Türk bayrağının dalğalanan kölgəsində...

 

 

Əlli üç il bundan qabaq Serqey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində fars dilindən dərs deyən bir müəlliməmiz vardı – özü də İçərişəhərdə, Qızqalasının beş-on addımlığında doğulmuşdu. O, bizə danışırdı ki, hələ uşaqlıqdan Qızqalsına çıxmaq istəyirdim, ancaq heç cür gedib ora çıxa bimirdim, fikirləşirdim ki, evimizin yanıdı, sonra qalxaram; belə-belə, sonraya saxlaya-saxlaya əllini keçmişəm, hələ də Qızqalasına çıxa bilməmişəm – ancaq bu yaxınlarda mütləq çıxacam ora...

 

Mən dünyanın məşhur ölkələrinin demək olar ki, hamısında olmuşam – İngiltərə, Fransa, Almaniya, İtaliya, Amerika, İran, Rusiya, Latviya, Litva, Estoniya, Orta Asiya respublikaları... və sair. Sadalasam uzun bir siyahı alınar. Ancaq Türkiyədə heç vaxt olmamışdım. Fikirləşirdim ki, Azərbaycanın “beş-on” addımlığındadı də, gedərəm...

 

Bir dəfə, otuz ildən artıq tanıdığım, xətrini dünyalar qədər istədiyim Rəşad Məcidə dedim:

 

- Ay Rəşad, Ağcabədidən çox Türkiyəyə gedib-gəlirsən, bir dəfə də məni aparın də... Türkiyədə olmamışam, oraları könlüm istəyir.

 

Rəşad inanmadı:

 

- Doğrudan Türkiyədə olmamısınız?

 

- Yox, - dedim.

 

Yenə inanmadı, mən də üstünü vurmadım.

 

İLESAM-ın (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi) Azərbaycan başqanı, Azərbaycan Yazıçılar Birliyi mətbuat xidmətinin rəisi Xəyal Rza mənə təklif eləyəndə ki, Türkiyəyə səfərimiz var, sizi də dəvət eləyirik, əvvəlcə sevindim, sonra da imtina elədim:

 

- Musa Yaqubun yubileyini qoyub gedə bilmərəm, - dedim.

 

- Musa Yaqubun yubileyində oldunuz də, - dedi.

 

- İsmayıllını deyirəm, - sözümün üstündə durdum.

 

- Seyran müəllim, İstanbul, Ankara... gözəl tədbirlər... – Xəyal Rza dilinin şirin yerinə salıb məni Bakı-Şamaxı-İsmayıllı marşrutundan çıxarıb, Bakı-İstanbul-Ankara yoluna çəkdi, razılaşdım.

 

- Neçə nəfərsiniz, - dedim, - kimlər var?

 

- Rəşad Məcid, mən, siz... İki gündən sonra Elza Seyidcahan da bizə qoşulacaq.

 

- Ancaq Rəşad bilməsin, dedim, sürpriz eləyək.

 

Elədik də. Tezdən saat yeddidə hava limanına çatanda gördüm ki, Rəşad Məcidlə Xəyal Rza girəcəkdə durub siqaret çəkirlər. Görüşən kimi Rəşad soruşdu:

 

- Seyran müəllim, allah qoysa hara belə?

 

- Londona, - dedim, - bəs, siz?...

 

O, bir az da utana-utana cavab verdi:

 

- Türkiyəyə gedirik, - güldü, - ancaq bax, bu səhərin gözü açılmamış Xəyalın yanında deyirəm, gələn dəfə sizi də aparacam.

