Azərbaycan Xalq Cümhuriyyətinin 100
illiyi qarşısında
Neçə
min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini
yaratmış, qısa müddətdə olsa da, şərəflə
yaşatmış və dünyaya tanıtmış istiqlal
mücahidlərimiz məcburi fasilə dövründə
mühacirətdə nələr yazmış, nə
düşünmüş, bizlərə nəyi vəsiyyət
etmişlər - oxuyaq, düşünək, bu
günümüz üçün fəxr edək!
Azərbaycan
münəvvərlərinə qarşı səfər
Qatı komunist olan Ruhulla Axundov Azərbaycan maarif
komisarlığını idarəyə başlamaqla məktəblərdə
müdhiş bir “təsfiyə hərəkəti”
başlamışdı. Yüzlərlə müəllimlər, minlərlə
türk tələbəsi qapı dışarı edilərək
təhsildən və fəaliyyətdən məhrum edilməkdə
idi...
Keçən
il “Azəri türk” məcmuəsi səhifələrində
milli türk münəvvərlərinə qarşı
açılmış olan bu qızıl səfər
haqqında müfəssəl məlumat verilmişdi. Şimdi Ruhulla Axundov vəzifədən
çıxarılmış və maarif idarəsi yenə
sabiq maarif komisarı Mustafa Quliyevə verilmişdir.
Türk münəvvərləri neçün təqib
olunuyordu? Müəllimlər nasıl və kimlər tərəfindən
qovulmaqda idilər? Bu xüsusata Mustafa
Quliyev bizə ətraflı məlumat verməkdədir.
O, “Komunist” qəzetəsinin 2725 nömrəli nüsxəsində
“Mədəni inqilab kadroları” başlığı
altında yazdığı məqaləsində “Sola atəş”
- deyə kəndisindən əvvəlki siyasəti şiddətlə
tənqid ediyor.
“Qəzalarımızda
rusların - qolovotilyapstvo - dedikləri düşüncəsiz
hərəkətlər baş vermiş... susdurmalar, təmizləmələr,
təhdidlər, vəzifədən çıxarılmalar və
s. baş vermişdir və bu işlərdə şəxsi qərəz
yürüdülməyə başlanmışdır”.
Mustafa Quliyev Lenindən və Buxarindən
aldığı misallarla “mədəni inqilabın əsas
kadrosunu təşkil edən müəllimlərin yeni cəmiyyət
quruluşunda çox böyük rol oynadıqlarını”
isbat ediyor. Azərbaycanın
məktəblərindən çıxdıqlarını və
Azərbaycanın doğma yavruları olduqlarını qeyd və
qəbul edən Quliyev “bu doğma azəri yavruları” ilə
maarif və məsləki sindikaların nasıl rəftar
etdiklərini soruyor və diyor ki:
“Şəkidə maarif şöbəsi müəllim
Paşabəyovu vəzifədən
çıxarmışdır, çünki “Paşa və bəy”
ünvanını daşıyormuş. Gəncədə
10 ildən bəri müəllimlik edən Qulubəyov məktəbdən
qovulmuşdur. Neçün? Çünki familya və ismində “bəy”
varmış. Lənkəran qəzasında
54 müəllim müzirri-ünsür listəsinə eyni səbəblərlə
idxal edilmişdir. Səlyan, Şamaxı,
Quba qəzalarında eyni “günahdan dolayı” yüzlərlə
müəllim vəzifədən
çıxarılmışdır.
Şamaxı
komunistləri yalnız bu “müzirr”ləri degil, kəndilərilə
baloda tans etmək istəmiyən müəllimələri də
“əksinqilabçı” - deyə məktəbdən
qovmuşlardır.
Cəbrayıl,
Cavanşir, Cavad qəzalarında isə müəllimlər “əksinqilabçılıq”
dərəcələrinə tabe bulunmuşlar”.
Mustafa
Quliyev pək haqlı bir sual veriyor:
“Əcəba
bu müəllimlərmi, yoxsa bunları
çıxaranlarmı müzirri-ünsür listəsinə
daxil edilməlidir?”.
