Ünsizadə qardaşları ilə bağlı bir neçə ip ucu

 

 

 

Azərbaycan mətbuatının tarixi ilə maraqlananlar XIX əsrin son rübündə Tiflisdə xalqımızın ədəbi-ictimai fikir tarixində Həsən bəy Zərdabinin pionerliyi ilə başlanan milli mətbuat işinin davamçıları kimi daxil olmuş Səid, Cəlal və Kamal Ünsizadə qardaşlarının adlarını eşitməmiş deyillər.

 

Bəri başdan qeyd edim ki, onların, xüsusən də ilk iki qardaşın mətbuat fəaliyyətini xüsusi tədqiq etməmişəm və meydana yeni faktlarla səciyyələnən hansısa bir araşdırma qoyacağımla bağlı aləmə car çəkmək fikrindən çox uzağam.

 

Ədəbiyyat İnstitutunda birlikdə çalışdığım mərhum Ağarəfi Zeynalovun gənc aspirant kimi haqqında resenziya yazdığım “Kəşkül”də ədəbiyyat məsələləri” monoqrafiyası, əməkdar müəllim Nazim Nəsrəddinovun “Ziya” və “Ziyayi-Qafqassiyə” qəzetləri ilə bağlı araşdırmaları, dövrü mətbuatda çap olunan məqalələr (hərçənd bəzən biri-birini təkrarlasa da!) milli mətbuatımıza, necə deyərlər, bəqədri-qüvvə xidmət etmiş Ünsizadə qardaşlarının heç də elmi fikrin diqqətindən tam kənarda qalmadıqlarını söyləməyə əsas verir.

 

Yaxınlarda “Kaspi” qəzetinin elektron  versiyasında özünü ünlü Ünsizadə nəslinin nümayəndəsi kimi təqdim edən bir gəncin müsahibəsini oxudum. Hətta qohum olmasalar belə, gənc dostumuzun bu cür ciddi məsələlərlə maraqlanması, arxivlərdə araşdırma aparmaq fikrinə düşməsi, klassik irslə yaxından maraqlanması diqqətəlayiqdir və məni həqiqətən sevindirdi. Çünki milli mədəniyyət tarixini faktlar, qaynaqlar əsasında öyrənmədən, dəqiq mənzərəni aşkara çıxarmadan hansısa tipoloji müqayisələr quraşdırmaq, nəzəri postulatlar irəli sürmək böyük Füzuli demişkən, “zəminsiz divar olur” və “və zəminsiz divar da qayət bietibar olur”. Əvvəlcə olanlarımızı ortaya çıxarmalıyıq.

 

Lakin gənc dostumuzun müsahibəsində bəzi ziddiyyətli məqamlar, ura-patriotizm notları  da diqqətimdən yayınmadı. Bir tərəfdən deyir ki, əlində əcdadlarının son dərəcə nadir ailə arxivi var və yalnız orada toplanan foto-şəkillərin sayı 2500-dən çoxdur, o biri tərəfdən isə indiyə qədər Ünsizadələrin heç bir fotosunu tapa bilmədiyindən şikayətlənir. Belə bir intəhasız, zəngin arxivdən bu vaxta qədər feysbukda açılmış “Ünsizadə qardaşları” səhifəsinə tədqiqatçı-alim Nazim Nəsrəddinovun beş il əvvəl çap edilən məqaləsindən başqa əlavə bir  material yerləşdirilməməsi də təəccüb doğurmaya bilməz.

 

Yaxud gənc müəllif planetar miqyasda -  Rusiya, Türkiyə, Kanada Fransa və Hollandiyada Ünsizadələrin izlərini axtardığını, bütün dost və qohumlarını, bütöv tələbə qruplarını bu işə cəlb etdiyini yazır. Amma məncə axtarışların ünvan və parametri tam dəqiq seçilməyib. Əsas diqqət ilk növbədə qonşu Gürcüstana, onilliklər boyu Qafqaz canişinliyinin siyasi, inzibati, mədəni mərkəzi olmuş Tiflisə, Tiflis kitabxana və arxivlərinə yönəldilməlidir. Təbii ki, Peterburq da sərf-nəzər edilməməlidir. Eləcə də Ünsizadələrin həyatlarının böyük bir hissəsini keçirdikləri Türkiyə - Ankara və İstanbul da diqqət mərkəzində dayanmalıdır.

