Həmidə xanım   

 

 

 

 

Doğrudanmı insan öncədən yazılmış ssenarinin (taleyin!), düşünülmüş oyunun ifaçısıdı? Elə isə özümüzdən asılı olan nədir bəs? Bizə tapşırılanı məharətlə oynamaq?

 

İnsan hisslərinin sərrafı Şekspirin artıq şablonlaşmış, dillər əzbəri kəlamı təsadüfən yaranmayıb: “Həyat bir səhnə imiş, insanlar da aktyorlar!” Bir tərəfdən din, bir yandan da elm, fəlsəfə bunu deyirsə, ədəbiyyat da təsdiq edirsə, insan zamanın, taleyin, gedişatın qarşısında acizliyini duyur. Həm də ömür sürdükcə, yaşananların dərinliyinə getdikcə bunu daha artıq anlayır, dərk edirsən. Necə, hansı amillərə, kriterilərə əsasən bölüşdürülür bu rollar? Niyə birinə səssiz, sakit, iddiasız, birxətli ömür, başqasına əbədi bir mübarizə “tapşırılır”? Görünür, özümüzdən asılı olan da elə budur. Allah insanın bacarığına, gücünə görə yazır taleyini, rolunu da bu cür müəyyənləşdirir. Hələ üstəlik, genlərin, ailənin, mühitin də əhəmiyyəti az deyil. Böyük Cavanşirlər nəslinin nümayəndələrindən biri olan Həmidə xanımın taleyi də bu mənada çox düşündürücüdü. Xarakteri, həyatı, insanlığı, gördüyü işlər bu günün meyarları ilə də heyrətamizdi. Yəni hətta müasir, azad bir cəmiyyət üçün də Həmidə xanımın varlığı möcüzədi. XIX əsrin sonunda “çadraya bürünmüş” bir ölkədə, xurafatın hakim olduğu cəmiyyətdə, qadınların buxovlar, qadağalar içində yaşadığı mühitdə Həmidə xanım kimi bir insanın, qadının yetişməsi isə inanılmazdı...

 

MİRAS...

 

Həmidə xanımın taleyi dünyaya gəlməzdən öncə həll edilmişdi... 1843-cü ildə (Həmidənin doğulmasına 30 il vardı hələ...) Qarabağlı Mehdiqulu xan I Nikolaydan əmr alır ki, oğlunu Peterburqa təhsil almağa göndərsin. Mehdiqulu xanın oğlu yox idi, bircə qızı vardı, Xurşidbanu Natəvan. Ona görə o, öz əmisioğlu Cəfərqulunun övladı Əhmədi göndərir oxumağa. Həmidə xanımın “Xatirələr”ini oxuduqca həyatın qəribəliyinə heyrət edirsən... Axı Mehdiqulu xanın oğlu olsaydı, yaxud Cəfərqulu bəy övladını təhsil almağa göndərməklə razılaşmasaydı, Əhməd bəy də əksər həmyaşıdları kimi mollaxanada oxusaydı... Tamam ayrı cür böyüyəcəkdi Həmidə! Çadraya bükülü, xurafatın diqtəsi, qanunların altında, səsi kəsik, gözü qıpıq... Əhməd bəyin dövrünə görə yüksək təhsil alması, açıq fikirli bir ziyalı kimi yetişməsi, üstəgəl əsilzadəliyi, nəslindən gələn böyüklüyü övladlarının tərbiyəsinə də təsir etmişdi. Hətta müsəlmançılığa “yaraşmayan” işlərinə, hərəkətlərinə görə ona Urus Əhməd deyirdilər.

 

Əhməd bəy Cavanşirin təkcə bioloji deyil, həm də mənəvi davamı idi Həmidə. O, yalnız malını, mülkünü yox, həm də xasiyyətini, Kişiliyini qızına miras kimi ötürmüşdü. Bəli, Kişiliyini! Bu son dərəcə güclü, iradəli, hökmlü xanımın bioqrafiyasına nəzər saldıqca insan xislətinin, xarakterinin qadına-kişiyə bölünməsi, bu cür təsnifatlanması o qədər bəsit görünür ki! Məsələn, niyə zəriflik qadına, mərdlik daha çox kişiyə aid cəhət sayılır? Qadın mərd, dönməz, yaxud kişi kövrək, həssas, hətta zərif qəlbli ola bilməzmi? Ola bilər! Həmidə xanımın zərifliyi, həssaslığı, kövrəkliyi təbiətdən idisə, iradəsi, gücü, dönməzliyi, səxavəti, sərtliyi atasının tərbiyəsindən gəlirdi. Həm də bu, elə-belə, özbaşına baş verməmişdi. Əhməd bəy məqsədli şəkildə belə tərbiyə edirdi qızını. Ümumiyyətlə, Əhməd bəyin qadınlara münasibəti çox fərqli idi. Öz xanımını da Saybalı kəndindən keçəndə seçmişdi... Təkcə bir hərəkətinə, qızın onu görəndə üzünü gizlətməməsinə, yaşmaq tutmamasına görə. O, qadınları hüquqsuz, ürkək, zəif görmək istəmirdi. Deyirdi ki, “qızları güclü cinsin əyləncəsi üçün kukla kimi yetişdirmək olmaz. Bütün haqlarından məhrum olan belə qadınlar sonradan zəlil, dilsiz-ağılsız, hüquqsuz bir köləyə çevrilirlər”.

