Milli mədəniyyətimizin və incəsənətimizin
layiqli təmsilçisi
Xalq
şairimiz Osman Sarıvəlli ocağının layiqli varisi,
musiqişünas, fəlsəfə elmləri doktoru, professor
Babək Qurbanov, 25 ildən artıqdır ki, qardaş
Türkiyədə Azərbaycan fəlsəfə elmini, musiqi
mədəniyyətini və incəsənətini şərəflə,
vicdanla əzmli çalışmaları ilə təmsil edən,
geniş erudisiyaya malik qüdrətli alim kimi tanınır.
On yeddi ildir, bu azman alimi, xüsusilə də onun
geniş şaxəli yaradıcılığını və
fəaliyyətini yaxından müşahidə edən şəxs
olaraq tanıdığım üçün özümü
bəxtəvər sanıram. Bu illər ərzində
fərqli elm sahələri üzrə (ədəbiyyat, tarix,
klassik musiqi, xalq musiqisi, estetika, fəlsəfə, rəssamlıq,
künoşünaslıq, kulturoloji və s.) neçə-neçə
elmi məqalələrinin, yazıb nəşr etdirdiyi qiymətli
kitablarının araya-ərsəyə gəldiyinə
şahid və heyran olmuşam. Səmimiyyətimlə
etiraf etməliyəm ki, Babək müəllimi ilk vaxtlar
filosof kimi tanısam da, illər keçdikcə bu əhatəli
işlərinə görə də nəzərimdə gah
filoloq, gah tarixçi, gah musiqiçi (skripka, fortepiano
ifaçısı), gah da yazıçı, ən sonda isə
həm bəstəkar, həm də şair kimi
tanımış oldum. Yeri gəlmişkən qeyd etməliyəm
ki, alimin bu ilin fevral ayında işıq üzü
görmüş "Əsərlər məcmuəsi"
adlı 40-cı kitabı (ön sözün müəllifi bu
sətirlərin müəllifidir) məhz onun 55 illik musiqi
yaradıcılığının tamamından ibarət töhfədir.
41-ci kitabı isə ilk dəfə ruscadan Azərbaycan
dilinə tərcümə etdiyi (tərcüməçilik
sahəsində 8-ci kitabı) Kalmık xalqının qəhrəmanlıq
dastanı olan "Canqar"dır. Fəxarətlə
deyə bilərəm ki, hər iki kitabın
yayımlanması barədə məlumat Qaziantep Universitetinin
xəbər mərkəzində 5 aprel və 31 may 2017 tarixlərində
işıqlandırıldıqdan sonra mətbuat səhifələrində,
yerli qəzetlərdə ("Milliyət", "Olay",
"Yeni Şəfəq" və s.) də Türkiyə
oxucularının diqqətinə bir daha
çatdırıldı.
Babək müəllimin həyatında pedaqoji fəaliyyət
önəmli yer tutmaqdadır. 55 illik müddətdə
minlərlə tələbə məhz onun sinfindən məzun
olmuş, yeni həyata vəsiqə almışlar. Bir çox tələbələr isə Babək
müəllimin xeyir duası ilə elmi fəaliyyət sahəsinə
gəlmiş, sonraları namizədlik və doktorluq dissertasiyalarını
uğurla müdafiə etmiş, dosent və professor səviyyəsinədək
yüksələ bilmişlər. Qeyd etməliyik ki,
2009-cu ildən Qaziantep Universitetinin Türk Musiqisi Dövlət
Konservatoriyasında çalışan Babək Qurbanovun elmi rəhbərliyi
ilə Hakan Tatyüz, Savaş Ekici və Gültəkin
Şener 2012-2013-cü illərdə Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasında namizədlik
dissertasiyalarını uğurla müdafiə edərək sənətşünaslıq
üzrə fəlsəfə doktoru elmi adını
aldılar. Babək
müəllim məhz bu fəaliyyətinin nəticəsində
33 insanı elmi sahəyə yönləndirməyə müvəffəq
olub. Bu mənada, Babək müəllimi
"musiqimizin və fəlsəfə elmimizin
bağbanı" adlandırsam, daha dəqiq xarakterizə
etmiş olaram. Yeddi yüzə yaxın elmi məqaləyə
və 41 kitaba imza atmış Babək Qurbanovun zəngin
düşüncə aləmi zaman-zaman müxtəlif qəzetlərdə,
dərgilərdə, radio və televiziyada, beynəlxalq
simpoziumlarda (Azərbaycan, Bolqarıstan, Rusiya, Türkiyə və
s.) aktual mövzulardakı çıxışları ilə
elm aləminin təmsilçilərinin nəzər-diqqətini
özünə çəkib. Bu il aprel ayının 25-28-də
Niğdə şəhərinin Xalisdəmir Universitetində
keçirilən IV Uluslararası Türk Dünyası
simpoziumunda Babək müəllimin maraqlı
çıxışına olan yüksək münasibət,
onun rəyasət heyətinə dəvət olunaraq elmi məclisi
idarə etməsi də görkəmli alimə hörmət və
ehtiramın təzahürüdür.
