Naxçıvanın sirri  

 

 

 

Ötən həftə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dəstəyi ilə, qısa müddət ərzində ikinci dəfə, Naxçıvana səfər etdik.

 

Bəri başdan qeyd edim ki, bir qrup media rəhbərinin bu səfəri də öncəki kimi dopdolu keçdi, çünki proqram çox zəngin idi.

 

Bakıya qayıtdıqdan sonra Naxçıvan səfərimizin təəssüratları barədə fikirləşərkən ilk növbədə oradakı sonuncu günümüzdə getdiyimiz, hündür dağların qoynunda yerləşən, qəribə aurası ilə fərqlənən Ağbulaq istirahət mərkəzini xatırladım. Həmin məkanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi adından verilən ziyafətdə Ali Məclisin Aparat rəhbəri Əli Həsənov bizimlə birgə idi və tədbir boyu müxtəlif mövzularda söhbətlər etdik. Naxçıvandakı müasir quruculuq işlərindən, inkişaf prosesindən danışdıq, həmkarlarımız öz təəssüratlarını bölüşdülər. Əli Həsənov mənə savadlı, məlumatlı, zəngin dünyagörüşə malik dövlət məmuru təsiri bağışladı. Bir ara jurnalistikamızın mənzərəsindən başlayan söhbətimiz ədəbiyyatımızın, incəsənətimizin mövcud durumunadək uzandı. Aqil Abbasın əsəri əsasında çəkilmiş "Dolu" filmi, mənim "On sentyabr" hekayəm haqqında Əli Həsənovun təəssüratları məndə təəccüb və sevinc hissləri oyatdı. Nəsr yaradıcılığıma uzun zamandan bəri ara verdiyim üçün, sözarası, təəssüfünü də bildirdi. Çağdaş ədəbiyyatımızın cəmiyyətin inkişaf proseslərindən geri qalması, ictimai fikrə təsir imkanlarının zəifləməsi, nüfuz dairəsinin məhdudlaşması və digər məsələlər barədə də fikir mübadiləmiz oldu.

 

Ağbulaq istirahət mərkəzinə gəlməzdən az öncə Batabata getdik. Zorbulağın buz kimi suyundan içdik. Oraların özünəməxsus təbii gözəllikləri ruhumuzu, büllur kimi saf havası zehnimizi təzələdi. Fasilələrlə yağan yağış otları, çiçəkləri tərtəmiz yumuş, yer-yurd yaşıla qərq olmuşdu. Bizimlə gedən redaktorların arasında Qərbi Azərbaycanda, Naxçıvanda doğulub-böyüyənlər də vardı. Yerli təbiətə bələd dostlarımız dövrəmizdəki çəmənlikdən baldırğan, quşəppəyi yığıb gətirir, bunlardan dadmamızı istəyir, söz düşdükcə, o yerlər haqqında maraqlı bilgiləri də bizimlə bölüşürdülər. Saltaq kəndindən keçəndə Vüqar Rəhimzadə, Ordubadın məşhur Tivi kəndinə yaxınlaşanda Vüqar Səfərli, Şahbuz yolunun üstündə, Qarababa kəndində Bəhruz Quliyev, Sədərəkdə Namiq Quliyev, Babək rayonunun Cəhri kəndində Aydın Quliyev öz kəndlərindən, oralarda doğulub boya-başa çatmış şəxsiyyətlərdən danışırdılar.

 

Ağbulağa çatanda günəş dağların arxasında gözdən itməkdəydi. Hiss edirdim ki, hava qaraldıqca beynimə həzin, sehirli bir rahatlıq axıb dolur. Görünür, ətrafımızdakı qəribə sükutun, ilk dəqiqələrdə qulaq dincəldən, bir müddət sonra isə hətta adamı vahiməyə sala biləcək qədər dərin səssizliyin nəticəsi idi bu rahatlıq.

