Molla Pənah Vaqifin sənətkarlığı
və gözəllik anlayışı
Böyük şairimiz Molla Pənah Vaqiflə
aramızda üç əsrə yaxın bir zaman kəsiyi
olsa da, lirikasındakı sadəlik, doğmalıq və xəlqlik
onu bizim müasirimizə çevirə bilib.
Onun şeirlərindəki şirinlik,
axıcılıq, lakoniklik, milli dilimizin saflıq və təmizliyini
özündə ehtiva etmək xüsusiyyətləri
poeziyasının əbədiyaşarlığını təmin
edib və bu gün də oxucular tərəfindən sevilə-sevilə
oxunmasını şərtləndirib.
Zəmanəsinin
ictimai xadimi, xalq arasında böyük nüfuz sahibi şair
Molla Pənah Vaqif
zaman-zaman ədəbiyyatşünas alimlərimizin,
mötəbər şair və
yazıçılarımızın diqqət mərkəzində
olub.
Hələ
keçən əsrin əvvəllərində görkəmli
ədəbiyyatşünas Firudin bəy Köçərli
Vaqifin yaradıcılığından geniş söz
açıb, onun poeziyasının incəlikləri ilə
oxucuları tanış edib. Sonrakı
dövrlərdə akademik Həmid Araslı, professor
Araz Dadaşzadə və lap bu yaxınlarda akademik, millət vəkili
Nizami Cəfərov Vaqif haqqında yaddaqalan tədqiqat əsərləri
ortaya qoyublar.
Vaqif poeziyasından danışarkən böyük
şairimiz S.Vurğunun Vaqif şəxsiyyətinə və
poeziyasına vaxtilə verdiyi qiymətdən sərf-nəzər
etmək mümkün deyil.
S.Vurğun hələ gənc vaxtı, yəni keçən
əsrin 30-cu illərin əvvəllərində Şuşada
olmuş və böyük şairin məqbərəsini ziyarət
etmişdi. O,
məqbərənin bərbad halda olduğuna, ot-ələf
basmış qəbir daşlarına diqqət yetirərək
demişdi: "Ustad, vaxt gələcək mən səni
dirildəcəyəm". Ürək
ağrısıyla dediyi bu sözlər şairin Vaqifin həyat
və yaradıcılığına həsr olunan məşhur
mənzum pyesinin yaranmasına yol açdı.
S.Vurğunun Vaqif poeziyasına sevgi və rəğbəti
rus poeziyasının şah əsəri sayılan "Yevgeni
Onegin" poemasının Azərbaycan dilinə tərcüməsində
də özünü göstərib. S.Vurğun bu poemanı tərcümə
edərkən yazmışdı:
Axıtdım
alnımın inci tərini
Yanmadım
ömrümün iki ilinə
Rusiya
şeirinin şah əsərini,
Çevirdim Vaqifin şirin dilinə.
Vaqif yaradıcılığına və şəxsiyyətinə
qarşı məhəbbət böyük tarixi romanlar müəllifi
Y.V.Çəmənzəminlinin də diqqətini çəkmiş
və məşhur "Qan içində" romanının
yazılmasına səbəb olmuşdu. Bu zaman daha
çox tarixi həqiqətlərə sadiq qalan yazıçının
Vaqifin faciəli taleyinə acıyaraq onu oxuculara
çatdırması xüsusi maraq doğurur.
Gəlin
açıq danışaq ki, Vaqifi öz müasirləri, yəni
M.V.Vidadi, S.Təbrizi və
başqalarından, sonrakı əsrlərdə yaşayan
Q.Zakir, S.Şirvani, S.Nəbati, X.Natəvan və digərlərindən
fərqləndirən təkcə onun poeziyanın spesifikliyi
yox, məhz onun dilidir. Çünki onun şeirlərində ərəb
və fars tərkibləri yuxarıda
dediyimiz şairlərə nisbət baxımından azdır. Vaqif poeziyasında dilin təmizliyi,
saflığı, aydınlığı qorunur və bu
şeirlərindəki sözlər hamı tərəfindən
aydın başa düşülür.
