Səhərdi Şabran
BU YAZ DAHA
XOŞDU...
Baharın
gəlişi başqa bir ovqat, ruh bəxş edir insana... Təbiət boyanınca, çiçəklərin
qırmızısına, yarpaqların yaşılına
bürününcə içimiz, düşüncələrimiz
də ayrı rəng alır elə bil.
Günəş təkcə soyuqdan, qışdan
bezmiş canımızı yox, ruhumuzu da isidir, hüzur,
rahatlıq gətirir. Həm də ümidlərimizə işıq salır
sanki... Yayın üzücü istisini, kələyimizi
kəsəcək bürküsünü təxmin etsək belə,
yenə bahardan zövq almağa çalışırıq.
Yaradıcı adamlar üçün isə sənətdən,
ədəbiyyatdan kənar heç bir zövq ola
bilməz.
May ayından başlayaraq ədəbi mühitimizdə
ardıcıl keçirilən tədbirlər, şeir gecələri
bu yaza ayrı bir rəng, təzə bir ab-hava qatdı. 30 mayda
Şamaxıda keçirilən ənənəvi Sabir poeziya
günlərinin ardınca iyun ayında Bakıda VII Şairlər
günü silsilə tədbirlərinə
başlanıldı. 5 iyunda - Mikayıl
Müşfiqin və Vaqif Səmədoğlunun doğum
günlərində başqa bir böyük şairimiz Məmməd
Arazın xatirəsinə həsr olunmuş şeir gecəsi
keçirildi. Türkiyədən elm və ədəbiyyat
adamlarını öz ətrafında cəm edən,
nüfuzlu İLESAM təşkilatının rəhbəri,
şair Məhməd Nuri Barmaqsız başda olmaqla, bir
çox türk şair, yazıçı, tərcüməçilər
tədbirə qatıldılar, çıxış edib
şeirlərini səsləndirdilər. 6 iyunda isə Məhməd
Nuri bəyin Rəşid Behbudov adına
Mahnı Teatrında yaradıcılıq gecəsi
keçirildi. Zərif ruhlu şeirləri ilə,
eşq haqqında qeyri-adi tapıntıları, qafiyələri,
söz oyunları ilə seçilən Məhməd Nuri bəyin
poeziya gecəsi “Kəpənək ömrü”
adlanırdı. Artıq təkcə
Türkiyədə yox Azərbaycanda da məşhur olan Məhməd
Nuri bəyin eyniadlı şeiri dillər əzbəridir.
Hakkın
bizi halk ettiği toprak
ne de
paktır
Herhalde bu
yüzden ki
mezar
taşları aktır
Heyhat!
Kara sevda denilen
yol ne de
dardır
Aşk
bitti mi dünya
kelebek
ömrü kadardır.
Elə
bütün gecə boyu da anladığımız o oldu ki,
şair, bu gözəl misraların müəllifi yer üzündə sevgidən,
eşqdən başqa heç nədə məna
görmür. Sevgisiz dünyanı bir kəpənəyin
ömrü qədər fani, qısa sayır. Şeirləri,
çıxışları dinlədikcə hələ
keçən il Ankarada olanda Məhməd
Nuri bəyin yoğun qrafikindən təəccüblənib “Bəs
bu işləri necə çatdırırsınız?” - soruşmağımı xatırlayıram. “Dəqiqələrlə
çarpışırıq” - demişdi. Bu tədbirdə isə başa düşdüm ki,
Məhməd Nuri Barmaqsız təkcə dəqiqələrlə
yox, həm də hissləri, duyğuları ilə
çarpışır. Elə şeirləri
də bu bitib-tükənməyən mübarizənin nəticəsidir.
Növbəti
gün, 7 iyunda Beyləqanda Mücirəddin Beyləqaninin xatirəsinə
həsr olunmuş şeir gecəsi keçirildi... Bu şeir, poeziya gecələrinin sonluğu,
finalı Şabranda baş tutmalı idi. Xaqani
Şirvaninin xatirəsinə həsr olunmuş VII Beynəlxalq
Şairlər günü kimi...
BU YOL
ŞABRAN YOLUDU...
Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyinin
Mədəniyyət və Tanıtma müşaviri İrfan
Çiftçi qərarını bir gün öncə Beynəlxalq
Muğam Mərkəzində verir. Türkiyədən gəlmiş
“Önder Focan ve Şalliel Bros” Caz qrupunun konsertində.
Müxtəlif improvizələri, beynimizi dincəldən
musiqi nömrələrini dinləyəndən sonra... Deyir ki,
sabah Şabrana, Xaqani Poeziya Günlərinə
mən də gedirəm. Son dərəcə
qeyri-adi intellektə və dünya duyumuna malik İrfan bəylə
nədən desən danışmaq olar. Üstəlik,
Azərbaycana böyük sevgisi, ədəbiyyatımızı,
kinomuzu, musiqimizi yaxşı bilməsi, müxtəlif sənət
adamları ilə dostluğu onu bizlərə xeyli
doğmalaşdırıb.
...İyunun 8-də səhər-səhər İrfan bəyi
səfirliyin önündən götürüb Anar müəllimin
ardınca gedirik. Köhnə Sovetskinin yolları
keçilməz olub. Yazıçının
evinə yaxınlaşa bilmirik. Sürücü bir az aralıda saxlayıb gözləyir. Anar müəllim kələ-kötür yolları
piyada gəlməli olur. Baxıb düşünürəm,
görünür bunun özü də bir simvoldu,
yazıçının yolu hamar, maneəsiz ola
bilməz...
Amma əsas yol, Şabran yolu qarşıdadı. Sürücümüz
sükanı Rəşad Məcidin ixtiyarına verib gedir.
Uzun zamandı maşın idarə etməyən Rəşad
müəllimin təcrübəsizliyi elə sükan
arxasına keçən kimi hiss olunur. Tabloda
hansısa səbəbi məlum olmayan işıqlar yanıb
sönür, qapı açıq qalıb, yanımızdan
ötən maşınlar siqnal verib nəyəsə işarə
edirlər. Rəşad müəllim əsəbi halda
bütün düymələri sıxıb maşını
ram etməyə çalışır. Deyəsən,
arada əyləci də basır. Başım
qarşıdakı oturacağa iki dəfə dəyib
qayıdanda anlayıram ki, nə isə qaydasında deyil... Zarafatla “gedib yazacam ki, Rəşad Məcidin
sürücülüyü redaktorluğu səviyyəsində
deyil” - deyirəm. Anar müəllim iti yumoru ilə
reaksiya verir: “Sən bunu o halda yaza bilərsən ki, gedib
Bakıya salamat çıxasan”. Deyəsən İrfan bəy
daha narahatdı, nə qədər olmasa, evində deyil
axı... Azərbaycanı da vətən saysa belə, yenə
doğmalarından uzaqdı da... Rəşad Məcidə
zarafatla “Azərbaycan ədəbiyyatının gələcəyi
sizin əlinizdədi” - deyib gülürük. Anar
müəllim bir əhvalatı yada salır. Bir gün Rəsul Rza, Səməd Vurğun, Sabit Rəhman
maşında rayondan qayıdırlarmış. Birdən qarşıda tülkü görürlər,
maşını tülkünün ardınca
sürdürürlər. Tülkü qaçdıqca
bir az da içərilərə, dərinlərə
doğru gedirlər. Birdən sürücü
maşının əyləcini sıxır və baxırlar
ki, düz uçurumun qabağında durublar. Səməd
Vurğun deyir: “İşə bax ey, bütün Azərbaycan ədəbiyyatı
bir tülküyə qurban gedəcəkdi...”
İrfan bəy ilk dəfədi Azərbaycanda Bakıdan
kənara çıxır. Rəşad müəllim
həm də bələdçilik edir, yolboyu yanından
keçdiyimiz obyektlərdən, dənizdən, çaylardan
danışır. Beşbarmaq
dağına yaxınlaşanda Anar müəllim “Bu
dağı Məhməd Nuri Barmaqsızın şərəfinə
belə adlandırmışıq” - deyir. Və deyəsən
İrfan bəy bir az qısqanır: “Bəs
Ataol Bəhramoğlunun şərəfinə bir qaya yoxmu
burda?”