 

Gündəlik həyatımızda mənfi-müsbət hədsiz informasiyalar alır, cürbəcür xəbərlər eşidirik. Onların insan beyninin dərinliklərinə axanı, qəlbə yol tapıb, ruha nüfuz edəni çox az olur. Qalan əksəriyyəti isə tez unudulur, özləri kimi boz, dadsız olan yeni informasiyalarla əvəzlənərək bir anda yoxa çıxır. Ancaq Ağbulaqda olanda, o yerlərin sirli sükutuna dalanda məndə qəribə bir əminlik yarandı: bu qeyri-adi ovqat məni çox uzun müddət tərk etməyəcək! Orada yaşadığım duyğular mənə hər nə qədər rahatlıq gətirsə də, yaddaşım üçün sanki bir "həyəcan siqnalı" olmuşdu. Nələrisə xatırlamağa çalışır, bu hüznlü, ancaq son dərəcə munis, doğma auranın kökünü axtarırdım. Onun qaynağını üzə çıxarmaq üçün hafizəmin üstə-üstə qalanmış laylarını ələk-vələk edirdim. Nəhayət, yaddaşım üzümə güldü, xatırladım və anladım ki...

 

Axı, mən özüm də oraların çox yaxınında doğulmuşam! Ağbulağın, Batabatın gündoğan səmtində, Laçın rayonunun Ağoğlan-Kosalar kəndində dünyaya gəlmişəm! Dünyayla birinci təmasım, təbiətlə ilk tanışlığım Ağbulağa, Batabata çox bənzəyən, hətta oralarla birəbir eyni olan səfalı yurd yerində gerçəkləşib! Bu da məlum həqiqətdir ki, insan yaşa dolduqca, doğulduğu yerlərin təbiəti, ab-havası onu daha çox çəkir. Deməli, Ağbulaq istirahət mərkəzində olarkən keçirdiyim xoş hisslərin, duyduğum əlçatmaz rahatlığın kökü bu həqiqətə bağlıymış. Bu hisslərimi orada olan həmkarlarımla da bölüşdüm. Dedim ki, buraları mənim doğulduğum yerdən cəmi bir və ya iki dağ aşırımı ayırır. Hava yoluyla götürsək, iyirmi kilometr olar, ya olmaz. Oranın da təbiəti beləydi, torpağı, otları, çiçəkləri burdakı kimiydi. Hələ çaylarının suyunda, şırıltısında duyduğum eynilik: bu tərəfdə Araza, Arpa çayına tökülən Naxçıvan çayı axır, o tərəfdə isə Həkəriyə tökülən Minkənd çayı... Görünür, o axşam Ağbulaqdakı mənalı sakitlikdə ruhuma hopan və yaddaşıma əbədi həkk olunan hisslər həm də bununla bağlı idi ki, doğulduğum yerə son 25 ildə ilk dəfə bu qədər yaxınlaşmışdım.

 

Naxçıvana bundan əvvəlki - təxminən yeddi ay öncəki səfərimiz 14 oktyabra - Xalq şairimiz Məmməd Arazın doğum gününə təsadüf etmişdi. Ona görə də gərgin qrafikin içərisində vaxt tapıb, böyük şairə vəfa borcu kimi, onun Şahbuzun Nursu kəndindəki ev muzeyinə getmişdik. İlk dəfə olduğum bu yerlər o zaman məni təəccübləndirmişdi. Şahbuz, Şahbuzdan yuxarı qalxdıqca dağ kəndləri, kəndlərə çəkilmiş asfalt yollar, yolların qırağında sırayla əkilmiş ağaclar, göz oxşayan mənzərə, Nursu kəndinin özü və nəhayət, şairin ata evi... Biz bu ev və şairin atası İnfil kişi haqda Məmməd Arazın şeirlərindən oxumuşduq. Və şəninə yazılmış şeirləri əzbər bildiyimiz bu kənd öz füsunkarlığı ilə hər birimizi valeh etmişdi. Ev muzeyində çox kövrək duyğular yaşamışdıq. Mən də, həmkarlarım da mərhum şairimizin şeirlərini deyərək onu yad etmişdik.

