Folklorumuzun, dastanlarımızın tədqiqinə həsr olunmuş alim ömrü

 

Azərbaycan folklorunun yorulmaz tədqiqatçısı, "folklorumuzun ilk doktoru", folklor motivlərindən məharətlə istifadə edən dramaturq, ssenarist, tərcüməçi, uzun illər ali məktəblərimizdə folklor fənnini tədris edən pedaqoq alim Məmmədhüseyn Təhmasib (1907-1982) qədim tarixi diyar olan Naxçıvanın Azərbaycan elminə bəxş etdiyi bənzərsiz şəxsiyyətlərdən biridir.

 

"Qaçaq Nəbi" dastanının nəğmələri istifadə olunmuş "Nəbi" kinossenarisi, "Çiçəkli dağ" nağıl-pyesi, "Rübailər aləmində", "Bahar", "Aslan yatağı", "Kəlilə və Dimnə"nin motivləri əsasında qələmə aldığı "Hind nağılı", "Gülən gözlər", "Çiçəklənən arzular" adlı dram əsərləri, "Nizami əsərlərinin el variantları", 5 cildlik "Azərbaycan dastanları", 5 cildlik "Azərbaycan nağılları", "Koroğlu" dastanı, "Molla Nəsrəddin lətifələri", "Ağ atlı oğlan" və digər əsərlər böyük alimin elmi, tərtibçilik, ədəbi və mədəni fəaliyyətinin çox geniş diapozonundan xəbər verir. Bütün bunlarla yanaşı, M.Təhmasib xalqımızın zəngin mənəvi xəzinəsinə dair tədqiqatlarının nəticələrini gənc nəslə çatdırmaq üçün pedaqoji fəaliyyəti də zəruri saymışdır. Ali məktəblərimizdə şifahi ədəbiyyatı tədrisə ilk dəfə o başlamış, Azərbaycan folkloru kursunu bir fənn kimi o yaratmışdır. M.Təhmasib 1945-ci ildə "Mövsüm və mərasim nəğmələri" adlı namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Burada "Ata-baba günü mərasimləri", "Hodu-hodu", "Günəşi dəvət", "Mövsüm nəğmələri", "Səməni nəğməsi bayramı", "Kos-kosa", ümumiyyətlə, adət, ənənə, mərasim və bayram, mərasimlərin sehr və əfsunlar, "Avesta ehkamları", qədim türklərin etiqadları ilə əlaqəsi, falın şeirlə birləşməsi nəticəsində yaranmış "vəsfi-hal"lar və s. haqqında ətraflı, dərindən və sistemli araşdırmalar aparılmışdır. 1965-ci ildə M.Təhmasib "Azərbaycan xalq dastanları (orta əsrlər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bu dissertasiya 1972-ci ildə "Elm" nəşriyyatı tərəfindən Əməkdar elm xadimi, akademik Həmid Araslının redaktorluğu ilə monoqrafiya halında nəşr olunmuşdur. Bu əsər nəinki Azərbaycan folklorşünaslıq elminin, hətta bütövlükdə türkologiya elminin uğuru kimi dəyərləndirilmişdir. Çünki dəyərli alim "Aşıq", "Ozan", "Dastan", "Qəhrəmanlıq dastanları", "Məhəbbət dastanları", "Məcazi məhəbbətə həsr edilmiş dastanlar", "Ailə-əxlaq dastanları" haqqındakı qənaətlərini ümumtürk kontekstindən çıxış edərək təqdim etmiş, dastanların təkcə Azərbaycan yox, bir çox türk xalqlarına məxsus variantları ilə müqayisə və qarşılaşdırılmalar aparılmış, son məqamda isə məsələn, "Koroğlu" dastanının və digər əsərlərin daha çox Azərbaycana məxsusluğuna diqqəti cəlb etmişdır.

