xatırlamadan, sanki kiminsə
gizli diktəsi ilə yazmağa başlayır… Dediyim
həmin o canüstü vəziyyətlər belə
yaranır.
– Afaq
xanım, tərcümə ilə ardıcıl və müntəzəm
məşğul olmusunuz. Vaxtilə Gi de Mopassan, Tomas Vulf,
Qabriel Qarsia Markes, Xulio Kortasar, Xorxe Luis Borxes kimi böyük
yazıçıların əsərlərini dilimizə
çevirmisiniz. Son illər isə, əsasən sufi irsini tərcümə edir və bu ilahi ədəbiyyatın
təbliğatçısı kimi çıxış
edirsiniz. Bu nə ilə bağlıdır:
yaşınızlamı, dünyaya
baxışınızın dəyişməsiyləmi?
– Sufiliklə
yaxından tanışlıq nəinki dünyaya
baxışımı, bütövlükdə həyatımı
dəyişib. Bu, bu vaxta qədər yazılan
və yazılacaq bütün ədəbiyyatları,
dünya, kainat, insanlıq haqqında sirləri və həqiqətləri
iksir şəklində özündə saxlayan möcüzəvi
həyat mənbələridir. Bayaq dediyim
kamilliyə aparan yolların ən qısasıdır. Qalın-qalın cildlərdə yatan ədəbiyyatların
deməyə, izah etməyə çalışdığını
bu mətnlər bir abzasla, bəzən isə bir cümlə
ilə ifadə edir. Bu mətnlərdə
heç bir dövrdə, heç bir ədəbiyyatda
yazılmayan, açılmayan elə sirli həqiqətlər
var ki, onlara toxunandan sonra insan özünü ayrı bir həyatın
astanasında hiss edir. Sufi mətnlərinə
tapınmağım nə yaşla əlaqəlidir, nə də
məqsədli şəkildə baş verib. Düşünürəm, bu da Allahın mənə
olan rəhmidir.
– Rəhbəri
olduğunuz Tərcümə Mərkəzi qısa müddətdə
nəinki Azərbaycanda, bəlkə də, dünyada analoqu
olmayan bir çox ciddi və əhəmiyyətli layihələr
həyata keçirib və keçirməkdədir. Xüsusən milli ədəbiyyatımızın
dünya ölkələrində nəşrini və təqdimatını
nəzərdə tuturuq. Hazırda Mərkəzdə
hansı işlər görülür?
– Milli ədəbiyyatımızın
dünyada tanıdılması, hər şeydən əvvəl
ölkəmiz, xalqımız haqqında təsəvvürlərin
beynəlxalq aləmə çıxışı, onun milli
“Mən”inin, ədəbi-fəlsəfi fikrinin dünyaya
çatdırılması deməkdir. Hər
bir xalq haqqında ən mükəmməl təsəvvürü
onun ədəbiyyatı, mədəniyyəti yaradır.
İngiltərə kraliçasının “İngiltərə
nə ilə güclüdür?” sualına cavab olaraq dediyi
kimi: “İngiltərə öz ədəbiyyatı ilə
güclüdür. Çünki dünyanın
elə bir ölkəsi yoxdur ki, orada Şekspir oxunmasın”.
Bu mənada, Mərkəz qısa müddət ərzində
kifayət qədər uğurlu layihələrə imza
atıb. Nə qədər acı olsa da,
bu, bir həqiqətdir ki, dünya kitabxanalarında Azərbaycan
ədəbiyyatından, demək olar, bir nümunəyə belə
rast gəlinmir.
Bəzi kitabxanalarda nadir hallarda rast gəlinən Nizami, Nəsimi, Füzuli kimi şairlərimizin əsərləri isə tərtibçilər tərəfindən “fars şairi”, ən yaxşı halda, “Şərq şairi”nin əsərləri kimi təqdim olunur. Mərkəzin dünya ədəbiyyatının Azərbaycanda təbliğindən çox, milli ədəbiyyatımızın dünyada tanıdılmasına üstünlük verməsinin əsas səbəbi də budur. Çağdaş ədəbiyyatımızın aparıcı simalarının təmsil olunduğu “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” müxtəlif formatlarda artıq Moskvada, Londonda, Ankarada, Qahirədə, Boqotada işıq üzü görüb, həmin şəhərlərin mərkəzi kitabxanalarına, elm və ədəbiyyat mərkəzlərinə, universitetlərinə paylanılıb, əlaqədar qurumların dəstəyi ilə təqdimat mərasimləri keçirilib. Hazırda kitabın alman, ispan, ingilis, bolqar və çex dillərinə tərcüməsi üzərində iş gedir, yaxın günlərdə Ukrayna dilində Kiyevdə, gürcü dilində Tbilisidə nəşri gözlənilir. Antologiyanın davamı olaraq, ayrı-ayrı yazıçı və şairlərimizin əsərlərinin də xarici dillərə tərcüməsi və nəşri nəzərdə tutulur. Bu layihələrin icrasında ən mühüm məqam isə, ilk növbədə, bədii tərcümənin keyfiyyətidir ki, Mərkəz bu prosesə xüsusi önəm verir. Əsərlər ilkin mərhələdə sətri tərcümə edilir, daha sonra onun üzərində nəşr olunacağı ölkənin dil daşıyıcıları – peşəkar tərcüməçilər, yazıçılar və şairlər tərəfindən bədii tərcümə və redaktə işi aparılır. Biz bu işə ölkəmizdə fəaliyyət göstərən səfirlikləri də cəlb edirik. Hazırda on iki ölkə ilə müxtəlif formatlı layihələr üzərində iş gedir. İş rejimi çox ağır olsa da, uzun illər boyu arzuladıqlarımızı həyata keçirməyimizdən həm də sonsuz mənəvi zövq alırıq.
– Afaq xanım, yəqin, razılaşarsınız ki, qələm sahibinin ən böyük arzusu oxucu sevgisi qazanmaqdır. Necə bilirsiniz, Sizi sevənlər çoxdurmu? Bunu yetərli hesab edirsinizmi?
– Mən, ümumiyyətlə, insanların arasında olduğum hər yerdə sevgi duyuram – məni yazıçı kimi tanımayanların əhatəsində də.
AzərTAc
525-ci qəzet.- 2017.- 3 iyun.- S.10-11.