Elməddin Nicatın gecikməsi
Söz sənətinə
bu gün dəstə-dəstə saysız-hesabsız
imzalar gəlir. Belə tendensiya
bütün zamanlarda olmuşdur, indi də var.
Sözsüz, bu imzaların hamısı zaman keçdikcə dövrün
ədəbi siması
səviyyəsinə yüksələ
bilmir. Onların daha çox
əksəriyyəti bir
müddətdən sonra
ya istedad yetərsizliyindənmi, ya da müxtəlif səbəblərdən qələmini
qırıb birdəfəlik
atır.
Cəmi
40 il yaşamış
məşhur rus şairi Aleksandr Blok deyirdi ki, şairin
karyerası olmur, taleyi olur. Əslində, təkcə şairin yox, bütün canlıların taleyi olur. Daha çox dini-idealist təsəvvürü ifadə
edən tale anlayışı
özündə insanın
və ya bütöv bir toplumun həyatındakı
hadisələrin inkişaf
və gedişatının
ali qüvvələrin
təsiri altında formalaşaraq baş verdiyini daşıyır.
Burda məsələnin mistik tərəfini izah eləmək, əlbəttə,
çətindir.
Sadəcə qəbul etməliyik ki, biri var,
kimsə taleyini nəyəsə uyğunlaşdırır,
nəyisə yamsılayır,
biri də var ki, kimsə
öz taleyinin özündən doğurur.
Artıq yazımın başlığından
sizə məlum olduğu kimi, poetik yaradıcılığından
burda söhbət açacağım Elməddin
Nicat da taleyinin özündən doğmuş şairdir. Elməddin
Nicat sözü-söhbəti,
varlığa, insanlığa
tükənməz hüsn-təvəccöhü,
daşıdığı mənəvi
missiyası ilə Kəlbəcər nisgilli Bəhmən Vətənoğlu,
Şücaət kimi şairlərin, bəlkə
də, ən layiqli davamçılardandır;
həmin ruhani ocağın hərarətini,
şəhdi-şirəsini özündə yaşadanlardandır.
Elməddin Nicat adını çəkdiyim şairlərlə
ona görə bir sırada durur ki, o da
bütün şeirlərində
mövzusundan asılı
olmayaraq, doğulduğu
Kəlbəcərə, qaynayıb-qarışdığı
el-obaya nisgilli məhəbbətindən danışır. Onun şeirləri
böyük, dəhşətli
faciənin dərkolumaz
ağısıdır sanki.
Bu şeirlər bir obanın timsalında böyük bir xalqın təhqir olunmuş ruhunun dərdini özündə yaşatdığından
ifadə etibarı ilə yollu-yolaqlıdır,
məzmunca məxsusidir,
mahiyyətcə daha çox hal əhli üçündür.
Bu köçkün evinin buz dəhlizində,
Yemmi axtarırsız,
a boz sərçələr.
Nədən danışırsız öz dilinizdə
Mənə də anladın
bir az,
sərçələr.
Hər dili bilirsiz qu
quşu kimi,
Anladın anlayım dərdimin dilin.
Cik-ciklə ötürsüz su
quşu kimi
Çəkdiyim beşdirmi, birdirmi bilim.
Tez uçun, tez uçun başımın
üstdən,
Ulduzu sayrışmaz
gecə kimiyəm.
Evim yuvanızdan deyil ki isti,
Görmürsüz, üşümüş sərçə
kimiyəm.
Qaçmayın, bir ovuc dən atacağam,
Doğma yuvanızda aparıb yeyin.
Deyəsən, bu yaz da yas tutacağam,
Getsəniz yuvama salamlar deyin.
İnsanın özü ilə doğulan müqəddəs
sevgilər vardır. Belə sevgilərdən
birincisi olan Vətən sevgisi qarşısıalınmaz ehtiras
şəklində özünü
hər zaman büruzə verməklə
insanın mahiyyətində
dayanır. Təsadüfi deməyiblər ki, "vətənə gəldim,
imana gəldim".
