Ədəbi
yaradıcılıqda müstəsnalıq: Afaq Məsud
nümunəsi
"Mənim
üçün ədəbiyyat ağrını candan
çıxarmaq imkanıdır"
Afaq Məsud nəsrində, onun üslubunda bizim dünya ədəbiyyatı tarixindən və təcrübəsindən bildiyimiz bir sıra ədəbi cərəyanların qovuşuğu yansıyır. Hər şeydən öncə, onu qeyd edək ki, bu üslubda sürrealizm cərəyanının izləri, konturları açıq-aydın görünür. Reallıq yoxdur, o, hardasa yuxu qaranlıqlarının, yuxu qarabasmalarının içində həll edilmiş və təkrar emal prosesindən keçərək insan – oxucuya yeni bir gerçəklik materialı kimi təqdim edilmişdir.
Ədibin üslubunda ekspressionizm – təsvir ediləcək ilkin detalı incə pərdələrlə haşiyələnmiş nəhəng qatışığın içində gizlətmək ustalığı getdikcə daha aydın şəkildə nəzərə çarpır. Hər halda, daha konkret şəkildə desək, onun yaradıcılıq üslubunda, bədii mətnlərinin nüvəsində üç ədəbi cərəyanın – surrealism, ekspressionizm və ekzistensializmin son dərəcə maraqlı qovuşuğu mövcuddur. İkisini yuxarıda qeyd etdik. Üçüncüsü, ekzistensializm, insan varlığının heç zaman cavabı bilinməyəcək sual qaranlıqları içində təsviri, bütün təsvir boyu verilən çox ağrılı sualların cavabının axtarılmaması, yəni bütün bu ağrılar müqabilində insanın dəyişməyəcəyi - öz içində qapalı bir sistem olması bu poetik sistemi tamamlayan bir halqadır. Ancaq bir cəhəti də vurğulamaq gərəkir ki, Afaq Məsud yaradıcılığında bu kimi “izm”lərin varlığından bəhs etməklə biz həmin “izm”lərin Azərbaycan bədii təfəkküründə özümlü bir hadisə olması fikri üzərində qalmaqda israrlı deyilik. Sadəcə, hər bir millətin çağdaş nəsrində, bədii mətnlərində dünya ədəbiyyatının minilliklər boyu keçdiyi hadisələr, rastlaşdığı təbəddülatlar zaman keçdikcə bir daha qarşıya çıxır, özünü qabarıq bir şəkildə yansıdır. Son illərin ədəbi məhsulu olan, məşhur filosoflar J.Liotarın, Jak Derridanın “dünya-mətndir və mətn-reallığın yeganə mümkün modelidir” fəlsəfi konsepsiyasına uyğun qələmə alınmış “Suiti” romanında olduğu kimi...
Afaq xanım bədii sözün gücü ilə mükəmməl, xarakterik portret yaratmaq ustalığını postmodernizm elementləri ilə zəngin olan “Suiti” romanında bir daha nümayiş etdirdi. Cəsarətlə deyə bilərik ki, portretlər, xarakterlər, parlaq obrazlar qalereyası - “Suiti” romanı eyni zamanda insanın iç dünyasına açılan bir pəncərədir və hər birimizin fərdi olduğu yaşadığımız cəmiyyətdə baş verən olayların aynasıdır: “...Kürsüdən özünü zorla çəkib çıxardı. Döşəmənin taxtaları ağır ayaqları altında cırıldaya-cırıldaya keçib yerinə əyləşdi, bir stəkan suyu da orda başına çəkib fikirləşdi ki, gərək özünə, bədəninə uyğun kürsü düzəltdirsin. Çünki son aylar, ələlxüsus da, doyumlu naharlardan sonra kürsüdən çıxmaq müşkül məsələyə çevrilirdi. Normal insan ölçüsünə hesablanmış bu qədim kürsü hər çıxışda tarım qayış kimi bədəninə dolanıb göbəyini sıxırdı... geriyə çəkilib çıxmaq istəyəndə isə, bədəni kürsünü laxladıb mikrofona gurultu sala-sala zalda çaxnaşma yaradırdı... ...Hamı ona gülürdü... - fikirləşdi. - ...onun bu bədheybət natarazlığına, piylənib il-ildən rezin balış kimi üfürlənən qarnına, gombul qadın üzünü andıran dəyirmi sifətinə, alma yanaqlarına, ətli buxağına... Bir dəfə beləcə dartınıb kürsüdən çıxanda və yoğun ayaqlarını ardınca sürüyə-sürüyə yerinə yollananda, hardansa arxa cərgələrdən, heç cür tanımadığı cavan qadın səsinin: - Kişi suitidi elə bil... dediyini öz qulaqlarıyla eşitmişdi”.
