Teatr tənqidinin tənqidi

 

 

 

Bu gün ölkəmizdəki teatr həyatına teatrşünasların, teatr tənqidinin münasibəti elə bir aktivliyi ilə seçilmir.

 

Belə ki, ən yaxşı halda ayrı-ayrı teatrların tamaşalarına yazılan azsaylı resenziyalarla sanki o, hərdənbir öz mövcudluğunu yada salır.

 

Bəllidir ki, hər bir teatr öz pərdəli məkanında mövcud cəmiyyətdəki fəaliyyətinin həqiqətini, bədii yaşamı boyu estetik axtarışlarını, itkilərini və uğurlarını hər dəfə təsdiqləyir. O da bəllidir ki, bu zaman teatr sənətinin çağdaş dövrdəki vəziyyəti və üz tutduğu yaradıcılıq istiqamətləri, müşahidə edilən estetik tendensiyalar, getdikcə daha artıq diqqətçəkən yaradıcı simalar, yeni formalar və fərdi metodlar, bir zamanlar avanqard sayılıb, bu gün gözgörəsi köhnələn bədii üslublar, həmçinin bu sənətin digər əhəmiyyətli məsələləri teatr tənqidinin diqqət mərkəzində olmalıdır.

 

Məhz teatrşünaslıq elminin sayəsində teatrların yaradıcılıq fəaliyyətlərinin mədəni mühitlə, milli-mənəvi ənənələrlə əlaqəsini müəyyənləşdirmək, müasir səhnə sənətinin bədii-estetik tendensiyalarını səciyyələndirmək, onların sosial-fəlsəfi qayəsini aşkarlamaq kimi elmi-nəzəri fəaliyyət ölkənin mədəni həyatının ahəngdarlığına böyük töhfələr bəxş etmiş olur. Çünki cəmiyyətin həyat fəaliyyətinin inkişafı ən həssas sənət sahəsi olan teatrın da ideya-estetik inkişafına təkan verir. Həmin bağlılıq sayəsində bədii proseslər müxtəlif formaların və estetik cərəyanların təzahür etməsinə yol açır, səhnə ədəbiyyatı ilə bərabər rejissor və aktyor sənətinin də ustalıq dərəcəsinə təsir göstərir. Qeyd etdiyimiz həmin yaradıcılıq həyatı, onun qanunauyğunluqlarının, tənəzzül və tərəqqi meyillərinin öyrənilməsi mühüm şərtə çevrilir. Odur ki, teatrşünaslıq elminin və teatr tənqidinin fəaliyyəti bu zaman öz səmərəli bəhrəsini verə bilər.

 

Cəmiyyət həyatının bu və ya digər təzahürlərinə münasibətində çaşqınlıq ovqatı yaşayan kaleydoskopik teatr reallığında tənqidin öz mövqelərini itirməsi faktı müşahidə edilməkdədir. O, siyasi-ictimai, iqtisadi, mədəni proseslərin təsiri yox, təzyiqi altında uduzduğunu etiraf etmək məcburiyyətindədir. Fəaliyyət miqyası, özünüifadə imkanları, ən betəri funksional dili qısalmış teatr tənqidi bir zamanlar aktiv mətbuatın əlavəsi rolunda görünürdüsə, bizim günlərdə, internet erasında, o az qala tamamilə çarəsiz duruma düşmüşdür.

 

Tarixi-texnoloji fakt olaraq sosial-mədəni həyatımızı işğal edən internet, kağızın, qələmin əhəmiyyətini heçə endirməklə davam etdikcə, bədii yaradıcılığın təsir-əks təsir funksiyası, əksliklərin vəhdətinin və mübarizəsinin dialektik təbiətinin ən çox teatr sənətinin canlı bədii həyatında öz inikasını tapması da bəlli həqiqətdir.

 

Çağdaş dövrümüzdə ictimai-mədəni həyatın bir çox sahələrində olduğu kimi, teatr tənqidində də öz ənənələrindən uzaqlaşma meyilləri müşahidə edilir. Belə ki, yeni texnologiyaların inkişafı tənqidin üslubunu və fəaliyyət məramını dəyişməyə sövq edir. Amma onu xüsusi qeyd etməliyik ki, bu zaman həvəskarlığın peşəkarlığa meydan oxuması faktı da diqqət çəkir. Teatr haqqında, onun bədii təbiəti və mahiyyəti ilə bağlı təxmini bilgiləri olan həvəskarlar, yaradıcılıq həyatı, yaxud konkret tamaşa ilə əlaqədər yazıları ilə tənqidçi sahəsini zəbt edirlər. Bəzən bəzəkli ifadələr, haradansa götürülən aforizmlərlə baş girləyən həvəskarlar reytinq həşirində nə etdiklərinin fərqində olmayıb, sənətin canlı hüceyrəsini zədələyirlər. Bloknota yazılmış, bəzən təkcə özlərinə bəlli olan, sısqa məntiqli fikir müəllifləri qərəzli mövqeləri ilə də seçilirlər. Meyarların, baxışların və mövqelərin qarışdığı məqamlardan yararlanan bu sayaq jurnalistika öz səthi səviyyəsi ilə çox zaman peşəkar tənqidi çətinliyə salır, nəticə etibarilə onun sosial-estetik və sənət funksiyası, tamaşa və onu ərsəyə gətirənlərlə subyektiv dialoqu zəifləyir.