 

Qəribədir, yeddi ay öncə gəzib gördüyüm, indiyəcən təsirindən çıxa bilmədiyim o Nursu kəndini Ağbulaqda bir də xatırladım və ruhumda eyni həzin rahatlığı hiss etdim. İndinin özündə də o rahatlıq mənimlədir, Bakının adamı usandıran səs-küyü, iş prosesinin, saysız tədbirlərin, toplantıların gərginliyi, yorğunluğu içərisində tez-tez dadıma çatır. O dağların havası, o axşamkı misilsiz sakitlik hər xatırladıqca ruhuma, beynimə dinclik gətirir, ovqatımı təzələyib canlandırır...

 

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli məni budəfəki səfərə də dəvət edəndə dərhal razılaşdım və məmnuniyyətlə, qısa fasilədən sonra, yenidən Naxçıvana getmək arzumu bildirdim. Çox sevinirəm ki, dopdolu bir qrafiki olan bu tədbirdə mən də iştirak etdim.

 

Budəfəki səfərimizə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etməklə başladıq, Heydər Əliyev muzeyində olduq. Naxçıvandakı muzeyin xüsusi bir özəlliyi də budur ki, orada həm Heydər Əliyevin uşaqlıq illərinə, həm də 1990-cı illərdə Naxçıvanda çalışdığı dövrə aid bir sıra qiymətli eksponatlar nümayiş olunur. Bu, Naxçıvandakı muzeyi respublikamızın digər şəhər və rayonlarındakı muzeylərdən fərqləndirən üstün göstəricidir.

 

Ziyarətdən sonra Naxçıvan Dövlət Universitetinin kiçik akt zalında "Naxçıvan turizm potensialının tanıdılmasında medianın rolu" mövzusunda konfransda iştirak etdik. Mən ilk dəfə bu təhsil ocağında hələ akademik İsa Həbibbəylininin rektor kimi çalışdığı vaxtlarda, Naxçıvan Muxtar Respublikasının 85 illik yubiley tədbirlərində olmuşdum. Ondan sonra da "525-ci qəzet"də universitet haqqında çoxlu yazılar dərc etmişik, bundan əlavə, həm mətbuatdan, həm də İsa müəllimin söhbətlərindən universitetin fəaliyyəti ilə bağlı kifayət qədər məlumatım var. Keçən səfərimizdə də Naxçıvan Dövlət Universitetinin Media Mərkəzi, televiziyası və "Nuhçıxan" radiosu ilə də tanış olmuşduq.

 

Budəfəki konfrans da çox aktual mövzuya həsr edilmişdi. Əvvəlki səfərimizdə də, indi də Naxçıvanın turizm potensialının təqdimatı, xarici ölkələrdə təbliği ilə bağlı mükazirələrimiz oldu. Konfransda həm Naxçıvanın özündən olan nümayəndələr, həm də Bakıdan getmiş qonaqlar bu barədə geniş diskussiya apardılar.

 

Mənim özümün isə bu mövzu barədə hələ 8 il öncə Duzdağı görəndən sonra tez-tez təkrar etdiyim bir fikrim var: Duzdağ Avropanın hansısa ölkəsində olsaydı, yaxşı reklamın və ətraf ölkələrdən gələnlərin hesabına təkcə bu müalicə kompleksindən bir kiçik dövlətin büdcəsi qədər gəlir əldə etmək etmək olardı. İndi də fikrimdə qalıram, əgər daha geniş təbliğat aparılsa, bu möcüzəli məkanın Azərbaycandan kənarda tanıdılması üçün daha effektli addımlar atılsa, təkcə buradan gələn gəlirlə ölkənin büdcəsinə ciddi şəkildə dəstək vermək mümkündür.