Onu vurğulamağı unutdum ki, Rəşad müəllimin
maşını özünə tabe etməyi çox çəkmədi,
düz yola çıxınca hər şey qaydasına
düşdü. Və biz beləcə danışa-danışa,
gülə-gülə bir də baxdıq ki, Şabranın
qapıları ağzındayıq...
QƏDİM
VƏ TƏZƏ...
Türkiyədən olan qonaqlarımız bizdən daha əvvəl
gəlib Şabran Diyarşünaslıq Muzeyini gəziblər. Bu muzeyi hələ
2012-ci ildə burda ilk kitabım “Qar yağacağ”ın imza
günündən əvvəl ziyarət etmişdim. Yadımdadı ki, hələ o zaman muzeyin həyətində
Şabranın qədim tarixini əks etdirən daş
eksponatlar, o cümlədən, rayonda aparılan arxeoloji
qazıntılar nəticəsində tapılan müxtəlif
növ əşyalar diqqətimi çəkmişdi. Həmçinin, muzeydə nümayiş olunan
Şabran xalçaları da xeyli maraqlandırmışdı
məni. Sonradan öyrəndim ki, Şabranda “Pirəbədil”,
“Şahnəzərli”, “Zeyrə”, “Pirəbədil-Heyrəti”,
“Hacı Qayıb”, “Yeni Çiçi” xalçaları
toxunur. Və bu xalçaların hər birinin
özünün “dramaturgiyası” var. Burda gördüyüm,
Şabranın ilkin orta əsrlər maketi də xeyli
düşündürmüşdü məni.
Hələ eradan əvvəl yaşayış məskəni
olan bu yerdə qədim şəhər mədəniyyətinin
izləri aşkarlanıb. Lakin XVIII əsrdən
o qədim Şabran tənəzzülə uğrayıb və
günümüzə yalnız xarabalıqları gəlib
çatıb. Ümummilli lider Heydər
Əliyevin 2003-cü ildə imzaladığı Sərəncama
əsasən qədim Şabran şəhəri tarix və mədəniyyət
abidəsi kimi qoruq elan edilib.
Qədimliklə
yenilik, tarixiliklə müasirlik çiyin-çiyinədir
Şabranda... Son dərəcə müasir şəkildə
təmir olunmuş muzeydə əski eksponatlar nümayiş
etdirilir. Müstəqil ölkəmizin
üçrəngli bayrağı köhnə qaya
daşlarından inşa olunmuş, qədimliyi özündə
ehtiva edən qalaçanın başında dalğalanır.
XII əsrin söz ustadı, mütəfəkkiri
Xaqani Şirvaninin heykəli elə şairin özünün
adını daşıyan müasir Poeziya Evinin
qarşısında ucaldılıb. Bir az
da içərilərə getsək təbiətin ibtidai,
bakirə gözəlliyi içərisindəki
çağdaş standartlara cavab verən “Qalaaltı Hotel and
Spa” beşulduzlu istirahət kompleksini, əsrarəngizliyi ilə
təbii göllərdən seçilməyən
Taxtakörpü Su Anbarını görə bilərik. Hələ
əzəməti ilə insanları heyrətləndirən
Çıraqqala... Bir sözlə, məncə
burada əsas deviz belədir - “İnkişaf edək, amma
keçmişi də unutmayaq”.
...Şabran
Diyarşünaslıq Muzeyində beş
il öncə gördüyüm eksponatlardan ən
yaddaqalanı məhək daşları olmuşdu. O zamana kimi
“məhək daşı” ifadəsini məcazi mənada, təşbeh
kimi bilirdim. Amma muzeydə bu daşın real
olduğunu, keçmişdə qızılın əyarını,
xalisliyini yoxlamaq üçün bundan istifadə edildiyini
öyrəndim. Və nədənsə elə
bu dəfəki gəlişimizdə də o məhək
daşları yadıma düşür. Həm də
böyük türk şairi Nazım Hikmətin “Son avtobus”
şeirindən olan misralarıyla:
Yeniden
vurdum mihenge
inandığım şeyleri,
çoğu katkısız çıktı çok
şükür.
Ne
böylesine pırıl-pırıl
olmuşluğum vardı,
ne
böylesine hür.
Şairlərin
məhək daşı sözdür yəqin...