Hansımız yaşamımız boyunca belə prototiplərlə qarşılaşmamışıq ki!.. Bu tiplərin son dərəcə dəqiq bədii boyalarla təqdimi Afaqın əsərlərində o qədər cazibədarlıq yaradır ki!.. Oxucu bu içdənliyin, gerçəkliyin, çılpaq təsvirlərin yaratdığı qəribə dünya, həyatla, gerçəklərlə yazılanların üst-üstə düşməsi qarşısında şaşırıb qalır. O, qadın yazardır, feminist deyil, qələminə hec vaxt xəyanət etməyən, düşüncələrini, fantaziyalarını, iç dünyasını olduğu kimi ağ kağızlara köçürən sənətkardır. Nazirin illər boyu bir evin içində yaşadığı, bir yataqda uyuduğu xanımının ən incə detallarla təsviri dediklərimin ən bariz təsdiqidir, yəni o, əks cinsin nümayəndələrini tənqid edib qadını ideallaşdırmır, əksinə, hər iki cinsdən seçdiyi tiplərin obrazlarını gerçəkliklərə sadiq qalaraq yaradır: “...Arvadı onu bu dünyada olan bütün incəbel qadınlara qısqanırdı. Olsun, ona görə ki, arvadının, o biri qadınlardan fərqli olaraq, beli yox idi. Heç əzəldən olmamışdı. Sağ əliylə sol ovcunu qaşıya-qaşıya fikirləşdi ki, arvadının nəinki beli, “qadın” adlandırılan bütün məxluqlara xas olan yancaqları da yox idi… Arvadının yancaqlarına dolası əti elə bil çaşıb, niyəsə yuxarı - çiyinlərinə və qollarına dolmuşdu, onu qadından çox, ağır çəkili idmançıya bənzədirdi. Odu ki, qısqanclıqdan boğulub ölürdü, gün-gündən saralıb solurdu... Dünən də arvadı onun, evin xanımının şərəfinə söylədiyi “şanlı” nitqini nifrət dolu, iynəli baxışlarla dinlədikcə, stolun altından ayağını bastayıb, nadinc uşağa göz ağardan tək, gözünü ağardmışdı, acıqlı zabit zəhmiylə astadan:
- Çörəyini ye. - demişdi. O da başını aşağı salıb, şəkərini unudub, ürəyi arvadının zəhmindən parçalana-parçalana, qabağına keçəni içəri ötürmüşdü. Odu ki də, indi ölürdü. Arvadı bax, belə çıxırdı axırına...”
“Suiti” romanını çağdaş dövrün, Azərbaycan cəmiyyətinin yeni baxış bucağından yepyeni bədii təsvir və ifadə vasitələrilə təqdimi kimi də dəyərləndirmək olar. Bu cəmiyyətin içində əriməyən, tənhalıqdan, öz-özü ilə qalmaqdan qorxan, evdə ailəsində və kollektivdə belə özünə yer tapa bilməyən və yeganə dərdləşdiyi, içini tökə bildiyi professor tərəfindən də biganəliklə qarşılanıb əslində dışlanan məmur obrazı o qədər təsirli yaradılıb ki! Romanı oxuyub bitirdikdən sonra da bu təsirdən yaxa qurtara bilmirsən. Düşünürsən ki, bütün bunlar və ən nəhayət, professorun köpəyinin hücumu qorxaraq özünü küçəyə atan naziri ölümə, onun üçün yeganə çıxış yoluna tərəf itələyir. “Azadlıq” romanının giriş hissəsində: “Əsərin son fəsilləri məni dünyanın ən səssiz qatlarına aparıb çıxartdıqca, ətrafın səs-küyü elə bil qəsdən birə-on artıb çoxalırdı...” yazan A.Məsudun “Suiti” romanının qəhrəmanı da ətrafın birə-on qat artan səs-küyündən qaçaraq dünyanın ən səssiz qatına enir... bu zaman tam mənası ilə çevrilmə prosesi başa çatır və o, dibsiz suyun içində suitilərin arasında ölümə qucaq açır. Göründüyü kimi, onun yaradıcılığının mərkəzində həm sevən, həm də xəyanətə uğrayan, həm gününü yeyib-içib özünü bəsləməklə, gündəlik qayğılarla uğraşmaqla keçirən, həm də düşünən, qutsal arzularla yaşayan, həyatın dolaylarında azıb qalan çarəsiz, “öz nəhəng yaradıcı niyyəti və arzularıyla sosiallığın öldürücü qəzalarına uğrayan” istedadlı canlı varlıq - ümumiyyətlə, bütün halı ilə canlandırılan İNSAN durur... Beləliklə, roman postmodernizmin tərifində deyilən “İsveç masası”na bənzəyir və oxucu buradan istədiyini əxz edə bilər...