 

Həmidə Əhməd bəyin ilk övladı idi. Amma ondan başqa iki oğlu da vardı, Məhəmməd və Mehrəli. Bununla belə, Əhməd bəy qeyri-adi bir uzaqgörənliklə, “Mənim qızım elə olmalıdır ki, biz kişilər ölüb getsək, bizi şərəflə əvəz edə bilsin” - demişdi. Belə də oldu...

 

İTKİLƏR...

 

Əhməd bəy Cavanşir təkcə xeyriyyəçi, yenilikçi, azad fikirli ziyalı kimi yox, həm də qələm adamı kimi qalıb tarixdə. O, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi ilə məktublaşırdı. “Kavkaz”, “Novoe obozrenie” qəzetləri ilə əməkdaşlıq edirdi. “1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi mövcudluğu” adlı ciddi tarixi əsərin, “Xan sarayının əyanlarından olan Molla Pənah haqqında” hekayənin müəllifi idi. Bundan əlavə, Puşkindən, Lermontovdan, Jukovskidən tərcümələr etmişdi. Azərbaycan və rus dillərində bir-birinin qarşılığı olan atalar sözlərini toplamışdı. Eyni zamanda, Şura Bəy Komissiyasının üzvü idi... Nüfuzundan, əlaqələrindən istifadə edib uzun sürən mübarizədən sonra Ağcabədiyə, Kəhrizliyə su çəkdirmişdi. Bütün bunları sadəcə, fakt olaraq sadalamaqda niyyətim bu qeyri-adi insanın xarakteri haqqında ümumi təsəvvür yaratmaqdı. Həmidə xanım atasının xasiyyətini bircə cümlə ilə ifadə edirdi: “Atamı tanıyan onu ya sevir, ya da ona nifrət edirdi, ona ortabab münasibətdə olmaq mümkün deyildi”. Məsələ burasındadır ki, Əhməd bəy bütün xeyirxahlığına rəğmən həm də xasiyyəti çətin adam idi... Ona görə düşmənləri də az deyildi, bədxahları da kifayət qədərdi. Düzdü, özünəməxsus mübarizə üsulları ilə zərərsizləşdirirdi maneələri. Amma! Amma bu ağır xasiyyətin, qəliz xarakterin böyük bir fəsadı da oldu. Həmidənin və qardaşlarının həyatında...

 

Həmidənin anası yetim bir qızdı, dayısı Məhəmmədhəsən bəy saxlayıb böyütmüşdü onu. Əhməd bəyin isə Məhəmmədhəsən bəyin qaçaq oğlanlarına görə bu ailə ilə münasibəti pozulmuşdu, xanımına da dayısıgilə getməyi qadağan etmişdi. Və günlərin birində dayısı arvadının dəfninə icazəsiz getdiyinə görə xanımını, Həmidənin anasını evdən qovdu. Bundan sonra Həmidə daha heç vaxt anasının üzünü görmədi. Kiçik qardaşı Mehrəli anasıyla qalmışdı, Məhəmməd bir neçə dəfə qaçıb gedib görmüşdü anasını... Həmidə isə... Özü bu böyük əzabını belə yazır: “...Onların ayrılması övladlarına çox böyük acı, nisgil yaşatdı. Bunu təsvir eləmək mümkün deyil. Bir uşağın anası sağ ola-ola onu görə bilməməsinin, qucaqlaya, öpə bilməməsinin nə qədər böyük bədbəxtlik olduğunu bilmək üçün belə bir həyatı şəxsən yaşamaq lazımdı”. Ağrının bu cür içdən gələn, səmimi, açıq ifadəsini oxuduqca Həmidə xanımın gücünə heyrət edirsən. Anasının itkisini böyük bədbəxtlik kimi yozur - biz ömürlük bədbəxt olduq - deyir. Doğrudan da, bu hadisə onlar üçün böyük sarsıntı olub və qardaşları buna dözə bilməyiblər. Kiçik qardaşı Mehrəli elə anasının yanında xəstəlik tutub ölmüşdü, böyük qardaşı Məhəmməd isə Petrovski Akademiyada yaxşı təhsil almasına baxmayaraq, yenə qarandinməzdi, özünə qapanmışdı. Yevlax stansiyasında özünü qatarın altına atıb öldürdü. 3 il sonra, 1903-cü ildə isə Əhməd bəy sətəlcəm oldu, zəif ürəyi xəstəliklərə tab gətirmədi, əbədi yumdu gözlərini.

 

Həmidə xanımın həyatını qısaca ifadə etmək lazım gəlsə belə, yenə itkilərindən, əzizlərinin ölümündən danışmalı olarıq. Anasını, qardaşlarını, həyat yoldaşını, sonra isə atasını itirməyi onun yükünü bir az da ağırlaşdırdı. Daha dəqiq söyləsək, elə Əhməd bəyin bir vaxt dediyi kimi - kişilər ölüb getdilər və Həmidə onları şərəflə əvəz etməli oldu...

 

DAVATDAROVSUZ “Xatirələrim”...

