Qorqud müdrikliyi və müasirlik
“Kitabi-Dədə Qorqud” dastanları Azərbaycan ədəbiyyatının
möhtəşəm abidəsidir. Ümumtürk ədəbiyyatı
miqyasında da “Dədə Qorqud” dastanları xüsusi çəkiyə
malikdir.
Fikrimizcə, “Kitabi-Dədə Qorqud” dastanları
dünya epos sənətinin zirvəsində dayanır. Şifahi xalq ədəbiyyatı
nümunəsi kimi “Dədə Qorqud”u tərəzinin bir
gözünə, digər xalqların dastanlarını isə o biri
gözünə qoysaq, Azərbaycan oğuznaməsi yenə
ağır gələr. Dünya dastanı təcrübəsində
daha çox salnamə, yaxud səyahətnamə motivləri
üstünlük təşkil etdiyi halda, “Kitabi-Dədə
Qorqud” eposu böyük ədəbiyyat nümunəsi kimi
maraqlı, cazibədar həyat hadisələrini və qəribə
insan talelərini bədii surətdə əks etdirir. “Dədə Qorqud”
dastanlarının nəsr hissəsi orijinal bədii təhkiyə
üslubunda yaradılmış, bənzərsiz süjetə
və obrazlara malik mükəmməl bir əsərdir. “Dədə Qorqud” dastanlarının nəsri bir
çox hallarda yüksək poetik səviyyədə olan,
obrazlı düşüncədən yoğrulmuş mənsur
şeir təəssüratı yaradır. Bununla belə,
dastan üçün çox zəruri olan nəsrlə
şeirin növbələşməsi tənasübündə
qoşa qanaddan biri olan “Dədə Qorqud” şeiri də tam
orijinal sənət nümunəsidir. “Kitabi-Dədə
Qorqud” dastanlarındakı poetik nümunələr dünya
dastan şeirinin şah əsərləridir. Qorqud
Atanın şeirləri dünya ədəbiyyatında vəznli sərbəst
şeirin ən qədim və ən
kamil mümunəsidir. Şeirlə nəsrin növbələşməsi
prosesi də “Kitabi-Dədə Qorqud” dastanlarında çox ahəngdar
şəkildə, üzvi sintez halında baş vermişdir.
Dünya epos mədəniyyətində şeirlə nəsrin,
təsvir və tərənnümün bu qədər yüksək səviyyədə bir-birini tamamladığı əsərləri
barmaqla saymaq olar.
İdeya
baxımından da “Kitabi-Dədə Qorqud” dastanları zəngin
mənəviyyat xəzinəsidir.
Dastanda mərdlik, vətənpərvərlik, qəhrəmanlıq,
insana sevgi, ata-övlad münasibətləri yüksək bədii
səviyyədə ifadə olunmuşdur. Bu mənada
“Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının zəngin və
bütöv mənəvi simasını dünyaya təqdim
etdi. Eyni zamanda, bu dastanda öz əksini
tapmış böyük əxlaqi-mənəvi dəyərlər
dünyanın digər xalqlarının da ən yaxşı
keyfiyyətlərini özündə əks etdirir.
Dastanı oxuyan hər bir kəs, hansı coğrafiyada
yaşamasından asılı olmayaraq, öz xalqına məxsus
olan ali insani dəyərlərin “Kitabi-Dədə
Qorqud” dastanlarında ibrətamiz həyat hadisələrinin və
təsirli obrazların simasında bədii səviyyədə
əks etdirildiyinin şahidi olur. Bu mənada
“Kitabi-Dədə Qorqud” dastanları dünya miqyasında həmişə
aktual səslənən idealları və müasir
çağırışları, əbədi dəyərləri
özündə əks etdirən böyük epos nümunəsi
kimi mühüm əhəmiyyətə malikdir. “Kitabi-Dədə Qorqud” dastanları forma
orijinallığı ilə də, ideya-məzmun
baxımından və müasirlik işığında da
dünya xalqları üçün cəlbedici, təsirli və
əhəmiyyətlidir. “Dədə Qorqud”
dastanlarına beynəlxalq miqyasda ardıcıl olaraq
böyük maraq göstərilməsinin əsas səbəbi
bu qədim və məşhur abidənin bədii forma cəhətdən
orijinallığı, ideya etibarilə zənginliyi və
müasirliyi ilə üzvi surətdə əlaqədardır.