Afaq Məsud nəsri müasir Azərbaycan nəsrində
istər texnika, istərsə də mündəricə
baxımından sanki ayrıca, müstəqil bir adadır. Bu
nümunələri ənənəvi nəsr terminologiyası
və ülgüləri kontekstində izah və şərh
etmək qeyri-mümkündür. Bəzən
müasir ədəbiyyatşünaslıqda bu nəsrin Kafka və
Kamyu təcrübəsindən irəli gəldiyini söyləyənlər
də tapılır. Şübhəsiz ki, Afaq Məsud nəsri
zənginliyinə, fikir, ideya axarına görə dünya və
xüsusən Avropa nəsrinin ən öncül ənənələri
ilə səsləşməyə bilməz. Ancaq bu, məsələnin
zahiri tərəfidir. Onun son zamanlar müraciət
etdiyi, daha doğrusu, tərcümə etdiyi mətnlər –
sufi nəsrinin nümunələri məsələnin
çözümünün o qədər də sadə və
asan olmadığını daha aydın şəkildə nəzərə
çarpdırır. İbn Ərəbidən və Əl Qəzalidən etdiyi tərcümələr bir daha göstərir
ki, Afaq Məsud adlı Azərbaycan
yazıçısının poetik mənbəyi XX əsr
Avropa nəsri və bədii fikri ilə bağlı olduğu
qədər, klassik şərq mətnləri, ibrətamiz pritçalar,
təsəvvüf – sufi mətnləri ilə də bir o
qədər sıx bağlıdır. Sufi mətnlərinə
verdiyi izahlar bu bağlılığın nə qədər
ciddi və dərin olduğunu yansıdır: “İslam -
insanın, onun ailəsinin və yaşadığı cəmiyyət
modelinin qorunub saxlamasının təminatçısıdır.
Bu mənada
İslam humanist dindir, o, ilahi sirləri tam
açıqlamır. Quranda bir çox mətləblər
müstəsna insan dərəcələri üçün
gizli işarələr və kodlarla verilir. Burda məqsəd - orta insanın
qavrayışının nəzərə
alınmasıdır. Quran İlahiyə
aparan yolun səmtini göstərirsə də, eyni zamanda
insanı öz şəfası və Rəhmi ilə qoynunda
qoruyub saxlaya bilir. İnsan şüuru
üçün dərkedilməz və bu səbəbdən
yasaq olunan ilahi həqiqətləri gizlidə saxlaya-saxlaya
insana məhvərindən çıxmağa imkan vermir.
Həqiqətən də, yol asan keçilən
yol deyil. Quran: “Ey Mühəmməd, səndən ruhla
bağlı soruşsalar, de ki, bu Rəbbimin sirlərindəndir”,
- deyib, ruh barədə bilgini gizli saxlayır. Çünki
Freyd deyən kimi, “Əgər insan öləcəyini
bütün reallığı ilə dərk edərsə, o
bircə saat da yaşaya bilməz”. İnsanın
Ölüm dərki, yəni əbədi mövcudluğun dərketmə
nöqtəsi bağlıdır. Bu həmin
o nöqtədir ki, Kainat və ruh haqqında bilgini qəbul edə
bilmir.
Sufilik isə həmin o gizli nöqtənin sirrindən təkan
alır və burda daha İslamın qoruma mexanizmi işləmir. Buna Allaha və
onun misilsiz gözəlliklərinə qapanan ilahi eşq mane
olur. Məhz bu səbəbdən sufi
İlahiyə aparan yolu bütün uçurumları və
hüdudsuz ənginlikləri ilə insanın gözü
qarşısında açmaqdan çəkinmir və
anlayanın sonrakı taleyinin fərqinə varmır. Sufi mətnləri ilə işləyərkən,
Ölümü bir addımlığında hiss edirsən.
Bu mətnləri sadəcə oxuyub, “sufiliklə
tanış oldum” demək də olar. Ölümü
yalnız yasda yadına salıb, “İnsan bu dünyadan
üç metrlik kətandan savayı nə aparır ki?”