 

Həmidə xanımın “Xatirələrim” əsərini oxuduqca bu qeyri-adi qadının həm taleyi, xarakteri, yaşadıqları, həm də bütün bunları necə qələmə alması, nasir dəqiqliyi ilə duyması insanı yaxşı mənada təəccübləndirir. Əslində, Həmidə xanım bu əsəri atası Əhməd bəyin bioqrafiyası kimi yazmağa başlamışdı. Sonralar isə Mir Cəfər Bağırovun sifarişi ilə əsərin davamını, Mirzə Cəlil haqqında bölümünü qələmə aldı. Lakin Mir Cəfər Bağırov o zamanlar Yazıçılar İttifaqının sədri olan Mirzə İbrahimovun vasitəsiylə ondan “alovlu inqilabçı Bağırovun da Qarabağdakı bolşevik fəaliyyətindən” yazmasını xahiş edəndə Həmidə xanım qısa və birbaşa cavab verir: “Mən görmədiklərimi yaza bilmərəm...” Və elə bu cavabla da əsər arxivə atılır, təxminən 30 ildən çox işıq üzü görmür. Yalnız 1967-ci ildə Abbas Zamanovun redaktəsi (dövrə, senzuraya uyğun “əl gəzdirməsi”) və ruscadan tərcüməsi ilə memuarın Mirzə Cəlil haqqında bölümü çapdan çıxır. Əsər bütöv halda işığa çıxmasını çox gözləməli olur...

 

2011-ci ildə yazıçı-publisist Mehriban Vəzirin tərcüməsi ilə Həmidə xanımın “Xatirələrim” əsəri işıq üzü gördü. Mehriban xanım kitaba yazdığı ön sözdə əsərin Əlyazmalar İnstitutundan tapılması, artıq köhnəlmiş kağızların, görünməz olan yazıların bərpası üçün çabalarından danışır. Həm texniki, həm maddi, həm də mənəvi cəhətdən son dərəcə çətin olan bu işi görməsi heç şübhəsiz ki, Həmidə xanıma böyük sevgidən irəli gəlir. Mehriban Vəzir özü bunu belə ifadə edir: “Bütün arzuların qanadı eşqdir. İstəklər eşqlə gerçəkləşir. Beləcə, Həmidə xanıma olan böyük sayğım məni 80 ilə yaxın arxivdə yatan “Xatirələrim”ə yönəltdi, ona qovuşdurdu”.

 

Əsər təkcə Həmidənin həyatı, ailəsi, ömür-gün yoldaşı, övladları haqqında deyil. Burda sadəcə Əhməd bəy Cavanşirin, Həmidənin özünün, Mirzə Cəlilin yox, bütöv bir dövrün portreti var. Həmidə xanım hadisələri tarixçi dəqiqliyi və nasir istedadı ilə yazır. Yaşadıqlarının fərqində olan müdrik, tox, təmkinli bir Qadın kimi yazır... Həm də həyatında rol oynamış iki kişiyə - atası Əhməd bəyə və həyat yoldaşı Mirzə Cəlilə elegiya kimi yazır... Onlara sevgiylə, sayğıyla yazır... Dərdlərini, ağrılarını duyaraq, yanaraq yazır... Və birinci əri polkovnik İbrahim bəy Davatdarov haqqında heç nə yazmır!

 

İbrahim bəy Davatdarov Rusiyada yaşayırdı, rus ordusunun zabitiydi. Amma evlənmək üçün vətənə gəldi və Əhməd bəyin ağıllı, savadlı qızına - Həmidəyə aşiq olub, onunla ailə qurdu. Həmidəni uzaqlara apardı. O vaxtlar Rusiya imperiyasının tərkibində olan, indiki Türkiyənin Qars şəhərində yaşayırdılar. İbrahim bəy bu şəhərin qarnizon rəisi vəzifəsində çalışırdı. İki övladları dünyaya gəldi - qızları Mina və oğlanları Müzəffər.

 

1902-ci ildə İbrahim bəy Davatdarov vəfat edəndən sonra Həmidə xanım uşaqlarını da götürüb Kəhrizliyə qayıdır. Bu, elə bir vaxt idi ki, qardaşı Məhəmməd intihar etmişdi, atası Əhməd bəy xəstəydi... Amma yenə də...HƏYAT qarşıda idi!

 

ERADAN SONRA...

 

Həmidə xanımın ömründə yeni bir dövrün, təptəzə bir eranın başlanğıcı idi Mirzə Cəlil. Amma bununla belə, bir az dərinə gedəndə anlayırsan ki, Mirzə Cəlil Həmidənin mübarizəsinin davamı kimi gəlmişdi onun həyatına. Nədən ibarət idi bu mübarizə? Həmidə xanım aclıqla mübarizə aparırdı... Kasıb camaata çörək verirdi... Xəstəliklərlə döyüşürdü. Öz hesabına peyvənd lifləri gətirib vururdu xəstə uşaqlara... Millətini tox, rahat, sağlam görmək istəyirdi. Bunun üçün həm öz vəsaitini, həm də nüfuzu hesabına əldə etdiklərini xərcləməkdən usanmırdı... Qadının azad olmasını arzulayırdı! Sanki Həmidənin arzularının, amallarının güzgüdəki əksidi Mirzə Cəlilin ideyaları... Əlbəttə, daha böyük, daha ilahi səviyyədə! Axı, Mirzə Cəlil də aclıqla mübarizə aparırdı - mənəvi aclıqla! Axı o da zəngin görmək istəyirdi millətini - ruhən, mənən zəngin! O da sağaltmaq istəyirdi xalqını - xurafatdan, gerilikdən, nadanlıqdan sağaltmaq! Qısası, Mirzə Cəlillə Həmidə xanımın həyat amalları ideal şəkildə tamamlayırdı bir-birini... Amma buna rəğmən Həmidə xanım Mirzə Cəlilin evlənmək təklifinə “yox” - deyə cavab verdi ilk dəfə...