 

Ünsizadə qardaşlarının fəaliyyəti ilə bağlı bir çox sənədləri güman edirəm ki, Gürcüstan Mərkəzi Dövlət Arxivində saxlanan Qafqaz Senzura Komitəsinin fondlarında tapmaq mümkündür. 1851-ci ildə yaradılan bu komitə  bütün dövrü nəşrlərlə bağlı əsas sərəncam verici  və nəzarət edici orqan idi. Qafqaz canişinliyi hüdudlarında  qəzet, jurnal, məcmuə, kitab, almanax, təqvim və s. çap etmək fikrinə düşənlər mərkəz - Peterburq Senzura Komitəsi qarşısında məsələ qaldırmaq üçün mütləq onun regional qurumuna üz tutmalı idilər. Təbii ki, belə olan təqdirdə Komitə hər  bir xahişlə bağlı bütöv dosye hazırlamağa borclu idi. Bura  isə ilk növbədə naşir və redaktor haqqında məlumatlar - doğum ili, ailəsi, təhsili, dini və milli mənsubiyyəti, əmlak senzi, siyasi etibarlılığı və s. haqqında dəqiq bilgilər daxil edilirdi. Başqa sözlə desək, mükəmməl bir şəxsi iş hazırlanırdı.

 

Düşünürəm ki, bu istiqamətdə Gürcüstan Mərkəzi Dövlət arxivində, yaxud da Peterburq arxivlərində aparılan diqqətli axtarışlar “Ziya” qəzetinin və “Kəşkül” məcmuəsinin nəşri üçün senzura komitəsinə rəsmi müraciət etmiş, nəticədə izin almağa müvəffəq olmuş Səid və Cəlal Ünsizadə qardaşları haqqında bioqrafik və digər xarakterli məlumatların üzə çıxarılmasına, yaxud dəqiqləşdirilməsinə təkan verə bilər. Yadımdadır, 1980-ci illərin sonlarında Tiflis arxivlərində işləyərkən hələ də bizim mətbuat tarixi tədqiqatçılarının əsərlərində təsadüf etmədiyim bir fakta rast gəlmişdim. Tiflis Senzura Komitəsinin Şərq dilləri senzoru Səid Ünsizadənin “Ziya” qəzetinin 1879-cu il saylarından birində ərəbcə orijinalında çap etmək istədiyi “Ərəbi Paşanın  müsəlmanlara müraciəti” adlı materialına icazə verməmişdi. Üstəlik, həm   onu Rusiya imperiyasının dövlət maraqlarına zidd saymış, əhali arasında islam birliyi ideyalarını yaymağa, Qafqaz müsəlmanlarını yad təsirlər altına salmaq cəhdlərinə görə  “Ziya”nın nəşrini dayandırmaq təklifini irəli sürmüşdü. Qəzetin adını dəyişmək zərurəti də buradan doğmuşdu.

 

Burada adıçəkilən Əhməd Ərəbi Paşa (1841-1911)  qısa müddətdə Misir ordusunun komandanı olmuş və ingilislərə qarşı mübarizə aparmışdı. Müraciət harada yaşamalarından asılı olmayaraq, bütün müsəlmanları birliyə, həmrəyliyə çağırırdı. Bu mənada Səid Ünsizadə sonralar Qafqaz Senzura Komitəsinin azərbaycanlı qəzetçi və naşirlərə münasibətdə mütəmadi şəkildə və böyük canfəşanlıqla istifadə etdiyi “mətbuat vasitəsi ilə panislamizm ideyaları yaymaq” ittihamını  özünün və nəşrinin üzərində birincilər sırasında hiss etmiş   qələm sahiblərimizdən idi. İlk azərbaycanlı senzor Mirzə Şərif Mirzəyevin göstərdiyi kimi, “Qafqaz Senzura Komitəsinin divarları arasında düşünülmüş” siyasi ittiham xarakterli “panislamist ovunun” tarixini həmin təsadüfdən başlamaq lazımdır.

