Teymur Elçinin poetik dünyası

 

 

Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Abbas Səhhət, Süleyman Sani Axundov, Abdulla Şaiq kimi korifeylərin uşaq ədəbiyyatının təşəkkülü ilə bağlı yaratdıqları ənənələrin görkəmli davamçıları sırasında Teymur Elçin, yaradıcılığının əsasını uşaq ədəbiyyatına həsr etmiş azsaylı şairlərdən idi.

 

Teymur Elçin yaradıcılıq irsini yüzlərlə poeziya nümunəsi ilə yanaşı, həmçinin dünya poeziyasından etdiyi tərcümələri, elmi-tənqidi, publisistik məqalələri, bir çox yadda qalan mahnı mətnləri təşkil edir.

 

Teymur Elçinin 70-ci illərdə antifaşist mövzuda yazdığı "Osvensim", "Fəryad" poemaları və 90-cı illərdə qələmə alınmış Qarabağ mövzusunda "Qarabağ dəftərindən", "Qarabağ şikəstəsi", "İvana məktublar" şeirlər silsilələri xüsusi əhəmiyyətə malikdir.

 

"Fəryad" və "Osvensim" əsərləri janr baxımından orijinal təəssürat bağışlayır. "Fəryad" poeması XX əsrin istedadlı şair, dramaturq, musiqiçi, rəssamı, İspaniyada Franko rejiminin ilk qurbanlarından olmuş Federiko Qarsia Lorkanın son günlərinə, onun böyük ürəyinin yaşantılarına həsr olunub.

 

Lorkanın həyatının son günləri, bunları təsvir eləyən müəllifin həyəcanının ifadəsi üçün təsiredici kompozisiya düşünülmüşdür: proloq, üç nəğmə, nəğmələrin arasında həbsxanada hadisələrin təsviri və epiloq. Hər hissənin yüksələn xətt üzrə leymotivi səslənir. Proloqun leymotivi: "Yatır Qranada, Qranada yatır". Sərv ağacına xitab; I nəğmədə təkrarlanır: "çal gitara... çal yavaş.... ağla, gitara". II nəğmədə: "ürək də üşüyərmi, ürək də oxuyarmı?.. ürək də çağırarmı?" III nəğmədə: "sərv ağacı, sərv ağacı, yatma, oyan!" Epiloqda - şairin düşüncələri - "qarşımda Lorkanın kitabı"... "qarşımda Lorkanın gözləri"... qarşımda Lorkanın ürəyi - alışıb sönməyən bir ocaq". Poetik fikrin səmimiliyi və Lorkanın həbsdə keçirtdiyi hisslərinin ifadəsi onunla birlikdə həbsdə olan qoca Pedro ilə deyişmələri, gözətçinin sərt replikaları və s. əsərin dramatizmini gücləndirir və onu dramatik poema kimi təsnif etməyə əsas verir.

 

Şairin digər antifaşist əsəri ("Osvensim") müəllifin özünün müəyyənləşdirdiyi janrda poema-reportajdır. Söhbət milyonlarla insanların həyatına son qoymuş və indi muzey kimi saxlanılan Osvensim konsentrasion düşərgəsindən gedir ki, müəllif bu muzeydə gördüyü kamera, baraklar, divardakı yazıları seyr edərkən xəyalında burada faşistlərin törətdiklərini, işgəncələrə məruz qalan müxtəlif millətlərdən olan insan surətlərini canlandırır:

 

Milyon-milyon insanın,

Neçə-neçə millətin

Məzarsız qəbiristanı - Osvensim!

Baş əyirəm önündə.

 