 

Şanlı qəhrəmanlıq tariximizi özündə əks etdirən folklorun ən irihəcmli janrı olan dastanlar haqqında "Dastan yaradıcılığımız haqqında", "Dədə Qorqud" boyları haqqında (I məqalə)", "Dədə Qorqud" boyları haqqında (II məqalə)", "Dastanlar", "Bir tarixi həqiqətin eposdakı izləri", "Dastanlarımızın bir növü haqqında" və sair araşdırmaların müəllifi M.Təhmasib doktorluq dissertasiyasında bu janr haqqında yazmışdır: "Azərbaycan dastanları həmişə ümumi şəkildə qəhrəmanlıq və məhəbbət dastanları deyə iki qrupa bölünmüşdür. Mütəxəssislərimiz birinci qrupu bəzən qəhrəmanlıq dastanları, bəzən tarixi-qəhrəmanlıq dastanları, bəzən boy, bəzən qəhrəmannamə, məhəbbət dastanlarını isə bəzən sevgi dastanı, bəzən aşiqanə dastan, bəzən aşiqanə-romantik dastan, bəzən də xalq romanı adlandırmışlar". Azərbaycan dastanlarını qəhrəmanlıq, məhəbbət və ailə-əxlaq dastanları adlandırdığı üç qrupda təsnif edən alim hər qrupun daxilində də müvafiq bölgülər aparmışdır. Məhəbbət dastanlarını isə üç yarımqrupa bölmüşdür:

 

1. Məhəbbətlə qəhrəmanlıq hüdudlarında dayanan dastanlar

 

2. Əsl məhəbbət dastanları

 

3. Məcazi məhəbbətə həsr edilmiş dastanlar:

 

a) Astral dastanlar

 

b) Rəmzi dastanlar

 

Dünyəvi, real məhəbbətə həsr olunmuş pak, təmiz insani hisslərin yüksək bədii şəkildə ifadəsi olan əsl məhəbbət dastanları ilə yanaşı, dəyərli alim məcazi sevgidən, simvolik məhəbbətdən bəhs edən dastanları da fərqləndirməyi məqsədəuyğun hesab etmişdir. "Ümumiyyətlə, astral əsər nədir?" - sualına M.Təhmasibin verdiyi əhatəli və tam aydın cavab diqqəti cəlb edir: "Astral əsər təbiət qüvvələrinin, təbiətdə baş verən hadisələrin, xüsusilə səma cisimlərinin, səyyarə və bürclərin insan şəklində təsəvvürünə əsaslanır. Belə əsərlərdə bəzən tam il daxilində, bəzən ayrı-ayrı fəsillərdə, bəzən isə bir gecə-gündüzə ulduzlar aləmində baş verən hadisələr bədii şəkildə təsvir olunur".           XIV əsrdə yazılmış astral əsərlərin ən yüksək zirvəsi sayılan azərbaycanlı şair, alim, astronom və riyaziyyatçı Əssar Təbrizinin (1325-1390) "Mehr və Müştəri" (1376) əsəri yaranmışdır. Bu əsərin ideya istiqaməti, elmi və bədii dəyəri haqqında özünə qədər aparılan tədqiqatları qeyd etməklə bərabər dəyərli folklorşünas onu astral əsər kimi dəyərləndirmək üçün əvvəlcə qısa süjetini vermiş və beləliklə də bu süjetin şifahi xalq ədəbiyyatımızdakı "Şəms-Qəmər" adlı nağılla və "Mehr-Mah" adlı dastanla sıx əlaqəli olduğu və yaxından səsləşdiyi qənaətinə gəlmişdir.

 

"Mehr-Mah" dastanının çox mürəkkəb süjetilə oxucuları tanış edən M.Təhmasib dastanın müasir xalq dastanları ilə oxşar və fərqli cəhətlərindən danışarkən çox mühüm bir xüsusiyyət qeyd edir ki, bu da dastanın nəzm hissələrində qoşma, gəraylı, xalq mahnılarından başqa qəzəl, müxəmməs və rübailərdən də istifadə edilməsidir. Bildiyimiz kimi, bu xalq dastanlarına aid olan bir xüsusiyyət deyil. Həm bu cəhətinə, həm də çox mürəkkəb, hətta "qarışıq" süjet xəttinə malik olduğuna görə (Əsər 24 qol-məclisdən ibarətdir və burada 50-dən artıq personaj iştirak edir - A.O.) dəyərli alim çox doğru olaraq bu qənaətə gəlmişdir ki, bu dastan eyniadlı yazılı ədəbiyyat əsərinin folklorlaşmış variantıdır. Dastanın Xavər şah (Şərq), onun oğlu Mehr (Günəş), Mah (Ay), Ütarid vəzir və onun qızı (Zöhrə), Bəhram (Mars), Müştəri (Bərcis) planetlər və səma cisimləri ilə bağlı surətlərinə və əsərdə "bir il müddətində təbiətdə baş verən hadisələr simvolik şəkildə təsvir olunduğuna görə" bu dastanın astral əsər olması nəticəsinə gəlinmişdir.

