Söylə bunun sirrini
Yuvarlaq rəqəmlər hesabat tələb edir insandan. Sanki bir
anlıq nəfəs dərmək, keçmişə
boylanıb elədiklərinə baxmaq, ya da “düz
yaşadımmı?” sualına cavab axtarmaq
üçündü yubileylər.
Vaxt
sayğacının sürətlə, fasiləsiz işləməsi
hüzün gətirir, nostalji keçirirsən, illərin o
tayında qalmış adamlardan ötrü darıxırsan, qəribsəyirsən
də bir az. Zaman kimlərisə alır əlindən,
ölüm əbədi ayrılıqların sayını
artırır, həyat qəlizliyi ilə yorur da bəzən!
Yaşa dolduqca sevincin azalır, qayğın artır,
yükün çəkilməz olur... Hələ üstəlik,
kütlə deyilən toplumdan seçilirsənsə, hamı
kimi yaşamaq fikrin yoxdusa, axına qarşı getmək
istedadın varsa, heç kəsin bacarmadığını
etməkdə iddialısansa... Bax onda işin, yəni həyatın
yüzqat çətinləşir! İl-ildən
sevinc “bahalaşır”, rahatlıq əlçatmaz olur.
Daha çox xərclənməli, daha artıq zəhmətə
qatlaşmalı olursan! Zamanını,
sağlamlığını xərcləyirsən... Amma dayanmaq, nəfəs dərmək də istəmirsən.
Çünki hər yeni uğurun, nailiyyətinlə
yeni hədəflər, yeni məqsədlər
açılır qarşında.
Və
günlərin birində yeni bir yuvarlaq rəqəmə
çatınca, fikrə gedirsən... Dəyərdimi?
Bir an da düşünmədən “bəli,
dəyərdi” - deyib cavab verirsən. Bax budur qələm
adamının üstünlüyü. Yazılardan,
kitablardan, əsərlərdən savayı hər şey
mirasdı. Topladığın sərvət
də, qazandığın maddiyyat da sənin
üçün deyil. Səndən
sonrakılara qalır, bəzən heç qalmır da,
dağıdılır, talan olur. Qələm
adamının isə əbədiliyə, ölməzliyə
iddiasıdır yazdıqları. Əslində, elə
yazılanlar da sonrakı nəsillər
üçündür, onlara ötürülür, amma yenə
də sənin adınla, imzanla... Söhbət əlbəttə
ki, iddiası yazdıqlarının topuğuna çatmayan
cızmaqaraçılardan getmir... Sözün əsl
mənasında gördüyü işin fədaisi olan
adamlardan gedir. Zemfira Səfərova kimi!
Musiqişünas
alim, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki,
professor, əməkdar elm və incəsənət xadimi Zemfira Səfərovanın
bu gün 80 yaşı tamam olur. Bütün bu
titulları, fəxri adları sadalamaqda niyyətim 80 ilin əsas
nailiyyətlərini göstərmək deyil. Bu adlar, vəzifələr, mükafatlar əslində
böyük, çox böyük zəhmətin təvazökar
bir bəhrəsidir. Zemfira xanımın
bioqrafiyasına, yaradıcılığına nəzər
salanda bütün bu işlərin insan ömrünə
sığışmasına, həm də zərif bir
xanımın bunların öhdəsindən gəlməsinə
heyrətlənməyə bilmirsən. Sirr
nədədir görəsən? Güc, iradə, cəsarət,
işinə sevgi, özünə dəyər, qorxmazlıq...
Yaxud bütün bunların cəmi. Hər halda Zemfira Səfərovanın
gördüyü işlər bunu deyir. Həm
özünün yazdıqları, həm də haqqında
yazılanlar bu son dərəcə istedadlı, öz
işinin peşəkarı olan xanımın iradəsindən,
böyük məsuliyyətindən xəbər verir. Elə özü də müsahibələrindən
birində “Ömrüm boyu mənə xarakterim və yüksək
məsuliyyət hissim kömək olub” - deyir. Məncə, bu təvazökar siyahıya cəsarəti
də əlavə etmək mütləqdir.
Çünki indi yox, hələ lap erkən gəncliyindən
Zemfira xanım elə yüklərin altına girib ki... Musiqişünaslıq tarixində, elmində bir
çox ilklərə imza atıb, yeniliklər edib və
bunları inamla, özünə, tutduğu yola əminliklə
həyata keçirib.