 

Qardaşlardan üçüncüsü - haqqında indiyə qədər son dərəcə cüzi məlumat əldə edilmiş Kamal Ünsizadə şəxsiyyəti və fəaliyyəti baxımından daha çox maraq doğurur. Bəzi mənbələrdə 1857-ci ildə doğulduğu (digər qaynaqlarda isə bu təvəllüd tarixi 1865-ci il göstərilir-V.Q.) iddia olunan Kamal da Şamaxıda əsaslı mədrəsə təhsilini tamamladıqdan sonra digər iki qardaşının ardınca Tiflisə gəlmiş və tezliklə kitab-nəşriyyat işi və mətbuat aləmi ilə yaxından maraqlanmağa başlamışdı. Bu sahədə həm də böyük qardaşlarından aldığı estafeti davam etdirməyə çalışmışdı. Bəlkə də mübaliğəyə yol verirəm. Amma fikrimcə onu müəyyən mənada azərbaycançılıq ideyalarının pionerlərindən biri də saymaq  mümkündür. 1891-ci ilin sonlarında, qardaşı Cəlal Ünsizadənin redaktorluğu ilə çıxan və XIX əsr milli mətbuatımızın ən uzun (1883-1892-ci illər) ömürlü nümunəsi sayılan “Kəşkül” nəşrini dayandırandan iki ay sonra Kamal Ünsizadə Qafqaz Senzura Komitəsinə “Azərbaycan” adlı həftədə iki dəfə çıxacaq ictimai-siyasi, ədəbi-mədəni və iqtisadi qəzetin çapına icazə verilməsi xahişi ilə bağlı müraciət etmiş və ərizəsinə gələcək nəşrin, yanılmıramsa 8 bənddən ibarət izahlı proqramını da əlavə etmişdi. Leninqrad vilayətinin mərkəzi tarix arxivində aşkara çıxardığım həmin proqram əsasında 1990-cı ildə  Qarabağa Xalq Yardımı Komitəsinin mətbu orqanında - görkəmli şairimiz Sabir Rüstəmxanlının redaktor olduğu populyar “Azərbaycan” qəzetində “Yüz il əvvəlki “Azərbaycan” qəzetinin proqramı üzərində düşüncələr” adlı elmi-publisist xarakterli yazı çap etdirmişdim.

 

Vətənimizin adı ilk dəfə Kamal Ünsizadənin təşəbbüsü ilə mətbu orqan üçün ünvan seçilmişdi. Sonralar Azərbaycanın şimalında və cənubunda, habelə Avropa ölkələrində eyni başlıq altında bir neçə qəzet nəşr olunsa da, bu ilk təşəbbüs xeyli əlamətdar idi. Aradan 27 il keçəndən sonra Azərbaycan Cümhuriyyətinin qurucularından biri   ideoloqu Məmməd Əmin Rəsulzadə yeni respublikanın nə üçün məhz Azərbaycan adını seçməsinin tarixi-etnik, mənəvi-siyasi köklərini açıqlayaraq yazırdı: “Azərbaycan derkən qəsdimiz Şimali Azərbaycan və ya Qafqasiya Azərbaycanıdır ki, əski Aran ilə Şirvan və Muğanı ehtiva edər. Azərbaycan ismi isə coğrafi bir istilah olmaqdan ziyadə qövmü bir məna ilə işlənmişdir. Biz kəndimizi Azərbaycan dili ilə ki, türkcənin bir növüdür, mütəkəllim (danışan) məxsusi bir qövm ədd edəriz (sayırıq). Bu qövmün ismi   Aran, nə Şirvan, nə Muğandır. Yalnız Azərbaycandır!” (Məmməd Əmin Rəsuzadə. Bakı və Azərbaycan tarixinə dair əsərlər. (1918-1919), Bakı, 2013, s. 60).

 