- deyən və yasdan bir baş
dükan-bazara qaçanlar kimi. Yəni bir var onu
nəzəri cəhətdən anlamaq, bir də var canında
hiss etmək. axı sufilik romantika
deyil?! Ora kələ-kötür, təhlükəli
uçurumlardır?”
Məşhur
ingilis yazıçısı, modernizm ədəbi cərəyanının
yaradıcılarından olan Virciniya Vulf ilə “ədəbiyyatda öz
dövrünü qabaqlayan şəxsiyyət-yazar formulu
doğuran” və üslubundakı intermediallıq elementləri
ilə diqqət çəkən Afaq Məsud
yaradıcılığı arasında oxşar bədii nəğməlilik,
fəlsəfi yuxu elementləri mövcuddur.
Qeyd edək ki, “İzdiham” romanında intermediallıq
elementləri ilə yanaşı, ekspressionizm və
sürrealizm baxımından Niderland rəssamı İeronim
Bosx və ispan rəssamı Fransisko Qoyyanın rəsm əsərləri
arasında bənzətmələr, paralellər olduğu da
vurğulanıb.
İlk baxışdan orijinal və ayrıca bir hadisə
təsiri bağışlayan Afaq Məsud nəsri əslində
klassik Azərbaycan nəsri ilə, onun əsas və
qabaqcıl ənənələri ilə daha sıx surətdə
bağlıdır. Mirzə Cəlilin “Dəli
yığıncağı” pyesini diqqətlə oxuduqda belə
bir qənaətə gəlmək olar ki, bu əsərdə,
xüsusən “Ölülər”də əksini tapan bədii mətləblər
XX əsr dünya nəsrinin daha sonralar sistem şəklinə
saldığı əsas ideyalardır. “Dəli
yığıncağı”ndakı Molla Abbas obrazı isə
struktur etibarı ilə çox planlı və çox
funksiyalıdır. Afaq Məsudun “İzdiham” romanı və
“Can üstə” pyesinin obraz və personajları da mahiyyəti
etibarı ilə elə Molla Abbasın “törəmələridir”.
O mənada ki, Mirzə Cəlilin nişan
verdiyi insani keyfiyyətlər - insanın müəyyən məqamlarda
xarakterini gizlətməsi, xarakterinin ikiləşməsi,
özünü dəliliyə vurması və s. kimi xüsusiyyətlər
məhz Afaq Məsud yaradıcılığında daha
sonralar inkişaf etdirilərək mükəmməl poetik
sistem formasını almışdır.
“Duyğular imperiyası” esselər silsiləsi fikrimizcə,
onun yaradıcılığında çox önəmli bir mərhələdir. O mənada ki, burada
yazıçının düşüncə axarının
istiqamətləri, kod və koordinatları bəllənir… “Vaqif Cəbrayılzadə və Bax” müqayisəsini
özündə əks etdirən mətn əlamətdar
olduğu qədər də sərrast məntiqə malikdir.
Bu silsilədən qələmə
aldığı “Emiqrant ədiblər” minimalist yazı-hekayəsi
də qapsadığı məna baxımından çox
ilgincdir. Burada rusdilli
yazıçılarımıza özünə də məlum
olmayan səbəblərə görə həmişə
ürək ağrısı duyduğunu yazan nasir onları
emiqrant ədiblərə bənzədir: “Vətənlərini
sidq-ürəkdən sevən bu insanlar Bakının göbəyində
anadan olsalar da, şəhərin ən qədim, mərkəzi
tikililərində yaşasalar da, yenə yad ellərdə
üzgün qərib ömrü sürməkdən, vətən
nisgili bəbəklərinin dərinliyinə hopmuş ürkək
emiqrantlara bənzəyirlər”. Onun fəlsəfi yozumunda
“Ölüm növləri” də ilgincdir: “Nədənsə
cavanlar qocalardan rahat və təmənnasız ölür...”
kimi...
