Türk
bayrağının dalğalanan kölgəsində...
Rəşad
Məcid riyaziyyatla ədəbiyyatın
yaxınlığını, doğmalığını
özünəməxsus yumorla,
sevgi ilə əlaqədə orjinal bir şəkildə şərh
eləyib dinləyicilər üçün maraq doğuran
yeni bir səhifə açdı, alqışlarını
halallıqla qazanıb salonun birinci sırasında əyləşdiyi
yerinə qayıtdı.
Bu məclisdə Xəyal Rza da, mən də əbədi konumuz – mövzumuz olan Türkiyə - Azərbaycan doğmalığından danışdıq, şeirlər oxuduq.
Tədbirdən sonra İstanbul Avropasını gəzdik, müqəddəs Sofiya məscidi ilə yan-yana dayanıb şəkil çəkdirdik. Gülhanə parkı ilə qol-boyun olduq, ceviz ağacını gördüm – Nazim Hikmətə oxşayırdı:
Mən bir ceviz ağacıyam
Gülhanə parkında –
Nə sən
bunun farkındasan,
Nə polis farkında.
Nazim Hikmətlə də – Ceviz ağacı – şəkil
çəkdirdim – sağlığında nə onu görmək,
nə də onunla şəkil çəkdirmək qismətim
olmamışdı.
Dünyanın poeziya coğrafiyasında İstanbul kimi nəhəng
Nazim Hikməti çox sevirik. Yaşlı nəsldən
eşitmişəm ki, Nazim Hikmət Bakıya gələndə
Füzulinin heykəlini ziyarət etmək istədiyini deyir.
Siz də bilirsiniz ki, Füzulinin “Şikayətnamə” əsəri
belə başlayır! “Salam verdim rüşvət
deyildir deyə almadılar. Nazim Hikmət Füzulinin heykəlinə
yetişəndə baş əyib deyir:
-
Əleyküm salam, ustad!
Deyirlər ki, Nazim əfəndi, siz salam
verməliydiniz, əleyküm salam dediniz. Nazim Hikmət
halını pozmadan deyir:
-
Füzuli neçə yüz il bundan qabaq
salam vermişdi, onu alan olmamışdı, mən indi onun
salamını aldım.
Gülhanə parkından bənzərsiz, daş
döşənmiş küçələrlə üzü
aşağı sahilə endik. Gəmi ilə
boğaz adlandırılan, – Qara dənizlə Mərmərə
dənizinin qovuşağından keçib yenidən
İstanbul Asiyasına qayıtdıq. Gəmidən
düşəndə qayıdıb İstanbulun bu tayından
o tayına baxdım, o tay üçün
bir anlıq qəribsəsəm də, o taylı-butaylı
İstanbulu sevdim – necə ki, otaylı-butaylı Azərbaycanı
sevirəm... İstanbulun o tay-butayı Azərbaycanımızın
o tay-butayı ilə fərqli olsa da...
...Təyyarəmiz
– Mehmet Özkaya demişkən, uçağımız
İstanbul-Ankara məsafəsini qırx dəqiqənin
içində heçə endirəndən sonra bizi Ankara hava
limanına endirdi. Bizi, İstanbulda gəlib
birlikdə tədbirlərə qoşulan, İlisam
başqanı Mehmet Nuri Barmaksız qarşıladı.
O, Ankarada yaşayırdı. Hava limanından birbaşa
alnında beş ulduz əks olunmuş
“İçkale” otelinə gəldik.
Görmədiyin şəhər oxumadığın
kitab kimidir, “əlindən” yerə qoymaq istəmirsən. Mən də bir yerdə
dayanıb dura bilmirdim, bu “kitabı”, müəllifi
böyük Türk xalqı olna Ankaranı başdan ayağa,
cümlə-cümlə oxumaq, oxumaq istəyirdim. Xəyal Rzanı oteldə tapa bilmədiyimdən Rəşadın
qapısını döydüm. O, açanda elə
bildim Ankaranın qapısını üzümə
açdı. Geyinib aşağı
düşdük, sağa burulduq. Türkiyədə
olduğumuz bir neçə gündə, tez-tez Azərbaycanın
məşhur adamlarının oxşarına rast gəlirdik,
hamısını da səfər yoldaşlarıma göstərirdim:
Akif İslamzadə, Vaqif Cəbrayılzadə, Faiq Balabəyli,
Çingiz Əlioğlu, Vahid Əziz, Faiq Sücəddinov... İnanın ki, yeddi gün müddətində
yüzdən artıq belə oxşarlarla üzbəüz gəldim.