 

...Həmidə atasının uşaqlar üçün yazdığı əsərlərinin əlyazmasını “Qeyrət” mətbəəsinə, Ömər Faiq Nemanzadə və Mirzə Cəlilə təqdim edir. Çap olunmasını istəyir. Mirzə Cəlil son dərəcə qeyri-adi, savadlı, azad qadına biganə qala bilməzdi. Həmidə xanım Mirzə Cəlilin ona marağını belə ifadə edir: “Mirzə Cəlil az danışırdı. Ancar arada uzun-uzadı suallar verirdi...” Nədənsə bunu oxuyanda yazıçının heyrətini, təəccübünü hiss elədim. Görünür, uzun-uzadı sualların da səbəbi bu qarşısındakı “naməlum obyekti”, möcüzəni anlamaq, dərk etmək olub. Çünki o zəmanədə, qadınların kişi görəndə yaşmandığı bir dövrdə atasının əsərini çap üçün mətbəəyə gətirən, xalqın maariflənməsinin vacibliyindən danışan, müstəqil fikir yürüdən Qadın doğrudan da möcüzə idi... Ona görə Mirzə Cəlil Həmidə xanımın rəfiqəsi Sofiya Şahtaxtinskaya vasitəsiylə evlənmək təklifi göndərir ona. Həmidə xanım əsl ziyalı, sivil Qadın kimi verir yox cavabını: “...yüksək dəyərinə görə minnətdaram, ancaq ona ərə gedə bilmərəm, çünki bizim yollarımız müxtəlifdir; mən atamın vəsiyyətinə əməl etməli, onun kənddəki mədəni quruculuq işlərini davam etdirməliyəm”.

 

Amma Mirzə Cəlil də inadkar idi... İkinci dəfə Tiflisdə Sofiya xanımın evində görüşəndə yenidən evlilik təklifi edir. Bu elə bir zaman idi ki, Həmidə Sofiya xanımla birgə (1905-ci ildən) Tiflisdə Qafqaz Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətini yaratmışdı və uğurla fəaliyyət göstərirdi... Qarabağda aclıq, xəstəlik hökm sürürdü... Çəyirtkə, əkini məhv etmişdi... Həmidə dərin bir depresiyya içində idi. Amma bununla belə, “Molla Nəsrəddin” dərgisi hər nömrəsi ilə Həmidəni heyran edirdi. Və bütün bu faktlar, yaranmış şərait Həmidənin dilinə “Hə” cavabını gətirirdi...

 

“Həmin günlərdə Mirzə Cəlil “Molla Nəsrəddin” məcmuəsinin 19 may 1907-ci il 20-ci nömrəsində çox böyük hay-küy qoparmış və az qala, özünün məhvinə səbəb olacaq “Erməni və müsəlman qadınları” başlıqlı məqalə yazmışdı. Bu məqalə mənim ona verəcəyim cavaba öz təsirini göstərdi...”

 

Qəribə bir “mühafizə” ovqatı yağır bu CAVABdan... Sanki Həmidə təkcə Mirzə Cəlilin qadınlara münasibətindən, yəni qadını azad və üstün bu varlıq kimi görməsindən yox, həm də mollaların ölüm fətvasından, nadanların anlamazlığından təsirlənib və bu böyük sənətkarı qorumaq istəyib! Amma məgər o, Mirzə Cəlili sevmirdimi?

 

AĞ BULUD... SEVİR-SEVMİR?

 

Mirzə Cəlilin “Qara buludlar” felyetonunda belə bir fikir var: “Həmişə hava bir halətdə qalmaz və heç bir şey yoxdur ki, bir halətdə qalsın. Yay vaxtı yağış yağmır və hər vaxt hava açıq olur, amma payız fəsli yetişən kimi qara buludlar yavaş-yavaş başlayırlar havanı tutmağa. Sonra yenə hava açılacaq...” Əlbəttə, yazıçı bu fikirləri adını çəkdiyim felyetonunda ayrı kontekstdə işlədir. Amma bunları onun özünün həyatına şamil etsək, bioqrafiyasını, mübarizəsini göz önündən keçirsək, deyə bilərik ki, Mirzə Cəlil həmişə ömrünü payız fəslində yaşayıb... Qara buludlar alıb həmişə başının üstünü. Amma havanın açılacağına, ağappaq buludların səmada parlayacağına da inamını itirməyib. Elə Həmidə xanım da bulud kimi gəldi onun ömrünə. Qoruyucu Mələk kimi! Arxa, dayaq, yoldaş kimi... Bəs Qadın? Sadə bir qadın sevgisi ilə sevirdimi onu?

 

Həmidə xanımın xatirələrində bircə yerdə də romantik etirafa rast gəlmirik. Yəni o, Mirzə Cəlil üçün darıxdığını, onu necə sevdiyini, yaxud onsuz yaşaya bilmədiyini demir. Amma! Sevgi o qədər çoxqatlı, o qədər fərqli bir hissdir ki...