Anlaşılıyor ki, Gəncədə bu işləri
görən Bərbərzadə namında bir komunist müəllim
imiş. Bərbərzadə Gəncədə 100 müəllimi
“qara listəyə” salmış və vəzifədən
çıxarılmışdır. Bu müəllimlərin
“günah”ları arabaçı, çoban və bərbər
övladı olmamaları imiş. Mustafa türk müəllimlərinə
qarşı bu hərəkəti “barbaranə mübarizə”
deyə adlandırıyor və əlavə ediyor ki:
“Yeni türk məktəbi yaratmaq işində biz əski
müəllimlərin kadrosuna arxalanmışız. Onların ən
çoxu vicdanən çalışıyorlar. Yeni mədəni qüvvələri, yeni gənc
müəllimləri bu kadroların qəhrəmanca
çalışması sayəsində yarada bilmişiz.
Mədəni qüvvə böhranı bizdə şimdi belə
hiss edilməkdədir. Böylə bir kəskin
məsələni qüvvə böhranı keçirməkdə
ikən əski kadroları dəgişdirmək məsələsi
qaldıra bilirmiyiz? Bərbərlərin təklif
etdikləri kibi 100 müəllimi çıxara bilirmiyiz?”
Mustafa bu sorğularına mənfi cavab verdikdən sonra
müəllimlərə nəsihət etməgə
başlıyor. Müəllimlər hala milliyyətçi,
azərbaycançı və istiqlalçı imişlər.
“Müəllimlər Azərbaycan mənafeini
proletar inqilabı məsələsinə tabe etmək
lüzumunu daha anlamamışlarmış. Yenə də Azərbaycanın kəndi
başına müstəqil yaşaya biləcəgi qənaətində
imişlər. Azərbaycan müəllimləri
“Azəri neftinin Rusiyaya götürülməsinə, Azərbaycana
rus mühacirlərinin gətirilməsinə
qorxuyorlarmış. Azəri müəllimləri
xalqın siniflərə bölünməsi əleyhində
propağanda yapıyor və “Vəhdəti-milliyyə”
şüarını tərvic ediyorlarmış. Mustafa müəllimlərə bu “milli yoldan” vaz
keçməgi tövsiyə, yoxsa “Müsavatçı”
sayıla biləcəklərini qeyd ediyor.
“Odlu-Yurd”,
mart 1929, № 1
Təsfiyə
- saflaşdırma
Açılan
parlamentarizm dövrü
Rəisi
Cümhur Qazi Paşa Həzrətlərinin müvafiqətləri
ilə Fəthi bəy əfəndi tərəfindən təsis
olunan “Sərbəst Cümhuriyyət Firqəsi”nin
fəaliyyət sahəsinə atılması ilə Türkiyə
Cümhuriyyətinin həyatında yeni bir dövr
açılıyor - parlamentarizm dövrü!
Demokrasinin, fikri və ictimai iki cəbhəsi vardır. Cümhuriyyət,
milliyyət və layiqlik kibi ümdələr bunun fikri cəbhəsini
- başqa təbirlə - mənəviyyatını təşkil
edərlər. Fəqət bunun bir də
idari - başqa təbirlə - tətbiqat cəhəti
vardır ki, bu da ancaq parlamentarizm üsulunun yerləşməsi
surətilə təmin oluna bilir.
Parlamentarizm
siyasi relatif sistemi olmadan, qabil degil, tətbiq olunamaz! Siyasi
relatif, digər təbirlə, siyasi müsahilə - heç
bir zaman, tək firqə sistemi ilə təmin olunamaz! Məruf
cahan demokrasilərinin hakim olduğu yerlərdəki, eyni
zamanda parlamentarizm sisteminin cari olduğu yerlərdir - tək
firqə sisteminə qətiyyən təhəmmül olunmaz! Bu ancaq demokrasiyi rəsmən inkar edən məmləkətlərdə,
məsələn Rusiyada caridir.
Hər zaman böyük bir əlaqə ilə təqib
etdigimiz nitqlərində böyük lider Qazi Paşa həzrətlərinin
demokratizm ümdəsi üzərində isar etdiklərini
görmüşüzdür. Hər zaman eyni səmimiliklə təkrar olunan bu
nitqlərlə, Türkiyədəki “tək firqə sistemi”
arasında bir ünsiyyətsizlik görülüyordu.
Bu təzad iki türlü izah oluna bilirdi: ya demokrasi
haqqında söylənən sözlər səmimi degildir,
yaxud yalnız bir firqənin mövcudiyyəti, zaman icabı
olaraq müvəqqətidi.