Görkəmli alman şərqşünası Fridrix Fon Ditsin 200 il bundan qabaq üzə
çıxarıb elm aləminə, geniş oxucu auditoriyasına təqdim etdiyi
“Kitabi-Dədə Qorqud” dastanları indi artıq
dünyanın əksər ölkələrində yer kürəsinin
müxtəlif xalqları tərəfindən böyük
maraqla oxunur və rəğbətlə qarşılanır. Azərbaycan
şifahi xalq ədəbiyyatının bu şah əsəri
ötən iki əsr ərzində ingilis, rus, alman,
fransız, ərəb, ispan, fars dillərinə
tərcümə edilərək dünyada yayılmış
və böyük şöhrət qazanmışdır.
“Kitabi-Dədə Qorqud” dastanlarının Odisseyası Azərbaycan
ədəbiyyatının dünya şöhrətinə
daha geniş üfüqlər açmaqda davam edir.
Bu mənada
“Dədə Qorqud” dastanlarının Baltikyanı respublikalarda da
orada yaşayan xalqların dillərinə tərcümə
olunması, geniş yayılması, ölkələrdə bu
dastan haqqında tədqiqatların meydana çıxması əhəmiyyətli
hadisələrdir. Bununla belə, etiraf etmək lazımdır
ki, bir çox başqa xalqlarla müqasiyədə “Dədə
Qorqud” dastanlarının Baltikyanı respublikalardakı “həyatı”
haqqında çox az məlumatlara malik idik. Azərbaycan
diaspor hərəkatının tanınmış nümayəndəsi,
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyevin
“Kitabi-Dədə Qorqud” dastanları Baltik xalqlarının dillərində” adlı tədqiqat
əsəri mövcud boşluğu aradan qaldıran, bu istiqamətdə
geniş elmi bilikləri Azərbaycan cəmiyyətinə
çatdıran qiymətli elmi-tədqiqatdır. Bu
araşdırmalarda Mahir Həmzəyev böyük zəhməti,
məsuliyyətli işi və yüksək professionallığı ilə
əsl vətəndaş-ziyalı səviyyəsində
çıxış edir. Onun axtarışları sayəsində
“Kitabi-Dədə Qorqud”un Baltik həyatı
ilə bağlı nə varsa, bütün təfərrüatları
və detalları ilə geniş ictimaiyyətə
çatdırılır. Bunlar Azərbaycan
Qorqudşünaslığının qiymətli Baltik səhifələridir.
Mahir Həmzəyev Azərbaycan Qorqudşünaslıq elminin
layiqli Baltik təmsilçisidir.
Onun tədqiqatlarının işığında “Dədə
Qorqud”un Baltik
“səyahəti”nin böyük və sanballı salnaməsi
yaradılır.
“Kitabi-Dədə Qorqud” dastanları
Baltik xalqlarının dillərində” kitabında bu möhtəşəm
eposu Litva, latış və eston dillərinə tərcümə
edən yazıçılar, dastanın müxtəlif nəşrlərinə
tanıtma yazıları yazmış tədqiqatçılar,
illüstrasiya çəkmiş rəssamlar haqqında
verilmiş məlumatlar və fotomateriallar Azərbaycan ədəbiyyatının
Baltikyanı respublikalardakı dostları ilə yaxından
tanışlıq üçün geniş imkan yaradır. Bununla Mahir Həmzəyev ölkələrimiz
arasındakı ədəbi-mədəni və elmi əlaqələrin
real salnaməsini yaratmışdır.
Azərbaycanın tanınmış yaradıcı
ziyalısı Mahir Həmzəyev Baltik respublikalarının
arxivləri və muzeylərində ölkəmizlə
bağlı saxlanan zəngin irsə dərindən bələddir. Onun
çoxillik zəhməti səyəsində çoxcəhətli
Azərbaycan-Litva əlaqələrinin zəngin sənədləri
və materialları üzə çıxarılaraq tədqiq
edilmiş və hər iki ölkənin ictimaiyyətinə təqdim
olunmuşdur. Azərbaycan ədəbiyyatı örnəklərinin
Litva dilinə tərcümə edilərək yayılması
istiqamətində Mahir Həmzəyevin böyük xidmətləri
yüksək qiymətləndirilməyə
layiqdir.