 

Mirzə Cəlilin xasiyyəti çox mürəkkəb idi. İş otağının qapısında: “Xahiş edirəm salamlaşarkən əl verməyin və uzun-uzadı söhbətlərlə vaxtımı almayın...” - yazmışdı. Xoşlamadığı adamla əl verəndən sonra gedib əlini yuyurdu. Saatın səsinə belə dözmürdü, kəfkirini dəsmalla bağlayırdı... Üstəlik, qayğıları, “Molla Nəsrəddin”in başından çəkilməyən bəlalar, ictimai problemlərə göz yuma bilməməsi, gördüklərini ürəyinə salması onu bir az da qaradinməz, tündxasiyyət etmişdi... Belə bir insanın yanında olmaq, onun qayğısına qalmaq, hər qəliz xasiyyətinə dözmək sadə məsələ deyildi. Həmidə xanım Mirzə Cəlilin üçüncü həyat yoldaşı idi. Birinci xanımı Həlimə vəfat etmişdi, ondan bir qızı vardı - Münəvvər. İkinci xanımı Nazlı xanım Kəngərlidə dünyadan vaxtsız köçmüşdü. Mirzə Cəlilin bacısı Səkinə qardaşının qəliz xasiyyətini, qadınlarına münasibətini belə təsvir edərmiş: “Onun arvadları çox yaxşı qadınlar idi, onu qəlbən sevirdilər, ancaq qardaşım heç vaxt öz xoşbəxtliyinin qədrini bilməyib, bu qadınları da bədbəxt edib”.

 

Mirzə Cəlil özü də tez-tez ailə adamı olmamasını etiraf edirmiş: “Mən ailə həyatı üçün yaranmamışam. Mahiyyətcə dərvişəm. Xasiyyətim ağırdır. Əsəbiyəm. Başa düşürəm ki, mənimlə yaşamaq çətindir... “ Bu faktları, həm Mirzə Cəlilin özünün, həm də bacısının fikirlərini gətirməkdə niyyətim Həmidə xanımın münasibətini, ərinə sevgiylə, sayğıyla, səbrlə yanaşmasını, bu böyük yazıçının dahiliyini dərk etməsini göstərməkdi... Sanki Həmidə xanım Mirzə Cəlilin bütün qəliz cəhətlərini, görünən ya görünməyən “günah”larını böyüklüyünə bağışlayıb. Onu qorumaq, yaşatmaq, ona dayaq olmaq missiyası boynuna götürüb:

 

- “Molla Nəsrəddin”də dindarların “şaxsey-vaxsey”ini ələ salan karikatura çıxır və bundan hiddətlənən mollalar Mirzə Cəlili öldürəcəklərinə and içirlər. Həmidə xanım silahlanır və yola çıxan Mirzə Cəlili Yevlax stansiyasına kimi təhlükəsiz çatdırır...

 

- Mirzə Cəlil “kaş mənim jurnalım beşcə il çıxaydı... Ondan sonra heç nə istəmirəm...” - deyirmiş. Həmidə xanım jurnalın beş yaşı olanda redaksiyaya divar saatı hədiyyə edir...

 

- Mirzə Cəlil kamança çalmağı öyrənmək istəyir... Həmidə xanım adam göndərib ən bahalı, sədəfə tutulmuş kamança aldırır. Üstəlik, Mirzə Cəlilə kamança öyrətmək üçün ən istedadlı müəllimləri dəvət edir...

 

- Mirzə Cəlil “Anamın kitabı” pyesini yazıb bitirir. Və Həmidəyə oxuyur: “O, çox təsirli oxuyurdu. Pyes məni alıb aparmışdı, sanki hər şeyi unutmuşdum. O, qiraəti bitirəndə mən yaş dolu gözlərimlə oturmuşdum, bir müddət dinib-danışa bilmədim. Özümə gəldikdən sonra onu xeyli təriflədim, təşəkkür etdim...”

 

Bu tezislər şəklində sadaladığım faktlar (belə detallar yüzlərlədi!) Həmidənin ilahi münasibətinin, sevgisinin ifadəsidi. Axı sevgi sadəcə romantik deyişmələrdən, incə etiraflardan, şıltaqlıqdan, küsüb-barışmalardan ibarət deyil... Sevgi elə budu! Yanındakı adamı anlamaq, böyüklüyünü dərk etmək, gördüyü işi dəyərləndirmək, sevincinə sevinib, kədərinə şərik olmaq... Ürəyinin ağrısını, ani bir kefsizliyini canında duymaq. Sadə bir arzusunu unutmamaq... Həmişə,

 

hər yerdə - burdayam, yanındayam - demək! Səni başa düşürəm - söyləmək! Həmidə xanım isə həmişə yanında idi... Hər şeyi anlayırdı... Hətta xəyanəti belə!

 

“DAHİYANƏ” GÜNAHLAR...

 

Mirzə Cəlil-Həmidə birliyindən, ailəsindən danışıb artıq folklora çevrilmiş rəvayətlərə toxunmamaq düz olmaz... İnsan psixologiyasının qəribəliyidi bu. Böyük adamların həyatının səhnəarxası məqamları daha çox yadda qalır, daha çox müzakirə olunur. Bəlkə indi Mirzə Cəlilin bircə əsərindən xəbəri olmayan, Həmidə xanımın xeyriyyəçiliyindən heç nə bilməyən adamlar da bu hadisəni - Həmidənin ərinə güllə atmasını bilir, arabir hadisənin “şahidi” kimi qımışaraq danışır. Amma bunu son dərəcə dəqiq və istedadlı şəkildə, həm də cəsarətlə deyənlər, yazanlar da olub.