 

Duzdağ yer üzünün möcüzələrindən biridir. Burada bronxial astma xəstəliyinin müalicəsi üçün təbii, qeyri-adi, Allahın bəxş etdiyi unikal bir şərait var. Vaxtilə duz istehsal olunan böyük dağların içərisində, yerin altında bir müalicəvi istirahət kompleksi, kiçik bir şəhər salınıb.

 

Duzdağa Türkiyədən, İrandan və başqa qonşu ölkələrdən müalicə məqsədi ilə çoxlu insanlar gəlir. Uşaqlar üçün orada gündüz bir neçə saat olmaq kifayət edir, ancaq böyüklər axşam saat 10-dan səhərə qədər Duzdağda qalır, gecəni orada yatırlar. Orada 10-14 gecə qalmaq bir kurs müalicə hesab olunur. Yaxınlığında müasir standartlara cavab verən "Duzdağ" oteli tikilib. Həmin otellə əlaqə saxlayıb, müalicə üçün Duzdağa gəlmək olar.

 

Bir halda ki, söz Duzdağ möcüzəsindən - Naxçıvandakı bu sirli-sehirli məkandan düşdü, bir qədər də yazıya seçdiyim başlıq, yəni "Naxçıvanın sirri" ifadəsi üzərində dayanmaq istəyirəm.

 

Yazını "Naxçıvanın sirri" adlandırmağım, ola bilsin, oxucu üçün ilk baxışda qaranlıq qala bilər. Ancaq mənə görə, əsrlərdən bəri neçə-neçə tarixi şəxsiyyətin, ən nəhayət, bizim də müasiri olduğumuz Ümummilli lider Heydər Əliyev kimi bir şəxsiyyətin məhz Naxçıvandan çıxmasının öz sirri var.

 

Naxçıvan ilahi bir məkandır. Bu yerin sehrini məhz orada olanda, o qeyri-adi məqamları hiss edəndə anlayıb duyursan.

 

Naxçıvanda Nuh peyğəmbərlə bağlı çoxlu toponimlər var. Əfsanəyə görə, Nuhun gəmisi quruya çıxdığı yeri "Nuh çıxan", daha sonralar isə "Naxçıvan" adlandırıblar. Bu yerlərdə həmin o izlər qalır. Milyon illər bundan qabaq bu ərazilərin dənizdə, suyun altında olması artıq çoxdan mübahisə doğurmayan, isbatlanmış məsələdir. Yaxud da, Duzdağın yaranması, dağların quruluşu, təbii heykəltəraş kimi dəniz dalğalarının çapıb yonduğu qayaların ecazkar görünüşü, Naxçıvanın təbiətindən gələn həmin o ilahilik, möhtəşəmlik, əsrarəngizlik, nəhayət, fərqli iqlimlərin qısa məsafədə bir-birini sürətlə əvəzləməsi - bütün bunların, bu təzadlı halların cəmləşərək həmin yerlərin insanlarının xarakterinə də təsirsiz ötüşmədiyi şəksizdir.

 