Təbii ki, əgər o zaman qəzetin çapına icazə verilsəydi, bu, milli-vətənpərvərlik duyğularının inkişafına müəyyən pozitiv təsir göstərər, birləşdirici amil rolunu oynayardı, nəhayət Azərbaycan adının yalnız tarixi əsərlərdə, coğrafiya kitablarında deyil, yüz minlərlə insanın şüurunda da özünə kök salmasına imkan yaradardı. Qeyd etmək lazımdır ki, Kamal Ünsizadə siyasətçi olmasa da, fitri vətənpərvərlik duyğusu ilə bu  məsələdə müasirlərinin bir çoxunu qabaqlamışdı. Çünki XX əsrin ilk illərinə qədər rusdilli Qafqaz mətbuatında Azərbaycan türklərindən söz açılarkən daha çox “kavkazskie tatarı”, “zakavkazskie tatarı”, bəzi hallarda isə “musulmane” ifadələrindən istifadə edilirdi. Özlərinin “tatar” olmadığını, “müsəlman” sözünün isə etnik yox, dini mənsubluq bildirdiyini yaxşı anlayan azərbaycanlı müəlliflər də əksər hallarda rus müstəmləkəçilərinin uydurduqları bu saxta terminlərdən istifadə etmək məcburiyyətində qalırdılar. Yalnız XX əsrin başlanğıcında “Kaspi”də, baş redaktor Ə.Topçubaşovun yazılarında  və Firudin bəy Köçərlinin məşhur kitabının adında “azerbaydjanskie tatarı” ifadəsi görünməyə başlamışdı.

 

1890-cı ilin dekabrında, artıq qəzetə çevrilmiş “Kəşkül”ün səhifələrində dərc olunan kiçik dialoq indiyə qədər onlarla tədqiqatda sitat gətirilib. Həmin bir neçə cümləlik dialoqda Cənubi Qafqazın özünü etnik yox, daha çox dini mənsubluğu ilə fərqləndirən, millət yox, ümmət kimi tanıdan ən böyük etnosuna vətəninin Azərbaycan, dininin islam, millətinin isə Azərbaycan türkü olduğu fikri aşılanırdı. Şübhəsiz, böyük həqiqətin əks olunduğu bu kiçik mətn ümmətdən millətə çevrilmə yolunda atılan  ilk addımlardan biri idi. Güman etmək olar ki, bir neçə ay sonra nəşrinə təşəbbüs göstərdiyi qəzeti “Azərbaycan” adlandırmaq istəyən Kamal Ünsizadə ya həmin dialoqun müəllifi idi, yaxud da ondan təsirlənmişdi.

 

Sonralar, 1920-ci illərin ikinci yarısında Türkiyə Cümhuriyyəti xarici işlər nazirliyində rus dili tərcüməçisi vəzifəsində çalışacaq ortancıl qardaşları Cəlal Ünsizadə kimi Kamal da rus dilinə və mədəniyyətinə bələd idi. “Azərbaycan mətbuat tarixi” (Bakı,2006) əsərinin müəllifi A.Şahverdiyev göstərir ki, ana dilində qəzet nəşri ideyası baş tutmayanda Kamal Ünsizadə Tiflisdə yaşayan mülki müşavir (statskiy sovetnik) Georgi Klimovski ilə birlikdə rus dilində “Letuçiy listok” (“Uçan vərəqə”-yəqin ki, operativlik, xəbərlərin tez yayılması nəzərdə tutulurdu - V.Q.), sonra isə yenə də eyni şəxslə şərikli sırf kommersiya xarakterli “Mestnıe obyavleniya” (“Yerli elanlar”) adlı dövrü nəşrlər üçün icazə almağa çalışmışdı. Hər iki təşəbbüs uğursuzluqla başa çatmışdı. Eyni aqibətlə 1896-cı ildə Qafqaz rəisləri qarşısında həftədə iki sayının çıxması nəzərdə tutulan “Daniş”  qəzeti ilə bağlı müraciəti zamanı da üzləşmişdi.

 

Məlum faktların təkrarı ilə oxucuları yormaq istəmirəm. Sadəcə bir məsələ qaranlıq qalır ki, nəyə görə mətbuata vurğunluğu əsla şübhə doğurmayan Kamal Ünsizadə milli mətbuat üçün nisbətən münbit, liberal şəraitin yarandığı 1905-ci ildən sonra ilboyu sadəcə 1-2 növbətçi sayı (nəşrə icazənin və sahiblik hüququnun itirilməməsi üçün) çıxan solğun, sönük, yəqin ki, özündən başqa heç kəsə gərək olmayan “Məzhər” qəzetinin çapı ilə kifayətlənmişdi? Nə üçün digər qəzet və məcmuə səhifələrində adı, imzası görünməmişdi?