 

Yazıçı-publisist İradə Tuncayın bir vaxtlar televiziya məkanında ən səviyyəli layihələrindən birinin - “Bir içim insan” verilişinin Həmidə xanıma həsr olunmuş buraxılışında həmin bu “güllə atma” məsələsi şərh edilir. Daha doğrusu, İradə xanım bunu özünəməxsus şəkildə nəql edir: “Mirzə Cəlilin evdəki xidmətçi qadınlardan biri ilə bir az yumşaq desək, “səmimi” münasibətləri dedi-qodu sevən kənd əhlinin də nəzərindən qaçmır. Söz-söhbət xanımın da qulağına çatır. Şübhələndiyini bildirmədən Şuşaya getmək bəhanəsiylə faytona minir, evdən uzaqlaşır. Bir az sonra evə qayıdır, pəncərəyə yaxınlaşır və...” Həmidə xanım sərras atıcı idi, silahı ərinə tuşlayır, atır. Və əgər faytonçu özün yetirib silahı yuxarı qaldırmasaydı...

 

Mirzə Cəlilin qadınlarla bağlı bu cür “zəiflik”lərini Həmidə xanım təmkinlə qarşılayırdı. Hətta əsərində bir məqamda buna yumorla eyham vurur... Turşsuda yayda dincələrkən qulluqçuları, yuxa bişirən Telpəri ilə Mirzə Cəlilin zarafatını yazır. Mirzə Cəlil “Ay Telpəri, gəl səni aparım Bakıya dişlərini düzəltdirim” - deyəndə Telpəri iti bir cavab verir: “Eeey, ay Mirzə, canım da saa qurbandı... Amma qorxuram Bakıda sən mənim dişimi yox, işimi düzəldəsən...”

 

Görünür, Telpərinin bu zarafatyana cavabı əbəs deyilmiş, Cəlilin müəyyən “reputasiyasından” gəlirmiş, heç Həmidə xanımın bunu yazması da elə-belə deyil... Amma bununla bərabər, məncə Mirzə Cəlil böyüklüyündə, ucalığında Kişiyə, sənətkara bu cür hadisələrin içərisindən baxmaq, onu belə dedi-qoduların qəhrəmanı kimi yozmaq, yaxud bekar, bəsit evdar qadınların mətbəx söhbətləri “rakursundan” təhlil etmək cılızlıq olar... Elə Həmidə xanım da ona “iri planda” baxırdı, böyük işlərini görürdü, lupa ilə günah axtarmırdı! Bir vaxt hələ təzə evlənəndə Həmidənin atasının dostu doktor Kərim bəy Mehmandarov da bunu məsləhət görmüşdü: “Ziyalı qadınlar, adətən, ərlərinə qarşı çox tələbkar olurlar, hər bir hərəkətinə görə hesab sorurlar, bu isə onları sıxır və bədbəxt edir. Bir az ehtiyatlı olun. Onu qorumaq və çox şeylərin üstündən keçmək lazımdı...”

 

Həm də axı Mirzə Cəlil çox istedadlı idi... İstedadlı kişinin isə qadının könlünü alması da dahiyanə olur.

 

“Ölülər” pyesinin Bakıda Tağıyevin teatrında səhnəyə qoyulduğu günlərdə Mirzə Cəlillə Həmidə xanım küsülü idilər. Pyes çox böyük uğur qazanır. Və Mirzə Cəlil Həmidə xanıma imzasız məktub göndərir:

 

“Pyes qeyri-adi uğur qazandı. Teatrda iynə atsan, yerə düşməzdi. Hər fasilədə tamaşaçılar müəllifi gurultulu alqışladılar...”

 

Bu qısa teleqrama bir hekayəlik mahiyyət sığışıb əslində... Kişi qadını ilə küsülüdü, amma yenə uğurunu, sevincini bölüşmək istəyir. Mən beləyəm - deyib bir azca qürurlanmaq, qadının heyranlığını duymaq istəyir. Quruca da olsa, məlumat verir, soyuq dillə də olsa, çatdırır sevincini... Amma ən maraqlısı sonra olacaq. Şuşada Həmidə ilə görüşəndə xanım sakit, təmkinli şəkildə təbrik edəcək onu, “Sənin bu qədər məşhurlaşmağına sevinirəm” - deyəcək. Mirzə Cəlil bircə cümləylə cavab verəcək: “Sənə layiq olmağa çalışıram”... Şərhsiz! No komment! Yorum yok!

 

QADIN İDEALI

 

Mirzə Cəlilin Həmidə xanım kimi qadına biganə qala bilməyəcəyini artıq vurğuladım. Məsələ burasındadı ki, bu böyük yazıçı qadınların hüquqsuzluğundan, acizliyindən yaza-yaza həm də öz Qadın qəhrəmanını yaratmaqda idi. Əslində, istər nəsrində, istər dram əsərlərində, istərsə də felyetonlarında qaldırdığı problemlərlə, yazdığı hadisələrlə qadın hüquqsuzluğundan danışa-danışa, bir az kinayə ilə, amma yanaraq, acıyaraq oxucusunu “Qadın necə olmalıdır?” - sualı ətrafında düşündürürdü...

 

Görkəmli alim, akademik, Mirzə Cəlilşünas İsa Həbibbəyli “Danabaş kəndinin əhvalatları” povestinin qəhrəmanı Zeynəbi Azərbaycan ədəbiyyatında ilk cəsarətli qadın adlandırır. Axı həqiqətən Xudayarın evlilik təklifinə - “Qoy Xudayar bəy anqırsın tayını tapsın” - deyə bilən qadını necə cəsarətsiz saymaq olar?! Yaxud yenə İsa müəllimin təbirincə desək, “üç qardaşın komediyası, Ananın faciəsi, Gülbaharın dramı” olan “Anamın kitabı” pyesində xalq, milli birlik ideyalarını məhz Zəhrabəyim ananın, Gülbaharın vasitəsiylə çatdırırsa, bunun özü Qadına olan ilahi münasibətdən, inamdan, güvənc hissindən irəli gəlir. Elə Həmidə xanıma bağlılığının da kökündə bu güvənc, bu inam dururdu. Mirzə Cəlil Həmidənin gücündən ilham alırdı... Hətta Həmidə xanımın Tiflisdə Zaqafqaziya pambıqçılarının 13-cü qurultayında çıxış edəcəyini eşidəndə zarafatla “A kişi, arvad da doklad eləyər?!” - desə belə, özü məruzəni redaktə edir. Sonralar da boynuna alır ki, bəzi fikirləri nahaq ixtisar edib... Və şübhəsiz ki, Qafqazda qurultay məruzəçisi olan ilk qadınla - Həmidə ilə qürur duyub.

