İsa Muğannanın “Türfə” romanı niyə çap olunmurdu...

 

 

 

Azərbaycan ədəbiyyatında magik realizmin yaradıcısı filosof yazar İsa Muğanna yaşasa idi, iyunun 12-si 89 yaşı olurdu və onun 90 illiyinə birgə hazırlaşacaqdıq.

 

Etiraf edək ki, 86 il ömür sürmək hər kişininin işi deyil. Buna baxmayaraq, bu cür insanların ölümü həmişə kədər və təəssüf hissi yaşadır insanlara. Çünki İsa Muğanna kimi dahilər bir ailənin yox, mühitinin sevimlisinə və dəyərlisinə çevrilməyi bacaranlardır.

 

İsa Muğannanın “Məhşər” romanından sonra  yaradıcılığında başlayan yeni era “Türfə” romanı kimi böyük bir əsəri ilə yekunlaşmışdı. Ədəbiyyatımız İsa Hüseynov yaradıcılığında Cəlil Məmmədquluzadə təsirini qeyd edirdilər və bununla Muğannanın özü də razı idi. Amma İsa Muğanna kimi yazdığı əsərləri bütün ədəbi-bədii tərəfləri ilə Cəlil Realizmindən uzaqlaşmış, Nəsimi, Cavid romantikasını qucaqlamışdı. Yəqin Ustad sənətkarın gəldiyi qərar da belə idi ki, bəşəriyyəti realizm yox, romantika qurtara bilər.

 

Böyük ustad sənətkar İsa Muğanna “Türfə” romanının əlyazma variantının sonunda romanın yazılma tarixini 20.02.2009 kimi qeyd etmişdi, amma 2015-ci ilə qədər çap olunmayan bu mistik romanı - Əsəri - “Türfə”ni çapa hazırlayıb oxuculara təqdim etmək mənim qismətimə düşməsinin misilsiz sevincini yaşamışam. Bir zamanlar  müsahibələrinin birində ömür-gün yoldaşı Firuzə xanımın “bəlkə də, bu romanın çapını görməyə İsa Hüseynovun ömrü çatmayacaq” fikrinə yazıçının “Mənim sağlığımda çap olunmalıdır”,- deməsi ilk baxışda baş tutmamış arzu kimi görünə bilər, lakin söhbətlərimizin birində Firuzə xanımın “kaş Allah mənə o qədər ömür verə idi ki, İsa ölənə qədər ona özüm qulluq edərdim” fikrinə “o, mümkün deyil, çünki mən əbədi yaşayacağam”,- deyib gülümsəməsi onu ifadə edir ki, bəli, Muğanna ölməyib,  əbədi yaşayır və bu gün də Əsərinin çapını görüb sevinir.

 

“Ədəbiyyat gözü ilə baxanda “İdeal” mücərrəd görünür. Lakin “İdeal” romanı çap olunduqdan sonrakı şəxsi həyatı və yaradıcılığı göstərdi ki, İsa Hüseynov bu qəbildən olan əsərlərində inandığı və hətta yaşadığı dünyanı təsvir edir”.

 

Akademik İsa Həbibbəylinin İsa Muğanna haqqındakı yuxarıdakı fikrini onun “Türfə” romanına da aid edə bilərik. Çünki bütün əsərlərində olduğu kimi çap olunma problemi yaşayan bu əsər “İdeal”dan sonrakı yaradıcılığında ideyalarının təqdimatı baxımından çox önəmlidir.

 

“Türfə” Əsərinin Muğannanın cismani sağlığında çap edə bilməməyimin yeganə səbəbi Əsərin əlyazmasının özündə də qalmaması idi. Bir gün mənə dedi ki, İntiqam Qasımzadəyə (“Azərbaycan” jurnalının baş redaktoru) verdiyim nüsxə Nizamidədir (o zaman hələ AMEA-nın müxbir üzvü olan, akademik Nizami Cəfərovu nəzərdə tuturdu). Nizami müəllimlə görüşüb romanı istədim. İsa Muğannaya olan rəğbətimi bilən Nizami müəllim sorğu-sualsız verdi. Nadir bir tapıntı əldə etdiyimin fərqində idim. Onun bütün oxucuları kimi, SafAğ elmi konsepsiyasında yazılan yeganə əsəri idi ki, oxumamışdım. Ətrafında o qədər söz-söhbət gəzirdi ki, sanki bunu tapıb oxumaq bir həyatı məsələyə çevrilmişdi. Müsahibələrinin birində “Amma əsərlərimin hamısı çap olunmayıb. Bir povestim çap edilməyib. Orda çox ciddi məsələlər qaldırmışam. O povest çap olunsa, bizim həyatımızda böyük dəyişiklik ola bilər. “Azərbaycan” jurnalına təqdim etdim, İntiqam Qasımzadə bildirdi ki, sən bu əsərlə inqilab edirsən, bunu çap etsək, başım bəla çəkər. Bu əsəri bir alimə oxumaq üçün verdim. O alim də dövlət təhlükəsizlik orqanında işləyirmiş, aparıb verib ora. Onlar da mənə deyirlər ki, əsərin çap olunacaq. Nə vaxt çap olunacaq, bilmirəm. Ancaq özlərinin işçiləri var ki, ədəbiyyatla maraqlanırlar, elmli adamlar kimi tanınırlar, onlar hamısı bunu oxuyublar” deməsi, Xalq şairi Zəlimxan Yaqub demiş, “sirr qoxuyan” kişinin sirr qoxuyan əsərinin dəyərini bir daha artırırdı.