 

Əlbəttə, bütün bu suallara cavab tapılması axtarış və tədqiqatları daha da genişləndirməyi, dərinləşdirməyi tələb edir. Mən isə burada qardaşların ortancılı, milli mətbuat tarixində “Əkinçi” ilə “Həyat” arasında nisbətən sağlam, məzmunlu “Kəşkül”lə körpü salmağı bacarmış naşir-redaktor Cəlal Ünsizadənin həyatının Türkiyə dövrü ilə bağlı iki məxəzə diqqəti çəkmək istəyirəm.

 

Onlardan birincisi Azərbaycan əsilli görkəmli türk yazıçısı, siyasi və dövlət xadimi Səməd Ağaoğlunun (1909-1983) “Həyat bir macəra. Uşaqlıq və gənclik xatirələri” (İstanbul, 2003) kitabından götürüb. Səməd  bəy türk dünyasının böyük fikir adamlarından olan Əhməd Ağaoğlunun ailəsində doğulmuşdu və atasının geniş əlaqələri sayəsində hələ yeniyetməlik çağlarından başlayaraq Türkiyənin, eləcə də türk dünyasının bir çox tanınmış ədəbi, ictimai, siyasi xadimləri ilə tanış olmaq, onları yaxından müşahidə edib öyrənmək imkanı qazanmışdı.Xatirələrindən məlum olur ki, o, Azərbaycan icmasının nümayəndəsi kimi ailə dostları sırasına daxil olmuş Cəlal bəyi və ailə üzvlərini kiçik yaşlarından tanımışdır. Səməd Ağaoğlu adını çəkdiyim memuarlarında yazırdı:

 

“Cəlal Ünsi. İri gövdəli, yuvarlaq sarışın sifətli, şirin səsli Cəlal bəy, qumral, mavi gözlü, incə və məhzun üzlü, saraydan alınmış çərkəz xanımı, zəkası saflığın sərhədlərini aşan, süd kimi bəyaz rəngli, mavi gözlü, gombul, qırmızı yanaqlı qızı, haralardasınız indi?

 

Hafizəmdə onlardan bir macəra, bir hekayə, bir mənzərə var. O zaman Ayastefanos deyilən Yeşilköydə evlərinə getdiyimiz bir yay günü dənizə düşdüyümü xatırlayıram. İndi də suda necə çırpındığım yadımdadır. Sonra gözlərimi atamın qucağında açmışdım.

 

Cəlal bəy Sultan Əbdülhəmid zamanında bir ara işsiz qalır, axırda pul qazanmaq üçün jurnalçılığa (donos yazmağa) qərar verir. Ancaq yazdığı jurnallardan (donoslardan) səs-səda çıxmır. O qədər hirslənir ki, bir jurnal da özü haqqında yazır. “Buyur, Əhməd bəy! Mənim bəxtim, taleyim belə imiş. Dərhal dalımca gəlib yaxaladılar. Adamlara o jurnalı da yenə özümün yazdığını anladana qədər anamdan əmdiyim süd burnumdan gəldi”.

 

Cəlal bəyin bu gülünc talesizlik hekayəsi yanında bədbəxtliyinin cizdiyi mənzərə belə idi: Molla Gürani məhəlləsindəki (İstanbulun tarixi rayonlarından biri - V.Q.) evimiz  yandıqdan sonra bir ara Türbədə, Göyalpların evində qalırdıq. Bir gün indi (xatirələr 1963-c ildə Səməd Ağaoğlunun ömürlük həbs cəzası çəkdiyi Qayseri həbsxanasında qələmə alınıb - V.Q.) Türkiyə Xalq Partiyası İstanbul mərkəzi olan binanın önündən keçərkən qarşıdan gələn bir adamın əlləri ilə üzünü örtərək uca səslə hıçqırıb ağladığını gördüm. Qoluna girmiş bir nəfər onu dartıb aparmağa çalışır, lakin o gah yerə çömələrək, gah da ayaq üstdə, iki-üç addımdan bir evlərin divarlarına söykənərək hıçqırır, hıçqırırdı. Yoldan keçənlər böyür-başına toplaşmağa başlamışdılar. Yaxınlaşdım, Cəlal Ünsi bəy idi.

 

Sonradan öyrəndik. O gün Xariciyyə nəzarətindən çağırmışlar, mühəndis olmaq üçün Almaniyada təhsil alan oğlunun ölüm xəbərini vermişlər.

