Din və məhəbbət - faciələrə
aparan ziddiyyət
Patriarxal qaydalar, nikahın iki cinsin əlaqələrində
mühüm və aparıcı yer tutması bir qayda olaraq
sevgi əhvalatlarına ədalətli, humanist münasibət
bəslənməsini kənara atdı.
Ailənin möhkəmliyi, həm də namus, qeyrətin
elan olunduğu şəkildə ən yüksək qaydada
qorunması naminə təbiətin hökmü ilə bu
aramsız olaraq baş verən əhvalatlara yasaq tədbirləri
tətbiq edildi. Azad sevgi cəngavərləri isə təqib
hədəfinə çevrilmişdilər. Dünya dinləri təşəkkül tapdıqda
onlar fərqli qaydada olsa da, bu məsələlərdə əsasən
sərt mövqe tutmuş, iki bir-birini sevən gəncin intim
yaxınlığı hətta qan tökülməsinə,
iki tayfa və ya nəsil arasında ziddiyyətin
böyüyüb düşmənçiliyə çevrilməsinə
şərait yaratmış, izahı çətin olan
vendettanın bünövrəsini qoymuşdu.
Ən qədim din sayılan iudaizm lap əvvəldən əxlaq
pozğunluğuna, intim yaxınlıqdakı eybəcər
hallara qarşı kəskin mübarizə
aparmışdır. Cəmiyyətin pozitiv əsaslarda
formalaşmasında bunun xeyli rolu olsa da, həmin məqsədə
yönələn tədbirlər problemi bütünlüklə
həll etmək gücündə olmamışdır. Təbiətə zidd olan pozğunluq nümunələri
iki şəhərin viran qalması, əhalisinin məhv
olması ilə nəticələnmişdi. Allah əhalisinin eybəcər pozğunluğuna
görə Sodom və Qomorranı belə ağır cəzaya
məhkum etmişdi. Allahın göndərdiyi mələklərə
də təcavüz etmək istəyənlərə
müqavimət göstərən Lotu xilas etmək
üçün Sahib onu arvadı və
qızları ilə birlikdə şəhərdən
çıxamış, lakin xəbərdarlığa məhəl
qoymayan arvadı bu vaxt həlak olmuşdu. Lot
sığınacaq kimi təpənin altındakı bir
mağarada məskulaşmışdı. Qızlar
övlada malik olmaq məqsədi ilə atalarını
içirmiş, sərxoşuğundan sui-istfadə edib, onunla
yatmışdılar. Bu intim
yaxınlıqdan onlar iki oğlan uşağı dünyaya gətirmişdilər.
Əxlaq pozgunluğuna qarşı mübariz
kimi qələmə verilən Lotun özü
biabırçı bir pozğunluğa - intsestə, qanqarışdırıcı
əlaqəyə yol vermişdi.
Bizim dövrümüzdə isə Bibliyanı
özünün müqəddəs kitabı sayan bir sıra
xristian ölkələrində eyni cinsdən olanların
yaxın əlaqəsi təbii hal kimi qəbul edilməklə
yanaşı, hətta onların nikah ittifaqı da qanuni
sayılır.
Digər tərəfdən, dünya dinləri homoseksualizmi qəbul
etməyərək məhkum etsələr də, istər qədim
dünyada, istərsə bizim dövrümüzdə belə
yaxınlıq nümunələri heç də az deyildir. Qədim Yunanıstanda, xüsusən
onun ordu sıralarında homoseksualizm adi davranış
qaydası hesab olunurdu. SSRİ-də bu qeyri-təbii
əlaqə qanun məcəlləsinə görə cinayət
sayılsa da, həbsxanalarda onun baş verməsi əsla nadir
hal deyildi.
İntsestə gəldikdə, bu da qədim dünyada
mövcud olmuşdu. Misir faraonları sülalənin qan təmizliyini
qoruyub saxlamaq üçün doğma bacılarına evlənirdilər.
İudaizm peyğəmbəri Abraham öz
ögey, atadan bir, anadan ayrı bacısı Sara ilə ailə
qurmuş, onların İsaak adlı oğlu olmuşdu. Ona görə də ingilis şairi Corc Qordon Bayronun
öz ögey bacısı Avqusta ilə
yaxınlığına və ondan qızı olmasına və
ya rus yazıçısı Aleksandr Gertsenin öz ögey
bacısı Natalya ilə evlənməsinə görə
onlara hansısa bir irad tutulması nə qədər məqsədə
uyğundur?