Hər şey ordan başlanır ki, 1945-ci ildə, balaca
Zemfira gözəl səsi olan, dahi bəstəkarı
“Qaragöz” mahnısını yazmağa ilhamlandıran
anası Cəvahir xanımla “Koroğlu” operasına baxmağa
gedir.
Üzeyir Hacıbəyovu görür orda... “Ardı
yaşanılır” xatirələr kitabında Zemfira xanım
bu qısa görüşü belə təsvir edir: “Lojada
Üzeyir bəyi görəndə o mənə dedi: “Bax o
lojada əyləşən Üzeyir bəydi”. Mən
o vaxt dahi bəstəkarı birinci və axırıncı dəfə
gördüm”. Əslində isə Zemfira
xanım dahi bəstəkarla hələ çox
“görüşəcəkdi”, çox dərdləşəcəkdi,
ömrünün ən gözəl illərini ona sərf edəcəkdi.
O qısa görüşü isə sanki Tanrıdan göndərilən
ismarış da saymaq olar. Amma həm də uzun və çətin
yolun başlanğıcı... Elə həmin
ildən başlanır o yol. Zemfira xanım əvvəlcə
Konservatoriya nəzdindəki (indiki Bülbül adına)
Musiqi məktəbini, sonra Konservatoriyanı Musiqi nəzəriyyəsi
ixtisası üzrə əla qiymətlərlə oxuyub
bitirir.
Zemfira xanımın həm ciddi, çoxşaxəli
elmi araşdırmalarını, həm kiçikhəcmli məqalələrini,
həm də “Ardı yaşanılır” bioqrafik əsərini
oxuduqca başa düşürsən ki, burda təsadüfi
heç nə yoxdur. Yəni sanki lap əvvəldən
cızdığı, düşündüyü plan üzrə
yaşayıb bu insan. Və
qarşısına məqsəd qoyub; yalnız dəyəri
olanı təbliğ etmək, inandığını demək
və heç vaxt kiməsə, nəyəsə görə
danışmamaq. Yəqin ki, bu həqiqətsevərlik,
dürüstlük elə ailədən, tərbiyədən
gəlir. Atası, neftçi-alim, Neft
daşlarının ilk yaradıcılarından biri Yusif Səfərovun
çətin həyatı, dövrün qəlizlikləri
ucbatından yaşadıqları - sürgün, həbs
heç şübhəsiz ki, bu evdə böyüyən
uşaqların da xarakterinə təsir edib. “Ardı
yaşanılır” kitabında atasının sürgündən
qayıdışını müəllif son dərəcə prozaik
şəkildə təsvir edir. Amma mənə
görə ən təsirli olan Yusif Səfərovun öz
nüfuzundan istifadə edib əla oxuyan qızını məktəbi
bitirəndə qızıl medal alması üçün
tapşırmamasıdı. Görünür, Zemfira
xanımın həyatı boyu üzləşəcəyi
haqsızlıqlar o zamandan başlanıb, elə bu
haqsızlıqlarla mübarizə də... Həm də
heç kəsə yox, məhz özünə, öz
gücünə arxalanaraq mübarizə...
1962-ci ildə dahi bəstəkar Qara Qarayevə imtahan
verib aspiranturaya daxil olan Zemfira Səfərova elm yoluna qədəm
qoyur. Bitib-tükənməyən, sonu görünməyən,
zaman və zəhmət tələb edən, amma həm də
çox şərəfli işi - musiqimizin tarixini, nəzəriyyəsini
araşdırmağı öz boynuna götürür. “Üzeyir Hacıbəyovun musiqi estetik
konsepsiyası” mövzusunda dissertasiya müdafiə edir.