 

Sonra, əlbəttə ki, həyat yoldaşı Firuzə xanımla, qızı Sevinc Muğanna ilə məsləhətləşdim. Firuzə xanımın sevinclə qarşılaması və bunu hökmən etməli olduğumuzu deməsi ilə əsəri 2015-ci ildə oxuculara təqdim etdik.

 

Roman ətrafında çoxlu söz-söhbət gəzir indiyə qədər. Çap edilməməsində də səbəb cəmiyyətimizin həssaslığını nəzərə almaq idi. Çox maraqlıdır ki, romanın məndə olan əlyazmasının üzərində bir parça kağızda “Qocaman yazıçımız İsa Muğannanın bu əsəri redaksiyamızda böyük mübahisə doğurdu. Buna baxmayaraq, ədibin çoxillik yaradıcılığını nəzərə aldıq və əsəri olduğu kimi çap edib oxucuların müzakirəsinə verməyi lazım bildik (redaktor)”,- yazılmışdır. “Azərbaycan” jurnalına verildiyi üçün yəqin ki, bu qeyd, İsa Muğannaya böyük hörməti olan redaktor İntiqam Qasımzadəyə aid idi. Amma nədənsə roman jurnalda çap edilmədən akademik Nizami Cəfərova qaytarılmışdı.

 

Əsərin əlyazmasının üstündə iki qeyd daha var idi: Biri İsa Muğannaya, biri isə Firuzə Muğannaya idi.

 

İsa Muğannanın “Nizamiyə” adlı kiçik qeydi belədir:

 

Əzizim! Mən bütün aydınlığı ilə dərk edirəm ki, bu əsərin çapı çox çətindir. Bununla belə, sənin şəxsiyyətini, imkanlarını bildiyimə görə nə isə dumanlı bir ümidlə əsəri sənə göndərirəm. Oxu, görək başımıza nələr gəlir.

 

İsa.

 

P.S. Bu kiçik əsərin çapı inqilaba bərabərdir.

 

Ehtimal etmək olar ki, bu kiçik qeyd əsər Nizami Cəfərova ilk dəfə göndərəndə yazılmışdır. Əsərin çapının gecikdiyini görən Firuzə xanımın akademik Nizami Cəfərova yazdığı məktub isə çox mətləblərdən xəbər verir. Çünki Firuzə xanım həyat yoldaşına nə qədər rəğbətlə və heyranlıqla inanırdı, bunu hamımız yaxşı bilirik. Məhz bu olmalı idi İsa Hüseynovu Muğanna edən böyük amillərdən biri də.

 

İsa Muğannaya aid qeydlər

 

İsa nə qədər böyük yazıçıdırsa, bir o qədər də böyük insandır. Altmış illik birgə həyatımızda ondan bir kəlmə də acı söz eşitməmişəm.

 

Atalarımız dünyalarını çox erkən dəyişdilər. Altı uşaq İsanın anası Xədicənin, altı uşaq da mənim anam İnşanın yanında qaldı. Böyük məhrumiyyətlər, dəhşətli kasıblıq içində on iki uşaq böyütdük. Təhsil verdik, evli-eşikli elədik.

 

Uşaqlar haqqında danışmağımın səbəbi var.

