Azərbaycan mühacirət ədəbiyyatına
yeni konseptual
baxış
Bədirxan Əhmədlinin bugünlərdə
nəşr olunan
"Azərbaycan mühacirət
ədəbiyyatı: təşəkkülü,
problemləri, şəxsiyyətləri"
(Bakı, "Elm və
təhsil", 2017) monoqrafiyası
Azərbaycan ədəbiyyatında
zəngin tarixə və ədəbi-fəlsəfi
örnəklərə malik
olan mühacirət ədəbiyyatının formalaşması,
tarixi mərhələləri
və ədəbiyyat
tariximizdəki yerinin qiymətləndirilməsinə həsr olunmuş əhəmiyyətli bir kitabdır.
Tanınmış tədqiqatçı alimin
bu vaxta kimi mühacirət ədəbiyyatı ilə
bağlı yazdığı
çoxsaylı məqalələrində
bir çox məsələlər araşdırılmışdır. Bu kitabda isə B.Əhmədli Azərbaycan
mühacirət ədəbiyyatını
vahid nəzəri konsepsiya çərçivəsində
tədqiq etmiş, sistemləşdirmiş, ayrı-ayrı
tarixi mərhələləri
müəyyənləşdirmiş, mübahisəli məqamlarla
bağlı konkret mülahizələr irəli
sürmüşdür.
Məlum olduğu kimi, Azərbaycan mühacirət
ədəbiyyatının bəzi
məsələləri tədqiqatçılarımız
tərəfindən araşdırılmışdır. Ədəbiyyat
tariximizi və ədəbi yaradıcılığın
mühacirət formasını dərindən
bilən B.Əhmədlinin
bütün problemləri
diqqətə alaraq və məlum olmayan bir çox
faktları ilk dəfə
şərh edərək
təqdim etməsi monoqrafiyanın əhəmiyyətini,
yeni istiqamətini və vacib bir məsələyə
həsr olunduğunu göstərməkdədir.
Mühacirətdə yaşamış
ictimai-siyasi xadimlər,
ömürlərini milli
mücadilə uğrunda
fəda edən şəxsiyyətlərimiz və
ədiblərimizə - M.Ə.Rəsulzadə,
M.B.Məmmədzadə, Ə.Cəfəroğlu
və Gültəkinin
(Əmin Abid) əziz xatirəsinə həsr edtiyi bu önəmli monoqrafiyada B.Əhmədli
elə, ilk növbədə,
həmin böyük insanların yaradıcılığının
bizə az məlum olan tərəflərini diqqət
mərkəzində saxlayır.
Monoqrafiya dörd bölmədən
ibarətdir və hər bir hissə
əhəmiyyətli bir
problem üzərində qurulmuşdur. Kitabın vacib
cəhətlərindən biri
ondan ibarətdir ki, burada sadəcə
mühacirət ədəbiyyatımızın
təşəkkül tarixi,
mərhələləri, ayrı-ayrı
şəxsiyyətləri və
mühacirətin yaradıcılıq
formalarından bəhs
olunmur, eyni zamanda, sözügedən
mövzular ətrafındakı
problemlər araşdırılır.
Çünki bu sahədə fərqli, yaxud da ciddi
və konseptual şəkildə ifadə
edilməsinə ehtiyacı
olan məsələlər
az deyildir.
Düşünürük ki, B.Əhmədlinin bu kitabı bir çox məsələlərdə qəti
fikirlər əldə
etməyə yardım
edəcəkdir.
Mühacirət ədəbiyyatının təşəkkülü, onun
xarakteri və mərhələləri, araşdırılması
problemlərini tədqiq
edərkən B.Əhmədli,
haqlı olaraq, Azərbaycan mühacirət
ədəbiyyatının tarixini
XX əsrlə məhdudlaşdırmır,
VII-XI əsrlərdə Azərbaycandan
Ərəbistana köçürülərək
"məvali" adı
verilən bir çox şairlərimizin
ədəbi irsini ilk mühacirət nümunələri
kimi dəyərləndirir.
Bu məqamları araşdırarkən müəllifin
mühacirət ədəbiyyatının
nəzəri məsələlərinə
də diqqət yetirilməsi, digər xalqların yaratdığı
anoloji ədəbiyyatla
müqayisəsi də
kitabda çox əhəmiyyətli cəhət
kimi qiymətləndirilməlidir.
Kitabda yeni tendensiya və məsələlərin olduğunu
qeyd etdik. "Azərbaycan mühacirətinin
formalaşmasında Polşa
amili" bölməsi
də kitabın vacib hissələrindən
biri olaraq ədəbiyyatşünaslığımızın
yeni bir problemini ortaya qoyur. "Lakin siyasi düşüncə
etibarilə təqib olunanlar içərisində
böyük bir qism insanların Avropaya yerləşməsi
də baş verdi ki, bu
ölkələr içərisində
Polşanı xüsusi
qeyd etmək lazım gəlir" deyən B.Əhmədli mühacirlərin "Prometey"
kulubunun və "Qafqaz İstiqlal Komitəsinin" yaradılmasının
Polşanın ictimai-siyasi
mühiti ilə bağlı olduğunu yazır. Polşadakı mühacir nəşrlər,
Polşa arxivlərində
Azərbaycan siyasi mühacirəti ilə bağlı nümunələr,
sənədlər, M.Ə.Rəsulzadənin
bir müddət Polşada yaşaması, onun polyak rəsmi
dairələrində çalışan
şəxsiyyətlər ilə
məktublaşması, milli
mücadilə tariximizin
Avropa ölkəsi ilə bağlı məsələləri yer
almış, bır sıra qaranlıq məqamlara işıq tutulmuşdur.