Yeni firqə rəisi Fəthi bəy əfəndiyə
göndərdikləri cavabı məktublarında Qazi Həzrətləri
bu məsələyi kəndilərinə xas bir vüzuh və
sərahətlə izah buyurmuşlardır. Bu böyük
inqilabçı üçün “Siyasi həyatda birtərəfli
olaraq daima aranan təməl” ancaq layiq prinsiplərə dayanan
bir cümhuriyyət idarəsidir: yoxsa “Böyük Millət Məclisində
və millət müvacihəsində, millət işlərinin
sərbəst münaqişəsi və hüsni-niyyət
sahibi zatların və firqələrin ictihadlarını
ortaya qoyaraq, millətin ali mənfəətlərini
aramaları” kəndilərinin “ta gəncliklərindən bəri
aşiq və tərəfdar olduqları” bir sistemdir.
Qəzetələr, eyni zamanda yeni firqənin 11 maddədən
ibarət proqramını da nəşr etdilər. Proqram “Layiqlik
və milliyyətçilik əsasına bağlı qalmaqla”
bərabər liberal və demokrat bir zehniyyət məhsulu əsaslar
dərmiyan ediyor. Bu maddələr miyanında iqtisadi fəaliyyət
sahəsində şəxsi təşəbbüsə vüsət
edərək “Avropa sərmayəsinin cəlbinə səy etmək,
çiftçiyə krediti asanlaşdırmaq təşviqi sənaye”
qanununu ciddiyyətlə tətbiq etmək, bütün
ağırlığı ancaq bir nəsil üzərinə
yüklənən nafiə planını tədil etmək,
vergiləri xəfiflətmək kibi, mali və iqtisadi,
qadınlara siyasi intixab haqqı vermək, kəlam və
söz hürriyyətini tətbiq etmək kibi, daxili siyasətə
və “Cəmiyyəti Əqvam müəssisəsi ilə daha
sıxı surətdə təşriki-məsaiyə əhəmiyyət
vermək” kibi xarici siyasət istiqamətini təyin edər
maddələri vardır.
Bu şəkildə təşəkkül edən yeni
firqə Türkiyə siyasi məhfillərilə mətbuatında
həyəcanlı təzahürlərlə, gözəl surətdə
qarşılanmışdır. Eyni zamanda, bu hadisə
cahan əfkari ümumiyyəsində də iyi bir intiba hasil
etmişdir.
Halı-hazırda,
bir tərəfdən Şərq vilayətlərində cərəyan
edən əsəfli hadisənin vücudu, digər tərəfdən
də iqtisadi vəziyyətin müşküllügü
dolayısı ilə Türkiyə Cümhuriyyət rejiminin
böhrana məruz qaldığı haqqında əndişələr
doğduğu bir zamanda, biz, əsil şimdi cümhuriyyət
tradisyonuna keçildigini görüyoruz ki, bu, “kamalizmin” son
qayəsini təşkil edən “layiq milliyyətçiliklə
demokrasi”nin əsaslı surətdə yerləşdigini isbat
edər.
Əvət, bütün maniə və
müşküllərə rəğmən, Türkiyə
Cümhuriyyəti, hədəf ittixaz etdigi demokratisiyi təkmil
etmək qayəsinə doğru yürüyür. Bu günə
qədər “bir tərəfli qalan” böyük rəis bu
taktiqlə demokrasinin mənəvi təməlini təşkil
edən böyük ümdələri müxalif dərbələrlə
yıxılmaq təhlükəsindən qorumuş oldu.
Şimdi isə bu fikirlərin mühafizəsini təmin edən
cümhuriyyət və demokrasinin mexanizmi, yəni parlamentarizmi
qurmağa əhəmiyyət veriyor!
İnqilab - digər təbirlə - daxili hərb deməkdir. Hərb
dövrünün kəndinə məxsus üsulları və
qanunları olduğu kibi, daxili hərbin də kəndinə məxsus
istisnai qayda və qanunları vardır. Tək
firqə sistemi iştə bu daxili hərb dövrünə məxsus
bir zərurət sistemidir.
Yeni doğan ikinci firqənin zühuru bizə Türkiyədə
“daxili hərbin” artıq inqilabın tam bir müzəffəriyyətlə
bitdigini elan edər.