 

Etiraf etməliyik ki, bir küll halında götürsək, ölkəmizdəki teatr həyatını peşə vəzifəsi olaraq tədqiq etməli olan teatrşünaslığımızın, bu gün teatr sənəti sahəsində aparılan araşdırmaların, yumşaq desək, təkmilləşməyə ehtiyacı var. Belə ki, dünya teatr elminin uzun illər bundan öncə, elmi və praktik faydası baxımdan perspektivsiz hesab etdiyi mövzular, qəribə görünsə də, bu gün bizim ölkədə hələ də əhəmiyyətli hesab edilir, hətta dissertasiya mövzuları kimi işlənilir.

 

Praktik teatr həyatının kifayət qədər ciddi aktual problemlərini araşdırmalı olan teatrşünaslıq elmimizin meydanının daralması, bu sahədə tədqiqata ehtiyacı birə beş artan sənət məsələlərinin teatrətrafı nimdaş mövzularla əvəz edilməsi, teatr jurnalistikası kimi meydana çıxan fəaliyyət, professional teatr tənqidinin məhdud ifadə dalanında ara-sıra görünməsi faktı təəssüf doğuran və çətin anlaşılan gerçəklikdir.

 

Halbuki, bədii prosesin yazılmamış qanunlarından bəlli olduğu kimi, tənqid teatrla yanaşı addımlamalı, onun cari məsələləri ilə bərabər hər hansı yenini, yaxud köhnəni elmi-nəzəri təhlildən keçirib müəyyənləşdirməli, aşkarlamalıdır. Təəssüf ki, tarix təkrar olunur. Bir zamanlar mədəniyyət mövzusunda yazan jurnalistlərin, ən yaxşı halda ədəbiyyatşünasların fəaliyyət göstərdiyi teatr meydanında teatrşünaslara yer yox idi. İnsaf xatirinə demək lazımdır ki, teatrşünasların özləri də həmin meydana girməyə tələsmir, obrazlı desək, “ərazi bütövlüyünün pozulmasına” qibtə ediləsi təmkinlə dözürdülər. Burasını da qeyd etməyə ehtiyac vardır ki, teatr tənqidimizin uzun illər davam edən bu sayaq “səbr” nümayişinin mənfi təsirləri Azərbaycan teatr həyatının indiki dövründə də özünü aydın şəkildə büruzə verir.

 

Teatr tənqidinin ötən illərdə tutduğu bu sayaq bitərəf mövqenin labüd olaraq, onu geriliyə düçar etdiyini ayrıca sübut etməyə lüzum yoxdur. Bu günün özündə belə, teatr tənqidi liberallığı, sözünün kəsərsiz, həm də sərrast olmaması üzündən nüfüzunu itirmək üzrədir. Odur ki, ictimai rəydə obrazlı desək, onsuz da (tənqidsiz də) “dünyanın işi keçərmiş”(Ö.Xəyyam) qənaəti formalaşmaqdadır.

 

Tənqidimizin fəaliyyət səviyyəsi teatrımızın bədii-estetik səviyyəsindən də aşağıdır, odur ki, bu gün səhnədə görülən işlərə boylanıb baxsa da, bir şey görə bilmir və o teatrın gündəlik yaradıcılıq həyatını əsasən müşahidə edir və hələ ki, onun bu mövqeyi hər iki tərəfi qane edir. Buna görədir ki, bu gün Azərbaycan səhnə sənətində baş verənlərə, tapıntılara, yaxud uğursuzluqlara öz münasibətini bildirməyə nə dili var, nə sözü... Ən yaxşı halda tənqidin giley-güzarı, iradları dəhlizlərdə, məhrəm söhbətlərdə edilir. Halbuki, teatr sənətçiləri cəsarətli, obyektiv, savadlı, professional tənqidi xoşlayır və belə tənqidə ehtiyac duyurlar.

 

Bu gün teatr tənqidinin funksional fəaliyyət imkanlarının məhdudlaşdırılmasının bütövlükdə teatr həyatının deqradasiyasına yol açması narahatlıq doğurmaya bilməz. Belə ki, dünya teatr tənqidçilərinin yekdil qənaətinə görə, hər bir ölkənin teatr sənətinin inkişaf meyilləri, birmənalı şəkildə, onun teatr tənqidi ilə əməkdaşlığı sayəsində faydalı nəticələr verə bilər.

