Din və məhəbbət - faciələrə
aparan ziddiyyət
(Əvvəli
ötən şənbə sayımızda)
Məhəbbət elə bir dünyadır ki, onun
başlanğıcı olsa da, sonrakı, artıq yaddaşa
hopan ömrü nəhayətsizdir.
İnsan məhəbbət aləminə qədəm
qoyduqda özünü dünyanın seçilmiş
adamı hesab edir, çünki onun hissi cavabsız
qalmamış, özü də sevilmək sevincini yaşamaqdan
qeyri-adi həzz almışdır. Həyatın
bütün çətinlikləri onun gözündə
kiçilir, çünki o, digərlərinin sevincsiz
yaşadığı bir səhrada özünəməxsus
olan vahə - oazis tapmışdır və bu, əslində,
onun üçün yerüstü cənnətə, Edemə
bərabərdir.
Məhəbbətin
şirinliyini dadmış insanları, hansısa uydurulmuş
məqsədi əsas götürərək, bir-birindən
ayırmaq, təqsiri olmayan adamları ədalətsiz olaraq həbsə məhkum
etməyə bənzəyir. Elə təsəvvür
yaranır ki, yeni bir dünyanı kəşf etmiş bu iki adam böcək kimi hörümçək
toruna salınmışdır və onların bu tordan
xilası mümkün deyildir. Görən, bu torları hörənlər özləri
insan təbiətinə malik deyillərmi, axı heç bir
din insan təbiətini bütünlüklə dəyişə
bilməz. Adamların ağlını,
şüurunu deformasiyaya uğratmaq olar, ancaq onun vurğun
könlünü zəbt etmək, orada işğal
qaydalarını tətbiq etmək qeyri-mümkündür.
Məhəbbət könüldə yaranıb,
könülü də hədəf götürdüyünə
görə onu qadağan etmək, onun ehtiras elektrikini
hansısa bir rele vasitəsilə kəsmək, onun boynunu
vurmaq, məhv etmək müşkül məsələdir, əslində,
mümkün deyildir. Məhəbbət təbiətdə vahid
olmaqla nə dərinliyi tapa bilir, nə də həddi
görür. Leyli və Məcnun, Abelyar və Eloiza,
Françeska da Rimini və Paolo, Romeo və Cülyetta
çox əsrlər bundan əvvəl mövcud olmuş nakam
məhəbbətin qurbanlarına çevrilmiş və
ağır dərd içərisində həyatdan getmişlər,
lakin onların obrazı bu gün də yaşayır,
heç şübhəsiz, gələcəkdə də ruhən
canlılığını davam etdirməklə bütöv
nəsillərin, xüsusən gənclərin qəlbinə
sönməz məhəbbət vulkanından gur işıq
salacaqdır. Bu vulkandan çıxan lava bəlkə
də külə çevrilir, lakin Vezuvinin ətəklərində
həmin kül torpaqlara əlavə münbitlik verən kimi,
eşq həvəsində olan könüllərin
yaxşı nümunə əsasında oyanmalarına,
alovlanmalarına şərait yaradır. Məhəbbətə
boylanan insanların könüllərini də belə
münbit torpaq hesab etmək olar və oradan yeni pöhrələr
boy atıb qalxacaqdır. Məhəbbət
döyüşü ona kənardan müdaxilə edənlərin
cəhdləri nəticəsində bu cəngavərlərin həlak
olması ilə nəticələnir. Onlar
qeyri-adi bir qəhrəmanlıq göstərməmişlər.
Lakin məhəbbət naminə fədakarlıqları
ilə özlərinə əslində, təsir gücü
azalmayan abidələr yaratmışlar. Bu
abidələr sonrakı nəsilləri, həlak olanların
timsalında qorxmamağa, sevgiyə sədaqət göstərməyə
və onun yolunda hər cür əzaba dözməyə
çağırır. Ən müqəddəs hiss
üçün qurban gedənlər heç də
ağı mövzusu deyildir, onların barəsindəki xatirə
məhəbbətin zəfərinə həsr olunan himn kimi səslənir.