Əvət,
şu andan etibarən Türkiyədə cümhuriyyət
uğrunda cidal dövrü qapanmış, cümhuriyyət ənənələrini
təsis və tərbiyə dövrü
başlanmışdır!
Bu hadisəyə
biz azərilər iki sifətlə məmnunuz: Türküz,
Türkiyənin zəfərinə seviniyoruz. Cümhuriyyətçi
və demokratız - Cümhuriyyət ənənəsinin
kökləşdigi bizi sevindiriyor. Sevindiriyor,
çünki məmləkətimizi istila edən rus qüvvətinə
qarşı bir tərəfdən milliyyət ümdəsilə
çıxıyor, digər tərəfdən də
demokratizm prinsipi ilə qarşı gəliyoruz!
M.Emin
“Odlu-Yurd”,
Eylül (sentyabr) 1930, № 20(8)
Ümdə
- dayanacaq, əsas, aktual
Müvafiqət
- razılıq verməsi, müsaidəsi
Relatif -
müxtəlif fikirlilik
Müsahilə
- ağıla, məqsədə müvafiq
Müvacihə
- üz-üzə dayanma
Nafiə
- işlərə baxan dövlət idarəsi
Əsəfli
- təəssüblü
Vüzuh
- aydın, aşkar
Sərahət
- açıq izah etmə, açıq söyləmə
Xalq Firqəsinin
proqramı
Fövqəladə
əhəmiyyətə haiz tarixi bir vəsiqə... Türkiyə
Cümhuriyyəti Xalq Firqəsinin yeni proğramı!..
Həddi-zatında yeni degil, Türkiyə Cümhuriyyətinin,
fövqəladəliklər və pək müstəsna hadisələrlə
dolu fəaliyyət həyatında amil olmuş bir firqənin
mutat konqresi tərəfindən tədilən qəbul olunan
bir proğram nədən fövqəladə bir hadisə kibi
təbəqqi edilsin? - deyə etiraz edə bilir.
Fəqət biz bu nöqtədə müsirriz. Xalq Firqəsi
müaddil proğramına, milli və siyasi hüdudlar xaricinə
çıxan yeni Türkiyədəki böyük islahat hadisələrinə
aid digər vaqeələr qədər bir qiymət verməkdə
tərəddüd etməyiz.
Qəbul
etmək gərəkdir ki, məzkur proğram, bu vaxta qədər
Türkiyədə gəlmiş, keçmiş siyasi firqələrin
heç birində görülməmiş bir şeydir, daha
ziyadə söyləyə biləriz ki, sözün Avropayi mənası
ilə, Türkiyədə ilk dəfə olaraq, siyasi bir firqə
proğramı şimdi təsbit olunuyor. Bir
proğram ki, müdafiə etdigi rejimin derli toplu bir sistemini təyin
etməkdədir.
Heç şübhəsiz, bu keyfiyyət gələcəyin
tarixçiləri nəzərində, Şərqdə siyasi
fikir sistemlərilə demokrasi inkişafının bəlli-başlı
və pək mühüm bir tarix ayrıcısı
görüləcək və ona kamalizm yenilikləri
arasında etinalı bir yer verəcəkdir.
Hadisəyə verdigimiz bu şümullu qiymətdən
dolayıdır ki, ondan bu səhifələrdə bəhsə
lüzum görüyoruz. Türkiyə daxilində beynəlmiləl
şümul və qiymətdə olan hadisələrdən bəhs
etməkdə olduğumuzu nəşriyyat üsulumuza vaqif
olanlar bilirlər - zənnindəyiz.
Əlbəttə,
bu məqalə ilə biz, məcmui 8 qisim və bir çox
maddələrdən ibarət Türkiyə həyatının
bütün ehtiyaclarına cavab verən bir proğramı
kamilən, bütün təfərrüat və cüziyyətilə
təhlil və tədqiq edəcək degiliz. Zatən
buna nə məqaləmizin həcmi, nə də yuxarıda
qeyd etdigimiz üsul müsaid degildir.
Proğramın sırf cari həyata və münhəsirən
Türkiyə Cümhuriyyətinin xüsusi və daxili işlərinə
aid tətbiqi qisimləri mövzumuz xaricindədir. Bəhs etmək
istədigimiz xüsuslar isə ümumi və şümullu
qisimlər digər təbirlə, müdafiə etdigimiz
prinsiplər və ya məlum istilahı ilə ideoloji
sistemidir.
