"Keçdi ömür dalğa kimi..," yaxud qapısı qıfılsız xatirələr

 

(Esse)

 

 

Sağa-sola burulan yolların sonu görünmür, uzandıqca hey uzanıb gedir.

 

Radio dalğalarında səslənən həzin musiqi maşının salonunu doldurur. Elə bil musiqi yollarla həmahəngdi - bitib-tükənmək bilmir. Mahnının sözləri təsirlidi, düşündürücüdü. Müğənni yanıqlı səslə oxuyur: "Sevgi bitəndən sonra xatirələr başlayır... " Mahnını dinlədikcə düşünürsən: doğrudan da həyatda hər şey ötəridi, əbədi qalan isə yalnız xatirələrdi. Nostalji hisslər oyadan bu kövrək həzin musiqini dinlədikcə xatirələr bir anlıq əlimdən tutub məni ötən çağlarda yaşadığım acılı, şirinli günlərə aparır...

 

Bu gün içində yaşadığımız hər hansı bir hadisə sabah yaddaşlara hopur, yavaş-yavaş xatirəyə çevrilir. Günlər ötüb arxada qaldıqca xatirələrimiz üst-üstə qalaqlanır, xatirə kitabımızın vərəqlərinin sayı artır. Həyatımızın darıxdırıcı anlarında keçmişdə baş verənləri yada salmaq istəyəndə, dünənə boylanıb xatirələr boğçasının ağzına vurulmuş düyünü açırıq. Bir anlıq da olsa, yaşadığımız acıları unudub ömrümüzə şirinlik qatmaq istəyirik. Könlümüzün xatirə çələngini qəlbimizin ən mübhəm, ən isti, ən ilıq guşəsində saxlayırıq -  çünki çox doğmadılar, çox əzizdilər, çox qiymətlidilər. Ona görə həmişə xatirələrimizi zamanın soyuğundan, şaxtasından qorumağa çalışırıq. Onlar bir-bir vərəqləndikcə yaddaşımızın lap dərin qatlarına qədər gedib çıxırıq. Hərdən fikirləşirsən ki, xatirələr olmasa, biz necə yaşayar, necə ömür sürərdik? Yəqin ki, günlərimiz yalnız boşluqlardan ibarət olardı. Bunu isə həyat adlandırmaqda çətinlik çəkərdik.

 

Görəsən əzizlədiyimiz xatirələr hansı rəngdədir? Xatirələrin neçə rəngi var? Onların rənginin ya , ya da qara olduğuna əminəm. Yaşadığı ömrü boyu insanın yaddaşında daha çox iki cür hadisə qalır: yaxşı pis. Yaxşı hadisələr rəngdə, pis hadisələr isə qara rəngdə yaddaşımıza yazılır. 

 

Qəlbimizin dərinliyinə hopmuş xatirələrin bəzilərini yada salanda üzümüzə təbəssüm qonur, ürəyimiz açılır. Onların qanadında keçmişə dönür, xoşbəxt günlərimizi gözlərimiz önündə yenidən canlandırırıq. Bəzi xatirələrimiz o qədər çox kövrək olur ki, yada düşəndə kədərlənirik, gözlərimiz nəmlənir, yanaqlarımızda şeh damcılarına bənzəyən yaş gilələnir. Elə xatirələr var ki, heç onun səmtinə əl uzatmaq, baxmaq istəmirik. Sanki kövrələcəyimizdən qorxuruq.

 

Sevgi ilə bağlı pünhan xatirələrimizi hamıdan daldalamağa çalışırıq. Onların üstündən pərdəninin götürülməsini istəmirik. İstəmirik ki, onları kimsə görsün, kimsə bilsin. Sevgi xatirələrinin həmişə mürgülü qalmasının tərəfdarıyıq. Sanki bu xatirələrin gözü açılsa, oyansa dünya alt-üst olacaq, qiyamət qopacaq. Keçmiş həyatımız xatirələrlə birlikdə üstümüzə aşacaq. İstedadlı şair Nüsrət Kəsəmənli bu hissləri necə böyük həssaslıq ustalıqla ifadə edib:

 

...Getmək istəyirsən bəhanəsiz get,

 

Oyatma mürgülü xatirələri.

 

Burada diqqətçəkən məqam odur ki, şair sevgilisindən yatmış xatirələri yox, məhz mürgülü xatirələri oyatmamağı rica edir. Çünki mürgülü xatirələr daha həssasdır, onun oyanması kiçik bir himə bənddi. Şair istəyir ki, elə o xatirələr həmişə mürgülü qalsın. dərin yuxuya getsin, oyanıb gözlərini açsın.

 

Xatirələri axar çaya da bənzətmək olar. Axdıqca axır, hər gün ömrümüzün zərrələrini özü ilə götürüb gedir. Zərrələr birləşib çoxaldıqca çay daha da gurlaşır, daha güclü axır. Axa-axa uzun yol keçib dənizlərlə qovuşur. Beləcə, xırda damcılardan  xatirələr dənizi yaranır. Bu dəniz getdikcə dərinləşir, böyüyür. 

 

Bəs insan vaxt xəyala dalır, vaxt xatirələrinə tərəf boylanır? Buna içində vaxt ehtiyac duyur? Yəqin ki, yaşa dolanda, qocalığın mehi üzünə vuranda. Cavan, gənc gümrah olanda heç xatirələr yadımıza da düşmür. Bu barədə düşünmək belə istəmirik. Çünki o çağlarda xəyallarımız göylərdə uçur, özümüzü həyatın qaynar qoynuna atırıq. Sanki yaşadığımız günləri vərəq-vərəq sabahkı xatirələrimizin üstünə toplayırıq.