Vətəni əlindən alınmışlar,
əslində, özlərindən
qovulmuşlardır, özlərindən
qaçırılmışlardır. Özlərindən qaçanları isə ozanlar, dədələr, böyük ruhaniyyatı olan ustadlar hər
zaman özünə qaytarıblar. Kökə qayıdışın
bu cür gedişatı nəticəyə
yönəlmiş bütün
ruhani proseslərdə
müşahidə olunur.
Vətən nisgilli şairlərin
paylaşdığı ümumi
ruhun özəyi, özəlliyi məhz bundadır. Elməddin Nicat öz çölündən qovulmuşlardan
olsa belə, amma son məqsədə elliklə qovuşmaq üçün öz içində qovurulur, daha qovulmur. Çünki şairlərin silahı
hər zaman inam olub. Heç kəsin olacağına güman etmədiyinə şairlər dərin inam bəsləyir. Şairi inamından başqa hər şeydən döndərmək mümkündür.
Elməddin Nicatın Haqqa
tapınan sarsılmaz
inamı da hər şeyi üstələyir.
Necə
ki Rumi deyirdi:
"Eşqdə üzmək
ancaq batmaqla başa çatır".
Bəlkə şeir yazım
barıt qoxulu,
Bəzəkli-düzəkli, güllə şəkilli.
Hələ burnuna da qan iyi gəlsin
Cəsəddən ayrılmış kəllə
şəkilli...
Yazımmı cəbhədə şəhidimiz
var,
Sabah da mən ollam, "Vətən sağ olsun!"
Məni
buraxmır ki sənli duyğular,
İçimi sən adlı çəkən sağ olsun!
Yazımmı can verən əsgər
yoldaşım
Köksündən çıxardı bir qız şəklini.
Bilsən,
neçə dəfə
qucaqlamışam
Məni
hifz eləyən kağız şəklini...
...Alarsan üçbucaq əsgər məktubu,
Bir şeir
gələcək içində
zəfər.
Məktubu göndərən sənin
sevdiyin,
Məktubun gəldiyi ünvan - Kəlbəcər.
Qaşlarını çatıb "Kim əydi
dümdüz dünyanı?"
sualı qarşısında
düşünən şairin
narahat ruhu fani gərdişi anlamaq üçün heç bir başaçılmaz, sonu
müəmmalı fəlsəfi
təlimlərə də
üz tutmur. Əsl şərqli
kimi "mənim olsun dərd nə ki var"
deyərək çiynini
əbədi ağırlığın
altına sevə-sevə
verir. Bilir ki, xalqının
"düzü düz,
əyrini əyri"
göstərən ruhaniyyat
dünyası həm dünyadan, həm də çəkilməli
dərdlərdən ucadır,
böyükdür.
Saat neçəni göstərir,
Necədir orda axşamlar?
Sənsiz
gün ilişib qalır,
Düşmür ki, burda axşamlar.
Bu etibar dərddə ki var,
Mənim olsun dərd nə ki var.
Səndən qalan dərdlər
ki var,
Dönür ac qurda axşamlar.
Zaman axır öz kefinə,
Kim ağlaya, kim
sevinə.
"Evlilər gedir evinə -
Qəriblər harda axşamlar?!"
Kim əydi dümdüz
dünyanı?
İçimə gömdüz dünyanı.
Gəzəsən gündüz dünyanı
Dönəsən yurda axşamlar.
Elməddin Nicatın sevgi şeirləri məzmunca yenidir. Səmimiyyətə bükülmüş misralarında insan psixologiyasının müxtəlif
məqamları məharətlə
təsvir və ifadə edilir. "İlahi, Səndən
incidim..." adlı şeiri bu baxımdan
olduqca maraqlıdır.
Şeirdə bir-birinə
zidd insani münasibətlər elə
ustalıqla uzlaşdırılıbdır
ki, sonda şair hətta Tanrıdan incik düşür:
İlahi, bu qızın dilinə baxma,
Ürəyi çox yuxa, nazikdən nazik.