Proğrama şu nöqtədən baxılınca
görülüyor ki, Cümhuriyyət Xalq Firqəsi beynəlmiləl
demokrasinin qəbul etdigi bütün ana prinsipləri bənimsəmişdir. Vətən və millət
məfhumlarına əsri bir məna verən proğram hakimiyyətin
şərtsiz və qeydsiz millətə aid olduğunu qəbul
ilə, amma hüquqi nöqteyi-nəzərindən, vətəndaşlar
arasında cins, sinif və cəmaət fərqi gözətmədən,
tam bir müsavat əsasını qoruyor. Felən
bələdiyyə seçkilərində iştirak etməkdə
olan türk qadınının, ələlümum siyasi haqq və
həyatda türk erkəgi ilə tamamilə müsavi
olduğunu qəti surətdə təsrih eyləmişdir.
Siyasi sahədə
fərdi hürriyyəti, ictimai quruluşda ailəi, iqtisadi fəaliyyətdə
də mülkiyyəti müdafiə etdigi sistemin ana prinsipləri
olaraq qəbul edən Xalq Firqəsi, bununla, bugünki modern
demokrasi sisteminə intibaq eyləmiş, eyni zamanda, layiq bir
idarə əsasını tərviçlə bu sistemin ən
canlı nöqtəsini dəxi ehmal etməmişdir. Əsil bu nöqtəyə verdigi əhəmiyyətlədir
ki, proğram Şərq aləmi fikriyatında və Şərqdə
həqiqi hürriyyət zehniyyəti təsisində
mühüm bir rol oynayacaq, beynəlmiləl bir fikir amili
olacaqdır. “Din tələqqisi vicdani
olduğundan, din fikirlərini dövlət və dünya
işlərindən və siyasətdən ayrı
tutmağı müasir tərəqqidə başlıca
müvəffəqiyyət amili görən” Xalq Firqəsinin
bu görüşü ilə bütün Şərq tərəqqi
sevənlərinə mürşidlik rolu oynadığı
aşikardır.
Məfkurəvi sistemində açıqca qərbçi,
daha doğru təbirlə əsriçi (modernist) olan firqənin
bu əsası ilə milliyyətçilik vasiflərini
nasıl təlif etdigini də təsbit etmək,
görüşümüzcə faidəsiz degildi. “Firqə tərəqqi və
inkişaf yolunda və beynəlmiləl təmas və
münasibətlərdə bütün müasir millətlərə
müvazi və onlarla bir ahəngdə yürüməklə
bərabər Türk ictimai heyətinin xüsusi səciyyələrini
məhfuz tutmağı əsas sayar” (qisim 2, maddə 1, qeyd B)
“Türk ictimai heyətinin xüsusi səciyyəsini
mühafizəyə” aid daha müəyyən
düşünüş tədbirinə misal bulmaq
ehtiyacını proğramın milli təlim və tərbiyəyə
aid qismində də bulmaq mümkündür. Milli təlim və
tərbiyə düsturları miyanında (C) qeydində
şunları buluyoruz: “Firqəmiz vətəndaşların
türkün dərin tarixini bilməsinə fövqəladə
əhəmiyyət verir. Bu bilgi türkün
qabiliyyət və qüdrətini nəfsə etimad hislərini
və milli varlıq üçün zərər verəcək
hər cərəyan önündə yıxılmaz
müqaviməti bəsləyən müqəddəs bir
cövhərdir”. Bunun kibi “Türk dilinin
milli, mükəmməl və məzbut küll halına gəlməsi
haqqında” proğramca göstərilən ehtimam dəxi bu
milli xüsusiyyəti mühafizə tədbirlərinin
başlıcalarındandır.
Dini, fərdin
xüsusi malı olaraq elan edən bu fikir sistemi Şərq aləmindəki
mötad zehniyyətdə radikal bir inqilab yaparaq, bu aləmin əskidən
heç də kale olmadığı, dili isə milli qiymətlərin
başına keçirərək, ona həqiqətən də
malik olduğu ictimai əhəmiyyətilə mütənasib
milli bir qiymət vermişdir.
