Elşən Əzimin şeirləri və
şair obrazı
Elşən Əzimi ilk dəfə Aşıq Elbrusun dilindən eşitdiyim bu misralarla tanımışam.
Sənə güldən ağır söz deyərəmmi?
Sənə sözdən ağır gül tapa bilsəm.
Qulaqlarıma dəyən gündən
dilimin ucundan asılı qaldı bu misralar...
2014-cü
ildə Gəncə şəhər Mərkəzi Kitabxanasında
Elşən Əzimin
"İllərin o tayı"
adlı kitabının
təqdimatı keçirildi.
Dəvətliydim. Getməyə də həvəsliydim.
Gülnar Səma Tovuzdan, Şahinə Könül Ağstafadan, Elməddin Nicat Şəmkirdən,
Samir Mustafayev Bakıdan gəlirdi bu kitabın işığına... Mənim əlimdə
kitab da yox idi. Ucundan-qulağından eşitdim ki,
universitetin qarşısındakı
köşkdə; Zəhra
xalada iki kitab var. Yüyürdüm
ora. Zəhra xala iki kitabın ikisini də mənə göstərdi, sonra da qaytarıb yerinə qoydu.
- Satammaram - dedi. - Elşən Əzim tapşırıb ki, kim gəlsə
pulsuz verim. Amma, şairlərdən kim gəlsə
ha!
İlk dəfə
şair olduğumu cidd-cəhdlə, sənədlə
sübut etməyə
çalışdım. Çantamdakı "Ruzigar" qəzetini çıxardım. Yeni məqaləm
çap olunmuşdu.
Qəzetdəki şəklimi Zəhra
xalaya qürurla göstərdim. gülümsədi:
-Bilirəm, yazırsan. Çoxdan bilirəm, - dedi, - rəhmətlik Sədnik müəllim yaman tərifləyirdi sənin
yazılarını.
Kitabın birini mənə uzatdı. "İllərin
o tayı"nı çantama qoyub gülə-gülə evə
tələsdim. Həmin axşam
oxumuşdum Elşən
Əzimin şeirlərini.
Hər şeirdə bir ayrı şair, bir ayrı ruh,
bir başqa duyğular vardı. Kitab, sanki, bir insanın
ruh halının müxtəlifliyini izah etmək üçün yazılmışdı.
Bunu müəllifin
özüylə müzakirə
etmək, kitaba avtoqraf yazdırmaq fürsətim yalnız təqdimatda olacaqdı. Lakin iş günümün saatı qəfil uzadıldığından Tovuzdan,
Ağstafadan, Şəmkirdən,
Bakıdan gələn
gənc qələm dostlarımla bərabər
Elşən Əzimin
kitabının işığına
gedəmmədim. Nə
qədər təəssüf
etdiyimi şairə sonradan dedim. Elə onun təqdimata getmədiyimçün məndən
incidiyini də sonradan eşitdim. Daha əlim nəyə çatardı ki?! Beləcə, "İllərin
o tayı" avtoqrafsız,
müəlliflə poetik
obrazların müxtəlifliyini
müzakirə etmək
istəyim də ürəyimdə qaldı...
Keçən həftə kitab qəfil yadıma düşdü. Gedib çıxardım əzizləyib bükdüyüm
kitablarımın arasından.
Başladım Elşən
Əzimin şair obrazını oxumağa...
Şeirlərin arasıyla "addımladıqca"
rastlaşdığım şairlər
də fərqli idi. Hər biri mənə
şeir hökmünün
izaholunmazlığını fərqli düşüncələrlə
anlatmağa çalışırdı.
Biri deyirdi ki:
Adam ağıllananda
Şairlik əldən gedir.
Razıydım... Bir dəfə
demişdim: "Şair
yaşayan evlərdə
bir dəli var, demək ki..." Gənc şair Elvin Ramizoğlu az
qala məni topa tutmuşdu:
-Şairin də
ağıllısı olur.
İndi Elşən Əzimin bu şair obrazı
əsl həqiqətin
dərininə varmışdı. Ən gözəl şeirlər
hisslərin dəli vaxtından doğulur, ən yanğılı
"ah"lar məntiqə sığmır.