Ayrı dinə mənsub olanlarla eşqə düşməyin
özü də qəbahət hesab edilirdi və buna
düçar olanlar hansısa bir şərtiliyə görə
qəddarcasına cəzalandırılırdı. Bibliyada
İakovun, onun digər adı İsrail idi, böyük
oğlanları rəhmsiz təbiətlərinə uyğun
olaraq öz bacıları ilə sevişən və onun bəkarətini
pozmuş oğlanın məxsus olduğu tayfanı hiyləgərlik
yolu ilə tələyə salmış, onun üzvlərinin
hamısını qırmış, şəhəri viranə
qoymuşdular. Homerin “İliada”sında
Troya printsi Paris Spartada qonaq olarkən çar Menelayın
arvadı Füsunkar Yelenaya vurulmuş, hissi bu qadın tərəfindən
cavabsız qalmadığından, onu götürüb Asiya
qitəsinin qərb qurtaracağındakı öz vətəninə
qaçmışdı. Onsuz da varlı Troya ilə
haqq-hesabı çürütmək istəyən yunan şəhər-
dövlətlərinin birləşmiş ordusu bu fürsətdən
istifadə edərək, dənizlə uzun məsafəni
üzüb, şəhəri mühasirəyə almaqla on il davam edən müharibəyə
başlamışdı. Olimp allahlarının
köməyi və Odisseyin hiyləgərliyi ilə yunanlar
qalib gəlib, həmin qüdrətli bir dövləti tarix səhnəsindən
silmişdilər. İki şəxsin
sevgisi kütləvi faciəyə səbəb oldu.
Qadağalar əsl məhəbbətə zərbə
vurduğu halda, şəhvətin böyüməsinə,
zinakarlığa elə bir ciddi təsir göstərə
bilmirdi. Qədim Roma yazıçısı Apuleyin məşhur
“Metamorfozalar” əsərində qadınlara heç də
laqeyd olmayan Lutsi cadugərliklə eşşəyə
çevrildikdə, insanlar arasında əxlaqsızlığın
tüğyan etməsindən, eybəcər şəkillər
almasından heyrətə gəlir. Şekspirin
qələmə aldığı italyan şəhəri
Veronada Romeo və Cülyettanın sevgisi iki nəsil
arasındakı ədavətin qurbanına çevrildiyindən,
onların çox gənc vaxtı həyatla
vidalaşmalarına səbəb oldu.
Təəssüf
ki, dinlər də ali insani hiss olan məhəbbətə
çox hallarda bu səhv prizmadan baxaraq, onu cəmiyyətin əxlaqını
pozan bir cəhət kimi qiymətləndirib, ayrı dinlərə
məxsus olanların qarşılıqlı sevgi əsasında
nikaha girmələrinə, ailə qurmalarına sərt
qadağa qoymuşdu. İudaizm dini yəhudilərə
başqa dinlərə sitayiş edənlərlə
yaxınlıq etməyə, ailə qurmağa icazə
vermirdi. Bu dinin peyğəmbərləri
isə məlum qaydaya məhəl qoymurdular. Abrahamın misirli qul qız olan Həcərdən
(Aqardan) İsmayıl adlı oğlu olmuşdu. Moiseyin özü Kuşit və ya sudanlı
qadına evlənmişdi. Qardaşı
Aaron buna narazılığını bildirsə də, Allah
öz nökəri Moiseyi müdafiə etmişdi. Yəhudilərin fəxr etdikləri Ester Persiya
çarı Kserksin kənizi və arvadı kimi öz
xalqını məhv olmaq təhlükəsindən xilas
etmişdi. Görünür, dini
qadağalar, qanunlar əsasən kiçik adamlar, kütlə
üçündür, axı adətən xırda
balıqlar torda ilişib qaldıqları halda, böyük
balıqlar onu yırtıb, öz təbii məkanlarına
çıxa bilirlər.
Xristianlıq daha geniş və dünyaya yayılan bir
din olmaqla, nikah və ailə barədə belə sərt qaydalardan
qaçmağı bacarmışdı, lakin daha uzağa gedərək
kilsə xadimlərinə və rahiblərə tselibat -
nikahsızlıq kimi qəddar bir qaydanı tətbiq
etmişdi. Sonralar İspaniyada inkvizisiya hər cür
haqsızlıqlar, əsassız cəzalar və əslində
qətllər təşkil edəndə öz dininə mənsub
olanların yəhudi qızları ilə yaxınlıq etməsi
ittihamına görə hətta böyük istedad sahiblərini
təqib etməkdən qalmırdı. XX əsrdə
natsist Almaniyasında yəhudilərlə intim yaxınlıq
barədə daha iyrənc qanunlar meydana gəldi, hətta bir
uzaq valideynini yəhudi olmasına görə, belə adamlarla əlaqəyə,
nikaha yasaq qoyuldu. Bu yolla, guya ari irqinə mənsub
olanların təmiz qanı qorunub saxlanacaqdı. Bu, faraonların təmiz qanı mühafizə etmək
naminə öz bacıları ilə evlənmələrini
yada salır.