Şəhid dilçi alimimiz Aydın Məmmədov
haqqında yazdıqları insanın içini tərpədir,
ruhunu gizildədir və İnsan-Xarakter-Həyat-Ölüm
dördbucağının yansıtdığı
böyük Həqiqətə inandırır. Və bu inandırma
üsulunda apaydın görünən səmimiyyət oxucunu
varlığının iç qatlarınadək, ruhunun lap dərinliklərinədək
etkiləyir. O, bu təsirdən, atmosferdən çıxa
bilmir, baş verənləri yaşayır: “42 yaşlı
Aydın, özündən, sanki özü də qələmindən,
müqəddəs tutiya kimi, inanıb tapındığı
elm yolundan sapıb, bir müddət heç bir qaydaların
işləmədiyi, ədəbiyyat, elm havasından uzaq məchulluqlarda
onu, hansısa, ayrı növ ölümlərdən xilas edən ayrı ərazilərdə
yoxa çıxmışdısa, bir müddətdən sonra
oralardan, dərin dəryaların dibindən təkan
almış kimi, sıçrayıb, ayağa
qalxmışdı. Bu dəfə geriyə,
çallaşıb ağarmış saçlarla, içi
peşmanlıq və iztirab dolu gözlərlə
qayıtmışdı... Nəfəsini dərib
qüvvəsini toplayıb, yenidən yaşamağa, elmə, ədəbiyyata
susamış ac həvəslə yazıb-yaratmağa
başlamışdı. Aydın kimi insanlar, həmkarım
Aqil Abbasın Aydın barədə dediyi kimi, “peyğəmbər
olmaq istəyən, lakin ola bilməyən” insanlar Yer
üzünə öz möcüzələri, ərməğanları
və əlamətləri ilə gəlirlər.
İnsanlığın nələrdənsə agah etməkdən, onlara, yeni
İNSAN nümunəsi nümayiş etdirməkdən
ötrü gəlirlər. Aydın da, Azərbaycana
bundan ötrü gəlmişdi. Möcüzəvi
fikirləri, adi insan təfəkkürünə
sığışmayan, hansısa, fərqli həqiqətləri
ilə gəlmişdi. Və digər “qalan peyğəmbərlər” və
peyğəmbər olmaq istəyənlər kimi gəlib, onlar
kimi də getdi. Qədim dövrlərin, həmin kütlə
cəhalətinin, ruh maarifsizliyinin, yoxsa, öhdəsinə
düşən
gizli, ilahi missiyanın qurbanı oldu... Biz isə,
öz qüdrətsizliyimizi, adi insan miskinliyimizi, Ölüm
qarşısında acizliyimizi anlayıb, susduq. Ölümün,
Aydının həyat eşqinə xələl yetirən
qürub çağı qədər əlçatmaz və
keçilməz olduğunu, bizlərə ev,
məişət, yazı-pozu qayğılarından ibarət,
doğma diyar kimi görünən bu dünyanınsa,
sıldırımlı uçurumlar və təhlükələrlə
dolu, qorxunc sirlər aləmi olduğunu dərk eləməyə başladıq...”
Xalq
yazıçısı Anar, şair Vaqif Bayatlı Odər,
yenilikçi rejissor Tofiq Kazımov və digərlərinə
həsr etdiyi portret yazılarda da İnsan-Həyat-Ölüm-Mistik
aləm ana xətt
kimi özünü göstərir. “Doğum
günü məlum olmayan Vaqif Bayatlının naməlum ad
gününə” adlı essesində
qəhrəmanını sanki göyün yeddi
qatından keçirərək sehrli xalçanın
üstündə gətirib oxucularına dibsiz bir sevgi ilə
təqdim edir: “Vaqif təsadüfən içinə ayrı
adamlar da düşən hardansa çox-çox uzaqlardan, mənim
dəhşətli dərəcədə tanımaq istədiyim,
lakin heç cür yolunu,
istiqamətini bilmədiyim qərib məmləkətdən gəlir...”
Yaxud,
“Tofiq Kazımov” adlı portret yazısısında Zaman – Məkan
qarşılaşdırılması və qəhrəmanın
bu anlayışların fövqündə təqdimi son dərəcə
düşündürücüdü... Tofiq Kazımovun onu
öz darısqal qəliblərinə salmağa can atan Zamana
boyun əyməyərək, yaratdığı məhrumiyyət
və məcburiyyətlər qəliblərinə düşməyərək
sovet rejiminin tikanlı diktələri arasında öz gərəkli
işini gördüyünü, qurduğu teatrı
bugünkü digər teatrlardan çox-çox irəliyə
apardığını səriştəli, peşəkarcasıa
təqdim edir ki, insan-oxucu “Zamanla əlbəyaxa
döyüşdə qurub-yaradan Tofiq Kazımovun hətta
Zamana təsir edə bildiyinə inanır: “Zaman öz
yoğun kəndirləriylə, uzun, iti
qayçılaryıla Tofiq müəllimin yaradıcı həyatına
öz dağıdıcı müdaxilələrini edirdisə
də, onu fikir və duyğu azadlığından məhrum
edə bilmirdi. Belə ki, bütün müqavimətlərə
və təzyiqlərə baxmayaraq, Tofiq Kazımov ölkənin
saxta, qondarma ideoloji ehkamlarına xidmət edən və bu səbəbdən
sünilik və pafos saçan teatr məkanında əsaslı
dönüş yarada bildi. Uzun illərdən
bəri ibtidai teatr təsəvvürü üstə
qurulmuş milli teatr anlayışını laxladaraq, səhnəmizə
tamamilə yeni - insan azadlığı, səmimi dialoqlar və
çılpaq həqiqətlər saçan ayrı bir hava gətirə
bildi...“
“Duyğular
İmperiyası” silsiləsindən yazdığı “Vaqif və
Bax” essesində onun iki sənətkar arasında
apardığı paralellər və gəldiyi nəticə həqiqətən
diqqətçəkicidir: “Dünən Baxın musiqisinə
qulaq asdıqca, qəfildən hiss etdim ki, Vaqif Cəbrayılzadənin
poeziyasının, Baxın musiqisi ilə hansısa
uyarlığı var. Bu uyarlığın nə olduğu
barədə bir müddət fikirləşdikdən sonra
anladım ki, onların hər ikisi dünyanı hər an
dönə-dönə yenidən və yenidən qurmaqla məşğuldurlar...”