Vaqif qoşmalarında milli folklor ənənələrimizdən
süzülüb gələn qəliblər, rədif, təkrir
və bənzətmələr yerli-yerində işlənərək
özünəməxsus keyfiyyət əmələ gətirir,
seçilir və oxucunu özünə cəlb edir. Burada Qurbaninin, Aşıq
Valehin, Tufanqanlı Abbasın, Xəstə Qasımın isti nəfəsləri
duyulur. Bu, məhz belə də olmalıdır.
Çünki Vaqifin özündən əvvəlki
aşıq və xalq yaradıcılığını
bütün varlığı ilə əxz etməsi onun
qoşmalarından hiss olunmaqdadır.
Şairin
şeirlərində eyni sözün təkrar olunması
cansıxıcı olmur, onlar müxtəlif məna
çalarları yaradır və təkrir səviyyəsində
oxucunun zövqünü oxşaya bilir:
Bir fitnə
fellinin, üzü xallının
Bir şirin dillinin qurbanıyam mən.
Bir qənd
məqallının, ləb zülallının,
Bir ağzı ballının qurbanıyam mən.
Vaqif gözəlliyi təsfir edərkən təkcə
zahiri gözəlliyi vəsf etmir, o bununla yanaşı gözəlin
ağıllı, kamallı olmasını vacib sayır. O, sevgilisinə sadiq olan vəfalı
gözəli bəyənir və onu nümunə göstərir:
Gözəl
gərək əl götürə cəfadan,
Ləzzət
görə hər dəm zövqü səfadən
Vaqifəm,
qaçaram mən bivəfadən,
Qurbanıyam bir vəfalı gözəlin.
"Baxmaram" rədifli qoşmasında şairin
gözəldən tələbi daha ciddidir. Onun fikrincə,
gözəl yalnız öz istəklisinə, aşiqinə
diqqət yetirməli, xalq deyimində olduğu kimi,
"gözüdağınıq" olmamalı, ancaq öz
yarını sevməlidir. Demək, şair xarici gözəlliklə
daxili gözəlliyin-ağlın, kamalın vəhdətdə
olmasını qabartmaqla hər bir gözəldə belə
bir xüsusiyyətin olmasını istəyir:
Harda
görsən bir sevgili kimsənə,
İstər
ki, xəyalım tez ona dönə,
Mənim
yarım gərək baxa bir mənə,
Qeyri üzə baxan yara baxmaram.
Vaqifin gəldiyi əsas qənaət budur ki, gözəllərin
heç də hamısı ağılın səsinə
qulaq asmır, onların bir çoxu surətpərəst və
yüngülxasiyyətli olur. Belə gözəllər
fitnəkar və etibarsız olur.
Bu cür xətəkar gözəllərdən uzaq olmaq
lazımdır. Şairin fikrincə, əsl qadın həm
sifətdən, həm də kamaldan gözəl
olmalıdır. Məhz belə gözəl
aşiqinə sadiq qala bilər. İnsan ancaq vəfalı
bir gözəllə xoşbəxt ola bilər.
Kamallı
gözəldə xəta kəm gərək,
Sevgi gərək,
söhbət gərək, dəm gərək,
Aşiqə
vəfalı bir həmdəm gərək
Həmdəmsiz
bal yesə, ona ağıdır.
Vaqif
poeziyasında, xüsusən də qoşmalarında onun lirik
qəhrəmanları dini fanatizmdən çox uzaqdır. O, köhnə
adət-ənənələrin buxovundan xilas olmaq tərəfdarı,
ağzını-üzünü bürüməyin heç
də əxlaqi kriteriyanın göstəricisi
olmadığı düşüncəsindədir.
Şairin gəldiyi qənaətə görə
qadının, illahda ki, gözəlin üzü açıq
olmalı, o heç kimdən və heç nədən gizlənməməlidir. Şairə görə
insanlardan qaçmaq, üzünü bürüyərək
gizlətmək heç də əxlaqi norma
sayılmır.
Gözəllik insanda xoş ovqat yaratmağa xidmət etməli,
insan isə bu gözəlliyi görüb qiymətləndirməlidir.
Əvvəl
gözəllərdə gərəkdir çağlıq,
Ondan sonra
ola sadəlik, ağlıq,
Nə
ağzında yaşamaq, nə üzdə yaylıq,
Çirkinlik üzünü bürüyəndədir.