Elə İlisamın başqanı Mehmet Nuri
Barmaksız bizim Bəhram Bağıqzadənin dost-doğma
qardaşına oxşayırdı – elə bil ki, bir beldən
gəlmişdilər və burda söhbət kiminsə
atasının yox, Türkün belindən gedir. Rəşadla Xəyal da mənim ora baxın, elə
bil ki, filankəsdi deməyimə necə öyrəşmişdilərsə,
hərdən özləri də mənə deyirdilər ki,
Seyran müəllim, bax, bəhmənkəs gəlir. Onlar da “xəstələnmişdilər”. Hələ, sizin tanımadığınız bizim
kənddən olan nə qədər adama rast gəldim – yəni
oxşarına. Elə İstanbulda hava
limanında “kəndçimiz” Qədimalı kişini
gördüm – üzünün çilinə qədər
eyni idi. əslində bu, möcüzə
yox, genetik reallıq idi – ancaq möcüzə kimi də
görünürdü... Uzun müddət uzaq düşəndə
reallıq möcüzəyə çevrilirmiş...
Rəşad Məcid Ankarada dəfələrlə
olmuşdu. Ona görə də o, bu “kitabı” vərəqləyirdi,
mən isə diqqətlə, yuxarıda dediyim kimi, cümlə-cümlə
oxuyurdum. Rəşad vərəqləyə-vərəqləyə,
mən də oxuya-oxuya gəlib möhtəşəm bir şəlalənin
iki addımlığındakı çayxanaya yetişdik.
- Bura nə
təhərdi, Seyran müəllim?
- Super! –
dedim.
-
Çay içəkmi?
-
İçək, - dedim.
Əyləşdik. Çayçı bizə yaxınlaşanda Rəşad
ona dedi:
- Əfəndim,
bizə incə belli can bardakda çay...
- Rəşad,
incə belli can bardak nədi? – Maraqlandım. O, gülə-gülə
cavab verdi:
- İncə
belli can bardak... bunlar armudu stəkana deyir.
- Bunlar
niyə sözləri belə yan-yana düzürlər ki...
Bunlarda armud olmur ki?.. Oxşatsınlar də...
- Yoox...
zarafat eləyirəm... Mən bunu bunların bir gözəl
yazıçısı var Elif Şafaq, ondan eşitmişəm...
İki nəfər
danışanda ətrafdan eşidilən səslərin
hamısı onların söhbətinə mane ola
bilir – quş və su səsindən başqa, hər halda mənə
belə gəlir.
Xeyli dərdləşəndən
sonra iki nəfər gəlib bizdən üç-dörd metr
aralı qonşu stolda oturdu, biri Azərbaycanımızın
böyük rejissoru Oktay Mirqasımov idi, o birisini tanıya
bilmədim... daha doğrusu bənzəri yadıma düşmədi...
ancaq axtarırdım...
Rəşad
müəllim bu axtarışıma son qoydu:
- Seyran
müəllim, sol tərəfə bax...
Baxdım
və qəsdən dedim:
- Nədi
ki?
- Bəs
görmürsünüz... Oktay Mirqasımov... –
güldü. Bu mənə ləzzət elədi
və bunu öz qələbəm hesab etdim.
Çünki, virus Rəşada məndən keçmişdi
– öz virusumu tanıdım axı...
Rəşadın
“tanıntısına” tərəf çöndüm, Oktay
Mirqasımovun eynəyi, saç düzümü, əyni-başı,
danışanda sağ əli ilə sözlərinə
“drijorluq” etməsi, sifətindəki yorğunluq, bu
yorğunluğun alt qatındakı narahatlıq və nəhayət,
nəsildən-kökdən gəlmə bir kübarlıq...
Rəşadın – “şagirdimin” həssaslığı,
sərrastlığı və bu iki yanaşmadan doğulan bənzətmə
sənətkarlığı ruhuma qeyri-adi bir rahatlıq,
arxayınlıq bağışladı. Bu rahatlıq, bu
arxayınlıq şəlalənin səsinə
qarışıb varlığımda bülbül kimi cəh-cəh
vururdu: Su səsi... quş səsi...