Afaq Məsud ədəbi əsərlərlə bağlı
fikirlərini sərgilədikdə isə oxucunun gözləri
qarşısında mükəmməl, həm xeyirxah,
görüb-götürmüş müəllim-pedaqoq, həm
də sərrast düşüncəli, dərin məntiqli ədəbiyyatşünas-alim
obrazı canlandıra bilir, onu fikirlərinin cazibəsinə
salaraq arxasınca aparır. O, istedadlı gənclərin
çoxunun məşhur olmaq, tanınmaq azarını məqbul
saymır, qınayır və bunun çox vaxt onların
yazılarının alt qatında hiss olunduğunu və əsərlərinin
dəyərini aşağı saldığını
düşünür. Vulqar sözlərdən,
pornoqrafiyadan yersiz və hədsiz istifadəni doğru
tendensiya saymayan yazar bu halın çox vaxt oxucuda əks
reaksiya yaratdığını xüsusi vurğulayır.
Onun üçün başqa xoşagəlməz
hal isə ədəbiyyata sovetlər dövrü
prizmasından yanaşma tərzidir. Bu
gün əlinə qələm alıb ilk hekayəsini
yazmağa başlayan gənc anlamalıdı ki, onun
yazdıqları sovetlər dövründə olduğu kimi,
kütləvi tirajlarla buraxılmayacaq, arxasında heç bir
ideoloji maşın dayanmayacaq və o, yalnız onu anlaya, hisslərini
bölüşə biləcək adamlar üçün
yazacaq. Onlarda nəyisə dəyişmək,
kimlərisə hansısa çıxılmazlıqlardan xilas
etmək üçün yazacaq. Və əslində,
böyük ədəbiyyat elə belə yaranır. Çağdaş
dövrümüzdə məhz belə ədəbiyyatın
yaradıcılarından biri olan gənc yazar Qan
Turalının gizli uşaq ağrıları, insanlara, həyata
inam və sevgi ilə süslü “Polis qorxusuyla
öpüşmək” və “Mustafa” romanları haqqında səsləndirdiyi
fikirlər mötəbər bir xeyir-dua, yaradıcılıq
yolunda ona uğur diləmək kimi anlaşılır. “Qan Turalının yazdıqlarında nə
Şekspir fəlsəfəsini, nə Markes magiyasını, nə
Hofman mistikasını, nə Dostoyevski psixoanalizini
axtarmağın yeri yoxdu. Bu yazıları oxuduqca da, əslində,
nə o qəliz fəlsəfəçiliyin, nə mistik
magiyanın, nə də psixoanalizin elə bir əhəmiyyət
daşımadığının həqiqətini anlayır,
vaxtın sürətləndiyi, Axirət əlamətlərinin
bir-birini əvəzlədiyi bu qaçhaqov zamanında tək
bir Özünə - nə vaxtsa içindən
sıçrayıb kənara
çıxdığın doğma, ilıq məhrəmliyə,
rahatlıq və əmin-amanlıq saçan səmimiliyə
ehtiyaclı olduğunu kəşf edirsən...”