Bildiyimiz kimi, Vaqif məhəbbət şairidir. Onun
lirikasının, xüsusən də qoşmalarının
çoxusu məhəbbətdən, real gözəlin təsvirindən,
qadın gözəlliyinin xarici və daxili aləminin
ecazkarlığını bədii boyalarla əks etdirir.
Şairin poeziyasında təqdim olunan gözəllər
mücərrəd deyil, real həyatda rast gəldiyi,
qarşılaşdığı insanlardır.
Onun təsvir və tərənnüm etdiyi gözəlləri
təsəvvür etməyə ehtiyac yoxdur. Bu qadınlar
o qədər canlı və füsünkar şəkildə
təsvir olunur ki, həmin lirik qəhrəmanlar sanki oxucu ilə
təmasdadır və onun gözü önündə
canlanır. Mənə elə gəlir ki,
bu cəhət rəssamların işini
asanlaşdırır. Bu şeirləri hər hansı
bir rəssam oxuyarsa, qeyri-ixtiyari olaraq nəzərdə
tutduğu bir qadının rəsmini çox asanlıqla
yarada bilər:
Qaşı
tağ-tağ gərək, qabağı nazik,
Ağzı,
burnu, dili, dodağı nazik,
Baldırları
yoğun, ayağı nazik,
Var əndamı dolu olur gəlin.
Vaqifin şeirlərində həyat eşqi, nikbinlik,
dünyanın necə deyərlər, zövqü səfasından
lazımınca kam almaq hissi güclüdür. O, oxucunu gözəlliyi
müxtlif rakuslardan vəsf edən bu yığcam, lakonik
şeirlərində insanları həyatı sevməyə,
yaşamaqdan ləzzət almağa səsləyir. Dilin sadə və aydınlığı, canlı
xalq dilindən gələn ifadələr və frazeoloji birləşmələr
Vaqif şeirlərinin bədii təsirini artırır və
onu oxunaqlı edərək tez yaddaşlara həkk olmasına
köməklik göstərir.
Qeyd etdiyimiz kimi, M.P.Vaqifi istər sələflərindən,
istərsə də xələflərindən fərqləndirən,
poeziyasını oxunaqlı və uzun ömürlü edən
əsas spesifik cəhət onun sadə xalq danışıq
dilində yazması, canlı xalq deyimi və ifadələrindən
ustalıqla yerli yerində istifadə etməsidir. Vaqifi
üç əsrdən artıq bir zaman bizdən ayırsa
da, onun şeirlərində işlənən bir sıra
söz və ifadələr arxaiqləşməmiş, əksinə,
bu gün də ümumxalq danışıq dilimizin leksikonuna
daxil olmaqla fəal şəkildə işlənməkdədir.
"Təzmək" - (yəni azmaq mənasını
verən - E.S.) "təzə-təzə"
sözü, "gəzərsiz əli
çıraqlı", "ləbindən nuş etmək",
"Çəkilsin üstündən duman",
"qaş-qabağını tökmək",
"bağrım şana-şana", "Qoydu məni yana
yana", "Qamətim əyilib yaya dönmüşəm",
"Cəllad tək gözləri alsa canımı",
"Canım çıxdı", "Gözəl olan məgər
başın dik tutar" və digər yüzlərlə belə
ifadə və təkiblər istər ədəbiyyatımızda,
istərsə də xalq arasında bu gün də işlənməkdədir.
M.P.Vaqifin poeziyasında, xüsusən onun lakonik şəkildə
təqdim etdiyi qoşmalarında bədii təsvir vasitələrindən
çox istifadə olunmuş və elə bunun nəticəsidir
ki, obrazlı deyim tərzi oxucunu yormur, onu sehirləyir.
Qoşmalarda işlənən, rədif, epitet, təkrir,
təşbeh, mübaliğə, kiçiltmə və digər
bədii təsvir vasitələri şeirlərin bədii təsirini,
emosionallığını artırır. Fikrimizi bir
neçə gətirdiyimiz misallarla əsaslandırmaq istəyirik.
Kiçiltmə
(litota):
Günəş
camalından gül yanaq ilən,
Mən incəlib yengi aya dönmüşəm.
Və ya
Qəm
evində saldın küncə Vaqifi,
Eylədin muyindən incə Vaqifi.