Mayın
10-12-də İstanbulda, Mərmərə Universitetində
keçirilən Beynəlxalq Musiqi Simpoziumunda Babək müəllimin
çıxışı və onun bəstələrindən
olan "Keşkə", "Şərq Romansı",
"Qocalma gözəl" adlı əsərlərini tarda
çaldığım zaman məni pianoda müşayiət
etməsi iştirakçıları heyrətləndirdi.
Professor Həqiqət
Məhərrəmovanın 2001-ci ildə Atatürk
Universitetinin Böyük səhnəsində Babək müəllimin
"Marş", "Fəza" adlı bəstələrini
pianoda ilk dəfə necə coşqu ilə
çalmasını heç unutmuram. Dosent Tamilla Qasımovanın 2002-ci
ildə TRT-nin "Əzgi günü" proqramında
"Skertso", "Xəyal", "Səhrada" adlı
əsərlərini, 19 dekabr 2016-da Harran Universiteti
Konservatoriyasının dosenti
Əfqan Zəki Salehin onun "Şəhidlərin xatirəsinə"
adlı əsərini Qaziantep Universitetinin "Mavera Konsert
Salonu"nda mükəmməl ifa etməsi də böyük
rəğbət doğurdu. Bu barədə Qaziantep Universitetində yayımlanan
dərginin 4-cü nömrəsinin 53-54-cü səhifələrində
"...Senfonik dokunuşlarla muhteşem gece"
başlıqlı yazı da verildi. Babək müəllimin
bu uğurlu əsərinin arxasında onu bir bəstəkar kimi
yetişdirən Xalq artisti, professor Cövdət Hacıyevin əməyinin
dayandığını da qeyd etməliyik. Hələ
tələbəlik illərində o dönəmdə
Konservatoriyanın rektoru olmuş Cövdət Hacıyevdən
bir müddət bəstəkarlıq dərsi alması, onun bu
sahəyə dərindən vaqif olmasına təkan verib.
Babək müəllimin dəyərli bəstəkarlıq
fəaliyyəti 40-cı kitabında öz əksini tapıb.
O dönəmdə bəstəkarlıqla yanaşı, 12 il skripka təhsili alması da qiymətli
faktdır. Təsadüfi deyil ki, Türkiyənin skripka
mütəxəssisi professor Əli Uçan 4 cildlik
"Skripka məktəbi" adlı kitabını, rəy
verməsi üçün, imzalı şəkildə Babək
müəllimə göndərib. Babək müəllim bu kitabı təhlil
etdikdən sonra Ərzurumun yerli qəzetlərindən birində
gözəl bir məqalə yazaraq fikirlərini geniş diqqətə
çatdırıb.
Yeri gəlmişkən,
yaxın keçmişə dair maraqlı bir məqam:
1990-cı illərdə Babək müəllimin Bakı Musiqi
Akademiyasında bəstəkarlıq kafedrasında dövlət
imtahan komissiyasına başqan kimi dəvət edilməsi o
dönəmdə dərs deyən müəllimlər -
Cövdət Hacıyev, Arif Məlikov, Xəyyam Mirzəzadə,
Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Elmira
Abbasova, Fərəc Qarayev kimi məşhur bəstəkarlar tərəfindən
çox xoş qarşılanıb.