"Mühacirət ədəbiyyatının problemləri"
adlı başlığı ilə
B.Əhmədli daha çox müzakirələrə
səbəb olan mühacirət poeziyası,
Legion ədəbiyyatı, Qurban
Səid və yazıçının "Əli
və Nino" romanı
ətrafındakı məsələləri
geniş şəkildə
araşdırır. Bu problemlərin şərhi
ilə müəllif həm mühacirət ədəbiyyatının fərqli
qollarını öyrənir,
həm də sözügedən sahədə
filoloji fikrin mübahisəli məqamlarına
aydınlıq gətirir.
Türkiyə, Hindistan və Suriyada mühacirət ənənələri olan
Azərbaycan ədəbiyyatının
XX əsr mərhələsində
milli istiqlal mövzusuna köklənməsi
B.Əhmədlinin xüsusi
vurğuladığı məsələlərdəndir. "Yeni
Kafkasiya", "Odlu
yurd", "Türk
amacı", "Azərbaycan
yurd bilgisi" və s. kimi mühacirət mətbuatında
geniş vüsət alan milli istiqlal
mövzusu kitabda çox maraqlı örnəklərlə təqdim
edilir.
"Personaliya" başlığı
ilə B.Əhmədli
mühacirət ədəbiyyatımızın
görkəmli nümayəndələri
haqqında oçerklər
təqdim edir. Xüsusi qeyd
etmək lazımdır
ki, araşdırmalarda
bu zamana kimi öz yerini
tapmamış bir sıra məsələlər
ilk dəfə bu kitabda qələmə alınmışdır. Kitabda
Əli bəy Hüseynzadə, Əhməd
bəy Ağaoğlu,
Məhəmməd Əmin
Rəsulzadə, Almas İldırım və Gültəkin kimi mühacir ədiblərimizin
həyat və yaradıcılığı haqqında
çox maraqlı məqamları öyrənirik.
İstiqlalı yaşadan mühacirət
poeziyamızın araşdırılması
da milli ədəbiyyatımızın ən önəmli sahələrindən birinin
şərhi kimi son dərəcə əhəmiyyətlidir.
Mühacirət mətbuatının təşəkkülü,
inkişafı, ayrı-ayrı
mətbuat orqanlarının
fəaliyyəti, onlarda
dərc edilən əsərlərin forma və
məzmun cəhətdən
təhlili B.Əhmədlinin
monoqrafiyasında xüsusi
qeyd olunmalı cəhətlərdəndir. Məlumdur ki,
mühacirət ədəbiyyatını
reallaşdıran sahələrdən
ən önəmlisi mətbuatın yaranmasıdır.
M.Ə.Rəsulzadənin "konuşduğu lisanda ilk qəzetəyə
malik olan cəmiyyət, bir milliyyət ikən millət olmağa başlamış deməkdir"
sözləri ilə milli mətbuatın formalaşmasının zəruriliyinə
və tarixi missiyasına diqqəti çəkən müəllif
mühacirət ədəbiyyatımızın
öyrənilməsində vacib sahə olan mətbuatı geniş planda tədqiq edir. Burada bir çox ölkələrdə fəaliyyət
göstərmiş mühacirət
mətbuatımızın tarixi
fəaliyyəti və
əhəmiyyətli işlərini
görürük. "Azəri-türk", "Yaşıl
yaprak", "Azərbaycan",
"Milli atəş",
"Ergenekon", "Kutlu
od" və digər çoxsaylı mühacir mətbuat orqanlarımız haqqında
kitabdan məlumat almaq mümkündür.
B.Əhmədlinin mühacirət ədəbiyyatı
sahəsində yazılmış
tədqiqatları dəyərləndirməsi,
tənqidi fikirlərlərində
məsələni obyektiv
mülahizələrlə əsaslandırması
monoqrafiyada vacib məqamları ifadə edir.
B.Əhmədlinin "Azərbaycan mühacirət
ədəbiyyatı: təşəkkülü,
problemləri, şəxsiyyətləri"
monoqrafiyası Azərbaycan
mühacirət ədəbiyyatını
ardıcıl, sistemli,
nəzəri konsepsiya
daxilində, vacib örnəklərə istinad
edərək araşdıran
əhəmiyyətli bir
kitabdır. Kitab elmi ictimayətimizə
bir töhfə, ədəbiyyatşünaslıq elmimizə əhəmiyyətli
bir xidmətdir.
Kitab milli
kültürümüzün, ədəbiyyatımızın
milli istiqlal və
mücadilə tarixinin ifadəsidir.
Bəsirə
ƏZİZƏLİYEVA
Filologiya
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2017.- 6 iyun.- S.7.