İslam dini də özündən əvvəl meydana gəlmiş
dünya dinlərinin məhəbbət barədəki
qeyri-humanist addımlarını təkrar etmək yolunu tutdu. Zinakarlıqla
mübarizə adı altında ən rəhmsiz cəza
növlərinə əl atıldı. İslamın
müqəddəs kitabı olan Quranda belə cəzaların
tətbiqi təsbit edilmişdir. Quranın
“Ən-Nisa” surəsində zinakarlığa görə
ağır cəzalar nəzərdə tutulur. Subaylar belə,
əxlaqsızlıqla məşğul olduqda, onların hər
ikisinə 100 qamçı vurulması, evli kişi
və qadın zinakarlıq etdikdə isə onların
daş-qalaq edilib öldürülməsi qaydası
qoyulmuşdur. Təqsirin sübutu üçün dörd
şahidin olması tələb olunurdu. Əgər
bu şahidlər öz iyrənc məqsədləri ilə
günahsız adamları cəzalandırmaq, hətta məhv
etmək niyyətini güdürlərsə, onda necə olsun?
Ciddi mühakimə, həqiqi məhkəmə
prosesi olmadan adamları necə cinayətkar hesab etmək olar,
çünki şəriətə görə, zinakarlıq
ağır cinayət hesab olunur. Bəs
sonralar hüquqda meydana gələn təqsirsizlik
prezumptsiyası necə olsun? Belə sərt
cəzalar yenə də hərbəndir özünü
büruzə versə də, zinakarlıq heç də öz
mövqelərini vermək istəmir. Ona
yol verən adamlara həm də cəmiyyətdə
tutduqları mövqeləri və maddi imkanları qalxan xidməti
göstərir və onlar nəinki cəzadan, hətta ictimai
qınaqdan da yayına bilirlər. İslamda
genderlər arasında nikah məsələsində bəzi fərqlər
mövcuddur. Kişilər başqa dindən
olanlarla maneəsiz qaydada nikah kəsdirib, ailə qurduqları
halda, müsəlman qızların və qadınların
xristiana və iudeylərə ərə getməsi nadir hallarda
baş verir və cəmiyyət də buna heç də loyal
münasibət göstərmir.
Dinin məhəbbət əlaqələrinə, sevgililərin
taleyinə əsassız qaydada müdaxilə etməsi,
çox hallarda isə qənim kəsilməsi salnaməsi
olduqca geniş və həcmcə böyükdür. Din nədənsə bu məsələdə
təbiətin qanunlarına məhəl qoymur, öz sərt
qaydaları ilə əslində əxlaqın pozulması
üçün də müəyyən şərait
yaratmış olur. Xristian dinindəki nikahsızlıq təbiətin
bütün canlılara, o cümlədən məməlilərə,
onun ali növü olan insana bəxş
etdiyi nəsli artırmaq instinktinə qarşı
çıxmaqla, bu təbii prosesə mane olur, onun həyata
keçirilməsinin qarşısını kəsir. Axı din xadimlərinin, rahiblərin hamısı
dinin bu barədəki qaydasını icra etmək
üçün dəmir iradəyə malik deyillər. Ona görə də bu qadağanın pozulması
daha eybəcər şəkillər alır. Roma papalarının qadınlarla yaxınlıq etməsi
faktları vardır. XV əsrin sonunda Roma
papası olmuş VI Aleksandrın (dünyəvi soyadı
Borcia idi) üç uşağı var idi, oğlu Cezare qətllər
törətmək ustası idi. Qızı
Lukretsiya ilə papanın intim əlaqədə olması barədə
versiya da mövcuddur.