İnsan yaşa dolduqca onun həyat qüvvələri,
orqanizminin resursları zəifləməyə, tükənməyə
başlayır, çox şey onun yaddaşından silinir,
yaxud da xırda fraqmentlər, qəlpələr kimi qalır. Təkcə məhəbbətə
həsr olunmuş həyat səhifələri, hətta
çox qısa olmağından asılı olmayaraq,
könülü, qəlbi görünməmiş şəkildə
coşqunlaşdıran sevgi bütün detalları ilə
xatırlanır və bu xatirə itirilmiş sevginin adamın özü ilə
axıra qədər yaşayan və silinməyən bir
nişanəsinə çevrilir. Sevmiş və sevilmiş
adam bu xatirədən təskinlik tapır, onun vərəqlənməsi
könüldən qaranlıq hissləri qovur,
alatoranlığın - ingilislər bunu başqa ifadələrlə
yanaşı həm də owl-light - “bayquş
işığı” adlandırırlar, - hakim kəsildiyi məkanı
özünün gur işığı ilə
işıqlandırır. Bu sevgi, bəlkə də
birgünlük kəpənəklər kimi qısa
ömür sürmüş, lakin onlar qəlbə,
könülə pozulması mümkün olmayan parlaq rənglərlə
naxış vurmuşlar, çünki ürək daim onun diktəsi
ilə döyünür. Sevgi onu yaşayanlardan fərqli
olaraq,
özünün ömrünün sonunda belə,
heç də torpağa gömülməyəcəyinə
bir əminlik yaradır. Sevgililər
haqqındakı xatirələr, rəvayətlər, əfsanələr,
hətta uydurmalarla zənginləşsə də, hər kəs
onları həqiqət işığı kimi qəbul edir,
çünki onlar ətrafa işıq və hərarət
dalğası yaymaqla adamları sevincli günlərə səsləyir,
hətta uğursuzluq anlarında da onlara müəyyən təskinlik
verir.
Məhəbbətin mahiyyəti vahid olmaqla,
cütlüyün bir-birinə vurğunluğu üzərində
qurulsa da, onun minlərlə variantları, şəkildəyişmələri
vardır. Əlbəttə, məhəbbət vurğunluqdan fərqlənə
bilər. Hər kəs onu özünəməxsus
qaydada yaşayır, əslində, ona əsir
düşür, talelərdə o tam fərqli qaydada iz
buraxır, bu, “uçan holland”a bənzəyən gəmi
(“uçan holland” dəniz quldurları tərəfindən
komandası məhv etdiyindən, dalğaların sərəncamına
buraxılan və başqa gəmilər üçün təhlükə
mənbəyinə çevrilən gəmilərə deyilir) əksər
hallarda xoşbəxtlik limanına yanaşa bilmədiyi halda,
başqalarına heç bir ziyan vurmadan, əsasən məhz
cütlüyü hədəf seçən bədbəxtliklərlə,
faciələrlə üzləşir. Ona
görə də məhəbbətə həsr olunan musiqi
daim rekviyemi xatırladır, onda major notlar tapmaq çətin
olur. Aşağıda nəql edilən,
baş verməsi və xüsusən nəticəsi daha
çox faciə janrını andıran bu sevgi əhvalatları
gerçəkliyin və bədii təxəyyülün məhsulu
olmasından asılı olmayaraq, eşq gəmisinin sualtı
mərcan rifləri timsalında olan sərt dini sədlərə
toxunmaqla qəzaya uğramasını əks etdirir. Mərcan
rif gəminin korpusunu deşib onu batırır.
Belə gəminin sərnişinləri ya məhv
olur, yaxud da daim əzaba məhkum edən zərbələr,
yaralar alırlar. Onlardan biri XII əsrin əvvəllərində
Fransada, onun paytaxtı Parisdə
din xadimi Abelyarla Eloiza arasında qısa müddət
davam edən, həm də onları qəbirə qədər
müşayiət edən əzablara səbəb olan eşq
macərasıdır, ikincisi, ingilis qadını
yazıçısı Etel Lilian Voyniçin məşhur
“Ovod” romanında italyan keşiş Montanellinin ingilis ərli
qadına yaxınlığının bəhrəsi olan
Arturun bioloji atasının məsləhəti ilə digər
keşişin xəyanətinə tuş gəlməsi və
axırda isə atasının xəyanəti hesabına edam
yolu ilə həyatla vidalaşması əhvalatıdır.