Hürriyyət və mülkiyyət prinsiplərini qəbul
etməklə bərabər, proğram,
yaşadığımız əsrin hərblər və
ixtilallardan doğan, təcrübələri üzərinə
demokrasi və hürriyyət sistemində yapılan
revizionlardan və bu revizion nəticəsində zühur edən
yeni nəzəriyyələrdən də mülhəmdir. Mülkiyyət
və fərdi təşəbbüs prinsipini qəbul etməklə
bərabər, firqə mümkün olduğu qədər az
zaman içində milləti rifaha, məmləkəti məmuriyyətə
irişdirmək üçün millətin ümumi və
yüksək mənfəətlərini icab etdirdigi işlərdə,
bilxassə iqtisadi sahədə, dövləti felən əlaqədar
etməyi mühüm əsaslarından ədd edər” (qisim
2, maddə 1, qeyd D).
Əski
hürriyyət məfhumuna, klassik liberalizmdən fərqli
olaraq əsri radikalizmin caiz və lazım gördügü
şu “müdaxileyi” (dövlətin iqtisadi münasibətə
müdaxiləsi) qeyd etməklə bərabər, Xalq firqəsi,
siniflər arasındakı münasibət məsələsində
də yeni cərəyanlardan mütəəssir olmuşdur.
İkinci qismin ikinci maddəsində deniliyor ki: “Türkiyə
Cümhuriyyəti xalqın ayrı-ayrı siniflərdən
mürəkkəb degil, fəqət fərdi və ictimai həyat
üçün iş bölümü etibarilə müxtəlif
məsai ərbabına ayrılmış bir camiə tələqqi
etmək əsas prinsiplərimizdəndir”.
Şu surətlə
sinifləri əsasından inkar edən Xalq firqəsi, bittəbii,
sinif mücadiləsini də rədd edir və bu mücadilə
yerinə Türkiyədə, başlıca olaraq 5 qismə
ayırdığı çalışma zümrələri
arasında ümumi ahəng və təsanüd təsisini tərviç
ediyor.
Milli demokrat bir firqənin, idarəsinə gəldigi cəmiyyət
daxilində, xalq təbəqələri arasında mücadilə
və hərb degil, ahəng, təsanüd və sülh təmininə
çalışması və bunu kəndisinə prinsip olaraq
alması qədər təbii bir şey olamaz. Fəqət mənafeət
ixtilafından doğan mücadiləyi bərtərəf etmək
üçün siniflərin əsasən qeyri mövcud
olduğunu dava etməkmi, yoxsa bu mövcudiyyətləri qəbul
ilə aradakı mücadilə mövzularını bərtərəf
və ya tədil etmək surətilə siniflər arasında
bir barışma təsisinə doğru getməkmi daha xeyirlidir?!
İştə burada nəzərə ilk gələn bir
mülahizə ki, proğramın bu qismindəki nəzəri əsasın
nə dərəcəyə qədər isabətli olub
olmadığı haqqında bir ləhzə durmayı mucib
oluyor...
Proğram, Xalq firqəsinin “etatist” olduğunu elan ediyor. Bu zehniyyətlə onun
böyük milli mənfəətlər naminə, bilxassə
iqtisadi təşəbbüslərdə, dövlətin
müdaxiləsini əlzəm görməsi iş zümrələri
arasındakı ahəng və intizam təsisinə qeyrət
etmək fikrinə uyar bir arzudur. Hər iki şəkildə
də, sosialist doktrinalarına rəğmən, mülkiyyət
prinsipini tanıyan və sinif mücadiləsini tərviç
etməyən təsanüdçü radikal demokratların
müdafiə etdikləri əsasa müvafiqat edildigi halda
proğramda vətəndaşların fərdi hürriyyət
və haqlarından sərahətlə bəhs edilməkdə
ikən korporasyonlar, ictimai-iqtisadi təşəkkül və
zümrələrin haqq və hüquqları sükutla
keçilmişdir. Bu sükut bizcə
proğramın calibi-tənqid bir nöqtəsidir. Bu xüsusdakı “boşluğu”, birinci qismində
ammə hüququnu təyin edən 4-cü maddədəki
formulun doldurmaqda olduğunu dava etmək qabil olsa da, yenə də
məsələnin mübhəmiyyətdən ari
olmadığı inkar olunamaz.
Proğramda,
firqənin ana vəsfləri sayılarkən Cümhuriyyət
Xalq firqəsi: a) cümhuriyyətçi; b) milliyyətçi;
c) xalqçı; d) dövlətçi; e) layiq; f)
inqilabçıdır denilmişdir.