Və bu fonda dəhşətli düşərgə həyatının təxmin etdiyi ayrı-ayrı epizodlarını həyəcanla təsvir edir. Sanki buradan reportaj aparır. 11 epizod. Məsələn, III ("Qızlar") və IV ("Nəğmələr gecəsi") bölmələrdə dünyanın müxtəlif ölkələrindən gətirilmiş qız-gəlinlərin Osvensimdəki işgəncəli həyatından bəhs olunur: Vika, Vlasta, Lüdmila, Xumar.... və bu dözülməz şəraitdə gecələrin birində vətən həsrəti ilə yaşayanlar soyuq barakda doğma nəğmələri çağırır köməyə. Vika məşhur "Tyomnaya noç" mahnısını, Lüdmila - "Vstavay, strana oqromnaya....", Xumar isə "Aman ovçu"nu səsləndirir. "Qaraçılar gecəsi"ndə: "Öz köçündən, ocağından"/ /Ayrılmayan qaraçılar/ Osvensimə köç salıb"...: "Daşyonanlar"da. "Daşyonanlar gedir işə/... Bu insanlar/ Məhbəs tikir/ özlərinə". Neçə aydır "Osvensimlə həmsöhbət" olan şair keçmişi unutmamağa çağırır. Çünki "Yeni hərb meydana gəlir", "Yeni hərbin obaları yanmasın gərək!" - bəyan edən şair dünyanı yaşadan "günəşin övladları", "ulduzlara qohum" olan yeni nəslə ümid bağlayır.

 

Nə biləydi ki, 15 ildən sonra müharibənin addımları onun Vətən torpağına gələcək. Qarabağ hadisələri ilk günlərindən şair qəlbinin sarsıntıları bir-birinin ardınca yaradılan əsərlərdə ifadə olunur: Vaqif Adıgözəlovun bəstələdiyi "Qarabağ oratoriyası"nın mətni (1989), "Qarabağ dəftərindən" şeirlər silsiləsi (poemadan parçalar, 1988, 1990), "Gecənin bətnindən doğulur səhər" poeması (1991), "Şuşanın dastanı" (1993) və s.

 

Təbii ki, Şuşa motivi "Qarabağ dəftərindən" şeirlər silsiləsində də ağrılı yara kimi keçir. Özü də "Miatsum" yallısını Şuşada rəqs edən "saqqallı şeytanlar"a nifrətlə yanaşı "müəllif" özümüzdə də günah axtarır: /Uzağı görmədi rəhbərlərimiz/ İndi də altını/ Biz çəkirik, biz/" "Xankəndi" şeirində  qədim şəhərə müraciətlə yazılmışdır. Tarixə baş vuran şair şəhərin adının dəyişməsi məsələsini qabardaraq istehzayla deyir: Adın yadındamı/ sənin, Xan kəndi/ Necə dönüb oldun/ Stepan kəndi?/ Biz hara, xan hara/ Xan yurdu hara/ Çoxdan son qoymuşuq/ Zalım xanlara..... Stepan - qaçaq/ Salıb bu şəhəri/ eradan qabaq/ Kert oldun/ yarandı/ daşnak yuvası". Bu silsilədə artıq Mərkəzin rolu vurğulanır və bu siyasi oyunun iştirakçıları olan Genrix Poqosyan, Zori Balayanla yanaşı, Arkadı Volski və digərlərinin də adları çəkilir və Mərkəzin obrazı görünməyə başlayır.

 

Daha qabarıq Mərkəzin rolu "İvana məktublar"da (1991) aşkarlanır ki, bu 4 məktubda artıq Qorbaçov, Yazov, Mikoyan, Krüçkov, Bakatin, Starovoytova, Bonerin adları çəkilir. Qorbaçovu, Yazovu cəllad adlandıran müəllif yanıqlı və qəzəbli suallarını Mərkəzə ünvanlandırır, tarixə nəzər yetirməyi "Bakıda talan"ı tarixin ən qanlı bir faciəsi adlandırır və sual verir: "Nə idi Bakının günahı, İvan?" Demək olar ki, bu "məktub"larda Qarabağ hadisələri ilə bağlı Mərkəzə ünvanlanan suallar ritorik səciyyə daşııyır: baş verənlərin mahiyyəti elə bu sualların qoyuluşunda və bir sıra faktların vurğulanmasında açıqlanır: öz rəhbərlərimizin səbatsızlığından Kremlin fitnəverici siyasəti və birbaşa iştirakı, bura axışan bəzi xarici elçilərin ermənipərəst şərhlərinə kimi. Kremlin mövqeyi ikicə sətirdə açıqlanır: "Həmişə yanında məsləhət verən/ Ermənidir, ya da ermənibazdır".