 

Dünyanı ağ-qara görənlərə, baş verən hadisələri elə beləcə dəyərləndirənlərə sözümüz yoxdur. Amma teatr sənəti ağ-qara deyil və ola da bilməz. Odur ki, səhnə aləmini və burada baş verənlərin rəngarəng təbiətini bilən teatr tənqidi “dünyanın səhnə, insanların aktyor” (V.Şekspir) olduğunu az qala postulat kimi qəbul edir, bu sənətin onilliklərlə dəyişilməyə məruz qalan fəlsəfəsini təmkinlə dəyərləndirməyə cəhd edir. Və bu zaman, yəni cəmiyyətin dialektik dəyişməsinə müvafiq olaraq dəyişən teatr və onun tənqidi ilə məşğul olan mütəxəssislərin baxışlarının, metodlarının, mövqelərinin və təhlil üslubunun da dəyişməsi labüdləşir.

 

Bu isə hər şeydən əvvəl, teatr sənətinin, onunla bərabər tənqidin öz yaradıcılıq sferasını və ifadə arsenalını yenidən dəyərləndirməsini tələb edir. Cəmiyyət həyatının ovqatını müəyyən edən “ictimai rəyinizlə gecikməyin” (G. Tovstonoqov) yolverilməz olduğu üçün həmin ictimai rəyi formalaşdıran tənqidin bu gün sakit limana çəkilib milli teatr sahəsində baş verənlərə susqun, ən yaxşı halda söz deməyə ehtiyatlandığını, yaxud açıq-aşkar mövqesizliyini müşahidə etmək təəssüf hissi doğurur. Halbuki, bu gün teatrşünaslıq elmimizin və praktik teatr tənqidinin öncülləri olan professorlar Məryəm Əlizadə, İlham Rəhimli, Aydın Talıbzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov kimi usta qələm sahiblərinin arxasınca cavan nəsli təmsil edən Aliyə Dadaşovanın, Könül Əliyevanın, Elçin Cəfərovun, Aygün Süleymanovanın bu sahədə diqqətçəkən fəaliyyətlərini təqdir etsək də, eyni zamanda onların malik olduqları istedad potensialını tam şəkildə realizə etdiklərini söyləmək çətindir.

 

Ölkəmizin teatr həyatındakı yaradıcılıq işlərinə (uğurlu, ya uğursuz, fərq etməz) bu və ya digər teatrın fəaliyyətində müşahidə edilən sənət hadisələrinə həməncə reaksiya verilməsi, hər teatr mövsümünün sonunda icmal-məqalələrin yazılması, xüsusilə bölgə teatrlarının sənət həyatı ilə (buranın reperturarından tutmuş, sənətçilərin fərdi yaradıcılığına qədər məsələlərlə) bağlı təhlillərin aparılması işi yox dərəcəsindədir. Bundan başqa, çağdaş dövrümüzdə aktuallığı ilə seçilən, teatr antropologiyası, teatr sosiologiyası, teatr menecmenti, teatr iqtisadiyyatı kimi mövzularda ciddi araşdırmalar da mətbuatda görünmür. Ölkəmizin dövlət müstəqilliyi illərində, təqribən 500 gənc teatrşünaslıq ixtisasına yiyələnib, müvafiq diplom alsa da (halbuki, cəmi 27 teatrı olan ölkə üçün bu, olduqca çoxdur -İ.İ), dövlətin vəsait sərf edib təhsil verdiyi həmin mütəxəssislərin peşə fəaliyyəti bəlli deyil. Yəni mövcud mənzərə, nə təhsilimizin, nə də teatr fəaliyyətinin səmərəsindən bəhs etməyə imkan vermir. Başqa sözlə desək, ölkəmizin teatr həyatının hansı sayda teatrşünasa ehtiyacı olduğu vaxtında nəzərə alınmalı idi.

 

Bu qeydlərimiz indiyədək görülən işləri dəyərdən salmaq, kiminsə çəkdiyi zəhmətə xor baxmaq yox, zamanın tələbləri və teatr həyatının nəzəri-estetik məna qazanması işinin yükünü daşımalı olan teatr tənqidinin professionallıq məsuliyyətini xatırlatmaqdır. Hər birimiz unutmamalıyıq ki, bəzən giley-güzar etdiyimiz Mədəniyyət və Turizm Nazirliyi dövlətin mədəniyyət siyasətini həyata keçirən icra orqanıdır. Onun həmin siyasətin yönəldilməsinə nəzarəti və tənzimləmə funksiyası ayrı, praktik teatr həyatının cari estetik problemlərinin nəzəri təhlil işi tamamilə ayrı məsələdir. Odur ki, bu gün teatr tənqidi elmi-yaradıcılıq prioritetlərini dəqiq müəyyənləşdirməli, öz professional missiyasını yerinə yetirməlidir. Qədim çin atalar sözündə deyilən “qoy, yüz bahar olsun, yüz qızılgül yetişsin” hikmətini düşündükcə, milli teatr mədəniyyətimizdə yalnız münbit yaradıcılıq şəraitinin yaranması ilə neçə-neçə nadir istedad sahibinin boy verib görünməsinə, streotiplərin üstündən xətt çəkib, heç nəyə yaramayan “daşlaşmış” ənənələri alt-üst edən fərdi metodların meydana gəlməsinə ümid edə bilərik.

 

İsrafil İSRAFİLOV

Sənətşünaslıq üzrə elmlər doktoru, professor

 

525-ci qəzet.- 2017.- 3 iyun.- S.18.