Şu
sonuncu vəsfin üzərində bir az durmaq
istəriz: Şübhə yoxdur ki, Xalq firqəsi Şərqdə
ən feyzli bir inqilabı başarmışdır. Kəndi zamanında Fransa inqilabının Qərbdə
yapdığını Türkiyə inqilabı Şərqdə
yapmışdır. Hal-hazırda dəxi
Xalq firqəsinin qullandığı icraat metodu
“inqilabçı” bir metoddur. Fəqət
bütün bunlarla bərabər, bugünki terminolojiyə
görə, millət, hürriyyət və milli təsanüd
prinsiplərini məfkurəçiliginin əsaslarından
sayan bir firqəyi “inqilabçı” - deyə qəbul etmək
caizmidir?
İnqilabçı firqə məfhumu ictimai nizamı
kökündən devirmək istəyən ixtilalçı
sosialistlər, komunistlər və anarşistlərdir ki,
onlarca mülkiyyət mərdud, sinif mücadiləsi məmduhdur.
Şübhəsiz Xalq firqəsinin
inqilabçılıqdan qəsd etdigi məna bu degildir. Burada sadə
bir istilah məsələsi olduğunu sezməmək zatən
qeyri-mümkündür. Proğramın
işbu təbir ilə nə qəsd etdigini kəndi izahı
ilə də anlamaq qabildir. Burada “Firqə,
millətimizin bir çox fədakarlıqlarla
yapdığı inqilablardan doğan və inkişaf edən
prinsiplərə sadiq qalmağı və onları müdafiə
etməgi əsas tutar” denilməkdədir.
Bu sətirlərlə aşikardır ki, Xalq firqəsinin
inqilabçılığı ilə beynəlmiləl məruf
“inqilabçı firqə” məfhumu arasında qətiyyən
bir bənzəyiş yoxdur. Milliyyətçi,
dövlətçi və təsanüdçü bir firqənin
“inqilabçılığı ilə” milləti, dövləti
və ictimai təsanüdü ta kökündən inkar edən
komunistlərin “inqilabçılığı”
arasındakı fərq yerlə-göy fərqidir. Birincilər üçün inqilab müəyyən
məqsədə götürən bir vasitə ikən, o
birilər üçün adəta bir məqsəddir.
Buna
görə də hər dürlü yanlışlığa
və iltibasa meydan verməmək üçün bu yerdə
“inqilabçı” yerinə “radikal” densə, bizcə məqsədə
daha mütabiq olur. Xalq firqəsinin bizcə bariz
vəsfi onun radiqalizmidir.
“Vəsiqə”nin və hadisənin haiz olduğu tarixi əhəmiyyətə
hörmətən şu nöqtələri qeyd etməklə
bərabər, proğramın müsəlman Şərqi
fikriyatçılığında oynayacağı
böyük rolun qiymətini təqdirdə qətiyyən tərəddüdümüz
yoxdur.
Candan təmənni
etdigimiz bir şey varsa, o da işbu qiymətdar vəsiqədə
muciz surətdə müqəyyəd bulunan prinsiplərin xalq
arasında təmiminə yardım edəcək populyar nəşriyatın
da bir an əvvəl vücuda gəlməsidir.
Varşava,
22/5/31
M.Ə.Rəsulzadə ”Odlu-Yurd”, Həziran (iyun) 1931, № 4(29)
Etina - artıq dərəcədə diqqət etmə
Müsirr - israr edən, təkid edən
Müaddil - qiymətcə bərabər
Şümul - şamil olma, dəlalət etmə
Təsrih - açıq söyləmə
İntibaq - uyğun gəlmə, tətbiq edilmə
Ehmal - səhlənkarlıq, əhəmiyyət verməmə
Vasif - izaah, vəsf edən
Məhfuz - mühafizə olunmuş, hafizədə saxlanan
Məzbut - möhkəmləndirilmiş, nizama salınmış
Mötad - adət edilmiş, vərdiş edilmiş
Mülhəm - ilhama gəlmiş, ilhamlanmış
Təsanif - təsniflər, bölgülər
Ammə - xalq, camaat, kütlə
Vəsf - sifəti, keyfiyyəti
Mərdud - rədd edilmiş, hüquqsuz
Məmduh - mədh edilmiş, təriflənmiş
Müqəyyəd - yazılmış
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2017.- 10 iyun.- S.20-21.