Azərbaycan
xalq mahnılarını ilk dəfə olaraq Mahir Həmzəyev dərin
lirizmi ilə birlikdə Litva dilində səsləndirmişdir.
Nizami Gəncəvinin yaradıcılığı ilə
Litva ictimaiyyətinin daha geniş şəkildə tanış ola bilməsi də Mahir Həmzəyevin
bu böyük sənətkarın əsərlərini
orijinala uyğun şəkildə Litva dilinə çevirməsi
ilə əlaqədardır. Abdulla Şaiq, Bəxtiyar Vahabzadə,
Rəşad Məcid, Elçin Hüseynbəyli və
başqa yazıçı və şairlərin əsərləri
də Mahir Həmzəyevin tərcüməsində Litva
oxucularının mütaliəsinə
daxil olmuşdur. Zəngin yaradıcılıq təcrübəsi
və hər iki dili dərindən bilməsi Mahir Həmzəyevin
tərcümələrinin yüksək bədii səviyyədə
alınmasını təmin edir. Onun Litva
xalqının klassik və müasir yazıçı və şairlərinin
əsərlərindən Azərbaycan dilinə etdiyi tərcümələr
də ölkəmizdə Baltik ədəbiyyatı ilə
tanışlıq baxımından layiqli bələdçilik
funksiyasını uğurla yerinə yetirir.
İctimai-siyasi ədəbiyyatı da
qarşılıqlı surətdə Azərbaycan və Litva
dillərinə tərcümə etməsi ilə Mahir Həmzəyev
geniş imkanlara malik olan yaradıcı ziyalı qismində
çıxış edir. Qarabağ
münaqişəsi ilə əlaqədar Litvada yaranan ədəbiyyatı
Azərbaycan dilinə çevirmək və çap etdirmək
Mahir Həmzəyevin vətəndaşlıq borcuna məsuliyyətli
münasibətinin bariz ifadəsidir.
Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin
hekayələrini və “Kamança” pyesini Litva dilində
bütün milli koloriti və ümumbəşəri dəyərləri
ilə bir yerdə oxuculara çatdırması Mahir Həmzəyevın
professional bir tərcüməçi kimi mühüm
uğurudur.
O, Azərbaycan tənqidi realizminin və “Molla Nəsrəddin”
ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin
əsərlərini Litva dilinə çevirməklə bu
Baltik ölkəsində Azərbaycan haqqında gerçək
həqiqətlərin dairəsini daha da genişləndirmişdir.
Cəlil Məmmədquluzadənin əsərlərinin
Litva dilinə tərcümə edilməsində Mahir Həmzəyevlə
birlikdə görkəmli yazıçı və tərcüməçi
xanım İrena Alieksaitenin də zəhməti yüksək
qiymətə layiqdir. İrena xanım Aleksaite Maksim Qorki adına
Ədəbiyyat İnstitutunun istedadlı məzunlarından
biri olaraq daha çox rus dilinə və ya əksinə,
ruscadan Litva dilinə tərcümələri ilə məşhurdur.
Onun tərcüməçilik fəaliyyətində
Litva satirik-yumoristik ədəbiyyatının rus dilinə
çevrilməsi xüsusi yer tutur. Xanım
İrena Aleksaitenin rus dilindən Litva dilinə tərcümə
etdiyi əsərlərdə də realist-satirik ədəbiyyatın
özünəməxsus payı vardır. Beləlikə o, satirik-yumoristik əsərlərin
“dilini” dərindən mənimsəmiş, bu istiqamətdəki
tərcümələri ilə rəğbət
qazanmışdır. Bu mənada İrena Aleksaitenin Azərbaycanda
satirik ədəbiyyatın böyük banisi Cəlil Məmmədquluzadənin
əsərlərinin tərcüməsi işinə cəlb
edilməsi düzgün seçimdir və iş fayda gətirmişdir.
Hiss olunur ki, Cəlil Məmmədquluzadənin əsərlərindən
bir neçəsini tərcümə etməklə bərabər,
xanım İrena Aleksaite dilin daşıyıcısı kimi
tərcümə edilmək üçün nəzərdə
tutulmuş bütün bədii nümunələrin Litva
dilində çevrilmiş son variantını nəzərdən
keçirərək müvafiq iş aparmışdır.