 

Zavallı Cəlal əmi! O gün məni şaşırdan küçənin ortasındakı dəli-divanə halının hansı sağalmaz yaradan doğa biləcəyini yalnız özüm də ata olandan sonra anladım” (Samet Ağaoğlu. “Hayat bir macera! Çocuqluk ve Genclik Hatıraları”, İstanbul, “Kitab” Yayın evi, 2003, s. 33).

 

Burada tam şəkildə gətirdiyin lakonik qeydlər bir neçə cəhətdən diqqətəlayiqdir. Əvvəla gözlərimiz önündə Cəlal Ünsizadənin görümlü, hətta müəyyən yumoristik ştrixlərin də əksini tapdığı portreti yaradılır, digər tərəfdən İstanbulda yaşadığı təqribi ünvan göstərilir, ailə tərkibi - xanımı və uşaqları haqqında məlumat verilir, şəxsi xarakterinin bəzi cizgilərini açılır. Eyni zamanda, ailə soyadındakı İran elementindən - “zadə” sonluğundan imtina etdiyi də aydın olur. Nəhayət, bir diqqətəlayiq fakt da öyrənirik - Cəlal Ünsizadənin mühacirətdəki ən yaxın, ailəvi dostları sırasında Əhməd Ağaoğlu da varmış. Və bu əlaqələrin həm də daha əvvəldən - həyatının Tiflis dövründən başladığını güman etmək olar. Bəzi mənbələrdə Cəlal bəyin Türkiyədə bir müddət Baş Mətbuat idarəsində işlədiyinin qeyd olunduğunu nəzərə alsaq Əhməd bəylə münasibətlərinin tabeçilik (bu idarənin başçısı Əhməd Ağaoğlu idi-V.Q.) və professionallıq çalarları da daşıdığını söyləmək mümkündür.

 

Səməd Ağaoğlunun uşaqlıq yaddaşında ilişib qalmış bu xatirələr təxminən 1918-1919-cu illəri əhatə edir. Bəzi məqamlar isə 20-ci illərin ortalarına qədər gedib çıxır. Təbii ki, bunu daha çox təxminlə müəyyənləşdirmək mümkündür. Amma əlimizdə dəqiq tarixi bəlli olan başqa sənəd də var. Bu, türk dünyasının böyük şəxsiyyətlərindən biri, başqırd türkü, professor Zəki Vəlidi Toğanın (1890-1970) ilk cildi 1970-ci ildə İstanbulda çapdan çıxan “Xatirələri”dir.

 

Zəki Vəlidi Rusiya imperiyasının çöküşündən sonra başqırd xalqının milli müstəqillik mübarizəsinə başçılıq etməsinə, daha sonra isə bolşevik hakimiyyətinə qarşı  vuruşan basmaçıların rəhbərlərindən biri olmasına baxmayaraq elmlə, mətbuatla əlaqələrini heç zaman üzməmişdi. Türk xalqlarının bir çox alimləri ilə əlaqə saxlamışdı. Hətta 1920-ci ilin iyulunda gizli şəkildə bir neçə günlüyə Bakıya gəldiyi zaman bütün təhlükələrə baxmayaraq özü kimi ədəbiyyat sevdalısı olan Salman Mümtazla görüşüb danışmaq fürsətini əldən qaçırmamışdı. Bu baxımdan  Cəlal Ünsizadəyə bələdliyi, görüşmək fikrinə düşməsi və  aralarında səmimi ünsiyyət yaranması tamamilə təbii idi. Ona görə də yeni Türkiyə Cümhuriyyəti hökumətinin dəvəti ilə 1925-ci il aprelin sonlarında Berlindən İstanbula gəldiyi zaman soraqlaşdığı köhnə həmkarlardan biri də türk dünyasında tanınan “Kəşkül” məcmuəsinin naşir-redaktoru olmuşdu. Zəki Vəlidi yazırdı:

 