Oktay Mirqasımovun “iki addımlığında”
çay içəndən sonra “Içkale” otelinə
qayıdırdıq – bayaq getdiyimiz yolu. Ancaq mənə elə gəlirdi
ki, burdan birinci dəfə keçirdim – gedəndə görmədiklərimi,
qayıdanda görürdüm və fikirləşirdim ki, elə
təkcə bu küçədə hər şeyi görmək
üçün burdan neçə dəfə o baş-bu
başa gedib gəlməliyəm – bu xiyabanda həyat qaynar
qazan kimi buğlanırdı...
Rəşadla otelə girəndə liftin
qabağında bəylə-gəlinə rast gəldik – toy
olacaqdı və deyilənə görə bu cütlük
birgə ömürlərinin ilk gecəsini burda keçirəcəkdilər. Dilli-dilavər, istiqanlı,
səmimi Rəşad Məcid, elə liftin qabağındaca təmiz
Türkiyə türkcəsində onları ikimizin və Azərbaycan
xalqının adından təbrik edib qoşa
qarımağı arzuladı. Yəqin ki, biz bu
cütlüyü Azərbaycan adından təbrik edən ilk və
son adamlar idik. Bu, onlara çox xoş gəldi,
hətta gəlin Azərbaycandan gəldiyimizi eşidəndə
çox sevindi.
Sabah
günorta Ankaranın möhtəşəm salonlarından
birində Rəşad Məcidin türk dilində
İlisamın xətti ilə çap olunmuş “Dəlicəsinə”
və Xəyal Rzanın “Aşk olsun” kitabının təqdimat
mərasiminə toplaşdıq.
Ümumiyyətlə, orda keçirdiyimiz
görüşlərin əksəriyyəti Türkiyə
Dövlət Himninin səslənməsi ilə
açılırdı. İstanbulda və Ankarada yaşadığımız
“Qrin Park” və “İçkale” otelinin ətrafındakı
yaşayış evlərinin eyvanlarında Türk
bayraqlarını dalğalanan gördüm. Elə
bildim ki, nəsə bayram-filandı. Ancaq
dedilər ki, heç bir bayram-zad yoxdu. Mən
də eşitdiklərimdən bu qərara gəldim ki, bu
ölkədə Türkiyə bayrağı üçün
elə hər gün bayramdı. Türklərin
bayraq sevgisi Allah eşqi səviyyəsindədi. Bəlkə
də Allah eşqi bayraq sevgisindən keçib ucalır – burda
beləydi...
Toplantını giriş sözüylə İlisam
başqanı Mehmet Nuri Barmaksız açdı. Sonra çap
olunmuş kitablar haqqında alimlər ürəkdən
danışdılar, ədəbiyyatımıza Rəşad Məcidin
və Xəyal Rzanın timsalında heyranlıqlarını
bildirdilər – eynən bizim keçirdiyimiz kitab təqdimatları
kimi. Bu iki kitabın ərsəyə gəlməsində
rolu olan hər kəsə söz verdilər; təbii ki,
kitabların müəlliflərinə də. Rəşad Məcid də, Xəyal Rza da hər kəsə
minnətdar olduqlarını dedilər, şeir oxudular, əvəzində
isti-isti, mərhəmanə alqış qazandılar. Mənə
də söz veriləndə dedim:
-
Hamınızı salamlayıram. Mənim
üçün Azərbaycandan durub sizin aranıza gəlmək,
dünyaya gəlmək qədər – doğulmaq qədər
xoşdur. Bakının Mərdəkan qəsəbəsində
balaca bir evim var. Azərbaycan müstəqillik qazanandan sonra gedib
beş metr hündürlüyündə
bir Azərbaycan bayrağı alıb evimə gətirdim.
İnanın ki, gözümün qabağındaca mənim
balaca evim böyüdü, böyüdü; əvvəlcə
Bakı boyda, sonra da Azərbaycan boyda nəhəng bir evim
oldu... (alqışladılar) Sonra gedib elə o boyda bir Türk bayrağı da
tapdım, evə gətirib onları ekiz qardaşlar kimi
yan-yana qoydum. Azərbaycan boyda
küçük evim Türkiyə və Azərbaycan boyda
oldu. (gurultulu alqışlar) Mənim
ürəyimə oxşayan balaca evimə böyük
Türkiyəmizin bütün türkləri yerləşər!
(ayaq üstə alqışlar) Əzizlərim!