 

Bildiyiniz kimi çox səfərlərdə olmuşam. On altı saatlıq Bakı-Frankfurt-San Fransiska uçuşunda da yol boyu bir dəfə də olsun darıxmadım. Mənə elə gəlirdi ki, hələ Bakıdayam – elə təyyarənin içindəki də paytaxtımın havasıdı. Ancaq təyyarədən düşən kimi, bir xalq məsəli varlığıma hopurdu: yük əyilməsə daş qəribliyə düşməz. Mən də qəribliyə düşürdüm, bax o daş kimi. Ancaq İstanbulda təyyarədən düşəndə elə bil ki, təyyarə ilə üç saat göydə dövrə vurub təzədən Bakıya qayıtmışdım...

 

İstanbulun ucsuz-bucaqsız, nəhəng hava limanından çıxanda heç vaxt rastlaşmadığım bir mənzərə ilə üzbəüz qaldım. Sərnişinləri qarşılayan yüzlərlə adamın əllərindəki lövhələrdə qarşılayacaqları adamların adları yazılmışdı. Bu, mənə çox qəribə gəldi. Deyəsən, iyirmi birinci əsrin adamı tanıdıqlarından bezmiş, yorulmuş, indi də tanımadıqları insanlara üz tutmuşlar. Sərnişinlər bir-birinə bənzəmədiyi kimi qarşılayanların əlindəki lövhələr də bir-birinə oxşamırdı. Açığını deyim ki, bu görüntüdən bir az da xoflandım və niyəsini də bilmədim...

 

Hava limanında bizi Türkiyənin tanınmış sənətçisi, müğənni Mehmet Özkaya qarşıladı. Onun üzündə, ilahinin əli ilə yaxılmış şəffaf təbəssümün altındakı rəngi boğuq kədər bir cüt barmaq kimi adamın gözünə girirdi.   mənə elə gəldi ki, bu kədər Mehmet Özkayanın üzünün üzlüyüdü – tale hədiyyəsidi. Bu üzlüyü çıxarıb mənim üzümə taxan olsaydı yaraşardımı? Kədər olanda noolar – kədər də yaraşmalıdı axı. Qəribə də olsa, bu barədə xeyli fikirləşəndən sonra qərara gəldim ki: yaraşmaz. Taleyin doğub-bələdiyi, əmizdirdiyi, boya-başa çatdırdığı Kədər ancaq sahibinə yaraşar, başqasının üzündə-əynində torbalanar, yaraşıqdan düşər...

 

İndiki ovqatımda mənim üzüm Mehmet Özkayanın üzünə oxşayırdı, bəlkə də oxşamırdı – eyni idi – “kserokopiya”. Buna o qədər inandım ki, o qədər inandım ki, ya Rəşad Məcid, ya Xəyal Rza bizim üzümüzə baxsaydı dəyişik salardılar...

 

Yeddi günlük səfərimdə ona o qədər isinişdim ki, elə bil ulu babalarımızdan Mehmet Özkaya və Seyran Səxavətə qədər qaynayıb-qarışmışıq, canbir qəlb olmuşuq. Adamın adama quşu qonanda belə olur – quş da hər adam qonmur axı...

 

Nəticə: Adam özünü – ilkinliyini qorumaq şərtilə sevdiyi adamlara oxşaya-oxşaya yaşayır, bəşəriyyətə qovuşur və bu qovuşuqda Allaha qovuşmaq eşqinə düşür...

 

Elə çətini də eşqə düşməkdi...

 

...Birbaşa “Qrinpark” otelinə gəldik. Yolda məlum oldu ki, bu gün axşam saat səkkizdə Kozzi Alışveriş və Kultur Mərkəzinin Könül Ülkü Qazanfer Özcan Tiyatro Salonunda Mehmet Özkayanın konserti olacaq. O bizi konsertinə dəvət elədi.

 

Biz üç saatlıq göy yorğunluğumuzun dincini yerdə aldıq. İnsana lazım olan hər nə varsa Yerdədir – bir Allahdan başqa.

 

Və yaxşı ki, Allah Yerdə deyil – özünüz bilirsiniz niyə...

 

Vədələşdiyimiz kimi axşam saat yeddidə, yenə Mehmet Özkaya demişkən, otelin qarşısından bizi aldı.