“Mayın 16-da (söhbət 1925-ci ildən gedir-V.Q.) Cəlal Ünsi bəylə görüşdüm. Bu zat Azərbaycan türklərindən olub Qaspralı İsmayıl bəydən əvvəl Tiflisdə “Kəşkül” ismində bir türkcə qəzetə çıxaran zatdır. Mən onu çoxdan ölmüş sayırdım. Sən demə, Türkiyədə yaşayırmış. İran və Azəri ədəbiyyatlarına vaqifdi. Bu zat məni Hülusi bəy ismində bir xalça tüccarı ilə tanış etdi. Əslən Krım türklərindən imiş, əşirət soy adı da Özbəkmiş... Lakin bu Özbək əşirəti Türküstandan gəlmə deyilmiş, yerli (yəni krımlı) bir qəbilə imiş. O da farscaya, Krım və Qızıl Orda tərəflərdə yazılan ədəbi və dini əsərlərə vaqif imiş. Cəlal Ünsi bəylə gedib bu zatla ədəbi mövzular üzərində söhbət edirdik. Bu zat, yəni Hülusi bəy Hafiz divanından fal açardı. Bir gün mənim üçün Hafiz divanının daim yanında saxladığı gözəl əlyazma nüsxəsini açdı: “Sən Xorəzm yaxud Xocəndə gedəcəksən” - misrası çıxdı (Farscası: “Hafez, çü tərke-qəmzeye-Türkan nə mikoni, Dəni kocaəst cayi-to? Xorezm, ya Xocənd” - V.Q.). Cəlal Ünsi əfəndi “Hə, Səmərqəndə getsən, Əmir Teymura mənim salamımı yetir!”- dedi. Başqa bir gün getdiyimizdə Cəlal Ünsi bəy “Zəki bəyə bir Hafiz falı da aç, baxaq görək, əcəba məni də özü ilə götürərmi?” - deyə zarafat etdi. Açdı. “Türküstanlılar səni sevir, zülfünün bir əlçiminə Çin və Hindi xərac verir”-beyti (Bir qədər sərbəst tərcümə edilib. Farsca orijinalı belədir: “Du çeşmi-məsti-to aşube-cümleyi-Türküstan, Be çine zolfe to Maçinü Hind dade xərac” - V.Q.) çıxdı. Çox ehtimal ki, Cəlal Ünsi bəy bu misraları daha öncədən Hülusi bəyə ismarlamışdı. Hər necə də olsa bununla mənim vətən sevgisi hissimi oxşamış oldu.

 

Cəlal Ünsi bəy dedi ki, “Xacə Hafiz səninlə çox səmimi imiş. Sənə ən yaxın dostu kimi belə təsviyələrdə bulunur. Mən 30 ildir ki, buradayam. Hafiz bir kərə də olsun, mənə belə şeylər söyləmədi”.

 

Cəlal bəy Xülusi bəyə xitab edərək “İndi də mənim üçün bir fal aç”-dedi. “Hasud (hər şeyə həsəd aparan, qısqanc - V.Q.) adamlardan özünü  qoru” - anlamında bir misra çıxdı. Cəlal Ünsi bəy mənə xitab edərək “Əslinə baxanda bu fal da sənə aid imiş. Çünki mənim dövrüm keçmişdir. Artıq bir kimsə mənə həsəd aparmaz”- dedi. Mən də belə bir cavab verdim. “Ola bilər. Əli Quşçu bəy İstanbula gələndən sonra (Adıçəkilən Əli Quşçu - Əlaəddin Əbülqasim Əli ibn Mühəmməd əl-Quşçu (1403-1474) -Teymurilər dövrü özbək astronumu və riyaziyyatçı, Sultan II Mehmetdən böyük lütfkarlıq görərək həyatının son illərini İstanbulda keçirmişdi. Zəki Vəlidi bu tarixi analogiya ilə Cəlal Ünsizadənin də sıravi adamların həsədlərindən yüksəkdə dayanaraq üzün illər Sultan II Əbdülhəmidin yaxın çevrəsinə daxil olduğuna işarə etmişdi - V.Q.) Səmərqənddəki dostlarına yazdığı məktubunda burada qısqanc insanların çoxluğundan, fəqət padşahın mərhəmətli olmasından bəhs etmişdi”. Cəlal Ünsi bəy Xariciyyə Vəkalətində rus dili tərcümanı vəzifəsində çalışırdı” (Zəki Vəlidi Toğan. Hatıralar. Türküstan və digər müslüman doğu türklərinin milli varlıq və kültür mücadilələri. Türkiyə Diyanət Vakfı Yayınları. İstanbul, 2012 səh.523-524).