Mən özümü Avropanın və Amerikanın
bütün yazıçılarından xoşbəxt hesab
edirəm! Nə qədər dünya şöhrətli olsalar
da, onların hər birinin bir bayrağı var, mənim isə
iki bayrağım var! Fərq burdadır. İki dövlətim var – fərq burdadır
(alqışlar). Və üçüncü
bayrağım da Kiprdən gələcək, inşallah!..
Alqışlar
özümə də ləzzət elədi və harda
olduğumu, nə dediyimi unutmuşdum...
Görüş sona yetsə də heç kəs salonu
tərk etmək istəmirdi. Bizi sözün əsl
mənasında mühasirəyə almışdılar.
Bu mühasirədən çıxmaq ikinci
dünya müharibəsində Leninqrad blokadasından
çıxmaq qədər çətin idi – ancaq
özümüz bu isti, məhrəm mühasirədən
çıxmaq istəmirdik. Nə qədər
şəkil çəkdilər, söhbət elədilər,
kitab bağışladılar, vizit kartları paylandı.
Nəhayət, bugünkü
görüşün memarı, baş komandanı Mehmet Nuri
Barmaksızın rəhbərliyi ilə mühasirə
yarıldı.
Çölə
çıxanda Azərbaycan xalqının və ədəbiyyatımızın
böyük dostu, Bakıda, Yazıçılar Birliyində
sədrimiz Anarın otağında tanış
olduğum Yasəmən xanımla rastlaşdıq. İsti görüşümüz oldu. O, təqdimat
mərasiminə əri, oğlu və qızı ilə
qoşulmuşdu. Onlarla da xatirə şəkli
çəkdirdik.
Hələ Bakıdan tanıdığım, əslən
Salyandan olan, Ankarada yaşayan, böyük bir dərnəyin
başqanı Aida Zeynalova ilə görüş keçirilən
kültür mərkəzinin həyətində xoş bir
qarşılaşmamız oldu. O da hardasa eşidib bu
görüşə qatılmışdı. Sabah
axşama ona əri ilə birlikdə “İçkale”də,
görüş verdim.
Bu unudulmaz görüşdən iki saat sonra Avrasiya
Yazarlar Birliyinin başqanı Yaqub bəy bizi axşam yeməyinə
dəvət etdi. Orda ilk dəfə türk “Rakı”sının
dadına da baxdım...
Hələ
İstanbulda olanda uşaqlardan xahiş elədim ki, metroya da
minək; əvvəl bir az gahgirlədilər,
sonra razılaşdılar. Yerin altında – metroda mənə
elə gəldi ki, Bakıdayam: İndi elan ediləcək ki,
növbəti stansiya “İçəri şəhər”. Ancaq
elə olmadı, elan elədilər ki, növbəti dayanacaq
Dovşantəpə; sonra mənə qəribə gələn
bu adlar sıralandı: Qəhvəçi, Qartal,
Soğanlıq, Gülsuyu, Hüzür evi, Maltəpə,
Bostançı, Qozyatağı, Acıbadam, Ayrılıq
çeşməsi... Elə Ayrılıq
çeşməsində də metrodan ayrıldıq.
Gördüyünüz kimi bunların heç birisi adam adı ilə bağlı deyildi. Türklər öz qədimliklərini burda da
qoruyurlar. Onlar, elə mən də haqlı olaraq belə
hesab edirik ki, yer adları adam adlarından
qədimdi, ən azı ona görə ki, üstündə
yaşadığımız Yer adamdan çox-çox qədimdi.
Adam adları qoymamaqla, məskunlaşdıqları ölkəni
cavanlaşdırmamaqla düşmən dəyirmanına su
tökmək istəməyiblər – eşq olsun!
Yenə mənim
səfər yoldaşlarıma qəribə gələn
xahişimlə taksiyə də mindik, dedim görüm bunlar nə
təhər sürürlər – eynən bizdəki kimi, sadəcə
olaraq bizlərdən bir balaca səliqə-sahmanlıdılar.
Taksi şoferi (türklər demiş) şirin
bir oğlan idi. Mən qabaqda, Rəşadla
Xəyal isə arxada oturmuşduq. Birdən taksi
sürücüsünə dedim:
- Əfəndim, sən çox şirin oğlansan.
Sürücü
bozardı:
- Hocam,
banamı söylüyorsun? – Yüngülvari əsəbləşdi
də.
- Bəli,
– dedim.