Əvvəllər də mövcud olan pedofiliyanın XX əsrin
sonunda və bizim dövrümüzdə keşişlər, hətta
yepiskoplar arasında yayılmasına dair çoxlu faktlar
aşkara çıxmışdır. Vaxtilə bu
iyrənc əlaqəyə cəlb olunmuş oğlan
uşaqları yaşa dolduqdan sonra özlərinin təhqir
olunması əhvalatlarını açaraq, kilsə xadimlərini
ifşa etməkdən çəkinmədiklərindən, bu
iyrənc hadisələr ictimaiyyətə məlum
olmuşdur.
İslam ölkələrində isə xəlifələrin,
şahların, sultanların hərəmxana saxlaması
heç də sirr deyildir. “Min bir gecə”
nağılları şahın qadınlara qarşı qəddarlığını
açıb göstərir. İtalyan
yazıçısı Bokkaçço isə
özünün “Dekameron” əsərində xristian din xadimlərinin
şəhvət düşkünü olduqlarını
ifşa edir.
Xristian dinində İslama xas olan məhdudiyyətlər mövcud olmadığından, bu dinə mənsub olanlar məhəbbət məsələlərində daha azad və sərbəstdirlər, ona görə də öz ülvi hisslərinə dinin müdaxilə etməsi ilə çox hallarda barışmır, bəzən hətta üsyana qalxırlar. Din xadimlərinin eşqə, onun bəhrəsi olanlara qarşı etibarsızlığına biganə qala bilməyən qadınlar dinin postulatları, hətta Allahın özü barədə şikayətlənməkdən, öz bədbəxtlikləri üçün ona ittiham irəli sürməkdən də çəkinmirlər. Axı məhəbbət bir ali hiss kimi bütün canlılar arasında yalnız insana xasdır, ona sədd çəkmək istəyənlər məhəbbətin daşıyıcılarının kəskin etirazı, hətta nifrəti ilə üzləşməli olurlar. Bəzi canlılar arasında, çox sayda quşlar arasında, hətta canavarlarda nikah sədaqəti mövcud olduğu halda, onlarda məhəbbət hissləri yoxdur. Qədim Roma şairi Ovidinin “Məhəbbət elmi” (“Ars amandi”) əsərində yazdığı kimi, başlanğıcda ibtidai insan öz həyat tərzi və qidalanması ilə heyvanlardan fərqlənmirdi. İnsanlar ot üstündə yatır, özlərini yarpaq yorğanı ilə örtürdülər. Yalnız qadınla kişi arasında məhəbbət hisslərinin rüşeymi oyandıqda, bu metamorfoza onları insan olmağa, başqa canlılardan əsaslı qaydada fərqlənməyə gətirib çıxardı. Bu hisslər onların könlündə yuva salmaqla özlərini də bir insan kimi tanımalarına şərait yaratdı. Böyük alman filosofu Hegelin yazdığı kimi “Həqiqi sevmək - bu, özündən imtina etməklə özünü tapmaq və başqasında özünün qeyb olmasıdır”. Sevən şəxs məhəbbət sobasında əridikdə özündən imtinaya sevinərək, bu hissi yaşamaqla xoşbəxtliyə qovuşduğu qənaətinə gəlir.
Ona görə də məhəbbətə arzu olunmayan müdaxilə, guya bu məsələdə insanların səhvini düzəltmək məqsədi özünün tam yararsızlığını göstərir. Çünki məhəbbət bir hiss kimi insanın malik olduğu heç bir hisslə müqayisə oluna bilməz, axı məhəbbət süni olmayıb, həqiqidir, onun surroqatı, əvəzedicisi də yoxdur. Onun hökmünə tabe olmayan ürək, könül də yoxdur və hətta ağıl da onun hücumu qarşısında öz gücsüzlüyünü göstərir. Məhəbbət insanlar arasındakı münasibətdə aysberqi də əridə bilir, onun yanan odunda ən möhkəm filiz də əriyib, öz xüsusiyyətini əsaslı surətdə dəyişdirir. Rus yazıçısı F.M.Dostoyevskinin “nifrət-məhəbbət” prinsipi yada salınsa, hətta bir az əvvəl nifrət etdiyin adamı da sevə bilərsən. Bunun müasir nümunələrindən biri olan “Stokholm sindromu” da meydana gəlmişdir. Bu sindromda qız onu zorlayan, bəkarətini pozan adama bu hadisə baş verdikdən bilavasitə sonra nifrət etməyə başlayır və güman edir ki, bu nifrət uzun müddət onu tərk etməyəcəkdir. Lakin bir müddətdən sonra qız həmin zorlayan şəxsə vurulur və bu hiss əvvəlki nifrəti də yoxa çıxarır.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2017.- 3 iyun.- S.22.