 

Üzü həminki idi...

 

Onun oxumağına hələ bir saat qalırdı. Ancaq mən istəyirdim ki, Seyran Səxavət demişkən, maşında oxusun – elə indi. Ancaq indiki halda mən “Xəstə” nə qədər tələssəm də, armud vaxtında, hələ bir saatdan sonra yetişəcəkdi...

 

“Aşk şarkıları” adlanan konserti nə boyda səbirsizliklə gözləyirdimsə, zaman da o boyda səbrlə öz işində idi, mən bunu gözlərimlə gördüm və inandım ki, necə deyərlər, Zamanın daxili işinə qarışmaq olmaz – qarışarsan içində əridər səni.

 

Qazanfer Özcan Tiyatro Salonunda bildik ki, Mehmet Özkaya bu konsertin bədii rəhbəri və təşkilatçısıdır. Kollektivin solistləri Olcay Aydın, Meral İbrahimoğlu, Pinar Özdoğan, Nilgün Bayraqtutan, Nurcan Altun və başqalarının ifasından sonra Mehmet Özkayanını növbəsi... Armud yetişmişdi...

 

Danışıq səsi ilə oxumaq səsi arasında dağ-dərə fərqi var. Mehmet Özkaya çox yapışıqlı oxuyurdu. Əgər səsin şəklini çəkmək mümkün olsaydı, görərdik ki, üzündəki boğuq kədərin eynidi – yarı bölünmüş alma kimi...

 

Mehmet Özkaya demişkən, yarın, Seyran Səxavət demişkən səhərisi gün o, bizi İstanbuldakı Fənərbaxça burnuna apardı. Belə gözəl, cazibədar, unikal, həm də deyəsən elə o qədər də məhrəm bir məkanı dünyanın heç bir yerində görməmişdim – demək olar ki, hayıl-mayıl olmuşdum.  Bəzi insanların həyatı, yaşam tərzi lətifəyə gəlmədiyi kimi, bəzi məkanların da görüntüsü təsvirə gəlmir – onu təsvir və təsəvvür etməyin ən yaxşı, sərrast yolu gedib görmək, seriallar kimi uzun-uzadı tamaşa etmək, Allahın həyat və yaradıcılığı qarşısında baş əyməkdən ibarətdir, başqa çarəsi yoxdur.

 

Fənərbaxça burnunda bizimkilərə oxşayan bir çayxana var. Orda işləyən oğlanla tanış oldum. Otuz-otuz beş yaşlarında Çingiz Akşin adlı birisidi. Seyran demişkən subay, Mehmet Özkaya demiş bekar idi.

 

Ondan soruşdum:

 

- Əfəndim, türk yazarlardan kimi tanıyırsan?

 

- Onlar mənim nəyimə lazımdı, - dedi.

 

- Bəs, sənə nə lazımdı? – Əl çəkmirdim.

 

- Allahın altda bu çayxana mənim olaydı, - dedi.

 

- Çayxana sənin olsa neylərdin ki?

 

- Evlənərdim, - dedi və irişdi.

 

Onu irişə-irişə qoyub aralıda görünən Heybəli adası ilə uzaqdan-uzağa üzbəüz dayanıb zümzümə eləyən Xəyal Rzaya yaxınlaşdıqca onun oxuduğu mahnını aydınca eşidirdim: “Gözəlim, sənsən, gözümün nuru...” Onun səsi dördümüzü də bir yerə toplamışdı. Əslən Qarabağdan olan Xəyal Rzanın səsi ipək kimi olmaqla yapışıqlı, şirin və üzüyoladı – hara istəyir fırladır. Mahnı sona yetən kimi üç nəfərin yarada biləcəyi gurultulu alqış Fənərbaxça burnunu üç nəfərlik silkələyəndə baş barmağımı qaldırıb Rəşad Məcidə göstərəndə o dedi:

 

- Yazıçılar Birliyi gözəl bir xanəndəni məhv eləyir, – Xəyal Rzaya baxdı, - ağlı yoxdu də, Allah gül kimi qabiliyyət verib, gedib məşğul olsa üç-dörd ilə xalq artisti olar...