Rəşadla
Xəyal Türkiyə tükcəsiylə işə
qarışandan sonra hər şey qaydasına
düşdü, azərbaycanlı olduğumu bilib
güldü də...
Sən
demə, Türkiyədə şirin oğlan, bizim Bakıda
gecəyarı Tblisi prospektində peyda olan üzdəniraqlara
deyirmişlər... Mən nə bilim ki?..
Bəlkə də pərtliyi tam aradan götürmək
üçün Xəyal Rza gözəl bir “Sarı gəlin”
də oxudu.
Sürücünün diqqətini iki yerə
şaqqalamışdılar - yarısı yolda,
yarısı da Xəyalın oxumağında idi. “Sarı gəlin” sarala-sarala sona yetən kimi biz də
mənzil başına çatdıq. Sürücü
dedi ki, əfəndim on səkkiz lirə. Mən dedim ki, yox, səkkiz
lirə.
- Niyə?
– soruşdu.
-
Şarkıya qulaq asdın... On lirəlik.
Mən də səkkiz verirəm.
- Şaka yapıyorsan, əfəndim.
- Şaka
yapmıyorum... – dedim.
Sürücünün pulunu verib otelə qalxdıq.
Bakıya dönməyimizə bir gün qalmış
İlisam başkanı Mehmet Nuri Barmaksızın Ankaranın
Gölbaşındakı villasında qonaq olduq.
Açığını deyim ki, Azərbaycan mətbəxi
bütün dünyanın ağzının
dadı-tamıdı. Birləşmiş dünya mətbəxi
bizimkinin yanından belə keçə bilməz – qardaş
türk mətbəxi də onun içində olmaq şərtilə.
Burda yarpaq dolmasını soyuq qəlyanaltı
kimi süfrəyə düzürlər – içində ət-filan
da olmur. Bizim Qarabağda buna dən
dolması deyirlər, özü də süfrəyə
isti-isti gəlir. Çörəyi çox az yeyirlər, biz çörəkdən korluq
çəkəndə istəyirdik – sağ olsunlar, verirdilər.
Ancaq ədalət naminə onu da deməsəm,
imanımı yandıraram. Öz
villasının həyətində Mehmet Nuri Barmaqsız, Adana
kababı deyilən, bizim lüləkababa oxşayan elə bir
şey ortaya çıxardı ki, barmaqlarını yala –
çox ləzzətli idi.
Burda da əvvəlki görüşlərimizin
davamı olaraq söhbətləşdik desəm,
yanılmaram.
Bir
gün əvvəl İstanbuldan Ankaraya, bacısı
balasının düyününə (toyuna) gəlmiş
müğənni Mehmet Özkaya da üç nəfər
türk xanımı, karısı (arvadı), bacısı və
bir tanışı ilə özünü mərasimə
yetişmişdi. Onu görmək hamıya
xoş oldu. Mən ona dedim:
- Sən
Mehmet Özkaya deyilsən!
- Bəs
onda mən kiməm? – soruşdu.
- Sən Mehmet Özkaya deyilsən, sən Mehmet
Benimkayamsan.
Xoşallandı...
Onu da kiməsə oxşatmışdım,
ancaq tapa bilmirdim; indicə tapdım; eynilə
respublikamızın xalq artisti Rafiq Əzimov.
Rəşadla Xəyal da mənimlə yüz faiz
razılaşdı. Hətta Rəşad zarafatla məni təbrik
də elədi. Çünki, neçə
gündür onların da başını xarab eləmişdim
ki, siz də fikirləşin də, görün bu Mehmet
Özkaya kimə oxşayır. Əgər
buna problem demək olarsa, bu da, öz-özünə həll
olundu.
Mehmet Nuri Barmaksızın bizim şərəfimizə
verdiyi banketdə Türkiyənin tanınmış bir
neçə yazarı da bizimlə bərabər idi – bu bərabərliyə
sözün birinci mənasında eşq olsun. Bu bərabərliyin bərabərliyində
iştirak edən Əli Akbaşın, Turan Düzün, Hənifə
İşığın Azərbaycan sevgisi
qarşısında elə əriyirdim ki...
Mehmet Nuri Barmaksızın həyat yoldaşı Ayişə
xanımın qonaqpərvərliyinə isə nadir hallarda rast
gəlmişəm.