İnsanların əyarını sözüylə, sözə,
şeirə
münasibətiylə müəyyənləşdirirlər.
Bir azdan Şabran Mədəniyyət Sarayındakı tədbirdə
də sözün, şeirin vasitəsiylə
“tanıyacayıq” bir-birimizi...
Xaqaniyə
AZADLIQ!!!
XII əsrin böyük şairi, lirik şeirlər
ustası Xaqani Şirvani Şabran qalasında məhbəsdə
olub. Öncədən sarayın sayıb-seçdiyi
şair, məliküş-şüəra rütbəsinə
ucaldılan Xaqani sonralar sərt, barışmaz, əyilməz
xarakterinə görə saraydan uzaqlaşdırılır, həbs
olunur. “Həbsiyyə”sini də burda, Şabranda
yazır... Ömrünün son illərini, son
günlərini Təbrizdə
keçirir, burda, “Şairlər qəbiristanlığı”nda
dəfn edilir.
Xaqaninin çətin günləri ilə bağlı
olan Şabran son illərdə şairin
qarşısındakı tarixi “günahı” yumaqdadı. 2012-ci ildə Rayon İcra
Hakimiyyətinin qərarı ilə burda Xaqaninin heykəli
qoyulub, adına Poeziya Evi tikilib, Xaqani
Poeziya günlərinin keçirilməsi üçün sərəncam
verilib. Elə o zamandan hər il şairin
xatirəsinə ithaf olunan Poeziya Günləri keçirilir.
Elə tədbirdəcə düşünürəm,
görəsən, nədir bu şeir yığıncaqlarının
faydası? Və
bir az tarixə boylanıb anlayıram ki,
faydası çoxdur. Poeziyamızın
inkişafında müxtəlif dövrlərdə
yaranmış ədəbi məclislər önəmli rol
oynayıb. Yalnız Bakıda deyil, ölkənin
müxtəlif şəhərlərində fəaliyyət
göstərən bu məclislər bir çox parlaq
imzaların tanınmasına yol açıb. XIX əsrdə
Gəncədə (sonralar Tiflisdə) “Divani-hikmət”,
Bakıda “Məcməüş-şüəra”,
Şamaxıda “Beytüs-Səfa”, Qubada “Gülüstan”, Lənkəranda
“Fövcül-füsəha”, Qarabağda “Məclisi-üns” və
“Məclisi-fəramuşan” adlanan ədəbi məclislər
Azərbaycandan kənarda da əks-səda doğurub. Əlbəttə, indiki Poeziya görüşləri
o ədəbi məclislərdən xeyli seçilir. Amma istənilən halda mahiyyət eynidir. Əsas şərt söz, sənət
adamlarının bir yerə toplaşmaları, müzakirələr
edib, polemikalara qoşulmalarıdır. Əslində, elə
bu fikir mübadilələrində bir çox yeni əsərlərin
ideyaları yaranıb...
Şabranda indiyə kimi “Şabran” və
“Çıraqqala” ədəbi məclisləri fəaliyyət
göstərir. Artıq altıncı dəfə
gerçəkləşən Xaqani Poeziya günləri daha əvvəllər
elə bu məclislərin üzvlərinin iştirakı ilə
rayon səviyyəsində keçirilib. Sonralar
Azərbaycan Yazıçılar Birliyinin Şabran bölməsi
yaradılıb, “Xaqani Poeziya günləri” komissiyası təsis
olunub və bu tədbir ölkə səviyyəsində
keçirilməyə başlanıb. Bu il
isə artıq xarici qonaqların, şairlərin
iştirakı ilə Beynəlxalq səviyyə aldı...
Tədbiri
giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti
başçısının müavini Fikrət Nuşiyev
qonaqları salamlayır, böyük şairin adını
daşıyan poeziya bayramının önəmindən,
tarixçəsindən danışır: “Ulu və
şanlı bir tarixə malik olan bizim qədim Şabran
torpağı bu gün əlamətdar bir gün
yaşayır. Bildiyimiz kimi, 2012-ci ildən
başlayaraq Şabranda Xaqani Poeziya günləri
keçirilir. Bu il də həmin ənənəyə
sadiq qalmışıq. Və belə qərara
gəlmişik ki, VII Beynəlxalq Şairlər Gününü
Xaqani Şirvaninin xatirəsinə həsr edək. Şabran bölgəsinin hər bir sakini, eləcə
də rayon İcra Hakimiyyətinin rəhbərliyi adından hər
birinizi salamlayır, “xoş gəlmişsiniz” deyirəm”.