Bu yaşda boynuna dərdləri taxma,
Biləyi görməyib hələ
bilərzik.
İlahi,
bu qızın dilinə baxma,
Dili deyənləri ürəyi
demir.
Yazıqdı bu yolda belə buraxma,
Hələ nə etdiyin özü də bilmir.
İlahi,
dilinə baxma bu qızın,
Sirr dolu həyat var, gözlərinə bax.
Nə həddi öyünə ayın, ulduzun
Bu baxış önündə
hamı utancaq.
Sən bəxt paylayanda bir az gənc idim,
Utandım hissimi sənə yazmadım.
İlahi,
bilirsən, səndən
incidim,
Sən nədən
bu qızı mənə yazmadın?
Elməddin Nicatın süniliyə tamamilə yad olan şeirlərinin təqdirəlayiq cəhətlərdən
biri də odur ki, incə
zövqlə seçdiyi
bədii təsvir və ifadə vasitələri oxucusunu yormur. Sözlərin el dilinə yaxınlığı,
axıcı düzümü,
sərrast ifadə tərzi söz oyununa deyil, qarşıya qoyulmuş mövzunun açılmasına
xidmət göstərir.
Yenə
ulduzlar bikef,
Bu gecə ay qəribdi.
Ay buludun üstünə
Göz yaşını
səribdir.
Yanaşıb bir-birinə
Ulduzlar necə
gözəl.
Ayın-günün içində
Sən olan gecə gözəl!
Yuxumun gözü döyük,
Yatmaq havası
çatmır.
Sev məni, sevdalanım,
Yanmaq havası
çatmır.
Gözün günəş haləsi,
Üzün ay bənizidir.
Susmağın axşamüstü,
Gülüşün dan üzüdür.
Səndən, məndən başlayan
Yol var Allaha qədər.
Başla
sevgi nağılı,
Yatma sabaha qədər!
Çoxsaylı maneələrə qarşı
laqeyd təmkinliklə,
sanki edam yerinə yavaş-yavaş
addımlamağa məcbur
edilmiş şair həyatın mənhus zərbələrini dəf
etmir. O elə təsəvvür yaradır
ki, həyatın narahatlığından və
xoşagəlməzliyindən hissiyyatsız soyuqqanlılıqla
"zövq alır".
Elməddin Nicatın poeziyasında çatışmayan yeganə
cəhət şeirlərinin
ictimai mahiyyət daşımamasıdır, dar
çərçivədən çıxıb mübarizə
meydanına atılmağa
ərikməsidir. Lakin dərindən inanıram
ki, istedadlı şair Elməddin Nicat gələcəkdə
şeirlərində özünə
yer eləmiş qeyri-müəyyənlik, tərəddüdlük
və inamsızlıq
pasını təmizləyəcək,
ötən on illərini
poeziyasında geri qaytarmağa müvəffəq
olacaqdır.
On il tələsdiyin
ağlıma gəlsə,
Bir an gecikməzdim səni görməyə.
Belə
tələsməklər sənlik
deyilsə,
Niyə gecikmirdin məni görməyə?!
Tələsib, gecikib hara çatdıq ki,
Bir ömrün
yarısı boşuna
keçdi.
Bizi sevindirən bir yaz günüydü
O da ümidlərin qışına keçdi.
Deyirsən gecikdik, nəsə alınmaz,
Araya çəkdiyin bu
nə səddi ki?!
Bir dəli sevdayla əl-ələ tutub
Qaçıb keçməliydik bu
sərhədi ki!
Gəl daşı, qayanı tök ətəyindən,
Sən mənsiz gedəsi deyilsən, qayıt!
Bizi ayrı salan yol ayrıcına,
On il mən
gələcəm, on il
sən qayıt!
Elmar
VÜQARLI
525-ci qəzet.- 2017.- 8 iyun.- S.8.