 

Sonrakı günlərimizdə gördüm ki, Rəşad Məcidin sözünü qəribçiliyə salmaq insafdan deyil. Məclislərimizin birində Xəyal Rza Emin Sabitoğlunun Nigar Rəfibəylinin sözlərinə yazdığı “Ala gözlüm” mahnısını elə oxudu, elə oxudu ki... Azərbaycanın ən istedadlı və peşəkar dinləyicilərindən biri olaraq mübaliğəsiz, tam məsuliyyətlə deyirəm ki, Xəyal bu gözəl musiqi parçasını bu günə qədər ifa etmiş adlı-sanlı peşəkarların heç birindən pis oxumadı. Məclisdəkilərin alqışları Fənərbaxça burnundakından fərqli idi və bu Xəyalı bir az da ürəkləndirdi. Dünyadan çox tez köç eləmiş unudulmaz bəstəkarımız Asəf Zeynallının “Ölkəm” romansı isə onsuz da həmişə ayaqda olan türk qardaşlarımızı ayağa qaldırdı. Deyəsən hamıdan qabaq özüm ayağa qalxıb əl çalırdım. Xatırlatmaq istəyirəm ki, bu möhtəşəm romansı dünya şöhrətli, İtaliyada Laskala təcrübəsi keçmiş böyük müğənnimiz Bülbül də oxuyub haa.. özü də, necə?! İnanın ki, mən heç nəyi şişirtmək fikrində deyiləm, ən azı ona görə ki, ölçüsündən artıq şişirdiləndə istər adicə top olsun, şar olsun, yazıçı, bəstəkar, siyasətçi olsun – tez-gec partlayır. Mən isə bütün partlayışların əleyhinəyəm...

 

Ədalət naminə deməliyəm ki, Xəyal Rza axı, həm də istedadlı şairdi. Onun rəsmi məclislərin birində oxuduğu “Qurd” şeiri hamını silkələdi. Bu şeirdə ulayan Qurdun səsi indi də qulaqlarımda, vahiməsi indi də canımdadı...

 

Allah Xəyal Rzaya Səsi də, Sözü də ikiəlli verib, onun bir əlində Səsi, bir əlində Sözü... ikisi də yaxşıdı. Ancaq məndən soruşsanız ki, hansı daha yaxşıdı, deyərəm ki, Xəyal Rza...

 

Ancaq bunu da deməsəm olmaz. Xəyal Rza “Ölkəm” romansını oxuyandan sonra dedim:

 

- Xəyal, super oxudun, sağ ol! Bilirsən də bu romansı kim yazıb?

 

- Yox, - dedi.

 

- Bəs onda niyə oxuyursan?

 

- Xoşuma gəlir... ona görə...

 

- Asəf Zeynallınındı, - dedim.

 

- Hə... O cavan ölən?..

 

- Onun başqa əsərlərini necə?

 

- Yox... elə bildiyim budu...

 

Təxminən on il qabaq bir neçə ziyalı ilə birlikdə Amerikanın Azərbaycandakı səfirinin Patamdartdakı iqamətində qonaq olanda ondan soruşmuşdum:

 

- Cənab səfir, Amerika yazıçılarından kimi tanıyırsınız?

 

- Heç kimi? – cavab vermişdi.

 

- Drayzeri, Heminqueyi, Folkneri də tanımırsınız?

 

- Yox, - demişdi.

 

XXI əsrin ya yaddaşına qurd düşüb, ya da nələr üçünsə boş yer saxlayır, yaddaşını tıxılı-məpili doldurmaq istəmir. Əvvəllər bir hadisə olanda Allahı nəzərdə tutub deyirdik ki, “Şükür məsləhətinə!” İndi də deyək ki, şükür XXI əsrin məsləhətinə! Belə çıxır də...