"İllərin o tayı"nda
başqa bir şair də mənə qələmin müqəddəsliyindən danışdı. Onun varağa yazdığı
hər bir hərfin, hər bir durğu işarəsinin şairin böyük sirrinin kiçik qızıl açarlarından biri olduğunu söylədi:
Qələm də sözümü çalır, gözümdən
varağacan.
Sonra bir az birgə düşündük
o şairlə... Fikrimizi yolçu
edib göndərdik ürək dağına.
Gəzdi, dolandı, çiskində üşüyüb,
üzü yamaca
gedən cığırla
dikdirə qalxdı, yoruldu... Dərdi gərmə edib
yandırdı, amma bu ocaq onu
isitmədi. Daha doğrusu, gərmənin həzin-həzin od tutmasını gözləməyə
səbri çatmadı.
Yolçu fikirlər qaçaraq
geri döndü.
Elşən Əzimin
şair obrazı bunu da şeirlə
dilə gətirdi:
Düşdü varağın üstə
Alnımın incə təri...
Fikrimin göz yaşıdı.
Kitabın hər vərəqində
inzivaya çəkilmiş
bir şair varmış kimi səhifələri astaca çevirirdim. Ya o şairlərdən birinin
könlünə dəyərəmsə?!
Allah eləməsin! Təmkinimi qorumağa
çalışdım. Bilirdim ki, hökmüm dünyanın şairə
etdiyi nazın bircəciyini çəkə
bilməyəcək. Amma Elşən Əzimin yeni bir şair
obrazı mənə doğru bildiklərimin yanlışlığını anlatdı:
Ən başda yerləri var
Hökmlərə baş əyən
Hökmlü şairlərin.
Quru şeirləri var
Təmkinli şairlərin.
Oturub bir az da öz quru,
sevincə yavanlıq olmayan şeirlərimə
ağlamaq gəldi içimdən. Amma ağlamadım. Qarı dünyanın qarılığından
da ulu olan
sözə ağlayammadım.
Qayıdıb "İllərin
o tayı"nda daha bir şairin hikmətini ürəyimlə
dinlədim:
Ürəyimdə doğulan söz
Varağa qədər qocaldı.
Məni nə gözəl anlamışdı bu şair. İstədim şeirlərim göz
yaşı acı olduğu üçün
özümü günahkar
sayım. Buna da cəsarət etmədim. Qorxdum. Elşən Əzimin növbəti şair obrazı gözümün önündəcə
cəzasını alırdı:
Üzümdə bir cəllad nəzəri donub,
Sözümdə bir şair ürəyi
yanıb.
Şeirimdən bir edam kötüyü yonub,
Vurdular başımı
sözümün üstə.
Sükutdan bərk qışqıran
misraların önündə
əllərimi qoynuma qoyub başımı aşağı salmaqdan özgə çarə qalmadı.
Şair
Elşən Əzimin
mənimçün heyrət
dolu obrazından biri də cəsarətini
toplayıb etirafa başladığı an gördüyüm idi:
Almadığım
Lotoreya bileti kimi
Yandırar məni
Yazmadığım şeirlər.
Kitabın mündəricatına çatanda
qayıdıb bir də sondan əvvələ qədər
vərəqlərə sığal
çəkdim. Şair ömrünün təzadlı, uyumlu, saya, əlvan yaşantılarının hamısını
yenidən, yenidən ürəyimə yığıb
saxlamaq istədim.
Acgöz
oxucu idim, bilirdim. Bir kitabla "doyası"
deyildim. "İllərin o tayı"
ilə sağollaşmadan
öncə növbəti
kitaba inam vardı ürəyimdə.
Müəllif özü
oxucusunda bu inamı yaratmaq üçün demişdi:
Hopur varaqların bəyaz sətrinə,
Qarışır çiçəyin, gülün
ətrinə.
Bir ömür itirir şeirin xətrinə,
Sizin Elşən
Əzim belə yaşayır.
Şəfa VƏLİ
525-ci qəzet.- 2017.- 8 iyun.- S.8.