 

1968-ci ildə alihəzrət Dəmirəlin zamanı başlandığında, Azərbaycan yazıçı nümayəndələrinin tərkibində Türkiyəyə getdik. İstanbulu, İzmiri, Ankaranı, Bursanı və sair yerləri gəzdik, Bolu bəyin kəndini, Koroğlunun Çənlibelini gördük. İstanbula qayıdanda məscidləri gəzdik. Ayasofiya məscidində İsa üzünü göyə tutub dedi: “Biz çoxlu uşaq saxlamışıq, özümüzə övlad istəməmişik. Mən səni tanımıram. Əgər varsansa, Firuzəyə bir övlad ver. Oğlan da istəmirəm. Bircə qız. Bircə qız!” (Tanrı ailəyə yeganə övladı Sevinc Muğannanı 19 ildən sonra bəxş etmişdir - Ş.S.)

 

Hotelə qayıtdıq. Yorulmuşdum, divanda uzanıb yatdım. İsa kresloda oturdu. Bir azdan məni oyadıb dedi: “İndicə, ayıq-sayıq vaxtımda bir altı-yeddi aylıq, gözəl, gombul qız uşağı gördüm. İməkləyib gəlib dizlərimdən yapışdı, qucağıma mindi, burnunu boğazıma söykəyib mışıl-mışıl nəfəs aldı.  Səni oyatmaq istədim, uşaq yox oldu. Nəfəsini indi də boğazımda hiss edirəm. Qızımız olacaq”. Mən inana bilmədim. Bakıya qayıtdıq. Bir ildən sonra İsanın o gördüyü qız - Sevincimiz doğuldu. Bundan sonra mənim həyatıma fərəh gəldi. İsanın da işləri yaxşılaşdı. Dalbadal əsərləri çap olundu. İsa məni Rusiyanın şəhərlərində kurort zonalarında gəzdirdi. Bolqariyada, Qara dəniz sahillərində, Pribaltika ölkələrində, bir neçə Avropa ölkəsində gəzdirdi. Sonra isə birdən-birə ruhi xəstəliyə bənzər bir cür anlaşılmaz xəstəliyə tutuldu. Daha sonra xəstəlik qurtaranda yetmişinci illərdə çox qəribə hadisə baş verdi: İsa birdən-birə kainatla bağlandı, özünün dediyi kimi, EySarla danışmağa başladı. EySar, İsUsun, İsa peyğəmbərin həqiqi adı - odu - rütbəsidir. “Ey” Uca deməkdir. “Sar” - hökmdar deməkdir. EySar - uca hökmdar deməkdir. Bu Od - Həqiqət qədim türk dilində - Odər dilindədir. EySar İsaya Odər dili öyrətməyə başladı. Odər dilində indiyə qədər heç yerdə, heç kəsə məlum olmayan məlumatlar verməyə və tamam yeni ruhda əsərlər yazmağa kömək etdi. “İdeal” romanı, “Peyğəmbərin möhürü”, “Məhşər” və bir sıra başqa əsərlər belə yarandı. İndi oxuculara təqdim olunan “Türfə” əsəri də bu qəbildəndir.

 

Bu əsərdə “axırıncı peyğəmbər”, “Muhamməd - Məhəmməd”, İslam peyğəmbəri adlandırılan, Odərcə rütbəsi BağHəmOd (Vahid həqiqət bağı) olan nadir insan haqqında həqiqət verilib. İsa şahiddir ki, EySar İşıq gəmisində Yer planetinin üzərində gəzib müşahidələr aparır. Tezliklə vaxt yetişəcək, EySar, BağHəmOdla və rütbəli Odərlərlə birlikdə Yerə enəcək. Mən o günün gələcəyinə inanıram və həyat yoldaşım İsa Muğannanın yazdığı əsərləri təqdir edirəm.

 

Firuzə Muğanna. 03.VII.2009.

 

Məktubdan da görünür ki, İsa Muğanna əsəri 2009-cu il fevralın 20-də bitirib və həmişəki kimi Firuzə xanım oxuyandan sonra aprelin 7-də çapa təqdim edilmişdir. Bu məktub bir də onu sübut edir ki, Firuzə xanım Muğanna yaradıcılığını izləyir, oxuyur və tövsiyələrini verirdi. Bir çox tədqiqatçılar, oxuculardan fərqli olaraq həyat yoldaşı olan Firuzə xanımın da Ustad sənətkarı İsa Muğanna kimi qəbul etmiş, “Hüseynov” təxəllüsündən imtinasını da anlayışla qarşılamışdır. Romanı oxudum və “İdeal” kimi bir roman müəllifinin ikinci bir dalğa yaradacaq əsəri hesab etdim. Əzizə Cəfərzadə hələ 1978-ci ildə “Məşhər”ə yazdığı ön sözdə dediyi kimi “Oxucu özü üçün romanın səhifələrində böyük bir ziddiyyətlər aləmi kəşf edəcək, ictimai fikir və mübarizə tariximizin ən gərgin anları, görkəmli şəxsiyyətləri ilə tanış olacaq”.