Daha sonra Fikrət Nuşiyev ölkə rəhbərliyinin
ədəbiyyata, sənətə göstərdiyi
qayğıdan söz açır və bu tədbirin də
dövlətin uğurlu siyasətinin nəticəsi
olduğunu qeyd edir.
“Xaqani Poeziya günləri” komissiyasının sədri,
yazıçı Elçin Hüseynbəyli daha əvvəlki
illərdə keçirilən tədbirlərlə
bağlı xatirələrini bölüşür.
Xalq yazıçısı Anar isə məhz Xaqaninin məhbəsdə
olduğu Şabranda bu cür qədrşünaslıqla
anılmasını tarixi ədalət kimi dəyərləndirir. Görünür,
həqiqətən də belədir. Əslində,
Şabranlılar sanki əsrlər sonra böyük şairin
hürriyyətini, azadlığını ona qaytarmış
olurlar. Hər il ondan, əsərlərindən,
ədəbiyyatımızda tutduğu mövqedən,
oynadığı roldan danışaraq, xatirəsini anaraq
edirlər bunu... Bu il isə Xaqaninin ərəbcə
əsərlərinin filoloji tərcüməsi Şabran rayon
İcra Hakimiyyətinin dəstəyi ilə kitab şəklində
çapdan çıxıb.
Şabranın
millət vəkili Tahir Süleymanov türk
qardaşlarımızın gəlişindən
duyğulandığını deyir: “Qürur duyuram ki, bu
gün 20-dən çox türk qardaşımız, şair,
yazıçı dostumuz Şabrana gəlib. Bu
gün Şabranın taleyində ən gözəl günlərdən
biridir”. Tahir müəllim
danışdıqca həqiqətən kövrəldiyi, fərəhləndiyi
hiss olunur. Üç gün öncə
Muğam Mərkəzindəki tədbirdə türk şair
Yadigar Sarı da dodaqları əsə-əsə “Elə bilirəm
ki, qardaşımın evinə qonaq gəlmişəm” - deyib
kövrəlmişdi. Görünür,
bütün bu zərif hisslərə yol açan
qadağalardı. İllərlə
bir-birinə həsrət qardaşlar bu olmazlardan,
qadağalardan xilasın sevincini yaşayırlar. 26 il öncə kim inanardı ki, Türkiyə və
Azərbaycan şairləri birgə Poeziya günləri
keçirəcəklər? Heç kim! Və
həyat elə buna görə də mənalıdır!
NAĞIL
ADAMIN MÜKAFATI
Şabranın
yazıçı simasıdır Aydın Tağıyev... Novruz Nəcəfoğlunun
Nağıl-Adamıdır. Doğrusu, Aydın müəllim
haqqında bu romanı oxumazdan öncə
düşünürdüm, görəsən, bu əsərin
adı dost mübaliğəsi deyil ki... Oxudum və inandım
ki, deyil! Aydın müəllimin həm
özü ilə, həm də əsərləri ilə
ünsiyyətimdən sonra isə bu adın dəqiqliyinə
lap çox əmin oldum. Tənqidçi Vaqif Yusifli
“Görünən adam” məqaləsində yazır:
“Aydın Tağıyev bu ömürlə sübut etdi ki, əyalətdə
yaşayıb Azərbaycanın gözəl bir
yazıçısı kimi tanınmaq mümkündür”. Əziz Vaqif müəllimin sözlərinə onu əlavə
edə bilərəm ki, Aydın müəllim, deyəsən,
heç əyalətdə də yaşamır.
Ümumiyyətlə, bu dünyanın adamı deyil...