 

Türkiyəyə səfərim haqqında yazımda Amerika səfirini elə-belə xatırlamadım... Bir dəfə televiziya kanallarının birində Səməd Səmədovdan soruşdular ki, himnimizin musiqisini, sözlərini kim yazıb? Respublikanın xalq artisti gülə-gülə cavab verdi ki, bilmirəm. Türkiyəyə səfərim haqqında yazımda Səməd Səmədovu da elə-belə xatırlamadım...

 

Şükür zəmanənin məsləhətinə...

 

Mən Xəyal Rzanı nə Amerika səfiri, nə də Səməd Səmədovla eyniləşdirmək fikrində deyiləm. Çünki Xəyal Drayzeri, Heminqueyi də, Folkneri də yaxşı tanıyır, himnimizin müəlliflərini də. Sadəcə Xəyal səbəb oldu ki, XXI əsr haqqında bəzi fikirlərimi ortaya qoya bildim – buna görə də sağ olsun...

 

...İstanbulda tibb elmləri doktoru, professor, bir neçə özəl xəstəxananın sahibi, baş həkimi, Azərbaycanı bütün varlığı ilə sevən, onu gəzib-dolaşmış, gülərüz, istiqanlı Turqut Göksoyla da bizi Xəyal Rza tanış elədi. Onunla “Pendik” bölgə xəstəxanasındakı kabinetində görüşdük. Hələ Bakıda ikən ehtiyatsızlığım ucbatından ağrıyan sol çiynimi rentgenə saldırdı. Mən belə şey görməmişdim. Uzanırsan, düyməni basırlar və səni tabut kimi bir şeyin içinə çəkirlər – başını iki barmaq belə yuxarı qaldıra bilməzsən; qaldırsan alnın elə bil ki, əhləd ağacına dəyəcək. Sonra da “tabutun” içində əcaib-qəraib səslər gəlir və bu, təxminən on dəqiqəyə qədər uzanır. Bu müddətdə gedib o dünyanı görüb qayıtdım. Səsin və işığın sürəti o qədər böyükdür ki... belə olmasaydı on dəqiqəyə bu boyda məsafəni – o dünya ilə bu dünya arasındakı uzun yolu qət etmək mümkün olmazdı...

 

“Tabutdan” çıxanda yadıma düşdü ki, İstanbuldayam...

 

Və elə həmin günün axşamı həmin İstanbulda Turqut Göksoyun İlisamla birlikdə təşkil etdikləri böyük konsertdə xorun və solistlərin ifasında əvvəldən-axıra Azərbaycan musiqisinə qulaq asdıq. Konsert “Ay Laçın” mahnısı ilə başladı. “Araz üstə buz üstə, kabab yanar köz üstə”..., “Bu dağda ceyran gəzər...”, “Nazəndə sevgilim yadıma düşdü...” Xalq və bəstəkar mahnılarımız durna qatarı kimi düzləndi. Türk bacı-qardaşlarımızın ifası məni elə silkələdi ki, yarpaqlarım töküldü – ancaq hər mahnıdan sonra təzədən tumurcuqlayırdım.

 

Bu konsertə böyük zəhmət çəkilmişdi, pul-para xərclənmişdi. Türk sənətçiləri ən azı iki-üç ay məşq eləmişdilər. Ancaq bu cür yüksək səviyyəli konsert nə zəhmətlə, nə də pul-para ilə heç cür başa gəlməzdi, əgər Azərbaycana sevgiləri olmasaydı. Sevgi isə ortadaydı, hər addım başı bunu hiss edirdik, ürəyimiz dağa dönürdü.

