Cümhuriyyət
adamı
Bədii
təyin statusunda "dağ adamı",
"düşüncə adamı" epitetlərinin işlədilməsi,
zənnimcə təsadüfi deyil və sözün
obrazlılıq xassəsindən, işarəvilik təbiətindən
səmərəli bəhrələnmə sonucda təqdim edilən
qəhrəmanın canlı portretinin polifonik
çalarlarını, çoxqatlı cizgilərini assosiativ
təsəvvürdə daha da zənginləşdirir.
Bu qəbildən
"Cümhuriyyət adamı" deyimi də,
düşünürəm ki, vurğulanan epitetlərə
adekvat səslənir və ilk növbədə müstəqil
vətənini, azad millətini, suveren dövlətini sevən,
təəssübünü çəkən, onun tarixini,
epoxasını, mühitini dərindən araşdıran,
Cümhuriyyət qurucularının əməl və
amalına yaxından bələd olan, istiqlal məfkurəsinin
alovlu təbliğatçısına çevrilən,
canı, ruhu ilə müqəddəs milli ideallara sadiq qalan mərd,
mübariz, fədakar insan, dönməz əqidəyə,
parlaq zəkaya malik şəxsiyyət göz önündə
canlanır... Çağdaş zəmanəmizdə sadalanan
yüksək mənəvi meyarlara cavab verən, Cümhuriyyət
irsini istiqlal işığında qəlbinin hərarətinə,
zəkasının nuruna bələyərək qalın,
sanballı kitablara, dərs vəsaitlərinə çevirib
müasir gəncliyə ünvanlayan, səhhətinin kövrək
məqamlarında da, əhvalını soruşanlara: "Mənim
xəstələnməyə vaxtım və haqqım
yoxdur!" - deyə hayqıraraq həyat, yaşam
üçün ən böyük şəfanı xalqa xidmətdə
tapan, məzmunlu, mənalı ömrünün, xoşbəxt
taleyinin yüzüncü onilliyinə qürur, iftixar hissilə
qədəm qoyan, Bakı Dövlət Universiteti Mətbuat
tarixi kafedrasının professoru, əməkdar jurnalist,
Prezident təqaüdçüsü, "Şərəf"
ordenli Şirməmməd Hüseynovu çoxsaylı təltif
və mükafatlardan fərqli anlamda "Cümhuriyyət
adamı" adlandırsaq, güman edirəm ki, mübaliğəyə
yol vermiş olmarıq.
Azərbaycan dövlət müstəqilliyini bərpa
etdikdən sonra onun min əzab-əziyyətlə hasilə gətirdiyi,
nəşr etdirdiyi tədqiqat işlərini, elmi
yaradıcılığını və publisistik fəaliyyətini
davamlı izləmək məmnunluğu mənə də
müyəssər olmuşdur. Hər zaman rəvan
nitqə, sağlam məntiqə, geniş erudisiyaya,
güclü yaddaşa malik Şirməmməd müəllimin
ən sərt dönəmlərdə belə nurlu
çöhrəsindən təbəssüm əskik
olmayıb. Bu müdrik, fədakar pedaqoq-alimi
bəzən Cümhuriyyət dövründən
bugünümüzə təşrif gətirmiş adama, sinəsi
sirlə, sehirlə dolu aləmə bənzədirəm.
Ağlı-qaralı saçlarına əlləri ilə
sığal verib qabaran köksünü kürsüyə
dayayaraq Cümhuriyyət qurucularından, dövrün
ictimai-siyasi hadisələrindən odlu-alovlu nitqlər söyləyəndə
- onun simasında Məhəmməd Əmin Rəsulzadə,
Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli,
Xəlil bəy Xasməmmədov və başqaları istiqlal
fədailərinin ləyaqətli, sədaqətli, dəyanətli, cəsarətli mənəvi varisini
görürəm.