İşıqlı, çox işıqlı gələcəyə
də elə ürəkdən inanır ki... “Buz heykəl”lərin
əriməsi üçün iynənin ucu boyda işıq bəsdi
ona... 2012-ci ildə 60 illik yubileyi rayon rəhbərliyinin təşkilatçılığı
ilə yüksək səviyyədə qeyd olunan, 2016-cı
ildə AYB-nin Şabran rayon bölməsinin sədri
seçilən Aydın Tağıyev bütün bu
böyük, ya kiçik uğurlarının sevincini təvazökarlıqla
yaşayır... Elə bu dəfə
Müşfiq Poeziya günlərinin rəhbəri Xəyal
Rzanın ona təqdim etdiyi mükafatdan da qəribə bir təvazökarlıq
“dalğa”sına düşmüşdü. Bununla belə, ürəklə
çıxış edib həm Anar müəllimə, həm
də icra başçısı Novruz Novruzova ona göstərdikləri
etimada görə təşəkkürlərini bildirdi.
Və yaradıcı adamların əzəli mövzusu olan
“yollar” haqqında fikirlərini bölüşdü:
“İnsan dünyaya gələndən yol gedir. Bu
yol hara aparır, harda sona çatır bilmirik. Nə bilmək olar, bəlkə Xaqani də əsrlər
öncə elə buralardan, bu yollardan keçib. Ruhu da indi bu böyük təntənəni
görüb şad olur”. Bu yol mövzusuna
müxtəlif şairlərin, sənətkarların fərqli
yanaşmaları olub. Şabran rayonunun icra
başçısı, qələm adamlarının isə
sadəcə şair-yazıçı dostu, həm də
bizim qəzetimizin daimi müəlliflərindən biri Novruz Nəcəfoğlu
isə yolları “ömür kəmərimiz”
adlandırır. Ayrı bir şeirində isə:
Çarəsizəm
mən biçarə,
Gülüstan
hara, mən hara
Dirənib
üzü divara,
Bir keçilməz yol olmuşam. - deyir. Bu misralar müəllifin şairə dostu Aybəniz
Əliyara yazdığı şeirdə yer alıb. Aybəniz xanım da Şabran ədəbi
mühitinin tanınmış simalarındandır. Bu tədbirdə
“Sevə biləydim” şeirini oxuyur, gizlin istəklərini də
dilə gətirir:
Bu
dünyada ən sevilən,
ən
xoşbəxt qadın olaydım!
İLESAM-ın
yeni üzvü...
Tədbirin sonunda Şabran rayon İcra Hakimiyyətinin
başçısı, yazıçı-publisist, şair
Novruz Nəcəfoğlu qonaqlara, iştirakçılara təşəkkürlərini
çatdırır. Həmçinin, Xaqani Poeziya Günlərinin fəlsəfəsindən,
mahiyyətindən də söz açır: “Möhtərəm
cənab Prezidentin, Azərbaycan Respublikasının birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətlə,
ədəbiyyatla bağlı qəbul etdiyi qərarlar, həyata
keçirdiyi tədbirlər sənətə verilən dəyərin
ən bariz nümunəsidir. Elə bizim Xaqani
Poeziya Günlərimiz də bu qayğıdan bəhrələnir,
qaynaqlanır. Xaqani Şirvani təkcə
Şərqdə yox, bütün dünyada məşhurdur.
Ədəbiyyatşünasların Xaqaniyə
başqa münasibəti var, oxucuların fərqli
yanaşması var onun əsərlərinə. Mən Xaqaniyə bir oxucu kimi baxıram, onu şair
kimi sevirəm. Xaqanini biz bu yurdla
bağlamışıq. Şübhə
yoxdur ki, insan əziyyət çəkdiyi məkanı,
gününün xoş keçmədiyi ünvanı
özü üçün xoş qarşılamaz. Ona görə biz bilmirik ki, Xaqani bizə necə
baxır? Amma bizlər onu sevirik və
bütün bu tədbirlərin kökündə
şabranlıların Xaqaniyə sevgisi, sayğısı
dayanır. Əgər Şabranda, bu
coğrafi məkanda yaşayan mərd insanlar, sözü dəyərləndirən
insanlar olmasaydı, Xaqani elə bəlkə də, “Həbsiyyəsi”
ilə birgə Şabran qalasında illərlə
qalacaqdı. Görün şabranlılar
necə mərd, cəsarətli, igid adamlar olublar ki, o qalabəyi
necə böyük ürək sahibi olub ki, Xaqani Şirvaninin
Rum Qeysərinə yazdığı məktubun ünvanına
çatdırılmasına şərait yaradıb. Ona görə elə bilirəm ki, Xaqaninin ruhu
bütün bu işlərimizə sevgiylə
baxmalıdır. Biz də onu sevməkdə
haqlıyıq!”