 

İsa Muğanna bir yazar idi. Heç bir zaman birbaşa tarixçi, araşdırmaçı olması iddiasına düşməmişdi. Ədəbiyyat nümayəndəsi isə öz fikirlərini deməkdə azad və və sərbəstdir. Qulu Ağsəsin dili ilə desək: “Muğannanın SafAğ və OdAğÜz planetlərinə səfərindən arxayınam; o, gedir və qayıdır. Hətta bəzən gündə 2-3 dəfə. Ancaq geri qayıdanda Muğannanın ayaqları YERƏ DƏYMİR. Yəqin ona görə dedikləri havadan asılı qalır”.

 

Düşüncə inqilabını da, məhz bu cür böyük sənətkarlar yaradırlar. Əminəm ki, oxucular intellektual şəkildə Əsərə yanaşacaq və müəllifin subyektiv (düşünürəm ki, yazarın böyüklüyü məhz onun subyektivliyindədir) fikirlərinə hörmət edəcəklər. İsa Muğannanın dinin batininə enməsi, onu cahil “mollalar”ın əlindən alması və Saf Ağ bir elm kimi təqdim etməsi çox maraqla qarşılanacaqdır, əgər əsər oxunsa...

 

2015-ci il Aprelin 1-də Azərbaycan ədəbiyyatının özünəməxsusluğu ilə seçilən sənətkarı, magik realizm məktəbinin yaradıcısı İsa Muğannanın dünyasını dəyişməsinin bir ili tamam olurdu. Ən böyük, ən yaşlı, ən müdrik, ən sehrli, ən səmimi dostumdan ayrılmaq mənə çətin olmuşdu həmin gün. Əruz elmini mənə öyrədən ustadım Zülfəli Zülfəliyev rəhmətə gedəndən sonra İsa Muğanna ilə tanışlıq həyatımın ədəbiyyatına, fəlsəfəsinə, gündəminə sehrli bir rəng qatmışdı. Bu elə bir sehrli rəng idi ki, dünyanı o rənglə boyasa idilər, gözlərimiz yalnız Ağ görərdi. Həm də Saf Ağ işığı. Elə İsa Muğannanı da mənə bir yazıçı kimi Zülfəli müəllim tanıtmış, “İdeal” əsərini oxumamışdan öncə o danışmışdı İsa Muğannanın sehrli gerçəkliyindən. Sanki onunla bir gün tanış olacağımı da bilirdi.

 

İsa Muğannasız keçirdiyimiz bir neçə il ərzində müxtəlif səviyyələrdə yazıçı haqqında yazılar yazıldı, müzakirələr edildi. Muğannadan danışanlar ya onu anlamayıb, sadəcə böyüklüyünü etiraf edə bildilər, anlayanlar da bu böyüklüyü ifadə edəcək söz və cümlələr tapmaqda çətinlik çəkdilər. Zənn edirəm ki, Muğanna yaradıcılığı üçün ən böyük hadisə “Türfə” romanının çapı idi ki, ona da nail ola bildik.

 

Onunla tanış olduğum bir neçə il müddətində ən az ayda bir dəfə görüşər, dərdləşər, kefin soruşar, yanında olmağa çalışardım. Bütün bu məqamlarda isə İsa-Firuzə bötüvlüyü ilə bir yerdə olurduq. Lakin İsa Muğannanın gedişindən sonra o evə getmək mənim üçün çox çətin oldu. Düzdür, Firuzə xanım, da sanki İsa müəllimin missiyasını üzərinə götürmüşdü, o da mənimlə maraqlanırdı. Bu da o müqəddəs ocağa gedib-gəlməyimi asanlaşdırırdı. Amma hər dəfə Firuzə xanımı görməyə gedəndə sözlərin xirtdəyimdə asılıb qaldığını, tıxandığını hiss edirdim. Bu müdrik Azərbaycan qadınının böyüklüyünü gördüyüm halda, onun İsa Muğanna üçün necə darıxdığının şahidi olub ona necə təsəlliedici nəsə deyərdim?! 60 ildən çox ömrü bir başa vuran bütövun yarısına necə dəstək ola bilərdim. Tək gücüm dinməz, söyləməz, hər dəfə də gözlərinin içinə baxıb yeni çap etdiyimiz kitabı verib, tez də sağollaşıb getmək olurdu vəzifəm. Əvvəlki vaxtlardakı kimi daha yeni nəşrlərə həvəslə baxmadığını, sadəcə “sağ ol, bala” deyib kitabı kənara qoymasını, sonra da əlini çənəsinə qoyub gözünün görə bilmədiyi, beyninin isə çox uzaqlara qədər baxdığı ənginliklərə zilləndiyini hiss edirdim.