Onun həyat
yolunu nəzərdən keçirdikdə görürük
ki, Şirməmməd Ağaməmməd oğlu Hüseynov
(1924) Şəki şəhərində anadan olub, 20
yaşında Şəki Müəllimlər İnstitutunun
fizika-riyaziyyat fakültəsini bitirib, iki il Zaqatala və Şəki
rayonlarında fizika-riyaziyyat müəllimi vəzifəsində
pedaqoji işlə məşğul olub. Jurnalistlik
fəaliyyətinə 1944-cü ildə "Nuxa fəhləsi"
qəzetində ədəbi işçi kimi başlayıb.
1945-1950-ci illərdə Azərbaycan Dövlət
Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsində
təhsil alaraq oranı fərqlənmə diplomu ilə
bitirib. Bir müddət "Azərbaycan müəllimi"
qəzetində şöbə müdiri vəzifəsində
çalışan Şirməmməd Ağaməmməd
oğlu 1950-ci ildə M.Lomonosov adına
Moskva Dövlət Universiteti Jurnalistika fakültəsinin
aspiranturasına daxil olur və dörd ildən sonra namizədlik
dissertasiyası müdafiə edərək elmi dərəcə
alır. Şirməmməd müəllim
1954-cü ildə Moskvadan qayıtdıqdan sonra taleyini birdəfəlik
olaraq doğma universitetlə, onun Jurnalistika fakültəsi ilə
bağlayır. O, 1954-cü ildən fəxri təqaüdə
çıxdığı 2014-cü ilədək Jurnalistika
fakültəsində baş müəllim, dosent, dekan
müavini, dekan, kafedra müdiri vəzifələrində
çox fəal çalışmışdır. Xalqımız dövlət müstəqilliyini bərpa
edənədək (1991, oktyabr) professor Ş.Hüseynovun
jurnalistika məsələlərinə həsr edilən 11
monoqrafiya və dərsliyi, 111 elmi-publisistik məqaləsi nəşr
olunubdur. Son 25 ildə Şirməmməd
müəllimin elmi-publisistik fəaliyyəti, tədqiqat əsərləri,
çıxışları, məruzələri Cümhuriyyət
qurucularının irsi, tarixi şəxsiyyətləri ilə
birbaşa bağlıdır. Onun 1992-2014-cü illərdə,
22 il ərzində toplayıb, tərtib və ərəb
qrafikasından transfoneliterasiya edib, nəşrə
hazırladığı Azərbaycan Milli Şurasının
sədri Məhəmməd Əmin Rəsulzadənin beş
cildliyinin ümumi həcmi 160 ç.v.-dən çox, yəni
2576 səhifədir. Şirməmməd Ağaməmməd
oğlunun hər bir cildə müfəssəl ön söz,
şərh və lüğət yazdığını, 20
ilə yaxın müddət ərzində (1903-1920) mətbuat
orqanlarına səpələnmiş ədəbi-publisistik
materialları bir-bir topladığını, sistemləşdirdiyini
nəzərə alsaq nə qədər nəhəng, məşəqqətli
və elmi baxımdan əhəmiyyətli işin öhdəsindən
böyük peşəkarlıqla tək gəldiyinin
şahidi oluruq. Vurğulamalıyıq ki,
M.Ə.Rəsulzadənin Bakı dövrü ədəbi
irsini toplayıb nəşrə hazırlamaq mühacirət
dövründən qat-qat çətin və əzablıdır.
Çünki Cümhuriyyət ideoloqunun
mühacirət irsi əsasən kitablarda, dərgilərdə
öz əksini tapmışdırsa, Bakıda
yaşadığı və fəaliyyət göstərdiyi
müddətdə bir ədəd də kitabı çap edilməmiş,
bütün əsərləri yüzlərlə dəstləri
natamam olan mətbuat səhifələrindən
araşdırıb üzə çıxarmaq lazım gəlmişdir.
M.Ə.Rəsulzadənin mühacirət
dövrü ictimai-siyasi mübarizəsində haqq-ədalət
axtarışı, mühacirlər arasında təşkilatlanma
mühüm yer tuturdusa, Bakı dövrü fəaliyyətində
istiqlal uğrunda mübarizə, Azərbaycanın müstəqilliyinin
bəyan edilməsi, möhkəmləndirilməsi və xarici
aləmdə tanıdılması problemləri ön plana
çıxırdı.