Daha sonra
İLESAM rəhbəri Məhməd Nuri Barmaqsız və Azərbaycan
nümayəndəliyinin başçısı Xəyal Rza
Bakıda və Türkiyədə çıxan nəsr,
publisistika, şeir kitablarının müəllifinə,
Novruz Nəcəfoğluna İLESAM-ın üzvlük vəsiqəsini
və yeni təsis olunmuş Xaqani Şirvani
mükafatını təqdim edirlər. Məhməd Nuri bəy
dahi Füzulinin məşhur misralarını yada salır:
Füzuli
rindü şeydadır, həmişə xəlqə
rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?
Sonra
üzünü Novruz müəllimə tutub: “Mən bu
misraları sizə şamil edirəm. Ədəbiyyat,
sənət sevdalısısınız. Böyük
işlər görürsüz, amma heç
usanmırsız... Nədi bunun səbəbi?”
- deyə soruşur.
Məncə, səbəbi Novruz müəllim elə çıxışının sonunda açıqlamışdı. AYB sədri Anara, gələn qonaqlara, tədbirin təşkilatında əziyyəti keçənlərə təşəkkür edib pauza vermişdi birdən. Üzünü zalda əyləşmiş şabranlılara tutub: “Ən böyük sevginin ünvanı sizlərsiniz” - demişdi. Bu məqamda, nədənsə polyak rejissoru, Kann mükafatçısı Kşiştof Zanussi ilə söhbətim yadıma düşür. Dünyaca məşhur Zanussi müsahibəsində kiçik bir sirrini açmışdı, “işlədiyim aktyorları sevməsəm, heç bir uğur qazana bilmərəm, hətta ən bəyənmədiyim adamı da sevməyə çalışıram. Əks halda heç nə alınmaz”. Yəqin elə usanmazlığın, yorulmazlığın resepti budur... Yanındakı, ətrafındakı, birgə çalışdığın, hər gün ünsiyyətdə olduğun adamları sevmək...
SÖZdən MUSİQİyə...
Tədbirin söz hissəsi bitir, musiqiyə keçir... Bizlər də “toxdaq dayanıb, diqqətlə baxırıq”... Tamaraya! Son illərdə Şabranın qürur duya biləcəyi gənclərdəndir Tamara Muradova. Hələ yeniyetməlik çağından “Xalq ulduzu”, “O səs Türkiyə” yarışmalarında iştirak edən gənc müğənninin artıq özünün dinləyici auditoriyası var. İndi də “Şabran” mahnısını, türküləri oxuyur... Novruz müəllim bir vaxt Tamaraya həsr etdiyi şeirində soruşur ki:
Göylərdənmi gəlir bu səs?
Tanrı duyur, bəndə duyur...
Elə bu sualın cavabını düşündüyüm anda Şabranın “Xınayaxdı” Xalq Teatrının aktyorları musiqili səhnəciklər göstərirlər... Millətimizə xas qədim ənənələr səhnədə şərti formada canlandırılır... İgidlər yer şumlayır, torpaq əkirlər, xanımlar sözləriylə, mahnılarıyla dayaq olurlar onlara... Bütün bunlar birliyimizi, bağlılığımızı simvolizə edir.
Şabran Musiqi məktəbinin müəllimi, müğənni Eldar Mustafayev Hüseyn Arifin sözlərinə bəstələnmiş “Şeir deyilmi” mahnısını oxuyur. Axı əslində yaradıcı adam üçün həyatın özü, bütövlükdə şeirdi... Doğma adamların, sözünü anlayan kəslərin arasında olmaq da...
Bax elə indi, Şabrandan xoş duyğular,
unudulmayacaq xatirələrlə ayrılmaq da şeirdi!
PƏRVİN
525-ci qəzet.- 2017.- 10 iyun.- S.16-17.