 

Zəki Vəlidinin yazdıqlarından Cəlal Ünsizadənin bioqrafiyası ilə bağlı daha bir detalı dəqiqləşdirmək olur. Əgər o, 1925-ci ildə 30 ildən bəri İstanbulda yaşadığını deyirdisə, deməli Qafqazdan Osmanlı imperiyasına təxminən 1895-ci ildə mühacirət etmişdi. Burada bizə məlum olmayan əlaqələri nəticəsində Yıldız sarayına yol tapmış, Sultan Əbdülhəmidin rəğbətini qazanmış, onun şəxsi katibi, yaxud saray kitabxanasının müdiri vəzifəsinə yüksəlmişdi.

 

(Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının 18 noyabr 1907-ci il tarixli sayında dərc etdirdiyi “Batdağ” felyetonunda Cəlal Ünsizadədən Osmanlı Sultanının şəxsi katibi kimi söz açır. - V.Q.)

 

Eyni zamanda, Səməd Ağaoğlunun ardınca Zəki Vəlidi Toğan da yüksək hörmətlə yanaşdığı Cəlal Ünsizadənin portretinə yeni cizgilər əlavə edir, onu insan kimi daha səciyyəvi cizgilərlə təsəvvürə gətirməyə imkan yaradır. Xatirələrdən də göründüyü kimi,  Cəlal Ünsizadə Zəki Vəlidini ara-sıra tanışı, özü də bir ədəbiyyat adamı olan xalça taciri Hülusi bəyin yanına, Hafiz falına baxdırmağa dəvət edirmiş. Hər dəfə də çox uğurlu, məqama uyğun gələn və gələcəyə ümidlə yanaşmağa imkan verən istixarələr ortaya çıxırmış. Yurdsuz, ailəsiz mühacirin üzünə bütün qapıların açılacağı, həyatının tezliklə nizama düşəcəyi müjdəsi verilirmiş. Zəki Vəlidi yalnız aradan illər keçəndən sonra anlamışdı ki, bütün fala baxmalar, müsbət sonuclu peyğəmbərliklər qoca Ünsizadə tərəfindən əvvəlcədən qurulan bir qurğu imiş. Bu yolla vətənindən, yaxın və doğmalarından uzaq düşən, sabahkı günü  tamamilə naməlum və mübhəm görünən yeni dostuna ürək-dirək vermək, ona daha inamlı və möhkəm olmaq hissini aşılamağa çalışırmış...

 

Bu yazı mədəni keçmişimizlə bağlı xüsusi tədqiqatdan daha çox Ünsizadələrin (və ola bilsin ki, sabah az öyrənilmiş digər ədəbiyyat və mətbuat xadimlərinin) sorağı ilə yola çıxan gənc “ləpirçilərə” müəyyən yardım etmək,  istiqamət göstərmək  arzusundan doğan bir təəssüratdır. Necə deyərlər, İrana, Turana düşməmişdən əvvəl ilk növbədə nəyi harada axtarmaq lazım olduğunu dəqiqləşdirmək lazımdır. Kim bilir, bəlkə inadlı axtarışlar nəticəsində Cəlal bəyin övladının - surəti on illər boyu Səməd Ağaoğlunun yaddaşında yaşamış  həmin o “zəkası saflığın hüdudlarını aşan, süd kimi bəyaz rəngli, mavi gözlü, gombul, qırmızı yanaqlı qızın” nəvə-nəticələrini tapmaq mümkün oldu? Mükəmməl arxivçilik (hələ Osmanlı dönəmindən qalma ənənə idi!) mədəniyyətinə malik Türkiyədə sultan sarayında, yaxud xarici işlər nazirliyində rəsmi vəzifə tutmuş bir dövlət məmurunun izinə düşmək də gərək çətin olmasın.

 

Gələcəklə bağlı biri-birindən möhtəşəm və yəqin ki, sadədil adamları heyrətləndirməyə yönəlik planların (bunu edəcəyik, onu edəcəyik! və s) anonsunu verməkdənsə həmin gələcəyə addım-addım yaxınlaşmaq lazımdır.

 

May, 2017, Budapeşt

 

Vilayət QULİYEV

 

525-ci qəzet.- 2017.- 10 iyun.- S.18-19.