Mübaliğə:
Yarım
xəyalilə bu gün mən şadəm,
Qəribliyə
düşsəm, qan ağlar didəmə...
...Mələkdən
də səni billəm ziyada
Tay etmərəm heç insana mən səni.
Təşbeh:
Qaşı
yay, çeşmi şux, müjganları ox
Bir kipriyi
oxlu, qaşı kamanlı...
...Qərib-qərib
durduq biganələr tək,
Soyuq-soyuq baxdıq divanələr tək.
Təkrir:
Üz
yanında tökülübdür tel nazik,
Sinə meydan, zülf pərişan bel nazik.
Ağız
nazik, dodaq nazik, dil nazik...
...Həsrətindən Vaqif düşdü dərdə,
gəl.
Heç əylənmə
irəlidə, gerdə, gəl...
...Oturuşun
gözəl, duruşun gözəl,
Sallanışın
gözəl, yerişin gözəl,
Xoyun,
xülqun gözəl hər işin gözəl...
Epitet:
...Ağ əllərin
əlvan hənadən, Pəri!..
...Ala
gözlü, sərv boylu dillərin...
...Qələm
qaşın qabağından öpeydim...
...Qara
telli bir xətalı sevmişəm,
Şəkər
dodağında balı sevmişəm...
Vaqifin əksər qoşmaları məhəbbət
mövzusunda yazılsa da, onun digər mövzuda yazılan
qoşmaları da yox deyildir.
"Hayıf ki, yoxdur", "Durnalar", və
"Bayram oldu..." qoşmaları bu baxımdan maraq
doğurur.
Şair ana vətənimizə xüsusi yaraşıq
verən Kür qırağı və onun ətrafındakı
meşələrin, çəmənlərin, səfalı
bulaqların əsrarəngiz mənzərəyə malik
olmasını mədh edir. Bu səfalı yerlərdə
dincəlməyin özgə bir aləm olduğunu
"Hayıf ki, yoxdur" rədifli qoşmasında önə
çəkir. Ancaq bu ətraf kənd və obalarda
insanların kasıb yaşamaları, onların müəyyən
çətinlik çəkmələri şairin diqqətindən
yayınmır. Sanki şair gözəl təbiətə
malik olan yerlə insanın yaşayış tərzi
arasında müəyyən tarazlığın pozulması məqamını
göstərməklə kontrast yarada bilir:
...
Qış günü qışlağı
Qıraqbasanın,
Gözüdür
Aranın, cümlə cahanın,
Belə
gözəl yerin, gözəl məkanın
Bir gözəl obası, hayıf ki, yoxdur".
Azərbaycan zəngin kulinariyası və mətbəxi
ilə haqlı olaraq fəxr edir. Məişətimizdə bu günlər
ən çox işlətdiyimiz düyü, yağ, motal
pendiri, noğul, şəkər, qənd və zoğalın
"Bayram oldu..." misrası ilə başlayan
qoşmasında verilməsi Vaqifi bizə müasir edir və
üç əsr bundan əvvəl leksikonumuza daxil olan
sözlərin bu günlər ümumxalq danışıq
dilimizdə tez-tez işlənməsi şeirin
aktuallığını artırır. Məsələn
:
Allaha
bizmişik naşükür bəndə,
Bir
söz desəm dəxi qoymazlar kəndə,
Xalq
batıbdır noğla, şəkərə, qəndə,
Bizim evdə axta zoğal da yoxdur.
O sənətkar
xoşbəxtdir ki, cismən həyatda olmasa da, sənəti
ilə, şəxsiyyəti və qoyub getdiyi əbədi
irsilə könülləri fəth edərək
xalqının qəlbində yaşamaq haqqı qazanır. Vaqifin lirikası çağdaş
dövrümüzdə müğənnilərin, məktəblilərin,
gənclərin dillər əzbəridir. Özünə
əbədi ölməzlik ömrü qazanan M.P.Vaqif poeziyası nəinki
üç əsr, daha çox əsrlər boyu Azərbaycan
xalqının bədii zövqünü oxşayacaq və
neçə-neçə ədəbi nəslin
formalaşmasında rol oynayacaq.
Ehtiram
SƏFƏROV
Filologiya üzrə
fəlsəfə doktoru
525-ci qəzet.- 2017.- 9 iyun.- S.4.