M.Ə.Rəsulzadə "Əsərləri"
beşcildliyinin hazırlanması və nəşri professor
Şirməmməd Hüseynovun milli
tarixşünaslığımız, ədəbiyyatşünaslığımız
və mətbuat tariximiz üçün əvəzolunmaz
töhfə, xalqımıza, müstəqilliyimizə,
dövlətçiliyimizə ucaldılan möhtəşəm
mənəvi abidəsidir.
Onun
"Mənəvi irsimiz və gerçəklik" (2004),
"Milli haqq və ədalət axtarışında"
(2004), "Mətbu irsimizdən səhifələr" (2007),
"Müstəqilliyin çətin yolu... reallıqlar,
düşüncələr" (2009), "Azərbaycan
istiqlalının bayraqdarı" (2011) və b. kitablarında sərlövhədən
də bəlli olduğu kimi, müstəqillik, mənəviyyat
və mətbuat problemləri vətəndaş
yanğısı, araşdırıcı-alim cəfakeşliyi,
publisist sərtliyi, kəsərliliyi ilə incələnmişdir.
Milli istiqlala, Cümhuriyyət qurucularının ədəbi
irsinə dair kitabların ərəb qrafikasından müasir əlifbaya
transfoneliterasiya edilməsi, nəşrə ön sözün
və şərhlərin yazılması hər zaman Şirməmməd
müəllimin elmi fəaliyyətində ön sırada,
üst qatda yer almışdır. Onun "Qurtuluş"
jurnalının 1934-cü il xüsusi
nömrəsi" (2008), "M.Ə.Rəsulzadə - Azərbaycanda
milli hərəkat" (2009), "Ü.Hacıbəyli. Nəşrlərdən kənarda qoyulmuş mətbu
əsərləri" (2009), "Ü.Hacıbəyli. Nəşrlərdən kənarda qoyulmuş, ixtisar
və "redaktə" edilmiş əsərləri"
(2010), "M.Ə.Rəsulzadə. Bakı
və Azərbaycan tarixinə dair əsərləri"
(2013), "İstiqlal. 1918 - 28 mayıs - 1919" (2014) və
b. kitablar vaxtikən nadirəyə çevrilmiş, yalnız
Şirməmməd müəllimin fədakar zəhməti nəticəsində
tapılıb üzə çıxarılaraq nəşrə
hazırlanmış, müqəddimə, izahlar və
lüğət yazılaraq sanballı tirajla
çağdaş oxuculara, milli istiqlal sevdalılarına
ünvanlanmışdır.
Xatırlayıram
ki, ötən əsrin 90-cı illərinin əvvəllərində
Azərbaycan Cümhuriyyətinin birinci ildönümünə
həsr edilmiş və 1919-cu il 28 mayda çap olunmuş
"İstiqlal" məcmuəsi haqqında məlumatlı
olsaq da, Azərbaycan arxivlərindən toplunu əldə etmək
müşkül məsələyə çevrilmişdi. Türkiyəli araşdırmaçı
dostların da, bu sahədə bizə yardım göstərməsi
"kolay" deyildi. Ankarada 1991-ci il
may ayında konfransda olduğum müddətdə ən zəngin
kitabxanalarda apardığım araşdırmalar da nəticəsiz
qalırdı... Budur, uzun illərin sorağında olduğum
"İstiqlal" məcmuəsi...