 

 

Digər astral dastanlar kimi "Gül və Sənavər", "Gül və Sineyvaz", "Gül və Suman" kimi nağıl variantları olan "Şahzadə Sənubər" və "Mahmehri ilə Xurşid" dastanlarının süjetlərini müxtəsər şəkildə xatırladan müəllif buna xüsusi ehtiyac olduğunu nəzərə çatdırır. Çünki "həmin əsərlər o zamana qədər bizdə çap edilməmiş, bundan sonra da nəşr olunacağına ümid azdır". Bu dastanların məzmununu qeyd etməkdə müəllifin əsas məqsədi isə astral süjetlərin Azərbaycan yazılı ədəbiyyatında olduğu kimi, şifahi xalq ədəbiyyatımızda da mövcud olduğunu və xüsusilə, dastanlarımız üçün təsadüfi hal olmadığını nəzərə çatdırmaqdır.

 

M.Təhmasib. xüsusilə "Tahir-Zöhrə" dastanının astral əsər olduğunu sübuta yetirmək üçün daha çox bu dastandan bəhs etmişdir. Folklorşünas alim uzun illər boyu aparılan araşdırmaların nəticələri olaraq aşağıdakı dəlilləri irəli sürür:

 

1.Dastanda şər qüvvə kimi təsvir edilmiş Hatəm Sultanın hökmdarı olduğu Qaraman heç bir dövlətlə və ya ərazi ilə əlaqədar deyil, bu, tamamilə simvolik məna daşıyan bir addır: "O, sadəcə qara man, yəni qaranlıq göy, gecə səması deməkdir. Hatəm isə hakim, ağa, sahib deməkdir. Beləliklə, Qaraman hökmdarı Hatəm astral mənada qaranlıq gecə səması deməkdir".

 

2.Dastanın əsas qəhrəmanlarından biri olan Zöhrə isə onun qızıdır. Tahirlə eyni saatda anadan olan Zöhrə atası Tahiri sürgün etdikdən sonra xüsusi bir imarətdə göz dustağı kimi saxlanılmış, Hatəm Sultan öldükdən sonra azadlığa çıxmışdır. "Aydındır ki, bu axşamdan parlaq bir ulduz kimi görünən, sonra yoxa çıxan, bir də ancaq səhərə yaxın görünən Zöhrə ulduzunun antropomorfizmidir. Bu ulduz Şərqdə su, eşq, xoşbəxtlik və gözəllik ilahəsi Nahid (Anahit) və ya çoban kökəbi, çoban ulduzu da adlandırılır. "Zöhrə vəfalı bir məşuqədir, son dərəcə gözəldir, mahir nəğməkardır. Sular ona tabedir. Bu sonuncu, yəni onun sulara hakim olması dastanda, xüsusilə, gözəl işlənmişdir". Belə ki, Hatəm Sultan Tahiri sürgün etdikdən sonra Zöhrəni su kənarında xüsusi bir imarətdə saxlayır. Tahir gəldikdən sonra Zöhrə onu sandığa qoyub onun içində gizlədir ki, onu heç kim tapa bilməsin. İp qırıldıqda sandıq uzağa axıb gedə bilməyir, geri qayıdıb Zöhrədən icazə istəyir və s.