 

Konsertin təxminən iki saatını türklər oxuyandan sonra on dəqiqəlik fasilə elan olundu. İkinci hissədə Elza Seyidcahan çıxdı. Onun oxuduğu şux mahnılar tamaşaçıların qəlbinə gedən qısa yolu ilk dəfədən tapdı. Atatürk haqqında oxuduğu nəğmə isə bütün salonu ayağa qaldırdı və Elza Seyidcahanı sürəkli alqışların müşayiəti ilə səhnədən yola saldılar.

 

Yadımdan çıxmamış onu da deyim ki, Elza Seyidcahanın Amerikada yaşayan kiçik, müğənni bacısı Rasimə də konsertin birinci hissəsində çıxış etmişdi. Onun gözəl opera səsini hamı bəyəndi.

 

Konsertin sonunda Turqut Göksoy kürsüyə qalxıb Azərbaycan-Türkiyə dostluğundan, qardaşlığından, bu münasibətlərin tarixindən, müştərək mədəniyyətimizdən, bir millət iki dövlət olmağımızdan geniş söhbət açdı. Onun nitqində Azərbaycan sevgisini bütün salon dəstəklədi. Türkiyə Azərbaycanı sevməklə özünü sevir, Azərbaycan da Türkiyəni sevməklə özünü sevmiş olur, dedi Turqut Göksoy – düz dedi, eşq olsun. Sonra Turqut bəy sözü Bakıdan gələn qonaqlara verdi. Rəşad Məcid Türkiyə – Azərbaycan doğmalığı barədə çox parlaq, yetkin, səmimi və diplomatik bir nitq söylədi. Onun hər cümləsini alqışlayırdılar. Mən salonda əyləşmişdim. Otuz ildən artıq tanıdığım bu kişi ilə fəxr elədim, öyündüm – yerə-göyə sığmırdım. Mən onu Bakıda, Ağcabədidə, Füzulidə, “525-ci qəzet”in redaksiyasında, küçədə, təyyarədə, Yazıçılar Birliyində, müxtəlif tədbirlərdə görmüşəm. Ancaq türkdilli dövlətlərin paytaxtı hesab etdiyim möhtəşəm İstanbulda, özü də belə bir tədbirdə birinci dəfə görürdüm. O həm də çox istedadlı və peşəkar qələm sahibidi, respublikamızın ictimai həyatında özünə məxsus yeri var. İnşallah, bu ilin noyabr ayında, dövlətçiliyimizə xidmət eləyən, təsisçisi və baş redaktoru olduğu, ziyalıların bir nömrəli, sevimli qəzeti olan “525-ci qəzet”in iyirmi beş yaşını qeyd edəcəyik. Biz tərəflərdə iyirmi beş yaşı olan oğlanlar haqqında deyirlər: Ərgən oğlandı! “525-ci qəzet”imiz də ərgən bir qəzetimizdir!

 

Sonra Xəyal Rza məclisin ruhuna uyğun bir neçə kəlmə deyəndən sonra gözəl bir şeir oxudu. Yeri gəlmişkən deyim ki, Xəyalın Türkiyə türkcəsi Rəşaddan da, məndən də yaxşı idi. O gecədə Xəyal Türkiyə türkcəsində yazdığı şeirini oxudu və salondakı türklər onu öz doğmaları kimi bağrına basdı...

 

Axırda kürsüyə mən çıxdım:

 

- Salamməleyküm.

 

Alqışladılar.

 

- Əziz bacılar, qardaşlar. Türkiyənin problemləri Azərbaycanın, Azərbaycanın problemləri Türkiyənindir.

 

Alqışladılar – Rəşadla Xəyal haqq şahidi.

 

- Əziz bacılar, qardaşlar! Bilirsiniz ki, Azərbaycanın Qarabağ problemi var. Multukultural dəyərlərlə yaşayan Azərbaycan toleyrant bir ölkədir. Qarabağ probleminə görə Azərbaycanda yaşayan talışlar, ləzgilər, ruslar, udinlər, gürcülər, yəhudilər və s. talış, ləzgi, rus, udin, gürcü, yəhudi və s. olduqlarını unudub qarabağlı olublar. Beləliklə, bu gün Azərbaycanda on milyon qarabağlı yaşayır. Biz belə hesab eləyirik ki, səksən milyon qarabağlı da Türkiyədə yaşayır!