Professor bu toplunu əldə etməklə
kifayətlənmir, onu müasir əlifbaya çevirərək
2014-cü ildə "Qanun" nəşriyyatında
çap etdirir. Nəşrin dəyərli xüsusiyyətlərindən
biri də odur ki, çapa hazırlayan topluda mətnin latın qrafikalı variantı ilə paralel ərəb
əlifbalı faksimilesini də vermişdir. Məcmuədə
"Azərbaycan istiqlalını mübəyyin əqdnamə"si,
Ə.Cavadın "Milli bayrağımıza",
"Qalx", Əli Yusifin "Bir Turan yolçusu diyor
ki" şeirləri, M.Ə.Rəsulzadənin "Azərbaycan
Cümhuriyyəti", "Azərbaycan paytaxtı",
Üzeyir Hacıbəylinin "Azərbaycan türklərinin
musiqisi haqqında", Məhəmməd Ağaoğlunun
"Azərbaycan", "Xalq ədəbiyyatı" və
b. elmi-publisistik məqalələr yer almışdır.
Məcmuənin
üz qabığında isə Şirməmməd müəllim
məramını belə bəyan edir: "Məcmuə
çoxminlik dövlətçilik tariximizdə ilk dəfə
"Azərbaycan" adlı dövlətimizin bir
yaşının tamam olması münasibətilə 1919-cu il Mayın 28-də işıq üzü
görmüşdür. Cəmi 4 ildən sonra
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini Müstəqil
Cümhuriyyətimizdə bayram edəcəyik. Bu məcmuəni həmin yubileyə
hazırlığın ilk töhfəsi hesab edin!"
Bəli,
cümhuriyyət adamının istiqlal "marafonu" bir əsrlik
müstəqillik bayramımızdan xeyli əvvəl,
"İstiqlal" məcmuəsi ilə başlasa da, Azərbaycan
Xalq Cümhuriyyətinin tədqiqi, tanıtımı və təbliği
sahəsində bir hovur nəfəs dərmədən, maneələr
qarşısında dayanmadan, vaxt itirmədən
qarşısına qoyduğu ali məqsədin dərinliyi ilə
ucalığı arasındakı zaman məsafəsinin
mötəbər vəhdətinə çevrildi. Möhtəşəmliyi,
mükəmməlliyi və əhəmiyyəti ilə heyrət
doğuran, 2015-2017-ci illərdə "Qanun" nəşriyyatında
çap edilən, ümumi həcmi 95 ç.v.-dən
çox olan "Azərbaycan"
qəzetində Parlament hesabatları və şərhləri"
adlı üçcildlik kitab 1918-ci ilin noyabr ayından 1920-ci
ilin aprelinədək fəaliyyət müddətində Azərbaycan
Cümhuriyyətinin ideoloji istiqamətinin, quruculuq yolunun,
dövlətçilik sisteminin, iş prinsiplərinin Parlament
müstəvisində müzakirəsi, qərarların qəbulu,
daxili və xarici siyasət, ictimai-mədəni mühit
haqqında dolğun təsəvvür yaradır. 443 saydan ibarət
olan "Azərbaycan" qəzetinin səhifələrindən
bu qədər materialın araşdırılıb
toplanması, ərəb qrafikasından müasir əlifbaya
çevrilməsi, geniş və ətraflı ön söz
yazılması, zəngin lüğət tərtibi titanik zəhmət
tələb etsə də, professor Şirməmməd
Hüseynov bu ağır, eyni zamanda iftixar, qürur hissi
doğuran işin öhdəsindən qeyrətlə, mətanətlə,
ləyaqətlə gəlmişdir.
"Azərbaycan"
qəzetində Parlament hesabatları və şərhləri"
üçcildliyinin birinci cildi (Redaktorları: prof. Şamil Vəliyev,
Samir Xalidoğlu, Bakı, "Qanun", 2016, 556 səh.)