Üçüncüsü isə Avstraliya qadın
yazıçısı Kollin Makkalounun geniş
yayılmış “Qaratikan quşu” romanında keşiş
Ralf ata ilə gənc qız Megginin uzun müddət davam edən
vurğunluqlarının, alovlu sevgilərinin, nəhayət
bunun öz zirvəsinə çatmasından meydana gələn
oğullarının sonralar kardinalın nümunəsində
keşiş olmağa can atmasının və həlak
olmasının hekayətidir. Sevgisinin fəlakətli
gedişinə və sevdiyi adamdan oğurladığı
oğulu itirməsinə görə Meggi buna səbəb hesab
etdiyi Allaha qarşı üsyan etməyə hazırdır.
Eloiza da nakam sevgisinə görə Allaha
qarşı ittiham irəli sürməkdən çəkinmir.
Artur isə İisusu büt hesab etməklə,
keşiş olan doğma atasından dindən üz döndərməyi
tələb edir. Hər üç misalda
dinin əsassız olaraq müdaxilə etməsi, təcavüzə
yol verməsi ilə müxtəlif şəkildə olsa da,
eyni rəhmsiz qaydada bu sferaya daxil olanları dözülməz
bədbəxtliyə düçar etməsi nümayiş
etdirilir. Abelyarın, Lorentso Montanellinin və Ralf de
Brikassarın da din tərəfindən məhkum edilən cinayəti
yalnız ondan ibarət idi ki, onlar Amurun diktəsinə boyun əyməklə,
cavan qızlara və ya ərli qadına vurulmuş, bu eşq
macəraları təbii olaraq bəhrəsiz qalmamış,
Eloiza öz sevgilisindən, ərli qadınlar olan Qledis və
Meggi isə məşuqlarından övlad dünyaya gətirmişdilər.
Lakin onların sevgi əhvalatları uzun çəkməmiş,
Abelyar vəhşicəsinə zədə almış və
təhqir olunmuş, Eloizadan ayrılmış, Montanelli Uzaq
Şərqə yollanmağa məcbur edilmiş, məşuqəsi
isə az sonra ölmüş, Ralf ata isə sevgisini gizlətmək
yolu ilə və qəflətən çox
varlandığına görə kardinal rütbəsinə
yüksəlmiş, lakin sevdiyi Meggini ağır əzablara məhkum
etmişdi. Bu üç cütlüyün hər
biri ömürlərini viran qoyan fəlakətlə üzləşmiş,
nəinki sevdiklərini, sevgilərini, həm də özlərini
də itirdikləri qənaətinə gəlmişdilər.
Digər
iki əhvalatdan fərqli olaraq, Abelyarla Eloizanın sevgisi real həyatda
mövcud olmaqla,
Ovidinin dalğalar barədəki təbirindən
istifadə etsək, bu sevginin asimana yüksələn şiddətini
əks etdirən məktubları qalmışdır. Məktublar çox səmimi olmaqla yanaşı, dərd
yükü ilə, onun yaratdığı əzabların
ağrısı ilə, sevgililərin xatirələrindən
boylanan coşqun, solmayan, zəifləməyən
qızğın hisslərinə ağı deməkləri ilə
doludur. Bu məktublar o dövrəki yeganə ədəbi
dil olan latın dilində
yazılmışdır, sonralar fransız və ingilis dillərinə
tərcümə edilmişdir. Onları orijinal mətndən
çıxarıb, öz sözləri, ifadələri, hisslərinin
bilavasitə təsviri olmadan əks etdirmək, nəql etmək
çox çətin, bəlkə də, öhdəsindən
gəlinməsi mümkün olmayan bir vəzifə
olduğundan, bu məktublar məqalə müəllifi tərəfindən
ingiliscədən tərcümə olunmaqla, xüsusən dini
məsələlər üzrə müəyyən ixtisarla
verilir. Bu sevgi macərasının baş verməsi
barədə isə xırda həcmli qeyd əlavə olunur.