Ankaradan
Gölbaşına, Barmaksızın villasına yollananda Rəşad
Məcid özünəməxsus bir jest elədi, Ayişə
xanım üçün köklü bir gül kolu aldı və
onların həyətində öz əli ilə əkdi. Buna
ad da qoyduq: Rəşad gülü. Mehmet Nuri Bamaksız da Rəşad
gülünə xüsusi qayğı göstərəcəyinə
elə ordaca söz verib dedi ki, gələn dəfə gələndə
bu gülü daha böyük görəcəksiniz və onu
da görəcəksiniz ki, bu gül Rəşad Məcidə
oxşayır – belə bir öhdəlik də
götürdü.
Gölbaşında bir-birinə bənzəyən,
müxtəlif memarlıq üslubunda tikilmiş möhtəşəm
villalar baş alıb gedir – hamısı da görünür,
özü də binövrədən damına qədər. Çünki,
bizdəki kimi hündür, enli hasarlar araya girmir. Bu
cür hasarlar təkcə evlərin deyil, insanların da
arasına girir, onları bir-birindən uzaq salır,
yadlaşdırır, özgələşdirir, buza döndərir...
onsuz da dünyamız çox soyuqdu... Bu
hasarlar, bu cür arayagirmələr, bu soyuqluq bizləri təkrarən
dünyanın buzlaşma dövrünə qaytarmazmı?
Vallah,
qaytarar!
Gölbaşından qayıdanda bir şeyə rast gəldim,
bu, Türkiyənin şəxsən mənə verdiyi
unudulmaz, gözlənilməz bir hədiyəsi idi. Birdən Mehemet Nuri
Barmaksız yolun sağ tərəfində böyük bir
lövhəni mənə göstərdi:
- Hocam, –
dedi, – görün orada nə yazılmış...
Lövhəni
oxudum: Seyran bağları.
-
Nasıldır, Hocam? – dedi.
- Mən
bunu bilirdim, ulu babalarım bunu mənə yuxuda
anlatmışdılar, – söylədim.
- Sən
çox zənginsən, Hocam.
-
Çox zənginəm, – dedim, – mənim Azərbaycanım,
Türkiyəm var, Türkiyəmdə də Seyran
bağlarım...
Türk xanımlarının böyük əksəriyyəti,
özləri demişkən siqaret içirlər, yəni
çəkirlər. Heç istəməzdim bir-birindən gözəl
türk anaları Türkiyənin gələcəyini hisə
versinlər... İnsan balıqdan
güclüdür, balığı tutur, hisə verir, ruslar
demişkən, “kopçyonnaya rıba”, sonra da sərin pivənin
qəlyanaltısına çevrilir. Heç istəməzdim
ki... Türkdən pivə qəlyanaltısı olmaz axı...
Xahiş eliyirəm...
Axşam üstü “İçkale” otelinə
qayıdıb rahatlaşdıq.
Hardasa iyirmi dörd saat vaxtımız
qalmışdı. Mehmet Nuri Barmaksıza onu Türkiyədə ilk dəfə
görən kimi demişdim ki, Mustafa Kamal Paşa
Atatürkün mavzoleyini və
Məmməd Əmin Rəsulzadənin qəbrini ziyarət etməmiş
Bakıya dönən deyiləm, o da söz vermişdi. Rəşad Məcid də, Xəyal Rza da o yerləri
ziyarət etmişdilər, odur ki, onlarsız getməli oldum.
Mehmet Nuri
Barmaksızın mənə qoşduğu bir türk erkəyi
ilə Atatürkün
mavzoleyinə yollandım. Müxtəlif
təhlükəsizlik yoxlamalarından keçib mənzil
başına yetişdik. Türk qardaşımız mənə
dedi ki, Hocam, yaxşı ki, biz bura şənbə-bazar deyil,
adi gündə gəldik, yoxsa mavzoleyi tam dövrə vurmaq
üçün ən azı səkkiz saatımız gedərdi.
Şənbə-bazar olmasa da, bura adamla dolu idi, bəzən
“tıxac”a da düşürdük. İki
saata dövrəmizi başa vura bildik. Şagirdlər,
tələbələr qaynaşırdı. Movzoleydə karaulun dəyişmə protokolunu da
görə bildik – çox maraqlı idi. Atatürkün
iki avtomobili, şəxsən özünün işlətdiyi
topla şəkil çəkdirdim, sonra onun alovlu nitqinə
qulaq asdım. Türk tarixinin dənizdə
və quruda ən möhtərəm, həlledici
döyüşlərini gördüm. Döyüş
vahiməsi adamı basırdı. Güllə
səsi yağışı altında gördüklərim məni
çox təsirləndirdi. Adama elə gəlirdi
ki, bu güllələrin biri də sənə dəyə bilər.