 

"Dünya məhvərindən qopur elə bil" şeirində də müəllifi narahat edən həmin məsələlər daha geniş kontekstdə - Azərbaycanın taleyi miqyasında - sanki araşdırılır. "Dünya məhvərindən / qopur elə bil, / Dəyişir ölkələr, dünənki deyil/ Dağılır, qurulur/böyük məmləkət/"). Və leymotiv kimi: "Nə qədər inanaq/Mərkəz deyənə?/İşi dolaşdıran Mərkəzdir yenə!/ Mərkəz mərkəz olsa/ dinc yaşar Vətən..."

 

Bu ovqat uşaqlara ünvanlanan əsərlərdə də görünməkdədir. Yalnız poetik ovqat, poetik dil dəyişir - sehirli uşaq dünyasına müraciətlərdə.

 

T.Elçinin uşaqlar üçün yazdığı əsərlər janr baxımından çox zəngindir: şeirlər, nəğmələr, poemalar, nağıl-pyes, nağıl-poema, laylalar, nağıllar, təmsillər, tapmacalar, yanıltmaclar... Göründüyü kimi, şairin yaradıcılığında şifahi xalq ədəbiyyatı ənənələri mühüm yer tutur. Folklor janrlarından istifadə, folklorla bağlılıq balacaların sehrli dünyasına ən uğurlu yol tapmağı, ən səmimi ünsiyyəti gerçəkləşdirir. Folklordan istifadədə xalq yaradıcılığı ənənələri ilə yanaşı, həm də bir çox Avropa və Asiya xalqlarının şifahi xalq ədəbiyyatından dilimizə etdiyi tərcümələrin də, sözsüz ki, xidməti olmuşdur.

 

Folklor janrlarını yazılı ədəbiyyata gətirmək məhz janrın cəlbediciliyindən istifadə edərək balaca oxucularla müxtəlif mövzularda xalq dilində səmimi söhbət aparmaq arzusundan irəli gəlir. Öz müdrikliyi, poetikliyi baxımından T.Elçinin nağılları, tapmacaları və s. təbiiliyinə görə heç də folklor nümunələrindən seçilmir. Məsələn, "Qar qız" (1955), "Pekin zəngi" poeması müəllifin ilk əsərlərindəndir, hər ikisi nağıldır.

 

"Qar qız" nağıl-poemasına da məşhur rus nağılının süjeti eynilə təkrarlanır, amma sonralar müəllif bu süjetə bir daha qayıdır. Onu həm milliləşdirir, milli personajlarla zənginləşdirir, dramatikləşdirir. Belə ki, onun bütün tərtibatı - iştirak edən personajların siyahısından tutmuş süjetin dialoqlar əsasında qurulması, pərdələrə, şəkillərə ayrılması, remarkaların verilməsi və s. qədər-qarşımızda nağıl-pyesin olduğuna şübhə qoymur. Məşhur rus xalq nağılına yeni personajların (Qış baba, Külək, Lalə, Bənəfşə, Ayaz, Bayaz, Küpəgirən qarı, Qarğa-Cumbul) əlavə olunması süjetin dolğunlaşdırılması, yeni xarakter, konfliktlərin əmələ gəlməsi, dramatik intriqanın inkişaf etdirilməsi əsəri məzmunca və həcmcə yeni süjet xətlərin hesabına xeyli genişləndirir və "milliləşdirir". Əslində, rus nağılının əsasında yeni, milli bir əsər yaradılır.

 

T.Elçinin folklordan gələn, folklor janrları ilə bağlı şeirləri balacalarda düşünmək qabiliyyətinin, müşahidəçiliyin, təbiətə, ətraf mühitə marağın, hazırcavablığın, nitqin inkişaf etdirilməsinə xidmət edir.

 

Tapmacalardan:

 

Bu quşa bax, qapqara,

Səsi düşüb bağlara;

Bircə sözü varr, varr

Hey danışır: qarr, qarr.

 

(Qarğa)

 

Deyir, nə vaxt

Əriyir qar,

Baş qaldırır

Yaşıl otlar.

 

(Yazda)

 

Yanıltmaclardan:

 

Cücülər:

Cücüləri cücələrə

Tapşırdılar cücülər.

Cücüləri bircə-bircə

Aşırdılar cücələr.

 

(Ardı var)

 

Sara OSMANLI

Filologiya üzrə elmlər doktoru

 

525-ci qəzet.- 2017.- 13 iyun.- S.6.