Xanım yazarın qənaətincə, bütün
yaradıcılıq sahələrində qələmini
sınayan və uğurlu nümunələr araya-ərsəyə
gətirənlər istedadlı insanlar kimi dəyərləndiriliblər. Dram və nəsr
əsərləri, esseləri, publisistik yazıları ilə
bərabər tərcümələri bir dəniz fənəri
tək özünün də istedadlı insan kimi
çoxşaxəli yaradıcılıq yoluna işıq
salır. Sərhədsiz düşüncələrinin
sözə dönüşərək sətirlərə
düzülməsini və oxucu təfəkkürünə,
ürəyinə axan duyğularının dərin poetik ifadəsini
esselərində, peşəsinə sədaqətindən
doğan yazılarında da müşahidə edirik. Mövqeyi aydın görünən modernist
yazarın bu yönlü yazılarında da duyğuları bədöv
at kimi şahə qalxır və yenə də heyrətləndirir
və bu heyrətləndirmə oxucunu qəhrəmanına və
onun əməllərinə inandırmaqla sonuclanır.
“Anasız dilimiz, yaxud “Qorxunc Əlifba”nın davamı...”
adlı tənqidi məqaləsində ibtidai siniflərdə
mövcud olan durum, təhsilimizlə bağlı
ağrılı fikirləri hər bir oxucunu bir daha dərindən
düşünməyə və “Nöqsanları aradan
qaldırmaq üçün nə etmək lazımdır?”
sualına cavab axtarmağa sövq edir. Afaq xanımın
yazdığı, göstərdiyi həqiqət budur: “Orta məktəb
dərsliklərimiz barədə son illərdə yazılan,
deyilən tənqidi fikirləri, qüsur və iradları bir
yerə toplasaq, yəqin ki, iri həcmli, bəlkə də
çoxcildli kitab alınar. Az qala, bütün cəmiyyətin
- dərslik fəsadlarından əziyyət çəkən
valideyn və müəllim zümrəsi ilə yanaşı,
sıravi vətəndaşların da qoşulduğu bu
ayarlayıcı və aşkarlayıcı prosesin son ucda
gözlənilən nəticəni verməməsi, neçə
illərdən bəri göz ağrıdıb ürək
dağlayan dərslik zülmətinin heç cür
işıqlı müstəviyə çıxa bilməməsi,
az-çox vətəndaşlıq heysiyyəti olan hər kəsdə
təbii narahatlıq və həyəcan hissi doğurmaya
bilmir.
Bir
vaxtlar, daha dəqiq desəm, 2005-ci ildə bütün keyfiyyətləri
və cəhətləri ilə ana dilimizin, mili-mənəvi
dəyərlərimizin əleyhinə işləyən,
şeir və oxu mətnlərinin absurdluğu,
tapşırıq və məşğələlərinin
primitivliyi və naqisliyi ilə millilik, maarifçilik və vətəndaşlıq
heysiyyətini heçə endirən “Əlifba” dərsliyi
haqqında yazdığım “Qorxunc Əlifba” məqaləsi
bu bədnam kitabın təhsil dövriyyəsindən
çıxarılmasına təkan vermişdisə də,
son dövrlər mətbuat səhifələrində, internet
portallarında adı çəkilən dərsliklə
bağlı yaranmış mübahisələr, TQDK ekspertləri-nin
kitabın yararsızlığına dair ortaya qoyduğu 120
qüsur, bu qüsurlarla razılaşmayan tərəflərin
mövqeyi və sair, bu mövzuya yenidən
qayıtmağın, ümumtəhsil sisteminin beşiyi
sayılan bu dərsliyə bir daha nəzər yetirməyin
vacibliyini gündəmə gətirdiı. “Altun kitab” nəşriyyatının
R.İsmayılov, S. Abdullayeva, G.Orucova, D.Cəfərovanın
müəllifliyi ilə 2012-ci ildə dövriyyəyə
buraxdığı “Azərbaycan dili“ dərsliyi ümumi
bağlayıcı qayənin yoxluğu, uşaq
dünyasıyla ünsiyyət qurmaq, onun qəlb
dünyasına yol tapmaq cəhdlərinin uğursuzluğu, həmçinin,
məzmun və məna miskinliyi, dil və ifadə naqisliyi,
tapşırıq və mətnlərin tədris keyfiyyəti
baxımından qüsurluluğu əvvəlki qaydasında –
“orta ağır vəziyyətdə” qalmağındadır”.
Həyəcan
təbilini həmişə öz vaxtında səsləndirən
Afaq Məsudu bir vətəndaş, xalqının
yaradıcı ziyalısı kimi yurdunun üzləşdiyi
problemlər, ictimai-siyası məsələlər daim
düşündürüb və o, bunlara seyrçi
mövqedən yanaşmayıb... Təbii,
çağdaş dövrümüzdə
xalqımızın üzləşdiyi bütün bu problemlər
- Qarabağı erməni vandallarının istila etməsi nəticəsində
xalqımızın yaşadığı fəlakətlər,
ölüm-itimlər, ağrı-acılar onun da ürəyini
yaralayıb, duyğulu könlünə sıxıntılar gətirib.