Təbii ki, rektor Fərhad Bədəlbəylinin diqqəti
sayəsində bu əlamətdar hadisə mümkün
olmuşdur.
Babək müəllim əsl pedaqoq kimi dərs dediyi tələbələrə
xoş münasibət göstərməsi, bir ata nəvazişi
ilə mehriban və gülərüz rəftarı,
qayğılarına şərik olması ilə onların əzizinə
çevrilir.
Tələbələrini doğru yönləndirən,
onları fərqli qaynaqlar arasında dürüst istiqamətləndirən
bu mahir pedaqoq-alim öz professionallığını
ustalıqla nümayiş etdirir.
Babək müəllim yüzdən artıq kitaba, elmi
monoqrafiyalara ön söz yazmış, elmi işlərə rəy
vermiş elm xadimi və mükəmməl oxucudur. Aşıq sənəti,
aşıq musiqisi, xalq mahnıları (6 cild), xalq rəqsləri
(2 cild), tar əsərləri (2 cild), saz havaları (4
cild), Şirvan aşıq
havaları, saz havaları
antalogiyası, Koroğlu havaları, gülməcələr-lətifələr,
toy adət-ənənələri ilə bağlı
yazdığım 35 kitabımdan 34-ü məhz professor Babək
Qurbanovun xeyir duası ilə yayınlanıb.
İyun ayının 9-da bu parlaq şəxsiyyətin 78
yaşı tamam olur, 80-ə bir addım da
yaxınlaşır. Atası Osman qağa ömürlə, yaşla
bağlı məşhur misralarında:
Heç əlinə
alma əsa,
Yetmişində batma yasa.
Hər kim yüz il yaşamasa,
Günah
onun özündədir,
- dedi və
sözünü 85 yaşına qədər tuta bildi. İcazə
olarsa, mən də bu şeirə cüzi qədər düzəliş
edib demək istərdim ki:
Heç əlinə
alma əsa,
Səksənində batma yasa.
Babək
yüz il yaşamasa,
Günah onun özündədir.
Görkəmli
alimimizə, əziz eloğlumuza üz tutaraq, ad günüylə
bağlı onu ürəkdən təbrik edir, can
sağlığı, yeni yaradıcılıq nailiyyətləri
arzulayıram. Deyirəm ki, Azərbaycanımıza
başucalığı gətirdiyiniz üçün
atanız Osman Sarıvəllinin çörəyi, Sayalı
ananın müqəddəs südü, Vətənin
torpağı, suyu, havası, naz-nemətləri sizə halal
olsun, Babək müəllim!
Şəninizə yazdığım bu misralar da qoy, sizə
məndən ərmağan olsun.
BU
GECƏ
Mübarək
şerini aldım, ay qağa,
Qəlbimə sevinci əkdin bu gecə.
Sandım
zəfər marşı çaldım, ay qağa,
Sözünlə xəritə çəkdin bu gecə.
Sözünün
dəyəri, qiyməti çoxdur,
Hər kəlmə mənalı, cümləsi
haqdır.
Sən tək alim-insan, de varmı? Yoxdur!
Zülməti, dumanı sökdün bu gecə.
Həyatda
şax gəzdin, düz, doğru durdun,
Yıxmadın bir könül, xanələr qurdun.
Çalışdın,
yaratdın, özünü yordun,
Xidmətinlə saray tikdin bu gecə.
Hər tərifə
layiq olan bil, sənsən,
Yetmişbeşi keçdin, gəlhagəl, səksən.
Osmanoğlu
Babək, dünyada təksən,
Şeirdən mirvari tökdün bu gecə.
Mən
İlqar Cəmiləm, sönməyən közəm,
Zahirdə
doğruyam, batində düzəm,
İstədim
şeytanın başını əzəm,
Şeytanın belini bükdün bu gecə.
Qaziantep,
3 iyun 2017
İlqar İMAMVERDİYEV
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və
Qaziantep Universitetinin Türk Musiqisi Dövlət
Konservatoriyasının professoru, sənətşünaslıq
elmləri doktoru
525-ci qəzet.- 2017.- 7 iyun.- S.8.