Türk döyüşcülərinin müqəvvaları
canlı əsgərlərdən fərqlənmirdi. Mənə ən çox təsir eliyən
detallardan biri döyüş meydanında yaralanmış, can
verən əsgərin Türk bayrağından bərk-bərk
yapışıb onu dik saxlamasında idi.
Bu müqəddəs
məkan və məqam haqqında onu deyə bilərəm ki,
Atatürkün mavzoleyi nə danışmaqla, nə də
yazmaqla başa gəlməz – yalnız görməklə...
İnandım,
inana-inana əmin oldum ki, özləri özlərindən
muğayat olsalar heç kəs Türkiyəyə bata bilməz,
kim onu batırmaq istəsə özü
batar...
Oranı tərk edəndə məni müşayiət
edən arkadaşımıza zəng gəldi, o təcili getməli
idi – getdi də.
Biz, Aida Zeynalova və mən bir taksiyə minib Məmməd
Əmin Rəsulzadənin dəfn olunduğu qəbiristanlığa
üz tutduq. Məzarlığın işçilərindən qəbirin
yerini soruşduq. Dedilər ki, düz, sonra
sola gedin, qoşa Türk və Azərbaycan bayrağı
görəcəksiniz – Məmməd Əminin qəbri
oradır. Sürücü bizi düz qəbrin
yanına gətirdi. Maşından
düşüb qəbrə yaxınlaşdıq. Məzarlıqdakı
başqa qəbrlərdən də, Atatürkün mavzoleyindən
də fərqli idi – ancaq bu fərqlərin özü də
çox fərqli idi – bildiniz də?...
Qəbrin üstündəki bir qarış
hündürlüyündə və enində olan şəffaf
qutuda Azərbaycan torpağı vardı – üstünə də
yazılmışdı. Məmməd Əminin sinəsinin üstünə bir dəstə
gül qoyub baş əyəndə ağlımdan
ildırım sürətilə gecikmiş bir istək
keçdi:
- Kaş
bu gülləri Bakıdan gətirəydim...
Üçümüz şəkil də çəkdirdik
– Məmməd Əmin Rəsulzadə, Aida Zeynalova və mən.
Qəbrdən
aralanıb taksiyə minəndə Aida Zeynalovanın da,
sürücünün də eşidə biləcəyi bir
tonda dedim:
-
Bakıda görüşənə qədər...
Ankaranın Cebeci Asri məzarlığını tərk
eləyib “İçkale” otelinə qayıtdım.
İyunun birində İlisam başqanı Mehmet Nuri Barmaksız Bakıyha gəlir. Üç gün sonra Türkiyənin tanınmış şair-yazıçıları Azərbaycana təşrif gətirir. Rusiyadan, İrandan, Tatarıstandan, Özbəkistandan, Kiprdən və başqa ölkələrdən də qonaqlar olacaq. İlisamın Azərbaycan nümayəndəliyinin başqanı Xəyal Rzanın dediyinə görə Bakıda, Beyləqanda, Şabranda şeir günləri keçiriləcək.
Sükanı belə saxla!
“Türk Azərbaycan Qardaşlığına Verdiyiniz Katkılardan dolayı Təşəkkür edəriz.
Seyran
Sehavet
Şair və
yazar
Professor,
doktor
Turqut
Göksoy”.
Mənə və səfər yoldaşlarıma
gümüşü məcməyinin ortasında
yuxarıdakı sözlər yazılmış xatirə hədiyyəsi
verdilər – bunun qiymətini ölçmək
üçün heç bir ölçü vahidi kəşf
olunmadığına görə cəhd də eləmədim.
Yüz ildi uzaqdan-uzağa qaynasaq da ürəyimizcə
qarışa bilməmişik. İndi hər şey
öz əlimizdədi – necə deyərlər öz əlimiz,
öz başımız. Dünyada Türk – Azərbaycan
bayrağını elə ucaltmalıyıq ki, bütün
Dünya onun yellənən kölgəsində dincələ
bilsin...
Bakı –
İstanbul – Ankara – Bakı
9-15 may 2017-ci il.
525-ci
qəzet.- 2017.- 8 iyun.- S.7.