Naqqal Nağı və Əzizənin ərizəsi  

 

"Səhər-səhər" layihəsində

 

 

Bacım qızı Əzizə xahiş etdi ki, onu idarədə işə düzəldim. Xoşbəxtlikdən idarənin müdiri köhnə tanışım idi, zəng etdim, xahiş etdim, sağ olsun, məni qırmadı.

 

- Sabah ərizəsini yazıb gətirsin, - dedi -, amma düz saat 10-da gəlsin, sonra vaxtım olmayacaq.

 

Dedim, qız uşağıdır, özü getməsin, bacım oğlu Nağıya tapşırdım ki, bacısının ərizəsini aparsın.

 

Səhəri günü başım elə qarışdı ki, məsələdən xəbər tuta bilmədim.

 

Axşamtərəfi gördüm bunlardan səs çıxmır. Nağıya zəng elədim.

 

- oldu? - deyə xəbər aldım.

 

Nağı:

 

- Əşi, başıma işlər gəldi, - dedi. Dediyin kimi, hazırlaşdım, onda müdirin yanında olum. Tərs kimi geyinməyə köynək tapmadım, ütülü köynəklərim çirkli idi, təmizləri ütülü deyildi. İşığımız da keçmişdi, elektrik ütüsünü işlədə bilmədik. Bir söz, köhnə sarı köynəyimi tapdım, yaşıl pencəyimi geyib evdən çıxdım. Həyətdə qonşumuz Mədət kişiyə rast gəldim. Mədət kişini tanıyırsan da, çox abırlı adamdır, oğlu da keçən il velosiped yarışlarında üçüncü yerə çıxmışdı.

 

- Dayan, dayan, müdirin yanına getməyindən danış.

 

- Danışıram da, day-day. Mədət kişi məni görən kimi gülüb özündən getdi. alabəzək geyinmisən, ay bala, - dedi, lap tovuzquşuna oxşayırsan. Sonra oxumağa başladı: “Niyə hər yerin əlvandı, köysün altı sarı bülbül”.

 

Nağı muğam üstündə bu mahnını oxumağa başlamışdı ki, sözünü kəsdim:

 

- Uzatma, - dedim. Ərizəni vaxtında çatdırdın?

 

- Hardan? Mədət kişi biləndə ki, kimin yanına gedirəm, dedi: nəbada bu vid-fasonda onun gözünə görünəsən. Kişinin zəhləsi belə geyinən cavanlardan gedir, illah da sarı rəng gözünün düşmənidir.

 

- Köynək ütü məsələsindən agah elədim Mədət kişini, dedi: budu ha, qarşımızdakı dükandan bir yaxşı köynək al, geyin.

 

- Əlqərəz, gedib köynək aldım. Tərs kimi liftimiz işləmir axı, dedim, işığı kəsiblər, yeddi mərtəbəni piyada qalxmalı oldum.

 

- Deməli, saat 10-da çatmamısan?

 

- Danışıram da, tərs kimi köynək dar gəldi mənə, qədər hıqqanıb-zıqqandım, boynuma düz gəlmir. Dedim gedib bunu qaytarım, bir az böyüyünü alım. Amma dükanda qəbul etmədilər ki, daha bunu geyinmisən, qaytara bilməzsən. Məcbur oldum təzəsin alım, amma pulum çatmadı, qayıdıb Mədət kişidən borc aldım.

 

- Nağı, məni təngə gətirdin. De görüm axır ərizəni çatdıra bildin?

 

- Niyə hirslənirsən day-day, danışıram da. Təzədən liftsiz yeddi mərtəbəni qalxdım, köhnə köynəyi evdə qoydum, dedim yeri gələr, kiməsə bağışlayaram, təzəsin geyindim. Amma bir saat ərzində 14 mərtəbəni piyada qalxdığım üçün yaman yorulmuşdum, dedim bir hovur dincəlim, divana uzandım, demə yuxuya getmişəm, ayıldım ki, saat üçdü. Tələsik pilləkanlarla piyada düşüb - axı lift işləmirdi - yola düzəldim.

 

- Axır gedib çatdın idarəyə?

 

- Əlbəttə, day-day, çatdım, amma müdirin yanında müşavirə vardı. Katibəsi dedi, əyləşin, gözləyin, müşavirə qurtarar, keçərsiniz yanına. Katibə çox yapışıqlı qız idi. Hətta mənə çay da süzdü, incil mürəbbəsiylə. Söz sözü çəkər, ailəsindən danışmağa başladı. Demə, əri yaman qısqanc imiş, işdən gec gələndə mərəkə qoparır. Əri, bilirsən kimlərdəndir?

 

- Nağı, canımı boğazıma yığdın, cəhənnəmə kimlərdəndir, gora kimlərdəndir, de görüm axır ərizəni müdirə çatdırdın?

 

- Sənə qurban, day-day, əsəbiləşmə. Bəli, iclas qurtardı, işçilər bir-bir müdirin otağından çıxmağa başladılar. Aralarında cavanlar da vardı, sinnilər , üç nəfər qadındı, qalanları kişilər. Katibə dedi ki, qoy hamı çıxsın, girib müdirə məruzə edərəm ki, gəlmisiniz. Dedim: çox sağ olun. Girdi çıxdı ki, bağışlayın, müdir arxa qapıdan çıxıb gedib.

 

- ? Deməli, ərizəni çatdırmamısan? Ay səni...

 

- Başıva dönüm, day-day, əsəbiləşmə, təzyiqin qalxar, bu gün olmasın, sabah olsun, çatdıraram da. Sabaha inşallah liftimiz düzələr.

 

- sabah, ay gədə? Müdir mənə dedi axı, sabah bir aylığa məzuniyyətə çıxır.

 

- Belə de... Day-day, Mədət kişiyə borcum qalıb. Mənə bir az kömək elə ...

 

- Mirzə Cəlil səndən yaxşı yazıb.

 

- Mirzə Cəlil? Məndən?

 

- Get, “Zırramahekayəsin tap, oxu.

 

ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

 

525-ci qəzet.- 2017.- 3 iyun.- S.9.