 

Bu sözlərdən sonra dik qalxan salonda nələrin baş verdiyindən xəbərim olmadı desəm, inanın. Göz yaşlarımı saxlaya bilmədim, heç cəhd də eləmədim... Mümkün olmayan şeyə cəhd eləmək, mənim yaşımda havaya atılan güllə kimidi – mən də bu gülləni atmadım...

 

Sonra belə möhtəşəm, gərəkli və vacib bir tədbiri keçirdiklərinə görə doktor, professor Turqut Göyksoya dərin təşəkkürümü bildirib onların qarşısında baş əydiyimi dilimə gətirdim.

 

Adətən deyirlər ki, bu cür tədbirlər xalqları bir-birinə addım-addım yaxınlaşdırır. Ancaq İstanbulda baş tutan bu görüş haqqında addımdan söhbət gedə bilməz – daha böyük ölçülər ortaya gəlməlidir...

 

Bu tədbirdən sonra Turqut Göksoy bizi və bir neçə nəfəri, o cümlədən konsertdə iştirak eləyən Mehmet Özkayanı Hasan Kolçuoğlu restoranına dəvət etdi. Restoranın adı mənə qəribə gəldi. Yəqin ki, Hasan Kolçuoğlunun babası kol qırıb satırmış. Çünki, burdakı soy adlarının əksəriyyəti həm də əcdadlarının peşəsi ilə də bağlıdır. Rusiya da keçən əsrlərdə soy kökü ilə bağlı bu prosesi keçib. Gözəl bir günü də burda yaşadıq, yenə dostluq, qardaşlıq, doğmalıq, ortaq tarix, ortaq mədəniyyət, ortaq problemlər...

 

Səhərisi gün nəhəng İstanbulun, özləri demişkən o tayına, Avropa hissəsinə getdik. Vallah, orta məktəbdə oxuyanda anlamadan “Coğrafiya” dərsinə barmaqarası baxmışam və müəllimimizin xəritə çubuğu dəfələrlə başımda çatdayıb. Buna görə də bilmirəm, bilmirəm ki, dünyada yarısı Asiyada, yarısı Avropada olan ikinci bir şəhər varmı? Dünyada iki nəfəri birləşdirməyin taa qədimdən müşkülə çevrildiyini hamımız etiraf etmişik. İstanbul isə nəinki iki adamı, iki qitəni birləşdirən bir nəhəngdir – şəhərin bu missiyası da mənə möhtəşəm, qəribə və qeyri-adi görünürdü.

 

İstanbulun Cem Karaca mədəniyyət sarayında İlisamın təşkilatçılığı ilə beş yüz nəfərlik salonda tələbələrlə görüşümüz vardı. Bura bölgələrdə yaşayan yazıçı və şairlər də dəvət olunmuşdu. Köhnə dostumuz, Ədliyyə nazirliyimizin mətbuat  xidmətinin keçmiş rəisi Aydın Ağazadə də gəlişimizi eşidib bizimlə görüşməyə təşrif buyurmuşdu.

 

Burda türklər demiş, matematik konuda (mövzuda) dinlədiyimiz üç məruzə, həm də, ədəbiyyat, mədəniyyət, dostluq-qardaşlıqla bağlı təqdim olundu. Aparıcı, məruzəçilərdən birinin bir az əvvəl övladının dünyaya gəldiyini elan eləyib təbriklərini çatdıranda salon guruldadı – bir türk də dünyaya gəldi. Mən də sevindim, sevindim ki, Türkiyənin əhalisi səksən milyon bir nəfər oldu – özü də mənim şahidliyimlə...

 

525-ci qəzet.- 2017.- 7 iyun.- S.7.