prof.Ş.Hüseynovun "Ön söz"ü ilə
başlayır, Xəlil İbrahimin "Azərbaycan
Parlamanı" yazısında Heyəti-Vükəla rəisi
Fətəli xan Xoyskinin parlaman sədri Məhəmməd
Əmin Rəsulzadəyə məktub yazaraq Məclisi Millinin
vaxtının və yerinin müəyyənləşdirilməsinin
və toplanmasına səy etməyin təmənnasında
olduğunu vurğulayan informasiyalar yer almışdır. Rəsmi
müraciətdən sonra M.Ə.Rəsulzadə Milli Şura
üzvlərini 1918-ci il noyabr ayının
16-da Duma binasının (İndiki Bakı şəhər
İcra Hakimiyyəti-A.R.) iclas zalına dəvət etdi. Milli
Şura rəisi Bakıda keçirdikləri ilk iclasda
xalqımızın keçdiyi mübarizə yoluna ümumi nəzər
salaraq belə dəyərləndirirdi: "Azərbaycanlılar
... heç vəqt hürriyyət və istiqlaliyyət fikrindən
ayrılmayaraq daima bu uğurda çalışmış,
mübarizə eləmişlərdir. Rusiya
çarizmi dövründə onların fəaliyyəti
yalnız milli ədəbiyyat, milli məktəb, milli mədəniyyət
mübarizəsində təzahür etmişdir".
Göründüyü
kimi, M.Ə.Rəsulzadə Milli Şuranın beş aylıq
fasilədən sonra növbəti iclasının
açılışı zamanı yığcam və
sanballı çıxışında "mənəm-mənəm"likdən
ucada dayanaraq iki cümlə ilə ədəbiyyat, maarif və
mədəniyyət xadimlərinin milli istiqlaliyyət
uğrunda mübarizəsini haqlı olaraq xüsusi
vurğulamış, onların haqlarını, xidmətlərini
zərgər dəqiqliyi ilə yüksək dəyərləndirmişdir.
"Azərbaycan"
qəzetinin səhifələrində Milli Şuranın iclas
materialları yer almış, Parlamanın
açılışı münasibətilə Üzeyir
Hacıbəyli, Xəlil İbrahim, Fərhad Ağazadə,
Əli Yusif, Hüseyn Mirzəcamalov və başqaları rəy
və təkliflər bildirmiş, təbriklər öz əksini
tapmışdır.
"Azərbaycan"
qəzetində Parlament hesabatları və şərhləri"
üçcildliyinin birinci cildinə 1918-ci il 10 noyabrdan 1919-ci
il 12 mayadək olan dövrdə Cümhuriyyət Parlamentinin
müzakirə etdiyi məsələlər, firqələrin
müraciət və bəyanatları, görkəmli
ziyalıların, ədiblərin, mədəniyyət xadimlərinin
istiqlal ruhuna köklənmiş düşüncələri,
baxışları, təəssüratları, ictimai-siyasi
hadisələr haqqında şərhlər daxil edilmişdir.
Üçcildliyin
ikinci cildi əvvəlkinin davamı olsa da, kitab professor
Şirməmməd Hüseynovun ön sözü ilə
açılır, M.Ə.Rəsulzadənin "Azərbaycan"ın
birinci səneyi-davamiyyəsi", "Hadisələrin mənası",
Ü.Hacıbəylinin "Dördgöz olmalıyıq"
məqalələri toplunun istiqlal ruhuna uyğun, müqəddəs
məramı ilə canlı vəhdət yaradan müqəddimələrdir.
Topluda M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli, N.Yusifbəyli,
A.A.Ağaəlizadə, Ö.F.Nemanzadə (Ümidvar),
X.İbrahim, Ə.Ağakişizadə, F.Ağazadə və
b. məqalələri, şərhləri müasirliyi,
aktuallığı ilə diqqət çəkir. İkinci
cilddə yer alan materiallar içərisində Cümhuriyyətin
bir illik yubileyi ilə əlaqədar "Azərbaycan" qəzetində
Vükəla Şurası rəisi və Daxiliyyə naziri Nəsib
bəy Yusifbəylinin "Azərbaycan vətəndaşlarına
hökumətin müraciəti", Şeyxülislam, Axund
Ağa Ağaəlizadənin "İstiqlaliyyət", Məhəmməd
Əmin Rəsulzadənin "Nə böyük bayram",
Üzeyir Hacıbəylinin "Bir yaş", İbrahim Xəlilin
"Şərəfli bayram", Fərhad Ağazadənin
"Türk şüarası və istiqlal", Əliabbas
Müznibin "Azərbaycan istiqlalı", Əli Yusifin
"Gənc nəslə", Şəfiqə Əfəndizadənin
"Təşkilatın qadınlara təsiri", Ağababa
Ağababazadənin "Milli bayram münasibətilə" və
digər nəşr edilmiş məqalələr,
düşüncələr, təəssüratlar
şanlı tariximizə məhəbbət, milli dövlətçiliyə
rəğbət və istiqlal məfkurəsinə sədaqət
ruhunda qələmə alınaraq cümhuriyyət
insanlarında işıqlı gələcəyə, nurlu
sabahlara möhkəm inam və ilham aşılayırdı.