 

Mirzə Cəlilin qadına münasibətindən danışdığım bu məqamda zaman-zaman müzakirə olunan bir məsələyə aid fikrimi bildirmək istərdim... Həmidə xanımın bəy qızı olması, atasının mülkünə, əkin, torpaq sahələrinə sahib olması, təsərrüfatını davam etdirməsi, həm də maddi cəhətdən təminatı heç kəs üçün sirr deyil. Amma Mirzə Cəlilin Həmidəyə münasibətində bunları həlledici saymaq ən azından haqsızlıqdı. Bəzən “Molla Nəsrəddin” dərgisinin Həmidənin hesabına çıxması, yaxud Mirzə Cəlilin maddi firavanlıq naminə bu qadınla evlənməsi kimi səhv fikirlərlə rastlaşırıq. Bunun yanlış olmasını sübut edən çoxlu sayda faktlar var...

 

Mirzə Cəlillə evləndikləri il (1907) çəyirtkə bütün əkini məhv etmişdi. Həmidə özü də ciddi maddi çətinliklərlə üz-üzə idi. Və elə “Xatirələrim” kitabında da qeyd edir ki, məhz Mirzə Cəlilin maddi köməyi ilə, təsərrüfatına aid bir çox yükləri öz boynuna çəkməsi ilə bu cür problemlər aradan qalxdı.

 

Ömrünün sonuna doğru isə Mirzə Cəlil artıq Bakıda yaşayırdı və Kəhrizliyə təsərrüfatını bərpa etməyə getmiş xanımına məktub yazıb onu geri çağırırdı:

 

“İşdir qocalıb əldən düşsəm bilirəm ki, bir tərəfdən saysız-hesabsız pərəstişkarların diqqətindən kənarda qalmayacağıq, başqa tərəfdən isə öz uşaqlarımız köməyimizə çatacaqlar. Ona görə düşünmə ki, biz elə o dəyirmanın və bağ-bağçanın bəhrəsindən gələn gəlir hesabına yaşamalıyıq. Hətta düşünürəm ki, əsərlərimin çapı övladlarımıza geniş imkanlar verəcəkdi. İndi soyuqdan qorxursansa, heç olmasa Novruz bayramında gəl”.

 

Gətirdiyim bu məktub iki cəhətdən təsirlidi; həm Mirzə Cəlilin əsl kişi xarakteri, həm də inamı... Əsərlərinin ona böyük gəlirlər gətirəcəyinə, övladlarına imkanlar verəcəyinə inanırmış!!!

 

RAHATLIQ VARMI? YOX...

 

Mirzə Cəlil artıq Bakıda yaşayanda məktublarından birində yenə Həmidəni Bakıya çağırır, birgə yaşamağı arzuladığını deyir və yazır: “Axırı ki, sən də rahat yaşamalısan, ya yox?! ... Bircə arzum var ki, yay bitənə qədər uşaqları da götürüb gələsən, axır ki, bir yerdə olaq!”

 

Məktubun ayrı-ayrı hissələrindən götürdüyüm bu iki cümlə Həmidə xanımın əbədi narahat həyatını o qədər dəqiq ifadə edir ki... Doğrudan da istər Həmidə xanımın “Xatirələrim”ini, istər Mirzə Cəlilin “Xatiratım”ını, istər felyetonlarını, “Molla Nəsrəddin” dərgisindəki mübarizəsini oxuyanda heyrət edir adam. Sanki bu iki insanın taleyinə rahatlıq, asudəlik, arxayınlıq, ümumiyyətlə, yazılmayıb... Qısa bir müddət işlər qaydasına düşsə də, yenə hansısa “gizli əl” vurub dağıdır o rahatlığı. Dərd isə gələndə batmanla gəlir... Məsələn, təkcə elə 1911-ci ilin yayına nəzər salsaq...

 

Həmin il Həmidənin Mirzə Cəlildən ikinci oğlu Ənvər (birinci övladları Midhət idi) dünyaya gəlməli idi. Amma Həmidə ağır xəstələnmişdi, qanı zəhərləndiyi üçün keyidicisiz əməliyyat olunmalıydı...

 

“Mən Cəlili çağırdım və ölümün gəlişinə hazır olmaq üçün vəsiyyətnaməmi yazdırdım. Onun gözlərindən yaş sel kimi axırdı. Cəlil danışa bilmirdi, dinməz-söyləməz əlimi sığallayırdı...”