Sənətşünas-alim
Aida Tağızadə Zemfira xanım haqqında qələmə
aldığı “Ömrün bəhrəli
çağları” məqaləsində yazır: “Z.Səfərova
musiqi sənətinin müxtəlif sahələrində ilk təşəbbüslər
etmiş, bunun da nəticəsində çoxşaxəli
yaradıcılığa malik cəfakeş, təmkinli, təvazökar,
istedadlı tədqiqatçıdır”. Əslində,
Zemfira xanımın ömrünün “bəhrəsiz
çağını” tapmaq mümkünsüzdü,
çünki elə sadəcə, əsərlərinin
biblioqrafiyasına nəzər salanda fasiləsiz işlədiyini,
yeni-yeni mövzular ətrafında araşdırmalar
apardığını görürük. Həm də bunlar elə-belə, sadə məsələlər
deyil. Səfiəddin Urməvi, Mir Möhsün Nəvvab,
Əbdülqadir Marağayi, Üzeyir Hacıbəyov, Qara
Qarayev, Cabbar Qaryağdıoğlu və başqa bu kimi sənətkarların
yaradıcılığını araşdıran alim
musiqişünaslıq elmində bir çox ilklərə
imza atıb. Və təsadüfi deyil ki, bu böyük
işləri Qara Qarayev, Fikrət Əmirov, Süleyman Ələsgərov,
Tofiq Quliyev kimi bəstəkarlar dəyərləndirib, məqalələr
yazıb, çıxışlar ediblər.
Dahi Üzeyir Hacıbəyovun əsərlərinin
akademik nəşri də Zemfira xanımın adıyla, zəhmətiylə
bağlıdır. Hələ 1985-ci ildə, bəstəkarın
yüz illiyi ərəfəsində gənc xanım bu məsuliyyətin
altına girib və işin öhdəsindən uğurla gəlib.
Bu faktları sadaladıqca düşünürəm ki, əsas
şərt vətəninə, millətinə sevgidir... Həm də
başqasının bunu bacarmayacağını, etməyəcəyini
dəqiq bilir Zemfira Səfərova. Eyni
zamanda, bütün bu məsələləri, problemləri,
araşdırmalarını beynəlxalq aləmə
çıxarması da xüsusi vurğulanmalıdır.
Elə Üzeyir bəy haqqında yeddi dildə
çıxan kitab, həmçinin müxtəlif şəhərlərdə,
Səmərqənddə, Tbilisidə, Parisdə, İstanbulda,
Kayseridə, Ankarada, Tehranda, Sankt-Peterburqda edilən məruzələr
musiqimizin təbliğatı istiqamətində böyük
işlərdir. Vətənpərvərlikdən
danışmışkən “Qarabağın musiqi mədəniyyəti”
məqaləsini də xüsusi qeyd etmək istərdim. Həm də Zemfira xanımın bu məqaləni
çətin, itkilərlə dolu 93-cü ildə yazması
da çox mühüm məqamdı.
Musiqişünaslar Zemfira xanımın uzun illik
araşdırmalarının, əsərlərinin dəyərini,
əhəmiyyətini daha yaxşı bilirlər əlbəttə. Amma mənə
elə gəlir ki, bu əsərlər sadəcə millətini
tanımaq, dərk etmək istəyən, zəngin mədəniyyətindən
xəbərdar olmaq istəyən hər kəs
üçün əhəmiyyətlidir. Şəxsən
mənim üçün “Dədə Qorqudun musiqi
dünyası”, “ Füzuli və Azərbaycan musiqisi”, “Musiqi və
ədəbiyyatın vəhdəti”, “Rəsul Rza və musiqi”
kimi məqalələri xeyli maraqlı və faydalıdır.
Və bu məqalələri oxuyarkən müəllifin
təkcə musiqi yox, həm də söz duyğusuna, ədəbiyyat
bilgilərinə heyrətlənməyə bilmirsən. Elə “Ardı
yaşanılır” xatirə-memuarının da son dərəcə
təsirli, maraqlı yazılmasının əsas səbəbi
söz duyğusudur. Müəllif bu əsərlə
sadəcə öz həyatını, keçmişini,
yaşantılarını yazmır, həm də
dövrün mənzərəsini yaradır.