Abelyar və Eloizanın sevgi əhvalatı
Az qala min il bundan əvvəl baş vermiş bu sevgi, onun şirinini, həmçinin həyatın dözülməz acısını dadmış iki şəxs - Abelyar və Eloiza öz hisslərinin simfoniyası sayılacaq məktubları ilə onlara nəcib ruhlar aləmində abidə qoymuşlar. Axı adamlar bir çox hallarda cari həyatda məhəbbətin roluna az əhəmiyyət verməklə, başqa işlər barədə düşünməyə üstünlük verirlər. Çünki məhəbbət öz gücünü düşünülməmiş bir qaydada, həm də möhkəm şəkildə bəyan edir. Onun qəflətən baş verməsi isə bu hissin başqaları tərəfindən başa düşülməməsinə, hətta təhrif edilməsinə səbəb olur. Lakin ali hisslərin canlı təzahürü kimi Abelyar və Eloiza barədə düşünməyə, onların odisseyasına, ilk dəfə məlum olan vaxtdan etibarən daim ehtiyac duyulur. Bu ilahiyyatçı alim Eloizaya məhəbbətini avtobioqrafik “Mənim bədbəxtliklərimin tarixi”ndə təsvir etmişdi. Abelyarın tezislərindən və elmi işlərindən əsasən yalnız xatirələr qalır. Onun Eloiza ilə məhəbbəti isə əsrlərin arxasından indiyədək gur işıq salmaqda davam edir. Eloizanın yüksək fədakarlıqdan xəbər verən məhəbbəti qədim yunan şairəsi Sapfonun çəhrayı çələngi ilə, həm də bütün sevgililərin ehtiramı ilə taclanmışdır. Lesbos adasından olan Sapfo - bizim eradan əvvəl VII-VI əsrlərdə yazıb yaratmış, qızlara təlqin etdiyi ülvi hisslərə görə məşhurlaşmışdı. Kübar qızların dərnəyinə başçılıq etməklə o, onları musiqiyə, mahnı və rəqs yaradıcılığına öyrədirdi. Onun lirikasının mərkəzində məhəbbət, rəfiqələrə necə yanaşmaq və qız gözəlliyi mövzuları dururdu. Heç də təsadüfi deyildir ki, məhəbbətin gur alovlandırdığı sətirlərinə görə Eloiza ikinci Sapfo hesab olunur. Şairə təsirli sevgi şeirlərinin, nikah poeziyası olan epitalamiyaların müəllifi kimi şöhrət tapmışdı. Ona görə də Platon onu muza - eşq ilahəsi hesab edərək, elm və sənət hamiləri olan muzaların məlum sayını doqquzdan ona qaldırmışdı.
Bəs Abelyar kimdir? Pyer (ingiliscə Piter) Abelyar öz dövrünün ən məşhur və ziddiyyətli müəllimi olmaqla, məntiq və mənəviyyat filosofu və ilahiyyətçisi idi. O, həmçinin istedadlı orijinal şair , qadınlar üçün məşhur monastırın banisi idi. Fransa kilsə şurasının qərarı ilə o, yeretikliyinə (dinsizliyinə) görə iki dəfə məhkum edilmişdi. Onun karyerasının konturları özünün məşhur “Historia calamitation” - “Mənim bədbəxtliklərimin tarixi” adlı məşhur əsərindən yaxşı məlumdur. O, 1079-cu ildə Luara çayının cənubundakı Le Palledə anadan olmuşdu. O, Fransada fəlsəfəni, xüsusən məntiqi öyrənmək naminə özünün varislik hüquqlarını və perspektivini qurban verdi, Parisdə yaxşı təhsil aldı. Sonra onun müəllimlik və alimlik fəaliyyəti başlandı. Abelyar məntiqə dair öz yazılarında dilin müstəqil fəlsəfəsini ustalıqla təsvir etmişdi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2017.- 10 iyun.- S.22.