 

3.Dastanın digər əsas qəhrəmanı Tahir isə görkəmli alimin araşdırmalarının nəticəsində aydın olmuşdur ki, Əttar ulduzu, Tair zirvəsi, Tir və ya Müştəriyə çox bənzəsə də, bunların heç biri ilə əlaqəsi yoxdur: "... bizim Tahir-Tair ayın adlarından biridir". Tahir bir sıra əlamətlərinə görə ayı təcəssüm etdirir. O, Günəşin qaranlıq gecəni məhv etməsi nəticəsində Zöhrə ilə qovuşur. Dastanın digər versiyaları, özbək, türkmən, tatar və digər variantları ilə müqayisəli təhlillər aparılmış, fərqli cəhətlər müəyyənləşdirilmiş, özbək variantının XVI əsrdə yaşamış Səyyadi adlı bir şair tərəfindən yazılmış məsnəvi olduğu qənaətinə gəlinmişdir. M.Təhmasib bu variantda astral əlamətlərin çox zəif və sönük, tatar variantının isə daha qədim və astral köklərlə zəngin olduğunu diqqət mərkəzinə çəkmişdir.

 

Dəyərli folklorşünas alimin xüsusi vurğuladığı digər bir məqam isə "Tahir-Zöhrə" dastanının Əssar Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli və digər orta əsrlər Azərbaycan ədəbiyyatının klassiklərinə məlum olması faktıdır. Bu da dastanın yaranma tarixinin düşünüldüyündən daha qədim dövrə aid olduğunu düşünməyə əsas verir.

 

Qeyd etdiyimiz bütün bu dastanlar, onların müxtəlif versiya və variantları üzərində dərin araşdırmalar aparan M.Təhmasib tarixi salnamələrdə, Azərbaycan və Şərq klassiklərinin əsərlərində, müxtəlif məqsədlərlə tərtib olunmuş ayrı-ayrı cünglərdə, Şərq mifologiyasında, "Avesta"da, şərqşünas alimlərin fikirlərində rast gəldiyi məlumatları qarşılaşdırmış, hətta yeri gəldikcə Yunanıstan, İran, Misir, Qafqaz və orta Asiya dastanları ilə müqayisə edilmiş, yekun elmi nəticələr ortaya qoymuşdur. Məhz bu baxımdan M.Təhmasibin çox zəngin və qədim tarixə malik olan mənəvi sərvətimiz olan dastanlarımızın tədqiqi sahəsindəki xidmətləri təqdirəlayiqdir.

 

Professor M.Təhmasib adlarını qeyd etdiyimiz fundamental əsərləri və həcminin genişliyi və araşdırmalarının dəqiqliyi, əhatəliliyi ilə diqqəti cəlb edən elmi məqalələri ilə Azərbaycanda folklorşünaslıq elminin yeni bir mərhələsinin əsasını qoymuş, məktəb formalaşdırmışdır. Bu məktəbin davamçıları folklorun istənilən janrının tədqiqində ustadlarının obyektiv nəticələrindən də bəhrələnmişlər. Onu da qeyd edək ki, M.Təhmasib təkcə dastanlarımızın tədqiqinə deyil, həm də toplanması işinə də xüsusi əhəmiyyət vermişdir. 1938-1965-ci illər ərzində o, müxtəlif aşıqlardan "Abbas-Gülgəz", "Alıxan-Pəri", "Qaçaq Kərəm", "Qurbani-Pəri", "Ordubadlı Kərim", "Gül-Sənubər", "Cəlali Kürdoğlu", "Tahir-Zöhrə" və s. dastanlar da daxil olmaqla, 100-dən çox dastan toplamışdır. "Həyatını folklor nümunələrinin toplanması və tədqiqinə həsr etmiş görkəmli alim, professor Məmmədhüseyn Təhmasib Azərbaycan xalqının tarixini, həyat tərzini, mənəvi dəyərlərini ifadə edən ən müxtəlif regionlara səpələnmiş folklor nümunələrini toplayıb ümumiləşdirməklə yanaşı, xalq yaradıcılığının mənalar aləmini, bədii xüsusiyyətlərini də böyük ustalıqla açmışdır". Onun Aşıq Şəmşir, Aşıq Ələsgər və digər el sənətkarları, İmadəddin Nəsimi, Yusif Vəzir Çəmənzəminli, Cəfər Cabbarlı kimi tanınmış Azərbaycan ədiblərinin folklorla əlaqəsi haqqındakı araşdırmaları bu gün də elmi dəyərini qoruyub saxlamaqdadır.

 

Aygün ORUCOVA

AMEA Naxçıvan Bölməsinin əməkdaşı Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2017.- 8 iyun.- S.6.