 

Bir az yaşlaşanda, tək olanda, yalqızlaşanda, xəstə yatanda xəyallara dalırıq. Çətin günlərində, kimsəsiz anlarında, kövrək dəqiqələrində xatirələr insana yol yoldaşlığı edir. Onu darıxmağın, sıxılmağın əlindən alır. Bu anlarda xatirələr insanı sehirli qanadlarının üstünə alıb zamana meydan oxuya-oxuya keçmişə doğru aparır. Xatirələr ona qol-qanad verib yaşamağa ruhlandırır. Sabahkı yollarına ümid işığı çiləyir. Belə olanda xatirələr həm insan qəlbində keçmişlə gələcəyi qovuşdurur, onlar üz-üzə dayanıb bir-birinə gülümsəyirlər.

 

Xatirələrin qapısı qıfılsızdı. Ora maneəsiz daxil olursan. Bunun üçün xüsusi bir kod, hansısa bir parol tələb olunmur. Qapısı açıq olsa da xatirələrin sığındığı yaddaş boxçasına heç kim əl uzada bilməz. Çünki hər kəs öz xatirələrinin sahibi müəllifidir. 

 

Görəsən, xatirələrin dadı, tamı necə, varmı? Yəqin ki, var. Olmasaydı, xatirələri acılı-şirinli kimi ayrı-ayrı hissələrə bölməzdilər.

 

Xatirələrin qapısı açıq olduğu kimi, gözü heç vaxt yumulmur, nurlu işıqlıdır. Qəlbimizdə özünə əbədi yuva qurmuş xatirələr həmişə canlıdır, yaddaşımızda diridir. vaxt yada salıb əl uzatsaq üzümüzə gülümsəyir. qədər yaşayırıqsa onlar da bizimlə yol yoldaşıdır, bizimlə həmsöhbət dərdkeşdir.

 

Xatirələrin bir üzü soyuqdur, bir üzü isti. Elə xatirələr var ki, onu yada salanda qəlbimiz üşüyür, bədənimiz titrəyir. Amma onu yaddaşımızdan silə bilmirik, ondan imtina etməyi bacarmırıq. Axı o bizim həyatımızdır, dünənimizdir, keçmişimizin bir parçasıdır. Ona görə soyuq da olsa, özümüzlə gəzdiririk. İsti, ilıq xatirələri xatırlayanda qəlbimiz cuşa gəlir. Könlümüzə sızqa da olsa, hərarət sızır. Bu hərarətdən soyuq xatirələrimiz də bir az isinir.

 

Ömrümüz boyu xatirələrdən təskinlik almağa çalışırıq. Hələ bu azmış kimi könlümüzdən kiminsə bizi xatırlaması da keçir. Xatirələrdə yaşamağı da xoşbəxtlik sanırıq. Xatirələrlə bağlı oxunan bir mahnıda deyildiyi kimi:

 

...Barı yada sal məni, yada sal məni,

Şirin xatirələrlə xatırla məni.

 

Gözəl və kövrək mahnıdır. Görünür, çoxları kimi o sözlərin müəllifinin də könlündən xatirələrdə qalmaq, qəlblərdə əbədi məskən salmaq keçirmiş. Belə olmasaydı bu misralar yaranmazdı, bu sətirlər daranmazdı.

 

Dünyadan köç edəndən sonra bizdən yaddaşlarda nə qalır? Əlbəttə ki, acılı-şirinli xatirələr. O xatirələr ki, bir vaxtlar indi ömür sürdüyümüz bu dünyada olmayanda da bizi doğmaların qəlbində yaşadacaq. Ona görə də dostlarımızın bizi tez-tezolmasa, hərdən xatırlamağını istəyirik.

 

Vaxt, zaman keçdikcə xatirələrin bəziləri qəlbimizdən silinir. İnsan xatirələrsiz qalır. Yaddaşı vəfasızlıq edərək onu yarı yolda qoyur. Keçmişdən, keçənlərdən heç nə xatırlaya bilmir. Onu uşaqlıq və gənclik çağlarına - bir sözlə, dünəninə bağlayan tellər bir anda qırıq-qırıq olur. İnsan keçmişindən uzaq düşür, özünü tanımır, dünənini xatırlamır. Ən doğma adamını belə tanıya bilmir. Getdikcə təklənir, tənhalaşır. Keçmişi qəlbində yaşada bilməyən insanın həmin andan faciəli günləri başlayır. Silinən xatirələri sonradan heç cür bərpa etmək mümkün olmur. Ona görə də yaddaşımızdakı xatirələrin keşiyini yaxşıca çəkməliyik, etibarlı qorumalıyıq.

 

Düşünürəm ki, yəqin xatirələrin səsi də var. Xəyallara dalıb xatirələrimizlə danışanda onların səsini eşidirik, nəfəsini duyuruq, qoxusunu hiss edirik.

 

Görəsən xatirələri danışmağa, yazmağa vaxtımız çatarmı? Ömür buna yetərmi?..

 

Günlər, həftələr və aylar keçdikcə zaman vaxtın axarında bizi gələcəyə aparır. Ömrümüz nizamından çıxmadan öz yoluna davam edir. Maraqlı günlər bir-bir ötüb keçir, vərəq-vərəq yaddaşımıza hopur. Yaşadıqca, ömür sürdükcə xatirələrimizlə keçmişə, xəyallarımızla isə gələcəyə bağlanmağa çalışırıq.

 

 

 

Vahid MƏHƏRRƏMOV

 

525-ci qəzet.- 2017.- 6 iyun.- S.8.