Bir neçə il öncə Quzey Kıbrıs Türk Cümhuriyyətinə səfərimlə bağlı yazımda qeyd etmişdim ki, oradakı Yaxın Doğu Universitetinin qurucusu Suat İrfan Günseldən belə böyük bir universiteti necə yaratması haqqında soruşanda, dedi, buna vətəni itirmək qorxusundan gələn gücün sayəsində nail olub. Bu maraqlı cavab diqqətimi çəkdiyindən, elə həmin yazımı "Qorxunun yaratdığı güc" adlandırmışdım. Naxçıvan mənə məhz bu düşüncəni xatırlatdı. Bu yerlər tarix boyu qonşu xalq və məmləkətlərin təzyiqlərinə, yadellilərin hücumuna məruz qalıb, təbii olaraq, Vətənini qorumaq, müdafiə etmək əzmi insanların xarakterinə də təsir göstərib. Mənə elə gəlir ki, bayaqdan bəhs etdiyim o sirli cəhəti məhz burada axtarmaq lazımdır. İnsanlarla səfər boyu ünsiyyətdə olduqca, təbiətin sirrinin-sehrinin aurasına düşdükcə mən o özünüqoruma, Vətəni müdafiə etmək istəyinin daha dərinlərdən gəldiyini duydum. Bunun bir göstəricisi də Naxçıvana əvvəlki səfərimizdə qalxdığımız əzəmətli Əlincə qalasıdır. Əlincə, Əmir Teymur kimi bir fatehə uzun müddət müqavimət göstərmiş bir qaladır. İndi Əlincə qalası mükəmməl şəkildə bərpa olunub. Pilləkənləri qalxdıqca axşamın alatoranlığında işıqların yaratdığı o ecazkar mənzərə sonsuz heyranlıq hissi oyadırdı...

 

Səfər proqramına uyğun olaraq biz "Xan Sarayı" Dövlət Tarixi-Memarlıq, Möminə xatın və Açıq Səma Altında Muzey Kompleksi, Naxçıvanqala, Nuh peyğəmbərin türbəsi kimi tarixi abidələri də ziyarət etdik. Bu yerlər də çox yüksək səviyyədə bərpa olunub, abadlaşdırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun tarixə həssas münasibəti və bu abidələrin bərpasına xüsusi diqqəti danılmazdır. Bu barədə səfər zamanı ayrı-ayrı insanların dilindən də fikirlər səsləndi. Açıq-aydın görünürdü ki, bərpa işlərinin kökündə həm Naxçıvana, onun tarixinə sonsuz məhəbbət, həm də yüksək zövq və təşkilatçılıq bacarığı dayanır.

 

"Əshabi-kəhf" ziyarətgahında ötən səfərimiz zamanı da olmuşduq. Bura Qurani-Kərimdə adı keçən müqəddəs yerdir, haqqında bir sıra əfsanələr var. Amma həmin səfərdə rəsmi geyimdə olduğuma görə oraya qalxa bilməmişdim. Bu dəfə proqrama daxil edildiyi üçün, əvvəldən xəbərdar idim deyə, hazırlıqlı getdim və həmkarlarımla birgə "Əshabi-kəhf"ə qalxmaq mənə də qismət oldu. Mağaraya qalxmağıma həm oradakı ilahi enerjinin, həm də içimdə qəfil baş qaldıran hikkənin, inadın təsiri vardı. Orada mənim də üzümə, sinəmə, barmağıma insanların arzusunda olduğu o damcılardan düşdü. İnsan orada - mağaranın hüzur verən sakitliyində qəlbindəki niyyətləri, ülvi arzularını düşünür. Üstümə düşən o damcılar məndə arzularımın, niyyətlərimin həyata keçəcəyinə güclü inam yaratdı.

 

Səfərimizin gedişində Ordubad şəhərində Qeysəriyyə və Buzxana abidələrini də gördük, Məhəmməd Tağı Sidqinin, Yusif Məmmədəliyevin, Məmməd Səid Ordubadinin ev muzeyləri ilə tanış olduq, qədim Buzxana abidəsindəki milli yeməkxanada nahar etdik. Ordubada gedərkən Culfa şəhərindən keçdik. Mən Culfanı ilk dəfə görürdüm. Uşaqlığımdan bəri ədəbiyyatımızda "ikiyə bölünmüş şəhər", "Arazın ayırdığı Culfa" adlanan bu qədim məkanla bağlı az-çox təsəvvürüm, xəyali tanışlığım var idi. Bu dəfə onu gerçəkdə görürdüm. Daxilən bir hüzn yaşayırdım. İnsan o məqamda istər-istəməz tarix boyu parçalanan, hissələrə bölünən, ayrı-ayrı ölkələrin idarəetməsi altında olan xalqı haqqında düşünür, onun bütöv və xoşbəxt gələcəyi barədə arzular, xəyallar qurur. Mənim də qəlbimdə belə duyğular oyanmışdı.