 

Həmidə xanım uzun sürən müalicələrdən sonra çətinliklə də olsa, sağalır. Amma iyul ayında Mirzə Ələkbər Sabir vəfat edir. Daha öncə bir müddət Həmidə xanımgildə qalıb müalicələr alsa da, sağalmır Sabir... Mirzə Cəlil Sabirin, məsləkdaşının, həmkarının, dostunun ölümünə yanıb-yaxılır. Eyni vaxtda Naxçıvanda bacısı Səkinə xəstələnir və bir müddət sonra o da dünyasını dəyişir... Üstəlik, “Molla Nəsrəddin” dərgisindəki problemlər! Bütün bunlar sadə insanın çəkə biləcəyi yüklər, dərdlər deyil... Amma Mirzə Cəlil də, Həmidə xanım da fövqəladə güc sahibi idilər. Birgə isə daha güclü idilər! Çox güclü!

 

MİRZƏNİN QİSASI...

 

Ölkədə baş verən hadisələr Mirzə Cəlilin də, Həmidə xanımın da həyatına təsir edirdi. Bu insanlar üç rejimdə yaşamalı, çalışmalı olmuşdular. Çar Rusiyası, Cümhuriyyət höküməti və Sovet rejimi... 1920-ci ildə Sovet höküməti qurulanda Mirzə Cəlil Həmidə xanımla birgə qardaşı, bir vaxt Səttarxan hərəkatında iştirak etmiş Mirzə Ələkbərin bələdçiliyi ilə Təbrizə getməli olur. “Molla Nəsrəddin”i də bir müddət orda buraxır... Həmidə xanım Təbrizə gedişlərini bir film kimi təsvir edir.

 

Mirzə Cəlilin bioqrafiyası və bəzi əsərləri əsasında çəkilmiş “Qəm pəncərəsi” filmində yazıçı xanımı ilə dərdləşir, bölüşür. Ssenari müəllifi və rejissoru Anar olan bu filmin sonluğu xeyli düşündürücüdü. Məhəmmədhəsən əminin oğlu Əhməd Xudayar bəyin əməllərindən sarsılır, yatağa düşür və ölür. Sonda vəsiyyət edir: “Cəlil, çıx mənim hayfımı Xudayardan. Söz ver ki, hayfımızı alacaqsan ondan”. Və filmin sonunda “Danabaş kəndinin əhvalatları” əsərinin müəllifi Mirzə Cəlil Əhmədi gözünün önünə gətirib: Hə, Əhməd, sənin istədiyini yerinə yetirdim - deyir və məmnun-məmnun gülümsəyir... Mirzə Cəlilin bütün bu cür adamlardan - Xudayarlardan tək bir qisas metodu var, onlardan yazmaq, onlara güzgüdəki əkslərini göstərmək... Elə Təbrizə gedəndə də Mirzə Cəlili də, kiçik oğlu Ənvəri də faytonda xanımlarla yanaşı oturmağa qoymayanda Mirzə - “eybi yox, vaxt gələr, bunun əvəzini çıxaram” - deyir. Əvəzini çıxmalı, yazmalı məsələ isə çox idi, lap çox...

 

SON...

 

Genişliyə, rahat evə alışmış bəy qızı Həmidə xanım ömrünün sonunda Bakıda Mirzə Cəlilə hökümət tərəfindən verilmiş evdə yaşayır... Həm “Molla Nəsrəddin” dərgisinin burda çapa hazırlanması, həm də uşaqları, onların dostları, qulluqçuları...bir sözlə darısqallıq sıxır onu. Amma səbrlə dözür, heç nəyə etiraz etmir. Amma bir yandan da Mirzə Cəlilin xəstəliyi, skleroz problemi, ömrünün son günlərində keçirdiyi ruh düşkünlüyü... “Məryəm xanım” felyetonunda yazıçı ölümünü təxmin edib yazırdı: “Vallah mənim yəqinimdir ki, bu xəbəri eşidən deyəcək: Lənət...” Həmidə xanım da son günlərində yazıçının pessimistliyini, kamança çalıb kədərlənməsini, əlyazmalarını sobaya atıb yandırmasını yazır. Əgər bütün bunlar bir tərəfdən böyük yazıçının xəyal qırıqlığını, faciəsini göstərirsə, digər tərəfdən də Həmidənin ağrısını, əzablarını ifadə edir. Axı əlindən nə gəlirdi Həmidənin?! Hətta son anda belə, Mirzə Cəlilin “təslim olacağına” inanmırdı... Qızı Mina da intihar edəndə bu qədər sarsılmamışdı Həmidə... “Mirzə Cəlilin ölümünə inanmırdım, inadla onun əllərini ovuşdurur, alnının tərini silirdim” - yazır... Və “öldü” sözünü işlətmir onun haqqında...

 

“Birdən Mirzə Cəlilin üzü ağappaq oldu. Sinəsindən sonuncu nəfəs çıxdı və əbədi olaraq sakitləşdi...”

 

Məhz “sakitləşdi”! Ayrı necə sakitlik, rahatlıq tapa bilərdi ki, Mirzə Cəlil kimi insan?! Yalnız ölümlə... Elə Həmidə özü də... Onun isə sakitliyinə hələ çox vardı... Mirzə Cəlildən sonra 23 il yaşadı Həmidə... Hələ oğlu Midhətin ölümü kimi böyük faciəyə, dərdə də dözməli oldu... Qalan ömründə Mirzə Cəlilin əsərlərini çevirtdirdi, xatirələrini yazdı, ictimai işlərini davam etdirdi... Heç nə, heç nə sındıra, əyə bilmədi onu... Öz missiyasını dərk etdiyi üçün! Allahdan verilmiş o baş qəhrəman rolunu anladığı üçün!

 

 

PƏRVİN

 

 

525-ci qəzet.- 2017.- 3 iyun.- S.14-15;17.