"Azərbaycan"
qəzetində Parlament hesabatları və şərhləri"
kitabının ikinci cildi Parlamanın 23 təşrini-əvvəl
(oktyabr-A.R.) tarixli iclası və Ü.Hacıbəylinin
"Əsassız tələb" adlı məqaləsi ilə
bitir. Ali qanunverici orqanın 23 oktyabr tarixli
iclasında "Mətbuat nizamnaməsi" haqqında məruzə
Şəfi bəy Rüstəmbəyliyə həvalə
edilmişdi. O, azad, hürr mətbuatın mahiyyəti
barədə deyir: "...Mətbuat gərək hürr və
sərbəst olsun... Bu layihənin əsası
üzrə hər bir azərbaycanlının ixtiyarı var
ki, məmləkətdə qəzetə çıxarsın,
kitab təlif etsin və mətbəə açsın".
Azərbaycan
xalqının istiqlala gedən yolunda mayaka, dan ulduzuna
çevrilən, məramı uğrunda məhrumiyyətlərə,
təpkilərə məruz qalan, lakin amalından, niyətindən
dönməyən milli mətbuatımız hüquq və vəzifələrini
özündə əks etdirən "Mətbuat nizamnaməsi"
ilə söz və düşüncə
azadlığının yeni hüquqi mərhələsinə
qədəm qoyurdu. Parlaman təmsilçiləri
bu qanun layihəsi ilə mətbuatı məmur
özbaşınalığından xilas etməyin, azad fikrin
intişarına təkan verməyin optimal yollarını
arayırdılar.
"Azərbaycan" qəzetində Parlament
hesabatları və şərhləri" kitabının
yenicə çapdan çıxmış
üçüncü cildində də ("Qanun" nəşriyyatı,
2017, 552 səh.) "Mətbuat nizamnaməsi" ciddi
müzakirəsi davam etdirilmişdir. Azərbaycan Məclisi-Məbusanının
(Parlamanında) 23-27 oktyabr 1919-cu il tarixində keçirdiyi
iclaslarında Nəsib bəy Yusifbəyli, Səmədağa
Ağamalıoğlu, Məhəmməd Əmin Rəsulzadə,
Əliheydər Qarayev, Məhəmməd Əli Rəsulzadə,
İbrahim Əbilov, Hacı Kərim Sanılı, Əsədulla
Əhmədov, Abdulla bəy Əfəndizadə, Əhməd
Cövdət və başqaları müzakirələrə
qatılır, qanun layihəsi ikinci oxunuşdan sonra müəyyən
dəyişiklərlə qəbul edilir. Kitabda
Parlamanımızın bir illiyi münasibətilə "Azərbaycan"
qəzetinin 1919-cu il 9 dekabr tarixli 340-cı sayında verilən
məlumatda bildirilir ki, bir il ərzində Cümhuriyyətin
ali qanunvericilik orqanı 104 iclas keçirmiş, 120-yə
yaxın mühüm qərarlar qəbul olunmuşdur. O
cümlədən, parlamana təqdim olunan qanun layihələrini
sahələr üzrə nəzərdən keçirdikdə
- maliyyə nəzarətindən 82-dən 55-i, ədliyyədən
31-dən 14-ü, daxiliyyədən 24-dən 14-ü, xariciyyədən
2-dən 1-i, səhiyyədən 6-dan 2-si, poçt və
teleqrafdan 8-dən 5-i, hərbiyyədən 9-dan 7-si, maarifdən
19-dan 7-si və sair bəyənilmişdir. Məclisi-Məbusana
bir il müddətində 205 qanun layihəsi
daxil olmuş, onlardan 16-sı rədd edilmiş, 60-ı
komissiyalarda araşdırılırdı. Ümumilikdə isə
Azərbaycan Cümhuriyyətinin Parlamanı 17 aylıq fəaliyyəti
dövründə 145 iclas keçirmiş, 270 qanun layihəsindən
200-ə yaxınını qəbul etmişdir. Mötəbər
statistikanın qabartdığı bu rəqəmlər gənc
Cümhuriyyət Parlamanı üzvlərinin qanun
yaradıcılığı sahəsində təşəbbüskarlığını,
fədakarlığını təcəssüm etdirən
nümunəvi dəyərlər və meyarlardır.