 

Qeysəriyyə Tarix-Diyarşünaslıq Muzeyinin həyətində hiss etdim ki, Ordubadın çox gözəl havası varmış. Hətta bu barədə sosial şəbəkədə də yazdım. Ordubad şəhərində Yusif Məmmədəliyevin qeyri-adi mənzərəyə malik ev muzeyi ilə tanış olduq. Orada, uca çinar ağaclarının altındakı çayxanada insanlarla ünsiyyət qurduq, söhbət etdik.

 

Sədərək rayonunun Heydərabad qəsəbəsində Vətənimizin keşiyində duran qəhrəman əsgərlərimizlə görüşdük. Orta məktəblərə, Olimpiya idman komplekslərinə baş çəkdik. Şərur şəhərində, Kəngərli rayonunda olduq,  Şahtaxtı-Poldəşt gömrük keçid məntəqəsində görüş keçirdik, söhbət əsnasında İranda yaşayan çox sayda həmvətənimizin hər həftənin sonunda Naxçıvana gəldiklərini öyrəndik. Onlardan bəziləri tarixi abidələrə baxmaq, gəzmək, bəziləri Duzdağda müalicə almaq, bəziləri də daha rahat və sakit bir şəraitdə dincəlmək üçün gəlirlər. Naxçıvandakı şəraitin, ab-havanın onlara belə rahatlıq gətirdiyini eşitmək olduqca xoş idi.

 

Sonra "Qarabağlar" Türbə Kompleksinin bərpa işləri ilə tanış olduq, Naxçıvanın iqtisadi inkişafı ilə bağlı maraqlı məlumatlar aldıq. Naxçıvan Biznes Mərkəzinə, Avtomobil Zavoduna, digər sənaye müəssisələrinə baş çəkdik. Naxçıvan Sement Zavodunun ətrafında aparılmış abadılıq işləri olduqca ürəkaçan idi.

 

Səfər müddətində bir nuans diqqətimi xüsusilə cəlb etdi. Naxçıvanda istifadə olunan ərzaq məhsullarının hamısı yerli istehsal idi. Dadına və keyfiyyətinə də söz ola bilməzdi.

 

Naxçıvan Ali Məclisinin bu tədbirləri hazırlayan və səfərboyu bizi müşayiət edən nümayəndələri hər şeyə son dərəcə həssaslıqla, diqqətlə yanaşırdılar. Keçən səfərimizdə bizi müşayiət edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Ülvi Hüseynlinin və budəfəki müşayiətçimiz - Naxçıvan MR Televiziya və Radio Verilişləri Komitəsinin baş redaktoru Ramal Məmişovun zəhmətini xüsusi qeyd etmək istərdim. İstər səfər proqramını yüksək səviyyədə, məsuliyyətlə həyata keçirmələri, istərsə də bizə göstərdikləri yüksək münasibət onların həm Naxçıvana olan böyük sevgisinin, həm də qonaqlara ehtiramının təzahürü idi. Belə  böyük qonaqpərvərlik üçün səfərimizin bütün təşkilatçılarına təşəkkürümü bildirirəm.

 

Beləcə, Naxçıvan səfərimizin sonuna gəlib çıxdıq. Oradan aldığım xoş təəssüratlara arxalanaraq deyə bilərəm ki, bu səfər zamanı şahidi olduğum təbii gözəllikləri, ziyarət etdiyim tarixi abidələri, kəlmə kəsib söhbətləşdiyim insanları ilə Naxçıvan mənim yaddaşımda ayrıca yer tutdu, qəlbimdə silinməz izlər buraxdı.

 

 

Rəşad MƏCİD

 

525-ci qəzet.- 2017.- 10 iyun.- S.8-9.