Yazımın əvvəlində yuvarlaq rəqəmlərin insandan hesabat sorduğunu söylədim. Yəqin Zemfira xanımın 80 yaşına aid “hesabatı” çox geniş və irihəcmli olar. Gördüyü işləri, yaşadıqlarını, kitablarını, yetişdirdiyi alimləri bir yox, bir neçə kitabla ifadə etmək lazım gələr. Amma yalnız bunlardımı onun qazancı? Heç şübhəsiz ki, yox. Əslində, ömrünü elmə, sənətinə həsr edən insanlar tarixdə çox olub. Amma bu adamların çoxu birtərəfli həyat sürüb. Yəni özünü, şəxsi həyatını kənara qoyub, zamanını yalnız sənətinə həsr edib. Zemfira Səfərovanın qeyri-adiliyi bütün bunları - həm şəxsi həyatını, həm də sənətini birgə, bütöv YAŞAMASIDIR. Mən yaşamaq sözünü təsadüfən böyük hərflərlə yazmıram. Çünki zamanını keçirmək, vaxt öldürmək, illərini bada verməklə sözün əsl mənasında yaşamaq xeyli fərqlənir. Zemfira xanımın isə “yaşayışı” çoxşaxəlidir. Həm ailəsi, əzizləri, doğmaları, həm də elmi araşdırmaları, kitabları, ictimai fəaliyyəti... Bu isə hər Qadının yaşaya biləcəyi həyat deyil...
Yanvar ayında yazıçı Anarla Zemfira xanımın evliliyinin 55 illiyi tamam oldu. Anar Zemfira xanım haqqında yazdığı məqaləsində həyat yoldaşını həm çətin, həm də xoşbəxt günlərinin rəfiqəsi adlandırır. Zemfira xanım istər Anar haqqında məqalələrində, istərsə də müsahibələrində belə böyük istedad sahibi ilə bir damın altında yaşamağın zövq, rahatlıq olduğunu qeyd edir. Hələ musiqi məktəbindən bir sinifdə oxuyan, sonralar da yolları ayrılmayan, ailə quran, övlad, nəvə, nəticə sahibi olan bu iki ziyalını bir-birindən ayrı təsəvvür etmək mümkünsüzdü.Və doğrusu ayırd etmək çətindir, kim kimə daha çox təsir edib? Ədəbiyyatımızda ən fərqli xarakterli qadın obrazlarının yaradıcısı olan Anar gözünü açıb bu qadını görübsə... Daha doğrusu, o məktəb partası arxasında gördüyü uzun hörüklü qız onunla birgə, gözünün önündə böyüyübsə... Demək ki, o yaratdığı, yazdığı qeyri-adi qadınların hər birində Zemfira xanımdan nə isə var... Eyni zamanda, dərin intellekt sahibi olan, sənətə baxışı ilə, analitik düşüncəsi ilə heç kəsə bənzəməyən Anarın Zemfira xanımı elmi araşdırmalarında ilhamlandırması da şəksizdir... Bu mənada həyatda təsadüfi heç nə yoxdur.
Bütün bu sadaladığım və sadalamaqla bitməyən uğurlar, nailiyyətlər yarımçıq olardı... Əgər Tural və Günel olmasaydı! Zemfira xanımın bioqrafik memuarından da bu fikir duyulur... İki istedadlı, bacarıqlı, cəmiyyət üçün gərəkli övlad böyütmək sadə məsələ deyil. Həm Tural Anaroğlu, həm də Günel Anarqızı cəmiyyətdə özlərinin bacarıqları, istedadları, yazdıqları əsərlər, müəllifləri olduqları layihələrlə tanınır, sevilirlər. Turalın uğurlu diplomatik fəaliyyətindən başqa həm də maraqlı bir yazıçı kimi, satirik hekayələr ustası kimi ədəbiyyatda öz yerini tutması, Günelin isə müxtəlif dillərə çevrilən hekayələri ilə, redaktə etdiyi dərgiləri ilə, həmçinin müasir zamanla ayaqlaşan layihələri ilə nüfuz, söz sahibi olması onlardan daha çox Anarın, Zemfira xanımın sevincidir.
Zemfira xanım “Ardı yaşanılır” kitabında həmişə sevinci kədərlə, qazancı itkiylə qoşa, yanaşı yaşadığını yazır. Bu il həm nəticəsinin dünyaya gəlməsi, həm də Akademiyanın həqiqi üzvü seçilməsi ilə əlamətdardır. Bir də yubiley... Arzum budur ki, bu böyük sevincləri kölgələyə biləcək kədər, narahatlıq Zemfira xanımın özünə, ailəsinə, əzizlərinə yaxın düşməsin! Həm də axı elə yazıçı Anarın da söylədiyi kimi...
Yaz ötüb, yay bitsə də,
Payız - hələ qış deyil.
PƏRVİN
525-ci qəzet.- 2017.- 10 iyun.- S.10.