Hələ 1990-cı illərdən “Azərbaycanı
dağıtmaq istəyən qüvvələrin
var”lığını görən yazarın “Mənim
üçün ən vacib məsələ Azərbaycanda əmin-amanlığın
qorunmasıdır!..” deməsi onun məhz
vətəndaşlıq mövqeyinin, baş verənlərə
ağılın gözü ilə baxa bilməsinin ən
açıq göstərgəsidir...
O, özünü mətbuatdan da kənar tutmayıb, xalqın taleyüklü məsələləri, ədəbiyyat və söz sənətində mövcud olan problemlərlə bağlı vaxtaşırı müsahibələr verib. Müsahibələrinin təkcə adlarını sadalamaq kifayətdir ki, xanım yazarın düşüncələrinin dərinliyini hiss edəsən... “Hər bir şeyin ruhu var, hətta şəhərlərin və kəndlərin də”, “Qiyamət günü cəzanın ən ağırını həqiqəti bilməyə can atmayan alim çəkəcək”, “İzdiham məni ölümdən qurtarıb”, “Dördüncü ölçünün rəngi” (“525-ci qəzet”) (“İki sahil” qəzeti), “Səmimi söz də hiss kimidi, o, heç vaxt köhnəlmir”, “Yazarkən, mən can üstə oluram”, “Bütün əzabları mənə öz içimdə veriblər” (“Yeni Azərbaycan” qəzeti), “Bilməzdim ki, ölümümü gözləyənlər də var” (“Yeni yüz il” qəzeti), “Mənim üçün ədəbiyyat Ərazidir”, “Həyat azadlığımı əlimdən alıb” (“Hürriyyət” qəzeti), “Mən iki cür yaşayıram” (“Ədalət” qəzeti), “Yazıçılıq qadın sənəti deyil”, “Ədəbiyyat hadisələrin yox, hisslərin süjetidi…” (“Azadlıq” qəzeti) və s.
Bəzən cəmiyyətdən, azğın insanların natarazlığından bezir, darıxır və bütün bu natarazlıqlara görə də son dərəcə üzülür, belə hallarda bəzən hətta nə edəcəyini də bilmir və əllərini qopub gəldiyi yerə-Allah dərgahına uzadaraq dərdlərinin əlacını uca Yaradandan diləyir. Bu zaman özündən əvvəlki aşiqləri dərindən öyrənərək onların getdikləri yolun yolçusu olmağı arzulayır. Bu kimi düşüncələrin sonucudur Mənsur Həllacın Allaha olan dəli eşqi barədə mistik-psixoloji pyes yazmaq istəyi... “Bu nəhəng sufidir, Allaha olan sevgisinə, Nəsimidən bir neçə əsr əvvəl dediyi “ən-əl həqq!” şüarına görə onu İsa peyğəmbər kimi çarmıxa çəkiblər, bunu tarixi faktlarla açıqlamağa cəhd edəcəyəm. Kərbəla hadisələri barədə pyes yazmışam. Bu, Kərbəla faciəsinin Afaq yozumudur. Əsər peyğəmbər ümmətinin alilik və şəhidlik dərəcəsi, Həzrət Əlinin qızı Xanım Zeynəbin bənzərsiz, pak şəxsiyyəti barədədir...” Görəsən bu bənzərsiz mətnlərin getdikcə daha dərin qatlarına enməyidirmi xanım yazarımızın dilindən bu sözləri çıxaran: Bəlkə nə vaxtsa tənhalığa qapandım...”
Amma o, hələ ki, bu tənhalığa
qapanmayıb və bu gün gerçəkdən Məsuddur, təbii,
hökm vermirəm, sadəcə belə düşünürəm.
O, sənətdə bir yazar kimi qalibdir, həyatda
da qadın kimi qalibdir və qalibiyyətinin dadını
çıxara bilər, çünki son müsahibələrindən
birində də dediyi kimi, “Özünü qoruyub saxlamaq, həyatın
hansısa toxunulmaz tərəflərində – yazılarda və
digər buna bənzər ərazilərdə yaşamaq
bacarığına sahib QADIN YAZAR - İNSAN kimi Afaq Məsud
bu məsudluğu haqq edir...
Esmira Fuad
525-ci qəzet.- 2017.- 7 iyun.- S.6.