Litva
Ədəbiyyat Tərcümələri Şurası sədrinin
müavini kimi İrena Aleksaite ölkədə bədii tərcümə
işinin təşkili sahəsində də səmərəli
fəaliyyət göstərir. İrena xanım
Aleksaitenin Avropa ölkələrində, Litvada, Rusiyada,
Ukraynada tərcümə məsələlərinə həsr
edilmiş beynəlxalq konfranslardakı məruzələri onu
həm də tərcümə nəzəriyyəçisi kimi
tanıdır. Bir sözlə, Litva
Yazıçılar Birliyinin üzvü İrena Aleksaite
Litvanın tərcümə ustasıdır.
Vilnüsdə
2016-cı ildə çap
olunmuş Cəlil Məmmədquluzadənin
“Nigarançılq” kitabı təkcə Litvada deyil,
bütövlükdə Baltikyanı respublikalarda bu görkəmli
Azərbaycan yazıçısının nəşr
olunmuş birinci kitabıdır. Kitaba Cəlil Məmmədquluzadənin
maraqlı hekayələrindən biri olan
“Nigarançılıq” hekayəsinin adı verilmişdir.
“Nigarançılıq” kitabına akademik İsa Həbibbəylinin
yazdığı “Cəlil Məmmədquluzadə - Molla
Nəsrəddin - Mirzə Cəlil” adlı müqəddimədə
görkəmli yazıçı çoxşahəli fəaliyyətinin
bütün sahələri ilə Litva oxucusuna təqdim
olunmuşdur. Kitaba Cəlil Məmmədquluzadənin
“Danabaş kəndinin əhvalatları” povestindən “Bir
yüngülvari” adlanan
parçası, “Poçt qutusu”, “Kişmiş oyunu”, “Dəllək”,
“Pirverdinin xoruzu”, “Fatma xala”, “Qurbanəli bəy”, “Quzu”,
“Nigarançılıq”, “Konsulun arvadı”, “Xanın təsbehi”,
“Qəssab”, “Zırrama”, “Rus qızı”, “Saqqallı uşaq”,
“Buz”, “Hamballar”, “Bəlkə də qaytardılar”, “İki əq”
hekayələrinin, “Niyə məni
döyürsünüz” felyetonunun və “Kamança” pyesinin
tərcümələri daxildir. Kitabda yer
almış “İzahlar” təqdim olunan əsərlərin
milli koloritini və süjet xəttini dərindən başa
düşməyə imkan yaradır.
“Nigarançılıq” kitabına daxil edilmiş fotoşəkillər
və karikaturalar Cəlil Məmmədquluzadəni və
“Molla Nəsrəddin” jumalını Litva oxucusunun daha
yaxından tanımasına xidmət edir. Oskar
Şmerlinqin, Əzim Əzimzadənin və Elturanın
karikaturaları Cəlil Məmmədquluzadənin əsərlərini
və XX əsrin əvvəlləri Azərbaycan mühitini
tanıtmaq üçün düşünülmüş
açar funksiyasını yerinə yetirir.
Cəlil Məmmədquluzadənin
“Nigarançılıq” kitabının Litva dilinə tərcümə
edilməsi və Vilnüsdə yüksək poliqrafik şəkildə
çap olunması Azərbaycan Respublikasının
Litvadakı səfirliyinin dəstəyi ilə həyata
keçirilmişdir. Azərbaycan-Litva əlaqələrinin
daha da inkişaf etdirilməsi sahəsində daha bir əhəmiyyətli
addım olan bu qiymətli kitabın nəşri
üçün göstərilən dəstəyə,
aparılan təşkilatçılıq işinə görə
Azərbaycan Respublikasının Litva Respublikasındakı səfiri
Həsən Məmmədzadəyə dərin minnətdarlığımı
bildirirəm.
“Kitabi-Dədə Qorqud” dastanlarının sintaktik
quruluşu, təhkiyə üslubu ilə Cəlil Məmmədquluzadənin
əsərlərinin dil xüsusiyyətləri arasında
ciddi bir yaxınlıq vardır. Cəlil Məmmədquluzadənin
hekayələri sanki satirik risalələrdir. “Dədə Qorqud” dastanlarındakı Qalın
Oğuz elinin müqəddəsliyi ideyası ilə Cəlil Məmmədquluzadənin
“Anamın kitabı” dramındakı azərbaycançılıq
idealının bədii təcəssümü bir-birini üzvi surətdə
tamamlayır. Hətta Vətən
torpaqlarını qorumaq və möhkəmləndirmək, mənsub
olduğu xalqı daha işıqlı sabahlara aparmaq məqamında
Dədə Qorqudla Molla Nərəddin - Cəlil Məmmədquluzadə
eyni zirvədə birləşir. Dədə Qorqud
miladdan sonrakı başlanğıc dövrlərin, “Molla Nəsrəddin”
isə XX əsrin müdrikliyinin klassik nümunəsidir.