 

Firuzə xanım Əhməd Cavadın Şükriyyəsi, Hüseyn Cavidin Müşkünazı kimi İsa Muğannanın Muğanna olmasında sevgi ilə fədakarlıq göstərmişdir. İsa Muğannanın bəşəri mübarizəsində yanında olan bu böyük insanın Muğannaya olan sevgisini bircə kəlmə “İsa” sözünü eşidənlər daha yaxşı anlayar, məncə.

 

60 ildən çox bir zamanda bir evi, bir açarı, bir işığı, bir havanı, bir təbəssümü, bir kədəri bölüşən bu ailə insanlıq tarixi üçün bir örnəkdir. Çünki İsa Muğannanın Muğanna olmasında Firuzə xanımın rolu, əməyi, səyi, səbri danılmazdır. Əslində, bu saydıqlarım birtərəfli olmayıb. Firuzə xanımın son illərin ən böyük arzusu İsa Muğannadan sonra vəfat etməsi idi. Belə də oldu. Deyirdi, ay Allah, sən məni İsadan sonra apar, barı ona sona qədər də olsa, özüm qulluq edim. Bu sözləri deyəndə, bəlkə, Firuzə xanım fərqində deyildi ki, onsuz yastığa baş qoymaq, divanda tək-tənha oturub ağı qaradan çətinliklə seçən gözlərini gah bir nöqtəyə zilləmək, gah da xatirələr yağmurunda islanan gözlərini silmək dünyanın ən çətin zindanı olacaqdı ona. Firuzə xanım böyük məhəbbətini ifadə edirdi “ay Allah, sən məni İsadan sonra apar, barı ona sona qədər də olsa, özüm qulluq edim” cümləsi.  Atası, əri, qardaşı, oğlu kimi sevib əzizlədiyi İsaya kiminsə qulluq etməsinə razı ola bilmirdi. Amma onsuz yaşamağın bu qədər çətin olduğunu bilsəydi, bəlkə də, o, həyata keçmiş duasını geri çağırardı. Elə Muğannasını da. “Şəmil.... İsa üçün darıxıram” deyib qəhərlənmələrini görərək deyə biləyəcəyin bir tikə sözün belə tapılmaması nə qədər soyuq və qan donduran imiş, ay Allah!

 

Muğannası haqqında xatirələrinin səs yazısını yazmağı təklif etdim, razılaşsaq da, bacarmadı. Bir gün zəng edib dedi ki, “Şəmil, bacarmayacağam”.

 

Romanın çap olunması ailəsinin sevincinə səbəb oldu. Ustad sənətkarın qızı Sevinc Muğanna romanın ön sözündə sevincini bu cür izhar edir: “ Sənin də gözün aydın, Göylərdən bizə baxıb gülümsəyən canım Muğannam, “Türfə”n mübarək!”

 

Onu da qeyd edim ki, “Türfə” romanı müəllifin yeganə əsəridir ki, Muğanna ikinci dəfə üstündə işləməyə vaxt və imkan tapmamışdır. Muğannanın əsərlərinə yenidən qayıdaraq düzəlişlər etməsi və ya ümumiyyətlə dəyişdirməsi hamımıza məlumdur. Sadəcə bir variantının qalması və o da əlində olmaması üçün heç nə edə bilməmişdi. Əminəm ki, roman əlində olsa idi, biz yenidən çapa verəndə hökmən yeni əlavələr edəcək və ya nələrisə dəyişdirəcəkdi.

 

“Türfə” romanı Muğannanın ölümündən iki il sonra 2015-ci ildə redaktorluğumla “Hədəf” Nəşrləri tərəfindən çap olunmasına baxmayaraq, dostluq və qruplaşmalara başı qarışmış ədəbi tənqidimiz tərəfindən öz layiqli qiymətini almamış, indiyə qədər heç bir tənqidi yazı yazılmamışdır. Sanki heç nə baş verməmiş kimi susur ədəbi tənqid və ədəbiyyatsevərlər.

 

 

Şəmil SADİQ

 

 

525-ci qəzet.- 2017.- 10 iyun.- S.23-24