Rus şairlərindən yeni tərcümələr
ANAR
Fyodor TÜTÇEV
SÜKUT
Sus, gizlən və gizlət duyğularını
Səni anlayacaq insanlar hanı?
Arzun, istəklərin qalsın qəlbində
Gizlə hisslərini, gizlət dərində.
Görürsən necə də səssiz durublar
Gecələr göylərdə susan ulduzlar?
Onları səssizcə seyr edib düşün
Bu sirli sükutda nələr, nələr var...
Könül sirlərini kimə deyəsən,
Biri olacaqmı səni anlayan?
Bəs məgər bunları bilmirsənmi sən
Hər söylənən fikir yalandır yalan?
Özün öz içində yaşamalısan,
Sənin öz içində vardır bir aləm.
Hay-küyü eyninə almamılasan,
Bu hay-küy kənardan gələcək hər dəm.
Sirli, möcüzəli düşüncələrlə
Qəlbini dinləyib fikirlərə dal.
Qəlbində səslənən mahnını dinlə,
özünsə ol lal!
SON SEVGİ
Ömrün son illərində
daha incə sevirik,
çox həssas
oluruq biz.
Əlvida
ey son işıq,
Əlvida son sevgimiz.
Göy üzünü tutubdur
yenə qara kölgələr.
Yalnız
qürub tərəfdən
azacıq işıq
gələr.
Yuban ey qürub çağı,
Nə olar bir az yuban.
Uzandıqca uzansın,
Bu son sevgi,bu son an.
Qan
zəif axsa da, artıq damarda
Qəlbdə azalmayır eşqin həvəsi.
Ömrün qış çağında
qızdırır bizi
Ümidsiz son eşqin isti nəfəsi.
525-ci qəzet 2017.- 10 iyun.-
S.11.