Cəlil Məmmədquluzadə - Molla Nəsrəddin yeni
tarixi epoxada Dədə Qorqud sözünün yaxın və
uzaq hədəflərini müasir dövrün
adamlarının dilində xalqa çatdırır. Bu mənada
“Kitabi-Dədə Qorqud” dastanlarının Baltik ölkələrindəki
taleyini dərindən öyrənib Azərbaycan xalqına
çatdıran Mahir Həmzəyevin xanım İrena Aleksaite
ilə birlikdə Cəlil Məmmədquluzadənin əsərlərini
də Litva dilinə tərcümə etmələri, əslində
ayrı-ayrı xalqların əlyazmalarının vahid amala
xidmətinin parlaq nümunəsidir. Bu qiymətli
tədqiqat əsəri Mahir Həmzəyevin ölkəsini
Baltik respublikalarında daha yaxından tanıtmaq
baxımından da çox böyük imkanlara malikdir.
“Kitabi-Dədə Qorqud” Baltik xalqlarının dillərində”
kitabı rus və ya ingilis dillərinə tərcümə
edilərək nəşr olunarsa, Baltikyanı respublikalar
arasında dostluq və qarşılıqlı əməkdaşığın
daha da inkişaf
etdirilməsinə də böyük töhfə
vermiş olar.
Mahir Həmzəyevin “Kitabi-Dədə Qorqud” dastanları Baltik xalqlarının dillərində” kitabı Qorqudşünaslıq elminə sanballı töhfədir. Bu, Azərbaycan Qorqudşünaslığına layiqli Baltik ərməğanıdır.
“Kitabi-Dədə Qorqud” dastanlarına həsr olunmuş tədqiqat əsərinin meydana çıxması və Cəlil Məmmədquluzadənin “Nigarançılıq” kitabının nəşri Litvada Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafına sanballı xidmət deməkdir. Hər iki xalq üçün əhəmiyyətli olan bu gərəkli missiyanın həyata keçirilməsində ilk növbədə Azərbaycan ziyalısının fəal iştirakı təqdirəlayiq hadisədir. Eyni zamanda, Azərbaycan oxucusunun, xüsusən də ölkə ədəbi-elmi ictimaiyyətinin az tanıdığı, məqalədən-məqaləyə rastlaşdığı litvalı həmkarları və geniş mənada Baltikyanı tədqiqatçılar və naşirlərlə tanışlıq baxımından da “Kitabi-Dədə Qorqud” dastanlarının Baltik səyahətnaməsi mühüm əhəmiyyətə malikdir.
“Kitabi-Dədə Qorqud” dastanları Baltik xalqlarının dillərində” kitabı janrına görə müasir elmi publisistika nümunəsidir. Kitabdakı axtarış yönlü araşdırmalarında Mahir Həmzəyev tədqiqatçı, təqdimatlarda isə publisist kimi çıxış edir. Elmi publisistika kitabı oxucu auditoriyasının genişləndirilməsinə meydan açır.
Azərbaycan ziyalısı Mahir Həmzəyevlə Litva yazıçısı və tərcüməçisi İrena Aleksaitenin yaradıcılıq əməkdaşlığı geniş mənada Azərbaycan-Litva əlaqələrinin salnaməsində qalan əhəmiyyətli səhifələrdir. Bu qarşılıqlı etimadın və əməkdaşlığın əhəmiyyətinə daha bir parlaq nümunədir.
Mahir Həmzəyevin Litvada apardığı çoxcəhətli iş və yaradıcılıq fəaliyyəti təkcə XXI əsrin diaspor nümayəndəsi üçün yox, ümumiyyətlə ziyalı üçün örnək sayılmağa layiqdir.
Uğurlar arzulayıram.
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik
525-ci qəzet.- 2017.- 3 iyun.- S.16.