"Azərbaycan" qəzetinin 1920-ci il 28 aprel tarixli sonuncu - 85-ci sayında Parlamanın 15 nisan (aprel) iclasında təsdiqlənmiş "İran - Azərbaycan müahidənamələrinin təsdiqi" adlı sənədin son müzakirəsi verilmişdir. Bu faktın özü də İranın Azərbaycana siyasi münasibətlərində tarixin bir ironiyasını xatırladır.
"Azərbaycan" qəzetində Parlament hesabatları və şərhləri" kitabının sonuncu cildində akademik, millət vəkili Nizami Cəfərovun "Professor Şirməmməd Hüseynova açıq məktub", millət vəkili Fazil Mustafanın "Təqaüdünü millətinə xərcləyən kişi", millət vəkili, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun "İstiqlalımızın yadigarı, həmyaşıdı və tərənnümçüsü" adlı məqalələr də yer almışdır.
Cümhuriyyət dövrünün mühüm əhəmiyyət kəsb edən önəmli hadisələrini, tarixi şəxsiyyətlərin fikir və düşüncələrini, parlamandakı müzakirə və mübahisələri özündə əks etdirən materialları "Azərbaycan" qəzetinin səhifələrindən toplayıb ərəb qrafikasından müasir əlifbaya çevirərək hər cildinə ön söz, lüğət yazan "Şərəf" ordenli, professor Şirməmməd Hüseynov üçcildlik kitabı ilə Azərbaycan Xalq Cümhuriyyətinə Şərqində ilk demokratik respublikanın 100 illik yubileyi ərəfəsində ən möhtəşəm və unudulmaz abidə ucaltdı. Onun vətənə, millətə və dövlətə böyük sevgisini, bariz fədakarlığını və mətin iradəsini təcəssüm etdirən "Azərbaycan" qəzetində Parlament hesabatları və şərhləri" adlı kitablarını bütövlükdə istiqlal dövrünün ensiklopediyası, ictimai-siyasi mühitin salnaməsi və müstəqilliyimizin tarix dərsliyi də adlandırmaq olar.
Əminliklə vurğulamaq istəyirəm
ki, milli ruhunun yenilməzliyi, yaradıcılıq qüdrətinin
sarsılmazlığı, istiqlal məfkurəsinə sədaqəti
ilə tanınan, rəğbət qazanan Cümhuriyyət
adamı, professor Şirməmməd Hüseynovun AXC
Parlamanı və epoxası haqqında
monimentallığı, əzəməti, möhtəşəmliyi
ilə fərqlənən üçcildliyi
istiqlalına, müstəqilliyinə yenidən qovuşmuş
Azərbaycanın dövlət mükafatına təqdim
olunmağa, titanik əməyi qədirşünaslıqla dəyərləndirilməyə
layiqdir.
Asif RÜSTƏMLİ
AMEA Nizami adına Ədəbiyyat
İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin
müdiri, filologiya elmləri doktoru, professor
525-ci qəzet.- 2017.- 7 iyun.- S.4.